Hacı Kamran Abbasov Möhkəm təməllərə əsaslanan xalq birliyi
[
Hacı Kamran Abbasov Möhkəm təməllərə əsaslanan xalq birliyi


[b]"AY-MİN" MMC kolbasa məmulatı firmasının satış meneceri Hacı Kamran Abbasov [/b]- Fevralın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimi keçirildi. Bununla da Azərbaycan öz şanlı tarixinin yeni dövrünə qədəm qoydu. Andiçmə mərasimində çıxış edən cənab İlham Əliyev bildirdi ki, tariximizin son iyirmi ili böyük uğurlarla, möhtəşəm qələbələrlə zəngin olmuşdur. Həqiqətən də bu illər ərzində Azərbaycan xalqı bir yumruq kimi birləşərək bütün çətinliklərə və problemlərə sinə gərmiş, inkişaf və tərəqqi yolu ilə uğurla irəliləmişdir.

Prezident İlham Əliyev ilk dəfə xalqın etimadını qazanaraq bu ali vəzifəyə seçildiyi 2003-cü ildən bu günə qədər verdiyi bütün vədləri yerinə yetirdi. Azərbaycan xalqı Müzəffər Ali Baş Komandanımızın ətrafında bir yumruq kimi birləşərək Vətən müharibəsi nəticəsində torpaqlarımızın böyük hissəsini azad etdi. Keçən il isə, ölkənin ərazi bütövlüyü və suverenliyi tam bərpa olundu. Bununla da Qarabağ problemi Azərbaycanın öz gücünə birdəfəlik həll olundu. Əlbəttə ki, Azərbaycan ilə Ermənistan arasında sülh sazişi hələ də imzalanmayıb. Lakin Prezident İlham Əliyevin dediyi kimi, bu məsələnin hazırda bizim üçün elə bir böyük önəmi də yoxdur. Azərbaycan öz məsələsini həll edib. Dövlət başçımızın bu ilin 7 fevral tarixində keçirilmiş seçkilərdə məhz Xankəndidə səs verməsi Qarabağ məsələsinin Azərbaycanın xeyrinə kökündən həll olunduğunu bir daha bütün dünyaya nümayiş etdirdi.





]

Bu gün isə, Azərbaycan artıq daxil olduğu yeni dövrün qarşıya qoyduğu vəzifələrin icrasına başlayır. Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan xalqı bu dövrə alnı açıq, üzü ağ, başı dik daxil olur. Azərbaycan cəmiyyətində hökm sürən misilsiz ruh yüksəkliyi ölkəmizi daha da gücləndirir. Dövlətimizin başçısı öz çıxışında xüsusi olaraq vurğuladı ki, növbəti illərdə qarşıda duran əsas vəzifələrdən biri Ordumuzun, Silahlı Qüvvələrimizin daha da gücləndirilməsidir. Etiraf olunmalıdır ki, İkinci Qarabağ müharibəsindən sonra bu istiqamətdə çox böyük addımlar atılıb və bu gün Azərbaycan Ordusu 2020-ci ildəkindən daha güclüdür. Əlbəttə ki, bu gün də Silahlı Qüvvələrimizin gələcək inkişafı ilə bağlı lazımi addımlar atılır, ən müasir silah-sursat, texnika alınır, yeni silahlı birləşmələr yaradılır.

Həmçinin Prezident İlham Əliyev Azərbaycan gəncliyinin bundan sonra da milli-vətənpərvər ruhda formalaşdırılması işinin vacibliyini qeyd etdi və bildirdi ki, yeni yetişən gənc nəsil milli ənənələrə, milli-mənəvi dəyərlərə sadiq olmalıdır. Buna görə də xüsusilə xarici qüvvələrin gənclərimizin beyinlərini zəhərləmək cəhdlərinin qarşısı qətiyyətlə alınmalıdır. Bu baxımdan, dövlətimizin başçısı ilk növbədə ailə tərbiyəsinin ön plana çıxdığını qeyd etdi və vurğuladı ki, Azərbaycan ailəsi sağlam ailədir, ənənələr, milli dəyərlər üzərində qurulan ailədir. Həmçinin cənab Prezident bu məsələdə məktəb tərbiyəsinin xüsusi rolunu qeyd etdi: “Məhz məktəblərdə uşaqlara aşılanan dəyərlər, müstəqilliklə bağlı, milli ləyaqətlə bağlı, əsrlər boyu bizə qarşı edilən ədalətsizliklə, - təkcə son 30 il ərzində yox, - torpaqlarımızın müxtəlif dövrlərdə əlimizdən alınması ilə bağlı və bizim qəhrəmanlıq tariximizlə bağlı uşaqlara verilən tərbiyə və biliklər çox böyük önəm daşıyır.” Dövlət başçısı bu fikirləri məktəblərin üzərində çox böyük məsuliyyətin olduğunu bir daha vurğulamış oldu.

Prezident İlham Əliyevin nitqində milli-mənəvi dəyərlərimizin xarici təsirlərdən qorunması məsələsi də xüsusi yer almışdır: “Bütövlükdə milli-mənəvi dəyərlərə gəldikdə, bu, bizim cəmiyyətimizin əsasıdır və bu, sarsılmaz varlıqdır, sarsılmaz dəyərdir və bunu sarsılmaz etmək bizim əlimizdədir. Çünki burada hər hansı bir kənar qüvvə öz çirkin niyyətlərinə çatsa, o zaman bizim ciddi problemlərimiz olacaq. Ona görə gənclərimizin milli ruhda tərbiyə edilməsi, ənənəvi dəyərlər əsasında tərbiyə edilməsi, dırnaqarası mütərəqqi və yad dəyərlərin tamamilə cəmiyyətimizdən silinməsi - bu vəzifə bizim hamımızın qarşısında durur, hər bir ailə qarşısında durur və dövlət qarşısında durur.” Əlbəttə ki, Azərbaycan dövləti tərəfindən bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirilir. Lakin cənab Prezidentimizin dediyi kimi, bütün məqsədlərə ən effektiv şəkildə nail olmaq üçün bütün cəmiyyət, bütün xalq həmrəy olmalıdır və bu gün bu həmrəylik ən yüksək səviyyədə özünü bütün sahələrdə göstərməkdədir. O cümlədən, 7 fevral Prezident seçkilərində göstərilən həmrəylik cəmiyyətimizi daha da möhkəmləndirdi və artıq heç bir kənar qüvvə Azərbaycana qarşı heç bir təsir gücünə malik deyil.
Tarix: 28-02-2024, 11:55