11-11-2020, 12:12 | Hikmət Hacıyev: Şəhidlərimiz geosiyasi oyunları darmadağın ediblər

Allah şəhidlərimizə rəhmət eləsin. Onlar qanları və canları ilə "fait accompli" prinsipi ilə işğala əsaslanan status kvonu bizə illər ərzində qəbul etdirməyə yönələn geosiyasi oyunları darmadağın ediblər.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitterdəki hesabında yazıb.
"Torpaqlarımız işğaldan azad olundu. Qarabağın ürəyi olan Şuşa azad edildi"-deyə, o bildirib.
Allah şəhidlərimizə rəhmət eləsin. Onlar qanları və canları ilə 'fait accompli' prinsipi ilə işğala əsaslanan status kvonu bizə illər ərzində qəbul etdirməyə yönələn geosiyasi oyunları darmadağın etdilər. Torpaqlarımız işğaldan azad olundu. Qarabağın ürəyi olan Şuşa azad edildi.
9-11-2020, 05:41 | Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

Azərbaycanda Dövlət Bayrağı Gününün qeyd olunmasına başlanılmasından 11 il keçir.
2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyevin Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında imzaladığı sərəncama əsasən, hər il noyabrın 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü qeyd olunur.
Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir. Bayraq eyni ölçüdə olan üç üfüqi rəngli zolaqlardan ibarətdir: yuxarıda mavi, ortada qırmızı, aşağıda yaşıl zolaq. Qırmızı zolağın mərkəzində ağ rəngdə aypara və səkkizguşəli ulduz təsvir olunub.
Bayrağın mavi rəngi türkçülüyü, qırmızı müasir cəmiyyəti, demokratiyanı, yaşıl rəng isə islamçılığı tərənnüm edir.
Azərbaycanın dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin iclasında qəbul edilib.
28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutu və sovet hakimiyyətinin qurulmasından sonra üçrəngli bayraqdan imtina edilib.
Bu bayraq növbəti dəfə 17 noyabr 1990-cı ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı əsasında Muxtar Respublikanın Dövlət bayrağı kimi qəbul edilib. Həmin vaxt Naxçıvan Muxtar Respublikası Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət də qaldırıb. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Soveti Naxçıvan MR Ali Məclisinin vəsatətinə baxıb və üçrəngli bayrağın Azərbaycanın Dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar qəbul edib.
2009-cu ilin noyabrında Dövlət Bayrağı Günü ilə bağlı Əmək Məcəlləsinin 105-ci maddəsinə edilən əlavəyə əsasən, 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilib.
8-11-2020, 18:18 | "Şuşa şəhərinin azad olunması münasibətlə əziz xalqıma ən səmimi təbriklərimi çatdırıram"

Bu gün Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev elan etdi ki, Şanlı Ordumuz tarixi mədəniyyət mərkəzimiz olan Şuşa şəhərini 28 illik Ermənistan işğalından azad etmişdir.Bu münasibətlə əziz xalqıma ən səmimi təbriklərimi çatdırıram.
Bu barədə Milli Məclisin Sədri Sahibə Qafarova öz "Twitter" səhifəsində paylaşım edib. (Trend)

8-11-2020, 14:09 | "Şuşanın azad edilməsi ordumuzun gücünün, xalqımızın birliyinin və Müzəffər Ali Baş Komandanımızın sərkərdəlik qabiliyyətinin göstəricisidir"

Bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Azərbaycanın tarixi şəhəri, bütün Qafqazın mədəniyyət mərkəzi hesab edilən, öz hərbi-strateji önəmi ilə yanaşı, həm də mənəvi əhəmiyyəti olan Şuşanın şanlı ordumuz tərəfindən azad edildiyini bildirdi. Şuşanın azadlığı ordumuzun gücünün, xalqımızın birliyinin, Ali Baş Komandanımızın sərkərdəlik qabiliyyətinin təzahürüdür. Bu zəfər faktiki olaraq müharibənin taleyinin həllində önəmli rol oynayacaq və böyük önəm kəsb edir.
Bu tarixi hadisəyə münasibət bildirən Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Ordumuzun bu uğurunun hərbi-siyasi və tarixi əhəmiyyət daşıdığını vurğulayıb. O qeyd edib ki, Şuşanın Azərbaycan xalqı üçün tarixi, mədəni və mənəvi əhəmiyyəti hamıya məlumdur. Mədəniyyətimizə böyük sənətkarlar, diplomatiyamıza uzaqgörən siyasətçilər, hərbimizə böyük qəhrəmanlar bəxş edən Şuşanın 1992-ci il mayın 9-da erməni birləşmələri tərəfindən işğal edilməsi xalqımızı ikiqat sarsıtmış, onda böyük kədər hissi doğurmuşdu.
Cəlil Xəlilov deyib ki, 28 il yarım ərzində xalqımız Azərbaycanın alınmaz qalası hesab edilən Şuşanın işğal edilməsi ilə barışmayıb, işğal altındakı bütün torpaqlarımızın, o cümlədən doğma Şuşanın azad ediləcəyinə hər zaman inanıb. Bu gün Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuz Şuşanı erməni işğalçılarından azad edərək bütün xalqımıza böyük sevinc hissi bəxş etdi, onun ümid və gözləntilərini, arzu və istəyini reallığa çevirdi. Şuşanın azad olunması o deməkdir ki, ordumuz onun ətrafındakı digər yaşayış məntəqələrinə də nəzarət edə biləcək, düşməni bu torpaqlarımızdan da çıxarmaq üçün Şuşanın üstün strateji mövqeyindən istifadə edə biləcək.
"Əminəm ki, Şuşanın azadlığı Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılacaq. Çünki Şuşa həm birinci Qarabağ müharibəsi, həm də indiki Vətən Müharibəsi dövründə savaşın əsas açar nöqtəsi hesab edilirdi. Biz bundan sonra Ermənistanın daha böyük itkilər və daha acı məğlubiyyətlərlə üz-üzə qalacağının şahid olacağıq.
Mən Şuşanın azad edilməsi münasibətilə şanlı ordumuzu və Azərbaycan xalqını təbrik edirəm, dövlətimizin başçısına bu qələbəyə görə minnətdarlığımı çatdırıram. Şuşanın azadlığı ordumuzun gücünün, xalqımızın birliyinin, Ali Baş Komandanımızın sərkərdəlik qabiliyyətinin təzahürüdür. Məhz xalqımızın ordumuza, Prezidentimizə, dövlətimizə göstərilən dəstəyin nəticəsidir ki, Şuşa Azərbaycan əsgərinin şücaəti sayəsində işğaldan azad edildi. Əminəm ki, ordumuz işğal altındakı digər torpaqlarımızı da azad edərək ərazi bütövlüyümüzü tam təmin edəcək, erməni işğalını öz müzəffər yürüşü ilə sonlandıracaq", - polkovnik bildirib.(Trend)
8-11-2020, 13:40 | Şuşanın kosmosdan son görüntüsü - FOTO

"Şuşa şəhərinin erməni işğalından azad olunduqdan sonra "Azersky" peyki ilə çəkilmiş təsvirini təqdim edirik".
Bu barədə "Azərkosmos" ASC məlumat yayıb.
Qeyd edək ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev Şuşanın 28 ildən sonra işğaldan azad edilməsini elan etdi.


8-11-2020, 13:29 | Ali Baş Komandan İlham Əliyev general Hikmət Mirzəyevi qələbə münasibətilə təbrik etdi

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Birlik komandiri general-leytenant Hikmət Mirzəyevə zəng edib.
Ali Baş Komandan Şuşa şəhərinin işğalçılardan azad edilməsi münasibətilə Hikmət Mirzəyevi təbrik edib.
Dövlətimizin başçısı Şuşanın azad edilməsində qəhrəmancasına və rəşadətlə iştirak etmiş hərbi qulluqçulara, Silahlı Qüvvələrimizin bütün şəxsi heyətinə təbriklərini çatdırıb.
General-leytenant Hikmət Mirzəyev şəxsi heyət adından Ali Baş Komandana dərin təşəkkürünü ifadə edib. O, Ali Baş Komandanın əmrlərini yerinə yetirmək və etimadını doğrultmaq üçün şəxsi heyətin hər zaman hazır olduğunu məruzə edib.
8-11-2020, 13:15 | Prezident İlham Əliyev: "Bizim transmilli layihələrimiz regionda tamamilə yeni mənzərə yaratdı"

Şuşa işğal altına düşəndə bizim əsas problemlərimiz həm o idi ki, ordumuz yox idi, rəhbərlik öz vəzifə borcunu yerinə yetirə bilmirdi. Beynəlxalq müstəvidə Azərbaycan demək olar ki, bütün ölkələrlə münasibətləri gərginləşdirmişdi. Biz demək olar ki, təcrid edilmiş vəziyyətdə idik. Ancaq bu gün biz Ermənistanı təcrid edilmiş vəziyyətə saldıq.
Prezident İlham Əliyev bu barədə xalqa müraciətində bildirib.
Dövlətimizin başçısı deyib: "Bizim transmilli layihələrimiz regionda tamamilə yeni mənzərə yaratdı. Biz regionun enerji xəritəsini, nəqliyyat xəritəsini yenidən tərtib etdik. Bizim təşəbbüsümüzlə reallaşan layihələr təkcə bizim xalqımızın maraqlarını təmin etmir, bir çox ölkələrin maraqlarını təmin edir, o cümlədən region ölkələrinin. Qonşu ölkələrlə bizim həm ikitərəfli, həm üçtərəfli əməkdaşlıq formatlarımız vardır. Bütün bunlar Azərbaycanın beynəlxalq nüfuzunu böyük dərəcədə gücləndirdi. Əgər bu nailiyyətlər olmasaydı, problem dondurulmuş vəziyyətdə qala bilərdi".
8-11-2020, 13:11 | Prezident İlham Əliyev: "Biz bütün dünyaya sübut etdik ki, Qarabağ əzəli Azərbaycan torpağıdır"

Biz bütün dünyaya sübut etdik ki, Qarabağ əzəli Azərbaycan torpağıdır. Sübut etdik ki, əsrlər boyu Azərbaycan xalqı bu torpaqlarda yaşayıb. Sübut etdik ki, erməni əhalisi bu torpaqlara 200 il bundan əvvəl köçürülübdür, necə köçürülübdür, hansı məqsədlərlə köçürülübdür, hamısını biz dünya ictimaiyyətinə təqdim etdik, sübutlarla, faktlarla. Biz sübut etdik ki, Dağlıq Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır və bu məsələ beynəlxalq hüququn norma və prinsipləri əsasında öz həllini tapmalıdır.
Bu sözləri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şəhidlər xiyabanından xalqa etdiyi müraciətdə qeyd edib.
Dövlətimizin başçısı deyib: "Dünyanın bütün aparıcı təşkilatları, bütün beynəlxalq təşkilatlar Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli qətnamələr, qərarlar qəbul edibdir. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, BMT Baş Assambleyasının qətnamələri, Qoşulmama Hərəkatının qətnamələri, İslam Əməkdaşlıq Təşkilatının qətnamələri, Avropa Parlamentinin qətnamələri və digər beynəlxalq təşkilatların qərar və qətnamələri birmənalı şəkildə Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıdı. Bu, bizə əlavə güc verdi. Əgər biz bunu etməsəydik, bu gün münaqişənin ətrafında cərəyan edən proseslər bizə böyük problemlər yarada bilərdi. Biz bu illər ərzində bir çox ölkələrlə səmimi, işgüzar, qarşılıqlı hörmət əsasında münasibətlər qura bildik, bir çox ölkələr Azərbaycanı strateji tərəfdaş hesab edir və artıq bu ifadə beynəlxalq sənədlərdə öz əksini tapır. Biz bütün qonşu ölkələrlə səmimi dostluq əsasında münasibətlər qura bildik, qarşılıqlı hörmət, qarşılıqlı inam əsasında. Əgər biz bunu etməsəydik, bu gün münaqişə ətrafında tam başqa proseslər gedə bilərdi".
8-11-2020, 13:05 | Prezident İlham Əliyev: "Əgər iqtisadi gücümüz olmasaydı, bu Qələbəni əldə etmək mümkün olmazdı"

Biz güc toplayırıq, məqsədyönlü şəkildə, yorulmadan, bütün təzyiqlərə baxmayaraq, güc toplayırıq və toplamışıq. İqtisadi güc. Əgər iqtisadi gücümüz olmasaydı, bu Qələbəni əldə etmək mümkün olmazdı.
Bunu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şəhidlər xiyabanından xalqa etdiyi müraciətdə bildirib.
Dövlətimizin başçısı deyib: "İlk növbədə, iqtisadi müstəqillik təmin edilməli idi və təmin edildi. Bu gün Azərbaycan iqtisadi cəhətdən heç kimdən asılı deyil, heç bir ölkədən asılı deyil, heç bir beynəlxalq maliyyə qurumundan asılı deyil. Müstəqilik və bu, bizə imkan verdi ki, ölkəmizi inkişaf etdirək, eyni zamanda, Ordumuzu gücləndirək. Biz Ordumuz üçün lazım olan bütün hərbi texnikanı, silahları xarici bazarlardan alırıq. Əgər bizim iqtisadi imkanlarımız olmasaydı, biz bunları necə əldə edə bilərdik? Biz ölkə daxilində uğurlu siyasət apararaq hesab edirəm ki, ölkəmizdə dünya üçün çox nadir inkişaf modelini yaratdıq".
8-11-2020, 13:00 | Prezident İlham Əliyev: "2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır"

İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq.
Bu sözləri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şəhidlər xiyabanından xalqa etdiyi müraciətdə bildirib.
Dövlətimizin başçısı deyib: "Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür! Bu qələbəni biz döyüş meydanında qazandıq, danışıqlar masası arxasında yox. Mən dəfələrlə demişəm, bütün bəyanatlara rəğmən ki, bu münaqişənin - Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hərbi həll yolları da vardır və bu gün biz bunu döyüş meydanında sübut edirik. 30 ilə yaxın mənasız danışıqlar bizi heç bir nəticəyə yaxınlaşdırmadı. Əzəli tarixi torpaqlarımız 30 ilə yaxın işğal altında qaldı. Danışıqlar prosesində Ermənistan tərəfi, sadəcə olaraq, vaxt udmaq istəyirdi, sadəcə olaraq, status-kvonu möhkəmləndirmək, əbədi etmək istəyirdi. Bu illər ərzində dəfələrlə Azərbaycana müxtəlif güc mərkəzlərindən göndərilən siqnallar bizi vəziyyətlə barışmağa sövq edib. Ancaq biz qətiyyət, cəsarət, siyasi iradə göstərərək Azərbaycan xalqının maraqlarına cavab verməyən heç bir razılaşmaya getmədik. Mən dəfələrlə bütün beynəlxalq kürsülərdən bəyan etmişdim ki, torpaqlarımızın, ərazi bütövlüyümüzün bərpa edilməsi bizim əsas vəzifəmizdir və biz bu vəzifəni icra edirik. Danışıqlar heç bir nəticə vermədi. Sadəcə olaraq, bizim başımızı aldadırdılar, sadəcə olaraq, məsələni dondurmaq istəyi müşahidə olunurdu. Biz bu Qələbəni döyüş meydanında qazandıq, şəhidlər verərək bu Qələbəni qazandıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Həm birinci Qarabağ, həm ikinci Qarabağ - Vətən müharibəsi adlandırdığımız müharibədə şəhid olmuş bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm, onların yaxınlarına səbr diləyirəm. Yaralı soydaşlarımıza Allahdan şəfa diləyirəm. Biz xalqımızın, əsgərlərimizin, zabitlərimizin canı, qanı bahasına torpaqlarımızı işğalçılardan azad edirik. İşğalçıları torpaqlarımızdan qovuruq və qovacağıq!"















