15-06-2020, 20:30 | Azərbaycanda daha 367 nəfər koronavirusa yoluxub, 3 nəfər vəfat edib

Azərbaycanda 367 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 156 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu barədə milli.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.
Qeyd olunub ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.
15-06-2020, 08:53 | Anasının yarımçıq qoyduğu işi uğurla davam etdirən gənc - Portret

Rüstəm Məmmədov: "Fransaya iddialı idmançı kimi getmək istəyirəm"
Yazını təqdim edir.
Bəzi ölkələrdə futbol üzrə daxili çempionatların azarkeşsiz keçirilməsi şərti ilə bərpa olunduğunu istisna etsək, koronavirus pandemiyasının təsiri ilə idmanda yaranmış durğunluq dövrü hələ də davam edir. Uzun zamandır dəyişməyən qeyri-müəyyənlik fonunda qarşıdakı aylarda keçirilməsi planlaşdırılan əhəmiyyətli yarışların taleyi də ciddi sual altındadır. Odur ki, təəssüf, yeni qaliblərlə görüşünüzə gələ bilmirik. Ancaq yaxın tarix imkan verir ki, karantin günlərində də oxucularımızın qarşısında əliboş qalmayaq. Məsələn, dünyamızın öz axarı ilə davam etdiyi əvvəlki il idmanımız adına bir elə uğurlu hesab olunmasa da, bəzi növlərdə kifayət qədər əlamətdar hadisə ilə xatirələrə yazıldı. Bu mənada nəzəri, ilk olaraq şahmat və atletika cəlb edir. Yadınızdadırsa, ötən ilin yazı ərəfəsində, daha doğrusu, mart ayında hamımız böyük sevinc içərisində idik. Şotlandiyanın paytaxtı Qlazqoda keçirilən atletika üzrə qapalı məkanda Avropa çempionatından gələn tarixi qələbə xəbərinin doğurduğu rezonans uzun müddət effektini itirmədi, çempion Nazim Babayevin haqqında danışıldıqca danışıldı. Axı biz uzun illər idi ki, atletika uğurlarına ac idik. Hətta ölkə mediasında zaman-zaman "nə futbol, nə də atletika bizlik deyil" kimi fikirlər səsləndirilib. Belədə, "idmanın kraliçası"nda əldə olunan istənilən nailiyyətə yer ayırıb, təbliğat aparmaqda bir zərər yoxdur ki, böyük fayda var. Həm də nəzərə alaq ki, atletika bizdə tək Babayevdən ibarət deyil. Müəyyən aralarla diqqət çəkən gənc və perspektivli atletlərimiz olub. Yeniyetmələr arasında Avropa çempionatının və digər beynəlxalq yarışların mükafatçısı Rüstəm Məmmədov kimi.
Akrobatikadan həndbola qədər
2001-ci ildə Bakıda dünyaya gələn, 12 yaşında atletikaya yazılan Rüstəmin, az qala, bütün yaxın qohumları idmanla məşğul olub. Onların arasında boksçu da var, həndbolçu da, kartinqçi də. 277 saylı idman təmayüllü məktəbdə təhsil alan, hələ lap uşaq ikən akrobatikaya gedən, bir neçə ilini həndbola həsr edən, içindəki futbol sevgisini də peşəkar məşqlərə daşıyan Rüstəm, nəhayət, anasının yolunu tutmaq qərarına gəlib. Belə ki, onun anası Tatyana Polyukova uzun illər uzunluğa və üçtəkanla tullanma ilə məşğul olaraq, SSRİ miqyasında müəyyən nəticələr qazanıb. Ancaq tullanmalar üzrə idmançıların üzləşdiyi sıx zədə səbəbindən, karyerasını erkən bitirmək məcburiyyətində qalıb.
Vaxt, məqam yetişəndə, Rüstəm "Anamın yarımçıq qalan arzularını həyata keçirəcəyəm" deyib, elə T. Polikovanın dəstəyi ilə Respublika Olimpiya Mərkəzinə üz tutur. Beləcə, Nazim İsrafilovun yanında atletika məşqlərinə başlayır, sonradan Sergey Antipovun yanında davam edir. Azərbaycanda tullanmalar üzrə idman məktəbinin inkişafında böyük xidmətləri olmuş əməkdar məşqçi Aleksandr Antipovun oğlu ilə Rüstəmin beş illik, indiyədək davam edən birgə hazırlıq təcrübəsi var.
Bir il sonra həmin şəhərdə: 86 sm sıçrayış və...
Hündür boyu, çevikliyi, növ üzrə idmançıların dili ilə desək, partlayış qüvvəsi, onu yaşıdlarından fərqləndirirdi. Odur ki, bir ildən bir qədər çox davam edən ümumi məşqlərdən sonra yarışlara çıxan Rüstəm, uzunluğa tullanma üzrə respublika birinciliklərində ilk nəticələrini qazanmağa başlayır: bürünc, gümüş, çox keçmir ki, zirvəyə yüksəlir. Sürətlə nəticələrini yaxşılaşdıran yeniyetmə, bir vaxtdan sonra artıq öz yaşıdları arasında ölkənin ən yaxşısı idi. Beynəlxalq uğurlarına gəldikdə, Məmmədov, 2017-ci ildə Macarıstanın Gyor şəhərində keçirilən Avropa Gənclərinin Yay Olimpiya Festivalında beşinci, bir il sonra qeyd olunan şəhərin ev sahibliyi etdiyi Avropa birinciliyində bürünc medalın sahibi olub. O, AGOF-da 14.30 nəticə göstərmişdisə, AÇ-də bunu nə az, nə çox, 86 santimetr yaxşılaşdırmağı bacarmışdı.
Şəxsi rekordunu cari ilin əvvəlində baş tutan respublika yarışında yeniləyərək, 16.10 metr nəticə göstərən Rüstəm, habelə, Makedoniyada keçirilən qitə liqasında ikincilik qazanıb, fevralda 20 yaşadək atletlər arasında təşkil olunan "International Match"(Belarus, Minsk) turnirində isə bayrağımızı fəxri kürsünün ən yüksək pilləsinə sancıb. 19 yaşlı idmançı 7 illik yüngül atletika karyerası ərzində olimpiada həyəcanı da yaşamağa fürsət tapıb. Belə ki, o, 2018-ci ildə Buenos-Ayresdə təşkil olunan Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında ölkəmizin idman şərəfini qoruyub.
Qaçılmaz "kabus"
Burada haşiyə çıxaraq, məlumatı olmayanlar üçün qeyd edək ki, tullanmalar üzrə idmançılar ən çətin və ya ağır növ hesab edilən "üçtəkan"adək, adətən bir müddət uzunluğa tullanmada qüvvəsini sınayırlar. Yuxarıda vurğuladığımız kimi, bu, zədəyə həddən artıq meyilli növdür. Ağırlıq əsasən belə düşdüyündən, bədənin bu nahiyəsindən ağır zədə almaq ehtimalı böyükdür. İşini nə qədər ehtiyatlı tutsan da, səni qarabaqara təqib edən xəsarətlərdən qaça bilmirsən. Zamanla, Rüstəm belə sınaqlarla üz-üzə qalsa da, hər dəfə onlardan başıuca çıxmağı bacarıb. Təbii ki, xarakteri, ən başlıcası, işinə olan yenilməz sevgisi sayəsində.
Neytral: "Yalandan niyə deyim ki..."
"Tokio 2020"-nin bir il müddətinə təxirə salınmasına üzülənlər qədər, sevinənlər də çoxdur. Əlbəttə, söhbət idmançılardan gedir. Lisenziya normativini yerinə yetirə bilməyənlər üçün bu, indiki halda əlavə şans deməkdir. Bəs Rüstəmlə bağlı vəziyyət necədir?
Dediyindən belə qənaətə gəldik ki, o, buna neytral yanaşır: "İki-üç il əvvələ qədər bununla bağlı sual versəydiniz, deyərdim, hə, hədəf Tokiodur. Ancaq təəssüf, alınmadı. İndi yalandan niyə deyim ki, bacara bilərəm? Bu, mümkün deyil. Hədəf Parisdir. Növbəti olimpiya dövrü ərzində əlimdən gələni edəcəyəm ki, ora düşüm. Fransaya sıradan biri olaraq yox, iddialı idmançı kimi getmək istəyirəm".
"İnkişaf üçün bu, çox vacibdir"
Azərbaycanda yüngül atletika deyərkən, ilk yada düşən ad şübhəsiz, Türkiyə bayrağı altında dünya və Avropa çempionluğu qazanan millimizin sabiq üzvü Ramil Quliyevdir. O Quliyev ki, 200 metr məsafəyə qaçış üzrə yarışda dünyaca məşhur rəqiblərini geridə qoyub, London arenasını fəth edəndə,
hər birimiz qarışıq duyğular içərisində idik. İndi də ondan söz açmağımız əbəs deyil. Sual yaranır ki, Rüstəm Azərbaycandakı ab-havadan razıdırmı?
- İndi işin maddi tərəfini, demək olar, heç düşünmürəm. Normal məşq etmək üçün kifayət edəcək qədər şərait, imkan var. İstisna deyil ki, sonrakı dövrdə ölkə xaricində hazırlaşım. İnkişaf üçün bu, çox vacibdir. Ancaq o halda belə, təmsil etdiyim ölkəni dəyişməyəcəyəm. Bayraq, himn mənim bir nömrəli motivasiya mənbəyimdir.
"Ən böyük dəstəkçim anamdır" deyir. T. Polyukovanın yarımçıq qoyduğu işi uğurla davam etdirdiyini düşünsə də, hələ qarşısına qoyduğu məqsədlərin lap cüzi hissəsinə çatdığını etiraf edir: "Qısa vaxtda daha çox iş görmək mümkündür. Ancaq birdən-birə çox yüklənmək fəsadlar törədir. Özüm zədəyə çox meyilliyəm. Məşqçim də o fikirdədir ki, hər şey mərhələ-mərhələ olsun".
Kumirinin kimliyi bizi qəti təəccübləndirmir. Çünki bu, olimpiya, dünya çempionu, dünya rekordçusu Conatan Edvardsdır. 25 ildir yenilənməyən 18.29 metrlik rekordun sahibindən başqa, qapalı məkanda ikiqat dünya çempionu və ikiqat olimpiya vitse-çempionu Uil Kleyin çıxışlarını heyranlıqla izlədiyini deyir: "İllərdir izləyib sevdiyim atletlərin sayı çoxdur, əslində. Ancaq elə yaş dövründəyəm ki, gərək mən yavaş-yavaş kimlərinsə kumiri olmaq haqqında düşünüm".
Portret
Ümumiləşdirsək, Rüstəm Azərbaycanın üçtəkanla tullanma üzrə idmançıları arasında ikincidir. Bəli, o, sadəcə, təcrübəli Nazim Babayevdən geri qalır. Açığı, yaş üzrə nailiyyətləri arasında paralel aparsaq, yenə də Babayevin ciddi üstünlüyünün olduğunu görərik. Bununla belə, Rüstəm titullu komanda yoldaşının nəticələrini təkrarlamaqla kifayətlənmək niyyətində deyil. "Motivasiya sarıdan heç vaxt korluq çəkməmişəm" deyən istedadlı atlet, özünü istənilən səviyyədə sübut edəcəyinə əmindir: "Başladığın işi yarımçıq qoymaq, mənə görə, ən üzücü haldır. Nə qədər ki, canımda can var, idmanda olacağam".kaspi.az
14-06-2020, 18:46 | Əxlaq nə deməkdir? Əxlaqın ən üstün hədəfi nədir?

Əxlaq elminə tərif verməzdən əvvəl biz gərək əvvəl əxlaqın nə olduğuna nəzər salaq. Əxlaq nədir? Əxlaq sözü xülq sözündən götürülmüş və mənası insanın batini gücü deməkdir. Onu ancaq bəsirət gözü ilə dərk etmək mümkündür.
Əxlaqı üç mənada istifadə edirlər:
1. İnsanda olan batini və ruhi sifətlər, mələkələr - əxlaqdır.
2. Bu əxlaqdan mənbə alan əməl və rəftarlar - əxlaqdır.
3. Əxlaq - bəyənilən əməllərdir.
Bəs əxlaq elmi nədir?
Əxlaq elmi o elmdir ki, yaxşı və pis nəfsani sifətləri və onlara münasib olan rəftar və əməlləri tanıdar. Yaxşı nəfsani sifətləri əldə etmək - bəyənilən əməlləri yerinə yetirmək, pis nəfsani sifətlərdən çəkinmək pis əməllərdən çəkinməklədir. Bu tərifə əsasən əxlaq elmi pis və yaxşı nəfsani sifətləri tanıtdığı kimi, ona uyğun olan əməl və rəftarları da tanıdır. Həmçinin insana fəzilətli sifətlərə çatmağın və rəzil sifətlərdən uzaq olmağın yollarını öyrədir.
Bəs əxlaq elminin hədəfi nədir?
Əxlaq elminin son hədəfi budur ki, insanı həqiqi kamal olan İlahi qürb məqamına çatdırsın. Bunun üçün də insan əxlaqi tərbiyə almalıdır.
Bəs əxlaqi tərbiyə nədir?
Əxlaqi tərbiyə deyildikdə, insanın bəyənilən nəfsani sifətlərə malik olması üçün daxili qüvvə və istedadlarını gücləndirməsi nəzərdə tutulur. Əxlaqi tərbiyə, əxlaq elminin bir hissəsini təşkil edir. Çünki tərbiyənin kökündə əməl və rəftar durduğu üçün, əxlaq elmi onu həqiqi yola tərəf yönləndirir.
Bəs dinimizin nəzərinə görə həqiqi əxlaq hansıdır?
Bu sualın cavabı, əxlaq elminin hədəfində və əxlaqi tərbiyədə gizlənmişdir. Belə ki, əxlaq elminin və əxlaq tərbiyəsinin son hədəfi - insanı kamala və saədətə çatdırmaq və Allaha yaxınlaşdırmaqdır. Ona görə də həqiqi əxlaq - o əxlaqdır ki, insanı saydığımız bu hədəflərə çatdıra bilsin.
Bəs əxlaqın neçə yolu vardır?
1. Filosofların yolu.
2. Peyğəmbərlərin (ə) və nəbilərin (ə) yolu.
3. İslamın xas adamlar üçün yolu.
Filosofların nəzərinə görə əxlaq xüsusi elmdir ki, insanları tərifləyər və tənqid edər. Yaxşı işi ona görə et ki, çünki insanlar onu yaxşı hesab edər. Pis işi görmə, çünki insanlar səni məzəmmət edər. Buna Aristotelin, Fərabinin, İbni Məskuyenin əxlaq nəzəriyyələrini misal çəkmək olar. Ancaq bu yol etimad ediləsi yol olmadığı üçün və bir çox çətinliklərlə qarşılaşdığı üçün, onu həqiqi əxlaq elmi adlandırmaq olmaz. Çünki hədəfində problem vardır. Həqiqi əxlaqın hədəfindən bəzən uzaqlaşır və insanların nəzərlərini daha irəliyə çəkir.
Peyğəmbərlər (ə) və nəbilərin (ə) əxlaq yolu isə odur ki, insanı behiştə aparacaq və cəhənnəmdən çəkindirəcək tövsiyələr və göstərişlər verir. Bu əxlaq elminin hədəfində də Allahın razılığı durur. Amma daha çox cənnət-cəhənnəm kontekstində. Bu yol:
1. İnsan fitrətinə uyğundur.
2. Mənbəyi İlahi vəhy olduğu üçün onda xataya yol yoxdur.
3. Bu yolu getmək hamı üçün mümkündür.
Necə ki, bu yolu Əbuzər, Əmmar, Miqdad, Bilal... getmişdi.
Bəs İslami əxlaqın xas yolu nədir?
İslami əxlaqın xas yolu odur ki, hər nə ki, Allah razılığına səbəb olar - bu, İslam əxlaqının yoludur. Bu yolda behiştə çatmaq və ya cəhənnəmdən uzaq olmaq əsil hədəf deyildir. Burada əsil hədəf - Allah razılığını əldə etməkdir. Çünki əxlaq elminin əsil hədəfi insanı İlahi qürb məqamına çatdırmaqdır.deyerler.org-
8-05-2020, 13:45 | Bakı metrosu sabahdan fəaliyyətini bərpa edir

Yeni növ koronavirus infeksiyası (COVID-19) ilə əlaqədar Azərbaycan Respublikası ərazisində tətbiq olunan xüsusi karantin rejiminin mərhələli yumşalma planına və mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq Bakı Metropoliteninin fəaliyyətinin 9 may 2020-ci il saat 06.00-dan etibarən bərpa edilməsinə dair qərar verilmişdir.
Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən xəbər verir.
Bakı Metropoliteni pandemiya dövründə fəaliyyətini Operativ Qərargahın tələb və qaydalarına, o cümlədən "İctimai nəqliyyatda koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstəriş"ə uyğun olaraq həyata keçirməlidir.
Eyni zamanda metro stansiyalarına yalnız yaşayış yerini SMS icazə ilə, "icaze.e-gov.az" portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayışla tərk edən sərnişinlərin girişinə icazə verilməlidir.
Sərnişinlərin metro stansiyası ərazisində, eləcə də qatarlarda qoruyucu maskalardan istifadəsi və sosial məsafəni gözləməsi mütləqdir.
8-05-2020, 13:41 | Metroya kimlər və hansı şərtlərlə buraxılacaq?

Yeni növ koronavirus infeksiyası (COVID-19) ilə əlaqədar Azərbaycan Respublikası ərazisində tətbiq olunan xüsusi karantin rejiminin mərhələli yumşalma planına və mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq Bakı Metropoliteninin fəaliyyətinin 9 may 2020-ci il saat 06.00-dan etibarən bərpa edilməsinə dair qərar verilmişdir.
Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən xəbər verir ki, metro stansiyalarına yalnız yaşayış yerini SMS icazə ilə, "icaze.e-gov.az" portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayışla tərk edən sərnişinlərin girişinə icazə veriləcək.
Bundan başqa, sərnişinlərin metro stansiyası ərazisində, eləcə də qatarlarda qoruyucu maskalardan istifadəsi və sosial məsafəni gözləməsi mütləqdir.
8-05-2020, 13:37 | Ferqüson Nurməhəmmədovu qorxaqlıqda ittiham etdi

Amerikalı döyüşçü Toni Ferqüson rusiyalı UFC çempionu Həbib Nurməhəmmədovu qorxaqlıqda ittiham edib.
Bu barədə o, onlayn konfrans zamanı deyib.
"O, döyüşmək istəmirdi və qaçdı. Eyni şeyi Konor (Makqreqor -red.) haqda da demək olar. Mənə deyirdilər ki, mən növbəti olacağam, amma Konor və Həbib yoxdur. Onlar evdə karantindədirlər, mən isə burada", - Ferqüson bildirib.
Amerikalı mayın 10-da Ceksonvildə keçiriləcək UFC 249 turnirində həmvətənlisi Castin Qeydji ilə döyüşəcək. Turnir tamaşaçısız keçiriləcək.
Qeyd edək ki, əvvəlcə Ferqüsonun rəqibi Nurməhəmmədov olmalı idi. Döyüşün aprelin 19-da keçirilməsi planlaşdırılırdı. Lakin koronavirus pandemiyası səbəbindən Rusiyadan çıxa bilməyən Nurməhəmmədov döyüşdən imtina etməli oldu. Daha sonra turnir də ləğv olundu.("Qafqazinfo")
6-05-2020, 13:03 | Koronavirus testinin nəticəsi neqativ olan şəxslərə SMS göndərilir

Koronavirus pandemiyası ilə mübarizəyə ayrılmış tibb müəssisələri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən avtomatlaşdırılıb.
Agentlikdən verilən məlumata görə, koronavirus (COVID-19) pandemiyası ilə mübarizə çərçivəsində ölkədə həyata keçirilən tədbirlərə dəstək məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İnformasiya Texnologiyaları və İnnovasiyalar İdarəsi tərəfindən ölkə üzrə 120 nümunə qəbulu məntəqəsi və 19 laboratoriya avtomatlaşdırılıb.
Belə ki, sözügedən müəssisələr kompüter avadanlıqları, printerlər, bar kod oxuyucuları, operativ şəkildə nümunələrin qəbulu və nəticələrin əldə edilməsi üçün proqram təminatı ilə təchiz olunublar.
Koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi üçün analiz nümunələrinin qəbulunu həyata keçirən nümunə qəbulu məntəqələrinə pandemiya ilə mübarizəyə ayrılmış xüsusi rejimli tibb müəssisələri və təcili və təxirəsalınmaz tibbi yardım xidmətləri daxildir.
Məqsəd koronavirusla bağlı aparılan testlərin nəticələrinin avtomatik olaraq vahid məlumat bazasına işlənilməsini təmin etmək, nəticələr barədə Nazirlər Kabineti yanında Operativ Qərargahı, eləcə də digər aidiyyəti dövlət qurumlarını elektron şəkildə məlumatlandırmaqdır.
Həmçinin Agentlik test nəticəsi neqativ olan şəxslərə SMS ismarıcın göndərilməsini təmin edib. Belə ki, testin nəticəsi neqativ olan şəxslər bu barədə məlumatı Agentlik tərəfindən göndərilən SMS ismarıc vasitəsilə əldə edəcəklər.
9-03-2020, 05:45 | Bu meyvə ürəyin işini yaxşılaşdırır
Portağaldan gündəlik istifadə etdikdə qan təzyiqi aşağı düşür və ümumiyyətlə, ürəyin işi yaxşılaşır.
Belə bir qənaətə misirli allimlər gəliblər.
Portağalların tərkibində orqanizmdən zərərli maddələri, o cümlədən toksinləri çıxarmağa imkan verən çoxlu sayda antioksidantlar var ki, bu da ürək-damar sisteminin yaxşı işləməsi üçün olduqca əhəmiyyətlidir.
Bu sitrus meyvəsi, həmçinin sabit ürək ritmi və qan təzyiqinin tənzimlənməsi üçün lazım olan kalium duzlarını ehtiva edir.
Bundan əlavə, 10 il ərzində 2,4 mindən çox insanın qanının tərkibində A, C və E vitaminlərinin səviyyəsi ölçülüb. Məlum olub ki, vitaminlərin miqdarının azalması zamanı insult riski iki dəfə artır. Eyni zamanda altı həftə ərzində gündə iki stəkan şirə içdikdə, sistolik arterial təzyiqi 10 vahid azalır.
17-02-2020, 13:44 | Vəkil Yunis Səfərovun işinə Gəncə məhkəməsinin baxmasına etiraz etdi

Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında Gəncə Şəhər İcra Hakimiyyətinin sabiq başçısı elmar Vəliyev və polis əməkdaşlarına qarşı sui-qəsd törətməkdə təqsirləndirilən Yunis Səfərov və digər 11 nəfər dəstə üzvünün cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Trend xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Məhəmməd Bağırovun sədrliyi ilə keçirilən prosesdə vəkil Nazim Musayev işə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakim tərkibinin baxmasına etiraz edib. O bildirib ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin sədri Natiq Əliyevin iş üzrə zərərçəkmiş Elmar Vəliyevlə qohumluq əlaqəsi var, bu səbəbdən də işə Gəncə Ağır Cinayətlər Məhkəməsi baxa bilməz və cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilməlidir.
Məhkəmə etirazın baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsinə qərar verib.
Proses qeyri-müəyyən vaxtadək təxirə salınıb.
Qeyd edək ki, cinayət işi üzrə Elmar Vəliyev və daha 5 nəfər zərərçəkmiş qismində tanınıb.
Xatırladaq ki, 2018-ci ilin iyulun 3-də Yunis Səfərovun xarici dövlətlərdə fəaliyyət göstərən radikal dini dairələri təmsil edən mütəşəkkil dəstə tərkibində Gəncə şəhərində şəhər İcra Hakimiyyətinin başçısı və polis əməkdaşına qarşı əvvəlcədən planlaşdırılmış terror aktı olmaqla Azərbaycan Respublikasının Konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, şəriət qanunlarına əsaslanan idarə üsulunun təşkilinə yönələn terrorçuluq, qanunvericiliklə nəzərdə tutulmayan sabit silahlı qrupun yaradılmasına, ölkəmizin hüdudlarından kənarda silahlı birləşmələrdə təlim keçilməsi, çoxsaylı odlu silah, döyüş sursatı və partlayıcı qurğuların quldurluq və digər qanunsuz yollarla ələ keçirilərək saxlanılması, polis əməkdaşlarının ağırlaşdırıcı hallarda qəsdən öldürülməsinə cəhd edilməsi, ayrı-ayrı vəzifəli şəxslərin dövlət xadimləri kimi xidməti fəaliyyətlərinə son qoymaq və bu fəaliyyətə görə qisas almaq məqsədilə terror aktlarına hazırlıq, dövlət əleyhinə açıq çağırışlar və törətdikləri sair ağır və xüsusilə ağır cinayət əməllərinə görə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində başlanmış cinayət işinin istintaqı aparılıb.
Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət birgə istintaq-əməliyyat qrupu tərəfindən cinayət işi üzrə çoxsaylı istintaq hərəkətləri aparılmaqla Y.Səfərov da daxil olmaqla mütəşəkkil dəstənin 12 üzvü barəsində istintaq yekunlaşdırılaraq 2019-cu il dekabrın 5-də baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət təqibi orqanından qaçıb ölkə hüdudlarından kənarda gizlənən 11 nəfər barəsində isə beynəlxalq axtarış elan olunmaqla barələrində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
17-02-2020, 13:40 | Xətai rayonunda binalarda 147 köhnə lift yenisi ilə əvəzlənib

Bakının Xətai rayonunda binaların damı və liftlərin yenilənməsi prosesi davam edir.
Trend-ə açıqlamasında Xətai Rayon İcra Hakimiyyəti (RİH) Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov bildirib.
Onun sözlərinə görə, bir çox binanın liftləri artıq tam yenisi ilə əvəzlənib: "Bir müddətdir ki, Xətai rayonunda binaların damları yenilənir və müasir şəkildə düzəldirilir. Binaların üzərində olan çənlər isə yerə düşürdülür. Hazırda bu proses öz axarı ilə davam edir. Liftlərə gəldikdə isə, bu günə kimi 147 köhnə lift tam yeni və müasiri liftlə əvəzlənib".
P.İmanov su problemindən əziyyət çəkən və məcburən çənlərdən istifadə edən sakinlərdən də danışıb: "Bilirsiniz ki, hazırda pilot layihə olaraq binalara 24 saat içməli suyun verilməsi işləri görülür. Bu işlərin nə vaxt yekunlaşacağı hələlik tam məlum deyil. Xətai rayonunda da bəzi sakinlər var ki, onlara 24 saat içməli su verilmir. Bununla bağlı işlər gedir və daimi su təminatı olana kimi həmin sakinlərə icazə veriləcək ki, onlar binanın üzərindəki çənlərdən istifadə etsinlər. Həmin sakinlər müvəqqəti olaraq öz binalarının damında 500 litrə kimi plastmas çən yerləşdirə biləcəklər".


















