22-04-2021, 12:19 | Vilayət Eyvazov daha bir polis zabitini Lənkərandan Sumqayıta gətirdi
Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov daha bir kadr təyinatı həyata keçirib.
Nazirin əmri ilə Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini, polis polkovnik-leytenantı Yelmar Mehdiyev vəzifəsindən azad olunub.
Nazirin digər əmri ilə Y. Mehdiyev Sumqayıt Şəhər Polis İdarəsinin Cinayət axtarış şöbəsinin rəisi təyin edilib.
22-04-2021, 11:56 | Hüseynbala Mirələmov vəzifəsindən azad edildi
"Biz də bu hadisə barədə görüntüləri əksəriyyət kimi sosial şəbəkələrdə gördük və izlədik. Görüntülərin qeydə alındığı otaq universitetin deyil. Onun başqa vəzifələri də var".
Bunu "Report"a açıqlamasında Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) İctimaiyyətlə Əlaqələr və Marketinq Departamentinin direktoru Bəhruz Nəzərov ADNSU-nun kafedra müdiri Hüseynbala Mirələmovla bağlı yayılan görüntülərə münasibət bildirərkən deyib.
Sözçü bildirib ki, görüntülər yayıldıqdan sonra Hüseynbala Mirələmov ADNSU-nun Qaz Neft Mühəndisliyi fakültəsinin "Neftin, qazın nəqli və saxlanması" kafedrasının müdiri vəzifəsindən azad edilib:
"O, bu gün səhər öz ərizəsi ilə işdən azad olunub".
Qeyd edək ki, aprelin 21-də sabiq deputat H.Mirələmovun sosial şəbəkələrdə qeyri-etik hərəkətlərinin olduğu videosu yayılıb. Həmin görüntülərin də ADNSU-nun Elmi Şurasının onlayn iclası zamanı çəkildiyi bildirilir.
22-01-2021, 10:12 | Tomas Bax Tokio Olimpiadasının bu yay keçiriləcəyinə əmin olduğunu bildirib
Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax Tokio Olimpiya və paraolimpiya Oyunlarının keçiriləcəyinə əmin olduğunu bildirib.
Bu barədə BOK-un prezidenti Kyodo agentliyinə müsahibəsində bildirib. "Hazırda bizim əlimizdə Tokio Olimpiya Oyunlarının iyulun 23-də Tokionun paytaxt stadionunda açılışının baş tutmayacağını demək üçün elə bir əsas yoxdur", - deyə T.Bax vurğulayıb.
Xatırladaq ki, BOK və Tokio Oyunlarının təşkilat komitəsi ötən il martın sonlarında koronovirus pandemiyasına görə Olimpiadanın 2021-ci ilə keçirilməsi barədə qərar qəbul ediblər. Oyunların iyulun 23-dən avqustun 8-dək keçirilməsi nəzərdə tutulur.
BOK prezidenti əmin olduğunu bildirib ki, o, Tokio Olimpiadasını təhlükəsiz və uğurlu keçirmək mümkün olacaqdır.
Qeyd edək ki, son vaxtlar Tokio Olimpiadasının keçirilməsi ilə bağlı Yaponiya cəmiyyətində müəyyən çaşqınlıq yaranıb. Belə ki, bir sıra KİV-lərin keçirdiyi sorğuların nəticələrinə görə, koronovirus pandemiyasına görə yaponların yalnız 16 faizi yarışların baş tutacağını mümkün sayır.
Hazırda Yaponiyanın mərkəzi hökuməti tərəfindən pandemiyaya görə 13 əsas prefekturada ikinci fövqəladə vəziyyət rejimi elan edilib. AZƏRTAC
29-12-2020, 10:18 | "Çelsi" qələbəni əldən verdi
İngiltərə Premyer Liqasında 16-cı turun oyunları keçirilir.
"Çelsi" öz meydanında "Aston Villa" ilə qarşılaşıb. Oyun 1:1 hesablı bərabərliklə başa çatıb.
"Çelsi" - "Aston Villa" - 1:1
Qollar: Jiru, 34 (1:0), El-Qazi, 50 (1:1)
Bu nəticədən sonra "Çelsi" 26 xalla 6-cı, "Aston Villa" isə eyni xalla 5-ci pillədə qərarlaşıb. Turnir cədvəlinə 32 xalla "Liverpul" başçılıq edir.
29-12-2020, 10:17 | Teymur Rəcəbov dörddəbir finalda
Rapid üzrə "Champion Chess Tour" çərçivəsində onlayn təşkil edilən "Airthings Masters" turnirində dörddəbir finalın iştirakçıları müəyyənləşib.
Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov son iki turda Fransa təmsilçisi Maksim Vaşye-Laqrav və hindistanlı rəqibi Harikrişna Pentala ilə heç-heçə edib. On bir turda ümumilikdə 6 xal toplayan şahmatçımız seçmə mərhələsini beşinci yerdə başa vurub və dörddəbir finala vəsiqə qazanıb. Norveçli hazırkı dünya çempionu Maqnus Karlsen 11 turdan 6,5 xal toplayaraq birinci pillədə qərarlaşıb.
Yanvarın 3-dək davam edəcək turnirin ümumi mükafat fondu 200 min ABŞ dollarıdır.
28-12-2020, 14:02 | Ermənistan hərbi cinayət törədənləri cəzalandırmır - Baş Prokurorluqdan beynəlxalq təşkilatlara müraciət
Bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində Azərbaycan və Ermənistan hərbi qulluqçuları tərəfindən törədilməsi güman edilən, döyüş əməliyyatları zamanı həlak olmuş hərbçilərin, mülki şəxslərin meyitləri üzərində təhqiredici hərəkətlər edilməsi, habelə əsir götürülmüş hərbçilər və mülki vətəndaşlarla qeyri-insani rəftarı əks etdirən çoxsaylı videogörüntülər yayılmışdır.
Baş Prokurorluğunun Mətbuat Xidmətindən verilən məlumatda bildirilir ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu və Hərbi Prokurorluq tərəfindən aparılmış təhlillər zamanı saxta videoçarxlar istisna edilərək reallığı əks etdirməsinə ciddi şübhələr yaranan videogörüntülər, o cümlədən bəzi hallarda əsir düşmüş şəxslərin baş və boğaz nahiyəsinin kəsilməsi yolu qətlə yetirilməsi faktlarının hər biri üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
Lakin Azərbaycan Respublikası Baş prokurorluğu tərəfindən yuxarıda qeyd olunan hadisələr üzrə cinayət işlərinin başlanaraq təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi və digər şəxslərin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirlərinin davam etdirilməsi barədə 2 dəfə rəsmi məlumat verilməsinə baxmayaraq qarşı tərəfdən qeyd olanan faktlarla bağlı hər hansı bir açıqlama verilməməsi onu təsdiq edir ki, bu cinayətlər Ermənistan hüquq mühafizə orqanları tərəfindən araşdırlmır və Ermənistan rəhbərliyinin bundan sonra da siyasi iradə nümayiş etdirməyərək cinayət törətmiş şəxslərin cəzalandırlması istiqamətində hər hansı bir addım atmaq niyyəti yoxdur.
Azərbaycan Respublikası Baş prokurorluğu tərəfindən döyüş əməliyyatları zamanı həlak olmuş Azərbaycan hərbi qulluqularının meyitləri üzərində təhqiredici hərəkətlər, əsir düşmüş azərbaycanlı hərbçiləri ilə qeyri-insanı rəftarı əks etdirən videögörüntülər, mülki Azərbaycan vətəndaşlarının öldürülməsi və onlara xəsarət yetirilməsi faktları ilə bağlı Ermənistan hüquq mühafizə orqanları tərəfindən tədbir görülməsi, üzərinə düşən beynəlxalq öhdəliklərin yerinə yetirilməsi, cinayət faktları üzrə açıq və ədalətli araşdırma aparılması üçün beynəlxalq təşkilatlara müraciət edilib.
Hazırda Azərbaycan hərbi qulluqularına qarşı qanuna zidd hərəkətlər, 101 mülki Azərbaycan vətəndaşının öldürülməsi, 423 nəfərə xəsarət yetirilməsi ilə bağlı bütün cinayət işləri üzrə Azərbaycan Respublikasının prokurorluq orqanları tərəfindən zəruri və intensiv istintaq hərəkətləri aparılır.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə müvafiq olaraq işini şəffaf və açıq quran Azərbaycan Respublikası Baş Prokurorluğu bir daha bəyan edir ki, təqsirli şəxslərin müəyyən edilərək mövcud hüquqi mexanizm və beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilməsindən ötrü mümkün olan bütün tədbirlərin görülməsi təmin edilməklə bundan sonra da ictimaiyyətə geniş məlumat verilməsi təmin ediləcəkdir.
Azərbaycan Respublikası Baş prokurorluğu hesab edir ki, Ermənistan hüquq mühafizə orqanlarını öz ölkəsinin hərbçiləri tərəfindən törədilmiş cinayət hadisələri ilə bağlı beynəlxalq hüquq normalarının tələblərinə uyğun olaraq araşdırma aparmalı və dünya ictimaiyyətinə ətraflı məlumatın verilməsini təmin etməlidir.(milli.az)
28-12-2020, 11:22 | Azərbaycanda dərman qıtlığı müzakirə edildi
Koronavirus pandemiyası ilə əlaqədar bütün dünyada olduğu kimi, ölkəmizdə də bir sıra dərman vasitələrinə tələbatın artması nəticəsində bəzi işbazlar tərəfindən dərman vasitələrinin təsdiq edilmiş qiymətdən fərqli qiymətə satılması və əsassız dövriyyədən çıxarılmaqla dərman qıtlığı yaradılması halları müşahidə olunur.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən Milli.Az-a verilən məlumata görə, bu halların vaxtında müəyyən edilməsi və qarşısının alınması məqsədilə Dövlət Xidməti tərəfindən mütəmadi aparılan monitorinqlər daha da gücləndirilib.
Dərman vasitələrinin satışı bazarında mövcud vəziyyətin müzakirəsi məqsədilə iri dərman idxalçıları və aptek şəbəkələrinin rəhbərləri ilə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində görüş keçirilib.
Görüşdə dərman təminatında problemlər müzakirə edilib, dövlət qeydiyyatından keçən dərman vasitələrinin təsdiq edilmiş qiymətlərdən fərqli qiymətə satışının, habelə artan tələbatdan sui-istifadə edərək dərman vasitələrinin əsassız olaraq dövriyyədən çıxarılmasının qanun pozuntusu olduğu vurğulanıb. Dövlət Xidmətinin aptek şəbəkələrində keçirdiyi monitorinqlər zamanı belə halların müəyyən ediləcəyi təqdirdə qanunvericilik çərçivəsində ən ciddi məsuliyyət tədbirlərinin görüləcəyi diqqətə çatdırılıb.
Eyni zamanda, sahibkarlara dərman vasitələrinə olan tələbatın tam ödənilməsi üçün zəruri dərman vasitələrinin idxalının artılılması tövsiyə edilib.
Görüşdə dərman idxalçıları tərəfindən səsləndirilən təkliflər dinlənilib, ümumilikdə dərman bazarı sahəsində mövcud vəziyyət müzakirə olunub, onlara qanunvericiliyin tələbləri izah edilib.
28-12-2020, 11:04 | Nazirlikdən xəbərdarlıq: ehtiyatlı olun...
Dezinfeksiyaedici vasitədən istifadə edilərkən ilk növbədə həmin vasitənin istehsalçısı tərəfindən tərtib edilən təlimatlara əməl edilməsinin vacibdir.
Trend bildirir ki, bunu Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktor müavini Vaqif Abdullayev deyib.
O bildirib ki, xəstələrin olduqları yerlərdən xəstəxanalara aparıldıqları bütün hallarda həyata keçirilən tamamlayıcı dezinfeksiya aparılan müddətdə və dezinfeksiya başa çatdırıldıqdan sonra dezinfeksiyaedici vasitənin təlimatına uyğun olaraq müəyyənləşdirilən müddət ərzində (bu müddət barədə dezinfeksiyanı həyata keçirən qrupun rəhbəri tərəfindən qapalı məkanın cavabdeh şəxsinə xəbərdarlıq edilməlidir) dezinfeksiya edilən qapalı məkanda dezinfeksiyanı aparanlardan savayı digər şəxslərin olmasına yol verilmir: "Məqsəd, qapalı məkanlarda aparılan dezinfeksiya zamanı dezinfeksiyaedici vasitələrin tərkibində olan aktiv maddələrin zərərli təsirindən insanların sağlamlığının mühafizəsinin təmin olunmasıdır.
Xüsusən çiləmə, püskürtmə üsulları ilə aparılan tamamlayıcı dezinfeksiya zamanı yaranan kiçik damlaların tərkibində olan aktiv maddə məsələn, xlor təsirindən gözlərin zədələnməsi, tənəffüs yollarının, dərinin qıcıqlandırılması kimi sağlamlıq problemləri baş verə bilər. Ümumilikdə isə dezinfeksiyaedici maddələrin orqanizmə zərərli təsir dərəcəsi hər bir dezinfeksiyaedicinin tərkibində olan aktiv maddənin toksiklik dərəcəsindən, qatılığından (konsentrasiyasından) asılı ola bilər".
Qurum rəsmisi bildirib ki, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin tabeliyində olan dezinfeksiya xidməti tərəfindən şəxsi mənzillər və yaşayış binalarının xəstələrin xəstəxanalara aparılmasından sonra tamamlayıcı dezinfeksiya edilir: "Şəxsi mənzillərdə və yaşayış binalarında yerləşdikləri ərazilərin dezinfeksiya stansiyaları və profilaktik dezinfeksiya şöbələri, yaxud özəl dezinfeksiya xidmətləri ilə bağlanmış müqavilələr üzrə ödənişli əsasda profilaktik dezinfeksiya işləri aparıla bilər. Bundan başqa, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin tabeliyində olan, müasir tələblər səviyyəsində təchiz olunmuş dezinfeksiya xidməti tərəfindən COVID-19 infeksiyasının yayılmasına qarşı effektiv mübarizə məqsədi ilə Səhiyyə Nazirliyinin tapşırığı əsasında ölkənin demək olar ki, bütün təhsil müəssisələrində dezinfeksiya işləri həyata keçirilmişdir".
V.Abdullayev bildirib ki, xəstələrin evdə qalması halında, yaxud profilaktik məqsədlə dezinfeksiya zamanı təmizlik işlərinin aparılması qaydalarına və prinsiplərinə ciddi əməl edilməli, ilk növbədə otaqda olan bütün əşyaların səthləri sabunlu yaxud yuyucu vasitəli su ilə təmizləndikdən sonra dezinfeksiyaedici məhlulla isladılmış təmiz əski ilə silinməklə dezinfeksiya olunmalıdır: "COVID-19 infeksiyası törədicilərinə qarşı mübarizədə səthlərin cari dezinfeksiyasının aparılması üçün Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə görə natrium hipoxloritin 0,1 %-li məhlulundan və 70-90 %-li spirtdən istifadə edilməsi məqbul hesab olunur. Məişətdə istifadə üçün nəzərdə tutulan və ticarət müəssisələrində satılan xlor tərkibli vasitələrdən də istifadə edilməsi məqsədəuyğundur. Cari dezinfeksiyanın aparılması zamanı maska və əlcəkdən istifadə olunmalı, ağız, burun, üz və dəri səthinə toxunulmamalıdır".
28-12-2020, 10:12 | Yenidən yığmada - Robert Prosineçki
Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçkinin işsiz günləri qısa çəkəcək.
Bu yaxınlarda "Dənizlispor"dan ayrılan xorvatiyalı mütəxəssis yenidən yığmada çalışmağa yaxındır.
Prosineçkinin Şimali Makedoniya millisinin sükanı arxasına keçməsi gözlənilir. İqor Angelovskinin gedişindən sonra baş məşqçi axtarışlarını davam etdirən makedoniyalılar üçün Prosineçki prioritet hədəfdir. Tərəflər arasında danışıqlar artıq yekunlaşmaq üzrədir.
Qeyd edək ki, Robert Prosineçki 2014-2017-ci illərdə Azərbaycan millisinə rəhbərlik edib.
28-12-2020, 10:02 | "Real" 20 yaşlı "Mançester Siti"nin futbolçusu Fodenlə maraqlanır
İspaniyanın "Real" futbol klubu İngiltərənin "Mançester Siti"sinin yarımmüdafiəçisi Fil Fodenin alınmasında maraqlıdır.
"Real"ın bir neçə ildir Fodeni izlədiyi qeyd olunur. 20 yaşlı futbolçu bu mövsüm İngiltərə Premyer Liqasında yalnız iki dəfə "Mançester Siti"nin start heyətində meydançaya çıxıb. İspaniya klubu bu vəziyyətdən istifadə etmək istəyir.
Yarımmüdafiəçinin İngiltərə klubu ilə müqaviləsi 2024-cü ilə qədərdir.
Foden "Mançester Siti"nin yetirməsidir və 2017-ci ildən əsas heyətdə çıxış edir. Ümumilikdə, bu mövsüm futbolçu müxtəlif turnirlərdə 18 matçda iştirak edib və onlarda beş qol və dörd faydalı ötürmə ilə fərqlənib.
Xatırladaq ki, "Mançester Siti" 14 turdan sonra 26 xalla Premyer Liqa turnir cədvəlində beşinci, "Real" İspaniya liqasında 15 oyunda 32 xalla ikinci yerdədir.
Eyni zamanda, "Real" Madridin yarımmüdafiəçisi Isko komandanın kapitanı Serjio Ramos ilə qarşıdurmadan sonra komandadan transfer edilməsini istəyir.
Qeyd olunur ki, "Real"ın futbolçuları 28 yaşlı İskonun oyunundan narazıdır və heyətdə layiqincə yer almadığıni hesab edirlər.Trend