Azərbaycanı qələbədən qələbəyə aparan Lider
Azərbaycanı qələbədən qələbəyə aparan Lider


Mərdan ƏLİYEV,
Baş Dövlət Yol Polisi İdarəsinin
Texniki Müayinə Mərkəzlinin rəisi.


2003-cü il Azərbaycan xalqının ictimai siyasi həyatında yeni tarixi dövrün başlanğıcı kimi yadda qaldı. Oktyabrın 15-də ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı İlham Əliyev xalqın etimadını qazanaraq Azərbaycan Prezidenti seçildi və bununla da ölkəmizin inkişafında yeni bir mərhələ başlandı.
Hər bir xalqın və millətin milli identikliyini müəyyən edən bir sıra amillər təbii ki, milli müxtəlifiyi də ortaya qoyur. Güclü, nüfuzlu siyasi xadimlər isə xalqı dünyada tanıdan və onun ictimai surətini formalaşdıran başlıca faktor kimi nəzərdən keçirilir. Bir sözlə, şəxsiyyət fenomeninin xalqın və dövlətin taleyini müəyyənləşdirən əsas amil olması uzun illər sınaqdan keçmiş təcrübədir və isbata ehtiyacı yoxdur.
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkəmizdə bərqərar olan sabitlik və məhz H.Əliyevin şəxsi nüfuzu sayəsində Azərbaycanın beynəlxalq səviyyədə özünə yer tutması bu fikirləri daha dolğun tamamlayır. Azərbaycan dövlətinin memarı olaraq Ulu öndərin həm daxili, həm də xarici siyasi kursu onun dahi dövlət xadimi, böyük vətənpərvər və tarixi fenomen olduğunu göstərdi.
2003-cü il seçkilərindən bizi ayıran 20 illik dövr tariximizin hər gün yazılmaqda olan möhtəşəm səhifəsidir.
Xalqımızı parlaq qələbəyə inamla aparan Prezident İlham Əliyevin 20 illik siyasi hakimiyyətinin yüksələn xətlə inkişaf edən bütün dövrləri zaman, sürət və nəticə kimi elmi düsturun dövlət idarəçiliyinə uğurlu inikasıdır.
Müasir respublika tarixinin 5-ci dövrü Azərbaycan üçün əlamətdar olub. Cəngavərtək döyüşən, öz torpaqlarını azad edən Böyük Xalq yaxın 500 ilin qürur səhifəsini açıb. İslam və Türk aləminə məhz bu şücaəti ilə şərəf gətirən Azərbaycanın yaratdığı qalib ölkə fenomeni artıq yaxın-uzaq coğrafiyalarda əfsanəyə çevrilib. Müasir hərb sənətini uğurlu siyasi gedişlərin gücünə çevirməyi bacaran ölkəmiz indi örnəkdir. Nüfuzlu, müzəffər və hər cür rəğbətə layiq. Bu uğur formulasının memarı isə İlham Əliyevdir. O təkcə dövrünün ustad siyasətçisi deyil, həm də döyüşkən xalqın Lideridir.
Ali Baş Komandanının qüdrətli sərkərdəliyi ilə 2020-ci il sentyabrın 27-də Ermənistanın hərbi təcavüzünə cavab olaraq qurtuluş savaşını başlayan Azərbaycan Ordusu dünyanı heyrətə salan hərbi uğurlara imza atdı. 30 ilə yaxın müddətdə işğal altında qalan torpaqlarımız 44 gün ərzində azad olundu. Qarabağın tacı, döyünən ürəyi olan Şuşanın azadlığı tariximizə Zəfər Günü kimi yazıldı. İki gün sonra isə işğalçı Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu. Beləliklə, BMT Təhlükəsizlik Şurasının 27 il kağız üzərində qalmış qətnamələrini Azərbaycan özü icra etdi.
Dünya hərb tarixində xüsusi yer tutan bu müharibə Prezident İlham Əliyevin daha bir keyfiyyətini - sərkərdəlik məharətini üzə çıxardı. Ali Baş Komandan olaraq o, əməliyyatlara şəxsən nəzarət edir, döyüşən orduya tapşırıqları birbaşa özü verirdi. Qələbəni şərtləndirən mühüm amillərdən biri də Azərbaycan Prezidentinin diplomatiya müstəvisində çevik siyasəti oldu.
Prezident İlham Əliyevin şəxsi nüfuzu ölkəmizin bütün beynəlxalq arenalarda mövqeyini daha da möhkəmləndirib, Azərbaycanın millli maraqlarının müdafiə olunmasını mümkün edib. Xüsusi qeyd edilməlidir ki, müharibə dövründə dövlətimizin başçısı İlham Əliyev xarici KİV-ə verdiyi 30-dan çox müsahibə münaqişə ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynadı.

Ədalətin bərpa edilməsindən sonra Azərbaycan dövlətinin qarşısında yeni çağırışlar dayanırdı. 2023-cü il Sentyabrinda aparılan uğurlu 24 saatlıq anti-terror tədbirləri tarixi qələbəmizi məntiqi sonuna çatdırdı. Azərbaycan torpaqlarında separitzmin kökü kəsildi və süverenliyimiz təmin edildi. İndi isə bir zamanlar xalqımıza qarşı qatı cinayətlər törətmiş canilərin bir-bir cinayət məsuliyyətinə cəlb olunduqlarının şahidi oluruq. Prezident İlham Əliyevin söylədiyi kimi, Azərbaycan xalqına qarşı cinayətlər törətmiş şəxslər cəzasız qalmayacaqlar və qalmırlar.
Azərbaycan heç vaxt indiki qədər güclü olmayıb. Qazanılmış Qələbə həm də ötən dövrdə həyatın bütün sahələrində əldə olunmuş uğurlarla, dinamik inkişafla bilavasitə bağlıdır. Azərbaycan Prezidenti xalqa verdiyi bütün vədləri yerinə yetirib. Bu müddət ərzində ölkəmizin bütün sahələrdə sürətli inkişafına nail olunub, insanların rifah halı daha da yaxşılaşıb.
Ötən dövr Azərbaycanda bütün sahələrin inkişaf etməsi ölkəmizin bölgədə və dünyada mövqelərini gücləndirməsi ilə müşayiət olunub. Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırıb. Son illər Azərbaycanın regionda aparıcı aktora çevrilməsi, dünyada artan nüfuzun onun beynəlxalq təşkilatlarla əlaqələrində və onların fəaliyyətində fəal iştirakına gətirib çıxarıb. Artıq dünya dövlətləri Azərbaycanı etibarlı, mühüm tərəfdaş, sözü imzası qədər dəyərli olan ölkə kimi qəbul edirlər. Ölkəmiz BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Özündə 120 ölkəni birləşdirən və BMT-dən sonra dünyada ən böyük siyasi təsisat olan Qoşulmama Hərəkatına sədrlik edib. Təşkilata sədrlik müddətinin daha bir il artırılması Prezident İlham Əliyevin qlobal liderlik səylərinə verilən yüksək qiymət idi.
Azərbaycan dünyada azsaylı ölkələrdəndir ki, həssas və mürəkkəb bölgədə yerləşməsinə baxmayaraq həm region həm də dünya ölkələri ilə yüksək səviyyəli əlaqələrə malikdir.
Serbiya Prezidenti Vuçiç haqlı olaraq deyir: "Bu gün Prezident İlham Əliyev dünyanın ən arzuolunan və rəğbət bəslənilən liderlərindən biridir. Müasir dövrdə Prezident İlham Əliyev bütün paltformalarda Azərbaycanın haqq mövqeyini uğurla müdafiə edir."
Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan dünyada bir çox transmilli layihələrin təşəbbüskarı və uğurlu icraçısı, etibarlı tərəfdaş kimi tanınır. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri, Azərbaycan qazını Avropaya çatdıran Cənub Qaz Dəhlizi, TAP layihəsi, Avropanı Asiya ilə birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu, Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizləri ölkəmizi energetika və nəqliyyat mərkəzinə çevirib.
Bu gün Prezident İlham Əliyevin nəzarəti ilə azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işləri, Ermənistan tərəfindən viran qoyulmuş ərazilərin abadlaşıdırılması və aparılan nəhəng prosesin sürəti beynəlxalq ictimaiyyət tərəfindən də müsbət anlamda heyrətlə qarşılanır. Bütün sahələrdə olduğu kimi bu istiqamətdə də Azərbaycan dünya üçün bir örnək model ortaya qoyur.
Azərbaycan xalqı həmişə öz liderinə güvənib və inanıb, ona arxa-dayaq olub. Prezidentimiz həmişə böyük fəxrlə deyir ki, bu uğurların əsasında məhz ölkədəki sağlam ictimai-siyasi mühit, xalqla iqtidarın birliyi dayanır. Bu qarşılıqlı inam sayəsində Prezident İlham Əliyev xalqı zirvədən-zirvəyə, qələbədən-qələbəyə aparır.
Zəfər, qalibiyyət, milli birlik, güclü iradə və güclü xalq. Yüzilliklər boyu davam edən dövlətçilik salnaməsinin bu epoxasını yaradan Azərbaycan Prezidenti İlham Əliyev tarixi şəxsiyyət kimi xalqımızın yaddaşına əbədi həkk olacaq - Xilaskar və Böyük Lider.
Tarix: 18-10-2023, 15:44