15-06-2022, 09:26 | Leyla Əliyeva Cenevrədə “Mənim dənizlərim, mənim okeanlarım” sərgisinin açılışında iştirak edib - FOTO

Heydər Əliyev Fondunun və IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü, Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə şəhərindəki bölməsi və Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi yanında daimi nümayəndəliyinin dəstəyi ilə təşkil edilən "Mənim dənizlərim, mənim okeanlarım" (My Seas, My Oceans) sərgisinin açılışı olub.
AZƏRTAC-a istinadən bildirir ki, sərginin açılışında BMT-nin Cenevrə bölməsinin baş direktoru Tatyana Valovaya, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Cenevrədə akkreditə olunmuş diplomatik korpusun və ictimai təşkilatların nümayəndələri, soydaşlarımız iştirak ediblər.
BMT-nin Cenevrə bölməsinin baş direktoru Tatyana Valovaya açılış nitqində bildirib ki, iyun ayı ənənəvi olaraq BMT-nin okeanlar və su hövzələrinin qorunmasına həsr olunmuş konfrans və digər tədbirlərinin keçirildiyi dövrdür. Həmin ərəfədə okeanlara və dənizlərdəki ekoloji vəziyyətə incəsənətin dili ilə diqqət yönəldən sərginin təşkili xüsusi əhəmiyyət daşıyır. Dünyanın 70 faizindən çox ərazisini tutan su ehtiyatları, dəniz və okeanların ekoloji sistemi getdikcə daha çox mənfi təsirlərə məruz qalır.
O, Leyla Əliyevaya və sərgidə öz əsərləri ilə iştirak edən rəssamlara, eləcə də sərginin kuratorlarına bu cür mühüm mövzunu incəsənət vasitəsilə ictimailəşdirdiklərinə görə minnətdarlıq edib.
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva çıxışında qonaqları "Mənim dənizlərim, mənim okeanım" sərgisində salamlamaqdan məmnunluğunu ifadə edib. O bildirib ki, bu sərgi incəsənət vasitəsilə diqqəti bəzi qlobal məsələlərə yönəltmək üçün fürsətdir. Çünki bədii yaradıcılıq insanların qəlbinə toxunmaq və ona səslənmək üçün ən yaxşı yollardan biridir: "IDEA-da biz ətraf mühitin qorunmasının vacibliyi mesajını çatdırmaq üçün həmişə incəsənət və bədii yaradıcılıqdan bəhrələnirik. Təşkilatımız 2011-ci ildə təbiətimizi və biomüxtəlifliyimizi qorumaq missiyası ilə yaradılmışdır. Biz insanları təhsilə, incəsənətə, musiqiyə, maarifləndirməyə və ən əsası təbiətdə daha çox zaman keçirməyə təşviq etmək istəyirik".
Qeyd edilib ki, IDEA, həmçinin çirklənmə ilə mübarizəyə, heyvanların və dənizlərdə həssas ekosistemin qorunmasına diqqət yetirir. Çünki su bəşəriyyətin varlığı üçün vacibdir, su həyatdır. Son 50 ildə dəniz canlılarının 50 faizinin məhv olduğunu etiraf etmək çox çətindir. Bəşəriyyət çaylara, dənizlərə və okeanlara ciddi zərbə vurub: "Mən deyərdim ki, insanlar və təbiət bir-biri ilə sıx bağlıdır. Təbiəti incitsək, bununla biz ilk növbədə özümüzə zərər vermiş olarıq. Lakin mən həqiqətən inanıram ki, yoxa çıxan parçaları müsbət düşüncə ilə geri qaytara bilərik. Düşünürəm ki, insanlar nə qədər xoşbəxt olsalar, təbiətə daha çox qayğı göstərərlər. Bizi ilk növbədə, xoşbəxt edən elə təbiətin özüdür", - deyə Leyla Əliyeva bildirib.
IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri sərginin təşkilində iştirak edən tərəfdaşlara, kuratorlara və əsərləri sərgilənən rəssamlara minnətdarlığını bildirib.
BMT-nin Ətraf Mühit Proqramının (UNEP) Avropa Ofisinin direktoru Bruno Pozzi uzun illərdən bəri IDEA-nın tərəfdaşı qismində təmsil etdiyi təşkilat adından bu sərgiyə qatılmasından məmnunluğunu ifadə edib. Qeyd olunub ki, sərgi diqqəti dünyada hamını məşğul etməli olan problemə yönəldir. Su mavi planetimizdə ən vacib resurs və həyat mənbəyidir. Planetimiz su olmadan mövcud ola bilməyəcəyinə görə, suyun, su hövzələrinin və oradakı canlı aləmin qorunmasına yönəlmiş təşəbbüslər bütün mümkün imkanlar vasitəsilə dəstəklənməlidir. İqlim dəyişiklərinin baş verdiyi müasir dövrdə qlobal çağırışlar sırasında yer alan su resurslarının mühafizəsi prioritet təşkil etməlidir.
Azərbaycanın BMT-nin Cenevrə bölməsindəki daimi nümayəndəsi Qalib İsrafilov sərginin təşkilinə görə BMT-nin Cenevrə bölməsinə və IDEA İctimai Birliyinə minnətdarlığını bildirib. O vurğulayıb ki, bu sərgi Azərbaycanın gənc incəsənət xadimlərinin dünyanı düşündürən qlobal çağırışa sənət vasitəsilə bədii ifadələrini əks etdirir.
Çıxışlardan sonra Cenevrədə fəaliyyət göstərən "İrs" uşaq rəqs ansamblı Azərbaycan xalq mahnılarından ibarət bədii proqramla çıxış edib. Sonra sərgiyə ictimai baxış olub.
Qeyd edək ki, Cenevrədəki Millətlər Sarayında (Palace of Nations) iyunun 30-dək davam edəcək sərgidə Azərbaycanın doqquz müasir rəssamının əsərləri təqdim olunur. Gələcək nəsillər üçün su ehtiyatlarının qorunmasının vacibliyi ekspozisiyadakı əsərlər vasitəsilə vurğulanır, eyni zamanda, Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmağın ən yaxşı yolunun yaradıcılıqdan keçdiyi xatırladılır.
Gələcək nəsillərə daha yaxşı planet əmanət etdiyimizə əmin olmaq üçün hökumətlərin, özəl sektorun və vətəndaş cəmiyyətinin tərəfdaşlığı Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq istiqamətində böyük əhəmiyyət kəsb edir.
Ətraf mühitin mühafizəsində və dayanıqlı inkişafın təmin edilməsində dünyanın üzləşdiyi problemlərin vacibliyini çatdırmaq üçün şübhəsiz ki, incəsənət ən təsirli vasitələrdən biridir. Bu cür çağırışlar arasında iqlim dəyişikliyi, çirklənmə, həddindən artıq balıq ovu və nəslinin kəsilməsi kimi məsələlər daxil olmaqla, ekoloji maarifləndirmə imkanlarının təşviq edilməsi var.
Cavid İlham, Diana Əliyeva, Elşən Karaca, Erkin Ələkbərli, Günel Ravilova, Leyla Əliyeva, Mirəli Seyidov, Nəzrin Xələfova və Nəzrin Məmmədova sərgidə öz əsərlərindəki mesajları bu kimi problemlərə yönəltməklə, insanların mövzu barədə daha geniş təsəvvürə malik olmalarını təmin edir və ekoloji fəaliyyət üçün ictimai dəstək toplayır, bununla da qlobal məqsədlərə töhfə verilir.
x x x
İsveçrənin Cenevrə şəhərində səfərdə olan Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva iyunun 14-də BMT-nin Cenevrə bölməsinin baş direktoru Tatyana Valovaya ilə görüşüb.
T.Valovaya BMT-nin Cenevrə bölməsində Azərbaycan rəssamlarının əsərlərindən ibarət "Mənim dənizlərim, mənim okeanlarım" sərgisinin təşkilinə görə məmnunluğunu ifadə edib. O bildirib ki, sərginin BMT-nin okeanlara və su hövzələrinə dair sammitinin keçiriləcəyi iyun ayına təsadüf etməsi bu qlobal mövzunun incəsənət vasitəsilə təbliğinə töhfə verəcək. T.Valovaya sərgidə təqdim olunan əsərlərin mahiyyətinin vacibliyi, xüsusilə su mövzusunun aktuallığı və qlobal səviyyədə əhəmiyyətini vurğulayıb
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva sərginin təşkilinə göstərdiyi şəxsi diqqətə və onun açılışında iştiraka görə T.Valovayaya minnətdarlığını ifadə edib.
Görüşdə BMT ilə Heydər Əliyev Fondu və IDEA arasında əməkdaşlıq imkanlarının araşdırılmasının əhəmiyyəti vurğulanıb və yaxın gələcəkdə təmasların artırılmasını vacibliyi qeyd edilib. Həmçinin Dayanıqlı İnkişaf Məqsədləri, gənclər, gender bərabərliyi, ətraf mühitin mühafizəsi və digər məsələlərlə bağlı layihələrə, eləcə də BMT-nin Cenevrə bölməsində müxtəlif səpkili tədbirlərə IDEA-nın əməkdaş və ekspertləri ilə qatılması barədə fikir mübadiləsi aparılıb. Eyni zamanda, qadınların hüquqlarının qorunması və onların cəmiyyətdə rolunun gücləndirilməsi kimi mühüm mövzunun aktuallığı nəzərə alınaraq, bu sahədə əməkdaşlıq barədə söhbət aparılıb.
Söhbət zamanı T.Valovayanın Azərbaycana baş tutacaq səfərinə və Bakıda keçirəcəyi görüşlərə də toxunulub.
x x x
Həmin gün Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva BMT-nin Cenevrə bölməsinin iqamətgahında yerləşən "Azərbaycan otağı"nın rekonstruksiyası ilə bağlı təqdimatla tanış olub.
Bildirilib ki, BMT-nin Cenevrə bölməsində 20-dən artıq ölkəyə həsr olunmuş otaq və zallar mövcuddur. 2007-ci ildə Heydər Əliyev Fondu tərəfindən bərpa olunmuş və milli xalçalarla, Azərbaycan rəssamlarının və tətbiqi sənət ustalarının əsərləri ilə bəzədilmiş "Azərbaycan otağı" mühüm iclasların və regional mövzularda toplantıları keçirilməsi üçün istifadə edilir. Otağın müasir texnoloji standartlara cavab verməsini təmin etmək üçün yeni layihəyə start verilib. Almaniyanın "Luther Design" şirkəti otağın yerləşdiyi tarixi binanın konsepsiyasını qorumaqla, Azərbaycan mədəniyyəti, incəsənəti, sənətkarlıq və milli musiqisinin təqdim olunduğu layihə ilə çıxış edib.
"Azərbaycan otağı"nın rekonstruksiya işlərinə bu ilin sonunda start veriləcək.
x x x
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva BMT-nin Cenevrə bölməsində Millətlər Sarayının qarşısında yerləşən Ariana parkında Azərbaycan dövlətinin hədiyyəsi olan "Düşüncələr və arzular" adlı heykəltəraşlıq abidəsini ziyarət edib.
Məlumat verilib ki, 1929-1938-ci illərdə inşa olunmuş Millətlər Sarayı dünyanın ən böyük ictimai binalarından biridir və onun yerləşdiyi 46 hektar sahəyə malik Ariana parkı Cenevrənin ən böyük parkları sırasındadır. Millətlər Sarayının binasında və Ariana parkında 2000-dən çox incəsənət, rəsm və heykəltəraşlıq əsəri nümayiş olunur. Bu zəngin kolleksiya BMT-nin əsas dəyərləri olan sülh, bərabərlik, inkişaf, tərəqqi, azadlıq, insan hüquqları, ətraf mühit kimi mövzuları əhatə edir.
Azərbaycanın BMT-yə üzv qəbul olunmasının 25-ci ildönümü münasibətilə hədiyyə edilmiş abidənin müəllifləri Xalq rəssamları Səlhab Məmmədov və Əli İbadullayevdir.
x x x
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva BMT-nin Cenevrə bölməsinin kitabxanasına Azərbaycan haqqında kitablar hədiyyə edib.
Kitabxananın müdiri Françesko Pisano kitabxananın fondunu zənginləşdirən nəşrlərə görə minnətdarlıq edib və kitabxananın tarixi barədə məlumat verib.
Bildirilib ki, kitabxananın fondunda bir çox mühüm sənədlər, eləcə Paris sülh konfransına aid arxiv sənədləri saxlanılır. Həmin arxiv Azərbaycan üçün misilsiz əhəmiyyətə malikdir. Çünki burada Azərbaycan Xalq Cümhuriyyətinə aid bir çox tarixi sənədlərin əsilləri qorunur. Bu sənədlər sırasında Paris sülh danışıqlarında iştirak edən Azərbaycan nümayəndə heyətinin hazırladığı məktub və müraciətlər, xəritə və digər mühüm tarixi sənədlər mövcuddur. 2016-cı ildə həmin materiallar rəqəmsal formata keçirilib və onlayn kataloqa daxil edilib.
F.Pisano gələcəkdə kitabxana fondunun Azərbaycan haqqında daha çox kitabla genişlənəcəyinə ümidvar olduğunu bildirib.





10-05-2022, 13:40 | Füzuli Rayon Mərkəzi Xəstəxanasının təməli qoyulub

Füzuli Rayon Mərkəzi Xəstəxanasının təməli qoyulub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva təməlqoyma mərasimində iştirak ediblər.
Ətraflı
Ads by
0
Reklamınızı SmartBee ilə effektiv edin.
Xəbər yenilənəcək
3-11-2021, 06:14 | Azərbaycan Ermənistana qarşı Haaqa Məhkəməsinə etdiyi müraciət əsasında tədbirlər görməkdə davam edir - Kamran Əliyev

Baş Prokurorluq Azərbaycan dövlətinin Ermənistana qarşı Haaqa Məhkəməsinə etdiyi müraciət əsasında tədbirlər görməkdə davam edir.
Bunu REAL televiziyasında yayınlanan "Mirşahinin vaxtı" verilişinə açıqlamasında Baş prokuror Kamran Əliyev deyib.
O bildirib ki, bununla bağlı Baş Prokurorluqda lazım olan sübutlar toplanıb: "Maddi sübutlar, istintaq materialları həmin proseslər zamanı istifadə olunur və gələcəkdə də istifadə oluna bilər. Ümumiyyətlə, hər bir cinayət üzrə, xüsusilə bəşəriyyət əleyhinə cinayətlərdə hər bir sübut hansısa istintaq zamanı əhəmiyyət kəsb edir. Ona görə də prokurorluq əməkdaşları hər bir cinayət üzrə ciddi araşdırma aparır. Bizim torpaqlarımız işğal altında olanda da Ermənistanın törətdiyi hər bir cinayət üzrə sübutlar toplanırdı".
K.Əliyev əlavə edib ki, azad olunan ərazilərimizin hər birinə prokurorluq əməkdaşları baxış keçirib: "Baxış zamanı dağıdılmış evlər, tarixi abidələr, ekoloji cinayətlər ayrıca sənədləşdirilib, foto və video çəkilişlər aparılıb. Bu sübutlar indiyə qədər Ermənistan tərəfinə, onların hərbi-siyasi rəhbərliyinə, vəzifli şəxslərə qaldırılmış cinayət işlərində, həm də bundan sonrakı mərhələdə qaldırılacaq işlərdə ittihamların əsasını təşkil edəcək. Həm də bu işin tarixi əhəmiyyəti var. Gələcək nəsil bütün bunlar haqqında bilməlidir, məlumatlı olmalıdır".
2-11-2021, 06:03 | 44 günlük Vətən müharibəsinin xronikası: 2 noyabr

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.
Vətən müharibəsinin xronikasını təqdim edirik.
- Prezident İlham Əliyev özünün rəsmi "Twitter" səhifəsində Azərbaycan Ordusunun Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarının bir neçə kəndini işğaldan azad etməsi ilə bağlı paylaşım edib.
- Prezident İlham Əliyev Türkiyənin keçmiş Baş Naziri Binəli Yıldırımın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
- Prezident İlham Əliyev Türk Şurasının Baş katibini və digər şəxsləri qəbul edib.
- Düşmənin məhv edilən hərbi texnikasının siyahısı açıqlanıb.
- Düşmən Ağdam və Ağcabədi rayonlarının ərazisini atəşə tutub. Ermənistan dövlət sərhədində atəşkəs rejimini pozub. Hücuma cəhd edən düşmən 30-a qədər itki verərək geri çəkilib.
- Düşmənin Su-25 döyüş təyyarəsi məhv edilib. Düşmənin daha 4 ədəd "Qrad"ı məhv edilməsinin videogörüntüsü yayılıb.
- Düşmən Tərtər və Goranboy rayonlarının ərazisini intensiv atəşə tutub. Düşmən növbəti dəfə Ermənistan ərazisindən Qubadlını atəşə tutub.
- Düşmənin canlı qüvvəsi darmadağın edilməsinin videogörüntüsü yayılıb.
- Düşmənin "KUB" zenit-raket kompleksi dəqiq atəşlə məhv edilməsinin videogörüntüsü yayılıb.
Trend
1-11-2021, 21:24 | Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı şəhər stadionunun açılışında iştirak ediblər

Noyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı şəhər stadionunun açılışında iştirak ediblər.
AZƏRTAC bildirir ki, AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov görülən işlər barədə dövlətimizin başçısına və birinci xanıma məlumat verdi.
Bildirildi ki, 2200 azarkeş tutumu olan Şamaxı şəhər stadionu UEFA-nın ikinci kateqoriyalı sertifikatına malik olacaq. Bu isə stadionda beynəlxalq oyunların keçirilməsi üçün bütün imkanların olmasından qaynaqlanır. UEFA klub yarışlarının 1-ci, 2-ci və 3-cü təsnifat mərhələsinin, eyni zamanda, milli komandadan başqa, bütün yaş qruplarına aid milli komandaların oyunları bu stadionda keçirilə bilər. Bu stadionun inşası üçün maliyyə vəsaitinin 87 faizi UEFA, 13 faizi isə AFFA tərəfindən təmin olunub. Stadionun ərazisindəki idman kompleksində cüdo və güləş növləri ilə məşğul olmaq üçün zal, həmçinin fitness zalı inşa edilib. Bundan əlavə, stadionun ərazisində süni örtüklü iki mini-meydança yaradılıb və bu meydançaların 300 nəfər azarkeş tutumuna malik tribunası var.
Bütün bunlar göstərir ki, ölkəmizdə idmanın inkişafı və onun kütləviliyinin təmin olunması istiqamətində dövlət siyasəti davam etdirilir. Əsas diqqət həm də yeni idmançı nəslinin yaradılmasına yönəlib ki, bu cür idman obyektlərinin istifadəyə verilməsi bu məqsədin təmin olunmasında mühüm rol oynayır.
Xəbər yenilənəcək
10-10-2021, 10:04 | 44 günlük Vətən müharibəsinin xronikası: 10 oktyabr

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.
Vətən müharibəsinin xronikasını təqdim edir.
- Prezident İlham Əliyev Rusiyanın RBK televiziya kanalına müsahibə verib
- Moskvada Azərbaycan, Rusiya və Ermənistan XİN rəhbərlərinin görüşü başa çatıb. Azərbaycan və Ermənistan Dağlıq Qarabağda humanitar məqsədlərlə atəşkəs barədə razılığa gəliblər. Atəşkəs rejimi Ermənistan tərəfindən kobudcasına pozulub. Atəşkəs rejimini pozan düşmənin zirehli texnikası məhv edilib
- Gecə ərzində gərgin döyüşlər davam edib, düşmənin ağır döyüş texnikaları məhv edilib. Düşmən Goranboy, Tərtər, Ağdam, Ağcabədi və Füzuli rayonlarını intensiv atəşə tutub. Ermənistanın Mingəçevirə atığı və havada məhv edilən ballistik hədəfin qalıqları aşkarlanıb. Xocalıdakı radilokasiya stansiyası məhv edilib.
- Düşmənin Qubadlıda "S-300"ü və digər hərbi texnikası və artilleriya batareyası məhv edilib.
- FHN Ermənistanın atəşləri nəticəsində Azərbaycanın mülki obyektlərində baş verən yanğınlar haqqında məlumat verib.
Trend
5-10-2021, 15:16 | Zakir Həsənov Hulusi Akarla görüşdü - FOTO

Gürcüstanda rəsmi səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab Hulusi Akar ilə görüşüb.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Görüşdə hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə edilib, keçirilən birgə təlimlərdə hərbçilərimizin qazandığı təcrübənin əhəmiyyəti qeyd olunub.
General-polkovnik Z.Həsənov Vətən müharibəsində qardaş Türkiyənin göstərdiyi dəstəyə görə öz minnətdarlığını bildirib.
İkitərəfli görüşdə hər iki ölkənin dövlət başçılarının səmimi münasibətlərinin hərbi əməkdaşlıq sahəsinə də müsbət təsir etdiyi xüsusi vurğulanıb, strateji müttəfiqliyin dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğu qeyd olunub.
Sonda Müdafiə naziri general-polkovnik Z.Həsənov qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan əməkdaşlığın bundan sonra da müvəffəqiyyətlə inkişaf etdiriləcəyinə və möhkəmlənəcəyinə əminliyini vurğulayıb.
6-09-2021, 10:23 | Ailədaxili münaqişənin gizli saxlanılması ölümlə nəticələnir - Bahar Muradova

Cəmiyyətdə ailədaxili zorakılığa, münaqişəyə dair münasibət hər ailədə eyni deyil. İnsanlar bir çox hallarda bu kimi cinayətlərə səbəb olan halları gizli saxlayırlar. İstər qonuşlar, istərsə də yaxın ailə üzvləri bu kimi hallar haqqında məlumatı yalnız çox ağır sonluqla nəticələndikdə bildirirlər.
Bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Trend-ə açıqlamasında deyib.
B.Muradova bildirib ki, bütün dünyada pandemiya ilə əlaqədar ailədaxili zorakılıq, münaqişə halları yaranır: "Müharibənin də insanlarda yaratdığı psixoloji fəsadları görməzdən gəlməməliyik. Bu səbəblərdən qəddarlıq, şəxsiyyətə qəsdən zərərvurma, cinayət halları daha qabarıq şəkildə meydana çıxır."
O, həmçinin qeyd edib ki, istənilən halda əgər bir zorakılıq halı varsa, biz bunu cəmiyyət olaraq qəbul etməməliyik. Buna səbəb olan dəyər, mentalitet adlandırdığımız mənfi stereotipləri aradan qaldırmalıyıq: "Cəmiyyət olaraq bu sahədə şəffaflığı artırmalıyıq. Hər hansısa bir ictimai təşkilat bunu təkbaşına bacara bilməz. Xalq olaraq bu kimi hallara laqeyd, biganə yanaşmadan onların qarşısını almalıyıq".
Bu il avqustun sonuna qədər komitəyə 212 ailədaxili zorakılıq faktları haqqında məlumat daxil olduğunu vurğulayan B.Muradova hər ay bununla bağlı 12-15 məlumat daxil olduğu halda, avqust ayında bu rəqəmin 46-ya yüksəldiyini bildirib: "Bu, çox narahatedici haldır. Müraciət edənlərin böyük qismi psixoloji təzyiqdən şikayət edən qadınlardır. Bu halların aradan qaldırılması üçün beynəlxalq əlaqələrimizdən istifadə edərək müxtəlif layihələrin reallaşdırılmasına, müvafiq qanunvericiliyin təkmilləşdirilməsinə, ən əsası isə cəmiyyəti məlumatlandırmağa üstünlük veririk".
26-08-2021, 06:30 | Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür

Bu gün Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın doğum günüdür.
Mehriban Arif qızı Əliyeva Bakı şəhərində anadan olub.
1982-ci ildə Bakı şəhəri 23 №-li orta məktəbi qızıl medalla bitirərək N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub. 1988-ci ildə M. Seçenov adına 1-ci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib. 1988-1992-ci illər ərzində Moskvada akademik Krasnovun rəhbərliyi altında Göz Xəstəlikləri Elmi-tədqiqat İnstitutunda işləyib.
1995-ci ildə Mehriban Əliyevanın təşəbbüsü ilə Azərbaycan Mədəniyyətinin Dostları Fondu təsis olunub. 1996-cı ildə Mehriban Əliyeva Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması məqsədilə üç dildə (Azərbaycan, ingilis və rus) çap olunan “Azərbaycan-İrs” jurnalını təsis edib.
2002-ci ildə Mehriban Əliyeva Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib.
Mehriban Əliyeva, həmçinin, Heydər Əliyev Fonduna rəhbərlik edir. 2004-cü il may ayının 10-da fondun rəsmi açılışı olub. Heydər Əliyev Fondu xeyriyyəçilik tədbirləri görür, təhsil, mədəniyyət, incəsənətlə bağlı layihələr həyata keçirir. Bu layihələr təkcə Azərbaycanla məhdudlaşmır. Mehriban Əliyevanın həyata keçirdiyi humanitar layihələr bütün dünyada məşhurdur. Onun təşəbbüsü ilə Pakistanda qızlar üçün yeni məktəb tikilib, İslamabadda, eləcə də Pakistanın digər əyalətlərində silsilə humanitar aksiyalar keçirilib. Versal sarayının bir hissəsinin və Strasburqda orta əsrlərə aid kilsənin, Luvr muzeyi qalereyasından birinin, Roma katakombalarının bərpası, Həştərxanda Azərbaycan-Rusiya dostluq körpüsünün tikilməsi, Müqəddəs Mələksima Knyaz Vladimirə Rusiyada ilk abidə ucaldılması və digər layihələr Heydər Əliyev Fondunun xeyriyyəçilik işləri sırasındadır.
2004-cü il avqustun 13-də Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsindəki fəaliyyətinə görə Mehriban Əliyeva UNESCO-nun xoşməramlı səfiri adına layiq görülüb.
2004-cü il dekabrın 28-də Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin IV Baş Məclisində MOK-un İcraiyyə Komitəsinin üzvü seçilib.
2005-ci ildə Azərbaycanda keçirilən sosioloji sorğuya əsasən, Mehriban Əliyeva “İlin qadını” adına layiq görülüb. 2005-ci il iyunun 9-da ictimai, mesenatlıq və xeyriyyəçilik fəaliyyətinə görə, təhsil və mədəniyyət müəssisələrinin dəstəklənməsinə, Rusiya və Azərbaycan xalqları arasında dostluğun möhkəmlənməsinə sanballı töhfələrinə görə Rusiyanın “Yüzilliyin mesenatları” Beynəlxalq Xeyriyyə Fondunun “Yaqut Xaç” ordeninə layiq görülüb.
2005-ci ildə fəlsəfə elmləri namizədi alimlik dərəcəsi alıb.
Sivilizasiyalararası dialoq daxil olmaqla, müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, onların yaşayış şəraitinin yaxşılaşmasına, təhsilə, həmçinin İslam aləmində görülən işlərə böyük dəstəyinə görə 2006-cı il noyabrın 24-də İSESCO-nun xoşməramlı səfiri adına layiq görülüb.
Dünya Səhiyyə Təşkilatı (DST) İcraiyyə Komitəsinin 2007-ci il yanvarın 29-da Cenevrədə keçirilən 120-ci sessiyasının yekdil qərarı ilə Mehriban Əliyevaya ana, uşaq və ailə sağlamlığının qorunması və möhkəmlənməsi işində müstəsna xidmətlərinə görə bu beynəlxalq təşkilatın mükafatı verilib.
Genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə, bəşəriyyətin ali ideallarına xidmət sahəsində yüksək nailiyyətlərinə görə 2007-ci ilin mayında Mehriban Əliyeva “Qızıl ürək” beynəlxalq mükafatına layiq görülüb.
Mehriban Əliyeva Azərbaycan və Polşa arasında dostluq münasibətlərinin inkişafına verdiyi töhfəyə görə 14 sentyabr 2009-cu ildə Polşa Respublikasının “Xidmətlərə görə” Böyük Komandor Xaçı ordeni ilə təltif edilib.
10 fevral 2010-cu il tarixdə isə Fransa Prezidentinin sərəncamı ilə “Fəxri legionun böyük xaç komandoru” ordeni ilə təltif olunub.
2011-ci il iyunun 24-də Mehriban Əliyevaya Krans Montana Forumunun Qızıl medalı təqdim olunub.
2012-ci il aprelin 13-də Mehriban Əliyevaya MDB iştirakçısı olan dövlətlərin Humanitar Əməkdaşlıq Şurası (HƏŞ) və MDB iştirakçısı olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu (DHƏF) tərəfindən “Birlik Ulduzları” dövlətlərarası mükafatı təqdim edilib.
2013-cü il dekabrın 27-də Pakistanın “Şəhid Bənazir Bhutto Qadın Mükəmməlliyi Mükafatı - 2013” mükafatına layiq görülüb.
2014-cü ilin mayında Mehriban Əliyeva sivilizasiyalararası dialoqa verdiyi töhfələrə, həmçinin Almaniyada türk dünyasının tanıdılmasına, Azərbaycan-Almaniya əlaqələrinin inkişafındakı xidmətlərinə görə Türk-Alman Dostluq Federasiyasının fəxri mükafatına layiq görülüb.
Olimpiya dəyərlərinin təbliğindəki xidmətlərinə görə 2014-cü ilin iyununda Beynəlxalq Olimpiya Akademiyasının “Olympic Excellence” xüsusi fəxri mükafatı ilə təltif olunub.
Rusiya Prezidenti Vladimir Putinin 9 avqust 2019-cu il tarixli fərmanı ilə Mehriban Əliyeva Rusiya-Azərbaycan münasibətlərinin inkişafında və möhkəmlənməsində xidmətlərinə görə "Dostluq" ordeni ilə təltif olunub.
Bundan başqa, Mehriban Əliyeva Azərbaycan Respublikasının “Heydər Əliyev” ordeni, İtaliya Respublikasının “Xidmətlərə görə” Böyük Xaç Kavaleri ordeni, Pakistanın “Hilal-e Pakistan” ordeni, Serbiyanın “Sreten” ordeni, “Macarıstanın Xidmətlərə görə Komandor Xaçı” ordeni, Rus Pravoslav Kilsəsinin II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordeni, Rusiyanın “Həştərxan vilayəti qarşısında xidmətlərinə görə” ordeni, UNESCO-nun “Qızıl Motsart” medalı, BMT-nin Ümumdünya Əqli Mülkiyyət Təşkilatının qızıl medalı, Avropa Olimpiya Komitələrinin Ali Ordeni, Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin “Xüsusi xidmətlərə görə” medalı, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin qızıl medalı, Küveyt Dövlətinin Fəxri diplomu ilə təltif edilib.
Mehriban Əliyevanın Azərbaycanda keçirilən I Avropa Oyunları, eləcə də IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat komitələrinin sədri kimi fəaliyyəti beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilib.
Rusiya Federasiyasının İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Fəxri professoru, Bolqarıstanın Müqəddəs Kiril və Mefodi adına Veliko Tırnovo Universitetinin fəxri doktorudur.
Prezident İlham Əliyevin 21 fevral 2017-ci il tarixli sərəncamı ilə Mehriban Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti təyin edilib.
Mehriban Əliyeva Birinci vitse-prezident kimi əsas diqqətini sosial məsələlərin, əhalinin aztəminatlı təbəqəsinin problemlərinin həlli üzərində cəmləşdirib. Şəhid ailələrinin, müharibə əlillərinin, məcburi köçkünlərin, sağlamlıq imkanları məhdud uşaqların, aztəminatlı ailələrin qayğıları daim onun diqqət mərkəzindədir.
Yeni Azərbaycan Partiyasının sədr müavinidir.
Ailəlidir, iki qızı, bir oğlu var.
Bizdə kollektivimiz adından Mehriban xanım Əliyevanı doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, Azərbaycanın parlaq gələcəyi uğrunda yorulmaz fəaliyyətində uğurlar arzu edirik!
15-06-2021, 08:26 | Ulu öndər öz böyük əməlləri ilə xalqın sonsuz sevgisini qazanmışdı

Əgər o vaxt, 1993-cü ildə Heydər Əliyev xalqın tələbi ilə Azərbaycana hakimiyyətə qayıtmasaydı, ölkə parçalana bilərdi. Demək olar ki, ölkə dünyada gedən bütün proseslərdən təcrid olunmuş vəziyyətdə idi. O çətin dövrdə, çətin vəziyyətdə onun nə silahı var idi, nə ordusu var idi, nə də dəstəsi var idi. Yalnız siyasi iradəsi, bir də xalqın inamı, dəstəyi var idi. O, bu dəstəyə arxalanaraq, on il ərzində Azərbaycanı böhrandan tərəqqiyə gətirdi. Bu gün Azərbaycan inamla irəliləyir, Azərbaycanın bütün sahələri inkişaf edir.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Hər bir xalq yaratdıqlarına görə tarixə düşür. Hər bir tarixi şəxsiyyət də xidmətlərinə görə tanınır və dillər əzbəri olur. Azərbaycan xalqı da tarix boyu ədalətinə və tolerantlığına görə dünya xalqları içərisində böyük nüfuz qazanıb.
Dünyanın qədim dövlətləri sırasında yer alan Manna, Albaniya, Atropatena öz müstəqilliklərini qorumaq üçün düşmənə hər cür müqavimət göstərmiş və bu gün xalqımızın öyünməsi üçün şərəfli bir tarix miras qoymuşlar. Orta əsrlərin Eldənizlər, Qaraqoyunlu, Ağqoyunlu və nəhayət, Səfəvilər dövləti Şərqin ən qüdrətli dövlətləri sırasında yer ala bildilər. Səfəvilər dövləti bir az da irəli gedərək imperiya yaratmağa nail oldu. Azərbaycan xalqı bu dövlətin yaradıcısı Şah İsmayıl Xətaini min illərdir ki, tariximizin qəhrəmanı kimi anır və müstəqilliyimiz dövründə onun şərəfinə abidələr ucaldır.
Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları olan milli-demokratik ziyalılarımız müsəlman Şərqində ilk parlamentli respublikanın baniləri kimi tarixə düşdülər. İyirmi üç ay yaşayan bu dövlət 350 ilkə imza atmağa müvəffəq olmuşdu.
1920-ci ilin aprelindən sonra Azərbaycan müstəqil dövlət kimi yox, müttəfiq dövlət kimi fəaliyyət göstərməyə başladı. Hər bir müttəfiq respublika nəhəng sovet dövlətindən yararlanmaq istəyirdi. Bu daha çox müttəfiq respublikaya rəhbərlik edən şəxsdən asılı idi.
Heydər Əlirza oğlu Əliyev 1969-cu ilin iyulundan Azərbaycana rəhbərlik etməyə başladı. Həmin ilin martında mərkəzin tapşırığı ilə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti dörd min kvadrat kilometr Azərbaycan torpağının Ermənistana verilməsi haqqında qərar çıxartdı. Heydər Əliyev bütün hakimiyyəti dövründə bu qərarın icra olunmasına imkan vermədi.
1919-cu ildə əsası qoyulan Bakı Dövlət Universitetinin 50 illik yubileyi 1969-cu ildə keçirildi. Yubiley toplantısına rəhbərlik edən Heydər Əliyev öz nitqinə Azərbaycan dilində başladı. Bu o dövr üçün çox böyük siyasi hadisə idi.
Azərbaycanı aqrar ölkədən sənaye-aqrar ölkəsinə çevirən respublika rəhbəri ölkədə hərbi məktəb yaratmaq üçün uzun illər mübarizə apardı və istəyinə nail oldu. Azərbaycanda keyfiyyətli ziyalı ordusu yaratmaq üçün hər il minlərlə Azərbaycan gəncini SSRİ-nin ən nufuzlu ali məktəblərinə göndərməyə nail oldu.
1977-ci ildə SSRİ-nin növbəti Konstitusiyası qəbul edildi. Məqsəd ondan ibarət idi ki, müttəfiq dövlətlər milli dil məsələsində israr etməsinlər. Heydər Əliyev mərkəzin bütün təzyiqlərinə baxmayaraq, 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit olunmasına nail oldu.
Ulu öndərə qədər Azərbaycan xalqının milli sərvəti olan neft və qaz qonşu respublikalara onların sərvəti kimi verilirdi. Heydər Əliyev mərkəzin bu siyasətini respublikanın xeyrinə dəyişməyə nail oldu.
Heydər Əliyevə qədər hərbi xidmətə çağırılan azərbaycanlı gənclərin demək olar ki, əksəriyyəti tikinti batalyonlarına göndərilirdi. Ümummilli lider bu sahədə də dönüş yarada bildi. Azərbaycanlı gənclər də müasir silahlarla təchiz edilən hərbi hissələrdə xidmət etməyə başladılar.
Azərbaycan neftinin gələcək taleyini uzaqgörən siyasəti ilə müəyyən edən Heydər Əliyev Dərin Özüllər Zavodunun tikilməsinə nail oldu. Azərbaycan yenidən öz dövlət müstəqilliyini bərpa etdikdən sonra daha aydın görünən Heydər Əliyevin uzaqgörən siyasətinə heyran qalmamaq olmur.
Respublikamızı uğurlu və bacarıqlı siyasəti ilə müttəfiq respublikalar arasında birincilərdən edən Heydər Əliyevin sovet dövlətinin idarəçiliyində də böyük xidmətləri olmuşdur. Heydər Əliyev yeganə türk-müsəlmandır ki, 70 ildən çox fəaliyyət göstərən bu dövləti idarə edənlərdən biri olmuşdur. Əgər imkan versəydilər, bu dövləti idarə edən birinci şəxs də ola bilərdi.
Sovet dövlətinin süqutundan sonra Heydər Əliyev Moskvada yox, Azərbaycanda öz xalqının yanında olmaq istəyirdi.1990-cı il 20 Yanvar qırğını göstərdi ki, Azərbaycan xalqı köməksiz vəziyyətdədir. Xalqın tələbi ilə hakimiyyətin istəyi üst-üstə düşmürdü. Düşmən tərəf öz havadarlarının gücündən istifadə edərək, Azərbaycanın tarixi torpaqlarına sahib olmaq istəyirdi. Hakimiyyət bunları fikirləşə bilmir, Heydər Əliyevin Azərbaycana dönüşünü əngəlləmək üçün planlar hazırlayırdı. Azərbaycandan uzaq düşən Naxçıvan ağır blokada həyatı yaşamaqda idi. Heydər Əliyev Naxçıvanın harayına çatdı, bütün çətinliklərə baxmayaraq, əhalini həmin vəziyyətdən qurtara bildi. Qısa müddət ərzində qonşu dövlətlərlə səmimi münasibətlər qurmağa nail ola bildi. Muxtar respublikanın əhalisini inandıra bildi ki, Naxçıvanın bir qarış torpağı da düşmənə güzəştə gedilməyəcək. Bakıda hakimiyyət uğrunda mübarizə qızışan vaxtda Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin dövlət rəmzlərinin bərpası haqqında Naxçıvan Ali Məclisinin qərarını qəbul etdi.
1991-ci ilin oktyabında böyük fərəhlə Dövlət müstəqilliyi haqqında Konstitusiya aktı qəbul edən Azərbaycan xalqı 1993-cü ilin yayında çətin günlərini yaşayırdı. Düşmən Şuşanı, Laçını, Kəlbəcəri işğal etdi, Qarabağ və ətraf rayonlar üçün böyük təhlükə yarandı. 20 Yanvar qırğınının mahiyyətini dünyaya çatdırmamış, Xocalı soyqırımını yaşamağa məcbur edildik. Vətəndaş müharibəsinin ilk işartıları Azərbaycanı təhdid etməyə başladı. Hakimiyyət hərisləri ölkəni parçalanmaq və işğal təhlükəsi ilə üz-üzə qoydular. Hamı, hətta, siyasi hakimiyyət də ümidini Naxçıvana bağlayır və nicat yolunu orada axtarırdı.
Heydər Əliyev xalqın təkidli tələbi ilə Azərbaycanı qurtarmaq üçün Bakıya çağırıldı. O, Azərbaycanı, onun bölgələrini parçalanmaq təhlükəsindən qurtarmaq üçün Bakıya köməyə gəldi. Düşmən yeni torpaqlar işğal edə bilməsin deyə, güclü liderə, Ali Baş Komandana ehtiyac var idi. Cümhuriyyətin acı taleyini yaşamamaq üçün qüdrətli dövlət başçısına ehtiyac var idi. Naxçıvanda yenidən qaldırılan və bütün Azərbaycana şərəf gətirən üçrəngli bayrağı əbədi etmək üçün ümummilli liderə hava, su qədər ehtiyac var idi. Heydər Əliyev də gəldi. İllərlə rəhbərlik etdiyi xalqının ən çətin günlərində onun yanında oldu.Heç bir təhlükə və heç bir təhdid onu yolundan döndərə bilmədi. Ulu öndər dağılmaq təhlükəsi ilə üz-üzə dayanan dövlətçiliyimizin sükanı arxasına keçdi və bu yolda əngəl olan bütün qüvvələri öz zəngin təcrübəsi və bacarığı ilə aradan qaldırdı.15 İyuna gələn yolun siyasi mənzərəsi bu şəkildə idi. Heydər Əliyev bu yolu xilas etdiyi kimi, 15 İyundan sonra da şərəfli bir tarixin əsasını qoydu. Ölkədə daxili sabitliyə nail oldu. Dövlət çevrilişləri cəhdləri zərərsizləşdirildi, təcavüzkar Ermənistanla atəşkəsə, Bakı neftini dünya bazarına çıxarmaq üçün “Əsrin müqaviləsi”ni imzalamağa nail oldu, Azərbaycanı müəyyən təhdidlərdən qorumaq üçün Müstəqil Dövlətlər Birliyinə üzv qəbul etdirdi. 1990-cı il 20 Yanvar və Xocalı soyqırımına siyasi qiymət verilməsinə nail oldu, 31 Martın Azərbaycanlıların Soyqırımı Günü kimi təsbit edilməsinə, azərbaycanlıların Ermənistan SSR-dən deportasiya olunması haqqında fərmanın aşkara çıxmasına, Azərbaycanda ölüm hökmünün və senzuranın ləğv edilməsinə nail oldu. ATƏT-in Lissabon Sammitində bu beynəlxalq təşkilatın 54 üzvündən 53-nün (Ermənistandan başqa) Dağlıq Qarabağ probleminin həllində Azərbaycanın milli maraqlarına uyğun prinsiplərin açıq şəkildə müdafiə olunmasına, Azərbaycanın Avropa Parlament Şurasına üzv qəbul edilməsinə müvəffəq oldu.
Heydər Əliyev müstəqil dövlətin ilk Konstitusiyasının yaradılmasına və ilk parlament seçkilərinin keçirilməsinə nail oldu. Aqrar islahatları həyata keçirməklə torpağın təmənnasız şəkildə kəndlilərə verilməsinə nail oldu. Qonşu dövlətlərlə, o cümlədən, dünyanın nüfuzlu ölkələri ilə balanslaşdırılmış siyasətin həyata keçirilməsini, BMT-nin ali tribunasından Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinin ifşa olunmasını reallaşdırdı. Azərbaycançılıq ideologiyasının və “Bir millət, iki dövlət” konsepsiyasının həyata keçirilməsinə, Azərbaycanın müstəqilliyini əbədi etmək üçün bütün gücünü və bacarığını bu işə yönəltməyə nail oldu.
Ermənistanın Azərbaycana qarşı təcavüzünə qarşı mübarizə Heydər Əliyev siyasətinin ardıcıl davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ermənistanın təcavüzkar siyasətinin kəskin tənqidi, Azərbaycanın haqq işinin nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən müdafiə olunması, güclü orduya və müasir silahlara malik olmağımız, xalq tərəfindən dövlətin siyasətinə hərtərəfli dəstək 2020-ci il sentyabrın sonlarında ölkəmizi öz ərazi bütövlüyünü təmin etmək üçün Vətən müharibəsinə başlamağa məcbur etdi. 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü təmin etdi. Düşmən ordusunu diz çökdürərək onu kapitulyasiya sənədini imzalamağa məcbur etdi. 15 İyun öz tarixi nəticəsini verdi.
Bu gün ümummilli lider Heydər Əliyevin böyük dövlətçilik siyasəti dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qarabağ Azərbaycandır!
Vaqif Məmmədov,
Şəmkir çay Su Anbarı və magistiral kanalların istismarı idarəsinin rəisi.















