15-06-2021, 07:43 | Qurtuluş tariximizin memarı

Müstəqillik, azad yaşamaq hər bir xalqın arzusudur. Etiraf edək ki, müstəqilliyi elan etmək hələ müstəqil olmaq demək deyildir. 1991-ci ildə yaranmış ictimai-siyasi vəziyyətdən istifadə edərək Azərbaycan müstəqilliyini elan etdi. Lakin həmin vaxt Azərbaycan rəhbərliyində müstəqilliyi reallaşdırmaq qüdrətinə malik şəxs olmadığından, sonradan isə hakimiyyətə heç bir səriştəsi və təcrübəsi olmayan şəxslər gəldiyindən müstəqil demokratik Azərbaycan dövlətinin yaradılması xoş ideyadan bir addım önə gedə bilmədi.
Təsadüfi deyil ki, 1991–1993-cü illərdə Azərbaycanın iqtisadiyyatı dağıldı, siyasi hakimiyyət xalqın milli maraqlarını təmsil edə bilməyərək böhran keçirdi, milli-mənəvi dəyərlər alt-üst oldu, ictimai-siyasi sabitlik pozularaq dərəbəylik yarandı. Belə vəziyyətdən sui-istifadə edən ermənilər Azərbaycan torpaqlarını işğal edir, digər tərəfdən isə xalqımıza düşmən niyyətli xarici qüvvələr ölkə daxilində Azərbaycanın bir dövlət kimi məhvinə yönəlmiş təxribatlarını sərbəst həyata keçirə bilirdilər. Bu hadisələrin məntiqi davamı olaraq 1993-cü ilin ortalarında ölkədə vətəndaş müharibəsi və parçalanma təhlükəsi yarandı.
Mövcud vəziyyəti düzəldəcəklərinə bütün ümidlərini itirən AXC-Müsavat liderləri iyunun əvvəlində Heydər Əliyevə zəng edərək “Azərbaycan məhv olur, bu cür davam edərsə, ölkə müstəqilliyini itirəcək və parçalanacaq” dedilər. Torpaqları işğal olunmuş, qaçqın, köçkün, didərgin ömrü yaşayan Azərbaycan xalqı da 1993-cü ilin iyununda öz xilaskarına üz tutdu. Böyük dövlətçilik təcrübəsinə və idarəetmə bacarığına malik olan dahi şəxsiyyət Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət etməkdən ötrü xalqın müxtəlif təbəqələri məktublar və teleqramlar göndərdi, onu israrla, təkidlə respublikanı düşdüyü ağır və çətin vəziyyətdən qurtarmağa, dövlətçiliyi məhv olmaq təhlükəsindən xilas etməyə çağırdı. Xalq yaxşı bilirdi ki, nicat yolu, qurtuluş yolu yalnız Heydər Əliyevin hakimiyyətə qayıdışındadır. Müdrik insan və fenomen şəxsiyyət olan Heydər Əliyev belə bir böhranlı vəziyyətdə canından artıq sevdiyi Azərbaycanı darda qoya bilməzdi. 1993-cü ilin iyunun 9-da Heydər Əliyev Bakıya gəldi. Bununla da, tale Azərbaycan xalqının üzünə güldü.
Azərbaycanın müasir tarixinə nəzər saldıqda qeyd etmək zəruridir ki, Heydər Əliyevin Azərbaycanda birinci dəfə rəhbərliyə gəlişi tarixi–1969-cu il əslində böyük dönüş mərhələsidir. Dahi şəxsiyyətin respublikanın dinamik inkişafına yönələn yorulmaz fəaliyyəti, qısa müddət ərzində hazırlanan kompleks inkişaf proqramları tezliklə öz bəhrəsini verməklə xalqın maddi rifahının yüksəlməsinə müsbət təsir göstərdi. SSRİ hökumətinin rəhbərliyi Heydər Əliyevin çoxsaylı təşəbbüsləri, dərin məntiqə əsaslanan təklifləri və böyük qətiyyəti sayəsində Azərbaycanla bağlı mühüm qərarlar qəbul edirdi. Bu qərarlar mühüm tarixi əhəmiyyət daşıyırdı. Heydər Əliyevin böyük xidmətləri sayəsində 1970-1985-ci illər Azərbaycanda quruculuq salnaməsinin ən parlaq səhifələrinə çevrildi. Əminliklə demək olar ki, hələ keçmiş SSRİ-nin tərkibində olarkən ulu öndər Heydər Əliyev Azərbaycanın dövlət suverenliyinin və iqtisadi müstəqilliyinin təməlini həmin illərdə yaratdığı iqtisadi potensialla qoymuşdu.
Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra davamlı inkişaf strategiyasını praktikada daha əsaslı surətdə tətbiq etdirərək həqiqi mənada ölkədə milli yüksəlişinə nail oldu. 90-cı illərin əvvəlində tüğyan edən separatçılıq, etnik parçalanma meyillərinin ölkənin varlığı üçün yaratdığı real və ciddi təhlükə yalnız Heydər Əliyevin Azərbaycanın rəhbəri olduqdan sonra elan etdiyi və qətiyyətlə həyata keçirdiyi azərbaycançılıq ideologiyası sayəsində dəf olundu. Ölkənin ictimai-siyasi, sosial, iqtisadi, mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yarandı, elmi əsaslarla, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı. Ulu öndərin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi, Milli Ordu formalaşdırıldı, Azərbaycanın milli mənafeyini qorumağa qadir nizami silahlı qüvvələr yaradıldı, torpaqlarımızın müdafiəsi ilə bağlı mühüm addımlar atıldı. 1994-cü ilin mayında ölkəmiz üçün həyatı əhəmiyyət kəsb edən atəşkəsə nail olundu.
Azərbaycan rəhbərliyinin qətiyyəti, sarsılmaz siyasi iradəsi sayəsində Qərb şirkətləri ilə aparılan danışıqlar məntiqi sonluqla yekunlaşdı. 1994-cü ilin 20 sentyabrında Bakıda dünyanın 11 transmilli neft şirkətinin iştirakı ilə çağdaş tariximizə “Əsrin müqaviləsi” adı ilə düşmüş qlobal neft müqaviləsinin təntənəli imzalanma mərasimi keçirildi. Bununla da, Azərbaycan MDB məkanında Qərbin iri neft şirkətləri ilə irimiqyaslı saziş imzalayan ilk dövlət olmaqla Xəzər dənizində beynəlxalq əməkdaşlığın bünövrəsini qoydu. Bu müqavilənin imzalanması respublikamızın bugünkü və gələcək iqtisadi uğurlarının təməlinə çevrildi.
Ümummilli liderimiz insan hüquqlarını müxtəlif iqtisadi və siyasi sistemlərin, ideologiyaların və mədəniyyətlərin mövcud olduğu dünyada toplumları, xalqları, cəmiyyətləri birləşdirən, onlara humanist dəyərləri aşılayan əsas meyar kimi dəyərləndirmişdir. Heydər Əliyevin bu sahədəki fəaliyyəti təkcə ayrı-ayrı fərdlərin, kütlələrin deyil, bütöv bir xalqın hüquq və azadlıqlarının müdafiəsinə yönəlmişdir.
Hüquqi dövlət və qanunun aliliyinin hələ tam oturuşmadığı bir dövrdə 1993-cü ildə ölüm hökmü cəzasının tətbiqi üzərində moratorium qoyuldu, 1998-ci ildə isə ölüm cəzası Azərbaycanda ləğv edildi.
Azərbaycan öz müstəqilliyini elan etdikdən sonra artıq yeni əsas qanunun qəbul edilməsinə ehtiyac yaranmışdı. Bu ehtiyacı şərtləndirən amillər sırasında ölkədəki siyasi sistemin dəyişməsini, iqtisadi münasibətlərin prinsipcə yeni meyarlar əsasında köklənməsini, beynəlxalq aləmə inteqrasiya meyillərinin intensiv xarakter almasını, xarici siyasət sahəsində mövcud prioritetlərə köklü təshihlər (düzəlişlər) edilməsini, vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu sahəsində atılan konkret və məqsədyönlü addımları göstərmək olar. Lakin həmin illərdə ölkədə yaşanan siyasi destabillik, dövlət idarəçiliyindəki xaos və dərəbəylik, müharibə meydanındakı uğursuzluqlar Konstitusiya yaradıcılığı sahəsindəki çalışmalara da sirayət edərək bu mühüm prosesə ətalət və durğunluq havası gətirmişdi. 1991-ci il fevralın 19-da Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə yeni Konstitusiyanın hazırlanması məqsədilə yaradılmış 74 nəfərdən ibarət işçi komissiyasının fəaliyyəti gözlənilən nəticəni vermədi. Ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra, məhz onun təşəbbüsü ilə müstəqil Azərbaycanın yeni Konstitusiyasının layihəsinin hazırlanmasına başlanıldı. İşçi komissiyasının tərkibi Prezident tərəfindən parlamentə təqdim edilmiş və Milli Məclis 1995-ci il mayın 2-də müvafiq qərar qəbul etmişdir. Bu dəfə komissiya 33 nəfərdən ibarət idi və onun tərkibinə qanunvericilik, icra və məhkəmə hakimiyyətinin nümayəndələri ilə yanaşı, ölkənin hüquq ictimaiyyətinin tanınmış simaları da daxil idilər. Layihənin işlənib hazırlanmasına şəxsən dövlət başçısının özü rəhbərlik edirdi ki, bu da prosesin sürət və keyfiyyətinə müsbət təsirini göstərməyə bilməzdi. 1995-ci il iyul ayının 5-də komissiyanın ilk iclası baş tutmuşdur. Bu iclasda ümummilli liderimiz Heydər Əliyev bir sıra dəyərli tövsiyələrini, məsləhətlərini vermişdir. Nəhayət, Konstitusiya layihəsi ümumxalq müzakirəsi üçün 15 oktyabr 1995-ci ildə dərc edilmiş və 12 noyabr 1995-ci il tarixində keçirilmiş referendumda seçicilərin 94,8 faizi Konstitusiyanın qəbul edilməsinin lehinə səs verdilər.
Bir qayda olaraq, müstəqillik əldə edən və demokratik inkişaf yoluna qədəm qoyan dövlətlərdə yeni konstitusiyanın qəbulu zərurətə çevrilir. Belə ki, müasir demokratik dövlətlərdə konstitusiya dövlətin bütövlükdə hüquq sisteminin əsasını təşkil edir, cəmiyyətdə hüquq düşüncəsinə və hüquqi-siyasi münasibətlər sisteminə əhəmiyyətli təsir göstərir. Ölkədə siyasi sabitliyin, ictimai asayişin, əmin-amanlığın, bəzi hallarda, hətta milli barışığın qarantı kimi çıxış edən konstitusiya şəxsiyyət, cəmiyyət və dövlət arasındakı münasibətlərin hüquqi çərçivələrini, dövlət quruluşunun əsaslarını, siyasi sistemin təşkili prinsiplərini, hakimiyyət orqanlarının təşkilini, səlahiyyətlərini və fəaliyyət qaydalarını müəyyənləşdirir, şəxsiyyətin statusunu, insan hüquqlarının və azadlıqlarının təminatı ilə bağlı mühüm məsələləri tənzimləyir. Dövlət quruluşunun başlıca prinsiplərini müəyyən etməklə yanaşı, konstitusiya həm də cəmiyyət həyatının müxtəlif sahələrinə dövlətin müdaxiləsinin meyarlarını və belə müdaxilənin yol verilə bilən hədlərini dəqiqləşdirir, bu sahədə dövlət siyasətinin ümumi istiqamətlərini müəyyən edir. Ümummilli liderin dərin zəkası sayəsində, ilk növbədə, dövlət idarəçiliyinin bütün sahələrinin mütərəqqi standartlara uyğunlaşdırılmasına, insan hüquq və azadlıqlarının qorunması ilə bağlı davamlı demokratik islahatların həyata keçirilməsinə başlanılmışdır. Müdrik şəxsiyyətin rəhbərliyi altında hazırlanaraq ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxarmışdır.
Bu gün Azərbaycan xalqı gələcəyə daha da inamla addımlayır, çünki dövlətimizin sükanı müstəqil Azərbaycan Respublikasının memarı, ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əlindədir və onun müdrik siyasəti ilə idarə olunur.
Məhz cənab Prezidentin düzgün, balanslaşdırılmış xarici siyasəti sayəsində beynəlxalq səviyyədə ölkəmizin nüfuzu yüksəlmiş, Azərbaycan regionda lider dövlətə çevrilmişdir. Azərbaycan və işğal edilmiş torpaqlarımız barədə əsl həqiqətlər dünya ictimaiyyətinə olduğu kimi çatdırılmışdır.
Əzəli Azərbaycan torpaqlarımızın işğaldan azad edilməsi üçün cənab İlham Əliyev müdrik Prezident olaraq düzgün, uzaqgörən daxili və xarici siyasət aparmış, orduya rəhbərlik edən Ali Baş Komandan olaraq yüksək sərkərdəlik qabiliyyəti ilə qətiyyətli qərarlar vermişdir. Məhz cənab Prezidentin yorulmaz fəaliyyəti, onun rəhbərlik etdiyi ordumuzun qəhrəmanlığı sayəsində düşmən məğlub edildi. O, bütün dünyaya sübut etdi ki, məhz erməni kimi, insanlıq xüsusiyyətlərindən uzaq bir düşmən tərəfindən uzun müddət işğal altında qalan torpaqlarımızın azad edilməsinin yeganə yolu müharibədir. 44 günlük Vətən müharibəsində qazanılmış qələbə Azərbaycan tarixinin ən parlaq səhifələri kimi milli yaddaşımızda əbədi olaraq qalacaqdır.
Ən yeni tariximizin böyük qəhrəmanlıq səhifəsi olan Vətən müharibəsi bir daha göstərdi ki, heç bir qüvvə arxasında Azərbaycan xalqı dayanan cənab Prezident İlham Əliyevin hadisə və proseslərə prinsipial və qətiyyətli yanaşma tərzinə, ardıcıl, müdrik və sistemli qərar qəbuletmə məharətinə və sarsılmaz dəmir iradəsinə təsir edə bilməz.
Bu qələbəni qazanmaq üçün cənab Prezident uzun illər Azərbaycanın iqtisadi gücünü artırmış, dövlətçilik ənənələrini daha da möhkəmləndirmiş, milli ordumuzun maddi-texniki bazasını, onun ən müasir silahlarla təchizatını daim xüsusi diqqət mərkəzində saxlamışdır. Məhz cənab Prezidentin apardığı müdrik və uzaqgörən siyasətin nəticəsi olaraq Azərbaycan Respublikası sürətlə inkişaf edən nüfuzlu dövlətə, regional liderə çevrilmişdir.
Qara Abdullayev ,
Nəsimi Rayon Dövlət Yol Polisi (DYP) Şöbəsinin rəisi .
2-06-2021, 14:52 | Qudurğan vəzifəli şəxs polis zabitini də söydü – şok səs yazısı - VİDEO

“Şikayət etdiyim üçün idarə müdiri məni ölümlə hədələtdirib təhqir etdirir”
Ucar rayonu, H.Əliyev prospekti, ev 136 ünvanda yaşayan Şirinov Raqif Ayaz oğlu redaksiyamıza müraciətində bildirir ki, Ucar rayon Meliorasiya İdarəsinin rəisi Həsən Qasımovun korruptiv əməlləri barədə video və foto faktlarla şikayət etdikdən sonra rəis onu ölümlə hədələtdirir və nalayiq söyüşlərlə təhqir etdirir:
“Belə ki, Həsən Qasımovun barəsində video və fotofaktlarla şikayət etdikdən sonra 29 may 2021-ci il tarixdə onun kürəkəni - "Azərişıq" ASC-nin yüksək vəzifəli əməkdaşı Səlimov Zaur Qurban oğlu telefonu ilə mənə dəfələrlə zəng edib ölümlə hədələdi və nalayiq şəkildə söyüb təhqir etdi. Bunu təsdiq edən səs yazısını sizə təqdim edirəm. Mən bu barədə Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edib məlumat verdikdən sonra Ucar Rayon Polis Şöbəsinin Yusif adlı zabit əməkdaşı mənim izahatımı aldı. Həmin vaxt Zaur Səlimov mənə zəng edəndə Yusif adlı polis zabiti mənim telefonuma gələn zəngə cavab verdi. Zaur Səlimov məni və polis zabitini də nalayiq söyüşlərlə təhqir etdi. Həmçinin, Ucar rayon Meliorasiya İdarəsinin müdiri Həsən Qasımovun Ucar Melioservis İdarəsində mühəndis işləyən oğlu Nicat Qasımov da mənə dəfələrlə zəng edib ölümlə hədələmiş, nalayiq söyüşlərlə təhqir etmişdir. Ucar rayon Meliorasiya İdarəsinin müdiri Həsən Qasımov və onun harınlamış ailə üzvləri dövlət qanunlarını saya salmırlar. Çünki onlar dövlətin ayırdığı vəsaiti təyinatı üzrə xərcləmədən talan edib cəzasız qaldıqları üçün azğınlaşıblar. Mən 25 may 2021-ci il tarixdə video faktlarla Həsən Qasımovun korrupsiya əməllərini ifşa etdim. Belə ki, 25 may 2021-ci il tarixdə Ucar rayonu Qarabörk kəndində Həsən Qasımova məxsus böyük torpaq sahəsində yonca otu yığımı aparılan zaman həmin anları video lentə almışam. Həmin zaman Ucar rayon Meliorasiya İdarəsinə məxsus teknikaların və işçilərin orada işə cəlb edilməsi açıq-aydın görünür. Həsən Qasımov böyük ferma təsərrüfatı yaradıb iribuynuzlu heyvanlar saxlatdırır. Videoda görünən yonca otu idarəsinin texnikalarına yığılaraq həmin fermaya daşınır. Təqdim etdiyim fotoda İdarəyə məxsus üzərinə ot yığılmış 61 AC 262 nömrəli avtomobilin yanında dayanmış şəxs Meliorasiya İdarəsinin işçisi İsmayılov Fariz Fazil oğludur. O, Həsən Qasımovun şəxsi təsərüfatında işlərə cəlb edilib. Həsən Qasımov Ucar rayonu Qarabörk kəndindəki 10 hektar torpaq sahəsini zəbt edib yonca əkmişdir. Bu korrupsiya cinayətidir ki, Həsən Qasımov həyata keçirir. Ucar rayon Meliorasiya İdarəsinə məxsus traktora ot biçən, ot bağlayan, ot dırmıqlayan aqreqat qoşularaq Həsən Qasımovun təsərrüfatında işə cəlb edilir. Ot bağlamaları isə idarəyə məxsus avtomaşınlara yığılaraq fermaya daşınır. Mən bu korrupsiya cinayəti barədə Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri cənab Zaur Mikayılova və digər orqanlara şikayət ərizəsi ilə müraciət etmişəm. Həsən Qasımov uzun illərdi bu idarədə müdir vəzifəsində işləyir. Onun yarıtmaz fəaliyyəti nəticəsində rayon torpaqları şoranlaşıb məhv olur. Şirə kanalları lildən, kol-kosdan, qamışdan təmizlənmir deyə rayon torpaqları dahada şoranlaşıb məhv olur. Bütün işlər sənədlər üzərində saxtalaşdırılmaqla aparılır. Mən hüquq mühafizə orqanlarından xahiş edirəm, şikayət ərizəmi mənim iştirakımı təmin etməklə yerində obyektiv araşdırıb korrupsiya əməlləri ilə məşğul olan, məni ölümlə hədələyən və nalayiq sözlərlə söyüb təhqir edən Həsən Qasımovun, onun ailə üzvləri - oğlu Nicat Qasımovun və kürəkəni Səlimov Zaur Qurban oğlunun barəsində tədbirlər görülsün. Qeyd edim ki, adı çəkilən hər üç nəfər vəzifəli şəxslərdir”.
Düşünürük ki, Raqif Şirinovun təqdim etdiyi səs yazılarına obyektiv hüquqi qiymət verildiyi təqdirdə ata və oğul Qasımovların və onların kürəkəni Zaur Səlimovun bir gün belə vəzifədə qalması məqsədəuyğun hesab edilməməlidir. Əslində adları çəkilən bu vəzifəli şəxslər barədə narazıçılıqlar çoxdan eşidilməkdədir. Qəribədir ki, nə “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri vəzifəsində Əhməd Əhmədzadəni əvəzləyən Zaur Mikayılov, nə də bir il əvvəl “Azərişıq” ASC-nə sədr təyin olunmuş Vüqar Əhmədov rəhbərlik etdikləri strukturlarda korruptiv əməllərlə məşğul olan işçilərinin barəsində təsirli tədbir görməyiblər. Görünür, belələri onlara sərf edir.
Maraqlıdır ki, Ucar rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədovun da bu məsələyə reaksiyası ləngiyir. Görünür, o da Həsən Qasımovun qarşısında gözükölgəlidir.
Nyus.az
2-06-2021, 14:23 | Xırdalandakı qanunsuz tikinti ilə bağlı Prezidentə məlumat veriləcək – Administrasiya rəhbərinə MÜRACİƏT

Unikal Media Qrupun rəhbəri Asəf Rzayev Azərbaycan Respublikasının Prezident Administrasiyasının rəhbəri cənab Samir Nuriyevə müraciət edib.
Unikal.org xəbər verir ki, media rəhbəri müraciətində bildirib ki, özünün də yaşadığı Abşeron rayon Xırdalan şəhər, Şıxəli Qurbanov küçəsi 38 ünvanında rayon icra Hakimiyyətinin Başçısı İradə Gülməmmədova Cəlilova Gülzar Hüseyn qızının adına fərdi evin tikintisi üçün eni 10, uzunluğu 12 metr olan yaşayış evinə sərəncam verib. Amma həmin ərazidə apartman tipli hündürmərtəbəli binanın tikintisi həyata keçirilir:
“Sakinlərin çoxsaylı şikayətlərinə baxmayaraq, Abşeron rayon İcra Hakimiyyəti və polis şöbəsi həmin qanunsuz tikilinin qarşısını almaqda çətinlik çəkir. Onu da nəzərinizə çatdırım ki, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyindən Abşeron rayon İcra Hakimiyyətinə telefonoqram göndərilsə də, heç bir tədbir görülməyib. Xırdalan sakinlərinin haqlı narazılıqlarını nəzərə almağınızı və ərazidə baş verən qanunsuzluğun aradan qaldırılması üçün müvafiq göstəriş verməyinizi Sizdən xahiş edirəm.
Qeyd edim ki, Xırdalan şəhərində bu kimi qanunsuz əməllərə görə, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Abşeron Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinə qarşı əməliyyat keçirmişdi. İcra hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri (baş memar) Akif Əliyev, İ.Gülməmmədovanın bacısı oğlu Babək Alıyev və Tural Ağaməmmədov həbs olunmuşdu.
Cənab Prezident İlham Əliyev media nümayəndələrini köməkçisi kimi gördüyünü və yerlərdə baş verən qanunsuzluqlar barədə ona məlumat verilməsini bəyan edib. Biz də hər zamankı kimi Prezidentin çağırışlarına əməl edərək, baş verən qanunsuzluqlar barədə məlumat veririk. Lakin görünən odur ki, bəzi məmurlar edilən xəbərdarlıqlardan nəticə çıxarmayaraq, hələ də qanusuz əməllərini davam etdirirlər. Xahiş edirəm ki, Siz Xırdalandakı bu qanunsuzluğu cənab Prezidentin diqqətinə çatdırılmasında bizə yardımçı olasınız”.




2-06-2021, 14:03 | Şəhid Nahid Soltanovun doğum günü idi - VİDEO

Ermənistan silahlı qüvvələrinin son 30 il ərzində Qarabağ istiqamətində atəşkəsi pozması nəticəsində yüzlərlə hərbi qulluqçumuz şəhid olub. Onlardan biri də bu gün 26 yaşı tamam olan Nahid Soltanovdur. 4 il əvvəl Ağdam istiqamətində düşmən snayperi tərəfindən vurulan şəhidimizin xatirəsi doğulub boya-başa çatdığı Hacıqabulun Qızılburun kəndində yad edilib. Onun və kənddən olan digər şəhidlərin xatirəsinin əziz tutulması üçün xüsusi lövhə hazırlanıb.
Hacıqabuldan olan şəhidimizin ad günü xüsusi qeyd edilib.
Şəhid Nahid Zahid oğlu Soltanov 1995-ci ildə iyun ayının 1 də Hacıqabul rayon Qızılburun kəndində dünyaya göz açıb..Uşaq yaşlarından idmana olan marağı onun döyüşkən ruhda böyüməyinə səbəb olub. 2016-ci ildə ali məktəbi bitirdikdən sonra Nahid Soltanov vətənə olan müqəddəs borcunu yerinə yetirmək üçün hərbi xidmətə yola düşür.
Hərbi xidmətdə olan zaman Nahid, öz igidliyi və mərdliyi ilə həmişə fərqəlnərək hərbi hissə komandirləri tərəfindən daim qiymətli hədiyyələr və fəxri fərmanlarla mükafatlandırlıb.
Nahid Soltanov Ağadam rayon Qaradağlı kəndi istiqamətində düşmən snayperi tərəfindən vurularaq başından güllə yarası alır və hospitala yerləşdirilir. Bir neçə gün orda müalicə alsa da, 22 İyul 2017-ci ildə şəhidlik zirvəsinə ucalır.
Onun doğum günündə həm Nahidin, həm də Qızılburun kəndinin digər şəhidlərinin xatirəsi əziz tutulması üçün xüssusi plakat hazırlanıb. Keçirilən tədbirdə şəhidlərimizin qəhrəmanlığından danışılıb.
xezerxeber.az
2-06-2021, 08:24 | Teledərslərin iyunun 2-nə olan cədvəli açıqlanıb

"Mədəniyyət" və "ARB Günəş" telekanallarında yayımlanan "Dərs vaxtı" proqramının iyunun 2-nə nəzərdə tutulan cədvəli açıqlanıb.
Bu barədə Təhsil Nazirliyindən bildirilib.
Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, mövzuları "Dərs vaxtı"nda öyrənməyi tövsiyə edir. Çünki teledərslər şagirdlərə ən yaxşılardan öyrənmək üçün yaradılan əlavə və unikal imkandır.
Qeyd edək ki, "Dərs vaxtı"na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi yutub kanalı ilə yanaşı, "Dərs vaxtı"nın feysbuk səhifəsindən, eyni zamanda videodərslər portalından (https://video.edu.az/) izləyə bilərlər.
2-06-2021, 07:57 | Vilayət Eyvazovdan yeni TƏYİNAT

Daxili İşlər orqanlarında kadr dəyişikliyi olub.
Bu barədə Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin baş müstəntiqi, polis baş leytenantı Elxan Əsədov vəzifəsindən azad edilib.
Nazirin digər əmri ilə o, Gəncə ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinə rəis təyin edilib.
8-05-2021, 10:05 | Heydər Əliyev fenomeni və xilaskarlıq missiyası

Ümummilli lider Heydər Əliyevin Azərbaycan tarixindəki müstəsna rolu yalnız ölkədə vətəndaş müharibəsinin qarşısının alınması, ictimai-siyasi sabitliyin yaradılması və iqtisadi inkişaf üçün münbit şəraitin formalaşdırılması sahəsində tarixi xidmətləri ilə ölçülmür. Ulu öndər Azərbaycanda müasir milli dövlət modelinin qurulmasını təmin edən böyük siyasət adamı kimi xatırlanır.
Onun ən böyük tarixi missiyası da elə bundan ibarətdir. Azərbaycan xalqının nəinki milli dövlətçiliyini, həm də tarixi proseslərin məntiqi nəticəsi olaraq meydana çıxan azadlıq şansını itirmək təhlükəsi qarşısında qaldığı çox mürəkkəb bir şəraitdə ümummilli lider cəmiyyətin bütün təbəqələrini vahid amal ətrafında səfərbər etməyə, ölkənin iqtisadi potensialını, insan resurslarını, milli-mənəvi dəyərlər sistemini müasir milli dövlət quruculuğu prosesinə cəlb etməyə müvəffəq oldu. Bu mənada dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan tarixindəki yeri elə Azərbaycan dövlətinin qısa müddətdə əldə etdiyi son dərəcə mühüm nailiyyətlərin miqyası qədər böyükdür.
Ümummilli liderin siyasi və ideoloji irsi indiyə qədər bir çox tədqiqatçıların, elm adamlarının, jurnalistlərin, siyasətçilərin diqqət mərkəzində olub. Heç şübhəsiz ki, hələ bundan sonra da Heydər Əliyevin siyasətçi və dövlət adamı obrazı müxtəlif tədqiqatların, araşdırmaların mövzusu olaraq qalacaq. Bunun ən mühüm səbəblərindən biri ulu öndərin Azərbaycanda hakimiyyətə gəlişinin təsadüf etdiyi dövrün olduqca mürəkkəb, bir çox hallarda ziddiyyətli, proqnozlaşdırılması mümkün olmayan iqtisadi, geosiyasi və tarixi şərtlərə təsadüf etməsindədir. Bu elə bir dövr idi ki, Azərbaycan faktiki olaraq həlli mümkünsüz görünən bir neçə problemlə üz-üzə qalmışdı: Müstəqillik əldə olunsa da onun təmin edilməsi üçün lazımi şərait və şərtlər mövcud deyildi; SSRİ-nin süqutundan sonra yeni dövrə uyğun iqtisadi inkişaf modeli qurulmamışdı; ərazi bütövlüyü pozulmuş, ölkənin bir hissəsi işğala məruz qalmışdı; geosiyasi maraqların konfiqurasiyası o dərəcədə əlverişsiz idi ki, Azərbaycan hətta yaxın qonşuları ilə belə normal ikitərəfli münasibətlər qura bilməmişdi. Bu ağır tarixi şərtlərin fonunda milli dövlət modelinin qurulması, onun ideoloji, siyasi və iqtisadi əsaslarının formalaşdırılmasının nə qədər çətin və həlli az qala mümkünsüz görünən vəzifə olduğunu izah etməyə yəqin ki, ehtiyac yoxdur.
1993-cü ildə Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışı mahiyyət etibarilə həm də yeni bir mərhələnin başlanması demək idi. Ümummilli lider qısa müddətdə ölkənin qarşısında duran taleyüklü problemlərin həllinə nail olmaq üçün son dərəcə vacib olan böyük bir missiyanı - milli birlik və həmrəyliyi təmin etməyə müvəffəq oldu. Bu amil Azərbaycanda sonrakı dövrdə qazanılan bütün uğurların, əldə olunan nailiyyətlərin ideoloji təməlini yaratdı. Bütün siyasi həyatını öz xalqının intellektual və mədəni inkişafına, sosial rifahına həsr etmiş ulu öndər bir daha sübut etdi ki, hər bir millət yalnız birlik və həmrəylik sayəsində qarşılaşdığı ən çətin problemləri həll etmək iqtidarındadır. Lakin bunun üçün bütün imkanları və resursları düzgün idarə etmək bacarığına malik siyasi liderə ehtiyac var.
Ümummilli lider Heydər Əliyevin qurduğu milli dövlət modeli bir neçə ideoloji sütuna əsaslanırdı: ictimai-siyasi sabitlik, təhlükəsizlik, milli birlik, güclü iqtisadiyyat və qlobal çağırışlarla ayaqlaşan çevik xarici siyasət. Ulu öndərin siyasət və dövlət adamı olaraq unikallığı həm də onda öz ifadəsini tapır ki, o, belə mürəkkəb bir tarixi situasiyada dövlətin qarşısında duran bir neçə çətin problemi eyni vaxtda həll etməyə müvəffəq oldu. Azərbaycanda qısa vaxt ərzində ictimai-siyasi sabitlik yaradıldı, qanunsuz silahlı birləşmələr ləğv edildi, vətəndaş müharibəsi təhlükəsi üçün mövcud olan şərtlər aradan qaldırıldı, milli birliyin təmin olunması hədəfinə istiqamətlənmiş Azərbaycançılıq ideologiyası ümummilli məfkurəyə çevrildi, müasir və güclü ordu quruculuğu üçün əsaslı təməllər formalaşdırıldı, yeni dövrün şərtlərinə uyğun iqtisadi münasibətlər sistemi yaradıldı. Qısa bir zaman dilimində Azərbaycan beynəlxalq münasibətlər sistemində sabit və dayanıqlı mövqe əldə etməyə müvəffəq oldu.
1994-cü ilin may ayında imzalanmış atəşkəs sazişi ölkənin resurslarını qorumaq və gələcək inkişaf perspektivlərini müəyyənləşdirmək üçün zaman qazanmaq imkanı yaratdı. Ümummilli lider qısa vaxt ərzində milli həmrəyliyin yaradılmasına nail olmaqla iqtisadiyyatın inkişafı, dövlətinin institusional əsaslarının formalaşdırılması istiqamətində fundamental islahatların həyata keçirilməsi istiqamətində önəmli addımların atılmasını təmin etdi.
O dövr üçün ən vacib məsələlərdən biri də heç şübhəsiz ki, Azərbaycanın beynəlxalq münasibətlər sisteminin sözün bütün mənalarında müstəqil subyektinə çevrilməsinə müvəffəq olmaq idi. Lakin bunun üçün əvvəlki hakimiyyətlərdən miras qalmış və uzun müddətdir davam edən iqtisadi böhranı aradan qaldırmaq, əhalinin sosial rifahının ağırlaşmasının qarşısını almaq, dövlət orqanlarını normal fəaliyyəti üçün zəmin yaratmaq, bütün bunlarla paralel ordu quruculuğu prosesini həyata keçirmək tələb olunurdu. Məhz Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi, gələcəyə dair müdrik proqnozları, hadisələrin gedişini təhlil etmək bacarığı zamanında düzgün qərarların qəbul edilməsinə imkan yaratdı.
Azərbaycan beynəlxalq münasibətlərin həqiqi müstəqil subyekti kimi özünü məhz ulu öndərin siyasi hakimiyyətə qayıdışından sonra təsdiqləyə bildi. 1994-cü ilin sentyabrında imzalanmış “Əsrin müqaviləsi” bu istiqamətdə atılmış tarixi əhəmiyyətli ilk addım kimi qiymətləndirilə bilər. Məhz bu sazişin imzalanması Azərbaycanın müstəqil iqtisadi münasibətlər qurmaq əzmini və iradəsini bütün dünyaya nümayiş etdirmiş oldu. Son dərəcə mürəkkəb və ziddiyyətli bir dövrdə ölkənin karbohidrogen ehtiyatlarının istismarını nəzərdə tutan bu sazişin Azərbaycanın maraqlarını maksimum dərəcədə təmin etməsi bir tərəfdən enerji resurslarının səmərəli istifadəsini təmin edirdisə, digər tərəfdən Azərbaycanın tamamilə müstəqil xarici siyasət yürütmək iradəsinin ifadəsi kimi qiymətləndirilirdi. Ümummilli lider Heydər Əliyevin siyasəti Azərbaycanın bütün dünyaya iqtisadi tərəfdaşlarını, siyasi müttəfiqlərini müstəqil şəkildə müəyyən etməkdə israrlı olduğu mesajını verirdi.
Azərbaycan Prezidenti cənab İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə rəsmi qəbuldakı çıxışı zamanı bu dövrü belə səciyyələndirmişdi: “1993-cü il tariximizdə dönüş nöqtəsi olmuşdur. Əslində, bizim müstəqil tariximiz o ildən başlamışdır. Çünki 1991-1993-cü illərdə müstəqillik formal, şərti xarakter daşıyırdı. Azərbaycan demək olar ki, xaricdən idarə olunurdu. Biz hamımız bunu yaxşı bilirik. Ona görə Azərbaycan xalqı haqlı olaraq Heydər Əliyevi Azərbaycanın dövlət müstəqilliyinin banisi, Azərbaycan dövlətinin qurucusu kimi tanıyır və bu, tarixi həqiqətdir”. Cənab Prezidentin bu fikirləri Heydər Əliyevin Azərbaycan tarixindəki rolunu kifayət qədər aydın və müfəssəl ifadə edir.
Əlbəttə, indi bu hadisələrin üzərindən onilliklər keçdikdən sonra yuxarıda qeyd olunan məsələlərin qısa zamanda həlli bir çoxlarında sadə tarixi faktlar təəssüratı yarada bilər. Lakin ötən əsrin 90-cı illərinin ağırlığını görmüş, tarix və siyasət, xüsusilə qlobal güclərin əksər hallarda toqquşan iqtisadi və siyasi maraqları haqqında az-çox təsəvvürə malik hər kəsə aydındır ki, 30 il öncə bu mürəkkəb vəzifələrin həyata keçirilməsi yalnız çox gərgin zəhmət və qeyri-adi istedad sayəsində mümkün ola bilərdi.
Ulu öndər Heydər Əliyevin qurduğu milli dövlət modeli bizim bugünkü nailiyyətlərimizin əsasında dayanır. Azərbaycan Prezidenti İlham Əliyev ümummilli liderin qurduğu bu modeli daha da təkmilləşdirərək, milli dövlətçilik strategiyasını davam etdirmək missiyasını uğurla yerinə yetirdi. Ümummilli lider Heydər Əliyevin müdrikcəsinə dediyi bu fikirlərin arxasında nə qədər böyük bir həqiqət dayandığını bu gün hamımız çox aydın şəkildə görürük: “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri xalqın köməyi və dəstəyi ilə İlham Əliyev başa çatdıra biləcək”. İlham Əliyev bu müdrik kəlamı gerçəkliyə çevirən siyasi lider kimi adını tarixə yazdı.
Modern ideya və təşəbbüslərin iqtisadiyyatda, mədəniyyətdə, idmanda, bir sözlə, ölkə həyatının bütün sahələrində uğurla tətbiqi, beynəlxalq münasibətlər sisteminə yeni baxış bucağından baxaraq regional maraqların konfiqurasiyasını dəqiq müəyyən etməsi, cəmiyyətlə dövlət arasında qarşılıqlı etimadın dərinləşməsinə xidmət edən ardıcıl siyasət İlham Əliyevin qurucu və islahatçı lider kimi əsas uğurları sırasındadır. Lakin tarix Prezident İlham Əliyevə həm də müasir Azərbaycanda ölkənin ən mühüm milli problemi və strateji vəzifə sayılan Qarabağ məsələsini həll etmək missiyasını həvalə etmişdi. Azərbaycan Prezidenti 44 günlük Vətən müharibəsində bu çətin və şərəfli vəzifəni yerinə yetirməyə qadir yeganə lider olduğunu sübut etdi. Bütün regionun geosiyasi mənzərəsini dəyişən, Azərbaycanın son 200 illik tarixində qazandığı ən böyük hərbi-siyasi qələbəsi kimi qiymətləndirilən, Cənubi Qafqazda yeni təhlükəsizlik formatı yaradan bu zəfər Prezident İlham Əliyevin şəxsiyyətinin, siyasi təfəkkürünün, strateji düşüncə tərzinin, lider müdrikliyinin miqyasını təsəvvür etməyə imkan verən indikatordur. Müharibənin nəticələri çox ciddi bir problemi həll etməklə bərabər milli təhlükəsizliklə bilavasitə bağlı olan, hərb meydanında əldə olunmuş qələbənin siyasi və iqtisadi müstəvidə davam etdirilməsi, yeni reallıqlar kontekstində meydana çıxa biləcək mümkün təhdidlərin neytrallaşdırılması kimi bir çox yeni vəzifələr meydana çıxarır. Məhz bu baxımdan, Prezident İlham Əliyevin şəxsiyyəti Azərbaycanda milli birliyin və həmrəyliyin yeni ideoloji formulu kimi qiymətləndirilməlidir.
Ərazi bütövlüyü, Qarabağın, Şuşanın işğaldan azad olunması bir vaxtlar hər bir azərbaycanlıya möcüzə kimi görünürdü. Prezident İlham Əliyev möcüzəni gerçəyə çevirib. Qarabağın azadlığı əqidəsindən dünyagörüşündən, sosial statusundan asılı olmayaraq bütün dünya azərbaycanlılarını birləşdirən ideoloji hədəf idi. Bu gün o hədəf təbii olaraq dəyişib, indi qarşımızda işğaldan azad olunmuş ərazilərdəki xarabalıqlar üzərində yeni bir həyatın inşa olunması, qələbəmizin siyasi və iqtisadi baxımdan davam etdirilməsi kimi mühüm vəzifələr dayanır. Prezident İlham Əliyev bizi bu hədəf uğrunda birləşdirməyə qadir yeganə tarixi şəxsiyyətdir. Onun görmək istədiyi Azərbaycan ümummilli lider Heydər Əliyevin, eyni zamanda elə bizim hamımızın da arzuladığı mütərəqqi Azərbaycandır. Prezident İlham Əliyevi başqalarından fərqləndirən arzularımızdakı, xəyallarımızdakı Azərbaycanı qurmağın yolunu bilən siyasi lider olmasıdır. Başqa sözlə desək, İlham Əliyev indiki geosiyasi şərtlər, tarixi reallıqlar kontekstində elə Azərbaycan deməkdir. Onun strateji düşüncəsi, ideyaları, Azərbaycanın gələcəyinə dair baxışları postmüharibə dövründə bizi birləşdirən, ümummilli lider Heydər Əliyevin qurduğu milli dövlət modelini yeni inkişaf mərhələsinə çıxaran ideyalar sistemidir. Prezident İlham Əliyev xalqımızın yaddaşındakı 30 illik möcüzəni gerçəkləşdirməklə həm də yeni tarixi şəraitdə bizi birləşdirən dəyərə çevrilib. Yeni dövrdə bizim ideologiyamız da elə bu olmalıdır: nəyi, necə və nə vaxt etmək lazım olduğunu hər kəsdən daha yaxşı bilən Prezident İlham Əliyevin görmək istədiyi Azərbaycan.
Həmid Pənahov,
Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatının sədri.
8-05-2021, 08:02 | Əhmədzadənin heyəti iş başındadır... - İTTİHAM

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti (ASC ) ilə bağlı ötən yazımızda bildirmişdik ki, dünyada neft-qaz müharibələri başa çatır. Növbəti illər SU uğrunda dünyada amansız mübarizə gedəcək.
Dünyada gedən mürəkkəb siyasi prosesləri dəqiq bilən Prezidentimiz İlham Əliyev cənabları dönə-dönə SU mövzusunu əbəs yerə gündəmə gətirmir.
Dövlət başçısı su təsərrüfatının vəziyyətinə dair videokonfransda su itkisini xüsusi ilə qeyd etmişdi: “Əgər, dəhşətli dərəcədə bu itkilər olmasaydı, biz mövcud su resursları ilə özümüzü tam təmin edə bilərdik. İndi bu məsələ araşdırılır, bəzi hallarda itkilər 40 faizdir və 50 faizə çatır, bu, dözülməzdir”.
Bəli, su itkisi 40, bəzən 50 faizidir. Dünyada belə bir hal yoxdur.
Biz ötən yazımızda 100 illər əvvəl babalarımızın su arxlarına DAŞ döşəməsini və bununla SU İTKİSİ-nin qarşısını almasına əbəs yerə yada salmamışdıq.
Bəs görəsən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin ( MST SC ) rəhbərliyi bunu başa düşmür ?
Ötən yazımızda SC-nin Aparat rəhbəri Cahan Məmmədovdan və sədrin müavini Rafiq Aslanovdan bəhs etmişdik.
Məlumat üçün bildirək ki, Rafiq Aslanov 1984 – 1993-cü illərdə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Nazirliyinin bir sıra idarə və şöbələrində müxtəlif vəzifələrdə işləyib, 1993- 2006-cı illərdə Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Komitəsinin və Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyinin İqtisadiyyat, maliyyə və əmək haqqı idarəsində rəis vəzifəsində çalışıb və 2006-cı ildən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavinidir.
Bu adam AXC hakimiyyəti dövründə, İsa Qəmbərin yerlisi olaraq karyera qurub.
Biz ötən və indiki yazımızda əbəs yerə qeyd eləmədik ki, Azərbaycanda su itkisi Prezidentimizin dediyi kimi 40, bəzən 50 faizdir.
Bunu dövlət başçısı cənab İlham Əliyev deyir.
40-50 faiz su itkisinin arxasında bilirsiniz nələr durur?
100 milyonlar. Siz elə bilirsiniz həmən 40-50 faiz su havaya buxarlanır ?
Xeyr, həmən 40-50 faiz su itmir, Rafiq Aslanovların cibinə, daha doğrusu Londona gedir.
Bu adamın Londonda mülkləri, biznes şəbəkəsi, Türkiyədə otelləri və s.
Rafiq Aslanovun bacısıoğlu “Meliorasiya və Su Təsərrüfatı ASC -nin Texnoloji İstehsalat Komplektləşdirmə İdarəsinin rəisi İlqar Əliyevin əməllərindən, kranı 1 milyona satmasından növbəti yazıda bəhs edəcəyik.
İndi isə Rafiq Aslanovun oğlunun bahalı avtomobil kolleksiyasına baxın.
Avtomobillərinin nömrələri soyadına uyğun Asl × nov (× sıralama rəqəmlərlə ifadə olunur, məs. 1,2,3,4,5 və s.) kimi qeydiyyata alınıb: “Kolleksiyada Bentley, Range Rover, Mercedes S Class, C Class, E Class da daxil olmaqla xeyli sayda avtomobil var. Nömrələrindən asılı olmayaraq fotolardakı avtomobillər eyni kolleksiyasındandır”.
Deməli, su itkiyə getmir, Rafiq Aslanovların cibinə gedir.
Araşdırmamız davam edir. //gundelik-baku.com//
8-05-2021, 08:00 | Baş bankir də büdcəyə belə HƏKK GƏLİB... - Milyonlar belə yeyilir...
Azərbaycan Respublikasının Mərkəzi Bankının 6 və 7 may tarixlərində keçirdiyi 7 tenderin qalibi bir şirkət olub.
7 tenderin qalibi olmuş “GT SOLYUŞNZ” Məhdud Məsuliyyətli Cəmiyyəti 2 gün ərzində ümumilikdə 2 milyon 48 min 16 manat qazanacaq.
Tenderləri təqdim edirik:
1. Mərkəzi Bankının rəsmi internet səhifəsinin dəstəklənməsi – 13947.6 AZN
2. Mərkəzi Bankda istismarda olan Elektron statistik məlumat bazası və analitik hesabatlıq sisteminin proqram platformasının dəstəklənməsi – 484980 AZN
3. Mərkəzi Bankda istismarda olan Mərkəzləşdirilmiş Kredit Reyestri Sisteminin proqram platformasının dəstəklənməsi – 84960 AZN
4. Mərkəzi Bankda istismarda olan Maliyyə savadlığı portalının proqram platformasının dəstəklənməsi – 31435.2 AZN
5. Mərkəzi Bankda istismarda olan Menecment informasiya sisteminin proqram platformasının dəstəklənməsi – 308475.6 AZN
6. Mərkəzi Bankda istismarda olan Elektron Xidmətlər Portalının proqram platformasının dəstəklənməsi – 369930 AZN
7. Mərkəzi Bankda istifadə olunan standart proqram təminatları üzrə lisenziyaların satın alınması – 749288.2 AZN
40 manat nizamnamə kapitalına “GT SOLYUŞNZ” MMC 15.01.2007 tarixində Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı, ev 44 ünvanında dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Elxan Həsənov Mirhadi oğludur.
Şirkət 25.09.2019 tarixindən indiyə kimi təkcə Mərkəzi Bankdan 15 tender qazanıb.
Şirkətlə bağlı internet resurslarında məlumatlar yalnız satınalmaların qalibi olması ilə bağlıdır. //AzToday.az//
















