2-06-2021, 14:23 | Xırdalandakı qanunsuz tikinti ilə bağlı Prezidentə məlumat veriləcək – Administrasiya rəhbərinə MÜRACİƏT


Xırdalandakı qanunsuz tikinti ilə bağlı Prezidentə məlumat veriləcək – Administrasiya rəhbərinə MÜRACİƏT


Unikal Media Qrupun rəhbəri Asəf Rzayev Azərbaycan Respublikasının Prezident Administrasiyasının rəhbəri cənab Samir Nuriyevə müraciət edib.
Unikal.org xəbər verir ki, media rəhbəri müraciətində bildirib ki, özünün də yaşadığı Abşeron rayon Xırdalan şəhər, Şıxəli Qurbanov küçəsi 38 ünvanında rayon icra Hakimiyyətinin Başçısı İradə Gülməmmədova Cəlilova Gülzar Hüseyn qızının adına fərdi evin tikintisi üçün eni 10, uzunluğu 12 metr olan yaşayış evinə sərəncam verib. Amma həmin ərazidə apartman tipli hündürmərtəbəli binanın tikintisi həyata keçirilir:
“Sakinlərin çoxsaylı şikayətlərinə baxmayaraq, Abşeron rayon İcra Hakimiyyəti və polis şöbəsi həmin qanunsuz tikilinin qarşısını almaqda çətinlik çəkir. Onu da nəzərinizə çatdırım ki, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyindən Abşeron rayon İcra Hakimiyyətinə telefonoqram göndərilsə də, heç bir tədbir görülməyib. Xırdalan sakinlərinin haqlı narazılıqlarını nəzərə almağınızı və ərazidə baş verən qanunsuzluğun aradan qaldırılması üçün müvafiq göstəriş verməyinizi Sizdən xahiş edirəm.
Qeyd edim ki, Xırdalan şəhərində bu kimi qanunsuz əməllərə görə, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Abşeron Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinə qarşı əməliyyat keçirmişdi. İcra hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri (baş memar) Akif Əliyev, İ.Gülməmmədovanın bacısı oğlu Babək Alıyev və Tural Ağaməmmədov həbs olunmuşdu.
Cənab Prezident İlham Əliyev media nümayəndələrini köməkçisi kimi gördüyünü və yerlərdə baş verən qanunsuzluqlar barədə ona məlumat verilməsini bəyan edib. Biz də hər zamankı kimi Prezidentin çağırışlarına əməl edərək, baş verən qanunsuzluqlar barədə məlumat veririk. Lakin görünən odur ki, bəzi məmurlar edilən xəbərdarlıqlardan nəticə çıxarmayaraq, hələ də qanusuz əməllərini davam etdirirlər. Xahiş edirəm ki, Siz Xırdalandakı bu qanunsuzluğu cənab Prezidentin diqqətinə çatdırılmasında bizə yardımçı olasınız”.







2-06-2021, 14:03 | Şəhid Nahid Soltanovun doğum günü idi - VİDEO

Şəhid Nahid Soltanovun doğum günü idi - VİDEO


Ermənistan silahlı qüvvələrinin son 30 il ərzində Qarabağ istiqamətində atəşkəsi pozması nəticəsində yüzlərlə hərbi qulluqçumuz şəhid olub. Onlardan biri də bu gün 26 yaşı tamam olan Nahid Soltanovdur. 4 il əvvəl Ağdam istiqamətində düşmən snayperi tərəfindən vurulan şəhidimizin xatirəsi doğulub boya-başa çatdığı Hacıqabulun Qızılburun kəndində yad edilib. Onun və kənddən olan digər şəhidlərin xatirəsinin əziz tutulması üçün xüsusi lövhə hazırlanıb.

Hacıqabuldan olan şəhidimizin ad günü xüsusi qeyd edilib.

Şəhid Nahid Zahid oğlu Soltanov 1995-ci ildə iyun ayının 1 də Hacıqabul rayon Qızılburun kəndində dünyaya göz açıb..Uşaq yaşlarından idmana olan marağı onun döyüşkən ruhda böyüməyinə səbəb olub. 2016-ci ildə ali məktəbi bitirdikdən sonra Nahid Soltanov vətənə olan müqəddəs borcunu yerinə yetirmək üçün hərbi xidmətə yola düşür.

Hərbi xidmətdə olan zaman Nahid, öz igidliyi və mərdliyi ilə həmişə fərqəlnərək hərbi hissə komandirləri tərəfindən daim qiymətli hədiyyələr və fəxri fərmanlarla mükafatlandırlıb.

Nahid Soltanov Ağadam rayon Qaradağlı kəndi istiqamətində düşmən snayperi tərəfindən vurularaq başından güllə yarası alır və hospitala yerləşdirilir. Bir neçə gün orda müalicə alsa da, 22 İyul 2017-ci ildə şəhidlik zirvəsinə ucalır.

Onun doğum günündə həm Nahidin, həm də Qızılburun kəndinin digər şəhidlərinin xatirəsi əziz tutulması üçün xüssusi plakat hazırlanıb. Keçirilən tədbirdə şəhidlərimizin qəhrəmanlığından danışılıb.

xezerxeber.az

2-06-2021, 08:24 | Teledərslərin iyunun 2-nə olan cədvəli açıqlanıb

Teledərslərin iyunun 2-nə olan cədvəli açıqlanıb

"Mədəniyyət" və "ARB Günəş" telekanallarında yayımlanan "Dərs vaxtı" proqramının iyunun 2-nə nəzərdə tutulan cədvəli açıqlanıb.

Bu barədə Təhsil Nazirliyindən bildirilib.

Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, mövzuları "Dərs vaxtı"nda öyrənməyi tövsiyə edir. Çünki teledərslər şagirdlərə ən yaxşılardan öyrənmək üçün yaradılan əlavə və unikal imkandır.

Qeyd edək ki, "Dərs vaxtı"na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi yutub kanalı ilə yanaşı, "Dərs vaxtı"nın feysbuk səhifəsindən, eyni zamanda videodərslər portalından (https://video.edu.az/) izləyə bilərlər.

2-06-2021, 07:57 | Vilayət Eyvazovdan yeni TƏYİNAT

Vilayət Eyvazovdan yeni TƏYİNAT

Daxili İşlər orqanlarında kadr dəyişikliyi olub.

Bu barədə Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin baş müstəntiqi, polis baş leytenantı Elxan Əsədov vəzifəsindən azad edilib.

Nazirin digər əmri ilə o, Gəncə ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinə rəis təyin edilib.

8-05-2021, 10:05 | Heydər Əliyev fenomeni və xilaskarlıq missiyası

Heydər Əliyev fenomeni və xilaskarlıq missiyası


Ümummilli lider Heydər Əliyevin Azərbaycan tarixindəki müstəsna rolu yalnız ölkədə vətəndaş müharibəsinin qarşısının alınması, ictimai-siyasi sabitliyin yaradılması və iqtisadi inkişaf üçün münbit şəraitin formalaşdırılması sahəsində tarixi xidmətləri ilə ölçülmür. Ulu öndər Azərbaycanda müasir milli dövlət modelinin qurulmasını təmin edən böyük siyasət adamı kimi xatırlanır.
Onun ən böyük tarixi missiyası da elə bundan ibarətdir. Azərbaycan xalqının nəinki milli dövlətçiliyini, həm də tarixi proseslərin məntiqi nəticəsi olaraq meydana çıxan azadlıq şansını itirmək təhlükəsi qarşısında qaldığı çox mürəkkəb bir şəraitdə ümummilli lider cəmiyyətin bütün təbəqələrini vahid amal ətrafında səfərbər etməyə, ölkənin iqtisadi potensialını, insan resurslarını, milli-mənəvi dəyərlər sistemini müasir milli dövlət quruculuğu prosesinə cəlb etməyə müvəffəq oldu. Bu mənada dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan tarixindəki yeri elə Azərbaycan dövlətinin qısa müddətdə əldə etdiyi son dərəcə mühüm nailiyyətlərin miqyası qədər böyükdür.
Ümummilli liderin siyasi və ideoloji irsi indiyə qədər bir çox tədqiqatçıların, elm adamlarının, jurnalistlərin, siyasətçilərin diqqət mərkəzində olub. Heç şübhəsiz ki, hələ bundan sonra da Heydər Əliyevin siyasətçi və dövlət adamı obrazı müxtəlif tədqiqatların, araşdırmaların mövzusu olaraq qalacaq. Bunun ən mühüm səbəblərindən biri ulu öndərin Azərbaycanda hakimiyyətə gəlişinin təsadüf etdiyi dövrün olduqca mürəkkəb, bir çox hallarda ziddiyyətli, proqnozlaşdırılması mümkün olmayan iqtisadi, geosiyasi və tarixi şərtlərə təsadüf etməsindədir. Bu elə bir dövr idi ki, Azərbaycan faktiki olaraq həlli mümkünsüz görünən bir neçə problemlə üz-üzə qalmışdı: Müstəqillik əldə olunsa da onun təmin edilməsi üçün lazımi şərait və şərtlər mövcud deyildi; SSRİ-nin süqutundan sonra yeni dövrə uyğun iqtisadi inkişaf modeli qurulmamışdı; ərazi bütövlüyü pozulmuş, ölkənin bir hissəsi işğala məruz qalmışdı; geosiyasi maraqların konfiqurasiyası o dərəcədə əlverişsiz idi ki, Azərbaycan hətta yaxın qonşuları ilə belə normal ikitərəfli münasibətlər qura bilməmişdi. Bu ağır tarixi şərtlərin fonunda milli dövlət modelinin qurulması, onun ideoloji, siyasi və iqtisadi əsaslarının formalaşdırılmasının nə qədər çətin və həlli az qala mümkünsüz görünən vəzifə olduğunu izah etməyə yəqin ki, ehtiyac yoxdur.
1993-cü ildə Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışı mahiyyət etibarilə həm də yeni bir mərhələnin başlanması demək idi. Ümummilli lider qısa müddətdə ölkənin qarşısında duran taleyüklü problemlərin həllinə nail olmaq üçün son dərəcə vacib olan böyük bir missiyanı - milli birlik və həmrəyliyi təmin etməyə müvəffəq oldu. Bu amil Azərbaycanda sonrakı dövrdə qazanılan bütün uğurların, əldə olunan nailiyyətlərin ideoloji təməlini yaratdı. Bütün siyasi həyatını öz xalqının intellektual və mədəni inkişafına, sosial rifahına həsr etmiş ulu öndər bir daha sübut etdi ki, hər bir millət yalnız birlik və həmrəylik sayəsində qarşılaşdığı ən çətin problemləri həll etmək iqtidarındadır. Lakin bunun üçün bütün imkanları və resursları düzgün idarə etmək bacarığına malik siyasi liderə ehtiyac var.
Ümummilli lider Heydər Əliyevin qurduğu milli dövlət modeli bir neçə ideoloji sütuna əsaslanırdı: ictimai-siyasi sabitlik, təhlükəsizlik, milli birlik, güclü iqtisadiyyat və qlobal çağırışlarla ayaqlaşan çevik xarici siyasət. Ulu öndərin siyasət və dövlət adamı olaraq unikallığı həm də onda öz ifadəsini tapır ki, o, belə mürəkkəb bir tarixi situasiyada dövlətin qarşısında duran bir neçə çətin problemi eyni vaxtda həll etməyə müvəffəq oldu. Azərbaycanda qısa vaxt ərzində ictimai-siyasi sabitlik yaradıldı, qanunsuz silahlı birləşmələr ləğv edildi, vətəndaş müharibəsi təhlükəsi üçün mövcud olan şərtlər aradan qaldırıldı, milli birliyin təmin olunması hədəfinə istiqamətlənmiş Azərbaycançılıq ideologiyası ümummilli məfkurəyə çevrildi, müasir və güclü ordu quruculuğu üçün əsaslı təməllər formalaşdırıldı, yeni dövrün şərtlərinə uyğun iqtisadi münasibətlər sistemi yaradıldı. Qısa bir zaman dilimində Azərbaycan beynəlxalq münasibətlər sistemində sabit və dayanıqlı mövqe əldə etməyə müvəffəq oldu.
1994-cü ilin may ayında imzalanmış atəşkəs sazişi ölkənin resurslarını qorumaq və gələcək inkişaf perspektivlərini müəyyənləşdirmək üçün zaman qazanmaq imkanı yaratdı. Ümummilli lider qısa vaxt ərzində milli həmrəyliyin yaradılmasına nail olmaqla iqtisadiyyatın inkişafı, dövlətinin institusional əsaslarının formalaşdırılması istiqamətində fundamental islahatların həyata keçirilməsi istiqamətində önəmli addımların atılmasını təmin etdi.
O dövr üçün ən vacib məsələlərdən biri də heç şübhəsiz ki, Azərbaycanın beynəlxalq münasibətlər sisteminin sözün bütün mənalarında müstəqil subyektinə çevrilməsinə müvəffəq olmaq idi. Lakin bunun üçün əvvəlki hakimiyyətlərdən miras qalmış və uzun müddətdir davam edən iqtisadi böhranı aradan qaldırmaq, əhalinin sosial rifahının ağırlaşmasının qarşısını almaq, dövlət orqanlarını normal fəaliyyəti üçün zəmin yaratmaq, bütün bunlarla paralel ordu quruculuğu prosesini həyata keçirmək tələb olunurdu. Məhz Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi, gələcəyə dair müdrik proqnozları, hadisələrin gedişini təhlil etmək bacarığı zamanında düzgün qərarların qəbul edilməsinə imkan yaratdı.
Azərbaycan beynəlxalq münasibətlərin həqiqi müstəqil subyekti kimi özünü məhz ulu öndərin siyasi hakimiyyətə qayıdışından sonra təsdiqləyə bildi. 1994-cü ilin sentyabrında imzalanmış “Əsrin müqaviləsi” bu istiqamətdə atılmış tarixi əhəmiyyətli ilk addım kimi qiymətləndirilə bilər. Məhz bu sazişin imzalanması Azərbaycanın müstəqil iqtisadi münasibətlər qurmaq əzmini və iradəsini bütün dünyaya nümayiş etdirmiş oldu. Son dərəcə mürəkkəb və ziddiyyətli bir dövrdə ölkənin karbohidrogen ehtiyatlarının istismarını nəzərdə tutan bu sazişin Azərbaycanın maraqlarını maksimum dərəcədə təmin etməsi bir tərəfdən enerji resurslarının səmərəli istifadəsini təmin edirdisə, digər tərəfdən Azərbaycanın tamamilə müstəqil xarici siyasət yürütmək iradəsinin ifadəsi kimi qiymətləndirilirdi. Ümummilli lider Heydər Əliyevin siyasəti Azərbaycanın bütün dünyaya iqtisadi tərəfdaşlarını, siyasi müttəfiqlərini müstəqil şəkildə müəyyən etməkdə israrlı olduğu mesajını verirdi.
Azərbaycan Prezidenti cənab İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə rəsmi qəbuldakı çıxışı zamanı bu dövrü belə səciyyələndirmişdi: “1993-cü il tariximizdə dönüş nöqtəsi olmuşdur. Əslində, bizim müstəqil tariximiz o ildən başlamışdır. Çünki 1991-1993-cü illərdə müstəqillik formal, şərti xarakter daşıyırdı. Azərbaycan demək olar ki, xaricdən idarə olunurdu. Biz hamımız bunu yaxşı bilirik. Ona görə Azərbaycan xalqı haqlı olaraq Heydər Əliyevi Azərbaycanın dövlət müstəqilliyinin banisi, Azərbaycan dövlətinin qurucusu kimi tanıyır və bu, tarixi həqiqətdir”. Cənab Prezidentin bu fikirləri Heydər Əliyevin Azərbaycan tarixindəki rolunu kifayət qədər aydın və müfəssəl ifadə edir.
Əlbəttə, indi bu hadisələrin üzərindən onilliklər keçdikdən sonra yuxarıda qeyd olunan məsələlərin qısa zamanda həlli bir çoxlarında sadə tarixi faktlar təəssüratı yarada bilər. Lakin ötən əsrin 90-cı illərinin ağırlığını görmüş, tarix və siyasət, xüsusilə qlobal güclərin əksər hallarda toqquşan iqtisadi və siyasi maraqları haqqında az-çox təsəvvürə malik hər kəsə aydındır ki, 30 il öncə bu mürəkkəb vəzifələrin həyata keçirilməsi yalnız çox gərgin zəhmət və qeyri-adi istedad sayəsində mümkün ola bilərdi.
Ulu öndər Heydər Əliyevin qurduğu milli dövlət modeli bizim bugünkü nailiyyətlərimizin əsasında dayanır. Azərbaycan Prezidenti İlham Əliyev ümummilli liderin qurduğu bu modeli daha da təkmilləşdirərək, milli dövlətçilik strategiyasını davam etdirmək missiyasını uğurla yerinə yetirdi. Ümummilli lider Heydər Əliyevin müdrikcəsinə dediyi bu fikirlərin arxasında nə qədər böyük bir həqiqət dayandığını bu gün hamımız çox aydın şəkildə görürük: “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri xalqın köməyi və dəstəyi ilə İlham Əliyev başa çatdıra biləcək”. İlham Əliyev bu müdrik kəlamı gerçəkliyə çevirən siyasi lider kimi adını tarixə yazdı.
Modern ideya və təşəbbüslərin iqtisadiyyatda, mədəniyyətdə, idmanda, bir sözlə, ölkə həyatının bütün sahələrində uğurla tətbiqi, beynəlxalq münasibətlər sisteminə yeni baxış bucağından baxaraq regional maraqların konfiqurasiyasını dəqiq müəyyən etməsi, cəmiyyətlə dövlət arasında qarşılıqlı etimadın dərinləşməsinə xidmət edən ardıcıl siyasət İlham Əliyevin qurucu və islahatçı lider kimi əsas uğurları sırasındadır. Lakin tarix Prezident İlham Əliyevə həm də müasir Azərbaycanda ölkənin ən mühüm milli problemi və strateji vəzifə sayılan Qarabağ məsələsini həll etmək missiyasını həvalə etmişdi. Azərbaycan Prezidenti 44 günlük Vətən müharibəsində bu çətin və şərəfli vəzifəni yerinə yetirməyə qadir yeganə lider olduğunu sübut etdi. Bütün regionun geosiyasi mənzərəsini dəyişən, Azərbaycanın son 200 illik tarixində qazandığı ən böyük hərbi-siyasi qələbəsi kimi qiymətləndirilən, Cənubi Qafqazda yeni təhlükəsizlik formatı yaradan bu zəfər Prezident İlham Əliyevin şəxsiyyətinin, siyasi təfəkkürünün, strateji düşüncə tərzinin, lider müdrikliyinin miqyasını təsəvvür etməyə imkan verən indikatordur. Müharibənin nəticələri çox ciddi bir problemi həll etməklə bərabər milli təhlükəsizliklə bilavasitə bağlı olan, hərb meydanında əldə olunmuş qələbənin siyasi və iqtisadi müstəvidə davam etdirilməsi, yeni reallıqlar kontekstində meydana çıxa biləcək mümkün təhdidlərin neytrallaşdırılması kimi bir çox yeni vəzifələr meydana çıxarır. Məhz bu baxımdan, Prezident İlham Əliyevin şəxsiyyəti Azərbaycanda milli birliyin və həmrəyliyin yeni ideoloji formulu kimi qiymətləndirilməlidir.
Ərazi bütövlüyü, Qarabağın, Şuşanın işğaldan azad olunması bir vaxtlar hər bir azərbaycanlıya möcüzə kimi görünürdü. Prezident İlham Əliyev möcüzəni gerçəyə çevirib. Qarabağın azadlığı əqidəsindən dünyagörüşündən, sosial statusundan asılı olmayaraq bütün dünya azərbaycanlılarını birləşdirən ideoloji hədəf idi. Bu gün o hədəf təbii olaraq dəyişib, indi qarşımızda işğaldan azad olunmuş ərazilərdəki xarabalıqlar üzərində yeni bir həyatın inşa olunması, qələbəmizin siyasi və iqtisadi baxımdan davam etdirilməsi kimi mühüm vəzifələr dayanır. Prezident İlham Əliyev bizi bu hədəf uğrunda birləşdirməyə qadir yeganə tarixi şəxsiyyətdir. Onun görmək istədiyi Azərbaycan ümummilli lider Heydər Əliyevin, eyni zamanda elə bizim hamımızın da arzuladığı mütərəqqi Azərbaycandır. Prezident İlham Əliyevi başqalarından fərqləndirən arzularımızdakı, xəyallarımızdakı Azərbaycanı qurmağın yolunu bilən siyasi lider olmasıdır. Başqa sözlə desək, İlham Əliyev indiki geosiyasi şərtlər, tarixi reallıqlar kontekstində elə Azərbaycan deməkdir. Onun strateji düşüncəsi, ideyaları, Azərbaycanın gələcəyinə dair baxışları postmüharibə dövründə bizi birləşdirən, ümummilli lider Heydər Əliyevin qurduğu milli dövlət modelini yeni inkişaf mərhələsinə çıxaran ideyalar sistemidir. Prezident İlham Əliyev xalqımızın yaddaşındakı 30 illik möcüzəni gerçəkləşdirməklə həm də yeni tarixi şəraitdə bizi birləşdirən dəyərə çevrilib. Yeni dövrdə bizim ideologiyamız da elə bu olmalıdır: nəyi, necə və nə vaxt etmək lazım olduğunu hər kəsdən daha yaxşı bilən Prezident İlham Əliyevin görmək istədiyi Azərbaycan.

Həmid Pənahov,
Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatının sədri.


8-05-2021, 08:02 | Əhmədzadənin heyəti iş başındadır... - İTTİHAM

Əhmədzadənin heyəti iş başındadır... - İTTİHAM

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti (ASC ) ilə bağlı ötən yazımızda bildirmişdik ki, dünyada neft-qaz müharibələri başa çatır. Növbəti illər SU uğrunda dünyada amansız mübarizə gedəcək.
Dünyada gedən mürəkkəb siyasi prosesləri dəqiq bilən Prezidentimiz İlham Əliyev cənabları dönə-dönə SU mövzusunu əbəs yerə gündəmə gətirmir.
Dövlət başçısı su təsərrüfatının vəziyyətinə dair videokonfransda su itkisini xüsusi ilə qeyd etmişdi: “Əgər, dəhşətli dərəcədə bu itkilər olmasaydı, biz mövcud su resursları ilə özümüzü tam təmin edə bilərdik. İndi bu məsələ araşdırılır, bəzi hallarda itkilər 40 faizdir və 50 faizə çatır, bu, dözülməzdir”.
Bəli, su itkisi 40, bəzən 50 faizidir. Dünyada belə bir hal yoxdur.
Biz ötən yazımızda 100 illər əvvəl babalarımızın su arxlarına DAŞ döşəməsini və bununla SU İTKİSİ-nin qarşısını almasına əbəs yerə yada salmamışdıq.
Bəs görəsən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin ( MST SC ) rəhbərliyi bunu başa düşmür ?
Ötən yazımızda SC-nin Aparat rəhbəri Cahan Məmmədovdan və sədrin müavini Rafiq Aslanovdan bəhs etmişdik.
Məlumat üçün bildirək ki, Rafiq Aslanov 1984 – 1993-cü illərdə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Nazirliyinin bir sıra idarə və şöbələrində müxtəlif vəzifələrdə işləyib, 1993- 2006-cı illərdə Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Komitəsinin və Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyinin İqtisadiyyat, maliyyə və əmək haqqı idarəsində rəis vəzifəsində çalışıb və 2006-cı ildən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavinidir.
Bu adam AXC hakimiyyəti dövründə, İsa Qəmbərin yerlisi olaraq karyera qurub.
Biz ötən və indiki yazımızda əbəs yerə qeyd eləmədik ki, Azərbaycanda su itkisi Prezidentimizin dediyi kimi 40, bəzən 50 faizdir.
Bunu dövlət başçısı cənab İlham Əliyev deyir.
40-50 faiz su itkisinin arxasında bilirsiniz nələr durur?
100 milyonlar. Siz elə bilirsiniz həmən 40-50 faiz su havaya buxarlanır ?
Xeyr, həmən 40-50 faiz su itmir, Rafiq Aslanovların cibinə, daha doğrusu Londona gedir.
Bu adamın Londonda mülkləri, biznes şəbəkəsi, Türkiyədə otelləri və s.
Rafiq Aslanovun bacısıoğlu “Meliorasiya və Su Təsərrüfatı ASC -nin Texnoloji İstehsalat Komplektləşdirmə İdarəsinin rəisi İlqar Əliyevin əməllərindən, kranı 1 milyona satmasından növbəti yazıda bəhs edəcəyik.
İndi isə Rafiq Aslanovun oğlunun bahalı avtomobil kolleksiyasına baxın.
Avtomobillərinin nömrələri soyadına uyğun Asl × nov (× sıralama rəqəmlərlə ifadə olunur, məs. 1,2,3,4,5 və s.) kimi qeydiyyata alınıb: “Kolleksiyada Bentley, Range Rover, Mercedes S Class, C Class, E Class da daxil olmaqla xeyli sayda avtomobil var. Nömrələrindən asılı olmayaraq fotolardakı avtomobillər eyni kolleksiyasındandır”.
Deməli, su itkiyə getmir, Rafiq Aslanovların cibinə gedir.
Araşdırmamız davam edir. //gundelik-baku.com//

8-05-2021, 08:00 | Baş bankir də büdcəyə belə HƏKK GƏLİB... - Milyonlar belə yeyilir...

Baş bankir də büdcəyə belə HƏKK GƏLİB... - Milyonlar belə yeyilir...

Azərbaycan Respublikasının Mərkəzi Bankının 6 və 7 may tarixlərində keçirdiyi 7 tenderin qalibi bir şirkət olub.

7 tenderin qalibi olmuş “GT SOLYUŞNZ” Məhdud Məsuliyyətli Cəmiyyəti 2 gün ərzində ümumilikdə 2 milyon 48 min 16 manat qazanacaq.

Tenderləri təqdim edirik:

1. Mərkəzi Bankının rəsmi internet səhifəsinin dəstəklənməsi – 13947.6 AZN
2. Mərkəzi Bankda istismarda olan Elektron statistik məlumat bazası və analitik hesabatlıq sisteminin proqram platformasının dəstəklənməsi – 484980 AZN
3. Mərkəzi Bankda istismarda olan Mərkəzləşdirilmiş Kredit Reyestri Sisteminin proqram platformasının dəstəklənməsi – 84960 AZN
4. Mərkəzi Bankda istismarda olan Maliyyə savadlığı portalının proqram platformasının dəstəklənməsi – 31435.2 AZN
5. Mərkəzi Bankda istismarda olan Menecment informasiya sisteminin proqram platformasının dəstəklənməsi – 308475.6 AZN
6. Mərkəzi Bankda istismarda olan Elektron Xidmətlər Portalının proqram platformasının dəstəklənməsi – 369930 AZN
7. Mərkəzi Bankda istifadə olunan standart proqram təminatları üzrə lisenziyaların satın alınması – 749288.2 AZN

40 manat nizamnamə kapitalına “GT SOLYUŞNZ” MMC 15.01.2007 tarixində Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı, ev 44 ünvanında dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Elxan Həsənov Mirhadi oğludur.

Şirkət 25.09.2019 tarixindən indiyə kimi təkcə Mərkəzi Bankdan 15 tender qazanıb.

Şirkətlə bağlı internet resurslarında məlumatlar yalnız satınalmaların qalibi olması ilə bağlıdır. //AzToday.az//

22-04-2021, 12:40 | Ermənistan Azərbaycanla sərhəddə təxribat törədib - DSX

Ermənistan Azərbaycanla sərhəddə təxribat törədib - DSX

Ermənistanın Baş naziri Nikol Paşinyanın cari ilin aprel ayının 21-də Zəngəzur vilayətinə məlum səfərindən sonra Ermənistan tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədində təxribatlar törədilmişdir.

Dövlət Sərhəd Xidmətindən (DSX) milli.az-a verilən məlumata görə,həmin gün axşam saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonunun Seyidlər kəndində yerləşən Dövlət Sərhəd Xidmətinin bölmələri, eləcə də bu istiqamətdə Ermənistan tərəfdə xidmət aparan Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin bölmələrinin yerləşdiyi mövqelər Ermənistan hərbi qulluqçuları tərəfindən atəşə tutulmuşdur.

Hadisə ilə bağlı, Rusiya sərhədçiləri Azərbaycanlı həmkarlarına müraciət edərək təxribat törədən şəxslərin içkili vəziyyətdə olduqlarını bildirmiş və hadisəyə reaksiya verilməməsini xahiş etmişlər.

Rusiya tərəfinin müraciətini nəzərə alaraq, Azərbaycan sərhədçiləri tərəfindən təmkinlik nümayiş etdirilmiş və cavab atəşi açılmamışdır. Hadisədən sonra təxribat törədən Ermənistan hərbi qulluqçularının ərazidən uzaqlaşdırılması barədə Azərbaycan tərəfinə məlumat verilmişdir.

Eyni zamanda, həmin gün Qubadlı rayonunun Şurnux kəndi istiqamətində 30-40 avtomobildə dövlət sərhədinə doğru hərəkət edən bir qrup şəxs erməni dilində Azərbaycan əleyhinə şüarlar səsləndirmişlər.

Dövlət Sərhəd Xidməti rəsmi olaraq bildirir ki, bu cür təxribat halları gələcəkdə bir daha təkrarlandığı halda tərəfimizdən ən kəskin cavab tədbirləri görüləcəkdir.

22-01-2021, 10:00 | Portuqaliya hakimiyyəti Britaniya ilə uçuşları dayandıracaq

Portuqaliya hakimiyyəti Britaniya ilə uçuşları dayandıracaq

Portuqaliya hökuməti yeni koronavirus ştammının yayılmasının qarşısını almaq üçün yanvarın 23-dən etibarən Böyük Britaniya ilə uçuşların dayandırılmasına qərar verib.

Bu barədə ölkənin Baş naziri Antoniu Koşta deyib.

Onun sözlərinə görə, ölkələr arasında yalnız gəlmək üçün uçuşlar həyata keçiriləcəkdir.

Baş nazir qeyd edib ki, bu addım əvvəllər Birləşmiş Krallıqda aşkar edilən mutasiyaya uğramış koronavirus ştammı ilə "infeksiya riskini" azaltmaq məqsədi daşıyır.(Trend)

������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.