12-10-2023, 17:32 | Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

Oktyabrın 12-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qırğız Respublikasına işgüzar səfəri çərçivəsində MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak və çıxış edib.
Bu barədə Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd edilib ki, Azərbaycan və MDB ölkələri arasında müxtəlif sahələr üzrə, o cümlədən iqtisadiyyat, ticarət, investisiyalar, nəqliyyat, kommunikasiya, bağlantılar, humanitar, təhsil, idman və digər istiqamətlər üzrə faydalı əməkdaşlığın mövcudluğu məmnunluqla qeyd edilib.
Təşkilat ilə əməkdaşlıq şəraitində həyata keçirilən birgə tədbirlərin əməkdaşlığa və əlaqələrin inkişafına töhfə verdiyini bildirən nazir Ceyhun Bayramov, 2025-ci ildə MDB Oyunlarına ev sahibliyi edəcək ikinci ən böyük şəhərimiz Gəncədə sözügedən idman tədbirinin həyata keçirilməsi üçün görülən işlərdən bəhs edib. Eyni zamanda, 2025-ci ilin İkinci Dünya müharibəsi zamanı faşizm üzərində qələbənin 80-ci ildönümünün qeyd edilməsi ilə əlamətdar olduğu, bu xüsusda qələbənin qazanılmasına böyük töhfələr vermiş Azərbaycanın həyata keçiriləcək tədbirlərlə bağlı planın qəbul olunmasını dəstəklədiyi diqqətə çatdırılıb.
Nazir Ceyhun Bayramov, bu kimi görüşlərin çoxtərəfli əməkdaşlıq perspektivlərinin müzakirəsi baxımından əhəmiyyətini qeyd edərək, bu xüsusda MDB çərçivəsində mütəmadi təşkil olunan siyasi məsləhətləşmələrin vacib rolundan bəhs edib, növbəti il ərzində də qəbul olunmuş məsləhətləşmələr planının münasibətlərin inkişafına müsbət töhfə verəcəyinə dair inamını ifadə edib.
MDB ölkələrinin coğrafi mövqeyi baxımından yerləşməsinin nəqliyyat dəhlizlərinin inkişafı üçün geniş imkanlar yaratdığı, bu xüsusda Azərbaycanın regional nəqliyyat və kommunikasiyaların inkişafı istiqamətində təşəbbüsləri, xüsusilə Şərq-Qərb dəhlizinin inkişafına töhfə verən Bakı-Tbilisi-Qars dəmiryolunun təkmilləşdirilməsi məqsədilə görülən işlər, Ələt Azad İqtisadi Zonasının, o cümlədən Beynəlxalq Dəniz Ticarət Limanının potensialının artırılması, investorlar üçün yaradılan imkanlar barədə tədbir iştirakçıları ətraflı məlumatlandırılıb.
Son dövrlərdə ölkəmiz ilə Mərkəzi Asiya dövlətləri arasında artan təmasları məmnunluqla qeyd edən nazir Ceyhun Bayramov, bu xüsusda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ötən ay Tacikistanda keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşünə fəxri qonaq qismində dəvətinin inkişaf edən münasibətlərin göstəricisi olduğunu diqqətə çatdırıb.
Daha sonra, tədbirin yekunlarına dair sənədlər qəbul edilib.
8-11-2022, 08:16 | Azərbaycanda Zəfər Günü qeyd olunur

Bu gün Azərbaycanda 8 Noyabr - Zəfər Günü qeyd olunur.
Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında" sərəncama əsasən 8 Noyabr Azərbaycanda Zəfər Günüdür.
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.
Hər bir azərbaycanlı üçün əziz olan Qarabağın incisi Şuşa şəhərinin noyabrın 8-də iyirmi səkkiz illik əsarətdən qurtarılması müharibənin taleyində həlledici rol oynadı, düşmənin siyasi-hərbi rəhbərliyinin məğlubiyyəti etiraf etməsinə və hərbi əməliyyatları dayandırmasına səbəb oldu.
Şuşanın işğaldan azad edilməsi əməliyyatı tarixdə əbədi qalacaq. Qarabağın tacı, döyünən ürəyi Şuşa təbii istehkam olduğundan şəhərə tanklarla, yaxud digər ağır silahlarla girmək mümkün deyildi. Onu almağın iki variantı vardı. Birinci halda şəhərdəki düşmən qüvvələrini hava zərbələri, top atəşləri ilə məhv etmək olardı. Komandanlıq buna getmədi. Çünki şəhərin bombardman edilməsi böyük dağıntılara səbəb olacaqdı. Buna görə də alternativ variant kimi əlbəyaxa döyüş taktikası seçildi. Qəhrəman əsgər və zabitlərimiz yüngül silahlarla qalın meşələrdən, qayalar, dağlar aşaraq düşməni üzbəüz döyüşdə məhv etdi.
Şuşa şəhərinin və onun işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq, xalqımızın döyüş əzminin və qüdrətinin təntənəsinə çevrilən, dövlətimizin gələcək inkişafı və nüfuzu baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbə - Zəfər Günü hər il noyabrın 8-də təntənəli şəkildə qeyd edilir.
Noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzaladılar. Bəyanata əsasən noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları bir güllə atılmadan, heç bir şəhid verilmədən azad edildi. Bəyanatda həmçinin Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin edilməsi elan edilmişdir.
Beləliklə Azərbaycanın hərbi qələbəsi Ermənistanı kapitulasiyaya məcbur etdi.
6-11-2022, 10:01 | Azərbaycanın və bütün regionun tarixi yaxşıya doğru dəyişdi

Noyabrın 8-də Azərbaycan ikinci Qarabağ müharibəsində tarixi qələbəsini qeyd edir. 27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində növbəti təxribatına cavab olaraq Azərbaycan əks-hücum əməliyyatına başlayıb. 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının, hökumətinin və ordusunun birliyi düşməni diz çökdürdü. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qətiyyətli siyasəti sayəsində dəmir yumruq kimi birləşən Azərbaycan xalqı bütün dünyaya özünün gücünü göstərərək Ermənistan ordusunun "məğlubedilməzliyi" mifini darmadağın etdi. Bu gün bütün dünya Azərbaycan əsgərlərinin qəhrəmanlığından danışır.
Ermənilər guya keçilməz "Ohanyan xətti" haqqında mif yaratmışdılar. Lakin Azərbaycan ordusu onu çox tez məhv etdi. Azərbaycan ordusunun qüdrətini görən ermənilər qaçarkən nəinki silah-sursat, hərbi texnika, həm də hərbçi yoldaşlarının cəsədlərini qoyub qaçırdılar.
Bu qələbə Azərbaycan xalqının həmrəyliyinin, müstəqil Azərbaycanın iqtisadi qüdrətinin, Azərbaycan övladlarının qəhrəmanlığının, qorxusuzluğunun, əzmkarlığının və mərdliyinin təntənəsi idi. Bundan sonra bütün dünya əsrlər boyu Azərbaycanın qəhrəmanlarından, qüdrətindən danışacaq.
"Caspian Group Holding"in baş direktoru Rob Sobhani bazar günü Trend-ə bildirib ki, Azərbaycanın qələbəsi Prezident İlham Əliyevin qətiyyətli və balanslaşdırılmış siyasətinin nəticəsidir.
Onun fikrincə, Qarabağın erməni işğalından azad edilməsinin ildönümü Prezident İlham Əliyevin müdrik və qətiyyətli fəaliyyətinin Azərbaycanın və bütün regionun tarixini yaxşıya doğru necə dəyişdirdiyinin parlaq xatirəsidir.
"Azərbaycan Prezidenti İlham Əliyevin Qarabağın azad edilməsi ilə bağlı müdrik qərarını onun ilkin istəyi - Ermənistanla münaqişəni sülh yolu ilə həll etmək kontekstində dəyərləndirilməlidir. Ermənistan işğal etdiyi əraziləri təslim etməkdən imtina edəndə, Qərb dövlətləri isə onu sülhə razılaşmağa məcbur edə bilməyəndə və 2020-ci il sentyabrın 27-də Ermənistan növbəti dəfə Azərbaycana qarşı təxribat törədəndə o zaman Prezident İlham Əliyev Azərbaycan xalqının mənafeyi naminə Qarabağın azad edilməsi barədə tarixi qərar verdi", - deyə R.Sobhani bildirib.
R.Sobhani Prezident İlham Əliyevin böyük müdrikliyini və Qarabağın işğaldan azad edilməsi səylərində müasir texnologiyalardan istifadəyə inamını qeyd edib.
Kanada Beynəlxalq Münasibətlər İnstitutunun elmi əməkdaşı Robert M. Katler öz növbəsində qeyd edib ki, Azərbaycanın qələbəsi Cənubi Qafqazda əsaslı dəyişikliklərin başlanğıcı olub.
Onun sözlərinə görə, bu dəyişikliklər möhtəşəmdir.
"44 günlük müharibənin başa çatmasının ikinci ildönümündə qətiyyətlə demək olar ki, Azərbaycanın qələbəsi Cənubi Qafqazın inkişafında hələ də tükənməmiş əsaslı dəyişikliklərin başlanğıcı oldu. Bununla belə, Ermənistanın hərəkətləri nəticəsində regionda çətin vəziyyət davam edir", - deyə Robert M. Katler bildirib.
Onun sözlərinə görə, bu vəziyyətdə Qərb dövlətləri üçün ən konstruktiv siyasət Ermənistanı Azərbaycanla hərtərəfli sülh müqaviləsi imzalamağa sövq etmək üçün konkret addımlar atmaq olardı.
Həmsöhbətlərimiz əmindirlər ki, 8 noyabr 2020-ci il bütün Cənubi Qafqaz üçün əsaslı və dönməz dəyişikliklərin başlandığı tarix olub və bu dəyişikliklər regiona yalnız sülh, sabitlik, proqnozlaşdırıla bilənlik və inkişaf gətirir. Ekspertlərin bəhs etdiyi yeni reallıq həm Azərbaycan, həm Cənubi Qafqazın digər ölkələri, hətta Ermənistan üçün də yeni imkanların geniş meydanıdır. 30 illik münaqişənin və Azərbaycan ərazilərinin işğalının tarixi indi əməkdaşlıq və perspektivlər dövrünün başlanğıcına çevrilir. Regiondakı bu vəziyyəti ərazilərimizin işğaldan azad edilməsi kimi tarixi missiyanı yerinə yetirməklə yanaşı, Cənubi Qafqazda ümidsiz kimi görünən dağılmış iqtisadi, nəqliyyat və digər əlaqələri sözün əsl mənasında yenidən dirçəltmiş Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev yaradıb.
Azərbaycana gəlincə, həm ölkə daxilində, həm də onun hüdudlarından kənarda milyonlarla azərbaycanlının ətrafında birləşdiyi bir lider kimi Prezident İlham Əliyevin şəxsiyyəti amili məhz Qələbəmizdə həlledici rol oynadı. Azərbaycan Prezidenti həm insanları öz ətrafında birləşdirdi, həm də uğurun təməlini qoydu: sabit və inkişaf edən iqtisadiyyat yaradıldı, ölkənin Silahlı Qüvvələri köklü şəkildə modernləşdirildi, Azərbaycanın beynəlxalq aləmdə imici əhəmiyyətli dərəcədə artdı. Bütün bunlar Azərbaycanın qələbəsinin açarı oldu.
5-11-2022, 14:23 | İkinci Qarabağ müharibəsi xalqımızın yenilməzliyinin, dövlətimizin qüdrətinin təcəssümü oldu

Ermənilərin Azərbaycana qarşı düşmənçilik, işğalçılıq, soyqırımı və etnik dözümsüzlük siyasəti 200 ildən çoxdur davam edir. Tarixin müxtəlif dövrlərini vərəqləsək, bu deyilənlərin faktlarla təsdiqini tapdığının şahidi olarıq. Ötən 30 il ərzində isə bu tarixi hadisələrin canlı şahidləri olaraq ermənilərin etnik azərbaycanlılara və suveren ərazilərimizə qarşı işğalçılıq, talançılıq əməllərinin acı nəticələrini yaşamışıq. 1990-cı illərin əvvəllərində yenicə müstəqillik qazanmış, ordusu tam formalaşmamış, ölkə idarəetməsində səriştəsiz və qeyri-milli ruha, əqidəyə sahib insanların təmsil olunması ölkədaxili vəziyyətin pisləşməsinə, müxtəlif sahələrdə xaosun hökm sürməsinə, ən dəhşətlisi isə vətəndaş müharibəsinin başlanmasına, hərc-mərcliyə gətirib çıxarmışdı. Sözsüz ki, bu vəziyyətdən, Azərbaycandakı anarxiyadan sui-istifadə edən ermənilər və onların havadarları ölkəmizə və xalqımıza qarşı müxtəlif məkrli niyyətlər və əməllər planlaşdırmağa və o planları ən qəddar, qeyri-insani üsullarla həyata keçirməyə başladılar. Torpaqlarımızın 20 faizinin işğal olunması, həmin ərazilərdə bütün şəhər və kəndlərimizin, abidələrimizin dağıdılması, talan edilməsi, tarixən orada yaşamış dinc soydaşlarımızın vəhşicəsində qətlə yetirilməsi, didərgin salınması tariximizin ən acılı və ağrılı səhifələrindən biridir. 1992-ci ilin 26 fevral tarixində dünya tarixində misli görünməmiş Xocalı soyqırımının törədilməsi isə təkcə azərbaycanlılara qarşı deyil, bütün bəşəriyyətə qarşı bir cinayət idi. Bütün sadalananlar erməni millətçilərinin nə qədər qəddar, amansız olduğunu sübut etməyə yetər.
Azərbaycan dövləti və xalqı bu işğalın fəsadlarını 30 il ərzində yaşadı. 30 il Ermənistan silahlı qüvvələrinin işğalı altında saxlanılan torpaqlarımızda azərbaycanlılara məxsus tarixi izlərin silinməsi, buraların saxta olaraq özününküləşdirilməsi, digər ölkələrdən etnik ermənilərin qanunsuz olaraq burada məskunlaşdırılması, terror fəaliyyətləri, təbii sərvətlərimizin bir sıra xarici şirkətlərlə birgə talan edilməsi, bu iş birliyindən külli miqdarda gəlirlərin əldə edilməsi, mənəvi terrola yanaşı, eyni zamanda bizə vurulan iqtisadi ziyanların miqyasını da ölçüyəgəlməz dərəcədə artırırdı. Ermənilərin Azərbaycana qarşı mənəvi, maddi terroru bu illər ərzində davam edib.
Mövcud vəziyyətlə əlaqədar Azərbaycan hər zaman haqq səsini ucaldırdı, beynəlxalq ictimaiyyətdən reaksiya gözləyirdi. Lakin bütün bu hadisələrin, faktların dünyanın gözü qarşısında baş verməsinə baxmayaraq Ermənistana real təzyiq və cəza tətbiq edilmədiyi üçün vəziyyət getdikcə daha da gərginləşirdi. Beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozan, bir sıra beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qərar və qətnamələrə əməl etməyən Ermənistan öz məkrli əməllərindən əl çəkmir, əvəzində əsassız torpaq iddialarını daha da artırır, işğal altında saxladığı ərazilərimizdə talançılıq siyasətini davam etdirirdi. BMT kimi dünyanın ən böyük beynəlxalq təşkilatının qətnamələrini heçə sayan, başqa bir müstəqil dövlətin suveren, beynəlxalq səviyyədə tanınan sərhədləri daxilində ərazilərini zəbt edən, işğal edən bir ölkəyə qarşı bütün dünya haqq səsini ucaltmalı idi. Çünki bu işğalçılıq, beynəlxalq hüququn aliliyinin ayaqlar altına atılması və cəzasızlıq bütün dünya üçün əsl təhdid idi və müxtəlif vaxtlarda digər dövlətlərə qarşı da təkrarlanırdı. Məsələn, ermənilərin Azərbaycanla yanaşı qardaş Türkiyəyə və Gürcüstana qarşı əsassız ərazi iddialarının olduğu və zaman-zaman bu barədə açıqlamalar verdikləri də heç kəsə sirr deyil.
Azərbaycan isə yenə də səbrlə davranırdı. Beynəlxalq hüququn aliliyinə ümid edir, münaqişənin sülh yolu ilə həllinə səylər göstərirdi. Ölkəmiz və xalqımız möhkəm siyasi iradə göstərərək təşəbbüs edilən bütün dialoqlara qatılır, regionun təhlükəsizliyi və inkişafı naminə torpaqlarımızın danışıqlar yolu ilə geri qaytarılmasına çalışırdı. Ərazi bütövlüyümüzün bərpa olunması bütün dövrlərdə Prezident İlham Əliyevin dövlət siyasətinin mütləq prioriteti olub, bu istiqamətdə atılan addımlar, aparılan danışıqlar bunu deməyə əsas verir. Azərbaycan dövləti hər zaman rəsmi olaraq bəyan edib ki, öz ərazisini heç bir dövlətə güzəştə getməyəcək, aparılan danışıqlarda ərazi bütövlüyümüz müzakirə mövzusu ola bilməz. Biz sadəcə münaqişənin sülh yolu ilə həllinə çalışırıq və bunun üçün dövlətlərin və beynəlxalq təşkilatların vasitəçiliyini qəbul edirik. Bunlarla yanaşı, Azərbaycanın səbri tükənməz deyil, əgər Ermənistan sülh yolu ilə torpaqlarımızı azad etməsə, hərb yolu qaçılmazdır, yəni Azərbaycan nəyin bahasına olursa-olsun, ərazi bütövlüyünü bərpa edəcək, tarixi torpaqlarını erməni işğalından azad edəcəkdir.
Bu mənada, ötən illər ərzində atılmış hər bir addım və qəbul olunmuş hər bir qərar doğma Azərbaycan torpaqlarının işğaldan azad olunmasına xidmət edib. Beynəlxalq təşkilatlarla əməkdaşlıq münaqişənin həlli üçün zəmin yaratdı. Bütün dünya həmin ərazilərin Azərbaycana məxsusluğunu dərk edirdi, zaman-zaman bununla bağlı bəyanatlar və açıqlamalar verilirdi. 30 ilə yaxın davam edən real mənzərə isə göstərdi ki, danışqların nəticəsi olmadı, Ermənistan öz işğalçılıq və etnikəmizləmə siyaətindən əl çəkmədi. Dünya ictimaiyyəti isə beynəlxalq hüquqa əməl etməsi ilə bağlı Ermənistana heç bir təsir etmədi. Sözsüz ki, vəziyyətin bu cür davam etməsində maraqlı qüvvələr var idi və onlar münaqişənin süni şəkildə uzadılmasında maraqlı idilər. Ancaq Azərbaycan bu vəziyyətlə daha uzun müddət barışa bilməzdi. Çünki Ermənistanın müxtəlif ərazilərimizdə ardı-arası kəsilməyən təxribatları da sərhəd tanımırdı. Təkcə işğal altında saxlanılan ərazilərimizdə deyil, Ermənistanla dövlət sərhəddində yerləşən digər şəhər və kəndlərimizdə, dinc, sivil vətəndaşlarımıza qarşı da təxribatlar davam edirdi. Bu cür təxribatlardan ən iri miqyaslısı isə 2020-ci ilin iyulunda və 27 sentyabr tarixlərində baş verdi. 27 sentyabr təxribatlarına cavb olaraq Azərbaycan əks-hücum əməliyyatlarına başladı. 30 il davam edən beynəlxalq riyakarlıq tarixi ədalətin bərpa olunması üçün hərbi gücdən istifadə olunmasını qaçılmaz etdi. Azərbaycan xalqı “İrəli” əmrini gözləyirdi və bu baş verdi. Nəhayət Azərbaycan torpaqlarının azadlığı uğrunda haqq savaşına başladı.
Xalq və ordu birliyi 44 gün davam edən Vətən müharibəsində tarixi zəfərimizin qazanılmasına gətirib çıxardı. Tariximizin şanlı səhifəsi hesab olunan, əsl qəhrəmanlıq salnaməsinə çevrilən Vətən müharibəsi nəticəsində ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz qalib gəldi, Ermənistan ordusunu ağır məlubiyyətə uğradaraq, dizi üstə çökdürdü, tarixi ədaləti bərpa etdi, işğal altındakı torpaqlarımızı azad edərək, 30 illik nisgilə, həsrətə son qoydu. Bu qələbə haqqın, ədalətin qələbəsi kimi tariximizdə hər zaman qürurla və sevinclə xatırlanacaq. Bütün dünya dövlətimizin, xalqımızın və ordumuzun həmrəyliyini, vəhdətini, qüdrətini gördü. Bir daha düşmən və onun havadarları anladı ki, bu dövlətin və millətin iradəsini qırmaq mümkün deyil. Azərbaycanlılar üçün Vətən, torpaq anlaşıyı ən müqəddəs məfhumdur, bu yolda canını fəda etməyə hazır olan milyonlarla qeyrətli oğul və qızlarımız var. Bu sevinci və xoşbəxtliyi bizlərə yaşadan, qürurumuzu özümüzə qaytaran, qisasımızı alan torpaqlarımızı qanı və canı ilə azad edən şəhidlərimizi hər zaman ehtiramla və minnətdarlıqla anmalıyıq, yad etməliyik. Bir sözlə, Vətən müharibəsində əldə olunmuş qələbə effektiv ordu quruculuğu siyasətinin və iqtisadi inkişafın nəticəsidir. İqtisadi amil ölkənin qüdrətini artırdı və qələbəni reallığa çevirdi.
Məhz bu tarixi zəfərimizin dövlət səviyyəsində qeyd edilməsi məqsədilə dövlət başçısı İlham Əliyevin sərəncamı ilə 8 noyabr – tarixi Şuşa şəhərimizin işğaldan azad olunduğu gün hər il ölkəmizdə Zəfər Günü kimi yüksək səviyyədə qeyd edilir. Bu zəfər tariximizə qızıl hərflərlə yazıldı. Bu tarixi araşdırmaq, öyrənmək, təbliğ etmək, bütün dünyaya faktlarla çatdırmaq və bu günü bizlərə bəxş edən, həyatını fəda edən qəhrəmanlarımızı xatırlamaq ən müqəddəs borcumuzdur.
Niyazi Bayramov,
Gəncə Şəhər İcra Hakimyyətinin başçısı.
5-11-2022, 14:14 | Biz onları daim müşahidə edir, nəzarətdə saxlayırıq - Zakir Həsənov

Noyabrın 5-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Müşavirədə nazir müavinləri, qoşun növü komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, həmçinin hərbi birlik və birləşmə komandirləri iştirak ediblər.
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Azərbaycan Prezidentinin Sərəncamı və müdafiə nazirinin müvafiq əmri oxunduqdan sonra hərbi qulluqçulara ali hərbi rütbələr təqdim edilib. Ali Baş Komandanın təbriklərini hərbi qulluqçulara çatdıran müdafiə naziri onlara gələcək xidmətlərində uğurlar arzulayıb, müvafiq tapşırıq və tövsiyələrini verib.
Sonra müdafiə naziri Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları müşavirə iştirakçılarına çatdırıb.
Azərbaycan-Ermənistan şərti sərhədində və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərimizdəki mövcud əməliyyat şəraiti ətraflı təhlil edilib.
Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərimizdəki qeyri-qanuni erməni silahlı dəstələrinin fəaliyyətinin daim müşahidə edilməsi və nəzarətdə saxlanılmasının vacibliyi xüsusi qeyd edilib.
Qeyd olunub ki, müdafiə naziri Hərbi Hava Qüvvələrinin, Xüsusi Təyinatlı Qüvvələrin, həmçinin Raket və Artilleriya Qoşunlarının ölkəmizin cənub rayonlarında dislokasiya olunan hərbi hissələrində və Əməliyyat (Komando) bölmələrində olub, buradakı təlim mərkəzlərinə baxış keçirib, bölmələrin praktiki döyüş hazırlığı məşğələlərini izləyib. Əməliyyat planları dəqiqləşdirilib, döyüş hazırlığının daha da yüksəldilməsi ilə bağlı komandanlıq qarşısında konkret tapşırıqlar qoyulub.
Ali Baş Komandanın Laçın şəhərində Azərbaycan Bayrağının ucaldılması mərasimindəki çıxışında səsləndirdiyi "Bizimlə heç kim ultimatum dili ilə danışa bilməz" sözlərini xatırladan nazir, şəxsi heyətin peşəkarlığı və qoşunların döyüş hazırlığına xüsusi diqqət yetirilməsi, təlimlərin, o cümlədən səhra məşğələlərinin intensivliyinin artırılması barədə tapşırıqlar verib.
General-polkovnik Z.Həsənov şəxsi heyətin ideoloji iş və mənəvi-psixoloji təminatının daha da gücləndirilməsinə daim diqqət yetirilməsinin vacibliyini qeyd edib.
Döyüş növbətçiliyi və gündəlik xidməti fəaliyyət zamanı təhlükəsizlik qaydalarına ciddi riayət olunmasının daim nəzarətdə saxlanılması xüsusi vurğulanıb.
Müdafiə naziri qışa hazırlıq prosesinə, xüsusilə də dağlıq ərazilərdə dislokasiya olunan bölmələrin təminat məsələlərinə ciddi nəzarət edilməsi barədə vəzifəli şəxslərə müvafiq tapşırıqlar verib.
Sonda qoşun xidmətinin təşkili, şəxsi heyətin xidməti və sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması, azad edilmiş ərazilərdə mühəndis tədbirlərinin yerinə yetirilməsinin davam etdirilməsi, həmçinin tibbi təminat məsələləri ilə əlaqədar göstərişlər verilib.
5-11-2022, 13:29 | “Sülh müqaviləsi üzrə danışıqların davam etdirilməsinə ehtiyac var” - XİN başçısı

"Azərbaycan sülh gündəliyinə sadiqdir. Hesab edirik ki, Praqa və Soçidəki görüşlərdən sonra sülh müqaviləsi üzrə danışıqların davam etdirilməsinə ehtiyac var".
Bunu xarici işlər naziri Ceyhun Bayramov 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbirdə çıxışı zamanı
Onun sözlərinə görə, üçtərəfli bəyanatın müddəlarına zidd olaraq Ermənistan silahlı birləşmələri hələ də tam olaraq Azərbaycan ərazilərindən çıxarılmayıb: "Eyni zamanda azad olunan ərazilərdə mina təhlükəsi qalmaqdadır".
5-11-2022, 13:06 | DTX Vətən müharibəsində hansı işləri görüb? - Əli Nağıyev açıqladı

44 günlük Vətən müharibəsində şanlı qələbənin qazanılmasında digər aidiyyəti güc strukturları ilə yanaşı, Dövlət Təhlükəsizliyi Xidmətinin fədakar əməkdaşlarının da danılmaz payı vardır".
Bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev "Azərbaycan" qəzetində dərc olunan yazısında qeyd edib.
DTX rəisi bildirib ki, haqq savaşımızın başlandığı ilk gündən etibarən Xidmətin şəxsi heyəti düşmənlə mübarizə işinə səfərbər olunub, əsgər və zabitlərimizin müəyyən marşrutlar üzrə hərəkətinin təhlükəsizliyini, silahlı qüvvələrimizi qabaqlayıcı əməliyyat və əks-kəşfiyyat məlumatları ilə təmin etmək vəzifəsini uğurla icra edib:
"Böyük iftixarla qeyd edirik ki, bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin sıralarında 6 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir. Şəxsi heyətin müharibə zamanı ön və arxa cəbhədə göstərdiyi fədakarlığa verilən yüksək qiymət Dövlət Təhlükəsizliyi Xidmətinin 7 əməkdaşının "Zəfər", 11 əməkdaşının "Qarabağ" ordeninə, xeyli sayda əməkdaşın başqa orden və medallara layiq görülməsində öz məntiqi ifadəsini tapır.
Qeyd etmək lazımdır ki, Vətən müharibəsi dövründə əsir və itkin düşmüş hərbi qulluqçularımızın qaytarılması və axtarışı üzrə də lazımi işlər görülmüş və bu fəaliyyət hazırda da davam etdirilməkdədir. Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən aidiyyəti dövlət orqanları və beynəlxalq qurumlarla əməkdaşlıq çərçivəsində həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində 12 hərbçimizin döyüş əməliyyatlarının gedişində yaralanaraq əsir götürüldüyü məlum olmuş və beynəlxalq təşkilatların vasitəçiliyi ilə onlar qısa müddətdə azad edilərək Vətənə qaytarılmışlar. Lakin təəssüflər olsun ki, 6 hərbi qulluqçumuzun taleyi hələ də qeyri-müəyyən olaraq qalmaqdadır və onların axtarışı prosesi hazırda aktiv şəkildə davam etdirilir. İnanırıq ki, onların yaxınlarının və ailə üzvlərinin həsrətinə tez bir zamanda son qoyulacaq və hərbçilərimizin taleyinə tezliklə aydınlıq gələcəkdir".
16-09-2022, 15:49 | İlham Əliyev: “Ermənistanın təxribatı münasibətlərin normallaşması prosesinə zərbədir”

"Ermənistanın təxribatı iki dövlət arasında münasibətlərin normallaşması prosesinə böyük zərbədir".
xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Səmərqənddə keçirilən sammitində çıxışı zamanı deyib.
Dövlət başçısı vəziyyətin gərginləşməsinə görə bütün məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü vurğulayıb.
16-09-2022, 15:33 | Prezident İlham Əliyevi Pakistana rəsmi səfərə dəvət etdi

Sentyabrın 16-da Səmərqənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının Baş naziri Şahbaz Şərif ilə görüşü olub.
AZƏRTAC-a istinadən bildirir ki, Baş nazir Şahbaz Şərif Prezident İlham Əliyevi Pakistana rəsmi səfərə dəvət edib.
Prezident İlham Əliyev dəvəti məmnuniyyətlə qəbul edərək, Pakistanın Baş nazirini ölkəmizə səfərə dəvət edib.
16-09-2022, 15:21 | Azər Süleymanov : Yalvarmağa başlayırlar… “dəmir yumruq” başlarına enəndə

Xocavənd Rayon İcra Hakimiyyəti başçısının 1-çi müavini Azər Süleymanov - Sentyabrın 12-dən 13-nə keçən gecə Azərbaycan Ermənistan təmas xəttində ermənilər tərəfindən törədilən hərbi təxribat bir daha Ermənistan rəhbərliyinin ikiüzlü, riyakar siyasət yeritdiyini sübuta yetirdi.
Azərbaycan dövləti 10 noyabr 2020-ci il üçtərəfli Bəyannamənin bütün bəndlərinə uyğun olaraq öz üzərinə düşən öhdəlikləri yerinə yetirir. Ermənistan isə iki il vaxt keçməsinə baxmayaraq hər zaman hər cürə bəhanələr gətirərək üzərinə düşən öhdəlikləri yerinə yetirməkdən boyun qaçırır. Ermənistan rəhbərliyinin bu hərəkətləri 10 noyabr Bəyannaməsindən imtina etməsi anlamına gəlir. Kapitulyasiya aktına imza atan Ermənistanın Baş naziri imdad üçün Avropa İttifaqına üz tutdu. Prezident İlham Əliyevin düşünülmüş, uzaqgörən və müdrik xarici siyasəti nəticəsində Avropanın siyasi səhnəsində də Paşinyan ağır məğlubiyyətə uğradı. Avropa Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə baş tutan üçtərəfli görüşlərdə də Azərbaycanın milli maraqları nəzərə alınaraq Avropa İttifaqının rəsmisi tərəfindən bəyanatlar səsləndirildi.

Ermənistan tərəfi Azərbaycanın irəli sürdüyü münasibətlərin nizamlanmasına dair 5 bənddən ibarət təklifini qəbul etdiyini bildirdi və sülh sazişinin imzalanması istiqamətində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşməsi və sülh sazişinin hazırlıq işlərinə başlamaları üçün öz razılığını bildirmişdi. Ermənistan rəhbərliyi üzdə bu razılaşmanı qəbul etsə də sonradan bu razılaşmanı yerinə yetirmədiyi açıq aşkar göründü. Bu gün Ermənistan müstəqil bir dövlət deyil və Ermənistana rəhbərlik edən şəxslər müstəqil siyasət yeritmək qabiliyyətində deyillər. Ermənistanın Baş Naziri Paşinyan Ermənistandan kənarda və ölkənin daxilindəki revanşist qüvvələrin fikirləri ilə hərəkət edir.
Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə Ermənistan rəhbərliyinə və ermənilərin xaricdəki havadarlarına xəbərdarlıq etmişdir ki, əgər Azərbaycana qarşı nəinki silahlı təxribat, hətta təxribat xarakterli bəyanatlar versələr belə, nəticəsi çox ağır olacaq.
Ermənilərin törətdikləri son hərbi təxribatın qarşısını Azərbaycan Ordusu aldı və Ermənistan ordusunun təmas xəttinə yaxın hərbi texnikalarını və xeyli sayda canlı qüvvələrini məhv etdi. Həyata keçirilmiş uğurlu əks hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu təxminən 100 kv.km-lik ərazini və hakim yüksəklikləri ələ keçirdi.
Ermənistan rəhbərliyinin bu təxribatlara əl atmasının arxasında bir sıra məkrli niyyətlər dayanır. Ermənistan təxribat törətməklə vaxt uzatmaq və sülh sazışının imzalanması prosesini pozmağa çalışır. Əslində ermənilərin bu yolla vaxt uzatmaları onların əleyhinə işləyir və Azərbaycan Ordusu tərəfindən bu təxribatların qarşısı çox sərt şəkildə alınır. Nəticədə yüzlərlə erməni hərbiçisi Azərbaycan Ordusu tərəfindən məhv edilir və milyard dollar xərcləyərək aldıqları hərbi texnikaları, yaratdıqları hərbi infrastrukturlar və hərbi hissələr Azərbaycan Silahlı Qüvvələri tərəfindən darmadağın edilir. Onsuz da dilənçi və rəzil gündə yaşayan Ermənistana bu hərbi hissələri yenidən qurmaq üçün uzun illər lazımdır.
Ermənistanın siyasi rəhbərliyi hələ bir neçə ay bundan əvvəl bu təxribatlara hazırlıq görürdü. Laçın və Kəlbəcər rayonları ilə sərhəddə çox saylı hərbi texnika cəmləşdirir, burada yeni hərbi hissələr yaradır və hərbi qulluqçuların sayını artırırdı. Azərbaycan tərəfi ermənilərin təxribata əl atacağını əvvəldən bilirdi. Çünki 2020-ci ilin iyulunda baş vermiş Tovuz hadisələri ilə bu dəfəki təxribatlar eynilik təşkil edirdi. Tovuz istiqamətində ermənilərin hərbi texnika cəmləşdirməsi və müharibəyə hazırlaşmaları barədə Prezident İlham Əliyev bütün beynəlxalq təşkilatlara müraciət etmişdir. Lakin beynəlxalq təşkilatlar Ermənistana heç bir tədbir göstərmədilər.
2020-ci il iyulun 12- də Ermənistan silahlı qüvvələri Azərbaycan dövlətinə qarşı irimiqyaslı hərbi təxribata əl atdı. Azərbaycan Ordusu əks həmlə ilə Ermənistan ordusunu darmadağın etdi. Ermənistanın hərbi infrastrukturu və çox sayda hərbi qüvvəsi məhv edildi. Şəhid generalımız Polad Həşimov başda olmaqla Azərbaycan oğulları ermənilərə qəhrəmanlıq, mərdlik dərsi verdi. Tovuz hadisələri zamanı ermənilərin əsas məqsədi beynəlxalq təşkilatları və ölkələri bu münaqişəyə cəlb etmək, Qarabağ və Şərqi Zəngəzur torpaqlarını işğalda saxlamaq idi. Lakin onların bu arzusu da puç oldu. Azərbaycanın apardığı mübarizə haqq işi idi və beynəlxalq hüququn prinsiplərinə söykənirdi.
Bu il sentyabrın 12-dən 13- nə keçən gecə Ermənistan hərbçilərinin Azərbaycanın Laçın, Kəlbəcər, Daşkəsən və Zəngilan rayonları ilə sərhəddə törətdikləri təxribatın qarşısı Azərbaycan Silahlı Qüvvələri tərəfindən daha sərt və tutarlı həmlə ilə alındı.
Azər Süleymanov: Yalvarmağa başlayırlar… “dəmir yumruq” başlarına enəndə
Bu gün Ermənistan təəssüfki, Azərbaycan dövlətinin gücünü və qüdrətini qiymətləndirə bilmir. Ermənilər başa düşməlidilər ki, Azərbaycan kimi istər siyasi, istər iqtisadi, istərsə də hərbi cəhətdən güclü, eyni zamanda artıq dünyada söz sahibinə çevrilən bir ölkə ilə zor dili ilə danışa bilməz. Azərbaycanın nə qədər güclü bir dövlət olduğunu 2016-ci ilin aprelində, 2020-ci ilin iyulunda və 2020-ci ilin 27 sentyabrından 10 noyabrına qədər davam edən Vətən Müharibəsində ermənilər başa düşməli idilər. Təəssüflər olsun ki, Ermənistan bu gün reallığı qəbul edə bilmir və hər dəfə dəmir yumruq başlarına enəndə bütün dünyaya yalvarmağa başlayırlar. Sonuncu döyüşdə də igid oğullarımız yenə də erməniləri hərb meydanında diz çökdürdü. 7 saatlıq döyüşlərdə Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrini və hərbi texnikalarını yerlə yeksan etdi. Bu hərbi qələbəmiz ilə Azərbaycan bir daha bütün dünyaya bəyan etdi ki, Azərbaycanın ərazi bütövlüyünə təhlükə yaranarsa bunun cavabı çox ağır olacaq.


















