10-05-2022, 13:24 | Müstəqil Azərbaycan dövləti Ulu Öndər Heydər Əliyevin şah əsəridir
Müstəqil Azərbaycan Respublikasının banisi və milli dövlətçiliyimizin xilaskarı Ümummilli
Lider Heydər Əliyevin həyatı və fəaliyyəti tariximizin mühüm bir dövrünü əhatə edir. Belə ki, görkəmli dövlət xadimi Heydər Əliyevin 1969-1982-ci illərdə birinci dəfə Azərbaycana rəhbərlik etdiyi dövrdə gördüyü işlər milli özünüdərkin təmin olunması baxımından böyük əhəmiyyət kəsb edir. Ulu Öndər Heydər Əliyev o vaxt keçmiş ittifaq daxilində geridə qalmış aqrar respublika kimi tanınan Azərbaycanı düşdüyü çətin vəziyyətdən çıxarmaq üçün qəti addımlar atdı. Ulu Öndər respublika rəhbəri seçiləndən sonra uzaqgörənliklə Azərbaycanın uzunmüddətli, dinamik və hərtərəfli inkişafını təmin edən kompleks proqram hazırlanmasını və icrasını təmin etdi.
Xüsusi olaraq vurğulamaq lazımdır ki, həmin dövrdə elmə, təhsilə xüsusi diqqət yetirən Ulu Öndər Heydər Əliyev 1970-ci illərdə hər il 2 min nəfərə qədər gənci keçmiş ittifaqın tanınmış ali məktəblərinə, o cümlədən hərbi ixtisaslara yiyələnmək üçün ayrı-ayrı şəhərlərdəki hərbi təhsil ocaqlarına göndərib. Həmin illərdə Azərbaycanda Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin açılmasını da böyük və mühüm hadisə adlandırmaq olar. Hadisələrin sonrakı inkişafı bu dahi şəxsiyyətin uzaqgörənliyini bir daha sübut etdi. Ona görə ki, müstəqil dövlətimizin gənc ordusunun formalaşmasında məhz həmin məktəbin yetirdiyi hərbi kadrların bilik və təcrübəsi mühüm rol oynayıb.
1991-ci ilin oktyabrında Azərbaycan müstəqilliyini elan etdiyi dövrdə ölkəmiz bir çox təhlükələrlə üz-üzə idi. Ulu Öndər Heydər Əliyev 1993-cü ilin iyununda siyasi hakimiyyətə qayıtdığı ərəfədə ölkəmiz olduqca ağır vəziyyətdə idi. Bu fürsətdən istifadə edən işğalçı Ermənistanın silahlı qüvvələri torpaqlarımızın 20 faizini işğal etmiş, 1 milyondan çox soydaşımızı öz doğma vətənində məcburi köçkünə çevirmişdi. Azərbaycan üçün çətin, mürəkkəb vaxtda, ölkəmizin müstəqilliyinin və ərazi bütövlüyünün ciddi təhlükədə olduğu anda Ulu Öndər Heydər Əliyevə müraciət edən xalqımız inanırdı ki, ölkəmizi düşdüyü bu ağır vəziyyətdən, hərbi, siyasi və sosial-iqtisadi böhrandan yalnız Ümummilli Liderimiz xilas edə bilər. Ən əsası, Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyası ilə hakimiyyətə qayıdışı xalqda böyük inam yaratmışdı. Belə ki, Ulu Öndər hakimiyyətə qayıdandan sonra qətiyyətlə və inamla bəyan etmişdi: “Azərbaycan dövlətinin müstəqilliyi əbədi olacaqdır, sarsılmaz olacaqdır, dönməz olacaqdır və Azərbaycanın bugünkü gənc nəsli gələcək Azərbaycanı daha da yüksəklərə qaldıracaqdır”.
Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi düşünülmüş siyasət nəticəsində Azərbaycan məhv olmaq təhlükəsindən qurtularaq inkişaf yoluna qədəm qoydu. Qısa müddət ərzində ölkədə vətəndaş müharibəsinin qarşısı alındı, dövlətçiliyə qarşı çıxan silahlı birləşmələr ləğv edildi, ictimai-siyasi sabitlik yarandı. Ölkənin xarici siyasəti milli maraqlarımıza uyğun quruldu, uğurlu neft strategiyası həyata keçirildi. Ölkənin bütün sahələrində hərtərəfli islahatlar həyata keçirildi. 1995-ci ildə Ulu Öndərin təşəbbüsü və rəhbərliyi ilə ilk müstəqil Konstitusiya layihəsi hazırlandı və ümumxalq səsverməsi yolu ilə Azərbaycan Respublikasının Konstitusiyası qəbul olundu. Siyasi plüralizm, demokratiya, söz və mətbuat azadlığı təmin edildi, humanizm prinsiplərinə əsaslanan qanunlar qəbul edildi.
Sevindirici haldır ki, 2003-cü ildən etibarən Heydər Əliyev siyasi kursu Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirir. Yeri gəlmişkən, 2020-ci ilin sentyabrın 27-də başlayan və noyabrın 10-dək davam edən Vətən müharibəsində əldə olunan şanlı Zəfər sayəsində Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, xalqımız 30 illik həsrətdən sonra tarixi torpaqlarına qovuşdu.
Beləliklə, birmənalı şəkildə qəbul olunmuşdur ki, regionun lider dövlətinə çevrilən müstəqil Azərbaycan dövləti Ulu Öndər Heydər Əliyevin şah əsəridir. Şübhə yoxdur ki, xalqımız müstəqil dövlətimizin qurucusu və xilaskarı olan Ulu Öndərin əziz xatirəsini qəlbində əbədi yaşadacaq.
Manaf Manafov,
Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi rəisi.
10-05-2022, 09:11 | Müasir Azərbaycanın banisi
Azərbaycan müstəqil dövlətdir. Azərbaycanın dövlət müstəqilliyi tarixi hadisədir, Azərbaycan xalqının tarixi nailiyyətidir. Azərbaycanın dövlət müstəqilliyi dönməzdir, əbədidir və bizim borcumuz dövlət müstəqilliyini, əldə etdiyimiz milli azadlığı daim qoruyub saxlamaqdır. Bizim borcumuz bu müstəqilliyi möhkəmləndirməkdən və gələcək nəsillərə müstəqil, qüdrətli Azərbaycan dövləti çatdırmaqdan ibarətdir.
Heydər ƏLİYEV
Ümummilli lider
Ümummilli lider Heydər Əliyev respublikaya rəhbərliyinin birinci dönəmində – 1969-1982-ci illərdə reallaşdırılan institusional islahatlar nəticəsində kənd təsərrüfatında, sənayedə, eləcə də neft-qaz sektorunda böyük inkişaf tempi əldə edilib. Bununla da ölkəmiz keçmiş SSRİ miqyasında xüsusi çəkiyə malik respublikaya çevrilib. Eyni zamanda, paytaxt Bakının abadlaşdırılması, şəhərdə tikinti-quruculuq işlərinin geniş miqyas alması, mikrorayonların və yeni qəsəbələrin salınması, burada onlarla sənaye müəssisəsinin yaradılması, həmçinin kəndlərin infrastrukturunun qurulması, yeni iş yerlərinin açılması, gənc mütəxəssislərin idarəetmədə irəli çəkilməsi kimi məsələlər ötən əsrin 70-80-ci illərində Heydər Əliyev hakimiyyətinin əsas prioritetləri kimi diqqət çəkib.
Keçmiş SSRİ dövründə ən məşhur dəmir yolunun – Baykal-Amur magistralının çəkilməsi, Bakıda ittifaq əhəmiyyətli məişət kondisionerləri zavodu kimi onlarla müəssisənin tikilməsi Heydər Əliyev dühası haqqında, onun gərgin fəaliyyəti barədə dolğun təsəvvür yaradır, eyni zamanda, bu dahi şəxsiyyətin gələcəyi görmək qabiliyyətini, hədəfi düzgün, dəqiq seçən qərarlar vermək istedadını sübuta yetirir.
Ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra həyata keçirilən kompleks islahatlar nəticəsində müstəqil Azərbaycanın iqtisadi inkişafı təmin olundu. İqtisadiyyatın əsasını təşkil edən neft sektoru ilə yanaşı, digər sahələrdə də genişmiqyaslı islahatlara başlanıldı. Bazar iqtisadiyyatına uyğun qanunvericiliyin, büdcə, vergi, bank sistemlərinin formalaşdırılması, aqrar islahatların həyata keçirilməsi, dövlət əmlakının özəlləşdirilməsi, sahibkarlığın inkişafı üçün əlverişli biznes mühitinin yaradılması nəticəsində bazar iqtisadiyyatına keçidin əsası qoyuldu. Bunlarla bərabər, neft-qaz sektorunda gerçəkləşdirilən genişmiqyaslı tədbirlər iqtisadiyyatın digər sahələrinin inkişafında lokomotiv rolunu oynadı. Düşünülmüş iqtisadi siyasət nəticəsində makroiqtisadi sabitliyə nail olundu və bundan sonra davamlı iqtisadi artım nəzərə çarpmağa başladı, iqtisadiyyatın bütün sahələrində islahatlar aparıldı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində ciddi addımlar atıldı. Qanunvericiliyin təkmilləşdirilməsinə mühüm önəm verildi və xarici investorların ölkəyə axınını sürətləndirmək, onların səmərəli fəaliyyəti üçün əlverişli şərait yaratmaq, xarici ticarəti sərbəstləşdirmək, özəl bölməni inkişaf etdirmək, habelə milli iqtisadiyyatın beynəlxalq iqtisadi sistemə uyğunlaşdırılmasını, inteqrasiyasını gerçəkləşdirmək məqsədilə mükəmməl qanunvericilik bazası yaradıldı.
Həyatının mənasını xalqına və dövlətinə xidmətdə görən ulu öndərin müstəqil gənc respublikamıza rəhbərliyi dövründə gördüyü əvəzsiz işlər Azərbaycanı çox qısa müddətdə beynəlxalq arenada böyük nüfuza və söz sahibinə malik bir ölkəyə çevirdi. O vaxt ölkəmiz dövlət müstəqilliyini yenicə bərpa etmişdi, Azərbaycan Ermənistanla müharibə şəraitində idi. Bu risk doğuran amillər böyük dövlətləri və şirkətləri Azərbaycana investisiya yatırmaqda ehtiyatla davranmağa vadar edirdi. Ümummilli liderin beynəlxalq arenadakı şəxsi nüfuzu ilə tərəddüdlərə son qoyuldu: 1994-cü il sentyabrın 20-də Azərbaycanın ən yeni tarixində dönüş nöqtəsi olan neft müqaviləsi imzalandı. “Əsrin müqaviləsi” adlandırılan bu saziş ölkəmizin gələcək inkişafına və təhlükəsizliyinə etibarlı zəmin yaratdı, dünya xəritəsindəki mövqeyini daha da möhkəmləndirdi.
İqtisadiyyatda aparılan islahatlar, qanunvericiliyin, vergi və bank sistemlərinin sürətlə dəyişən iqtisadi şəraitə uyğunlaşdırılması, bazar iqtisadiyyatı prinsiplərinə cavab verən yeni iqtisadi siyasətin həyata keçirilməsi Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyasına, dövlətlərarası münasibətlərin fəal subyektinə çevrilərək dünya miqyasında layiqli yer tutmasına təkan verdi. Ulu öndərin təşəbbüsü və rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar qısa bir zamanda uğurlu nəticələr verərək iqtisadi inkişafa gətirib çıxardı, ölkəmizin qüdrətli iqtisadi dayaqları üçün əsaslar yaratdı, sənayenin ümumi daxili məhsulda xüsusi çəkisi 1993-cü ilə nisbətən 12,6 faiz bəndi artaraq 2002-ci ildə 37,4 faiz təşkil etdi. İqtisadiyyatın bütün sahələrində aparılan məqsədyönlü və ardıcıl islahatlar, sənaye, tikinti, nəqliyyat, kənd təsərrüfatı və ticarətdə əldə edilmiş yüksək nailiyyətlər nəticəsində ölkədə ümumi daxili məhsul istehsalı 1996-2002-ci illər ərzində 71 faiz artaraq 6,1 milyard manata çatdı.
Ölkədə ictimai siyasi sabitliyin bərqərar olması daxili və xarici investorlar üçün əlverişli şərait yaratdı və 1993-2002-ci illər ərzində ölkənin istehsal və qeyri-istehsal sahələrinin inkişafı üçün 8,2 milyard manat investisiya yönəldildi, onlarla mühüm əhəmiyyət kəsb edən obyektlər tikilərək istifadəyə verildi. Xarici investorların ölkə iqtisadiyyatına vəsait yönəltməsi eyni zamanda ölkələrarası münasibətlərin inkişafına, ölkənin milli maraqlarının təmin olunmasına müsbət təsir göstərdi. Həmin dövrdə ümumi sahəsi 6,7 milyon kvadratmetr olan yeni yaşayış evləri, 31,1 min şagird yerlik ümumtəhsil məktəbləri, 2,2 min yerlik məktəbəqədər təhsil müəssisələri, 1,5 min çarpayılıq xəstəxana və növbədə 3 min nəfər qəbul edən ambulatoriya-poliklinika müəssisələri istifadəyə verildi.
Azərbaycan öz dövlət müstəqilliyini əldə etdikdən sonra keçid iqtisadiyyatına xas olan böhranlı proseslər başqa sahələrdə olduğu kimi, nəqliyyat sektorunda da baş verdi. Böhranın qarşısı yalnız 1996-cı ildə alındı, bu sahədə görülmüş tədbirlər nəqliyyatın ayrı-ayrı növlərinin inkişafında müsbət meyillərin yaranmasına təsir etdi. 1996-2002-ci illərdə nəqliyyat sektorunda yük daşınması 2,4 dəfə artdı.
Ölkə iqtisadiyyatının dünya iqtisadi sisteminə inteqrasiyası ilə bağlı verilmiş qərarlar nəticəsində xarici ticarətin liberallaşdırılması istiqamətində səmərəli və davamlı tədbirlər reallaşdırıldı. İdxal-ixrac əməliyyatlarının bazar iqtisadiyyatının tələblərinə uyğun qurulması nəticəsində ölkəmizin beynəlxalq əlaqələri ilbəil genişləndi, möhkəmləndi və inkişaf etdi. 1993-cü ildə 60 xarici ölkə ilə ticarət əlaqələri qurulmuşdursa, 2002-ci ildə bu əlaqələrin coğrafiyası genişlənərək 128-ə yüksəldi, xarici ölkələrlə ticarət dövriyyəsi 1993-cü illə müqayisədə 2,8 dəfə artaraq 3,8 milyard ABŞ dollarına çatdı. Bu illər ərzində Azərbaycanda xarici investisiyalı müəssisələrin sayı da kəskin surətdə artdı. Əgər 1996-cı ildə ölkədə fəaliyyət göstərən xarici ivestisiyalı müəssisələrin sayı 602-yə bərabər idisə, 2002-ci ildə bu rəqəm 3,5 dəfə artaraq 2104 olmuş, xarici şirkət və ya fiziki şəxslərin iştirakı ilə yaradılmış birgə müəssisələrin sayı isə 94,1 faiz artaraq 957-yə çatdı.
Azərbaycan Respublikasında bazar iqtisadiyyatının hərtərəfli inkişafını təmin etmək üçün həyata keçirilən tədbirlərlə yanaşı, qiymətlərin və ticarətin sərbəstləşdirilməsinə də xüsusi diqqət yetirildi, azad rəqabət üçün əlverişli şərait yaradıldı. Bu tədbirlər nəticəsində istehlak qiymətlərinin aşağı salınması təmin edildi. 1991-1994-cü illərdə inflyasiyanın böyük sürətlə artması müşayiət olunduğu halda, aparılmış düzgün iqtisadi siyasət nəticəsində inflyasiyanın artım surətinin kəskin azaldılmasına, onun birrəqəmli səviyyədə saxlanılmasına nail olundu. Bazar iqtisadiyyatına keçid dövründə ölkə iqtisadiyyatında aparılan islahatlar dövlət büdcəsinin gəlirlərinin ildən-ilə artmasını və ötən əsrin 90-cı illərin əvvəlində yüksək olan büdcə kəsirinin azalmasını təmin etdi. 2002-ci ildə dövlət büdcəsinin bütün mənbələrdən daxil olan gəlirləri 1993-cü ilə nisbətən 85,1 dəfə artaraq 910,2 milyon manata çatdı, xərcləri isə 72,2 dəfə artaraq 931,8 milyon manat təşkil etdi. Büdcə kəsirinin ümumi daxili məhsulda xüsusi çəkisi 1993-cü ildəki 7,1 faizdən 2002-ci ildə 0,4 faizə endirildi. Dövlət büdcəsinin xərclərində sosial müdafiə və sosial təminat xərclərinin payı ildən-ilə artdı. 1993-cü ildə bu məqsədlərə 1,1 milyon manat və ya ümumi büdcə xərclərinin 8,5 faizi sərf olunmuşdursa, 2002-ci ildə bu xərclər 190,3 milyon manata çatdırıldı ki, bu da büdcə xərclərinin 20,4 faizinə bərabər idi.
Ümummilli lider əmək bazarının inkişafına, məşğulluq və işsizlik problemlərinin həllinə geniş yer verməsi nəticəsində iqtisadiyyatın qeyri-dövlət sektorunda məşğulluğun payının 1995-ci ildəki 43,9 faizdən 2002-ci ildə 69,7 faizədək artmasına nail olundu. Azərbaycanda bu dövrdə qəbul edilmiş Əmək Məcəlləsi, məşğulluq və əmək miqrasiyası haqqında qanunlar, Demoqrafik İnkişaf və Pensiya İslahatı konsepsiyaları, yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə dövlət proqramı əmək və əhalinin sosial müdafiəsi sahələrində yeni strateji istiqamətlərin əsasını qoyub.
Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi milli maraqlardan irəli gələn müstəqil siyasətə əsaslanan kursa sadiq qalan Prezident İlham Əliyev 18 ildə Azərbaycanın möhtəşəm qələbələr əldə etməsinə nail olub. Dövlətimizin başçısı siyasi sabitlik, sosial rifah, milli birlik, iqtisadi güc, uğurlu xarici siyasət və ordu quruculuğu istiqamətlərində gerçəkləşdirdiyi islahatlar nəticəsində İkinci Qarabağ müharibəsində parlaq qələbə əldə etdi.
Ölkə rəhbərinin prezidentlik fəaliyyəti dövründə həyata keçirdiyi uğurlu daxili siyasət Azərbaycanın beynəlxalq aləmdə mövqelərini möhkəmləndirib. Bununla bərabər, dövlətimizin başçısı xarici siyasət kursunu da varislik prinsipi üzərində qurub, müstəqil xarici siyasətə üstünlük verib, daim geosiyasi reallıqlara uyğun innovativ təkliflərlə çıxış edib. Milli dövlətçilik maraqlarının müdafiəsi zamanı həm ikitərəfli, həm də çoxtərəfli formatda reallaşdırdığı siyasəti hər zaman diqqət mərkəzində saxlayıb. Bu cür müstəqil xarici siyasət kursunun həyata keçirilməsi ilə əldə edilən uğurlar isə, hətta dünyada bir-birinə qarşı duran güclər tərəfindən də müsbət dəyərləndirilib. Ümumiyyətlə, Azərbaycan rəhbərinin xarici siyasətinin əsasını ikitərəfli münasibətlərdə bərabər hüquq, qarşılıqlı hörmət, bir-birinin daxili işlərinə qarışmamaq prinsipləri təşkil edib. Şübhəsiz ki, belə bir xəttə, mövqeyə əsaslanan müstəqil və qətiyyətli siyasət beynəlxalq güc mərkəzləri tərəfindən yüksək razılıqla qarşılanıb.
Prezident İlham Əliyevin son 18 illik fəaliyyətinin bəzi məqamlarına diqqət yetirsək, bunu aydın görmək olar. Məsələn, ulu öndər Heydər Əliyevin müəllifi olduğu enerji təhlükəsizliyi siyasətinin reallaşdırıldığı sonrakı dövrdə qarşıya müxtəlif obyektiv və subyektiv çətinliklər çıxıb. Lakin dövlətimizin başçısın müdrik siyasəti ilə problemlər aradan qaldırılıb, bununla da Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi nəhəng neft və qaz marşrutlarının gerçəkləşdirilməsinə nail olunub.
Burada bir məqamı da vurğulayaq ki, 2006-cı ildən başlayaraq enerji ixracı nəticəsində Azərbaycana daxil olan böyük maliyyə resursları sürətli iqtisadi tərəqqiyə, müasir sosial-iqtisadi və mədəni infrastrukturların yaradılmasına, respublika həyatının bütün sahələrinin yenilənməsinə, iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun dinamik inkişafına yönəldilib.
Neft strategiyasının uğurlu icrası nəticəsində əldə edilən vəsait hesabına regionlarda bütün köklü problemlər həll olunub, müasir infrastruktur formalaşdırılıb, əhalinin məşğulluq səviyyəsi yüksəldilib.
Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanda uğurlu enerji siyasəti ilə yanaşı, çox böyük nəqliyyat layihələri də icra olunub. Şərq-Qərb nəqliyyat marşrutu reallaşdırılıb. Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu işə salınıb. Şimal-Cənub nəqliyyat dəhlizinin fəaliyyəti istiqamətində mühüm layihələr həyata keçirilib. Azərbaycan ərazisində bu dəhlizlə bağlı bütün tədbirlər uğurla yerinə yetirilib.
Tarixi İpək yolu üzərində geniş iqtisadi zolağın yaradılmasının fəal dəstəkçisi olan Azərbaycan bu gün, həm də digər dəhlizlərlə müqayisədə yüklərin ölkəmizin ərazisindən keçməklə müxtəlif istiqamətlərə tranzit daşımalarının səmərəli təşkilinə etibarlı təminat verir, daha əlverişli şərtlərlə qısa müddətdə, təhlükəsiz və vaxtında çatdırılmasına, tranzit daşımaların həcminin dəfələrlə artmasına imkan yaradır.
Ümumiyyətlə, son illərdə gerçəkləşdirilən mühüm layihələr nəticəsində respublikamızın Avrasiyaboyu strateji beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində əlverişli geoiqtisadi mövqedə yerləşməsi, eləcə də güclü tranzit potensialı Azərbaycanın transregional ticarətdə mühüm qovşağa çevrilməsini təmin edib. Ölkəmiz beynəlxalq aləmdə Şərq-Qərb, Şimal-Cənub, Cənub-Qərb beynəlxalq nəqliyyat dəhlizlərinin, o cümlədən “Viking” Qatarı layihəsinin fəal iştirakçısı kimi tanınıb.
İşğaldan azad edilən Qarabağ regionunun coğrafi mövqeyi, ərazidən Avropaya və Asiyaya çıxış imkanlarının artması isə Azərbaycanın beynəlxalq nəqliyyat-kommunikasiya və dəhliz layihələrində bundan sonra daha fəal iştirakını gücləndirəcək. Bu hal Xəzər-Qara dəniz hövzəsinin və Cənubi Qafqazın strateji və etibarlı dövləti kimi ölkəmizin iqtisadi və siyasi nüfuzunu daha da artıracaq.
Dövlətimizin başçısı çıxışlarının birində Zəngəzur dəhlizinin-Horadiz-Zəngilan-Ağbənd dəmir yolu istifadəyə veriləndən sonra bölgəmizin uzunmüddətli inkişafı, sabitliyin təmin edilməsi və müharibə risklərinin sıfra endirilməsinə əminliyini ifadə edib. Eyni zamanda, bu dəmir yolunun digər nəqliyyat layihələrinin də reallaşdırilmasına mühüm təsir göstərəcəyini diqqətə çatdırıb: “Azərbaycan Naxçıvanla, Türkiyə ilə birləşir. Eyni zamanda, Rusiyadan Ermənistana dəmir yolu xətti açıla bilər. Bu xətt yalnız Azərbaycan ərazisindən keçə bilər. Həmçinin Rusiya ilə İran arasında Naxçıvan ərazisi ilə dəmir yolu bağlantısı olacaq. İran ilə Ermənistan arasında dəmir yolu bağlantısı olacaq. Türkiyə ilə Rusiya arasında dəmir yolu bağlantısı olacaq. Yəni, bütün bölgə ölkələri bundan ancaq xeyir görəcəklər”.
Azərbaycanın uzun illər təhlükəsiz tranzit ölkə kimi qazandığı nüfuz və maliyyə resursları da Horadiz-Zəngilan-Ağbənd dəmir yolu xəttinin uğurla reallaşdırılacağına imkanı verəcək. Digər tərəfdən, bu infrastruktur bütün Türk dünyasını birləşdirməklə yaxın gələcəkdə regionun türkdilli dövlətləri arasında dərin iqtisadi-siyasi birliyin qurulmasına və möhkəmlənməsinə də əsaslı təsir göstərəcək.
Ölkəmizdə nəqliyyat layihələrinin uğurla reallaşdırılmasının nəticəsidir ki, Davos Dünya İqtisadi Forumunun son qiymətləndirməsinə əsasən, Azərbaycan dəmir yollarının səmərəliliyinə görə dünyada 11-ci, hava yollarının səmərəliliyinə görə 12-ci, dəniz limanları xidmətinin səmərəliliyinə görə isə 25-ci yerdə qərarlaşıb. Heydər Əliyev Beynəlxalq Hava Limanı dünyadakı beşulduzlu 10 hava limanından biri kimi qəbul edilib. Bütün bunlarla bərabər, Azərbaycan yolların keyfiyyətinə görə dünyada 27-ci, MDB məkanında isə 1-ci yeri tutub. “Doing Business” hesabatına əsasən, ölkəmiz hökumətin uzunmüddətli strategiyası üzrə həm də dünyada 10-cu yerdə qərarlaşıb. Ölkə rəhbərinin islahatlara sadiqliyinə görə Azərbaycan 5-ci, əhalinin elektrik enerjisinə əlçatanlığına görə isə 2-ci yerdə möhkəmlənib. Eyni zamanda, respublikamız Dünya Bankı tərəfindən “dünyanın ən islahatçı 10 ölkəsindən biri” kimi qiymətləndirilib.
Prezident İlham Əliyev Azərbaycanın əldə etdiyi bütün bu uğurlarla bağlı çıxışlarının birinə deyib: “Bütün bunlar əlbəttə ki, gördüyümüz işlərə verilən yüksək qiymətdir. Ən böyük qiymət Azərbaycan xalqı tərəfindən verilən qiymətdir… Əlbəttə ki, bu dəstək bizə güc verir, iradəmizi artırır və biz islahatlara daha da böyük həvəslə, daha da böyük imkanlarla meyil göstəririk, bu islahatları aparırıq…”.
Nəhayət, sonda bir məqamı da xatırlatmaq istərdim. Prezident İlham Əliyevin rəhbərliyi ilə 2003-cü ildən İkinci Qarabağ müharibəsi başlananadək ötən dövr ərzində Qarabağ zəfərinə uzanan yolda Azərbaycan qarşıya qoyduğu müqəddəs vəzifəni gerçəkləşdirmək üçün siyasi, iqtisadi, sosial sahələrdə son dərəcə ciddi layihələr həyata keçirdi. Dövlətimizin başçısının bu istiqamətdə reallaşdırdığı müdrik xarici siyasəti Ermənistanın işğalçı mövqeyi barədə dünya ictimaiyyətində aydın təsəvvür yaradıb, həmçinin xalqımızın birliyi, milli vəhdəti getdikcə daha da möhkəmlənib, bərabərlik, doğmalıq ruhu güclənib. Erməni faşizminin yaşatdığı ağrı-acılar, haqsızlıq, ədalətsizlik bütün dünyaya nümayiş etdirilib. Ən nüfuzlu, ən böyük dövlətlər tərəfindən Azərbaycanın mövqeləri dəstəklənir. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu yeni mərhələyə daxil olub, Azərbaycan Ordusu dünyanın ən güclü silahlı qüvvələri sırasında qərarlaşıb. Bütün bunlar isə 44 günlük Vətən savaşında möhtəşəm qələbəmizi şərtləndirib.
Prezident İlham Əliyev müdrik siyasəti ilə parlaq qələbəmizə doğru uzanan bir yolda ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası kimi beynəlxalq təşkilatlar və bir çox digər nüfuzlu qurumlarla Azərbaycanın ədalətli mövqeyini dəstəkləmək üçün çox möhkəm beynəlxalq təməl yaratdı. Azərbaycan bu təmələ, həmçinin BMT-nin nizamnaməsinə əsaslanaraq, eyni zamanda, beynəlxalq hüquq çərçivəsində hərəkət edərək, əks-həmlə əməliyyatı 2020-ci ildə 44 günlük savaşla torpaqlarımızı düşməndən təmizlədi.
Vətən müharibəsindən sonra Qarabağda bərpa-quruculuq işlərinə başlanılıb. Ötən müddətdə enerji, kommunal xidmət obyektlərinin, nəqliyyat infrastrukturlarının inşası sürətlə davam etdirilib. Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının yaradılması ilə Azərbaycan iqtisadiyyatı artıq bir neçə dəfədən çox böyüyüb, iqtisadiyyatın regional və sektorial strukturu dəyişib, habelə Qarabağ ərazisinin iqtisadi dövriyyəyə qayıtması və regional kommunikasiyaların, o cümlədən, Zəngəzur dəhlizinin açılması perspektivi yeni reallıqlar üzə çıxarıb.
Beləliklə, istər ümummilli liderin hakimiyyəti dönəmində, istərsə də onun layiqli varisi möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Azərbaycana rəhbərliyi illərində əldə edilən uğurlar Heydər Əliyevin dövrün çağırışına cavab verən, zamanı qabaqlayan dahi şəxsiyyət olmasını sübuta yetirir. Bəli, onun fəaliyyəti sabaha, bügünümüzə ünvanlanmışdı. Ona görə də Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, ümummilli lider və xalq məhəbbətini qazanan ulu öndər kimi qalıb. Xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda onun misilsiz xidmətləri ölçüyəgəlməzdir.
Ümummilli lider Heydər Əliyevin təkcə Azərbaycanın deyil, həm də dünyanın nadir və bənzərsiz şəxsiyyətlərindən biri olaraq əziz xatirəsi hər bir azərbaycanlının, hər bir soydaşımızın qəlbində əbədi yaşayır və yaşayacaq.
Fuad Hacıyev,
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru.
10-05-2022, 09:10 | Müstəqil Azərbaycan dövlətinin dünyada böyük nüfuz qazanması Heydər Əliyev siyasətinin məntiqi nəticəsidir
Azərbaycan xalqı çoxəsrlik tarixinin ən möhtəşəm dövrünü yaşayır. Qarabağda zəfər savaşı özümüz və ətraf aləm barəsində təsəvvürümüzü kökündən dəyişdirdi, bizi öz gözümüzdə ucaltdı. Vətənin bütövlüyü uğrunda mübarizəyə çevrilmiş İkinci Qarabağ müharibəsi xalqımızı daha sıx birləşdirdi, torpağımızı, milli-mənəvi dəyərlərimizi qorumaq əzmimizi və iradəmizi dünyaya nümayiş etdirdi.
Azərbaycan hazırda müasir dövrün sürətlə inkişaf edən dövlətləri sırasında olmaqla müstəqil daxili və xarici siyasət aparır, dünya birliyində yüksək nüfuz sahibi kimi tanınır.
Ölkəmizin bugünkü inkişafında, ləyaqətli gələcəyinin təmin olunmasında Azərbaycan Prezidenti İlham Əliyevin həlledici rolu danılmazdır. Eyni zamanda, qeyd edilməlidir ki, yaşadığımız gerçəklik və inkişaf perspektivləri keçən əsrin 60-cı illərindən başlayır. Bizim bu günümüz və gələcəyimiz ulu öndər Heydər Əliyevin yaratdığı özül üzərindı ucalır.
Qeyd edim ki, 1969-cu ildən başlayaraq, dahi şəxsiyyət 35 il ərzində yalnız bir dəfə ölkəmizin rəhbəri kimi hakimiyyətdən kənarda olub və 1982-1987-ci illərdə keçmiş SSRİ-də yüksək vəzifədə çalışıb, Nazirlər Soveti Sədrinin birinci müavini kimi fəaliyyət göstərib.
Amma Heydər Əliyevin Azərbaycanda olub-olmamasına, yüksək vəzifədə çalışıb-çalışmamasına və ya pensiyaya çıxmasına baxmayaraq, respublikanın bütün şəhərlərindən ucqar kəndlərinə kimi ağlı kəsən hər bir insan ölkənin böhranlı dövrlərində müdrik şəxsiyyətin zəkasına, iradəsinə və məharətinə güvənib, ümummilli liderin simasında Vətənini və həmvətənlərini sevən, lazım gəldikdə onların köməyinə gəlməyə və arxa durmağa həmişə hazır müdrik bir ağsaqqal görüb.
Xatırladım ki, 1969-cu ilin iyulunda Heydər Əliyev respublikanın rəhbəri oldu. Bu işə respublika Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsindən gəlmişdi. Adıçəkilən komitə sovet dövlətinin hakimiyyət strukturunda son dərəcə səlahiyyətli bir qurum idi. Heydər Əliyev burada sıravi əməkdaş kimi fəaliyyətə başlayaraq, 46 yaşında general rütbəsində həmin komitənin rəhbəri oldu. Bu fakt ona görə əlamətdardır ki, o vaxtlar keçmiş SSRİ-nin ideologiyasında beynəlmiləlçilik və xalqların hüquq bərabərliyi bəyan edilsə də, bu vəzifəyə, bir qayda olaraq, milliyyəti azərbaycanlı olan şəxslər gətirilmirdi. Beləliklə, ulu öndər Azərbaycan Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsində çalışan ilk azərbaycanlı oldu.
Heydər Əliyev bizim gerçəkliyimizə daxil olduğu andan cəmiyyət tərəfindən prinsipial, qətiyyətli, iradəli və etibarlı bir insan kimi qəbul edildi. O, respublikada vəziyyətə yaxşı bələd idi, qüsurları, ağrılı məqamları aydın görürdü və yeni vəzifədə fəaliyyətinin ilk günlərindən dövlət orqanlarını və ictimaiyyəti mövcud nöqsanların aradan qaldırılmasına, Azərbaycanın sürətli inkişafının təmin olunmasına cəlb etdi.
Azərbaycan SSR-nin rəhbəri kimi çalışdığı on üç ildən bir qədər artıq müddətdə Heydər Əliyev iqtisadiyyatın inkişafında və insanların həyat səviyyəsinin yüksəldilməsində böyük uğurlara nail oldu. Təkcə xaricdə deyil, keçmiş SSRİ-də də az tanınan Azərbaycan barəsində hərtərəfli inkişafda olan cəmiyyətin bir çox problemlərini müvəffəqiyyətlə həll edən qabaqcıl respublika kimi danışmağa başladılar. Bu dəyişikliklərin təşkilatçısı, dünya miqyaslı siyasi xadim kimi Heydər Əliyev haqqında xarici mətbuatda yazılar dərc edilməyə başlandı, Qərb ölkələrinin analitik mərkəzlərində söhbətlər açıldı. Biz özümüzü daha rahat və inamlı hiss etməyə başladıq, gözümüzdə dəyərimiz yüksəldi, gücümüzü və imkanlarımızı dərk etdik.
Heydər Əliyevin ikinci dəfəki hakimiyyəti dövrü tarixi nöqteyi-nəzərdən qısa – cəmi on il olsa da, bu müddət ərzində bir neçə onilliklərə bərabər inkişaf və tərəqqi əldə edildi. Ölkəni dağılmaq və parçalanmaq həddinə gətirib çıxaran dövlət və hakimiyyət böhranı, vətəndaş müharibəsi təhlükəsi aradan qaldırıldı, əsaslı siyasi və iqtisadi islahatlar aparıldı, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğuna, demokratik təsisatların inkişafına və qanunun aliliyinə təminat yaradıldı, cəmiyyət və dövlət həyatının bütün sahələrində tənəzzülə son qoyuldu. İqtisadiyyatda, ictimai həyatda, mədəniyyətdə dirçəliş başlandı, Azərbaycan dünyanın ən sürətlə inkişaf edən ölkələri sırasına çıxdı. Əhalinin həyat səviyyəsi xeyli yüksəldi. Azərbaycanın milli maraqlarına cavab verən xarici siyasət formalaşdırıldı və həyata keçirildi.
Heydər Əliyev cəmiyyətimizə siyasi mədəniyyət gətirdi, ölkəmizdə və xaricdə böyük nüfuza malik Yeni Azərbaycan Partiyasını yaratdı.
Dahi şəxsiyyətin iki dəfə respublikanın rəhbəri olduğu 30 ildən artıq bir dövr Azərbaycanın çoxəsrlik tarixində kiçik bir müddətdir. Lakin bu dövr dövlətçiliyimizin və xalqımızın mənlik şüurunun formalaşmasında tarixi bir mərhələ təşkil edib. Heydər Əliyevin hakimiyyətə birinci gəlişi xalqın həyatında dönüş nöqtəsinə, çiçəklənmə, yeni dünyabaxışın formalaşması, insanların öz qüvvə və imkanlarını dərk etməsi mərhələsinə çevrilib. Cəmiyyət naqislik kompleksi hissinə yaxın bir vəziyyətdən xilas olunub.
1993-cü ildə Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışı yenicə əldə edilən müstəqilliyimizi, xarici və daxili amillərin təsiri altında dağılmaqda olan dövlətçiliyimizi, millətin şərəf və ləyaqətini xilas etdi.
Lakin yuxarıda deyilənlər ulu öndərin Azərbaycan xalqı və dövləti qarşısındakı fədakar fəaliyyətinin yalnız bir hissəsidir. Başqa sözlə, Heydər Əliyev özündən sonra dəyəri yuxarıda vurğulananlardan heç də az diqqət çəkməyən bir məsələni– müəllifi olduğu müdrik siyasətinin ardıcıl və davamlılığını gerçəkləşdirdi.
Heydər Əliyev iqtisadi-sosial sahələrdə, daxili və xarici siyasətdə, ərazimizin işğaldan azad olunması, habelə digər zəruri problemlərin həllini reallaşdırdı, siyasətinin davamçısını yetişdirdi və xalqa bəxş etdi.
Sonda Heydər Əliyevin güc-qüdrətini, müdrikliyini dərindən dərk edən Ermənistanın SSR-nin o dövrdəki rəhbəri Karen Dəmirçiyanın bir fikrini xatırlatmaq istərdim. O, 1988-ci il fevralın 8-də (o vaxt Heydər Əliyevin artıq heç bir vəzifəsi yox idi, pensiyaçı idi) Yerevanın Teatr meydanındakı mitinqdə çıxış edərək, ölkəmizə ərazi iddiaları edənlərə deyib: “Ey mənim sevimli erməni millətim, biz həlli mümkün olmayan bir işdən yapışmışıq. Yaxşı bilin ki, 20-ci əsrdə türklərin yetişdirdiyi iki qüdrətli adamı var: Atatürk və Heydər Əliyev. Onların ikincisi sağdır. Bütün cəhdlərimizə baxmayaraq, o, Azərbaycanı çekist məharəti ilə hər tələdən qurtarır. Bilin ki, Heydər Əliyev nə qədər sağdır, biz nə Qarabağı ala biləcəyik, nə də başqa əraziləri. O, bizdən ağır zərbələr alsa da, Azərbaycan xalqı ən çətin günlərində yenidən onu Bakıya gətirəcək və bununla da bizim arzularımız puça çıxacaq”.
Düz sözə nə demək olar?!. Bircə əlavəm var: XXI-ci əsrdə Türk dünyasının Azərbaycanda yeni bir qüdrətli adamı var. Gəlin, ölkəmizin inkişafı, xalqımızın indiki xoşbəxt günü və gələcəyi naminə onun ətrafında daha da sıx birləşək.
Yaqub Məmmədov
Təcili Tibbi Yardım stansiyasının rəisi
10-05-2022, 09:05 | Zelenski Ukraynanın iyunda Aİ-yə namizəd statusu alacağını gözləyir
Bu gün Ukrayna Avropa İttifaqına üzvlüyə namizəd statusu almaq üçün xüsusi sorğunun cavablarının ikinci hissəsini təqdim edib.
APA-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski videomüraciətində bildirib.
"Bu gün biz Avropa İttifaqına gedən yolda çox vacib bir addım atdıq. Ukrayna hər bir ölkənin doldurmalı olduğu xüsusi sorğu anketinə cavabların ikinci hissəsini təqdim edib.
Bunun üçün adətən aylar sərf olunur. Amma biz hər şeyi bir neçə həftə ərzində etdik", - deyə prezident bildirib.
O, bu sənədin minlərlə səhifədən ibarət olduğunu vurğulayıb.
"Və bu gün Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Avropa Komissiyasının sədri Ursula fon der Leyen ilə Avropaya inteqrasiyamız haqqında söhbətimiz oldu. Xanım Ursula qeyd etdi ki, rəsmilərimizin sürətinə heyran qalıb. Anketi doldurdu", - deyə Zelenski bildirib.
Prezident əlavə edib ki, Ukraynanın Aİ-yə namizəd statusu alması ilə bağlı iyunda müsbət cavab alacağını gözləyir.
Qeyd edək ki, fevralın 28-də Zelenski Ukraynanın Avropa İttifaqına üzvlüyü üçün sənəd imzalayıb.
Martın 18-də Zelenski Avropa Komissiyasının prezidenti ilə söhbətindən sonra AK-nın üzvlük müraciəti ilə bağlı rəyinin bir neçə ay ərzində hazırlanacağını açıqlayıb.
10-05-2022, 08:49 | Azərbaycan Kosta Rika prezidentinin andiçmə mərasimində təmsil olunub
Azərbaycanın Kosta Rikadakı fövqəladə və səlahiyyətli səfiri Məmməd Talıbov bu ölkənin yeni seçilmiş prezidenti Rodriqo Çaves Roblesin andiçmə mərasimində iştirak edib.
Səfirlikdən verilən məlumata görə, paytaxt San Xosedə, ölkənin parlament binasında keçirilmiş mərasimin ardınca ölkədə akkreditə olunmuş və tədbirdə təmsil olunan diplomatik nümayəndəliklərin rəhbərləri ilə keçirilən görüş zamanı M.Talıbov Kosta Rikanın dövlət başçısı Rodriqo Çaves Roblesə Kosta Rika xalqı üçün bu tarixi gündə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təbrik və səmimi salamlarını çatdırıb. Təşəkkürünü bildirən Kosta Rika Prezidenti onun da dərin ehtiramını və ən xoş arzularını Prezident İlham Əliyevə çatdırmağı xahiş edib.
Prezident R.Çaves hökumətinin Kosta Rikanın Azərbaycanla arasında mövcud olan əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsində maraqlı olduğunu bildirib.
Mərasimdə iştirak edən Kosta Rikanın yeni Xarici Əlaqələr və Etiqad naziri Arnoldo Andre Tinoko ilə Məmməd Talıbov arasında qısa söhbət zamanı iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq perspektivləri müzakirə edilib. Kosta Rika Konqresinin sədri Rodriqo Arias Sançes ilə baş tutmuş söhbət zamanı iki ölkənin parlamentlərarası əlaqələrinin vacibliyi vurğulanıb.
Həmçinin, mərasimdə iştirak edən Kolumbiya Respublikasının prezidenti İvan Duke və Panama Respublikasının prezidenti Laurentino Kortizo ilə səfir Məmməd Talıbov arasında baş tutmuş söhbət zamanı Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin salamları çatdırılıb, ölkələrimiz arasında ikitərəfli münasibətlərin gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Milli.Az
10-05-2022, 08:44 | Britaniyanın müxalifət lideri istefa verə bilər
Britaniyanın müxalif Leyboristlər Partiyasının lideri Kir Starmer bildirib ki, əgər polis onu koronavirus qaydalarını pozmaqda günahkar hesab edib cərimə yazarsa, tutduğu vəzifədən istefaya verəcək.
"Report"a istinadən bildirir ki, mayın 6-da Durham polisi, Starmer və partiyanın bir neçə digər üzvləri tərəfindən koronavirusla bağlı tətbiq edilən məhdudiyyətlərin mümkün pozuntularını araşdıracaqlarını söyləyib.
Söhbət 30 aprel 2021-ci ildə baş verən hadisədən gedir. Həmin gün Hartlpul seçki dairəsindən Böyük Britaniya parlamentinə təkrar seçkilər ərəfəsində şəhərə gələn Starmer həmkarları ilə birlikdə yerli deputatın kabinetində nahar edib və bir şüşə pivə içib. O dövrdə qüvvədə olan qaydalara görə bir evdə yaşamayan insanların qapalı yerlərdə toplaşmaları qadağan idi.
"Mən şərəfə, dürüstlüyə və qaydaları yaradanların onlara əməl etməli olduğu prinsipinə inanıram. Çox açıq deyirəm ki, heç bir qanun pozulmayıb, onlara daim riayət olunub. Gec işləyəndə sadəcə qəlyanaltı yedim. Bununla belə, əgər polis məni cərimələmək qərarına gəlsə, o zaman təbii ki, düzgün qərar verib, istefa verəcəm"-deyə, Starmer bildirib.
Partiyanın sədr müavini Angela Rayner də bildirib ki, əgər polis tərəfindən cərimələnsə vəzifəsini tərk edəcək.
10-05-2022, 08:35 | Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümüdür
Bu gün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum günüdür.
Heydər Əliyevin anadan olmasının 99-cu ildönümüdür.
Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycan Respublikasının Naxçıvan şəhərində anadan olub.
1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) memarlıq fakültəsinə daxil olub, lakin İkinci Dünya müharibəsinin başlanması ona təhsilini başa çatdırmağa imkan verməyib.
Heydər Əliyev 1941-1944-cü illərdə əvvəlcə Naxçıvan Muxtar Respublikası Xalq Daxili İşlər Komissarlığında arxiv şöbəsinin məxfi hissəsinin müdiri, sonra isə Naxçıvan MSSR Xalq Komissarları Sovetində ümumi şöbənin müdiri vəzifələrində işləyib.
1944-cü ilin may ayında dövlət təhlükəsizliyi orqanlarında işə göndərilib.
1949-1950-ci illərdə SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin Leninqraddakı (indiki Sankt-Peterburq) Rəhbər Kadrların Hazırlığı Məktəbində təhsil aldıqdan sonra, 1950-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsində bölmə rəisi təyin edilib.
1957-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) tarix fakültəsinin qiyabi şöbəsini bitirib.
1958-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin əks-kəşfiyyat şöbəsinin rəisi, 1964-cü ildə DTK-nın sədr müavini təyin edilib.
1966-cı ildə Moskvada DTK-nın F. E. Dzerjinski adına Ali Məktəbinin rəhbər heyətin təkmilləşdirilməsi kurslarını müvəffəqiyyətlə bitirib.
1967-ci ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinə təyin edilib və həmin ildə də ona general-mayor rütbəsi verilib.
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyulun 14-də keçirilmiş plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib.
Heydər Əliyev 22 il Azərbaycan SSR Ali Sovetinin və SSRİ Ali Sovetinin deputatı olub. 1974-1979-cu illərdə isə SSRİ Ali Soveti İttifaq Sovetinin sədr müavini vəzifəsini tutub.
1976-cı ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvlüyünə namizəd, 1982-ci ilin dekabrında isə Siyasi Büronun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib. Bu vəzifədə işləyərkən Heydər Əliyev SSRİ-nin iqtisadi, sosial və mədəni həyatının ən mühüm sahələrinə rəhbərlik edib.
Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz olaraq tutduğu vəzifələrdən istefa verib.
Heydər Əliyev 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar, yanvarın 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib.
1990-cı il iyulun 20-də Bakıya qayıdan Heydər Əliyev iki gün sonra Naxçıvana yola düşüb, həmin ildə də Azərbaycan SSR xalq deputatı və Naxçıvan MSSR xalq deputatı seçilib.
1991-ci il sentyabrın 3-də Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri seçilib və müvafiq qanunvericiliyə əsasən həm də Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub. Bu vəzifədə o, 1993-cü ilə kimi çalışıb.
Heydər Əliyev 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis konfransında partiyanın sədri seçilib.
1993-cü ilin may-iyun aylarında ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandığına görə, Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürüb və ölkənin o dövrkü rəhbərliyi onu Bakıya dəvət etməyə məcbur olub.
Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilib, iyunun 24-dən isə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb.
1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib.
O, 1998-ci il oktyabrın 11-də xalqın yüksək fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib.
2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar namizədliyini İlham Əliyevin xeyrinə geri götürüb.
2003-cü il dekabrın 12-də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Amerika Birləşmiş Ştatlarının Klivlend Klinikasında vəfat edib və dekabrın 15-də Bakıda, Fəxri xiyabanda dəfn olunub.
Heydər Əliyev beş dəfə keçmiş SSRİ-nin Lenin ordeni ilə, Qırmızı Ulduz ordeni və çoxsaylı medallarla təltif edilib, iki dəfə Sosialist Əməyi Qəhrəmanı adına, həmçinin müxtəlif ölkələrin ali mükafatlarına, nüfuzlu ali məktəblərin fəxri adlarına layiq görülüb.
28-12-2021, 13:22 | Müharibədən sonra ordu quruculuğu prosesi dayandırılmayıb
Müharibədən sonra ordu quruculuğu prosesi dayandırılmayıb
Azərbaycan son illərdə ordu quruculuğu sahəsində böyük uğurlar qazanıb. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə 1993-cü ildən etibarən başlanmış nizami ordu quruculuğu prosesi 2020-ci ilin noyabrında Prezident İlham Əliyevin rəhbərliyi ilə Ermənistan ordusunun darmadağın edilərək torpaqlarımızdan qovulması ilə başa çatıb. Ordumuz ən müasir silahlarla təchiz edilib, ən peşəkar səviyyədə hərbi təlimlərdə bərkiyib. Nəhayət, XXI əsrin müharibəsini böyük rəşadətlə başa vurub, dünyanın ən yaxşı orduları sırasında özünə yer tutub.
Azərbaycanda güclü, nizami, müasir ordu quruculuğu cənab Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas istiqamətlərindən birini təşkil edib. Respublikamızın dövlət büdcəsindən ordu quruculuğuna böyük həcmdə vəsait ayrılıb, Silahlı Qüvvələrimizin müasir silah-sursatla təminatı, kadrların peşəkarlığının artırılması diqqət mərkəzində saxlanılıb. Cənab İlham Əliyevin prezidentliyi dövründə hərbi xərclər hər il büdcə xərcləri arasında birinci yerdə dayanıb. Azərbaycanın hərbi xərcləri Ermənistanın dövlət büdcəsini üstələyib.
Məhz bu diqqətin nəticəsidir ki, bu gün Azərbaycan Ordusunun arsenalında dünyanın qabaqcıl şirkətlərinin istehsalı olan müasir silahlar var. Bu silahlar düşmənin istənilən hədəfini dəqiqliklə nişan almağa və məhv etməyə qadirdir. Eyni zamanda, Prezident İlham Əliyevin uzaqgörənliyinin nəticəsi olaraq Azərbaycan qısa müddətdə özünün güclü müdafiə sənayesini qurmağa nail olub. Bütün bunların müsbət nəticəsini isə biz ötən 44 günlük Vətən müharibəsində gördük.
Ölkəmizdə müharibədən sonra da ordu quruculuğu prosesi dayandırılmayıb, orduya ayrılan xərclər azalmayıb, əksinə, artırılıb. Müharibədən sonra imzalanmış yeni kontraktlar icra edilir. Yeni kontraktlar əsasında artıq Azərbaycana Ordumuzun təchizatı üçün ən müasir silahlar, texnikalar gətirilir. Həm hərbi texnikanın alınması, həm hərbi xərclərin artırılması, eyni zamanda, hərbçilərin maaşlarının artırılması onu göstərir ki, müharibə başa çatsa da ordu quruculuğu prosesi dayanmayacaq.
Ölkəmizdə müharibədən sonra da ordu quruculuğu prosesi dayandırılmayıb, orduya ayrılan xərclər azalmayıb, əksinə, artırılıb. Müharibədən sonra imzalanmış yeni kontraktlar icra edilir. Yeni kontraktlar əsasında artıq Azərbaycana Ordumuzun təchizatı üçün ən müasir silahlar, texnikalar gətirilir. Həm hərbi texnikanın alınması, həm hərbi xərclərin artırılması, eyni zamanda, hərbçilərin maaşlarının artırılması onu göstərir ki, müharibə başa çatsa da ordu quruculuğu prosesi dayanmayacaq.
Müharibədən sonra həm müasir tələbələrə cavab verən silah-sursat, texnikalar alınır, eyni zamanda, yeni silahlı birləşmələr yaradılır. Hadrut qəsəbəsində yeni hərbi hissənin açılması da deyilənlərə sübutdur. Açılışdakı çıxışında Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin də bəyan etdiyi kimi Hadrutda yeni hərbi hissənin açılması çox əlamətdar hadisədir. Həm ona görə ki, bu bölgə strateji əhəmiyyət daşıyır, Hadrutda bizim güclü silahlı birləşməmiz təhlükəsizliyimizi, ölkəmizin təhlükəsizliyini qoruyacaq. Digər tərəfdən ona görə ki, bu, azad edilmiş keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə aid olmuş yerdə yerləşir. Bu hərbi hissənin ən böyük əhəmiyyəti ondan ibarətdir ki, biz müharibədən sonra ordu quruculuğu prosesini dayandırmamışıq. Bütün bunlar isə həm əsgərlərdə, həm də ümumilikdə xalqımızda xüsusi ruh yüksliyi yaradır.
Prezidentimizin, dövlətimizin, müzəffər ordumuzun səyi nəticəsində işğaldan azad olunan ərazilərimizdə həyat yavaş-yavaş bərpa olunur. Gələcək nəsillərimiz bu torpaqlarda yaşayıb, mədəni irsimizi bərpa edib yenidən tarix yazacaqlar.
Seyran Ağalarov,
Salyan rayon Gigiyena və Epidemilogiya Mərkəzinin direktoru
28-12-2021, 13:16 | Xalq-Prezident birliyi sarsılmazdır
Xalq-Prezident birliyi sarsılmazdır
Vətən savaşında qazanılan Qələbə Azərbaycanın müstəqillik və bütövlükdə dövlətçilik tarixinin ən mühüm hadisəsidir. Torpaqlarımızın işğaldan azad edilməsi ilə yurd-yuvalarından didərgin düşmüş soydaşlarımızın solmuş arzuları yenidən yaşardı, sınmış qürurları özünə qayıtdı. Bu Qələbə onu da göstərdi ki, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan tarixinin ən qüdrətli dövrünü yaşayır. Bu gün hər birimiz Cənubi Qafqazın təkcə lideri deyil, həm də qalib dövlətin vətəndaşı olmağımızla qürur duyuruq.
Xalq-hakimiyyət birliyi istənilən dövlətdə siyasi sabitliyi və təhlükəsizlik mühitini şərtləndirən həlledici amildir. 2003-cü ildə xalqın mütləq əksəriyyətinin səsi ilə Prezident seçilən cənab İlham Əliyev müasir dövlət quruculuğunu daxili siyasətinin prioriteti elan etdi. Dövlət başçısı ölkənin ümumi inkişaf strategiyasını müasir dövrün tələblərinə məharətlə və əsaslı şəkildə uyğunlaşdıraraq, praktikada uğurla həyata keçirdi. Azərbaycanın bütün iqtisadi sistemi yenidən quruldu.
Xalq ona görə cənab Prezidenti sevir ki, o, son 18 il ərzində ölkəmizi uca zirvələrə yüksəldib. Hər gün minlərlə soydaşımız Prezident İlham Əliyevə ünvanladığı minnətdarlıq məktublarında dövlət başçısının əzmini, peşəkarlığını, qətiyyətini, humanizmini, xeyirxahlığını yüksək qiymətləndirərək, öz rəhbərləri ilə fəxr və qürur hissi keçirdiklərini vurğulayırlar. Artıq 18 ildir ki, Azərbaycan xalqı uğurlarımızın əldə olunmasında ölkəyə rəhbərlik edən dahi siyasətçinin, ümummilli lider Heydər Əliyev yolunun layiqli davamçısı Ali Baş Komandan cənab İlham Əliyevin titanik fəaliyyətinə şahidlik edir.
Əlbəttə, ötən illərin hər bir günü ölkəmiz və bölgəmiz üçün həlledici idi. Xüsusilə də son illərdə respublikanın həyatında bir çox vacib hadisələr baş verdi. Təbii ki, bunların arasında ən möhtəşəmi 30 illik həsrətə son qoyularaq düşmən tapdağı altındakı torpaqlarımızın xilas edilərək ərazi bütövlüyümüzün bərpa edilməsi oldu. Vətən müharibəsində qazanılan parlaq Qələbə tarixi ədaləti bərpa etdi. Xalqın Prezidentinə olan birmənalı dəstəyi ilə Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli ordumuz BMT Təhlükəsizlik Şurasının yerinə yetirilməyən 4 qətnaməsini təkbaşına icra edərək, Qarabağımızı 44 gündə işğaldan azad etdi. Beləliklə, Vətən müharibəsi noyabrın 10-da tarixi Qələbə ilə başa çatdı. Bu Zəfər şəhidlərimizin ruhunu şad etdi. Bu Qələbə Cəbrayılımızı, Füzulimizi, Zəngilanımızı, Qubadlımızı, Ağdamımızı, Kəlbəcərimizi, Laçınımızı, Hadrutumuzu, Suqovuşanımızı, Şuşamızı və bütövlükdə işğal altındakı bütün ərazilərimizi öz əbədi sahibinə – Azərbaycan xalqına qaytardı.
Burada bir incə məqamı da xüsusi vurğulamaq istərdik ki, Birinci vitse-prezident Mehriban Əliyevanın Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevlə bağlı paylaşımları xalqımız tərəfindən böyük maraqla, sevgi ilə qarşılanır. Dövlət başçısı Müzəffər Ali Baş Komandan İlham Əliyevin postmünaqişə dövründə müsahibələrinin, xalqa müraciətlərinin hər birində, eləcə də işğaldan azad edilmiş ərazilərimizə səfərlərində keçirdiyi qürur hissi, duyğuları Azərbaycan xalqına çatdırılır. Videogörüntülərdə cənab Prezidentin sevincinə, qüruruna, duyğulu anlarına şahidlik edirik.
Dekabr ayının 24-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin özünün 60 illik yubileyinin məhz işğaldan azad edilmiş Qarabağ torpağında qeyd etməsi xalqımız tərəfindən maraq və sevgiylə qarşılanmışdır. Əvvəlcə Xocavənd rayonunun Hadrut qəsəbəsində yeni tipli Komando hərbi hissəsinin açılışında iştirak edən Prezident müharibənin bitməsinə baxmayaraq ordunun qüvvətləndirilməsi məsələlərinin hər zaman gündəmdə olacağını bəyan etdi.
Hadrut qəsəbəsində yeni tipli Komando hərbi hissəsinin açılışından sonra Prezident İlham Əliyev ailə üzvləri ilə birlikdə Qarabağın incisi Şuşa şəhərinə gəlmişdir. Ölkə başçısının Şuşaya növbəti səfəri 60 illik yubileyinə təsadüf edir. Artıq neçə illərdir ki, Prezident İlham Əliyev öz ad günlərini Azərbaycan xalqı ilə birlikdə qeyd edərək sosial obyektlərin açılışında iştirak edir, məcburi köçkünlərlə və şəhid ailələri ilə görüşür. Öz 50 illiyini Ağcabədidə məcburi köçkünlərlə bərabər qeyd edən Prezident İlhan Əliyev bu il dekabrın 24-də 60 illiyini də ailə üzvləri ilə birlikdə Qarabağda - Şuşada keçirdi.
18 il əvvəl Prezident vəzifəsinə ilk dəfə seçiləndən bu günə qədər İlham Əliyev xalqın dəstəyinə arxalanır və bu dəstək ona güc verir. Prezidentin qeyd etdiyi kimi “Bu dəstək iradəmi möhkəmləndirir və bu dəstək nəticəsində biz hamımız – bütün Azərbaycan xalqı böyük tarixi uğurlara imza atmışıq”.
Tofiq Qarayev,
Salyan rayon Kürsəngi kənd inzibati
ərazi dairəsi üzrə nümayəndə.
28-12-2021, 11:25 | Müzəffər Ali Baş Komandan, qəhrəman ordu və qalib xalq
Azərbaycan Respublikasının müstəqilliyi olunanda ölkənin indiki dövlət başçısının cəmi 30 yaşı var idi. Bu günlərdə isə Prezident İlham Əliyevin 60 yaşı tamam oldu. Bu ömrün tən yarısı – 30 ili müstəqillik tariximizdir. Dövlət müstəqilliyimizin 30-cu ilində 60 yaşa çatan cənab İlham Əliyevin Prezident vəzifəsində 18 illik fəaliyyəti çağdaş siyasi tariximizə Azərbaycanın bütün sahələrdə dinamik inkişaf dövrü kimi yazılmaqdadır. Bu inkişafın arxasında vətənpərvər bir insanın böyük dövlət xadimi İlham Əliyevin heç bir ölçü vahidi ilə hesablana bilməyən gərgin və fədakar əməyi, görünən və görünməyən tərəfləri olan geniş əhatəli fəaliyyəti dayanır.
Dünyanın ən qüdrətli superdövləti hesab olunan Sovet İttifaqının liderlərindən biri Heydər Əliyevin ailəsində yaşanan tələbəlik və gənclik ömrü, müstəqilliyimizin dramatik hadisələrlə başlayan ilk illəri və ulu öndər Heydər Əliyevin sınaqlarla dolu 10 illik hakimiyyəti dövrü İlham Əliyevi siyasi müdrikliyə yaşından daha tez yetişdirmişdi. Gənc siyasətçi kimi o, müstəqilliyimizin təməli qoyulan həmin dövrün, sadəcə, şahidi deyildi, həm də Prezident Heydər Əliyevin Azərbaycanın siyasi suverenliyinin möhkəmləndirilməsi, ölkədə sabitlik, milli birlik, sosial-iqtisadi inkişaf yaradılması və ərazi bütövlüyünün bərpası uğrunda mübarizəsinin fəal iştirakçısı idi.
Həlledici an isə 2003-cü ildə gəldi. Azərbaycan xalqı Heydər Əliyev kimi bir siyasət dahisinin yolunu davam etdirə biləcək şəxsin yalnız İlham Əliyev olduğuna inanaraq, məhz onu özünə prezident seçdi. Ümummilli lider Heydər Əliyevin uğurlu dövlət quruculuğu ilə başa çatan XX əsr yeni və müasir Azərbaycanın qurulması ilə başlayan XXI əsrə belə keçdi. Bu, həm də xalqımız üçün yeni bir həyata keçidin başlanğıcı idi. Bu keçidin ən yaddaqalan hadisələri, taleyüklü qərarları və addımları Prezident İlham Əliyevin adı ilə bağlıdır.
Son iki onillikdə həyatımızı dəyişən sözləri və ifadələri ilk dəfə İlham Əliyevdən eşitdik. Belə ki, Sovet İttifaqının dağılmasından sonra müstəqillik əldə etmiş ölkələrə siyasi-publisistik leksikada “postsovet ölkələri” deyilirdi. Ətalət düşüncəsinin əlaməti kimi istifadə olunan bu ifadə insanları gələcəyə baxmağa yox, sanki, sovet keçmişindən ayrılmamağa səsləyirdi. İlk dəfə İlham Əliyev məqsədəyönlü şəkildə “postsovet ölkələri” deyimindən imtina etdi, əvəzində “müstəqil ölkə”, “suveren dövlət” anlayışlarını dil düşüncəmizin üst qatına çıxardı. Məram aydın idi: ictimai-siyasi təfəkkürdən “post-sovet” qalıqları təmizlənməli idi ki, insanlar keçmişdən asılılığa son verib sovet nostalgiyasından birdəfəlik qurtulsunlar və müstəqillik, suverenlik ideyalarına və davranışlarına köklənsinlər.
İlk dəfə İlham Əliyev 2009-cu ildə “Mən hesab edirəm ki, biz artıq iqtisadi sahədə keçid dövrünü başa vurmuşuq” bəyanatını səsləndirdi. Prezidentin sözləri yeni inkişaf dövrünə başlamağın anonsu idi: həmin illərdə dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə regional inkişaf proqramlarının və infrastruktur layihələrinin uğurla həyata keçirilməsi sayəsində ölkənin iqtisadi tərəqqisi üçün güclü zəmin yaranırdı. Keçid dövründən sonra dayanıqlı inkişaf, iqtisadi artım və daimi modernləşmə dövrünün aktuallaşması zərurəti yaranmışdı. Məhz bu zərurətdən çıxış edən dövlət başçısı ölkənin çoxşaxəli, dinamik, müasir innovasiyalara əsaslanan iqtisadi inkişaf dövrünə qədəm qoyduğunu elan etdi.
İlk dəfə İlham Əliyev Azərbaycanın “Dördüncü Sənaye İnqilabı” proseslərinə qoşulması zərurətindən bəhs etdi və dünyanın bu aparıcı tendensiyasında Azərbaycanın lider dövlət olmaq məramını bəyan etdi. İlk süni peykimizi də ilk dəfə İlham Əliyev fəzaya göndərdi və Azərbaycanın adını dünyanın kosmik ölkələri sırasına yazdırdı. Son iki ildə təkcə Azərbaycanda yox, dünyanın hər yerində milyonlarla Azərbaycanlının qəlbində işıq yandıran, Azərbaycan Ordusunun şüarına, marşına və zəfər andına çevrilən “Qarabağ Azərbaycandır!” ifadəsini də belə qətiyyət və əzəmətlə ilk dəfə İlham Əliyevin dilindən eşitdik! Əlbəttə, ondan əvvəl də bu ifadəni deyirdik. Amma heç kimin deyimi Qarabağı bu qədər Azərbaycanlaşdıra bilməmişdi.
İlk dəfə məhz Ali Baş Komandan İlham Əliyev “Biz qalib xalqıq!” hökmü ilə xalqımızın milli öyünc və özünəgüvəncini yüksək bir səviyyəyə qaldırdı. Hər cümləsi xalqın yaddaşında silinməz iz buraxan, hər bəyanatı xalqın taleyində böyük dəyişikliklər yaradan Prezident İlham Əliyev, sözün əsl mənasında, yeni bir Azərbaycan qurur. Yenilməz, məğlubedilməz, durmadan güclənən və çiçəklənən, vətəndaşlarına qürur və fəxarət yaşadan bir Azərbaycan.
Ulu öndərin ideya və əməllərinin ən sadiq davamçısı İlham Əliyev şüarlarla deyil, xalqın etimadı ilə hakimiyyətə gəldi. Prezidentlik vəzifəsinin icrasına başladığı zaman müqəddəs bayrağımızı öpərək Azərbaycanın dövlət müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağına, xalqa ləyaqətlə xidmət edəcəyinə and içmiş Prezident öz andına sədaqətini əməlləri ilə sübut etdi. O nəyi, necə və nə zaman etməli olduğumuzu nəzəri ideyalarla yox, şəxsi nümunələri ilə göstərdi.
Dövlət atributlarımızın təbliği, üçrəngli bayrağımıza ümummilli ehtiram əxlaqının formalaşdırılması, dövlətçiliyimizin, milli-mənəvi, dəyərlərimizin qorunması ölkə rəhbəri İlham Əliyevin yürütdüyü milli siyasətin ən qabarıq istiqamətləri oldu. Azərbaycanın yeni iqtisadi inkişaf və tərəqqi yoluna çıxması, bölgənin ən yüksək iqtisadi potensialı olan ölkəsi kimi tanınması, etibarlı tərəfdaş kimi qəbul olunması və əsl müstəqil dövlət kimi dünya birliyinə uğurlu inteqrasiyası məhz İlham Əliyevin prezidentliyi dövründə və onun apardığı uğurlu xarici siyasət nəticəsində reallaşdı.
Dövlət müstəqilliyimizin 20-ci ildönümündə (2011) Prezident İlham Əliyev daha sonrakı 10 il ərzində ümummilli potensialın inkişafına dair fundamental istiqamətlərin müəyyənləşdirilməsinə qərar verdi – “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası hazırlandı. Azərbaycan Respublikasının perspektiv inkişafında böyük tarixi-siyasi əhəmiyyət daşımış bu konsepsiya qarşıya qoyulan hədəflərə çatmaq üçün xalqın intellektual potensialının səfərbər olunmasını, dövlət orqanlarının, elmi təşkilatların və yüksək ixtisaslı mütəxəssislərin cəlb edilməsini, bu sahədə qabaqcıl dünya təcrübəsindən yararlanmaq məqsədi ilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və digər beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlığın həyata keçirilməsini və və bütün bu işlərdə vətəndaş cəmiyyəti təsisatlarının fəal iştirakını nəzərdə tuturdu.
Azərbaycanda bu konsepsiyanın, digər zəruri struktur layihələrinin və islahatların həyata keçirilməsi, milli iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin müəyyən edilməsi və s. 2020-ci ilədək ölkəmizi beynəlxalq miqyasda rəqabətə davamlı siyasi subyektə çevirdi. Ölkənin dayanıqlı inkişafına pillə-pillə təməl qoyuldu. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının və ölkənin sosial-iqtisadi inkişafı ilə bağlı bir sıra digər dövlət proqramlarının uğurlu icrası İlham Əliyevin hədəflədiyi nəticələrə gətirib çıxardı.
Möhtərəm İlham Əliyevin prezident olduğu illərin qaynar ictimai, iqtisadi, siyasi, mədəni həyatı, hər ilin gətirdiyi çoxsaylı yeniliklər, günbəgün dəyişən və güclənən Azərbaycanın müasirləşmə tempi siyasi praqmatizmin, rasional idarəetmənin və məqsədəyönlü səmərəli fəaliyyətin qanunauyğun nəticəsidir. Dövlət başçısının yürütdüyü çoxvektorlu və çoxqatlı siyasət bir sıra fenomenal xüsusiyyətlərin sonda vəhdətə gələn bənzərsiz uzlaşmasını təşkil edir.
Böhranların, ziddiyyətlərin, münaqişə və müharibələrin tüğyan etdiyi dünyada gənc milli dövləti xarici təsirlərdən qorumaq, ölkəni tərəqqiyə qovuşdurmaq, iqtisadi potensialı hərəkətə gətirərək inkişafın davamlılığını təmin etmək, ümumdaxili məhsulun həcmini qat-qat artırmaq Prezident İlham Əliyevin ayrı-ayrı istiqamətlərdə apardığı düşünülmüş siyasətin ümumi uğurlu nəticəsidir.
Ümummilli lider Heydər Əliyevin milli dövlətçilik kursuna, azərbaycançılıq ideologiyasına, Türk dünyası ilə bütövləşmə strategiyasına sadiq qalmaqla bərabər, onları yeni keyfiyyətlərlə zənginləşdirən Prezident İlham Əliyev bu yolu heç kimin proqnozlaşdıra bilmədiyi novatorluqla davam etdirdi. O, müasir dünyanın siyasi mədəniyyətində öz dəst-xəttini, özünəməxsus “İlham Əliyev üslubunu” yaratdı.
“Siyasətimiz işimizdir”, “Sözümüz imzamızdır” kimi məzmunca qısa, mahiyyətcə dərin inam və etibar doğuran ifadələri də ilk dəfə siyasi leksikona gətirən İlham Əliyev oldu. Beynəlxalq siyasi münasibətlərdə ədalət və konstruktivlik, iqtisadi əməkdaşlıqda rasionallıq və qarşılıqlı fayda, mədəni-humanitar əlaqələrdə səmimiyyət, açıqlıq və bəşərilik prinsiplərinə həmişə sadiq qalan Azərbaycan öz rəhbəri İlham Əliyevin şəxsində dünya birliyinin etibarlı tərəfdaşına çevrildi.
Nəhayət, müstəqilliyimizin 30-cu ildönümü ərəfəsində etibarlı beynəlxalq dəstəyə, sarsılmaz xalq-iqtidar birliyinə, güclü iqtisadiyyata, vətənpərvər gəncliyə, yenilməz orduya və hərbi qüdrətə, bir sözlə, Vətəni işğaldan azad etməyin bütün resurslarına sahib olan Azərbaycan müstəqillik dövrünün ən böyük sınağına girdi və bu sınaqdan möhtəşəm qələbə ilə, üzüağ çıxdı. 2020-ci ilin Vətən müharibəsindəki qələbə qəhrəman Azərbaycan xalqının ikili standartlara əsaslanan ədalətsiz qlobal siyasət üzərində tarixi qələbəsi oldu. Bu qələbə xalqımızı bir yumruq kimi birləşdirməyə və monolit gücə çevirməyə nail olmuş İlham Əliyev siyasətinin ən böyük təntənəsi oldu.
Bu günlərdə ölkə əhalisi, xaricdəki soydaşlarımız və dostlarımız Prezident İlham Əliyev 60 illik yubileyini müdrik dövlət başçısı, bütün dünya Azərbaycanlılarının lideri və Vətənimizin ərazi bütövlüyünü təmin etmiş qalib sərkərdənin ömür yolunun təntənəli məqamı kimi qeyd etdi. Öz xalqının ən müqəddəs arzusunu – Qarabağın işğaldan azad olunmasını həyata keçirən və ölkəmizin ərazi bütövlüyünü təmin edən İlham Əliyevin adı Azərbaycan tarixinə qızıl həflərlə yazıldı. Xalq bu misilsiz qəhrəmanlığı və təmənnasız xidməti heç vaxt unutmayacaq.
Qarabağ Zəfərindən 1 ay sonra – 2020-ci il dekabrın 10-da Azərbaycan paytaxtının baş meydanında keçirilən Zəfər paradı Qarabağda aparılan qalibiyyətli Vətən müharibəsi ilə tariximizə yazılan zəfər salnaməsinin son cümləsininə qoyulan nida işarəsinə bənzədi. Bu parad elə Prezident İlham Əliyevin düşmən ölkə rəhbərinin təxribatına cavab olaraq səsləndirdiyi “Qarabağ Azərbaycandır!” ifadəsinin sonundakı nida işarəsi idi.
Yaşadığımız zəfər təntənəsi, təəssüf ki, müharibələrlə bağlı göynəkli düşüncələr də yaşadır. Tarixdə çox müharibələr olub. Haqlı-haqsız, ədalətli və ya ədalətsiz. Bütün müharibələrin hər iki tərəf üçün ümumi olan və tarix boyu dəyişməyən cəhətləri var – itkilər, məhrumiyyətlər və onlardan doğan nifrət. Lakin yeganə bir fərq var– tərəflərdən yalnız birinə nəsib olan zəfər xoşbəxtliyi. Ermənistanın Azərbaycana hərbi təcavüzündən 30 il sonra bu sevincin və xoşbəxtliyin sahibi Azərbaycan xalqı oldu. Ötən il ölkənin baş meydanında keçirilən Zəfər paradı qalib ordumuzun düşmən üzərində tam və birdəfəlik qələbəsinin möhtəşəm təntənəsi oldu. Bu Zəfər paradı ümumxalq həmrəyliyimizin təcəssümü və düşmənə qarşı yumruq kimi birləşmiş bir xalqın müqəddəs Vətən sevgisinin təzahürü idi.
İtkilərimiz olsa belə, Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında yenilməz ordumuzun qazandığı möhtəşəm zəfər xalqı nifrətə yox, qurub-yaratmağa, xoşbəxt və firavan həyata səslədi. Zəfər paradında hərbçilərimizin torpağı möhürləyən sərrast addımları yalnız zəfərlərlə davam edəcək yeni həyatın başlanğıc addımları kimi səsləndi. Bu addımlar xalqımızı və dövlətimizi yeni və daha parlaq zəfərlər yoluna çıxartdı.
Prezident İlham Əliyevin ikionillik liderlik fəaliyyətinin tarixə yazılmış uğurları təkcə bu zəfərlə bitməyib həyatımızın bütün sferalarını əhatə edir:
– Beynəlxalq siyasət sahəsində çoxvektorlu müstəqil siyasətin aparılması, bütün beynəlxalq platformalarda dövlət müstəqilliyimizin və suverenliyimizin qorunub saxlanması;
– ölkənin iqtisadi-sosial inkişafı, şaxələnmiş və rəqabətədavamlı iqtisadiyyatın yaradılması;
– Azərbaycanın bir çox istehlak məhsullarını idxal edən ölkədən ixrac edən ölkəyə çevrilməsi;
– ölkəmizin Şərq–Qərb və Şimal–Cənub istiqamətlərində regional və qlobal əhəmiyyətli nəqliyyat-kommunikasiya marşrutlarının qovşağına çevrilməsi;
– cəmiyyət daxilində ictimai-sosial münasibətlərin innovativ əsaslarda yenidən qurulması;
– Azərbaycan Ordusunun qısa bir müddət ərzində dünyanın ən güclü hərbi qüvvələrdən birinə çevrilməsi;
– Azərbaycanın neft ölkəsindən təbii qaz ixracatçısına çevrilməsi və Avropanın enerji təminatında yeganə alternativ təchizatçı kimi xüsusi rola sahiblənməsi;
– Azərbaycanın mədəniyyətlərarası dialoq məkanı kimi tanınması, Bakının dünyanın azsaylı multikulturalizm mərkəzlərindən birinə çevrilməsi, ölkəmizin çoxsaylı qlobal tədbirlərə evsahibliyi etməsi,
– davamlı olaraq yüz minlərlə yeni iş yerlərinin yaradılması, vətəndaşlara yeni sosial dəstək mexanizmlərinin tətbiqi.
Bütün bunlar İlham Əliyevin prezidentlik fəaliyyətinin yalnız xalq tərəfindən açıq-aşkar görünən tərəfləri və ümumiləşdirilmiş nəticələridir. Sadalanan nəticələrə nail olmaq üçün hər bir bəndin altında nə qədər və hansı həcmdə işlərin hansı çətinliklər üzərindən görüldüyünü təsəvvür etməyə çalışsaq, bütün bunların cəmi 18 il ərzində baş verdiyinə heyrət etməmək mümükün deyil. Bu tarixi nailiyyətlər Azərbaycan xalqının gözləri qarşısında baş verən reallıqdır, çağdaş tariximizdir.
2003-cü ildə Azərbaycan dövlətinin müstəqilliyini və suverenliyini qoruyacağına and içmiş prezident İlham Əliyev öz andına hər zaman sadiq qaldı. Ötən illərdə həmişə Vətən torpaqlarının işğaldan azad olunacağına əminliyini qətiyyətlə bildirdi və bu müqəddəs vəzifənin öhdəsindən gəlmək üçün yorulmaq bilmədən çalışdı. Ardıcıl olaraq işğalçıya, eləcə də aşkar və gizli şəkildə işğalçını dəstəkləyən qlobal güc sahiblərinə qarşı tək mübarizə apardı. Hər yerdə, savaş meydanında olduğu kimi, beynəlxalq siyasət meydanında da təklənmiş Azərbaycanın milli maraqlarını cəsarətlə müdafiə etdi. Xarizmatik yanaşması və bənzərsiz siyasi məharəti ilə Azərbaycanın haqlı mövqeyini dünya birliyinə qəbul etdirdi. Fasiləsiz olaraq Vətənin hər bir qarışını düşmən tapdağından azad etmək üçün canını belə əsirgəməyəcək gənc vətənpərvər nəsil yetişdirdi. İstənilən şəraitdə istənilən yollarla Ali Baş Komandan tərəfindən qoyulan döyüş tapşırıqlarını ən yüksək səviyyədə yerinə yetirməyə hazır olan yenilməz ordu yaratdı.
Qarabağ zəfərinə baş verənlər və bütün bunlara necə bir əzmkarlıqla nail olunduğu heç də hamıya məlum deyildi. Bütün bunlar İlham Əliyevin prezidentlik fəaliyyətinin görünməyən və ya az görünən tərəfləri idi. Üzləşdiyimiz tarixi şərait bunu tələb edirdi. Nəhayət, bütün bu fəaliyyətlərin möhtəşəm nəticəsini keçən ilin payızında həm xalqımız, həm də bütün dünya gördü.
Prezidentin özünün də dediyi kimi, “həqiqət anı gəlib çatdı”. Ali Baş Komandanın bir əmri ilə Azərbaycan xalqının qəzəbindən bükülmüş “dəmir yumruq” müzəffər ordumuzun timsalında düşmənin başına endirildi. Müstəqil Azərbaycan dövlətinin Prezidenti və Silahlı Qüvvələrimizin Ali Baş Komandanı kimi İlham Əliyev Azərbaycan xalqlının qarşısında duran ən böyük vəzifəni və ən müqəddəs missiyanı ləyaqətlə yerinə yetirdi. Doğma torpaqlarımız işğaldan azad olundu. Həm ölkə daxilində, həm də xaricdə çoxlarının mümkünsüz hesab etdiyi möhtəşəm zəfər Azərbaycanın son min illik tarixinin qızıl səhifəsinə yazıldı. Bu tarixi zəfərin müəllifi də 50 milyonluq Azərbaycan xalqının vahid lideri İlham Əliyev oldu.
Prezident İlham Əliyev son 18 illik fəaliyyəti ərzində öz xalqının xoşbəxtliyi naminə prezident vəzifəsində mümkün olan və hətta mümkün olmayan bütün işləri gördü– dövlət müstəqilliyimizi və suverenliyimizi əbədi etdi, ölkəmizin ərazi bütövlüyünü təmin etdi və bununla da Azərbaycan xalqını daimi xoşbəxtliyə qovuşdurdu. Bütöv bir xalqın ləyaqətini və qürurunu özünə qaytaran, bütün dünya qarşısında öz xalqının başını ucaldan lider sonsuz rəğbətə və ümumxalq məhəbbətinə layiqdir.
Bu gün Azərbaycan xalqı onu zamanın ən çətin sınaqlarından uğurla və qələbə ilə çıxaran liderinin 60 illik yubiley yaşını sonsuz rəğbət və böyük məhəbbətlə qeyd edir. Bu günlərdə Azərbaycan xalqının ən xoş arzuları və ən səmimi duyğuları qalib xalqın müzəffər sərkərdəsi İlham Əliyevə ünvanlanıb.
Məhəd Vəkilov ,
Qazax Suvarma Sistemləri İdarəsinin rəisi .