26-08-2021, 13:44 | Şuşanın əsl sahibləri qayıdıb, biz birdəfəlik buraya köçüb yaşayacağıq - Şuşa sakini

Əhd etmişdim ki, Şuşaya gedəndə bayrağımızı aparım, öz ata yurdumda, həyat yoldaşımın yaşadığı yerdə, Qayabaşında sancım.
Bunu Trend-ə açıqlamasında Şuşa sakini, hazırda bir qrup sakinlə Şuşa şəhərinə səfər edən Məlahət İbrahimova deyib.
M.İbrahimova bu gün şuşalılarla birlikdə doğma yurdlarında yenidən olmağın sevincini paylaşıb:
"30 il öncə erməni işğalı zamanı həyat yoldaşımın da sakinlərin Şuşadan çıxarılmasında çox böyük köməyi olub. Axır ki, bu həsrətimizə son qoyuldu. Bu gün mən şadam ki, öz şuşalılarımın içərisindəyəm. Bunun üçün Ali Baş Komandanımıza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin".
Qeyd edək ki, bu gün bir qrup Şuşa sakini Şuşaya səfər ediblər.
Sakinlər Cıdır düzü, Qala divarları, Gəncə qapısı, şəhərin simvolları olan və Ermənistan Silahlı Qüvvələrinin 1992-ci ildə Şuşanı işğal edərkən gülləbaran etdikləri Üzeyir Hacıbəyli, Xurşidbanu Natəvan və Bülbülün heykəllərini, Yuxarı və Aşağı Gövhər Ağa məscidlərini ziyarət ediblər.
26-08-2021, 13:37 | Azərbaycan sülhməramlıları Əfqanıstandan çıxarıldı

Əfqanıstan İslam Respublikasının Kabil Beynəlxalq Hava Limanında xidməti vəzifələrini yerinə yetirən 120 nəfərdən ibarət Azərbaycan sülhməramlısı tam heyətdə avqustun 26-da gecə saat 01:00 radələrində bu ölkədən çıxarılıb.
Müdafiə Nazirliyindən verilən məlumata görə, hazırda sülhməramlılarımız və onlara məxsus silah, hərbi əmlak hava yolu ilə Ankara şəhərinə daşınıb. Qısa müddətdə hərbi qulluqçularımızın Vətənə qayıdışı planlaşdırılır.
Qarşıya qoyulan tapşırıqları qardaş Türkiyə qüvvələri ilə birlikdə müvəffəqiyyətlə yerinə yetirən Azərbaycan sülhməramlıları xidməti vəzifələrini yüksək peşəkarlıqla icra edərək Əfqanıstanda təhlükəsizliyi təmin edib.
16-06-2021, 07:41 | Süfrədə şorbaların olmaması hansı problemlər yarada bilər

Həm uşaq bağçasında, həm də məktəbdə uşaqlar həmişə şorba ilə qidalanır. Uşaqlıq dövründə hər bir insan ən azı bir dəfə şorba yeməyin nə qədər vacib olduğunu eşidib. Bununla belə, yetkin yaşda bir çox insan bu qaydaya əməl etmir. Kimsə şorbanı sevmir, kiminsə onu hazırlamağa vaxtı yoxdur.
Düzgün qidalanmada maye qidaların rolu əvəzolunmazdır. Tərəvəz şorbaları stimullaşdırıcı və profilaktik xüsusiyyətlərə malikdir, lakin bəzi insanlar, maye qidaların mədə şirəsinə qarışaraq həzm prosesinə mane olduğunu iddia edir. Qastroenteroloqların bildirdiyi kimi, şorbalar qida rasionundan xaric edilməməlidir. Həqiqət budur ki, istənilən bulyon - istər ət olsun, istər tərəvəz - ekstrakt maddələrlə zəngindir. Məsələn, ət bulyonundakı jele tərkibli maddələr əzələ və qığırdaq toxumalarını gücləndirməyə kömək edir. Digərləri də öz növbəsində bağırsaq hərəkətliliyini dəstəkləyən maddələrin istehsalını stimullaşdırır və bütün tullantıların vaxtında bədəndən çıxarılmasında rol olynayır. Şorbadan imtina edildiyi zaman qəbizlik, fermentasiya və toksinlərlə qarşılaşmaq mümkündür. Həkimlərin fikrincə, xüsusi tibbi göstəriş olmadan hər gün şorba yeməyə ehtiyac yoxdur. Vaxtaşırı maye qidaları istehlak etmək kifayət edər.
//milli.mz/
16-06-2021, 07:38 | “iOS 15” sistemini dəstəkləyən “iPhone” modelləri açıqlanıb

2015-ci ildə buraxılan "iPhone 6s" və "6s Plus" smartfonları "iOS 15" əməliyyat sistemi dəstəyi ilə təchiz ediləcək. Bu barədə iyunun 7-də keçirilən təqdimatda elan olunub.
Smartfonlar üçün yeni əməliyyat sistemi 2015-ci ildə buraxılan "iPhone 6s" və "6s Plus" smartfonlarından tutmuş, bütün "iPhone" modellərinədək əlçatan olacaq. Həmçinin əməliyyat sistemini 2016-cı ilin yazında təqdim edilən orijinal "iPhone SE" modelinə quraşdırmaq mümkün olacaq. Beləliklə, smartfonlar üçün nümayiş olunan proqram təminatı "iOS 14" və "iOS 13" əməliyyat sistemlərinin idarəetməsi ilə işləyən bütün qurğulara quraşdırılacaq. Bundan başqa, yeddinci nəsil "iPod touch" pleyeri "iOS 15" dəstəyi ilə təchiz olunacaq.
Planşetlər üçün aktual əməliyyat sistemi beşinci nəsil "iPad" və birinci nəsil "iPad Air 2", 11 və 12,9 düymlük "iPad Pro" modellərindən başlayaraq şirkətin bütün qurğuları üçün buraxılacaq. Yeni əməliyyat sistemini dəstəkləyən qurğu kimi "iPad mini 4" modeli də qeyd olunur.
"watchOS 8" "ağıllı" saatları üçün əməliyyat sistemi "Apple Watch Series 3" modelindən başlayaraq bütün qurğularda yer alacaq. Kompüterlər üçün "macOS Monterey" adlı yeni əməliyyat sistemi 2015-ci il buraxılışlı "iMac", 2017-ci il "iMac Pro", 2013-cü il "Mac Pro", 2014-cü il "Mac mini", 2015-ci il "MacBook Pro", 2015-ci il "MacBook Air", 2016-cı il "MacBook" və ən yeni qurğularda buraxılacaq. "iOS 15" və digər əməliyyat sistemlərinin son versiyaları payızda təqdim ediləcək.
"iOS 15" və şirkətin digər məhsullarının nümayişi "WWDC-2021" konfransının ilk günündə baş tutub.
//ictnews.az//
16-06-2021, 07:36 | Apple-in AR cihazı nə zaman təqdim olunacaq?

WWDC 2021 konfransından sonra məşhur analitik Ming-Chi Kuo, Apple şirkətinin öz artırılmış reallıq cihazını nə zaman təqdim etməyi planlaşdırdığı barəsində məlumat verib. Analitikin sözlərinə əsasən əgər hər şey plan üzrə getsə şirkət artırılmış reallıq cihazının təqdimat tədbirini aprel, may və ya iyun ayında keçirdəcək. Apple şirkətinin artırılmış reallıq cihazı üçün komponentlərin istehsalı ilə Tayvanın Genius Electronic Optical (GEO) şirkəti məşğul olacaq. Bununla yanaşı bu şirkət həmçinin bu il təqdim olunacaq iPhone 13 üçün də komponent istehsalı ilə məşğuldur. Gözləntilərə əsasən Apple şirkətinin artırılmış reallıq cihazı Sony Micro-OLED ekranlar ilə təchiz olunacaq.
Həmin ekranlar iki çalışma rejimini əldə edəcəklər. Onlardan biri AR üçün nəzərdə tutulmuş şəffaf rejim, digəri isə VR üçün nəzərdə tutulmuş qeyri şəffaf rejim olacaq. Ümumilikdə cihaz 15 kameraya sahib olacaq. Bununla yanaşı cihaz Apple şirkətinin servislərini dəstəkləyəcək. Bu isə o deməkdir ki, şirkətin ilk AR cihazı Apple ekosisteminə sıx inteqrasiya olunacaq. Məlumatda qeyd edilib ki, Apple şirkətinin təqdim edəcəyi bu cihazın qiyməti 1000$ civarında olacaq. Onun çəkisi təqribi olaraq 200-300 qramm təşkil edəcək. Cihazdan istifadə etmək üçün isə stolüstü kompüter və ya noutbuk lazım olacaq.
//milli.az//
16-06-2021, 07:34 | Facebook-un ilk smart saatı barəsində yeni məlumatlar verilib

İnsayderlər Facebook şirkətinin ilk smart saatı barəsində yeni məlumatları veriblər. Verilmiş məlumatda qeyd edilib ki, Facebook-un smart saat modeli LTE dəstəyini əldə edəcək və smartfona daimi qoşulmanı tələb etmədən də çalışa biləcək. Bu barədə The Verge saytı xəbər verib. Təqdim olunmuş məlumatda qeyd edilib ki, şirkət smart saatın ilk versiyasını 2022-ci ilin yay fəslində satışa çıxardacaq. Şirkətin özü isə artıq smart saatın ikinci və üçüncü versiyası üzərində çalışır. Smart saatın qiyməti təqribi olaraq 400$ təşkil edəcək.
Məlumata əsasən smart saat iki kameraya sahib olacaq. Onlardan biri ekrana inteqrasiya ediləcək və videozənglər üçün nəzərdə tutulacaq. İkinci əsas kameranı isə smart saatın gövdəsindən ayırıb ayrıca action kamera kimi istifadə etmək mümkün olacaq. Bundan əlavə olaraq smart saat fitnes tracker funksiyalarını əldə edəcək və tətbiqlər ilə messencerləri dəstəkləyəcək. Smart saatın əsas kamerası ilə çəkiləcək foto və videoları sürətli şəkildə Instagram ilə Facebook-da paylaşmaq və Whatsapp vasitəsilə digər şəxsə göndərmək mümkün olacaq. Şirkət təmsilçiləri bu məlumatları təsdiqləməyiblər. Lakin bu məlumatları inkar da etməyiblər.
//milli.az//
16-06-2021, 07:31 | Astronomlar planetar dumanlıqda üzvi molekullar aşkar ediblər

Amerikalı alimlər Süd Yolunun ən uzaq kənarlarında yerləşən dumanlıqda üzvi molekullar aşkar ediblər. Əvvəllər hesab olunurdu ki, Qalaktikanın bu hissələri mürəkkəb kimyəvi proseslərin dəstəklənməsi üçün son dərəcə soyuqdur.
Tədqiqatın nəticələri Amerika Astronomiya Cəmiyyətinin 238-ci görüşündə təqdim edilib.
Arizona Universitetindən professor Lüsi Ziurisin rəhbərliyi ilə bir qrup tədqiqatçı Çilinin Atakama səhrasında ALMA radioteleskopları kompleksindən istifadə edərək, ölən ulduzların yerində yaranmış beş planetar dumanlıqda sianid turşusundan, formil-iondan və karbon-oksidindən radioşüalanmanı müşahidə edib.
Mövcud hesablamalara görə, ulduzlararası mühitdə maddələrin 90 faizini planetar dumanlıq, 10 faizini ifrat yeni ulduzlar təmin edir. Əvvəllər güman edilirdi ki, planetar dumanlığın maddələri atom şəklindədir. Lakin indi məlum olub ki, planetar dumanlıq yeni ulduz və planetlərin yaranması üçün molekul mənbəyidir. Ulduz ömrünün sonunda kütləsinin böyük hissəsini itirərək ağ cırtdana çevrilən zaman adətən güclü ultrabənövşəyi şüa saçır. Uzun müddət hesab edilib ki, bu şüalanma ulduzlararası mühitdə istənilən molekulları atomlara parçalayır. Müşahidələrin nəticələri bunun belə olmadığını göstərdi.
Əvvəllər planetar dumanlıq yalnız görünən işıqda müşahidə olunurdu və sferik hesab edilirdi, çünki ulduzlar ömrünü kürə şəklində başa vurur. Lakin yüksək dəqiqliklə əldə edilmiş görüntü onların mürəkkəb həndəsəsini üzə çıxarıb. Ölən ulduzun tulladığı sıx materialın bəzi sahələri bipolyar və ya hətta dördqütblü quruluşa malikdir. Müəlliflər hesab edirlər ki, dumanlığın formasının dəyişməsini nukleosintez prosesləri - ulduz daxilində yeni elementlərin yaranması - doğura bilər.
Professor Ziurisin sözlərinə görə, ölən ulduz planetar dumanlıq mərhələsini keçdikdən sonra onda sferik formanı pozan maraqlı dinamika baş verir.
Alimlər Qalaktikanın mərkəzindən kənarlarda metanol molekulyar buludlarının da aşkarlandığını bildiriblər. Arizona Universitetinin ARO teleskopunun köməyilə tədqiqatçılar Qu qollarının 20 molekulyar buludunu öyrəniblər və hamısında da metanol aşkarlayıblar. Tədqiq olunan sahə Qalaktikanın mərkəzindən 13-23,5 kiloparsek məsafədədir.
Tədqiqatçıların fikrincə, onların kəşfi qalaktika məskunluq zonası haqqında mövcud təsəvvürü şübhə altına qoyur. Həmin təsəvvürə əsasən, həyatın inkişaf edə biləcəyi şəraitin mövcudluğu üçün planet sistemi Qalaktika mərkəzinə son dərəcə yaxın yerləşə bilməz, həmçinin ondan lap çox uzaqda ola bilməz; çünki Qalaktikanın kənarlarında həyat üçün oksigen, karbon və azot kimi vacib elementlər çatmır.
Tədqiqatın nəticələri isə göstərir ki, Qalaktikanın kənarlarında da üzvi maddələrin yaranmasına gətirib çıxaran proseslər baş verir.
Hazırda alimlər ulduzlararası mühitdə digər üzvi birləşmələrin axtarışını davam etdirirlər. Onların fikrincə, formalaşan planet sistemlərində mövcud olan üzvi molekullar asteroidlərin səthinə kondensasiya ola bilər. Asteroidlər onları yaranmaqda olan planetlərə daşıyan zaman həmin molekullar orada həyatın yaranmasının başlanğıcını qoya bilər.
// ted.az//
16-06-2021, 07:26 | Günəbaxan tumundan istifadə edərkən nəyi bilməliyik

Günəbaxan tumlarının müntəzəm istifadəsinin beş əsas təhlükəsi müəyyən edilib. Bu barədə tibb elmləri namizədi, Moskva Dövlət Universiteti klinikasının endokrinoloqu Zuxra Pavlova danışıb. Həkim günəbaxan tumunun tərkibində Omeqa-6 vitamininin çox olduğunu qeyd edib.
Yüksək kalorili hesab edilən günəbaxan tumlarının tərkibindəki turşular insan bədənindəki iltihab prosesinin inkişafına təkan verir. Həkim qızardılmış tumlarda faydalı maddələrin olmadığını, eyni zamanda tərkibindəki son qlikasiya məhsullarının sürətli qocalmağa səbəb ola biləcəyini qeyd edib. Tumlar dişlərlə bölündüyü zaman onların tez xarab olmasına gətirib çıxarır. Bundan əlavə, onların tərkibində parazit yumurtaları ola bilər. Bunun üçün tumlar çiy vəziyyətdə alınaraq, yaxşı yuyulduqdan sonra mikrodalğalı sobada qurudulmalıdır.
16-06-2021, 07:25 | 3 və 4-cü doza vaksin vurula bilərmi?

Bəzi ölkələrdə peyvəndlərin 3 və 4-cü dozaları vurulmağa başlanıb. İlk iki dozadan sonra əlavə dozaların vurulmasına ehtiyac varmı?
Məsələ ilə bağlı açıqlama verən tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, hazırda sadəcə "Conson-Conson" vaksinləri tək doza olaraq vurulur:
"Hesab etmək olar ki, bu vaksinlərin hamısı müəyyən araşdırmalardan keçib və tələsik olaraq istifadəyə verilib. Ola bilər ki, gələcək araşdırmalar tamamilə başqa nəticələr versin. Peyvənd vurdurmuş, lakin antitel testi nəticəsində immunitet yaranmayan insanlar yenidən 3 və ya 4-cü doza vaksin vurdura bilərlər. Əlavə dozalar peyvənd olunmasına və ya əvvəl yoluxub sağaldığına baxmayaraq, immunitet yaranmamış insanlara vurulacaq".
//axar.az//
16-06-2021, 07:22 | Fırıldaqçı proqramlardan ziyan 265 milyard dolları ötəcək

"Cybersecurity Ventures" şirkətinin kibertəhlükəsizlik sahəsi üzrə ekspertləri fırıldaqçı proqramlarla əlaqədar insidentlərdən ziyanın nəzarətdən çıxaraq 2031-ci ildə 265 milyard dolları ötəcəyi ilə bağlı xəbərdarlıqla çıxış ediblər.
Hazırda fırıldaqçı proqramlar potensial baxımdan ən təhlükəli və yayılmış proqram təminatı növlərindəndir. Fırıldaqçı kompüter şəbəkəsinə daxil olduqdan sonra cinayətkarlar faylları şifrləyir, istifadəçilərin çıxışını bloklayır və deşifrə açarı əvəzinə, pul (adətən kriptovalyutada) tələb edirlər.
Bundan başqa, fırıldaqçılar hücum zamanı informasiyanı oğurlayaraq özlərinə məxsus xüsusiləşmiş saytlarda dərc etmək və ya onu satmaqla hədə-qorxu gələrək qurbana təzyiqi artırırlar.
Mütəxəssislərin proqnozuna görə, fırıldaqçılardan ziyan 2031-ci ilədək artacaq, çünki bu növ kibercinayətkarlıq həm müəssisələrə, həm də istehlakçılara təsir edir.
ABŞ Kibertəhlükəsizlik Agentliyinin qiymətləndirməsinə görə, fırıldaqçı proqramlar bu il şirkət və təşkilatlara təxminən 20 milyard dollara başa gələcək ki, bu da 2015-ci ildən 57 dəfə çoxdur.
ictnews.az


















