3-12-2020, 12:11 | "Qarabağ"ın daha bir futbolçusunda koronavirus aşkarlandı

"Qarabağ" Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda qarşılaşacağı "Makkabi" ilə oyunöncəsi UEFA-nın tələblərinə uyğun koronavirus testindən keçib.
Mahir Emrelidə testin nəticəsi pozitiv çıxıb və Türkiyəyə aparılmayıb.
Bir müddətdir Türkiyədə reabilitasiya keçən müdafiəçi Abbas Hüseynov da bu gün koronavirus testindən keçib və müdafiəçidə də koronavirus aşkarlanıb.
Daha öncə isə komandanın baş məşqçisi Qurban Qurbanov və tərcüməçi Elvar Quliyevdə də testin nəticəsi pozitiv çıxdığı üçün komandadan ayrı düşüb.
Milli komandanın düşərgəsində koronavirusa yoluxmuş Maksim Medvedev hələ də müalicəsini Lüksemburqda davam etdirir, Xorvatiyada isə müalicə keçən müdafiəçi Rahil Məmmədovun dünən verdiyi koronavirus testinin nəticəsi mənfi çıxıb və Türkiyəyə gələrək komandaya qoşulub.
Milli komandanın heyətindən gəldikdən sonra koronavirusa yoluxmuş daha bir futbolçu Musa Qurbanlının son iki testi də neqativ çıxıb, lakin futbolçu məşqlərdən uzaq olduğun üçün "Makkabi" ilə oyunun heyətinə əlavə edilməyib.
2-12-2020, 17:06 | Qarabağla bağlı UNESCO-ya müraciət edən Rusiya mədəniyyət xadimləri Azərbaycana dəvət edildi

Azərbaycan Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov Qarabağda yerləşən xristian irsinin qorunmasına və bu irsin UNESCO-nun Dünya irsi siyahısına salınmasına kömək göstərilməsi ilə bağlı UNESCO-ya müraciət edən Rusiyanın mədəniyyət xadimlərinə məktub göndərib.
Nazirlikdən milli.az-a verilən məlumata görə, Rusiyanın ictimai xadimlərinin Dağlıq Qarabağda və ətraf rayonlarda erməni işğalı zamanı çoxsaylı müsəlman irsi abidələrinin dağıdılmasına baxmayaraq, müraciətdə yalnız xristian irsi haqqında bəhs edilməsi, eləcə də Azərbaycan ərazisindəki bütün tarixi, mədəni, dini irsin heç bir ayrı-seçkilik qoyulmadan dövlət tərəfindən qorunması və hökumətin bu məsələyə çox ciddi yanaşması nəzərə alınmayaraq, müraciətin birbaşa UNESCO-ya ünvanlanması onun qərəzli və məqsədli şəkildə hazırlandığını və ölkəmizə qarşı qarayaxma kampaniyasının bir hissəsi olduğunu göstərir.
Məktubda öncə Ermənistan tərəfindən uzun müddət işğal altında saxlanılmış Azərbaycan ərazilərində mədəni irsimizin dağıdılması, əksər hallarda həm müsəlman, həm də xristian irsinin məhv edilməsi haqqında məlumatlar əks olunub. Eyni zamanda Azərbaycanın müxtəlif şəhərlərində yerləşən həm dini (müsəlman, xristian, yəhudi), həm də mədəni irsin dövlət tərəfindən qorunması ilə bağlı faktlar diqqətə çatdırılıb.
Bundan əlavə, rusiyalı mədəniyyət xadimlərinə qeyd etdikləri narahatçılıqla bağlı Azərbaycan Hökumətinə deyil, birbaşa UNESCO-ya müraciət ünvanlamalarına görə irad bildirilib və onlara erməni təbliğatının qurbanı olmamaq tövsiyə edilib.
Məktubun sonunda müraciəti imzalamış mədəniyyət xadimləri işğaldan azad olunmuş ərazilərdə 30 ilə yaxın davam etmiş dağıdıcılıq və talançılığın nəticələrini, həmçinin ölkəmizdə mədəni irsə necə qayğı göstərildiyini görmək üçün Azərbaycana dəvət olunublar.
Qeyd etmək lazımdır ki, UNESCO-ya göndərilən müraciət bir sıra tanınmış şəxslər və mədəniyyət xadimləri tərəfindən də birmənalı qarşılanmayıb və çoxsaylı tənqidə məruz qalıb.
2-12-2020, 16:57 | TƏBİB koronavirusdan evdə müalicə olunanlara xəbərdarlıq edib

Ev şəraitində müalicə olunan COVİD xəstəsi ailə üzvləri üçün real infeksiya mənbəyidir.
Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə TƏBİB-in nümayəndəsi, Tibb Universitetinin professoru Akif Qurbanov deyib.
Onun sözlərinə görə, ailə üzvləri həmin xəstədən özünü qorumalıdır: "Ev şəraitində müalicə olunan şəxs ailə üzvlərindən təcrid olunmalıdır. Həmin şəxs həkim məsləhətlərinə ciddi əməl etməlidir ki, ailə üzvləri yoluxmasın. Əks halda infeksiya ailə üzvlərinə yoluxa bilər. Bu prosesə nəzarət edilməlidir".Trend
30-11-2020, 11:48 | Bill Qeyts unikal unitaz nümayiş etdirib

"Microsoft" kompaniyasının banilərindən biri olan Bill Qeyts son illər fəaliyyəti sanitariya sahəsində yeni texnologiyaların hazırlanmasına yönələn tədqiqat fonduna daha çox diqqət ayırır.
Alim və mühəndislərin son uğuru su və kanalizasiyanın lazım gəlmədiyi unikal tualet olub.
Bill Qeyts son zamanlar sanitariya məsələləri ilə daha çox maraqlanmağa başlayıb. Onun kompaniyası bununla bağlı ciddi problemlərin olduğu ölkələr üçün nəzərdə tutulan maraqlı layihələr nümayiş etdirib. Bill Qeyts bu yaxınlarda Çində suya ehtiyacı olmayan ayaqyolunun təqdimatını keçirib. Həmin unitazı kanalizasiyaya qoşmağa gərək yoxdur. Belə ki, unitaz insan ifrazatını xüsusi kapsula yığır, sonradan isə kənd təsərrüfatı üçün gübrəyə çevirir.
Unitazı "Microsoft" kompaniyasının qurulduğu və kütləvi kompüterləşmənin başladığı 70-ci illərin texnoloji inkişafı ilə müqayisə edən Bill Qeyts bu layihə üzərində çalışmaların illərlə sürdüyünü və artıq bazara çıxmağa hazır olduğunu bildirib. Onun sözlərinə görə, yaxın on illər ərzində tullantıların bu cür utilizasiyası dünyanın bütün ev təsərrüfatlarını "zəbt" edəcək. Elmi-texniki inkişaf sayəsində böyük təmizləyici stansiyalara da ehtiyac qalmayacaq.
Bill Qeytsin əsasını qoyduğu xeyriyyə fondu son yeddi ildə insan ifrazatını suya, yanacağa və gübrəyə çevirmək imkanlarının tədqiqi ilə məşğul olan tədqiqat layihələrinə 200 milyon dollar vəsait yatırıb. Fondun ekspertlərinin hesablamalarına görə, antisanitariya hər il 5 yaşına qədər yarım milyon uşağın ölümünə səbəb olur, həmçinin dünya iqtisadiyyatını 233 milyard dollar əlavə maliyyə xərcləri ilə yükləyir.
27-11-2020, 09:51 | Avroliqada oyunların nəticələri

Bu gün UEFA Avropa Liqasının qrup mərhələsində 4-cü turun oyunları keçirilib.
Turnirdəki yeganə təmsilçimiz "Qarabağ" Türkiyədə "Sivasspor"la üz-üzə gəlib və 2:3 hesabı ilə uduzub. İ qrupunun digər matçında İspaniyanın "Vilyarreal" və İsrailin "Makkabi"(Təl-Əviv) komandaları qarşılaşıb və bərabərə qalıb -1:1.
Avropa Liqası, 4-cü tur
A qrupu
21:55. MOİK (Sofiya, Bolqarıstan) - "Yanq Boyz" (İsveçrə) - 0:1
00:00. ÇFR (Rumıniya) - "Roma" (İtaliya) - 0:2
B qrupu
21:55. "Molde" (Norveç) - "Arsenal" (İngiltərə) - 0:3
00:00. "Dandolk" (İrlandiya) - "Rapid" (Vyana, Avstriya) - 1:3
C qrupu
00:00. "Nitsa" (Fransa) - "Slaviya" (Praqa, Çexiya) - 1:3
00:00. "Bayer" (Almaniya) - "Hapoel" (Beer-Şeva, İsrail) - 4:1
D qrupu
00:00. "Reyncers" (Şotlandiya) - "Benfika" (Portuqaliya) - 2:2
00:00. "Standard" (Belçika) - "Lex" (Polşa) - 2:1
E qrupu
00:00. PSV (Niderland) - PAOK (Yunanıstan) - 3:2
00:00. "Qranada" (İspaniya) - "Omoniya" (Kipr) - 2:1
F qrupu
00:00. AZ (Niderland) - "Real Sosyedad" (İspaniya) - 0:0
00:00. "Napoli" (İtaliya) - "Riyeka" (Xorvatiya) - 2:0
G qrupu
21:55. "Braqa" (Portuqaliya) - "Lester" (İngiltərə) - 3:3
21:55. AEK (Yunanıstan) - "Zarya" (Ukrayna) - 0:3
H qrupu
21:55. "Sparta" (Praqa, Çexiya) - "Seltik" (Şotlandiya) - 4:1
21:55. "Lill" (Fransa) - "Milan" (İtaliya) - 1:1
I qrupu
21:55. "Qarabağ" (Azərbaycan) - "Sivasspor" (Türkiyə) - 2:3
21:55. "Makkabi" (Təl-Əviv, İsrail) - "Vilyarreal" (İspaniya) - 1:1
J qrupu
21:55. LASK (Avstriya) - "Antverpen" (Belçika) - 0:2
00:00. "Tottenhem" (İngiltərə) - "Lüdoqorets" (Bolqarıstan) - 4:0
K qrupu
21:55. "Volfsberq" (Avstriya) - "Dinamo" (Zaqreb, Xorvatiya) - 0:3
21:55. MOİK (Moskva, Rusiya) - "Feyenoord" (Niderland) - 0:0
L qrupu
21:55. "Gent" (Belçika) - "Srvena Zvezda" (Serbiya) - 0:2
21:55. "Slovan" (Liberec, Çexiya) - "Hoffenhaym" (Almaniya) - 0:2
(qol.az)
27-11-2020, 09:46 | "İstəyimiz qələbə qazanmaq idi, amma alınmadı"

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda Türkiyədə "Sivasspor"a 2:3 hesabı ilə uduzduqları oyunu şərh edib.
O, matçdan sonra keçirilən mətbuat konfransında bunları deyib: "Sivasspor"u təbrik edirəm. Yaxşı oyun nümayiş etdirdilər. Məğlubiyyətə üzülürəm, amma rəqibi təbrik edirəm. Onlara digər matçlarda uğurlar arzulayıram. Oyunçularım qalib gəlmək üçün hər şeyi etdi. Ancaq nəticədə məğlub olduq. Futbolda belə hallar olur. Bizim də istəyimiz qələbə qazanmaq idi, amma alınmadı".
O, komandanın heyətindəki problemlərdən də danışıb: "Çox dəyişiklik etmədik. 1-2 oyunçumuz meydana çıxa bilsəydi, oyunu sürətləndirə bilərdik. Əlimizdəki futbolçularla ən doğrusunu etməyə çalışdıq".
Q.Qurbanov heyətdə itkilər olmasına baxmayaraq, komandasının yaxşı mübarizə apardığını söyləyib: "Rəqib futbolçuların xüsusilə də hücum xəttində ustalıq səviyyəsi yüksək idi, əllərinə düşən fürsətlərdən maksimum istifadə etdilər. Bu gün gəncləri qazandıq, onlar üçün böyük təcrübə oldu. Qrupda iki oyunumuz qaldı, bu oyunlara maksimum hazırlaşıb yaxşı nəticə qazanmaq üçün meydana çıxacağıq".
27-11-2020, 09:35 | "Komandamla qürur duyuram" - Rıza Çalımbay

Bu matçda həm Türkiyə, həm də özümüz üçün qalib gəlməyimiz lazım idi. Bu qədər zədə və itkilərə rəğmən, mükəmməl mübarizə apardıq. Komandamla qürur duyuram. Bizim üçün gözəl oyun oldu.
Bu sözləri Sivasspor"unun baş məşqçisi Rıza Çalımbay Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda "Qarabağ"a 3:2 hesabı ilə qalib gəldikləri matçdan sonra keçirilən mətbuat konfransında deyib.
O, "Vilyarreal"la ən çətin oyunlarına çıxacaqlarını bildirib: "Tək qorxumuz zədə və liqa görüşləridir. Superliqada 21 komandanın mübarizə aparması çox ağırdır. Başqa vaxt 25-30 klub çıxış etsə belə, çempionatı avqustda bitirmək olardı. Amma indi Avropa çempionatı ilə əlaqədar liqalar mayın 15-dək başa çatdırılmalıdır. Yəni, qrafikimiz getdikcə sıxlaşmaqdadır. Qrupdan çıxsaq, daha sıx qrafiklə üzləşəcəyik. Çətin mövsüm keçiririk. Ümid edirəm ki, hər şey yaxşı bitəcək".
27-11-2020, 09:31 | "Barselona"nın stadionuna Messinin adı verilə bilər

İspaniyanın "Barselona" futbol klubunun prezidenti vəzifəsinə namizədlərdən biri Emili Russo, prezident seçiləcəyi təqdirdə "Kamp Nou" stadionunun adını argentinalı hücumçu Lionel Messinin şərəfinə dəyişdirməyi planlaşdırır.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bununla əlaqədar referendum keçiriləcək və stadiona "Kamp Nou Leo Messi" adı veriləcək.
Xatırladaq ki, avqust ayında L.Messi klub rəhbərliyi ilə münaqişədən sonra "Barselona"nı tərk etmək istəyirdi. Daha sonra "Barselona" ilə hüquqi mübahisəyə girməmək üçün və ailəsinin Kataloniyada qalmaq istəməsi ilə əlaqədar klubda qalmaq barədə qərar qəbul etdiyini bildirmişdi.
27-11-2020, 09:30 | Britaniyada bir gündə koronavirusa 17 555 yoluxma qeydə alınıb

Böyük Britaniyada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 17 555 yoluxma halı qeydə alınıb.
Trend-in "Sinxua"ya istinadən verdiyi məlumata görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 1 574 562 nəfərə çatıb.
Məlumata əsasən, ötən sutka koronavirusdan daha 498 nəfər ölüb, ölənlərin sayı 57 031 nəfər təşkil edir.
27-11-2020, 09:25 | İbrahimoviç İsveç yığmasına qayıda bilər

İsveçli futbolçu Zlatan İbrahimoviç baş məşqçi Yanne Andersson ilə yığmanın heyətinə dönməsini müzakirə edib.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə İsveç Futbol Federasiyasının mətbuat xidmətindən bildiriblər.
YşAndersson bildirib: "Zlatan milli komandaya qayıtması barədə düşünürdü və mənim üçün onunla ən qısa müddətdə görüşüb hər şeyi müzakirə etmək vacib idi. Görüşün bu qədər tez bir zamanda təşkil olunmasından məmnunam. Görüş çox məhsuldar keçdi, biz dialoqu davam etdirmək barədə razılığa gəldik".
Qeyd edək ki, Z.İbrahimoviç 2016-cı ildə milli komandada karyerasını başa vurmuşdu.


















