24-12-2021, 05:57 | Birinci vitse-prezident Mehriban Əliyeva Prezident İlham Əliyevin yubileyi ilə bağlı paylaşım edib - FOTO

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün instaqram səhifəsində Prezident İlham Əliyevlə bağlı paylaşım edib.
Birinci vitse-prezident dövlət başçısını 60 illik yubileyi münasibətilə təbrik edib.
Paylaşımda deyilir:
"Hörmətli cənab Prezident!
Bu gün mən milyonlarla Azərbaycan vətəndaşı kimi Sizə dərin təşəkkürümü bildirmək istəyirəm. Bizə - Azərbaycan xalqına milli qürur və birlik hissi bəxş etdiyinizə görə Sizə təşəkkür edirik. Uzun illərdir ki, hər bir azərbaycanlının qəlbində yaşayan istəyini və müqəddəs arzusunu çin etdiyinizə görə Sizə minnətdarıq. Azərbaycan xalqı - müzəffər xalqdır!
Böyük işlər bir anda baş tutmur. İstənilən tarixi nailiyyətə aparan yol uzun, mürəkkəb və çətin olur. Sizin tarixi xidmətiniz ondadır ki, bu yola qədəm qoydunuz və onu şərəflə keçdiniz. Misilsiz xidmətiniz ondadır ki, bütün bu illər ərzində ölkəyə başçılıq edərək verdiyiniz qərarlarla Azərbaycan xalqının Zəfər qazanmasını təmin etdiniz.
Sizin gücünüz ondadır ki, bu yolda Siz xalqın etimadını qazanmağı bacardınız və məhz xalqın inam və sevgisinə arxalanaraq bu dəyərli etimadı doğrulda bildiniz. Tarixi xidmətiniz ondadır ki, bu illər ərzində bütün çətinliklərə, təzyiqlərə, bəzən əsassız və ədalətsiz fikirlərlə üzləşdiyinizə baxmayaraq bir an belə inamınızı, ümidinizi və iradənizi itirmədiniz. Ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi kimi böyük Missiyanın yerinə yetirilməsi də məhz Sizin yenilməz iradəniz sayəsində mümkün oldu.
Mən bilirəm ki, Siz həmişə öz xalqınıza inanmısınız. Məhz bu inam Sizin bütün şəxsi keyfiyyətlərinizlə birgə qazandığınız və qazanacağınız qələbələrin mənbəyidir.
Sizə ən səmimi təşəkkürlər!
İcazənizlə, yubiley gününüzdə Sizə və bütün Azərbaycan xalqına uzun ömür, möhkəm cansağlığı və bütün arzularınızın yerinə yetməsini diləyirəm.
Sizin uğur yolunuz davam etməkdədir və qarşıda hələ Vətənimiz naminə görəcəyiniz çoxlu işlər var.
Tanrı Sizə güc və səbir versin! Uca Allah Sizi və Azərbaycan xalqını bu müqəddəs yolda qorusun!
Biz Sizinlə fəxr edir və Sizi çox sevirik!.
Mehriban Əliyeva".
24-12-2021, 05:46 | Əziz Prezident – Trend TV-nin Filmi

Bu gün Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin doğum günüdür.
Trend Beynəlxalq İnformasiya Agentliyi bu münasibətlə "Əziz Prezident" adlı sənədli film hazırlayıb.
Filmdə Prezident İlham Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında tarixi müstəsna xidmətləri, ölkəmizin inkişafı, qüdrətləndirilməsi istiqamətində həyata keçirdiyi yorulmaz fəaliyyəti, həmçinin Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə əldə edilən möhtəşəm Qarabağ Zəfərindən bəhs edilir.
Filmi təqdim edirik.
23-12-2021, 20:59 | AZTV Prezident İlham Əliyevin fəaliyyəti haqqında - VİDEO

Azərbaycan Televiziyası Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin 60 illik yubileyi münasibətilə maraqlı videoçarx hazırlayıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, videoçarxda müxtəlif peşə sahibləri iş başında görüntülənib.
Qeyd edək ki, həmin şəxslər öz işinin peşəkarı olan real şəxslərdir.
Sonda isə ən çətin vəzifənin ən layiqli sahibi kimi Prezident, Ali Baş Komandan İlham Əliyevin gərgin və əvəzsiz xidməti qeyd olunur: "Onun işi daha çətindir. Çünki xalqın və dövlətin taleyi onun əllərindədir. Ən çətin vəzifənin ən layiqli sahibi: İlham Əliyev".
15-12-2021, 07:35 | Azərbaycan Prezidenti: Regional nəqliyyat əlaqələrinin inteqrasiyası region üçün böyük imkandır

Regional nəqliyyat əlaqələrinin inteqrasiyası həqiqətən də region üçün böyük imkandır. Çünki Zəngəzur dəhlizi təkcə bizim Naxçıvan Muxtar Respublikasına çıxış əldə etməyimiz üçün deyil, həm də Ermənistanın Naxçıvan Muxtar Respublikası vasitəsilə İranla dəmir yolu əlaqəsi üçündür.
AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev NATO-nun mənzil-qərargahında Alyansın Baş katibi Yens Stoltenberq ilə birgə keçirilən mətbuat konfransında deyib.
"Bununla, həmçinin Ermənistan da Naxçıvan Muxtar Respublikası vasitəsilə İranla dəmir yolu əlaqəsi əldə edir. Ermənistan Azərbaycan ərazisindən Rusiya ilə dəmir yolu əlaqəsi əldə edir. Bu gün onların belə bir dəmir yolu əlaqəsi yoxdur. Bu, regionda həqiqətən müsbət ab-hava yarada bilər və bu, hər kəsin xeyrinə olacaqdır. Hesab edirəm ki, bu imkanların düzgün dəyərləndirilməsi dinc gələcəyimizin planlaşdırılması baxımından olduqca vacibdir", - deyə Azərbaycan Prezidenti vurğulayıb.
15-12-2021, 07:32 | Prezident İlham Əliyev: Azərbaycan NATO-nun etibarlı tərəfdaşı olduğunu sübuta yetirib

Azərbaycan NATO-nun etibarlı tərəfdaşı olduğunu sübuta yetirib. Biz Əfqanıstandakı sülhməramlı missiyamıza 2002-ci ildə başladıq və bu il avqustun sonunda onu bitirdik.
AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Prezident İlham Əliyev NATO-nun mənzil-qərargahında keçirilən mətbuat konfransında bildirib.
Azərbaycan hərbiçilərinin Əfqanıstanı sonuncu tərk edən koalisiya qüvvələrinin hərbçiləri arasında olduğunu qeyd edən Azərbaycan Prezidenti deyib: "Əlbəttə ki, bu birlikdə işləməyin böyük bir təcrübəsidir. Bu gün biz, həmçinin əməkdaşlıqla bağlı gələcək planlarımızı müzakirə etdik. Azərbaycan NATO-nun hərbi təlimlərində iştirak edir. Eyni zamanda, biz NATO-nun hazırkı və aparıcı üzvlərindən biri olan Türkiyə ilə yalnız bu il yeddi birgə hərbi təlim keçirmişik. Bu da regionda sülh və sabitlik işinə xidmət edir".
15-12-2021, 07:30 | Azərbaycan Prezidenti: Biz NATO ilə yüksəksəviyyəli qarşılıqlı fəaliyyətdə olmaqdan çox şadıq

Biz, həmçinin cənab Baş katiblə regionda enerji təhlükəsizliyi məsələlərini müzakirə etdik. Mən cənab Baş katibə məlumat verdim ki, bu gün Azərbaycan NATO-ya üzv dörd ölkənin etibarlı təbii qaz təchizatçısıdır. Əminəm ki, qarşıdakı illərdə onların sayı arta bilər.
AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Prezident İlham Əliyev NATO-nun mənzil-qərargahında Alyansın Baş katibi Yens Stoltenberq ilə birgə keçirilən mətbuat konfransında bildirib.
Dövlətimizin başçısı qeyd edib ki, enerji sahəsindəki əməkdaşlığın regional sabitlik, təhlükəsizlik üçün də mühüm əhəmiyyəti var. Çünki enerji təhlükəsizliyi artıq ölkələrin milli təhlükəsizliyinin bir hissəsidir.
"Ümumilikdə biz NATO ilə yüksəksəviyyəli qarşılıqlı fəaliyyətdə olmaqdan çox şadıq. Biz çox şadıq ki, NATO bizim səylərimizi qiymətləndirir və bu gün biz regionun xeyrinə və dünyada təhlükəsizlik üçün birgə səyləri davam etdirməklə bağlı razılığa gəldik", - deyə Prezident İlham Əliyev vurğulayıb.
15-12-2021, 07:23 | İlham Əliyev: “NATO-nun 20-yə yaxın ölkəsi Azərbaycandan neft idxal edir”

"NATO-nun 20-yə yaxın ölkəsi Azərbaycandan neft idxal edir" .
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Belçika Krallığının paytaxtı Brüsseldə NATO-nun Şimali Atlantika Şurasının iclasında çıxışı zamanı deyib.
Dövlət başçısı həmçinin Alyansın 4 ölkəsinin, o cümlədən Türkiyənin Azərbaycandan qaz idxal etdiyini və gələcəkdə bu coğrafiyanın genişləndirilməsi imkanlarının olduğunu diqqətə çatdırıb.
Azərbaycanın enerji təchizatı sahəsində etibarlı tərəfdaş olduğu, alternativ mənbə və alternativ xətt üzrə Avropanın enerji təhlükəsizliyinə töhfəsini verdiyi qeyd edilib.
Prezident İlham Əliyev Azərbaycanın regionda oynadığı rol, xüsusilə Vətən müharibəsinin başa çatmasından sonra bölgədə yaranmış yeni geosiyasi vəziyyət, Azərbaycanın Ermənistanla sülh müqaviləsi üzrə danışıqlara başlamağa hazır olması, həmçinin sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə hazırlıq kimi məsələlər haqqında ətraflı məlumat verib.
15-12-2021, 07:13 | Prezident İlham Əliyev Brüsseldə Şimali Atlantika Şurasının iclasında iştirak edib

Dekabrın 14-də Belçika Krallığının paytaxtı Brüsseldə NATO-nun Şimali Atlantika Şurasının iclası keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib.
Xəbər yenilənəcək
29-11-2021, 08:06 | Azərbaycan həqiqətən müzəffər olub - Türkmənistan Prezidenti

Azərbaycan ölkənin suverenliyinin və ərazi bütövlüyünün bərpasında həqiqətən müzəffər olub.
AZƏRTAC-a istinadən bildirir ki, bunu Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov noyabrın 28-də Aşqabadda Prezident İlham Əliyevlə görüşü zamanı deyib.
Türkmənistan dövlət başçısı bildirib:
"Hörmətli İlham Heydər oğlu, qardaş Türkmənistanda Sizi salamlamağa və təşəkkürümüzü bildirməyə şadıq ki, bizə hörmət edib dəvətimizi qəbul etmisiniz. İqtisadi Əməkdaşlıq Təşkilatının XV Sammitində birgə iştirak edəcəyik. Bəri başdan əlamətdar, yaxşı tarixləri qeyd etmək istəyirəm. Əvvələn, noyabrın 28-si bizim Təşkilatın günüdür. İkincisi, demək istərdim ki, bizim sədrliyimiz dövründə bu Təşkilatın nüfuzunu artıran Qətnamə qəbul edilib. Buna görə düşünürəm ki, xüsusən pandemiya dövründə əsasən iqtisadi məsələlərimizi bir daha müzakirə etmək üçün yaxşı imkanımız olacaq. Mən kooperasiya, inteqrasiya məsələlərini nəzərdə tuturam.
Sonra, səmimi desəm, bu gün mənim üçün çox heyrətləndirici bir xəbər aldım. Adətən biz nadir hallarda heyrətlənirik, lakin bu xəbər təəccüblü oldu. Bu gün mənə Xarici İşlər Nazirləri Şurasının qətnamə təqdim etdilər. Bu sənəd Aşqabadda konsensus yolu ilə qəbul edilib. Bilirsinizmi, orada yaxşı bəndlər, cümlələr var ki, Azərbaycan həqiqətən inandırıcı qələbə qazanıb. Ola bilsin, mən bir qədər qeyri-dəqiq şəkildə təkrar edirəm və ya fikrimi düzgün ifadə etmirəm, lakin məna budur ki, Azərbaycan ölkənin suverenliyinin və ərazi bütövlüyünün bərpasında həqiqətən müzəffər olub. Mən sadəcə demək istəyirəm ki, bu qətnamənin konsensus yolu ilə qəbul edilməsi bizim münasibətlərimizdə parlaq səhifədir. Bu münasibətlə Sizi ürəkdən təbrik edirəm.
Bizim gündəlikdə bir neçə məsələ var. Birinci - növbəti sammitin gündəliyinin təsdiq edilməsi, ikincisi - baş katibin seçilməsi, üçüncüsü - növbəti sammiti kim keçirəcək və Aşqabad sammitinin yekun kommunikesinin qəbul edilməsi. Mən Sizi Qələbə münasibətilə, bu tarixi hadisə münasibətilə əvvəlcədən təbrik edirəm. Həmişəki kimi, Aşqabada xoş gəlmisiniz".
29-11-2021, 08:04 | Prezident İlham Əliyev Pakistan Prezidenti Arif Alvi ilə görüşüb - VİDEO - FOTO

Noyabrın 28-də Aşqabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının Prezidenti Arif Alvi ilə görüşü olub.
AZƏRTAC-a istinadən bildirir ki, görüşdə iki ölkə arasındakı əlaqələrdən məmnunluq ifadə olundu. Artıq keçmişdə qalmış Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə əlaqədar Pakistanın tutduğu qəti və prinsipial mövqeyi xüsusi qeyd edildi.
Söhbət zamanı ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı, xüsusilə burada hökumətlərarası komissiyanın rolu vurğulandı. Yaxın zamanlarda komissiyanın növbəti iclasının keçiriləcəyi bildirildi.
Həmçinin son dövrlərdə iki ölkə arasında həyata keçirilən yüksəksəviyyəli səfərlərin əhəmiyyəti qeyd olundu. Eyni zamanda, ölkələrimiz arasında beynəlxalq təşkilatlar çərçivəsində birgə əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldı. Dünyada artan islamofobiya meyilləri ilə bağlı narahatlıq ifadə edildi.
Görüşdə ölkələrimiz arasında insanlararası təmasların artırılmasının və turizm, biznes dairələri, mədəniyyət, elm və digər sahələrdə əməkdaşlığın daha da möhkəmləndirilməsinin vacibliyi qeyd edildi.
Pakistan Prezidenti tərəfindən bu ölkədə həyata keçirilən layihələrə görə Heydər Əliyev Fonduna bir daha təşəkkür ifadə olundu.


















