9-12-2020, 04:20 | Şanlı qələbəmizin rəmzinə çevrilən dəyərlərimizi daha da möhkəmləndirəcək

Noyabrın 10-na keçən gecə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciət edərək şanlı qələbəmizin - Ermənistanın təslim olmasının müjdəsini verdi. Beləliklə 30 il davam edən işğala son qoyuldu. Müraciətdən sonra insanlar bu tarixi zəfərin sevincini paylaşmaq üçün paytaxtın küçələrinə axışdılar. Ümumxalq şənliyi hazırda da böyük coşqu ilə ölkənin hər yerində davam etməkdədir. Əllərində ay-ulduzlu bayraqlar dalğalandıran, Müzəffər Ali Baş Komandanımızın portretlərini tutan yüz minlərlə vətəndaş Rəşadətli Ordumuza, Qalib Əsgərimizə minnətdarlıqlarını ifadə edirlər.
Heç şübhə yoxdur ki, Azərbaycan tarixində, milli yaddaşımızda qızıl hərflərlə həkk olunan 10 noyabr günü, sözün əsl mənasında, doğma yurdumuzun qəhrəmanlıq salnaməsi və şanlı qalibiyyət tarixidir. Ümummilli liderimiz Heydər Əliyevin “Gün gələcək, Azərbaycan dünyaya günəş kimi doğacaq” söyləməklə gələcəyimizə olan böyük inamı bu gün onun layiqli davamçısı möhtərəm Prezident İlham Əliyev tərəfindən bütün istiqamətlərdə, o cümlədən ərazi bütövlüyümüzün təmin edilməsində gerçəkliyə çevrilib.
Bu il 27 sentyabr tarixindən başlayaraq, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə doğma Azərbaycanımızın həm döyüş meydanında, həm də diplomatik danışıqlarda qazandığı zəfərlər hər birimizdə böyük fəxarət hissi yaradıb. Otuz illik həsrətə son qoyan bu əzəmətli Qələbə düşmən işğalında olan əzəli torpaqlarımızın azad edilməsi və ərazi bütövlüyümüzün təmin edilməsi deməkdir.
Xüsusi qeyd etməyə dəyər ki, Şuşanın azad olunması müharibənin gedişində həlledici amil oldu. Möhtərəm Prezidentimizin də bəyan etdiyi kimi, Şuşasız bizim işimiz tam sayıla bilməzdi. Son günə qədər düşmən Şuşa ilə bağlı yalan informasiyalar yayaraq, həm öz ictimaiyyətini, həm da beynəlxalq ictimaiyyəti aldatmağa cəhd edirdi. Amma şanlı Azərbaycan Ordusu Ali Baş Komandanın tapşırığını qətiyyətlə yerinə yetirdi. Şuşa işğalçı ölkə üçün psixoloji baryer olduğundan, düşmən isterik vəziyyətə düşdü.
Başlıca qeyd edilməli olan nüanslar sırasında bu məqam xüsusi diqqətə layiqdir ki, qələbəmizin kökündə xalqımızın milli birliyi durur. Əks-hücum əməliyyatları başladığı gündən bütün Azərbaycan xalqı kimi, ölkədə fəaliyyət göstərən siyasi partiyalar da dövlət başçısının ətrafında yumruq kimi birləşərək, Onu qeyd-şərtsiz dəstəklədi. Təsadüfi deyil ki, Şuşanın işğaldan azad olunması xəbəri elan olunandan dərhal sonra Azərbaycanda fəaliyyət göstərən 50 siyasi partiya bu münasibətlə Ali Baş Komandan, Prezident İlham Əliyevə təbrik məktubu ünvanladılar.
Azərbaycan işğal atındakı torpaqlarını azad etmək üçün uğurlu hərbi əməliyyatları davam etdirdiyi zaman Ermənistan və onun havadarlarının ölkəmizə təzyiq cəhdləri məhz informasiya savaşının da sərkərdəsi olan cənab İlham Əliyevin diplomatik bacarığı, beynəlxalq münasibətləri doğru dəyərləndirməyi, məntiqli arqumentləri sayəsində qısa zamanda iflasa uğradı. İlham Əliyevin diplomatiyası faktlarla sübut etdi ki, Qarabağ əzəli Azərbaycan torpağıdır və əsrlər boyu burada azərbaycanlılar yaşayıb. Dövlətimizin başçısının uğurlu xarici siyasəti sayəsində bütün aparıcı dünya təşkilatları Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barəsində ədalətli qətnamələr qəbul edib. Birmənalı şəkildə Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz bir hissəsi kimi tanıdan həmin sənədlər bizə əlavə güc verdi.
Ulu Öndərimiz Heydər Əliyevin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir!” – kəlamı da özünü doğrultdu. "Biz güc toplayırıq, məqsədyönlü şəkildə, yorulmadan, bütün təzyiqlərə baxmayaraq, güc toplayırıq və toplamışıq. İqtisadi güc. Əgər iqtisadi gücümüz olmasaydı, bu Qələbəni əldə etmək mümkün olmazdı". Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər Xiyabanından xalqa müraciətində bəyan etdi: “...Biz demək olar ki, təcrid edilmiş vəziyyətdə idik. Lakin biz bu gün Ermənistanı təcrid edilmiş hala saldıq”.
Gerçəkdən də cənab İlham Əliyevin dediyi kimi, bizim transmilli layihələrimiz regionda tamamilə yeni mənzərə yaratdı: “Biz regionun enerji xəritəsini, nəqliyyat xəritəsini yenidən tərtib etdik. Azərbaycanın təşəbbüsü ilə reallaşan layihələr təkcə bizim xalqımızın maraqlarını təmin etmir, bir çox ölkələrin maraqlarını təmin edir, o cümlədən region ölkələrinin. Qonşu ölkələrlə bizim həm ikitərəfli, həm üçtərəfli əməkdaşlıq formatlarımız vardır. Bütün bunlar Azərbaycanın beynəlxalq nüfuzunu böyük dərəcədə gücləndirdi. Əgər bu nailiyyətlər olmasaydı, problem dondurulmuş vəziyyətdə qala bilərdi. Bu illər ərzində bir çox ölkələrlə səmimi işguzar münasibətlər qura bildik. Bir çox ölkələr Azərbaycanı strateji tərəfdaş hesab edə bilir. Bütün qonşu ölkələrlə səmimi dostluq əsasında, qarşılıqlı inam, hörmət əsasında münasibətlər qura bildik. Biz bunu etməsəydik, münaqişə ətrafında tam başqa proseslər gedə bilərdi”.
Nəhayət, öz müqəddəs vəzifəsini layiqincə icra edən cənab İlham Əliyev həm bir xalqın illərlə həsrətində olduğu arzusunu, həm də bir övlad olaraq ata vəsiyyətini yerinə yetirmiş oldu. O, Şuşanın azad olunduğu gün ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdi, cənnətməkan ruhu qarşısında baş əydi. Prezidentimiz həqiqətən də özünün dediyi kimi, xoşbəxt adamdır ki, ata vəsiyyətini yerinə yetirdi, xalqımıza zəfər müşdəsi verdi: “Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!
Böyük çətinliklər bahasına başa gələn bu şanlı qələbənin dəyəri bizim üçün misilsizdir. Müharibədən çıxardığımız tarixi dərsləri heç zaman unutmamalıyıq. Bu müharibədə, bir tərəfdən müasir dünyanın haqsızlıqlara, ədalətsizliklərə və aşkar terror cinayətlərinə göz yummasına, düşmənin bəzi “fake” xəbərlərinə isə dərhal reaksiya göstərərək münaqişənin həllinin öz maraqlarına uyğun dəyişməyə çalışmasına, digər tərəfdən isə qardaş və dost ölkələrin siyasi və mənəvi dəstəyinə, etibarlılığına və ən başlıcası, yüksək vətənpərvərlik və qələbə ruhuna köklənən xalq-dövlət-ordu birliyinin sarsılmazlığına şahid olduq. İnanırıq ki, tarixin bu keşməkeşli sınağından üzüağ, alnıaçıq, şərəflə və qürurla çıxan Azərbaycan qələbəmizin rəmzinə çevrilən dəyərlərimizi daha da möhkəmləndirəcək və dünyanın formalaşmaqda olan yeni strateji mənəzərəsində öz mövqeyini daha da gücləndirəcək.
Habil Əsədov,
Səbail rayon Mühafizə idarəsinin rəisi.
4-12-2020, 13:30 | "Vətən Müharibəsindəki zəfərimiz beynəlxalq mövqelərimizi daha da gücləndirdi" - Politoloq

"Azərbaycanın təşəbbüsü ilə dekabrın 3-də və 4-də COVİD pandemiyasına qarşı mübarizəyə həsr olunmuş 31-ci xüsusi sessiya keçirilir".
Bunu açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov deyib.
Politoloq bildirib ki, Azərbaycan COVİD 19-la mübarizədə dünyada öz töhfəsini vermiş qabaqcıl dövlətlərdən biri hesab olunur:
"Bu sessiyanın keçirilməsi ilə bağlı razılıq əldə olunanda ölkəmizdə bütün insanlar bunu çox böyük sevinclə qarşılamışdılar. Çünki bilirik ki, BMT dünyada sülhün və təhlüksəziliyin qorunması üçün ən mötəbər bir təşkilatdır və dünyanın bir çox dövləti bu təşkilatın üzvüdür. Azərbaycan COVİD 19-la mübarizədə dünyada öz töhfəsini vermiş qabaqcıl dövlətlərdən biri hesab olunur. Eyni zamanda, COVİD-lə bağlı ilin əvvəlində cənab Prezidentin təşəbbüsü ilə bir sıra onlayn konfranslar keçirilmişdir və bu konfranslardan ən yadda qalanı Qoşulmama Hərəkatının sədri kimi cənab Prezidentin iştirakı ilə COVİD 19-a qarşı həmrəylik və birlik nümayiş etdirən böyük bir tədbir həyata keçirildi. Elə o tədbirdə bu təşəbbüslə çıxış edəcəyimiz məlum oldu və Vətən Müharibəsində Azərbaycanın zəfəri bizim beynəlxalq mövqelərimizi bir daha, daha da gücləndirdi. Dünya miqyasında imicimizin müsbət mənada inkişaf etdirilməsi üçün öz töhfəsini verdi. Bundan sonra da Azərbaycanın dünya arenasında etibarlı tərəfdaş kimi mövqeyi daha da güclənəcək".
İ. Hüseynov əlavə edib ki, bu sessiya ölkəmizin bundan sonra da dünyada müsbət imicinin formalaşmasına öz töhfəsini verəcək:
"COVİD ilə mübarizə də dövlətin prioritetləri sırasındadır. Çünki Vətən Müharibəsi artıq arxada qaldı. Vətən Müharibəsində də Azərbaycan Prezidentinin dünyanın Kütləvi İnformasiya Vasitələrinə verdiyi müsahibələrdə Azərbaycan həqiqətlərinin bəyan olunması, eyni zamanda dünya səviyyəli problemlərin Azərbaycanda müzakirə olunması üçün çox yaxşı bir mühitin olması, eyni zamanda burada cənab Prezidentin vahid diplomat kimi dünyanın bir sıra vacib problemlərinə münasibət bildirməsi, dünya tarixini, müasir beynəlxalq münasibətlər sistemini çox yaxşı bildiyinin də şahidi olduq. Bu sessiyanın Azərbaycanın təşəbbüsü ilə keçirilməsi bizim beynəlxalq mövqelərimizin daha da möhkəmləndirilməsi nöqteyi nəzərdən də xüsusi əhəmiyyət kəsb edir. Bu sessiyadan sonra da ölkəmizin BMT çərçivəsində əməkdaşlığı və beynəlxalq sülhə, təhlükəsizliyə, eyni zamanda səhiyyə sisteminin qorunmasına, insanların sağlamlığına olan diqqət Azərbaycan tərəfindən göstərilən təşəbbüs nəticəsində daha da artırılması ölkəmizin müsbət mənada yaxşı imicinin formalaşmasına öz töhfəsini verəcək".(milli.az)
3-12-2020, 12:18 | Müdafiə Nazirliyi Laçın şəhərindən görüntülər yaydı - VİDEO

Laçın şəhərinin videogörüntüləri yayılıb.
Müdafiə Nazirliyinə istinadən həmin görüntüləri təqdim edir:
2-12-2020, 16:53 | "Azərbaycan Cənubi Qafqazda tamamilə fərqli və yeni eranın başlanğıcını qoydu"

Laçın rayonunun işğaldan azad edilməsi ilə Azərbaycanın ən yeni siyasi tarixinin daha bir mərhələsi arxada qaldı. Müqayisəli təhlil aparsaq, görəcəyik ki, 2020-ci il senytabr ayının 27-dən başlayaraq dekabr ayının 1-nə qədər davam edən bu mərhələ cəmisi 64 gün çəksə də əslində nəinki Azərbaycanda, bütövlükdə Cənubi Qafqazda tamamilə fərqli və yeni bir eranın başlanğıcını qoydu.
Bunu Trend-ə Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
Deputat bildirib ki, ona görə də 44 günlük aktiv müharibə fazası və sonrakı 20 gündə 3 rayonumuzun bir güllə atılmadan azad edilməsi elə bir mühüm hadisədir ki, xalqımızın tarixinə qızıl hərflərlə yazıldı:
"Yəni təqribən 100 il davam edən və "Dağlıq Qarabağ" problemi adlandırılan məsələ birdəfəlik və həmişəlik heç bir staus olmadan həll edildi. Azərbaycanın ərazi bütövlüyü təmin olundu. Azərbaycan xalqı məğlubedilmiş xalq statusunda təqdim edilməkdən qurtularaq qalib xalq statusu əldə etdi. Milli birliyin və və bərabərliyin simvoluna çevrildi. Hərb və diplomatiya tarixində bütün dünyada heyrətlə qarşılanan yeniliklərə imza atdı. Ancaq bunlar da məsələnin hamısı deyil.
Sovet İttifaqının dağılması prosesində etnik seperatçılıqla müşahidə edillən müharibələr tarixində dönüş yaratmaqla yeni nümunə ortaya qoydu. Vaxtilə dünya siyasətinin fərqli qütblərində yer alan qonşu dövlətlərin maraqlarını qarşılıqlı şəkildə bir araya gətirərək və milli maraqlarımızla uzlaşdıraraq regionda Türkiyə-Rusiya əməkdaşlığının fundamental əsaslarını formalaşdırdı. Beləlklə böyük bir strateji rayonda yeni güc balansı yaratmaqla bu yeni geosiyasi tarzalıqda özünün mühüm yerini və rolunu müəyyən etdi və s.
Bütün bunlar isə o qədər sürətlə baş verdi ki, dünya siyasətini müəyyən edən güc mərkəzlərinin bir çoxu əslində sadəcə hadisələri kənardan izləməklə ona əsla müdaxilə edə bilmədilər. Halbuki, biz çox radikal və aktiv müdaxilə cəhdlərinin də şahidi olduq. Beləliklə hazırda Azərbaycan yeni reallıq yaratmaqla özünə mühüm strateji perespektiv təmin edib. Bu reallığı yaradan Azərbaycan Prezidenti İlham Əliyev Laçın rayonun işğaldan azad edilməsi münasibətilə xalqımıza müraciət edərkən bir sıra mühüm məslələrə toxundu. O cümlədən milli iradəmizə qarşı addım atmaq niyətində olanlara yenə sərt ismarıclar göndərərək bildirdi ki, "əgər hətta bir il bundan əvvəl bəziləri bizə deyirdilərsə ki, siz mövcud olan reallıqla barışın, bu gün mən deyirəm, hər kəs mövcud reallıqla barışmalıdır. Noyabrın 10-da imzalanmış Bəyanata əgər kimsə müdaxilə etmək istəsə, bizim sərt mövqeyimizi görəcək. Belə cəhdlər var. Bu cəhdlərin bir məqsədi var ki, bu razılaşma pozulsun. Çünki bu razılaşma bəzilərini çox qıcıqlandırır ki, artıq burada yeni təhlükəsizlik formatı yaranıbdır".
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin yaradılması bəyanatda təsbit edilib. Eyni zamanda, burada təhlükəsizlik tədbirlərinin görülməsi və Bəyanatın müddəalarının icra edilməsi bəzilərini qıcıqlandırır. Ancaq bizim işimizə, əldə edilmiş razılaşmaya heç kim müdaxilə edə bilməz. Bu fikirlər bir daha Azərbaycanın qətiyyətini, milli iradəsini göstərməklə eyni zamanda hələ də yaranmış yeni reallığı həzm etməyən, onu pozmaq istəyənlərin olduğunu göstərir. Ancaq bütün bunalar şübhəsiz ki, yeni reallığı dəyişə bilməz və hazırda Azərbaycan regionun lider və qalib ölkəsi kimi öz yeni gələcəyini inşa edir.
Prezident İlham Əliyev yeni mərhələdən danışarkən bildirdi ki, bizim ölkəmiz üçün yeni dövr başlayır. Yeni quruculuq dövrü, inkişaf dövrü, azad edilmiş ərazilərimizin bərpası dövrü. Mən tam əminəm ki, Azərbaycan xalqı bu dövrdə də birlik, həmrəylik , güclü iradə göstərəcək. Doğurdan da ölkəmizdə hamı müşahidə etdiyi təcrübədən bilir ki, erməni vəhşi quldurları tərəfindən dağıdılan, viran edilən kəndlərimiz, şəhərlərimiz ən qısa zamanda bərpa edilərək məskunlaşdırılacaq, insanlarımız öz doğma yurdlarına qayıdacaqlar".
1-12-2020, 17:08 | Azərbaycan Respublikasının “Zəfər” ordeninin statusu müəyyənləşib

Azərbaycan Respublikasının "Zəfər" ordeninin statusu müəyyənləşib.
Bu, Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli 204-VIQD nömrəli Qanunu ilə təsdiq edilib:
Təltif edilən şəxslər
Azərbaycan Respublikasının "Zəfər" ordeni ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün və təhlükəsizliyinin təmin edilməsi zamanı əhəmiyyətli və ya strateji ərazinin, yaşayış məntəqəsinin, rayonun və ya şəhərin düşmən işğalından azad olunması ilə nəticələnmiş döyüş əməliyyatlarına, Azərbaycan Respublikasının dövlət sərhədinin bərpa edilməsi üzrə döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi hissə komandirləri və onlardan yuxarı rəhbər heyəti, habelə ərazi bütövlüyünün təmin edilməsi sahəsində xüsusi xidmətlərinə görə digər şəxslər təltif edilir.
Təltif edən orqan
Azərbaycan Respublikasının "Zəfər" ordeni ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq təltif edilirlər.
Taxılma qaydası
Azərbaycan Respublikasının "Zəfər" ordeni döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər ordenləri və medalları olduqda, "Heydər Əliyev" ordenindən sonra taxılır.
(Trend)
30-11-2020, 12:07 | İşğaldan azad edilmiş ərazilərdə bələdiyyələr necə təşkil ediləcək?

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində görüləcək mühüm işlərdən biri də bələdiyyələrin yaradılması və bələdiyyə seçkilərinin keçirilməsidir.
Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Kamran Bayramov Trend-ə bildirib ki, bu məsələ müvafiq qanunvericiliklə tənzimlənəcək.
K.Bayramov vurğulayıb ki, işğaldan azad olunmuş ərazilərdə optimal idarəetmənin təşkili, həmin ərazilərə köçəcək vətəndaşların yerli ictimai həyatda iştirak imkanlarının təşviq edilməsi baxımından təbii ki, bələdiyyələrin yaradılması zəruri addımdır və dövlət quruculuğunun tərkib hissəsidir:
"Bu məsələ qanunla tənzimlənir və bunun mexanizmi də "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" qanunla müəyyən edilir. Qanuna əsasən, bələdiyyələrin yaradılması üçün ilk növbədə işğalan azad olunmuş ərazilərdə inzibati ərazi dairələrinin, yaşayış məntəqələrinin müəyyən olunması və qeydiyyatı və s. işlər görülməlidir.
Təbii ki, bələdiyyələrin yaradılması üçün Prezident İlham Əliyev müvafiq qanun layihəsi ilə Milli Məclisə müraciət etməlidir və ondan sonra Milli Məclis bu və ya digər bələdiyyələrin yaradılması ilə bağlı qanun qəbul edir və artıq qanunla yaradılmış yeni bələdiyyələrin adları bələdiyyələrin siyahısına və müəyyən işlər görüldükdən sonra da Milli Məclisdə aparılan bələdiyyələrin reysterinə daxil edilir".
Bələdiyyə seçkilərinə gəldikdə K.Bayramov vurğulayıb ki, burada bir sıra məqamlar var:
"Bildiyiniz kimi, işğaldan azad edilmiş ərazilərdə indiyə qədər bələdiyyə seçkiləri keçirilməyib. Çünki soydaşlarımız indiyə qədər işğal nəticəsində həmin ərazilərdə yaşaya bilmədikləri üçün seçkilərin keçirilməsi də mümkün olmayıb. Ona görə də həmin ərazilərdə bələdiyyə seçkiləri məhz soydaşlarımızın yaşayış yerlərinə qayıtmasından sonra, o ərazilər üzrə seçici siyahılarının müəyyən olunmasından sonra baş tuta bilər.
Ancaq ilk növbədə təbii ki, o ərazilər minalardan təmizlənməlidir, orada həyat qurulmalıdır, vətəndaşlarımız həmin rayonlara köçməlidir və digər müvafiq işlər görülməlidir. Aydındır ki, bələdiyyələr həmin ərazilərdə yaşayan vətəndaşlardan seçilir, ona görə də gərək vətəndaşlar ora köçə bilsinlər ki, bələdiyyələri də formalaşdırmaq mümkün olsun".
26-11-2020, 15:10 | Fransa tənzimləmənin deyil, problemin bir parçasıdır - Hulusi Akar

Fransa ATƏT Minsk qrupunun həmsədri olaraq bitərəf olmalıdır.
Bunu Türkiyənin Milli müdafiə naziri Hulusi Akar öz "Twitter" səhifəsində Fransa Senatının qondarma "Dağlıq Qarabağ Respublikası"nın tanınması barədə qətnaməni qəbul etməsini şərh edərkən yazıb.
Nazirin sözlərinə görə, bu qərar Fransanın tənzimləmənin deyil, problemin bir parçası olduğunu bir daha göstərir.(Trend)
26-11-2020, 10:42 | Sərdar Əhmədov : Qarabağ bizimdir ! Qarabağ Azərbaycandır

Bərdə Suvarma Sistemləri İdarəsinin müdiri Sərdar Əhmədov rəhbərliyin etimadını daim doğruldub - Prezident İlham Əliyevin rəhbərliyi ilə, onun əmrinə tabe olaraq Şanlı Ordumuz, şücaətli, qorxmaz əsgərlərimizin canı bahasına torpaqlarımız azad etdilər və bayrağımız Qarabağda dalğalandırılır. Xalq Sizinlədir, Ali Baş Komandan ! ALLAH Sizi və Şanlı Azərbaycan Ordusunu qorusun ! Qarabağ bizimdir ! Qarabağ Azərbaycandır !

Azərbaycan Prezidenti cənab İlham Əliyev bildirdi ki, yəqin siz fikir vermisiniz ki, bu bəyanatda Dağlıq Qarabağın statusu haqqında bir kəlmə də yoxdur, yoxdur! Bəs hanı Ermənistan tərəfinin tələbləri ki, Dağlıq Qarabağa müstəqillik verilməlidir? Mən onlara muxtariyyət təklif edəndə buna razı olmadılar, dedilər ki, yox, bu, “müstəqil dövlətdir”. Bunlar uzun illərdir “müstəqil dövlət” kimi yaşayır və onlar Azərbaycandan müstəqillik almalıdırlar. Bir kəlmə də yoxdur, Paşinyan. Nə oldu bəs? Bu nə oldu, Paşinyan? Deyəsən, bir çox illər ərzində dillərdə qalacaq. Nə oldu Paşinyan, yol çəkirdin Cəbrayıla. Rəqs edirdin, nə oldu bəs status? Cəhənnəmə getdi status, gora getdi status, gorbagor oldu status, yoxdur status və olmayacaq. Nə qədər ki, mən Prezidentəm, olmayacaq. Ona görə, bu sənədin çox böyük mənası var. Əminəm ki, Azərbaycan xalqı bu sənədə böyük diqqət göstərərək onu dəqiq, böyük diqqətlə oxuyacaq və görəcək ki, biz nə qədər böyük siyasi qələbə qazanmışıq. Bu siyasi qələbənin qazanılmasında hərbi qələbəmiz müstəsna rol oynayır. Əlbəttə ki, son illər ərzində ölkəmizdə aparılan işlər, mövcud olan gözəl ab-hava, xalq-iqtidar birliyi, siyasi münasibətlərin müsbət səviyyəyə qalxması, beynəlxalq nüfuzumuz, beynəlxalq arenadakı fəaliyyətimiz - bütün bunlar, ordu quruculuğu təbii ki, bu qələbəmizi şərtləndirdi. Mən bu günlərdə bir şeyə də fikir verdim. Hətta fərqli siyasi baxışlara malik olan insanlar, bizim işimizə tənqidi yanaşan insanlar, hətta bir çox hallarda əsassız tənqidlər ifadə edən insanlar bu dövrdə hesab edirəm ki, yüksək şüur nümunəsi göstərdilər. Mən həmişə deyirdim ki, siyasi müstəvidə fərqli baxışlar var, olmalıdır, bu, normaldır. Müxalifət olmalıdır, bu, normaldır. Hər bir demokratik ölkədə olduğu kimi, bizdə də əlbəttə ki, bütün bu azadlıqlar var. Amma bir şey olmamalıdır – dövlətə müxalifətdə olmaq olmaz, dövlətçiliyə müxalifətdə olmaq olmaz. “İqtidara, dövlətə nə qədər pisdir, mənim üçün bir o qədər yaxşıdır” fikri ilə yaşamaq olmaz. Mən deyə bilərəm, bu günlər ərzində mən gördüm ki, milli məsələlərdə biz hamımız birləşə bilirik. Bu da bizim gələcəyimiz üçün çox önəmlidir. Çünki biz hamımız istəyirik ki, Azərbaycan inkişaf etsin, hamımız istəyirik ki, daha güclü ölkə olsun. Gücümüzü göstərmişik, döyüş meydanında, siyasi müstəvidə, istənilən formatda. Müstəqilliyimizi göstərmişik. İndi gün gələcək müharibə dövründə ictimaiyyətə açıqlana bilinməyən bəzi məqamları yəqin ki, açıqlayacaqlar. Ola bilsin ki, mən də hansısa məsələnin üstündən o pərdəni götürə bilərəm. Onda hər kəs görəcək ki, biz nə qədər böyük sınaqlardan çıxdıq, nə qədər böyük təzyiqlərə məruz qaldıq. Demək olar ki, gündəlik rejimdə deyirdilər, dayanın, dayanın, dayanın, dayanın. Amma biz qabağa getdik. Çünki mən xalqın dəstəyini hiss edirdim, xalqın inamını görürdüm. Məni heç nə dayandıra bilməzdi. Çünki mən bilirdim ki, biz haqlıyıq. Biz öz ərazi bütövlüyümüzü bərpa edirik, öz torpaqlarımızı qaytarırıq. Bu müharibə bütün dünyaya Azərbaycan xalqının nə qədər böyük xalq olduğunu göstərdi - yenilməz xalq, dəmir iradəli xalq, müzəffər xalq, müzəffər ordumuz! Fəxr edirik xalqımızla, ordumuzla! Əminəm, hər bir Azərbaycan vətəndaşı hesab edir ki, onun həyatında bu günlər, bu dəqiqələr ən xoşbəxt günlər, dəqiqələrdir. Mən də xoşbəxtəm ki, bu xoş xəbərləri, bu müjdəni Azərbaycan xalqına verirəm. Xoşbəxtəm ki, bu tarixi sənədə imza atmışam. Xoşbəxtəm ki, biz öz Vətənimizə, doğma Qarabağımıza qayıdırıq, Qarabağımızın tacı olan Şuşaya qayıdırıq və bu torpaqlarda əbədi yaşayacağıq! Bundan sonra heç kim bizi o torpaqlardan tərpədə bilməz!
“Qarabağ Azərbaycandır və nida” ifadəsi artıq bizim qələbəmizin rəmzi idi, rəmzinə çevrildi. Bir il bundan əvvəl mən bunu demişəm. Mən fəxr edirəm ki, mənim dediyim ifadə artıq bir milli şüara çevrildi. Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Füzuli bizimdir, Cəbrayıl bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Laçın bizimdir, Kəlbəcər bizimdir, Şuşa bizimdir,
Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!
25-11-2020, 11:46 | Azərbaycan Prezidenti: "Dəymiş bütün ziyan beynəlxalq ekspertlərin iştirakı ilə hesablanacaq"

Dəymiş bütün ziyan beynəlxalq ekspertlərin iştirakı ilə hesablanacaq.
Bunu Prezident İlham Əliyev xalqa müraciətində deyib.
Dövlət başçısı bildirib:
"Azərbaycan vətəndaşları görüləcək işlərlə bağlı müntəzəm olaraq məlumatlandırılacaqdır. Bütün işləri biz planlı şəkildə etməliyik. Bir daha demək istəyirəm, ilk növbədə, dəymiş bütün ziyan beynəlxalq ekspertlərin iştirakı ilə hesablanacaq. Ondan sonra məhkəmə iddiaları. Ondan sonra şəhərlərimizin, kəndlərimizin baş plan əsasında yenidən qurulması, kənd təsərrüfatı, digər infrastruktur layihələri, su, işıq ilə əlaqədar lazımi tədbirlər. Ondan sonra yollar. Biz düşməni Şuşadan qovanda oraya gedən su xəttini sıradan çıxarıb. İndi Şuşada su yoxdur. Bax budur bu düşmən".
25-11-2020, 09:46 | Azərbaycan qoşunları Kəlbəcərə daxil oldu

Azərbaycan Respublikası, Rusiya Federasiyası prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli Bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri noyabrın 25-də Kəlbəcər rayonuna daxil olub.
Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bölmələrimizin bu istiqamətdə hərəkətini təmin etmək məqsədilə mühəndis işləri başa çatdırılıb, qoşunların hərəkət marşrutu üzrə çətin keçilən dağ yolları minalardan təmizlənir və istifadəyə hazır vəziyyətə gətirilir.
Gün ərzində Kəlbəcərdən foto və video materiallar təqdim olunacaq.