10-10-2021, 10:51 | Misirdə yeniyetmələr koronavirusa qarşı peyvənd olunacaq

Misir ayın sonuna qədər 12-18 yaş yeniyetmələr arasında yeni koronavirusa qarşı vaksinasiyaya başlayacaq.
Bu barədə ölkənin Səhiyyə Nazirliyi xəbər verib.
Nazirliyin nümayəndəsi bildirib: "Nazirliyin peyvəndlərin təhlükəsizliyi və effektivliyi sahəsində araşdırmaları başa çatmaq üzrədir və bu yaş qrupu arasında vaksinasiya oktyabr ayında başlayacaq".
Peyvəndlərin "Pfizer" şirkətinin dərmanı ilə edilməsi planlaşdırılır.
10-10-2021, 10:43 | Türkiyədə son sutkada koronavirusdan 24 217 nəfər sağalıb

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 206 nəfər vəfat edib.
Bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirus infeksiyasının müəyyən edilməsi ilə əlaqədar 348 856 nəfər test edilib, 28 645 yeni yoluxma halı qeydə alınıb.
Qeyd edilib ki, ötən gün koronavirusdan 24 217 nəfər sağalıb.
10-10-2021, 10:37 | Rusiyada alkoqoldan zəhərlənmə nəticəsində ölənlərin sayı artıb

Rusiyanın Orenburq vilayətində 30 nəfər saxta alkoqoldan zəhərlənmə nəticəsində öldü.
Bu barədə vilayətin Regional və İnformasiya siyasəti üzrə Nazirin müavini İnna Averkova deyib.
O bildirib ki, 23 nəfər xəstəxanalarda müalicələrini davam etdirir. Onardan beşi süni tənəffüs aparatlarına qoşulub. Özünü yaxşı hiss edən 8 xəstə evə buraxılıb və müalicələrini orada davam etdirirlər.
Trend
10-10-2021, 10:34 | Sağ partiyaların koalisiyası Çexiyada parlament seçkilərində qalib gəlib

Sağ liberal Vətəndaş Demokrat Partiyası, Xristian Demokratlar və "Ənənə Məsuliyyət Rifah 09" partiyasından ibarət "Birlikdə" partiya koalisiyası Çexiya Parlamentinin Deputatlar Palatasına (aşağı palata) seçkilərdə qalib gəlib.
Bu barədə 99,9 faiz səslər hesablandıqdan sonra CNN Prima NEWS televiziya kanalı Çexiya statistika idarəsinə istinadən bildirib.
Məlumata əsasən, "Birlikdə" 27,77 faiz seçici səsi toplayıb. Baş nazir Andriy Babişin ANO ("Narazı vətəndaşların hərəkəti") hərəkatı 27,15 səs toplayıb. Lakin buna baxmayaraq parlamentin aşağı palatasında təmsil olunan ən güclü partiya sayılır: o, parlamentdəki 200 yerdən ən azı 70 -ni tutacaq.
Trend
9-10-2021, 09:52 | Batumidə bina çökməsi nəticəsində ölənlərin sayı artdı

Gürcüstanın Batumi şəhərində çökən binanın dağıntıları altından çıxarılan meyitlərin sayı dördə çatıb.
Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat verib.
Məlumata əsasən, həlak olanlardan biri uşaqdır. Hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir.
Xatırladaq ki, Batumidə 70-ci illərin sonlarında inşa edilən beş mərtəbəli bina, oktyabrın 8-də günorta saatlarında çöküb. Binada 12 mənzili olub.
Gürcüstan Daxili İşlər Nazirliyi Batuminin 26 May küçəsindəki 13 nömrəli evin çökməsi ilə bağlı cinayət işi açıb. İstintaq "bir şəxsin ölümü və ya digər ağır nəticələrlə nəticələnən mədənçilik, tikinti və ya digər işlər zamanı təhlükəsizlik qaydalarının pozulması" maddəsi ilə aparılır ki, buna görə 2 ildən 5 ilə qədər həbs cəzası nəzərdə tutulur.
Təsdiq edilməmiş məlumatlara əsasən, birinci mərtəbədəki ticarət sahəsinin sahibi binanın zirzəmisini birinci mərtəbə ilə birləşdirmək məqsədi ilə daşıyıcı divarı sökdüyünə görə polisə sorğu-sual üçün çağırılıb.
Trend-
9-10-2021, 09:46 | Bayden qaçqınların qəbulu üzrə kvotanı ikiqat artırıb

ABŞ prezidenti Co Bayden 2022-ci maliyyə ilində ölkəyə qaçqın qəbulu üzrə kvotanı 62,5 min nəfərdən 125 minədək artırıb.
Bu barədə Ağ Evin yaydığı bəyanatda deyilir.
"2022-ci maliyyə ilində 125 minə qədər qaçqının ABŞ-a qəbulu humanitar fikirlərlə əsaslandırılır və ya başqa şəkildə milli maraqlara cavab verir", - deyə amerikalı lider vurğulayıb.
Bununla yanaşı, Vaşinqton administrasiyası Avropa və Orta Asiya ölkələrindən 10 min qaçqın qəbul etmək niyyətindədir.
Bir müddət əvvəl hökumət qaçqınların ölkəyə qəbulu üzrə kvotanın artırılması ilə bağlı niyyətini Konqresə də çatdırmışdı.
9-10-2021, 09:42 | ABŞ dövlət katibinin müavini Moskvaya səfər edəcək


ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoria Nuland bir sıra ikitərəfli, regional və qlobal problemləri müzakirə etmək üçün oktyabrın 11-də Moskvaya səfəredəcək.
Bu barədə Dövlət departamentinin mətbuat xidmətinin bəyanatında deyilir.
"Dövlət katibinin müavini Viktoria Nuland yüksək vəzifəli rəsmilər və digər həmsöhbətlərlə bir sıra ikitərəfli, regional və qlobal problemləri müzakirə etmək üçün oktyabrın 11-də Moskvaya (Rusiya) gedəcək", - məlumatda vurğulanıb.
Xatırladaq ki, 2019-cu ilin may ayında Rusiya Nulanda viza verməkdən imtina edib. Buna səbəb diplomatın ABŞ-ın Rusiyaya qarşı sanksiyalarına cavab olaraq Moskvanın tərtib etdiyi "qara siyahıya" daxil olunduğu göstərilib.
Trend
9-10-2021, 09:33 | ABŞ-da təyyarə qəzası: 4 ölü - FOTO

ABŞ-ın Corciya ştatındakı hava limanı ərazisində birmühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 4 nəfər ölüb.
Bu barədə yerli "FOX 5" telekanalı De-Kalb dairəsinin yanğınsöndürmə xidmətinə istinadən məlumat yayıb.
"Cümə günü günortadan sonra De-Kalb-Piçtri hava limanında baş verən qəzadan sonra yanan təyyarənin göyərtəsində 4 nəfər olub. Onların hamısı ölüb", - deyə yanğınsöndürmə xidmətindən bildirilib.
Telekanalın məlumatına görə, qəzadan sonra hava limanı bağlanıb. Təyyarədə olan sərnişinlərin kimliyi hazırda açıqlanmır.
ABŞ Federal Mülki Aviasiya İdarəsi və Milli Nəqliyyatda Təhlükəsizlik Şurası hadisəni araşdırır.
9-10-2021, 09:28 | ABŞ və Taliban nümayəndələri görüşəcəklər

ABŞ nümayəndə heyəti 9-10 oktyabr tarixlərində Qətərin paytaxtı Dohada Taliban rəhbərliyi ilə görüşəcək.
Görüş ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasından sonra tərəflər arasında ilkdir.
Bildirilir ki, ABŞ səlahiyyətliləri Əfqanıstanda qalan digər ölkələrin vətəndaşlarının təhlükəsiz şəkildə evakuasiyasını və Taliban tərəfindən saxlanılan amerikalıların sərbəst buraxılmasını təmin etmək üçün Talibana təzyiq göstərməyə çalışacaqlar.
9-10-2021, 09:26 | Türkiyədə koronavirusdan daha 188 nəfər vəfat edib.

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 188 nəfər vəfat edib.
Bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirus infeksiyasının müəyyən edilməsi ilə əlaqədar 360 115 nəfər test edilib, 30 201 yeni yoluxma halı qeydə alınıb.
Qeyd edilib ki, ötən gün koronavirusdan 28 167 nəfər sağalıb.


















