17-12-2020, 06:20 | 100-ə yaxın ermənini məhv edən şəhidin xanımı: Qızım dedi ki, gəl televizoru qıraq və atamı... - FOTO

Onlar zəncirləri qıraraq, zülmətləri yararaq xalqı işıqlı sabaha apardılar, ölümləri ilə ölməzlik qazandılar. Xalqın qürur və ləyaqətini qorudular, milləti zəfərdən zəfərə apardılar, canları və qanları bahasına...
"Bu oğlanın başına ermənilər bir milyon qoyacaq" deyərək döyüşə yollanan igid qəhrəmanlarımızdan biri də xüsusi təyinatlı hərbçi Məmmədov Elvin Tərlan oğludur. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən Vətən müharibəsində vətənpərvərlik və rəşadəti ilə Şəhidlik zirvəsinə yüksələn Elvin Məmmədov 12.12.1992-ci ildə Biləsuvar rayonunun Xırmandalı kəndində anadan olub.
O, 2011-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsindən həqiqi hərbi xidmətə gedib, 2012-ci ildə xidmətini başa vuraraq ordu sıralarından tərxis olunub. Lakin Vətən sevgisi Elvini yenidən orduya qayıtmağa sövq edib. 2013-cü il tarixindən Elvin Daxili İşlər Nazirliyinin Daxili Qoşunlar Qərargahının N saylı hərbi hissəsində Xüsusi Təyinatlı Dəstədə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi şərəfli yola çıxaraq xidmətə başlayıb.
Milli.Az bildirir ki, həyat yoldaşı Nərmin Məmmədova qəhrəman şəhidimizin ömür yolundan publika.az-a danışıb. Nərmin xanım söyləyib ki, Elvin Məmmədov qısa zaman ərzində xidmət etdiyi hərbi hissədə yoldaşları arasında böyük hörmət qazanıb:
"Elvin hərbçi yoldaşlarının dəyərli qardaşı idi. O, cəsarəti və aktivliyi ilə komandirlərinin də diqqətini özünə cəlb etməyi bacarmışdı. Elvinin hərbi nizamnamənin tələblərini vaxtında və dəqiq yetirə yetirdiyini, yorulmadan çalışdığını görən hərbi hissə rəhbərliyi onu müxtəlif vaxtlarda təltif etmişdi".
Şəhidin xanımı bildirib ki, Elvinin yoxluğuna alışa bilməsə də, onunla qürur duyur:
"Vətəninə, ailəsinə sadiq bir insan idi. Söhbətinin əvvəli də, sonu da vətənlə başlayıb vətənlə bitirdi. Həmişə qürurlanırdı ki, Azərbaycan Respublikasının Milli Qəhrəmanı Mübariz İbrahimovun həmyerlisidir. Qarabağda müharibənin başlamasını da böyük səbirsizliklə gözləyirdi. Elvin müharibə başlayan kimi torpaqlarımızın mənfur düşməndən təmizlənməsi üçün bütün qəlbi ilə döyüşə yollanan oğullardandır. Silahdaşları Elvinin 100-ə yaxın erməni əsgərini məhv etdiyini bildirib. O, Cəbrayıl rayonunun Böyük Mərcanlı, Nüzgar kəndləri, Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz və Yuxarı Əbdürrəhmanlı kəndlərində gedən döyüşlərdə torpaqlarımızın düşməndən təmizlənməsində böyük sücaət göstərərək qəhrəmancasına Şəhid oldu. Elvin böyük izdihamın çiynində Biləsuvar rayon Xırmandalı kəndində dəfn olundu.
Şəhidlər bizim azadlığımız uğrunda canlarından keçib, arzum odur ki, xalqımız və dövlətimiz bu igidləri heç vaxt unutmasın. Şəhid və qazi ailələri üçün ən əsas mənəvi dəstəkdir. Onların indi sevgiyə və diqqətə heç vaxt olmadığı qədər ehtiyacı var".
Şəhidin həyat yoldaşı qeyd edib ki, Elvin Məmmədov son vəsiyyətini qardaşına edib. Son döyüşə girməzdən əvvəl gözünün ağı-qarası 5 yaşlı Sevincini qardaşına əmanət edib:
"Ən ağırı odur ki, atasının yoxluğunu qızımıza izah edə bilmirəm. 5 yaşı var, hələ ölümün nə demək olduğunu dərk etmir. Deyə bilmirəm ki, atan bir daha geri qayıtmayacaq, saçına sığal çəkə bilməyəcək. Bir neçə gün əvvəl Elvinin doğum günü idi, toy diskinə baxırdıq. Qızım nənəsinə dedi ki, gəl televizoru qırıb atamı ordan götürək..."
Elvinin anasına çox bağlı bir övlad olduğunu deyən Nərmin Məmmədova həyat yoldaşı haqqında təsirli xatirəsini də bizimlə bölüşüb:
"Evdə hamımız namaz qılırıq. Elvin sübh namazında heç vaxt anasını səsləyib çağırmırdı, gedib ayaqlarından öpürdü ki, hiss edib oyansın. Belə bir oğul idi Elvin".








17-12-2020, 06:14 | Vətən Müharibəsi Qəhrəmanı Camal İsmayılovun igidlik hekayəsi - FOTO

Azərbaycanın Vətən müharibəsində əldə etdiyi Böyük Qələbədən artıq bir aydan çox vaxt keçir. Azərbaycanın mərd, qəhrəman övladları 44 gün ərzində işğalçı Ermənistan ordusunu darmadağın edərək düşməni torpaqlarımızdan qovdular. Rəşadətli Ordumuzun sarsıdıcı zərbələri qarşısında sürətlə geri çəkilən düşmən cəbhə boyu ağ bayraq qaldıraraq təslim oldu. Müzəffər Ali Baş Komandanın qətiyyəti və rəşadətli ordumuzun şücaəti sayəsində doğma Qarabağımız erməni işğalından azad edildi. Neçə-neçə Vətən oğullarımız cəngavərlikləri, qəhrəmanlıqları ilə Azərbaycanın yeni, şanlı zəfər səlnaməsini yazdılar. Vətən uğrunda şəhid olmağı özünə şərəf bilən belə qəhrəmanlarımızdan biri də ölümündən sonra Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülən Camal İsmayılovdur.
AZƏRTAC bildirir ki, Camal Vidadi oğlu İsmayılov 1984-cü ildə Neftçalan rayonunun Həsənabad qəsəbəsində dünyaya göz açıb. Ailənin ikinci övladı olan Camal 2002-ci ildə həqiqi hərbi xidmətdə olarkən dərin zəkası, xüsusi bacarığı ilə komandanlığın diqqətini çəkib. Bundan sonra Xüsusi Təyinatlı Qüvvələrin sıralarında baş gizir kimi xidmətini davam etdirib. O, ömrünün 18 ilini Vətənə şərəflə xidmətə həsr edir. Kəşfiyatçı kimi daim öz üzərində çalışaraq dağ-xizəkçilik, paraşütdən tullanmanın bütün sirlərini öyrənib, Azərbaycan, Türkiyə və Gürcüstanda keçirilən bir çox təlimlərdə iştirak edərək çoxlu tərifnamələrə layiq görülüb. Camal rus, erməni və ingilis dillərini mükəmməl bilirdi. O, 2016-cı ilin Aprel döyüşlərində göstərdiyi şücaətə görə üçüncü dərəcəli medalla təltif edilib.
Qəhrəmanın atası Vidadi İsmayılov Vətən müharibəsi başlayanda Camalın "Bu dəfə torpaqlarımızı mütləq geri alacağıq" deyərək döyüşə böyük çoşqu ilə yollandığını bildirib: "Hər dəfə evə gələndə anasına deyirdi ki, inşallah, müharibə başlayacaq və torpaqlarımızı azad edəcəyik. Başınızı həmişə dik tutacaqsınız. Müharibə başlayanda Cəbrayılı azad edən qüvvələrimiz arasında onların da qrupu vardı. Camala həmişə Hadrutun fatehi deyirdilər. Oğlumla fəxr edirəm. İndi hər kəs onun qəhrəmanlığından danışır. Camalın qəhrəmanlığına yüksək qiymət verilməsinə görə Azərbaycan dövlətinə, Müzəffər Ali Baş Komandana ailəmiz adından minnətdarlıq edirəm. Şəhid oğluma "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi. Ailəmizin ən böyük təsəllisi ikinci Qarabağ müharibəsində qazandığımız Böyük Qələbə və Camalın "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülməsidir. Qalib Ordumuza eşq olsun!".
Camal İsmayılov Füzuli, Cəbrayıl, Zəngilan şəhərlərinin, Ərgünəş yüksəkliyinin, Hadrut qəsəbəsinin azad olunmasında, eləcə də Laçın dəhlizi istiqamətində hakim yüksəkliyin alınmasında şücaətlə vuruşub. Füzulinin azadlığı uğrunda gedən döyüşlərin birində hərbçi yoldaşını xilas edərkən yaralanan qəhrəman döyüşçü bir müddət xəstəxanada müalicə aldıqdan sonra döyüşlərə yenidən qoşulub. Sonuncu döyüşdə - Laçın dəhlizini nəzarət altında saxlamağa imkan verən hakim yüksəkliyin azad edilməsi uğrunda 16 nəfərlik dəstəsi ilə 500-dən çox erməniyə qarşı mərdliklə vuruşan Camal şəhidlik zirvəsinə yüksəlib. Bu qəhrəmanlıq Camalı böyük zirvəyə ucaltdı. Azərbaycanın ərazi bütövlüyünün bərpasında misilsiz xidmətlərinə və işğal altındakı torpaqlarımızın azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə görə Camal Vidadi oğlu İsmayılov ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülüb. Bu xəbər ailədə hər kəsi sevinc və qürurdan doğan göz yaşlarına qərq edib.
Şəhidin bacısı Xəyalə İsmayılova Camal kimi igidlərin Vətən müharibəsində öz qəhrəmanlıqlarını bütün dünyaya göstərdiklərini vurğulayıb: "Camala "Vətən Müharibəsi Qəhrəmanı" adının verilməsi xəbərini mənə onun kiçik qızı Əsnad xəbər verir. Bilmədim sevinim, yoxsa ağlayım. Sanki boşluq içində qaldım, bir gözü ağladı, bir gözüm güldü. Qardaşıma bu yüksək adın verilməsinə görə minnətdarlığımı bildirirəm. Çox sevinirəm ki, Camal arzusuna çatdı, onun gözü arxada qalmadı. Bütün şəhidlərimizin qisası alındı, Qarabağımız düşməndən təmizləndi. İndi Vətən torpağı tam azaddır".
Camal üçün valideynləri, həyat yoldaşı, övladları, bacısı və qardaşı həyatda hər şeydən əziz və dəyərli idi. Hər bir ata kimi onun da qəlbində övladları ilə bağlı yüzlərlə arzusu vardı. Vaxtının çoxunun ondan əmanət qalan qızları Əsmət və Əsnad ilə keçirən Camal sanki şəhid olacağını hiss edirmiş kimi, yeni doğulacaq körpəsinin də adını qoyub.
Şəhidin anası Filarə İsmayılova oğlu ilə fəxr etdiyini vurğulayaraq deyib: "Oğlumun qəhrəmanlığının yüksək qiymətləndirilməsinə və ona "Vətən Müharibəsi Qəhrəmanı" adının verilməsinə görə Azərbaycan dövlətinə və Prezidentimizə minnətdaram. Camal döyüşlərə yollananda "Narahat olmayın, şəhid olsam, dövlətimiz balalarımın qayğısına qalacaq. İki aydan sonra oğlu olacaq. Adını da özü qoydu. Övladına ən çox sevdiyi adı - Alparslan adını verdi".
Hər bir azərbaycanlı kimi, Camalın da ən böyük arzulardan biri - doğma Qarabağımızın erməni işğalından azad olunması, üçrəngli bayrağımızın Laçında, Kəlbəcərdə, Şuşada dalğalanması idi.
Məzarında rahat uyu, ruhun şad olsun, qəhrəman şəhid, artıq doğma Qarabağımız azaddır, Vətən torpaqları bütünlüklə bizimdir.














17-12-2020, 06:03 | Şəhid Şirxan Xaməmmədovun anası: "13 aydır övladımı görmürdüm, görüşümə bayraqda gəldi" - FOTO

44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalananlardan biri də kəşfiyyatçı Şirxan Xaməmmədovdur.
Qəhrəmanımız 1998-ci ildə Şamaxı rayonunun Məlikçobanlı kəndində anadan olub. 22 yaşlı Şirxan uşaqlıqdan hərbçi olmaq istəyib və ailəsinin dəstəyi ilə o öz arzusuna çatıb.
Vətən müharibəsinin ilk günlərindən vuruşan Şirxan Xaməmmədov Şuşa istiqamətindəki döyüşlərə qədər qəhrəmancasına vuruşaraq 30 ilə yaxındır düşmən işğalında olan Azərbaycan torpaqlarını işğaldan azad edib.
Oğlu ilə bağlı son xatirələrini oxu.az-a danışan Xanməmməd Xaməmmədov onunla fəxr etdiyini deyir.
Şəhid atası deyir ki, Şirxan ailənin tək övladı olub:
"Oğlum uşaq vaxtından hərbçi olmaq istəyib. Arzusunu da gerçəkləşdirib. Komandirləri danışır ki, mərd, igid əsgər olub. Oğlum cəsarəti ilə hər kəsdən seçilirdi. Mən balamla fəxr edirəm. Əsgər yoldaşları danışır ki, Şirxan tək başına 30-a yaxın ermənini məhv edib. Oğlum Xüsusi təyinatlılarda snayper olub. Əsgər yoldaşlarının bir neçəsinin həyatını xilas edib. Komandiri deyir, cəld əsgər olub. Oğlumu təkrar görmək, qələbə sevincini onunla yaşamaq nəsib olmadı, amma bütün xalqımız şəhidlərimizlə qürur duyur. Elə də mən. Allah bütün şəhidlərə rəhmət eləsin".
"Şuşada əlbəyaxa döyüş zamanı snayperlə gözündən vurublar oğlumu"
X.Xaməmmədov deyir ki, Şirxan çox möhkəm oğlan idi:
"Əsgər yoldaşları danışır ki, Şuşanın azad edilməsi uğrunda gedən döyüşlər çox ağır olub. Şuşada Qırmızı Bazar adlanan ərazi var, orada erməni yaraqlıları ilə əlbəyaxa döyüşlər olub. Əsgərlərimiz neçə erməni əsgərini boğub öldürüb. Oğlumla bərabər döyüşən əsgər danışır ki, Şirxan məhz o qarşıdurmada şəhid olub. Düşmən snayperi igid oğlumu gözündən vurub".
Şəhidin anası Sahibə Xaməmmədova isə 13 aydan çoxdur ki, oğlunu görmək həvəsi ilə yaşadığını deyir:
"Müharibənin bitməsini gözləyirdim. Balam tez-tez zəng də etmirdi ki, səsini eşidim. 13 ay tək övladımın üzünə, qoxusuna həsrət qaldım. Mən oğlum üçün nə xəyallar qururdum, evimin, ocağımın nuru idi. Arzusu idi ki, şəhidlik zirvəsinə ucalsın. Balamla bağlı xəyallarım ürəyimdə qaldı, amma Allah balamı ürəyindəki arzusuna çatdırdı. Oğlum şəhid olub üçrəngli bayrağa bükülüb son dəfə evinə gəldi. Uşağımın yoxluğuna dözə bilmirəm, amma onunla fəxr edirəm. Şirxan kimi oğulun anası olduğum üçün qürur duyuram".
Xalqımız Vətən müharibəsində canından keçərək, milyonlarla insana qələbə sevinci yaşadan şəhidlərimizi heç bir zaman unutmayacaq.
Allah rəhmət eləsin!
[







16-12-2020, 06:35 | Orada olanda qoy məni bərkdən çağırsınlar. Mən eşidəcəyəm... - FOTO

Azərbaycan yazıçısı Nərminə Məmmədzadə Trend Life-a ikinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş "Olmayan Bir Müsahibə ..." adlı silsilə materiallar təqdim edir.
Bu material Samir Bayramova həsr edilmişdir...
Salam, Samir.
Salam.
Anarla danışmışam. Sizin ailəniz Kəlbəcərdəndir, amma sonradan Göygölə köçmüsünüz.
Bəli, amma artıq qaçqın deyilik (gülür).
Samir, necə oldu sən müharibəyə getdin? Eşitdiyimə görə qardaşların Rusiyada yaşayırlar və səni də oraya çağırırdılar.
Hə, var elə məsələ, amma oralar mənlik deyil. Mən uşaqlıqdan demişəm ki, Kəlbəcəri mən azad edəcəyəm...
Elə də alındı, axı bu qələbə bizim qəhraman ordumuzun sayəsindədir.
Düz deyirsiniz, amma təəsüf Kəlbəcəri görmədim, Murovdağda qaldım...
Samir, evliliyi fikirləşmirdin?
Yox (gülür), vaxtım yox idi, məndən gabaq böyük qardaşlarım var.
Bəs sevgi?
Ancaq vətənə (gülümsəyir). Başqa sevgi qismət olmadı. Ürəyimi vətənə vermişdim.
Amma sənin social şəbəkələrdə paylaşmaların sevgidəndir... Qarşılıqsız sevgidən.
Çünki əsl sevgi garşılıqlı olmur. Onu da deyim ki, hər kəs bu həyatda öz yolunu seçir. Mənim yolum Qarabağda bitdi (gülümsəyir).
Samir, hərbçilikdən başqa marağlandığın şeylər var idi?
Maşın xəstəsi idim (gülür). Çox xoşuma gəlirdi. Atam da sürücü olub deyə, boş vaxtımı elə şeylərə ayırmışam.
Oğlanların ən sevimli məşğuliyyətlərindən biri...
Oğlan üşağını cəlb edən silah və ya maşın olur. Mən özümü həmişə hərbçi görmüşəm, babama söz vermişdım ki, ailəm qaçqın olmayacaq. İndi də onlar inşAllah oralara mənsiz köçəcəklər...
Samir, deyəcək sözlərin var?
Əslində var... İstəyirəm ki, Kəlbəcər qabaqkından da gözəl olsun, bizimkilər ora köçsün və...
Nə, Samir?
Orada olanda qoy məni bərkdən çağırsınlar. Mən eşidəcəyəm...




15-12-2020, 04:53 | Şəhid atası: Oğlumun ən böyük istəyi işğal altında olan torpaqlarımızın azad edilməsi idi

Vətən müharibəsində düşmənə qan udduran igidlərimiz ölümün gözünə dik baxdılar. Otuz ilə yaxın müddətdə işğal altında olan torpaqlarımız onların dastanlara sığmayan qəhrəmanlıqları nəticəsində azad edildi. Bu müqəddəs yolda qəhrəman zabit və əsgərlərimizin bir qismi şəhid, bir qismi isə qazi oldu. Vətən müharibəsində şəhidlik zirvəsinə ucalanlardan biri də Füzuli rayon sakini Xəyal Əliyevdir.
Xəyal Əliyevin ailəsi Füzuli rayonunun Yuxarı Yağlıvənd kəndindən məcburi köçkün kimi Beyləqan rayonunun Qəhrəmanlı qəsəbəsində məskunlaşıb. Xəyal da bu qəsəbədə anadan olub. Torpaqlarımızın işğal altında olması hər kəs kimi Xəyalı da daim narahat edib. Ona görə də hərbi xidmətini başa vurduqdan sonra ön cəbhədə xidmət etməyə qərar verib.
AZƏRTAC-ın bölgə müxbiri şəhid Xəyal Əliyevin evinə baş çəkib, ailə üzvləri ilə həmsöhbət olub. Şəhidin atası Saleh Əliyev deyir ki, Xəyalın ən böyük istəyi işğal altında olan torpaqlarımızın azad edilməsi idi. Bu istək də onu ön cəbhəyə - Vətən torpaqları uğrunda döyüşlərə aparıb: "Xəyal 2019-cu ildə hərbi xidməti başa vurub gəldi. Dedi ki, hərbiçi olmalıyam. Torpağımın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etməliyəm. Beləcə getdi, Vətənə qulluq elədi. Füzuli, Cəbrayıl, Hadrut istiqamətlərindəki əməliyyatlarda iştirak edərək böyük şücaət göstərdi. Yoldaşları deyirlər ki, döyüşlərdə düşmənin bir neçə hərbi texnikasını və canlı qüvvəsini məhv edib".
Anası Ofelya Hacıyeva bildirir ki, Xəyalın arzuları çox idi. Özü üçün xəyallar qurmuşdu, qismət olmadı. Amma Vətəni işğaldan azad etmək arzusuna çatdı. Təsəlliləri də budur: "Çox arzuları var idi. Deyirdi ki, oxuyacağam, işləyəcəyəm. Məni televizorda görəcəksiniz. Ancaq arzularına çatmadı. 21 yaşında şəhid oldu. Vətən yolunda şəhid oldu. Şəhidlərin hamısına qurban olum...".
Şəhidin qardaşı Taleh Xəyalla qürur duyduğunu deyib. "Fəxr edirəm ki, bu cür qardaşım var. Sakit uşaq idi. Heç kimlə işi olmazdı. Axşam yuxuma girmişdi, sabahısı gün şəhid oldu", - deyə o vurğulayıb.
Xəyalın böyüdüyü qəsəbədə könüllü müharibəyə gedənlər çox idi. Bir neçə nəfər igidlik göstərərək şəhidlik zirvəsinə ucalıb. Sakinlər deyirlər ki, həmişə həmyaşıdları ilə yığışıb söhbət edəndə Vətənin işğaldan azad olunacağı gündən danışırdılar.
Xəyalın qohumu Mehman Hümbətov Xəyalla fəxr elədiyini söyləyib. "Şəhidlər öz qanları ilə xalqımızın arzularını yerinə yetirdilər. Allah bütün şəhidlərimizə rəhmət eləsin", - deyə Mehman əlavə edib.
15-12-2020, 04:50 | 2782 qardaşın tək bacısı: Şəhid Arəstə Baxışova - VİDEO

"Belə-belə işlər" layihəsi Vətən müharibəsinin yeganə qadın şəhidi Arəstə Baxışovanın həyatı haqqında məlumatlar paylaşıb.
Milli.Az xəbər verir ki, 1989-cu il təvəllüdlü A.Baxışova dörd yaşında olarkən Çernobıl faciəsində əlil olmuş atası vəfat edib. Pedoqoji kollec bitirən Arəstə sonradan hərbi sahəni seçib və Beyləqandakı hərbi hissədə çalışıb.
Vətən müharibəsinə könüllü qatılan Arəstə oktyabrın 23-də döyüş bölgəsindən yaralıları çıxararkən şəhid olub.
Onun 11 yaşlı oğlu, 10 yaşlı qızı qalıb. (publika.az)
15-12-2020, 04:44 | Vətən müharibəsində iştirak edən üç qardaş - FOTO

İmişlidən olan ailənin 3 üzvü Vətən müharibəsində igidlikləri ilə tanınıb. Qardaşlardan biri müddətdən artıq xidmətçi, ikisi isə könüllü olaraq döyüşlərə yollanıb. Bir çox uğurlu əməliyyatda iştirak edən hər üç qardaş düşmənə ağır zərbələr vurublar.
AZƏRTAC bildirir ki, Zeynalovlar ailəsinin övladları dəmir yumruq kimi birləşərək 44 günlük zəfər yürüşünün önündə gedənlərdən olublar.
Qardaşların atası söyləyir ki, əslən qarabağlıdırlar: "Uzun illər Vətən dərdi bizləri üzürdü. Bu döyüşlərdə 3 oğlumun da cəbhəyə yollanması qürurverici bir hissdir. Baxmayaraq ki, övladlarımın birinin 4, digərinin isə 3 övladı var, amma onlar Vətən sevgisini üstün tutaraq, döyüşlərə könüllü yollandılar və hazırda kiçik övladım Şamil hərbi xidmətini davam etdirir, digər iki övladım isə qələbə ilə evinə dönüb. Biz Ali Baş Komandan başda olmaqla, bütün ordumuza minnətdarıq ki, bu həsrətə son qoyuldu. Şəhidlərimizin qanı ilə yazıldı bizim şanlı tariximiz. Tanrı bütün şəhidlərimizə rəhmət eləsin".
Kiçik qardaşları hərbçi olan Zeynalovların digər 2 qardaşı könüllü olaraq cəbhəyə yollanıb. Böyük qardaş Kamil deyir ki, bir neçə dəfə komissarlığa müraciət etdikdən sonra döyüşlərə yollanıb. "İlk döyüş yolum Füzulidən başladı, 3 gün ərzində bir çox postların, kəndlərin azad edilməsində iştirak etdim. Biz irəlilədikcə düşmən qaçırdı, bu, bizi daha da ruhlandırırdı. Sonra Cəbrayıla yola düşdük. Dağ Tumas və digər ərazini azad etmək üçün erməni səngərlərinə girdik. Çox uzun bir səngər idi, gecə ilə onları məhv etdik. Daha sonra ermənilər çadır şəhərcik yaratmışdı, onu aldıq. Cəbrayılın Havıslı kəndindən sonra isə Qubadlı istiqamətinə yollandıq. Generalımız, zabitimiz bizimlə çiyin-çiyinə döyüşürdü. Mən özüm Milli Qəhrəman Şükür Həmidovla birlikdə döyüşə girmişəm. O, hər zaman bizə deyirdi ki, bir amalımız var, yalnız irəli getməliyik. Şükür Həmidovla döyüşmək çox qürurverici bir hissdir. Qubadlının mərkəzinə 2-3 kilometr qalmışdı ki, Şükür Həmidov şəhid oldu, mən də yaralandım", - deyə Kamil qeyd edir.
Hər iki qardaşı cəbhədə olan Tacivan da səfərbərliyə könüllü müraciət edib. Nəhayət, oktyabrın 9-da cəbhəyə yollanıb. Tacivan söyləyir ki, ilk dəfə Füzuli istiqamətində gedən döyüşlərə qatılıb: "Bir çox qənimətlər ələ keçirdik, düşmənin hərbi hissəsini aldıq. Qubadlı, Zəngilan istiqamətində döyüşə yollandıq, amma maşınımız ermənilər tərəfindən vuruldu. Elə orada yara aldım, amma müalicəm tamamlanandan sonra yenidən döyüşlərə qatıldım. Çünki bir arzum vardı - bayrağımızı Laçında dalğalandırmaq. Həmin arzunun sevincini mənə igid qəhrəman döyüşçülərimiz bəxş etdi, onlar şanlı bayrağımızı Laçında dalğalandırdı. Biz Ali Baş Komandanımıza təşəkkür edirik ki, Azərbaycana bu qələbə sevincini yaşatdı".
Birinci Qarabağ müharibəsi veteranı Müşfiq Məhərrəmov öz davamçılarını sevinc göz yaşı ilə qarşılayıb. Müşfiq Məhərrəmov deyir ki, Azərbaycanın 44 günlük zəfər yürüşü əvəzolunmaz bir hissdir. Çünki ermənilərin ötən bu illərdə qurduğu istehkamları, maneələri Azərbaycan Ordusu 44 günə darmadağın etdi. "Bizim yarıda qalan işimizi bugünkü gənc nəsil tamamladı, torpaqlarımızı azad etdi, şəhidlərimizin qisasını almaqla onların ruhun şad etdilər. Var olsun Ali Baş Komandanımız, bizləri bir dəmir yumruq kimi birləşdirdi. Bu gün bizim güclü ordumuz var. Əlbəttə, müharibə itkisiz olmur. Neçə-neçə qəhrəmanlarımız şəhid oldu. Allah bütün şəhidlərimizə rəhmət eləsin, onların qanı yerdə qalmadı", - deyə keçmiş döyüşçü vurğulayıb.






15-12-2020, 04:36 | Ona bu zülmü vermək istəməzdim, amma mən artıq şəhidlik zirvəsindəyəm…Şəhidlərinin xatirəsinə həsr olunmuş "Olmayan Bir Müsahibə ..." - FOTO

Azərbaycan yazıçı Nərminə Məmmədzadə Trend Life-a ikinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş "Olmayan Bir Müsahibə ..." adlı silsilə materiallar təqdim edir.
Bu material Ağaqardaş Abbasova həsr edilmişdir...
Bəzi şeylərı anlamaq olmur, sadəcə hiss etmək olar...
- Salam Ağaqardaş.
- Hər vaxtınız xeyir.
- Danışaq, cənab Baş Leytenant?
- Əlbəttə ki (gülümsəyir).
- Sən həyatını hərbçiliyə həsr etmisən. Hətta aprel döyüşlərində iştirak etmisən. Hardandır vətənə bu sevgi?
- Allahdan və atamdan. Həmişə deyirdim ki Şuşaya bayraq taxacam, amma qismət olmadı, təəssüf...
- Sənin bu qəhrəmanlığın Şuşaya o bayrağın sancılmağına ən böyük zəmin idi.
- Mən də çalışıram elə fikirləşim...
- Elədir ki, var. Sən bilirsən ki, qızın olacaq fevral ayında?
- Hə, bilirəm... Elə heyfslənirəm ki, yoldaşımın yanında olmayacağam. Amma bilirəm ki, atam balama baxacaq.
- Atanla danışmışam... O sentyabrın 28-dən noyabırın 4-ə kimi səni axtarıb... Hər gün Zərdab - Füzuli yolu.
- Biz yeddi nəfər idik, neytralda galmışdıq elə sentyabrın 28-i... Şəhid olan günü... Əslində o gün mənim ad günüm idi (gülümsəyir). Yəqin Allaha lazım idim.
- Allah ən yaxşıları yanına çağırır.
- Ola bilər...
- Bir şey soruşum, niyə tarix müəllimi olmaq istəmədin?
- Mənlik deyil (gülür). Bir mahnı var, çalışım sizə bir az oxuyum.
O gün gelecek qəm yemə, qəm yemə.
O, vaxt dönəcəm mən sənə, mən sənə.
Hələ yad əldədi yurdumuz-yuvamız ,
Bitib tükənməyib o qan davamız.
Hay ver mənə cənab leytenant,
Hay ver mənə leytenant.
Xoş müjdəli bir savaşdan,
Pay ver mənə leytenant...
- Deyəsən sevdiyin mahnıdır?
- Bəli, çox bəyənirəm bu mahnını. Bilirsiniz, bu mahnıda mənim ürəyimdə olan hisslər var, onları heç başa sala da bilmirəm. Amma, mən bilən, siz başa düşəcəksiniz niyə tarix müəllimi olmadım.
- Hə, çox yaxşı başa düşürəm. İnsan sevmədiyi işlə məşgul olanda xoşbəxt ola bilməz.
- Əlbəttə ki!
- Ürəyində nə isə qalıb?
- Atama ayın 28-i zənq edə bilmədim, axı mənim ad günüm idi...
- Atan səni o qədər axtarıb ki...
- Atam elə bil ki "Yalan" kinosunu yaşayıb... Ona bu zülmü vermək istəməzdim, amma mən artıq şəhidlik zirvəsindəyəm, mənimlə fəxr etsin, mənim balama baxsın və mənim onun yanında olmamağımı bağışlasın...



15-12-2020, 04:32 | “Virtual məktəb”də fənlər üzrə qiymətləndirmə təşkil olunacaq

Dekabrın 19-u saat 14:00-dan başlayaraq "Virtual məktəb"də fənlər üzrə keyfiyyət dəyişikliklərini dəyərləndirmək məqsədilə milli qiymətləndirmə təşkil olunacaq.
Təhsil Nazirliyindən milli.az bildirilib ki, milli qiymətləndirmə IV, VI və IX siniflərdə tədris dili, riyaziyyat və ingilis dili fənləri üzrə təşkil olunacaq.
Qiymətləndirmədə iştirak etmək üçün "Virtual məktəb" platformasında "Teams -> General" bölməsindən "Testlər" altbölməsinə daxil olmaq və orada yerləşdirilən tapşırıqlara cavab vermək lazımdır.
Qiymətləndirmə prosesində:
- IV sinif şagirdlərinə tədris ili üzrə 15, riyaziyyat üzrə 15 və ingilis dili üzrə 10 sual olmaqla, ümumilikdə 40 tapşırıq (qiymətləndirmənin müddəti - 1 saat 20 dəqiqə);
- VI sinif şagirdlərinə tədris ili üzrə 20, riyaziyyat üzrə 20 və ingilis dili üzrə 20 sual olmaqla, ümumilikdə 60 tapşırıq (qiymətləndirmənin müddəti - 2 saat);
- IX sinif şagirdlərinə tədris ili üzrə 30, riyaziyyat üzrə 30 və ingilis dili üzrə 30 sual olmaqla, ümumilikdə 90 tapşırıq təqdim olunacaq (qiymətləndirmənin müddəti - 3 saat).
Qeyd edək ki, sistemli tədqiqat şəklində aparılan qiymətləndirmənin məqsədi etibarlı məlumatların toplanması, təkliflərin verilməsi, problemlərin həlli üçün konkret istiqamətlərin müəyyənləşdirilməsidir.
15-12-2020, 04:25 | Möhtəşəm Vətən müharibəsinin dəmir qanadlı qəhrəmanı

O, 44 günlük Vətən müharibəsinin dəmir qanadlı qəhrəmanıdır. AZƏRTAC bildirir ki, sentyabrın 27-də Azərbaycan Ordusunun qətiyyətli əks-hücum əməliyyatı başlayan gün usta pilot, polkovnik-leytenant Ramiz Qasımov ən sevincli günlərindən birini yaşayırdı. Onun ən ümdə arzusu Şuşada üçrəngli bayrağımızı dalğalandırmaq idi. O, illərdir Ali Baş Komandan İlham Əliyevin hücum əmrini gözləyirdi...
Havada böyük peşəkarlıq
Həmin gün Azərbaycan Hərbi Hava Qüvvələrinin Ordu aviasiyasının pilotlarına quru qoşunları, eləcə də digər qoşun növlərinə hava dəstəyi ilə bağlı tapşırıqlar verilmişdi. Polkovnik-leytenant Ramiz Qasımovun döyüş yolu Tərtər istiqamətindən başladı. Düşmənin bir çox hədəflərini dəqiq atəşlə məhv etdi. Onun göstərdiyi ustalıq digər uçuş heyətlərində böyük ruh yüksəkliyi yaratdı.
Onunla eyni istiqamətdə döyüşən kapitan Coşqun Rüstəmov deyir ki, polkovnik-leytenant Ramiz Qasımov "SPAYK" uzunmənzilli raketlərlə silahlanmış "Mİ-17" helikopterində uçuşlar həyata keçirirdi:
"İlk uçuşunda düşmənin bir çox strateji əhəmiyyətli hədəflərini sıradan çıxardı. Həmçinin düşmənin bir neçə OSA zenit raket kompleksini və P19 radiotexniki vasitəsini məhv etdi. Düşmənə sarsıdıcı zərbələr endirdikdən sonra atəşə məruz qaldı, helikopteri vuruldu. Ramiz Qasımov, ilk növbədə, digər ekipaj üzvlərini xilas etmək üçün onlara "atılın" komandası verdi. Qolundan ağır yaralanan polkovnik hündürlüyünü sürətlə itirən helikopterin yaşayış məntəqəsinə düşməməsi üçün onu boş sahəyə yönəltdi. Son anda helikopteri tərk etməyə nail olsa da, paraşütlə yerə düşərkən başından ağır zərbə aldı. Helikopteri vaxtında tərk etsəydı, bəlkə də sağ qalardı. Amma o özünü yox, ilk növbədə, ekipaj üzvlərini və mülki əhalini düşündü".
"Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülmüş şəhid pilot
Polkovnik-leytenant Ramiz Qasımov 25 gün komada qaldıqdan sonra oktyabrın 22-də şəhid oldu. Bu müddətdə hamı onun sağalacağına ümid etsə də, dəmir qanadlı qəhrəmanın həyatını xilas etmək mümkün olmadı. Onun döyüşlərin ilk günü göstərdiyi misilsiz qəhrəmanlıq diqqətdən yayınmadı. Dekabrın 9-da Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə polkovnik-leytenant Ramiz Qasımova ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi.
"Ramiz Hərbi Hava Qüvvələrinin ordu aviasiyasında usta pilot idi. Ordu aviasiyasında olan bütün tip vertolyotlarda uçuşlar həyata keçirmişdi. Bütün yeni növ silahların tətbiqinə buraxılışı vardı. Həm təlimatçı, həm sınaqçı pilot idi", - bunu polkovnik-leytenant Rəşad Nadirov öz pilot yoldaşı haqqında deyir. O bildirir ki, şəhid polkovnik-leytenant Ramiz Qasımov artıq uzun müddət idi təqaüd imkanları əldə etmişdi, Ordu sıralarından gedə bilərdi. Amma o, Vətənə xidməti müqəddəs iş hesab edirdi. Deyirdi ki, dövlət bizi oxudub, yetişdirib, biz bu dövlətə canımızı fəda etməliyik. Ordu sıralarından ayrılsaydı, daha yüksək məvacib ala bilərdi, mülki hava yollarında uça bilərdi. Bir neçə xarici dil bilirdi, bir çox fərqlənmələri vardı. Amma qəlbindəki Vətən sevgisi, torpaq yolunda canını fəda etmək arzusu onu şəhidlik zirvəsinə ucaltdı.
Şəhid polkovnik-leytenantın ən böyük arzusu reallaşdı
Onun ən ümdə arzusu Şuşada üçrəngli bayrağımızı dalğalandırmaq idi. Şəhid polkovnik-leytenantın həyat yoldaşı Günel Qasımova belə deyir: "O hərb işini çox sevirdi, vətənpərvər oğul idi. Onun kimi insanın həyat yoldaşı olduğuma görə həqiqətən şərəf duyuram. Evdə çox az olsa da, hərbi verilişləri izləyər, hərbi kitabları mütaliə edirdi. Dəqiqlik sevən insan idi. Öz işi barədə danışmağı xoşlamazdı. Aprel, iyul döyüşlərində çox böyük əməyi oldu. Biz onun bütün qəhrəmanlıqları barədə sonradan xəbər tutduq".
Günel Qasımova deyir ki, Ramiz bizə ancaq xoş xatirələrini qoyub getdi: "Mənə, uşaqlara heç vaxt çətinlik yaşatmayıb. Övladlarına həmişə hörmətlə yanaşırdı. İşinin çox olmasına baxmayaraq, vaxt tapıb onların dərsləri ilə maraqlanırdı, gəzməyə aparırdı, qayğıkeş ata idi. Evin hər işini özü həll edir, mənim üzərimdə bir çətinlik qalmırdı. Ona görə, bu gün mənə çətindir, çiyinlərimdə ağır bir yük var. Bilmirəm, onsuz bu yükü daşıya bilərəm, ya yox. Kaş sağ olaydı, Qələbədən özü danışaydı. Vətən sağ olsun".
Oğlunun da hərbçi pilot olmasını arzulayırdı
Günel Qasımovanın sözlərinə görə, Ramiz oğlu Vaqifin də hərbçi pilot olmasını arzu edirdi: "Həmişə deyirdi ki, Vaqif mənim yolumu davam etdirməlidir, hərbçi pilot olmalıdır. Onu başqa sahədə görə bilmirdi. Uşağı indidən hazırlayırdı, onunla hərbi işlə bağlı söhbətlər edirdi, onu da özü kimi vətənpərvər ruhda böyüdürdü. Çalışırdı ki, övladları həyatda düzgün mövqe tutsunlar, ali təhsil alsınlar, savadlı olsunlar. Atalarının adını həmişə uca tutsunlar, layiqli vətəndaş olsunlar. Uşaqlarımızı onun cızdığı düzgün yolla böyütməyə, onun adına layiq olmalarına çalışacam".
Şəhid polkovnik-leytenant Ramiz Qasımovun Vətənə əmanət üç övladı böyüyür. Vaqif, Gülanə və Gülay ataları üçün çox darıxsalar da, onunla fəxr edirlər.


















