Dünən, 11:51 | AMB faiz qərarı VERDİ

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə faiz dəhlizinin bütün parametrləri dəyişməz saxlanılıb.
Beləliklə, Uçot dərəcəsi 6.5%, faiz dəhlizinin aşağı həddi 5.5%, yuxarı həddi isə 7.5% səviyyəsində saxlanlıb
Faiz dəhlizi ilə bağlı qərar qəbul olunarkən faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf intervalı (4±2%) ilə uzlaşması, yaxın regionda artan geosiyasi gərginliklərin yaratdığı risklər, qlobal və daxili maliyyə bazarlarındakı mövcud vəziyyət, daxili makroiqtisadi meyillər, eləcə də pul siyasəti qərarlarının real sektora ötürücülüyünün xüsusiyyətləri əsas götürülüb.
Hazırda illik inflyasiya hədəf daxilindədir. 2026-cı ilin fevralında 12 aylıq inflyasiya 5.7% təşkil edib. İllik qiymət artımı qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6.8%, ödənişli xidmətlər üzrə 5.7%, qeyri-qida məhsulları üzrə isə 3.7% təşkil edib. İllik baza inflyasiya 5.6% olub. Müşahidə olunan inflyasiya, əsasən xarici mənşəli xərc amillərinin təsiri altında formalaşır.
Cari ilin ötən dövründə valyuta bazarında vəziyyət stabil olaraq qalıb. 2026-cı ilin yanvar-fevral aylarında mübadilə şöbələri tərəfindən nağd xarici valyutanın alışı satışını 51 mln. ABŞ dolları üstələyib. Rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsinin son 12 ayda 2.8 faiz bəndi azalaraq 2026-cı ilin fevralında 27.7%-ə enməsi məzənnə ilə bağlı gözləntilərin nikbin olduğunu göstərir. Bu şəraitdə 2026-cı ilin I rübündə Mərkəzi Bankın valyuta ehtiyatları 1.2% artaraq 11.7 mlrd. ABŞ dollarına çatıb.
Valyuta bazarında tarazlığın əsas amili olan xarici sektor göstəriciləri əlverişli olaraq qalır. Gömrük statistikasına əsasən, 2026-cı ilin yanvar-fevral aylarında ölkənin xarici ticarətində 1.1 mlrd. ABŞ dolları məbləğində müsbət saldo qeydə alınıb. Mərkəzi Bankın 2026 və 2027-ci illərin sonuna cari əməliyyatlar hesabının profisitli olacağı ilə bağlı proqnozu dəyişməz qalır. Son vaxtlar əsas ixrac məhsulları üzrə qiymətlərin yüksəlməsi cari əməliyyatlar hesabı profisitinin artma istiqamətində dəyişmə ehtimalı yaradır.
Pul siyasəti alətləri maliyyə bazarlarında gedən proseslər və bank sisteminin likvidlik mövqeyi nəzərə alınmaqla tətbiq edilir. Təminatsız pul bazarında faizlər Mərkəzi Bankın faiz dəhlizi daxilində, uçot dərəcəsinə yaxın hərəkət edir. Faiz dəhlizi parametrlərinin azaldılması ilə bağlı son qərar AZIR-in azalması ilə müşayiət olunub. Belə ki, AZIR indeksinin orta günlük səviyyəsi 2026-cı ilin yanvarında 6.70% olduğu halda, bu göstərici fevralda 6.54%-ə, martda isə 6.47%-ə enib. Ötən iclasdan bəri gəlirlilik əyrisində və Mərkəzi Bankın notları üzrə gəlirlilikdə də azalmalar baş verib. Mərkəzi Bank, əsasən 1 həftəlik açıq bazar əməliyyatları ilə pul siyasətindən kənar amillərin AZIR-ə təsirini minimallaşdırıb.
Baza ssenariyə əsasən, 2026-cı ilin və 2027-ci ilin sonuna illik inflyasiyanın hədəf daxilində olacağı proqnozu dəyişməz qalır. Son meyillərin təhlili 2026-cı ilə inflyasiya proqnozunun artma istiqamətində dəyişdirilməsi ehtimalının olduğunu göstərir.
Ötən iclasdan bəri inflyasiya riskləri balansına artırıcı təsir göstərə bilən amillərin aktivləşməsi müşahidə olunur. Regionda gərginliyin kəskin fazaya keçməsi qlobal əmtəə və maliyyə bazarlarında qiymət və indekslərin dəyişkənliyini yüksəltməkdədir. Bu şəraitdə əsas xarici risk idxal qiymətlərinin daxili inflyasiyaya ötürülməsi ilə bağlıdır. Belə ki, qlobal neft-qaz təchizat zəncirlərində pozuntuların yaranması, enerji məhsullarının qiymətinin artımı və logistika xərclərinin yüksəlməsi ticarət tərəfdaşlarında inflyasiyanın artımına səbəb ola bilər. İdxal qiymətlərinin daxili inflyasiyaya ötürülməsi riski ticarət tərəfdaşlarında inflyasiya prosesləri ilə yanaşı, nominal effektiv məzənnənin dinamikasından da asılı olacaqdır. Daxili risk faktorları arasında təklif - xərc amilləri mühüm olaraq qalır.
Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar proqnoz və faktiki inflyasiyanın istiqaməti, habelə makroiqtisadi təhlillərin yenilənmiş nəticələri əsasında veriləcəkdir. Mərkəzi Bank bundan sonra da qiymət sabitliyini təmin etmək üçün sərəncamındakı bütün vasitələrdən istifadə edəcəkdir. İnflyasiya proqnozunun hədəfdən çıxması riski yarandığı təqdirdə adekvat siyasət addımları atılacaqdır.
Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar barədə məlumat 2026-cı il may ayının 6-da ictimaiyyətə açıqlanacaq və bununla bağlı mətbuat konfransı keçiriləcəkdir./Banker.az
7-02-2026, 09:16 | Benzinlə bağlı yeni QƏRAR - 30 gündən sonra

Nazirlər Kabineti 17 noyabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"ndə dəyişiklik edib.
Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Dəyişikliyə əsasən, bundan sonra bir sıra mallar, o cümlədən avtomobil benzini üçün rüsumlar ayrıca müəyyən ediləcək.
Qərar 30 gündən sonra qüvvəyə minəcək.
7-02-2026, 09:13 | Krediti onlayn yoxsa əyani götürmək sərfəlidir?

Banklar kredit götürmək istəyən şəxslərə 2 əsas kredit üsulu təklif edir. Onlayn və əyani kredit müraciətlərində məbləğ eyni olsa da, amma faiz dərəcələri, komissiyalar bir-birindən fərqlənə bilər.
Bəs hansı müraciət forması daha sərfəlidir ?
İstehlak kreditlərində onlayn müraciətlərin aparılması daha sürətli və faiz dərəcələri aşağı olur. Çünki burada daha az resurs, az sayda kağız və işçi istifadə olunur.
Əksər hallarda müştərilərə kredit götürərkən bir neçə sığorta növü təklif olunur. Bu sığortalara həyat sığortası da daxildir, kredit alan şəxsin vəfat etməsi halında kredit öhtəliyi bank tərəfindən qarşılanır. Lakin krediti vaxtından əvvəl tam ödədikdə sığorta haqqının istifadə olunmayan hissəsi sığorta şirkəti tərəfindən geri qaytarıla bilər. Buna baxmayaraq bir çox şəxs bu hüquqdan xəbərsizdir.
Sıöortanın qaytarılmasının əyani və ya onlayn olması rolu azdır. Burda əsas sığorta şirkətinin yanaşmasıdır. Müqavilədə qaytarılma təsbit olunubsa, bu, qaytarılacaq. Ödənişin qaytarılması texniki tərəfdən zaman ala bilər və ya qaytarılması mümkün olmaya da bilər.
Mütəxəssislər qeyd edirlər ki, bu hallarda bank əməkdaşları şərtlərlə bağlı müştərilərə məlumat verməli, qaranlıq qalan məqamları aydınlaşdırmalıdırlar. Milli.Az
25-08-2025, 09:22 | Ət qiymətləri rekord səviyyəyə çatdı

İyul ayında beynəlxalq ət və bitki yağları qiymətlərinin artması səbəbindən qlobal ərzaq qiymətləri 1,6% yüksəlib.
Bu barədə BMT-nin Qida və Kənd Təsərrüfatı Təşkilatının hesabatda qeyd olunub.
Məlumatda bildirilib ki, ət qiymətləri indeksi iyulda aylıq bazada 1,2% artaraq 127,3 xalla rekord səviyyəyə çatıb. İllik artım isə 6%-ə bərabər olub.
ABŞ-də Dana əti qiymətləri son bir ildə 15,9% artaraq 453 qram üçün 6,3 dolları keçib. Son iki ildə qiymətlər davamlı yüksəliş trendi göstərir.
Avropa İttifaqı ölkələrində də ət qiymətləri rekord həddə çatıb. Aİ Komissiyasının məlumatına görə, 11-17 avqust həftəsi üçün 100 kiloqram ət 662,31 avro olub və illik artım 32,8%-dir. Bu artım, Ai-də illik 2,3% olan inflyasiyanı xeyli üstələyir.
İngiltərədə isə ət qiymətləri tarixdə ən yüksək səviyyəyə çatıb. Keçən il avqustda 1 kiloqram ət 7,2 funt idisə, bu il 10,6 funt olub. İllik artım 47%-dir, ölkədə isə inflyasiya 3,8% ölçülüb.
Analizlərə görə, qlobal ət qiymətlərindəki artım camış və qoyun əti qiymətlərinin yüksəlməsi ilə əlaqədardır. Xüsusilə Çin və ABŞ-dən gələn güclü tələbat qiymətləri artırıb. Bu tələbat Avstraliya və Braziliya kimi böyük istehsalçı ölkələrdə də qiymətləri yuxarı çəkib.(Teleqraf)
12-12-2024, 10:06 | Neftimiz bahalaşdı

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.
Azərbaycan neftinin 1 barelə olan qiyməti 0.63 ABŞ dolları və ya 0.83% artaraq 76,54 ABŞ dollarına bərabər olub.
Qeyd edək ki, ötən gün Azərbaycan neftinin qiyməti 75,91 dollar təşkil edib.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15.81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149.66 ABŞ dolları qeydə alınıb.
12-12-2024, 09:26 | Kirayə avtomobillərə təlabat ARTDI: səbəb - VİDEO

Kirayə avtomobillərə təlabat artıb.
Xəzər TV-yə istinadən bildirir ki, icarədarların sözlərinə görə, ötən ilin eyni dövrü ilə müqayisədə bu il avtomobil kirayələnlərin sayı çoxalıb.. Onlar bunu turistlərin sayının artması və qarşıdan gələn bayramla əlaqələndirirlər.
Qiymətlər isə avtomobilin ilinə və markasına görə dəyişir.
İcarədarlar həmçinin avtomobil kirayə götürmək istəyənlər üçün bəzi şərtlərin olduğunu da bildirirlər.
Rent a car sahibləri deyirlər ki, bu aylarda avtomobillər daha çox rayonlara səfər üçün icarəyə götürülür. Bayram günlərində isə qiymətlərin artacağı istisna edilmir.
xəzər tv-nin hazırladığı videomaterialı təqdim edir:
12-12-2024, 09:11 | 2025-də qızılın qiyməti bu qədər olacaq - ABŞ bankı AÇIQLADI

Bank of America analitikləri 2025-ci ilin ikinci yarısında qızılın unsiya qiymətinin 3 min dollara çatacağını proqnozlaşdırır.
Mövcud konsolidasiya dövrünün uzanması səbəbilə investorların səbirli olmalarını tövsiyə edərək, iqtisadi qeyri-müəyyənlik və geosiyasi gərginliklərin təhlükəsiz liman tələbatını artıra biləcəyini vurğulayıb. Qızıl qiymətlərinin 2025-ci ildə orta hesabla unsiya başına 2 min 750 dollar səviyyəsində qalacağı gözlənilir.
Bununla yanaşı, analitiklər mövcud konsolidasiya dövrünün davam etməsi səbəbilə investorların səbirli olmalarının vacib olduğunu qeyd edirlər. Bankın metal araşdırmaları rəhbəri Maykl Vidmer, qızılın hazırda investorları cəlb edəcək açıq bir katalizatorun olmadığı bir mühitdə sıxışıb qaldığını ifadə edib.
ABŞ-ın ən böyük ikinci bankı, Çin tələbinin aşağı səviyyədə qalması və Qərbli investorların yüksək istiqraz gəlirləri və güclü ABŞ dolları səbəbilə yeni ildə qızıl bazarında çətinliklərlə üzləşəcəyini bildirib. Analitiklərə görə, Tramp administrasiyasının iqtisadi artım, yüksək inflyasiya, faiz artımları və daha güclü dollar kimi siyasətlər həyata keçirməsi qızılın qısamüddətli cazibəsini azalda bilər.
2025-ci il üçün iqtisadi proqnozlar və qızıl
Bank of America-nın sabit gəlir strategiyaları üzrə mütəxəssisləri, potensial ticarət tarifləri və iqtisadi prioritetlərin Fed-in yumşalma dövrünü yavaşlata biləcəyini bildirir. 2025-ci ildə mart və iyun aylarında olmaqla iki faiz azaldılması gözlənilir. İqtisadi qeyri-müəyyənlik və geosiyasi gərginliklərin qızıl və gümüşə olan təhlükəsiz liman tələbatını artıracağı da gözləntilər arasındadır.
Bütün bu çətinliklərə baxmayaraq, 2025-ci ildə qızıl qiymətlərinin orta hesabla unsiya başına 2 min 750 dollar səviyyəsində qalacağı proqnozlaşdırılır. Bank, geosiyasi çalxalanmalar və iqtisadi qeyri-müəyyənliklərin təhlükəsiz liman aktivlərinə olan tələbi artıraraq qızıl qiymətlərini dəstəkləyəcəyinə inanır.
Lalə Qüdrətova
Milli.Az
11-12-2024, 20:31 | Mərkəzi Bank ən çox şikayət olunan avto-icbari sığorta şirkətlərinin siyahısını yaydı

Ötən ilin dekabrından bu ilin noyabr ayınadək avto-icbari sığorta üzrə şikayət indeksi açıqlanıb.
Bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Məlumata görə, şikayət indeksi üzrə siyhada ən yüksəkdə "Xalq Sığorta" ASC (1,55), ən aşağıda isə "Qala Sığorta" ASC (0,43) dayanır.
Avto-icbari sığorta üzrə şikayət indeksini təqdim edirik:
Sığortaçılar
Şikayət indeksi
"Xalq Sığorta" ASC
1.55
"Atəşgah Sığorta" ASC
0.89
"Meqa Sığorta" ASC
0.83
"AtaSığorta" ASC
0.68
"Azərbaycan Sənaye Sığorta" ASC
0.47
"Qala Sığorta" ASC
0.43
Qeyd edək ki, avto-icbari sığorta üzrə şikayət indeksi vətəndaşların bu növ üzrə sığorta xidmətlərini əldə edərkən seçim etmələrinə dəstək göstərilməsi məqsədilə hesablanılır və yayımlanır. Şikayət indeksinin hesablanmasında beynəlxalq səviyyədə istifadə olunan metodologiyaya əsaslanaraq avto-icbari sığorta növü üzrə lisenziyası aktiv olan sığorta şirkətləri ilə bağlı daxil olan şikayətlər nəzərə alınıb. Eyni zamanda avto-icbari sığorta növünün aparılması üzrə verilən icazənin ləğv edilməsi yolu ilə lisenziyasının qüvvəsi məhdudlaşdırılmış və lisenziyası ləğv olunmuş sığorta şirkətləri ilə bağlı şikayətlərin tənzimlənməsi Mərkəzi Bank tərəfindən əvvəlki qaydada davam etdirilir.
11-05-2024, 13:48 | Türkiyənin Azərbaycana elektrik avadanlıqları ixracı azalıb

2024-cü ilin yanvar-aprel aylarında Türkiyənin Azərbaycana elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 28,1 faiz azalaraq, 67,7 milyon dollara bərabər olub.
Bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
"Bu ilin aprel ayında Türkiyə Azərbaycana 14,9 milyon dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin aprel ayı ilə müqayisədə 15,3 faiz azdır" - deyə nazirlikdən bildirilib.
Qeyd edək ki, 2024-cü ilin yanvar-aprel aylarında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,8 faiz azalaraq 5,2 milyard dollara bərabər olub.
Bu ilin aprel ayında Türkiyə 1,2 milyard dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin aprel ayı ilə müqayisədə 1,3 faiz azdır.
Qeyd olunub ki, son 12 ay ərzində (aprel 2023-aprel 2024) Türkiyə 16,2 milyard dollar məbləğində elektrik avadanlıqları ixrac edib
11-05-2024, 13:06 | Azərbaycanda saatlıq maaşa keçid nəyi dəyişəcək? - AÇIQLAMA

Azərbaycanda aylıq minimum əməkhaqqı saatlıq minimum əməkhaqqı ilə əvəz edilə bilər.
Bu, Dünya Bankı Qrupunun "Business Ready" hesabatının "İşçi qüvvəsi" indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsində öz əksini tapıb.
İqtisadçı ekspert Xalid Kərimli sözügedən dəyişikliyin təsirlərini "Ölkə.Az"a şərh edib. O bildirib ki, burada söhbət minimum əməkhaqqının hesablanması qaydasının dəyişdirilməsindən gedir:
"Məsələn, minimum aylıq maaş 345 manat, orta aylıq iş saatı 195 saat olarsa, orta saatlıq maaş 1,77 manat təşkil edəcək. Sözügedən dəyişiklik texniki olaraq minimum əməkhaqqının artmasına gətirməyə bilər. Çünki minimum əməkhaqqı prezidentin fərmanı ilə tənzimlənir və büdcədə nəzərdə tutulur. Ölkə prezidenti inaqurasiya mərasimində hökumətin hazırkı vəziyyətdən narazı olduğunu, minimum əməkhaqqının səviyyəsinin qane etmədiyini bildirmişdi. Lakin məbləğin nə zaman artırılacağını bildirmədi. Yəqin ki, burada artım mümkün olmadığı üçün artırılmır".
Dünya praktikasına gəlincə, ekspert deyir ki, Avropa ölkələrində minimum aylıq əməkhaqqı yoxdur və minimum saatlıq əməkhaqqıdan istifadə olunur: "Minimum saatlıq əməkhaqqına görə minimum aylıq əməkhaqqı hesablanır. Biz də həmin standartlara uyğunlaşdıracağıq".
X. Kərimlinin sözlərinə görə, minimum saatlıq əməkhaqqıya keçidin mənfi cəhəti yoxdur: "İş yeri əsas iş yerləri olan (09.00-18.00 iş saatları olan) şəxslər üçün bunun heç bir fərqi yoxdur. Bəzi işçilər isə aylıq deyil, saat üzrə çalışır. Bu halda minimum saatlıq əməkhaqqının müəyyənləşdirilməsi həmin şəxslərin hüquqlarının qorunması baxımından müsbətdir. Bu həm işəgötürən, həm də işçi üçün rahatlıq yaradır".
"Azərbaycanda minimum aylıq əməkhaqqı çox kiçik olduğundan, bu kimi tədbirlərin ciddi təsirinin olacağını düşünmürəm. Gələcəkdə minimum əməkhaqqı artırılarsa, bu, işçi bazarında münasibətlərin təkmilləşdirilməsinə kömək edəcək", - deyə ekspert əlavə edib.

















