10-11-2026, 13:49 | Azərbaycan XİN Polşanın Krakov şəhərində baş verən atışma ilə bağlı başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Polşanın Krakov şəhərində baş verən, insan tələfatı və çoxsaylı xəsarətlərlə nəticələnən atışma hadisəsi ilə bağlı başsağlığı verib.
Bu barədə Azərbaycan XİN-in sosial şəbəkə hesabında paylaşım edilib.
"Polşanın Krakov şəhərində insan tələfatı və çoxsaylı xəsarətlərlə nəticələnən atışma hadisəsindən dərindən kədərləndik.
Həlak olanların ailələrinə və yaxınlarına səmimi başsağlığımızı çatdırır, xəsarət alanlara tezliklə şəfa diləyirik.
Bu çətin zamanda düşüncələrimiz Polşa xalqı ilədir", - paylaşımda bildirilib.
10-11-2026, 13:47 | Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Polşa Respublikasının Prezidenti Karol Navrotskiyə başsağlığı məktubu ünvanlayıb.
Bu barədə məlumat Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib.Məktubda qeyd olunub:
"Hörmətli cənab Prezident.
Krakov şəhərində törədilmiş qanlı hadisə nəticəsində həlak olanlar və yaralananlar barədə xəbər bizi olduqca kədərləndirdi.
Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Polşa xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzulayıram".
10-11-2026, 13:45 | Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

Azərbaycan Respubılikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanlayıb.
Bu barədə məlumat Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:
"Hörmətli cənab Prezident.
Əziz Qardaşım.
İzmir vilayətindəki metallurgiya zavodunda baş vermiş partlayış nəticəsində çox sayda insanın həlak olması və xəsarət alması barədə xəbər bizi son dərəcə sarsıtdı.
Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.
Allah rəhmət eləsin!"
Xatırladaq ki, noyabrın 9-da Türkiyənin İzmir vilayətinin Aliağa rayonunun Bozköy məhəlləsində yerləşən HABAŞ Demir Çelik metallurgiya zavodunda güclü partlayış baş verib. Partlayışdan sonra zavodun ərazisində yanğın başlayıb.
Hadisə nəticəsində ilkin olaraq 16 nəfərin öldüyü, 13 nəfərin yaralandığı bildirilib. Noyabrın 10-da isə xəstəxanada müalicə alan yaralılardan birinin həyatını itirməsi ilə ölənlərin sayı 17-yə yüksəlib. Yaralılardan birinin vəziyyətinin ağır olduğu açıqlanıb.
Türkiyənin əmək və sosial təminat naziri Vedat Işıkhanın açıqlamasına görə, ilkin araşdırmalar zamanı partlayışın zavodda aparılan planlı texniki xidmət işləri ilə əlaqəli olduğu müəyyən edilib.
Hadisə ilə bağlı Menemen Respublika Baş Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırmaya dörd prokuror cəlb edilib. İstintaq çərçivəsində altı şübhəli saxlanılıb.
8-11-2026, 08:42 | İlham Əliyev - Heç kimin bacarmadığını bacaran lider

Respublica.Az Trend-də dərc olunan məqaləni təqdim edir
Azərbaycan Zəfər Gününü qeyd edir. Altı il əvvəl, 2020-ci il noyabrın 8-də Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyev Şuşanın azad edildiyini elan etdi.
Bu gün artıq aydındır: Azərbaycan o zaman sadəcə müharibədə qalib gəlmədi, həm də 30 il ərzində həlli mümkünsüz hesab edilən münaqişəyə son qoydu. Hələ 2019-cu ildə Qarabağ problemi həlli olmayan və heç vaxt həll edilməyəcəyi düşünülən münaqişəyə nümunə göstərilirdi. Lakin İlham Əliyevin bu məsələyə münasibəti fərqli idi.
Görülən işin miqyasını anlamaq üçün ətrafımıza nəzər salmaq kifayətdir. Kipr 1974-cü ildən bölünmüş vəziyyətdədir: beynəlxalq ictimaiyyətin illərlə üzərində çalışdığı Annan planı 2004-cü ildə keçirilən referendumda uğursuzluğa düçar oldu və o vaxtdan bəri ada ortasından keçən ayırıcı xəttlə yaşayır. Dnestryanı münaqişə 1992-ci ildən dondurulmuş vəziyyətdədir, Abxaziya və Tsxinvali regionu ilə bağlı münaqişələr isə 1990-cı illərin əvvəllərindən davam edir. Donbasla bağlı Minsk razılaşmaları diplomatik həllə çevrilməli idi, lakin böyük müharibədən əvvəl sadəcə fasilə rolunu oynadı. Serbiya və Kosovo Brüssel və Vaşinqtonda sənədlər imzaladılar, lakin normal münasibətlər qura bilmədilər. Hindistan və Pakistan Kəşmir uğrunda onilliklərdir mübarizə aparır, vaxtaşırı bir-birinə zərbələr endirir və tərəflərdən heç biri nə qələbə qazana, nə də razılığa gələ bilir. Efiopiya və Eritreya 2018-ci ildə sülh sazişi imzaladılar. Həmin sazişə görə Efiopiyanın baş naziri Nobel mükafatı aldı, lakin artıq iki il sonra region yenidən müharibəyə qərq oldu.
Bütün bu münaqişələrdə güclü siyasətçilər, böyük dövlətlər və nüfuzlu vasitəçilər iştirak ediblər. Bəzi hallarda danışıqlara üstünlük verilib, lakin danışıqlar nəticəsiz, sonsuz prosesə çevrilib. Digər hallarda gücə arxalanıblar, amma güc müvəqqəti uğur gətirib və bu uğuru möhkəmləndirmək mümkün olmayıb. Demək olar ki, heç kim bu yolu sona qədər gedə bilməyib.
Qarabağ münaqişəsinin həlli üç fərqli vəzifənin yerinə yetirilməsini tələb edirdi və onların hər biri özlüyündə siyasətçi üçün karyerasının ən böyük nailiyyəti hesab oluna bilərdi.
Birinci vəzifə hərbi idi. Sadəcə müharibədə qalib gəlmək deyil, həm də bunu dünya müdaxilə etməyə imkan tapana qədər həyata keçirmək lazım idi. 2020-ci ildəki 44 gün 17 illik hazırlığın nəticəsi idi: ordunun, iqtisadiyyatın, diplomatiyanın, Türkiyə, Rusiya, Qərb və qonşu dövlətlərlə münasibətlərin hazırlanmasının. Müharibə Azərbaycan ona hazır olduğu zaman başladı və əsas məqsədlərə nail olunduğu zaman başa çatdı. Vaxtında dayanmaq bacarığı da qalib gəlmək bacarığı qədər nadir keyfiyyətdir.
İkinci vəzifə münaqişəni tamamlamaq idi. 2020-ci ildən sonra Qarabağda silahlı birləşmələr və Rusiya sülhməramlı kontingenti qalmışdı. O zaman bir çoxları bu status-kvonun uzun illər davam edəcəyini düşünürdü. 2023-cü ilin sentyabrında keçirilən antiterror tədbirləri bir sutkadan da az davam etdi, artıq 2024-cü ilin yazında isə sülhməramlılar Azərbaycan ərazisini tərk etdilər. Ölkənin suverenliyi heç bir boz zona və ya "xüsusi rejim" olmadan tam bərpa edildi.
Üçüncü vəzifə diplomatik idi və yəqin ki, ən çətini də məhz bu idi. Hərbi qələbə, demək olar ki, həmişə yeni münaqişə yaradır: məğlub tərəf narazılıq toplayır, revanş axtarır, şəraitin dəyişməsini gözləyir. Birinci Dünya müharibəsindən sonra Almaniyada da, ondan sonrakı onlarla lokal münaqişədə də belə olub. İlham Əliyev qaliblərin adətən etmədiyi bir işi bacardı: qələbəni danışıqlar mövqeyinə, danışıqlar mövqeyini isə sülhə çevirdi. 2025-ci il avqustun 8-də Ağ Evdə Azərbaycan və Ermənistan liderləri ABŞ Prezidentinin iştirakı ilə Birgə Bəyannamə imzaladılar, xarici işlər nazirləri isə sülh sazişinin mətnini parafladılar. Vaşinqton görüşündən bir il sonra sərhəddə atəş səsləri eşidilmir, Bakı ilə İrəvan arasında müzakirələr nəqliyyat, ticarət və kommunikasiyaların açılması məsələləri ətrafında aparılır.
Qarabağ münaqişəsinin əsas dərsi gücün hər şeyi həll etməsi deyil. Əgər belə olsaydı, bir çox güclü dövlətlərin çoxdan həll olunmamış münaqişələri qalmazdı. Əsas dərs ondan ibarətdir ki, güc yalnız arxasında aydın siyasi məqsəd və bundan sonra nələrin baş verəcəyinə dair təsəvvür dayandığı zaman nəticə verir.
İlham Əliyev əvvəldən bildirirdi ki, Azərbaycana nə başqasının torpağı, nə də əbədi düşmənçilik lazımdır. Azərbaycana öz torpaqları və beynəlxalq hüquq, ərazi bütövlüyü prinsiplərinə əsaslanan öz şərtləri ilə sülh lazımdır. Bu formula nə nəticəsiz danışıqlar illərində, nə müharibə zamanı, nə də ondan sonra dəyişdi. Məhz buna görə də qələbə sonsuz qarşıdurmaya çevrilmədi, sülh isə müvəqqəti atəşkəs təsiri bağışlamır.
Prezident oktyabr ayında Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxış edərkən xatırlatdı ki, Qarabağ üzrə danışıqlar formatı əvvəldən münaqişənin həllinə deyil, dondurulmasına hesablanmışdı və görünür, böyük dövlətlər də bununla razı idilər. Onların yalnız bir məsələdə səhvi oldu: Azərbaycan xalqının nə istədiyini və Azərbaycan dövlətinin hansı planları olduğunu nəzərə almadılar.
Bu gün dünya, yəqin ki, soyuq müharibə dövründən bəri ən ağır mərhələsini yaşayır. Onilliklər ərzində idarəolunan hesab edilən münaqişələr yenidən qaynar mərhələyə keçir. Siyasətçilər yeni müharibələrə səbəb olmadan mövcud müharibələri başa çatdırmağa imkan verəcək formulalar axtarırlar. Lakin demək olar ki, heç yerdə belə formulalar işləmir.
Bu fonda Azərbaycanın keçdiyi yol istisna kimi görünür. Altı il ərzində ölkə müharibədən suverenliyin tam bərpasına, oradan isə həm Vaşinqtonda, həm Brüsseldə, həm Moskvada, həm də Pekində qəbul edilən sülhə doğru yol keçib. Bir çox liderlər oxşar çağırışlarla üzləşiblər və üzləşməkdə davam edirlər: işğal olunmuş ərazilər, nəticəsiz danışıqlar, beynəlxalq institutların laqeydliyi. Çoxları bu problemləri güc yolu ilə, digərləri isə diplomatiya vasitəsilə həll etməyə çalışıblar. İlham Əliyev isə bu iki vasitəni birləşdirərək işi sona çatdırmağı bacaran çox azsaylı liderlərdən biri oldu.
Məhz buna görə də 8 Noyabr yalnız xatirə və qürur günü deyil. Bu gün bir daha xatırlatmaq lazımdır ki, əbədi dondurulmuş münaqişələr yoxdur. Onları dondurulmuş vəziyyətdən çıxarmaq üçün iradə, bundan sonra isə sülh qurmaq üçün müdriklik çatışmaya bilər. Prezident İlham Əliyev göstərdi ki, hər iki keyfiyyət bir insanda birləşə bilər.
Zəfər Günümüz mübarək!
7-11-2026, 10:45 | Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 7-də Şuşa Peşə Təhsili Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib.
Respublica.az xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev dövlət başçısına yaradılmış şərait barədə məlumat verdi.
Bildirildi ki, Nazirliyin sifarişi ilə Şuşa Peşə Təhsili Mərkəzində əsaslı təmir işlərinə 2025-ci ilin mart ayında başlanılıb.
İkimərtəbəli, 360 yerlik tədris binasında 9 emalatxana, 3 təlimat sahəsi, musiqi alətlərinin hazırlanması və bərpası emalatxanası, 5 tədris otağı, rəsm otağı, fizika və kimya laboratoriyaları, laborant, informatika və hərbi təlim otaqları, həmçinin yeməkxana var.
Şuşa Peşə Təhsili Mərkəzinin beşmərtəbəli yataqxanasında akt zalı, texniki yaradıcılıq sahəsi, emalatxanalar, kitabxana, o cümlədən elektron kitabxana, tədris və yataq, istirahət və fitnes otaqları, ictimai iaşə obyekti yerləşir.
Qeyd edək ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin mühüm istiqamətlərindən biri də insan kapitalının inkişafı və müasir təhsil infrastrukturunun formalaşdırılmasıdır. Ölkə miqyasında son illərdə yüzlərlə yeni məktəb binasının inşası, mövcud tədris ocaqlarının əsaslı təmiri və ən son texnoloji avadanlıqlarla təchiz olunması gənc nəslin yüksək standartlara cavab verən təhsillə təmin edilməsinə geniş imkanlar açıb. Bu baxımdan Şuşa Peşə Təhsili Mərkəzi böyük əhəmiyyətə malikdir. Mərkəz bölgədə geniş vüsət alan bərpa və quruculuq işlərində bilavasitə iştirak edəcək yerli ixtisaslı kadrların, peşəkar mütəxəssislərin hazırlanmasında mühüm platformaya çevriləcək.
Respublica.az
Məqaləyə dair fotomateriallar:







7-11-2026, 10:42 | Şuşada yazılan tarix, Qarabağda qurulan yeni həyat – Zəfərdən 6 il ötür

2026-cı il noyabrın 8-də Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı tarixi Qələbədən altı il ötür. 2020-ci ilin payızında 44 gün davam edən Vətən müharibəsi nəticəsində Azərbaycan Ordusu torpaqlarımızın böyük hissəsini işğaldan azad etdi, Ermənistanın uzun illər ərzində qurduğu müdafiə xətlərini yararaq hərbi əməliyyatların gedişində mühüm uğurlar qazandı. Noyabrın 8-də Şuşanın azad edilməsi isə müharibənin taleyini həll edən əsas hadisələrdən biri oldu. Bu Qələbə Azərbaycanın müasir tarixində yeni mərhələnin başlanğıcı olmaqla yanaşı, onilliklər ərzində doğma yurdlarından didərgin düşmüş yüz minlərlə insanın qayıdış ümidini də gerçəkləşdirmək üçün zəmin yaratdı.
Xatırladaq ki, 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribatlarına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına başladı. Beləliklə, uzun illər davam edən işğala son qoyulması istiqamətində hərbi əməliyyatların yeni mərhələsi başlandı.

Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində müxtəlif istiqamətlərdə uğurlu əməliyyatlar həyata keçirərək düşmənin müdafiə mövqelərini yarıb irəlilədi. Müharibənin ilk günlərindən etibarən Füzuli, Cəbrayıl istiqamətlərində ciddi hərbi uğurlar əldə edildi. Sentyabrın 27-də bir sıra yaşayış məntəqələrinin azad edilməsi ilə başlayan əməliyyatlar sonrakı günlərdə daha geniş əraziləri əhatə etdi.
Oktyabrın 4-də Cəbrayıl şəhərinin, oktyabrın 17-də Füzuli şəhərinin, oktyabrın 20-də Zəngilan şəhərinin, oktyabrın 25-də isə Qubadlı şəhərinin azad edilməsi müharibənin mühüm mərhələləri oldu. Hərbi əməliyyatlar zamanı Hadrut qəsəbəsi və çoxsaylı kəndlər, strateji yüksəkliklər də Azərbaycan Ordusunun nəzarətinə keçdi.

Müharibənin gedişində Azərbaycanın hərbi üstünlüyü, xüsusilə müasir silah sistemlərindən, pilotsuz uçuş aparatlarından və dəqiq zərbə vasitələrindən istifadə imkanları özünü göstərdi. Uzun illər ərzində qurulmuş müdafiə istehkamlarının yarılması Ermənistan ordusunun müqavimət imkanlarını əhəmiyyətli dərəcədə zəiflətdi. Azərbaycan Ordusunun irəliləyişi noyabrın ilk günlərində də davam etdi. Müharibənin ən mürəkkəb əməliyyatlarından biri isə Şuşa uğrunda döyüşlər oldu. Qarabağın tarixi və mədəniyyət mərkəzi olan Şuşanın azad edilməsi Vətən müharibəsinin ən mühüm hadisəsi kimi tarixə düşdü.
Şuşanın coğrafi mövqeyi, dağlıq relyefi və strateji əhəmiyyəti şəhərin hərbi baxımdan ələ keçirilməsini olduqca çətinləşdirirdi. Azərbaycan hərbçiləri mürəkkəb relyef şəraitində, ağır döyüşlər nəticəsində şəhərə daxil olaraq onu düşmən qüvvələrindən təmizlədilər.
2020-ci il noyabrın 8-də Prezident İlham Əliyev Şəhidlər xiyabanından Azərbaycan xalqına müraciət edərək Şuşanın azad olunduğunu elan etdi. Dövlət başçısının həmin gün səsləndirdiyi “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq!” sözləri ölkə tarixinin yadda qalan anlarından birinə çevrildi.

Şuşanın azad edilməsi hərbi əməliyyatların gedişinə həlledici təsir göstərdi. Bundan iki gün sonra – noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı üçtərəfli bəyanatla hərbi əməliyyatlar dayandırıldı. Sənədə əsasən, Ağdam noyabrın 20-də, Kəlbəcər noyabrın 25-də, Laçın isə dekabrın 1-də Azərbaycana qaytarıldı.
Beləliklə, 44 günlük müharibə nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlı rayonları, Şuşa şəhəri, Hadrut qəsəbəsi və çoxsaylı digər yaşayış məntəqələri azad edildi. BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qətnamələrinin icrası istiqamətində mühüm nəticə əldə olundu, Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün əsas mərhələ tamamlandı.
Noyabrın 8-i isə 2020-ci il dekabrın 3-də Prezident İlham Əliyevin imzaladığı sərəncamla Azərbaycanda Zəfər Günü elan edildi.
Bu Zəfər Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində həlledici mərhələ olsa da, ölkənin bütün ərazilərində suverenliyin tam təmin olunması prosesi 2023-cü ildə başa çatdı.

Həmin il sentyabrın 19-da Azərbaycan Ordusu Qarabağda lokal xarakterli antiterror tədbirlərinə başladı. Sentyabrın 20-də tədbirlər dayandırıldı və Azərbaycanın bütün ərazilərində dövlət suverenliyi tam bərpa olundu.
Zəfərdən sonrakı dövrün əsas istiqamətlərindən biri işğaldan azad edilmiş ərazilərin bərpası və keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qaytarılmasıdır. Təxminən 30 il işğal altında qalan ərazilərdə şəhər və kəndlərin böyük hissəsi dağıdılmış, yaşayış evləri, məktəblər, xəstəxanalar, mədəniyyət obyektləri və infrastruktur yararsız vəziyyətə salınmışdı. Bununla yanaşı, ərazilərdəki mina və partlamamış hərbi sursatlar insanların təhlükəsiz qayıdışı qarşısında ciddi maneə yaradırdı.

Bu səbəbdən müharibədən sonra ilk növbədə ərazilərin minalardan təmizlənməsi, avtomobil yollarının, elektrik, qaz, su və rabitə xətlərinin qurulması istiqamətində işlərə başlanıldı. Paralel olaraq yaşayış məntəqələrinin baş planları hazırlandı, yeni şəhərsalma layihələri işlənildi.
Prezident İlham Əliyevin təsdiq etdiyi Böyük Qayıdışa dair I Dövlət Proqramı bu prosesin əsas yol xəritəsinə çevrildi. Proqram çərçivəsində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yaşayış məntəqələrinin yenidən qurulması, sosial infrastrukturun yaradılması, məşğulluğun təmin edilməsi və iqtisadi fəallığın artırılması nəzərdə tutulur.

Bu istiqamətdə həyata keçirilən layihələrin nümunələri artıq bir sıra ərazilərdə görünür. Belə ki, Zəngilan rayonunun Ağalı kəndində müasir yaşayış evləri, məktəb, uşaq bağçası və digər sosial obyektlər inşa edilib. Kəndin yenidən qurulması ölkədə ilk ağıllı kənd layihəsi kimi diqqət çəkib. Burada sakinlərin gündəlik həyatının təşkili üçün müasir texnologiyalardan və alternativ enerji imkanlarından istifadə olunur.
Füzuli şəhərində yeni yaşayış binaları, təhsil və digər sosial obyektlər tikilir. Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsi isə bölgənin nəqliyyat əlçatanlığının artırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Ağdamda şəhərin yeni Baş planına uyğun olaraq genişmiqyaslı tikinti işləri aparılır. Yaşayış massivləri, inzibati binalar, məktəblər və digər infrastruktur obyektləri yaradılır. Şəhərin sənaye və iqtisadi potensialının bərpası da prioritet istiqamətlərdəndir.

Laçın şəhərində yaşayış evləri və ictimai obyektlər yenidən qurulub, sakinlərin mərhələli qayıdışı təmin edilib. Şuşada isə tarixi-mədəni irsin qorunması, abidələrin bərpası, yeni yaşayış və turizm infrastrukturunun yaradılması istiqamətində layihələr həyata keçirilir.
Bərpa işləri təkcə yaşayış evlərinin tikintisi ilə məhdudlaşmır. Regionda yeni yollar, tunellər, körpülər, hava limanları, elektrik stansiyaları, məktəblər, xəstəxanalar və istehsal müəssisələri yaradılır. Bu layihələr azad edilmiş ərazilərin ölkənin iqtisadi həyatına yenidən inteqrasiyasına xidmət edir.

Zəfərdən sonra qarşıda duran ən mühüm vəzifələrdən biri uzun illər məcburi köçkün həyatı yaşamış insanların öz evlərinə qayıtmasını təmin etməkdir. Artıq bu proses bir neçə ildir ki, mərhələli şəkildə həyata keçirilir. Ağalı kəndi ilə başlayan qayıdış sonradan Laçın, Füzuli, Şuşa, Zəngilan, Cəbrayıl, Xocalı, Xocavənd, Ağdam və digər əraziləri əhatə edib.
Qayıdışın əsas şərtlərindən biri ərazilərdə təhlükəsizliyin və zəruri yaşayış infrastrukturunun təmin edilməsidir. Buna görə də köçürülmə prosesi yaşayış məntəqələrinin hazır olmasına uyğun olaraq mərhələlərlə həyata keçirilir.

Rəsmi statististikaya əsasən, hazırda işğaldan azad edilmiş ərazilərdə 48 mindən çox insan yaşayır və fəaliyyət göstərir. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin 6 oktyabr 2026-cı il tarixli məlumatına əsasən, təkcə sentyabr ayında Ağdərə, Xocalı, Cəbrayıl, Xocavənd, Ağdam, Laçın rayonlarının və Xankəndi şəhərinin ərazilərinə 302 ailə – 1251 nəfər köçürülüb.
8 Noyabr – Zəfər Günü Azərbaycanda hər il dövlət səviyyəsində qeyd edilir. Bu tarixlə əlaqədar paytaxtda və bölgələrdə müxtəlif tədbirlər, anım mərasimləri, konsert proqramları, sərgilər və vətənpərvərlik mövzusunda görüşlər təşkil olunur. Bu il də Zəfər Günü münasibətilə Bakı şəhərində və ölkənin digər regionlarında hərbi orkestrlərin çıxışları, yürüşlər və bayram konserti təşkil olunacaq.
Musavat.com
6-11-2026, 21:14 | asət Prezident İlham Əliyev Cahangirbəyli və Soltanlı kəndlərinə köçən sakinlərə mənzillərin açarlarını təqdim edib - (Foto)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında verir ki, sonra dövlətimizin başçısı sakinlərə mənzillərin açarlarını təqdim edib




30-10-2026, 21:55 | Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Bakı Kristal Zalında "FIFA U-15 World Cup and Festival"ın final matçını izləyib.
Respublica.az AZƏRTAC-a istinadən bildirir ki, final görüşündə Çexiya və İspaniya komandaları üz-üzə gəliblər. Rəqibini 3:0 hesabı ilə məğlub edən İspaniya millisi FIFA U-15 ilk dünya çempionatı və festivalının qalibi olub.
Dövlətimizin başçısı qaliblərin mükafatlandırılması mərasimində iştirak edib.
Respublica.az
19-09-2026, 13:40 | İlham Əliyev Sərvər Bəşirli haqqında: Köhnə bir avtomobillə yorğan-döşək - əlində nə var idi onu gətirmişdi

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi Viktor Mahmudovu, Qırğız Respublikası Təhlükəsizlik Şurasının katibi Adilet Orozbekovu, Qazaxıstan Respublikasının Təhlükəsizlik Şurası sədrinin müavini Aida Balayevanı, Şimali Kipr Türk Respublikası Baş nazirinin müşaviri Mehmet Ağanı qəbul edib.
Trend xəbər verir ki, söhbət zamanı 2023-cü ildə Kahramanmaraşda baş vermiş zəlzələdən sonra əşyalarını köhnə qırmızı avtomobilinə yükləyərək zərərçəkənlərə yardım göstərmək üçün Türkiyəyə yollanan Sərvər Bəşirlinin hekayəsi də xatırlanıb.
Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memiş 2023-cü ildə baş vermiş dağıdıcı zəlzələ haqqında danışıb.
"Cənab Prezident, biz 2023-cü il fevralın 6-da, demək olar ki, kiçik bir qiyamət yaşadıq. Bütün dünya, Allah razı olsun, hamısı kömək üçün səfərbər oldu. Lakin bu masa ətrafında olan qardaşlarımız, hətta azərbaycanlı bir qardaşımız qırmızı avtomobili ilə gəlmişdi", - deyə o, bildirib.
Prezident İlham Əliyev 2023-cü ildə Türkiyədə baş vermiş zəlzələdən sonra Sərvər Bəşirlinin göstərdiyi yardımdan danışaraq onun hekayəsini xatırladıb.
"Köhnə bir avtomobillə yorğan-döşək - əlində nə var idi onu gətirmişdi", - deyə dövlət başçısı bildirib.
Respublica.az
5-09-2026, 09:59 | Giorgia Meloni Prezident İlham Əliyevə təşəkkür edib

İtaliyanın Baş naziri Giorgia Meloni Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkür edib.
Respublica.Az xəbər verir ki, Giorgia Meloni bu barədə özünün "X" sosial şəbəkə hesabından paylaşım edib.
"Əziz Prezident İlham Əliyev, bu sözlərə və ölkələrimizi birləşdirən səmimi dostluğa görə təşəkkür edirəm.
İtaliya və Azərbaycan uzun illər ərzində ümumi baxışlar və maraqlar üzərində qurulan möhkəm əməkdaşlıq formalaşdırıblar.
Strateji tərəfdaşlığımızı möhkəmləndirmək üçün birlikdə gördüyümüz işdən çox qürur duyuram və əminəm ki, qarşıda ölkələrimizin maraqları naminə əməkdaşlıq üçün yeni əhəmiyyətli imkanlar bizi gözləyir", - Meloninin paylaşımda qeyd olunub.
Respublica.Az













