23-10-2023, 08:38 | Kommunal ödənişlərin nağdsız qaydada toplanması problemi niyə həll olunmur?

Yeni tikili binalarda liftlərin, blokun qapılarının üzərində A4 vərəqində sakinlərə kommunalı ödəmədikləri halda liftin işləməyəcəyi, binaya verilən işığın dayandırılacağı ilə bağlı xəbərdarlıqlar tez-tez edilir. Demək olar ki, əksər çoxmənzilli binalarda belə elanlara rast gəlirik. Hətta bəzi hallarda xərclənən pulların “hesabatı” da A4 vərəqində qeyd olunub, qapıya yapışdırılır. Amma yenə də Mənzil Tikinti Kooperativləri (MTK) sakinlərdən narazıdır, sakinlər də MTK-lardan. MTK pulların ödənilməməsindən şikayətlənir, sakinlər toplanan pulların lazımi qaydada xərclənməməsindən. Hətta MTK-ların aylıq ödənişləri ürəyi istədikləri kimi artırdığını deyənlər də az deyil. Nəticədə çoxmənzilli binalarda “kommunal pulu” ilə bağlı problemlər həll olmur ki, olmur...
Ötən günlərdə MTK-ların binalarda sakinlərdən xidmət haqlarını nağdsız qaydada toplaması barədə qanun layihəsi hazırlanıb. Milli Məclisin iclasında iqtisadiyyat nazirinin müavini Elnur Əliyev bildirib ki, artıq layihə dövlət qurumlarına təqdim edilib.
Maraqlıdır, kommunal ödənişlərin nağdsız qaydada toplanması uzun illərdir həlli tapılmayan problemə çarə ola bilərmi?
“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.Bu, vətəndaşın problemini həll etmir
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, pulların hansı qaydada ödənilməsinin mövcud problemlərlə əlaqəsi yoxdur:
“Təkcə Bakı və Abşeron ərazisində 2000-dən artıq yeni tikilmiş çoxmənzilli yaşayış binası vətəndaşların istifadəsinə verilib. Digər şəhərlərdə də yeni tikili binaların inşası davam edir. O binalarda işləyən xadimələrin, mühafizənin, digər işçi heyətinin və lift xərclərinin qarşılanması üçün mənzil sahiblərindən kommunal pulları yığılmalıdır. Bu, tək Azərbaycanda deyil, dünyanın hər yerində belədir. Hətta digər ölkələrdə əgər binalar fərdi şəkildə idarə olunursa, kommunal xərclər daha bahadır. Kommunal pulların nağd, yaxud nağdsız şəkildə ödənməsi vətəndaşın problemini həll etmir. Çünki vətəndaş hər iki halda bu pulu ödəyir”.
Mütəxəssis qeyd edib ki, MTK ilə vətəndaş arasındakı problemin kökü ödənilən pulda deyil, idarəetmədədir:
“Sakinlər toplaşaraq Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətini yaratmalı, idarəetməni də özləri həyata keçirməlidirlər. Bakıda eyni ərazidə yeni tikili çoxmənzilli bina, tam yanında köhnə yaşayış binası, onun da yanında fərdi həyət evlərindən ibarət yaşayış massivləri var. Yeni tikililəri komendantlar, köhnələri mənzil istismar idarələri, fərdi həyət evlərinin bir hissəsini isə bələdiyyələr idarə edir. Bir şəhərdə üç yanaşı idarəetmə sistemi var və heç biri effektiv deyil. MTK vətəndaşlardan kommunal pulu yığır, amma sadəcə öz həyətini təmizləyir, sakinlər köhnə binanın həyətində avtomobillərini saxlayırlar, hansı ki, o əraziləri də mənzil istismar idarələri təmizləyir və s. İdarəetmə düzəlməsə, pulların hansı formada yığılmasının keyfiyyətə təsiri olmayacaq. Narazılıq yenə olduğu kimi qalacaq”.
Mütəxəssisin sözlərinə görə, vahid idarəetmə sistemi qurmaq lazımdır:
“Bu sistem qurulmasa, əks halda binaların köhnəlməsi prosesi sürətlənəcək. MTK-ların yığdığı kommunal pulları yalnız həmin ay istifadə üçün bəs edir. Əksər çoxmənzilli binaların artıq dam örtüklərinin təzələnməsinə ehtiyac var, liftlər köhnəlib, fasad boyaları bərbad vəziyyətdədir. Çünki onların ümumi maddi texniki bazaları yoxdur. Yığılan pulların hər birindən bazaya pul yönəlməlidir ki, gələcəkdə lazım olan xərclər qarşılansın”.
Vergi mütəxəssisi Anar Bayramov bildirib ki, MTK-ya ödənilən xidmət haqlarının nağdsız qaydada olması təklifi kölgə iqtisadiyyatının aradan qaldırılması, dövriyyələrin dürüstləşdirilməsi məqsədi daşıyır:
“MTK-lar sakinlərdən aldığı xidmət haqlarından vergi ödəməlidirlər. Amma ödənişləri nağd qaydada aldıqları üçün həmin dövriyyələri gizlədir, bəyan etmir, vergilərini də ödəmirlər. Mənzil tikinti sektoru qeyri-neft sektoru arasında özünəməxsus dövriyyəsi olan sahələrdən biridir. Bakı şəhərində MTK-ların aldıqları aylıq xidmət haqları heç də az məbləğ deyil. Bu yığılmalar nağd şəkildə olduğu üçün dövlət büdcəsindən kifayət qədər pul yayındırılır. Əgər bu qanun qüvvəyə minərsə, əhali artıq ödənişlərini nağdsız qaydada ödəyəcək və həmin MTK-lar dövriyyələrini gizlədə bilməyəcək, vergilərini də ödəyəcəklər”.
Vergi mütəxəssisi də ödənişlərin nağdsız olmasının bu sahədəki problemlərin həlli olmayacağını düşünür:
“Burada günah tək MTK-da deyil. Sakinlərin əksəriyyəti də ödənişləri etmək istəmirlər. MTK-nın təyin etdiyi məsul şəxs sakinlərdən xidmət haqlarını almaqda çətinlik çəkir. Pulu almaq üçün müəyyən vasitələrlə təzyiq göstərirlər. Hələ komendant tərəfindən bu ödənişin bank hesabına köçürülməsi şərti qoyulsa, ümumiyyətlə banka gedən olmayacaq. Amma qanun qüvvəyə minərsə, artıq bu, icbari xarakter daşıyacaq və sakinlər məcburi qaydada ödənişlərini edəcəklər”.
İqtisadçı ekspert Rauf Qarayev isə bildirib ki, MTK-da ödənişlərin nağdsız qaydada ödənilməsi fikri müsbətdir.
Mütəxəssisin sözlərinə görə, hazırda MTK-lar hüquqi boşluqlardan istifadə edib vətəndaşlardan xeyir güdmək üçün çalışırlar:
“Qanun qüvvəyə minsə, nağdsız ödənişlə MTK-lara nəzarət asanlaşacaq. İnsanlar var ki, nəinki kommunal, aldıqları evlərin ödənişini etsələr də, mənzillə təmin olunmayıblar. Bu faktlara görə bina sakinləri MTK-lara etibar etmir, ödədikləri vəsaitin düzgün xərclənəcəyini düşünmürlər. Bu səbəbdən də “kommunal pulu” problemləri hələ də davam edir. MTK-lara nəzarətin gücləndirilməsi həll yolu ola bilər”.
20-10-2023, 09:31 | Paytaxtda Fransa müstəmləkəçiliyinə qarşı konfrans keçirilir

Bu gün paytaxtda Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə "Neokolonizalizm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik" adlı beynəlxalq konfrans keçirilir.
Konfransda 14 ölkədən, eləcə də Fransanın müstəmləkə altında saxladığı dənizaşırı ərazilərinin, həmçinin Korsika təmsilçiləri də iştirak edirlər.
Ətraflı
Qeyd edək ki, Fransa müstəmləkəçiliyinə qarşı Bakı Təşəbbüs Qrupu iyulun 6-da Bakıda Qoşulmama Hərəkatının Əlaqələndirmə Ofisinin Nazirlər Toplantısı çərçivəsində yaradılıb.
Bakı Təşəbbüs Qrupu Qoşulmama Hərəkatının müstəmləkəçilik və yeni-müstəmləkəçilik təcrübələrinə qarşı mübarizədə prinsipial mövqeyinin əsaslılığını və aktuallığını təsdiqləyib, Fransanın xaricdəki müstəmləkələrində ədalət və azadlıq uğrunda apardıqları mübarizədə öz həmrəylik şəbəkələrini strukturlaşdırmaq barədə razılığa gəliblər.//APA//
20-10-2023, 09:25 | COVID-19-dan qorunmaq üçün ilk beş saniyəlik qayda

COVID-19-dan qorunmaq üçün ilk beş saniyəlik qayda
Nyus.Az lent.az-a istinadən bildirir ki, Tsukuba və Beynəlxalq Sakit Okean Universitetindən olan yapon alimləri müəyyən ediblər ki, müxtəlif hava-damcı xəstəlikləri ilə yoluxmanın pik həddi insan infeksiya mənbəyi ilə təmasda olduqdan ilk beş saniyə sonraya təsadüf edir.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, mütəxəssislər tədqiqat zamanı kamera və lazer vərəqindən hissəciklərin sürətinin ölçülməsi üsulundan istifadə ediblər.
Təcrübələrdə müxtəlif həyat vəziyyətləri simulyasiya edilib, insanların hərəkət sürəti və otağın nə qədər yaxşı havalandırıldığı da nəzərə alınıb.
Məlum olub ki, COVID-19, qrip və digər oxşar xəstəliklərə yoluxma riskinin pik həddi infeksiya mənbəyi ilə təmasdan ilk beş saniyə sonraya təsadüf edir. Bu həm açıq sahələrə, həm də qapalı məkanlara aiddir.
Alimlərin fikrincə, təmasdan sonra ilk beş saniyədə görülən ehtiyat tədbirləri yoluxma riskini faktiki olaraq aradan qaldıracaq. Xüsusilə, mütəxəssislər nəfəsinizi tutmağı və ən azı bir metr məsafəni saxlamağı təklif edirlər.
Nyus.Az
20-10-2023, 09:23 | Çörəkdən tam imtina etmək xeyirlidir, yoxsa?

Çörək heç vaxt sağlam qidalanmaya zidd deyil, ondan heç vaxt tam imtina etmək olmaz. Hətta çörəyi kəsməklə arıqlamaq da düzgün deyil.
Endokrinoloq Tatyana Filippova çörək barədə düzgün olmayan fikirlərin yayıldığını bildirib.
"Çoxları artıq ağ çörəyi iqnor edir, yalnız qara çörəyi faydalı hesab edir. Bu fikir özü də doğru deyil.
Çörəkdə vacib məsələ tərkibdir, onun hansı növ undan bişirilməsidir.
Ağ çörək ağ buğda unundan ola bilər, amma tam taxıldan. Bu zaman onda vitamin və faydalı
maddələr çox olur.
O ki, qaldı mayalı çörəyə. Çörək bişirilməsində istifadə edilən maya bişmə prosesində parçalanır, praktiki olaraq, orqanizmə hazır çörəkdən düşmür.
Adi mağaza çörəyi qlüten tərkiblidir. O təhlükəlidirmi? Bu inqridiyent 50 ilə yaxındır unda var və 90% insan tərəfindən normal həzm olunur. Yalnız az sayda insan var ki, qlüten həssaslığı var, un məmulatı yeyəndən sonra narahat olursa, qlütensiz çörəyə keçə bilər.
Çörəkdən hətta arıqlamaq üçün tam imtina etmək olmaz. Çünki çörəkdə lif, virtamin, zülal var. Sadəcə artıq çəkisi olanlar, gündə 2 dilimdən artıq çörək yeməyə bilər".medicina.az
15-10-2023, 18:29 | Bayrağımızın asıldığı Xankəndidən ilk görüntülər - VİDEO

AZTV Xankəndi şəhərindən canlı bağlantı edib.
Respublica.az metbuat.az-a istinadən həmin görüntüləri təqdim edir:
15-10-2023, 06:25 | Təhsil krediti almaq üçün müraciət edən tələbələrin sayı açıqlandı

Bu günə qədər təhsil tələbə krediti (TTK) almaq üçün müraciət edənlərin statistikası açıqlanıb.
Təhsil Tələbə Krediti Fondundan bildirilib ki, indiyədək 33 min 958 tələbə kredit almaq üçün müraciət edib. Onlardan 24 min 637 nəfərin müraciəti rəsmiləşdirilib.
Müraciət edənlərin 19 min 51 nəfəri qadın, 14 min 907 nəfəri kişidir. Ümumilikdə 14 min 332 qadın, 10 min 305 kişinin müraciəti rəsmiləşdirilib.
14-10-2023, 06:22 | Bakıda tətil elan edilə bilər? - Havada TOZ BULUDU...

Son zamanlar hava haqqında məlumatlarda tez-tez rastımıza çıxan anlayış var: "Havada dəm qazının miqdarı normadan artıqdır" və yaxud da "Bakı səmasında toz buludu müşahidə edilir". Havanın bu qədər çirklənməsi bizim kimi qonşu ölkələrin də əsas problemlərindən birinə çevrilib. Elə bu yaxınlarda Tehranda hava çirkliliyi ilə əlaqədar tətil elan olunmuşdu.
Bəs görəsən ölkəmizdə ekoloji vəziyyət nəzərə alınmaqla tətil edilməsi mümkündür?
Məsələ ilə əlaqədar Xəzər universitetinin professoru, ətraf mühit üzrə ekspert Rövşən Abbasov BAKU.WS-ə açıqlamasında bildirdi ki, ölkəmizdə hava çirkliliyi səbəbindən iş yerlərinin və yaxud məktəblərin tətilə göndərilməsi bir qədər çətin olar. Çünki Bakıda elə də kritik vəziyyət yoxdur. Bunun əvəzinə havanın kirliliyini azaltmaq üçün müəyyən tədbirlər həyata keçirmək olar:
"Əvvəl müəyyən etmək lazımdır ki, atmosferə dəm qazı haradan gəlir. Fikrimcə bu əsasən şəxsi avtomobillərdən daxil olur. Maşınların texniki baxışının düzgün keçirilməməsi və s. səbəb olur. Bakı şəhərində avtomobillərin texniki baxışdan keçirilməsi məsələsini ciddiləşdirmək lazımdır. Bəzən buna səhlənkar yanaşırlar".
Ekspert hava kirliliyi ilə bağlı ekoloji polislərin önəmini xüsusi vurğuladı:

"Vaxtilə ekoloji polis var idi. Onlar maşınlardan atmosferə atılan qazları yoxlayırdı. Bəzən özümüz də görürük ki maşın gedir və yola çox qatı tüstü buraxır polis də buna biganə qalır".
Çirkli hava ilə mübarizədə əsas məsələ nəzarət mexanizminin gücləndirilməsidir. Nəzarət isə müxtəlif sahələrdə ayrı-ayrı qurumlar tərəfindən aparılmalı olan işdir:
"Digər tərəfdənsə ictimai nəqliyyatı gücləndirmək lazımdır. Beləcə insanlar tədricən şəxsi maşınlardan istifadəni azaldarlar.
Mən Bakıda havanın keyfiyyətini orta ağır adlandırardım. Buna çox keyfiyyətli də demək olmazdı. Əvvəla paytaxtın coğrafi mövqeyi çox əlverişlidir. Xəzər Dənizindən cənub küləyi gəlir və çirkli havanı təmizləyir. Dünyanın ayrı-ayrı şəhərlərinin hava keyfiyyətini göstərən sistemlərə baxdıqda da görürəm ki bizdə vəziyyət elə də pis deyil".
Xatırladaq ki, ən son məlumata görə, gün ərzində Bakı şəhəri üzrə hava keyfiyyəti göstəricilərindən dəm qazı 1,3, Sumqayıt şəhərində isə azot-4 oksid 1,1 dəfə normadan yüksək müəyyən edilib.
Onu da nəzərinizə çatdıraq ki, 2022-ci il Dünya Hava Kirliliyi Statistikasına görə, dünyada havası ən kirli ölkələrinin başında Çad, İraq, Pakistan, Bəhreyn və Banqladeş gəlir. Havası ən təmiz ölkələr isə Quamdır.
Təəssüflər olun ki, paytaxtımızın da belə bir siyahıda antirekordu mövcuddur. Belə ki, 2010-cu ildə Bakı dünyanın ən çirkli şəhəri elan edilib. "NYC International Rating and Consulting Company" tərəfindən aparılan araşdırmada dünyanın ən çirkli 30 şəhəri siyahıya alınarkən, Azərbaycanın paytaxtı Bakı birinci yeri tutub.
5-11-2022, 14:23 | İkinci Qarabağ müharibəsi xalqımızın yenilməzliyinin, dövlətimizin qüdrətinin təcəssümü oldu

Ermənilərin Azərbaycana qarşı düşmənçilik, işğalçılıq, soyqırımı və etnik dözümsüzlük siyasəti 200 ildən çoxdur davam edir. Tarixin müxtəlif dövrlərini vərəqləsək, bu deyilənlərin faktlarla təsdiqini tapdığının şahidi olarıq. Ötən 30 il ərzində isə bu tarixi hadisələrin canlı şahidləri olaraq ermənilərin etnik azərbaycanlılara və suveren ərazilərimizə qarşı işğalçılıq, talançılıq əməllərinin acı nəticələrini yaşamışıq. 1990-cı illərin əvvəllərində yenicə müstəqillik qazanmış, ordusu tam formalaşmamış, ölkə idarəetməsində səriştəsiz və qeyri-milli ruha, əqidəyə sahib insanların təmsil olunması ölkədaxili vəziyyətin pisləşməsinə, müxtəlif sahələrdə xaosun hökm sürməsinə, ən dəhşətlisi isə vətəndaş müharibəsinin başlanmasına, hərc-mərcliyə gətirib çıxarmışdı. Sözsüz ki, bu vəziyyətdən, Azərbaycandakı anarxiyadan sui-istifadə edən ermənilər və onların havadarları ölkəmizə və xalqımıza qarşı müxtəlif məkrli niyyətlər və əməllər planlaşdırmağa və o planları ən qəddar, qeyri-insani üsullarla həyata keçirməyə başladılar. Torpaqlarımızın 20 faizinin işğal olunması, həmin ərazilərdə bütün şəhər və kəndlərimizin, abidələrimizin dağıdılması, talan edilməsi, tarixən orada yaşamış dinc soydaşlarımızın vəhşicəsində qətlə yetirilməsi, didərgin salınması tariximizin ən acılı və ağrılı səhifələrindən biridir. 1992-ci ilin 26 fevral tarixində dünya tarixində misli görünməmiş Xocalı soyqırımının törədilməsi isə təkcə azərbaycanlılara qarşı deyil, bütün bəşəriyyətə qarşı bir cinayət idi. Bütün sadalananlar erməni millətçilərinin nə qədər qəddar, amansız olduğunu sübut etməyə yetər.
Azərbaycan dövləti və xalqı bu işğalın fəsadlarını 30 il ərzində yaşadı. 30 il Ermənistan silahlı qüvvələrinin işğalı altında saxlanılan torpaqlarımızda azərbaycanlılara məxsus tarixi izlərin silinməsi, buraların saxta olaraq özününküləşdirilməsi, digər ölkələrdən etnik ermənilərin qanunsuz olaraq burada məskunlaşdırılması, terror fəaliyyətləri, təbii sərvətlərimizin bir sıra xarici şirkətlərlə birgə talan edilməsi, bu iş birliyindən külli miqdarda gəlirlərin əldə edilməsi, mənəvi terrola yanaşı, eyni zamanda bizə vurulan iqtisadi ziyanların miqyasını da ölçüyəgəlməz dərəcədə artırırdı. Ermənilərin Azərbaycana qarşı mənəvi, maddi terroru bu illər ərzində davam edib.
Mövcud vəziyyətlə əlaqədar Azərbaycan hər zaman haqq səsini ucaldırdı, beynəlxalq ictimaiyyətdən reaksiya gözləyirdi. Lakin bütün bu hadisələrin, faktların dünyanın gözü qarşısında baş verməsinə baxmayaraq Ermənistana real təzyiq və cəza tətbiq edilmədiyi üçün vəziyyət getdikcə daha da gərginləşirdi. Beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozan, bir sıra beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qərar və qətnamələrə əməl etməyən Ermənistan öz məkrli əməllərindən əl çəkmir, əvəzində əsassız torpaq iddialarını daha da artırır, işğal altında saxladığı ərazilərimizdə talançılıq siyasətini davam etdirirdi. BMT kimi dünyanın ən böyük beynəlxalq təşkilatının qətnamələrini heçə sayan, başqa bir müstəqil dövlətin suveren, beynəlxalq səviyyədə tanınan sərhədləri daxilində ərazilərini zəbt edən, işğal edən bir ölkəyə qarşı bütün dünya haqq səsini ucaltmalı idi. Çünki bu işğalçılıq, beynəlxalq hüququn aliliyinin ayaqlar altına atılması və cəzasızlıq bütün dünya üçün əsl təhdid idi və müxtəlif vaxtlarda digər dövlətlərə qarşı da təkrarlanırdı. Məsələn, ermənilərin Azərbaycanla yanaşı qardaş Türkiyəyə və Gürcüstana qarşı əsassız ərazi iddialarının olduğu və zaman-zaman bu barədə açıqlamalar verdikləri də heç kəsə sirr deyil.
Azərbaycan isə yenə də səbrlə davranırdı. Beynəlxalq hüququn aliliyinə ümid edir, münaqişənin sülh yolu ilə həllinə səylər göstərirdi. Ölkəmiz və xalqımız möhkəm siyasi iradə göstərərək təşəbbüs edilən bütün dialoqlara qatılır, regionun təhlükəsizliyi və inkişafı naminə torpaqlarımızın danışıqlar yolu ilə geri qaytarılmasına çalışırdı. Ərazi bütövlüyümüzün bərpa olunması bütün dövrlərdə Prezident İlham Əliyevin dövlət siyasətinin mütləq prioriteti olub, bu istiqamətdə atılan addımlar, aparılan danışıqlar bunu deməyə əsas verir. Azərbaycan dövləti hər zaman rəsmi olaraq bəyan edib ki, öz ərazisini heç bir dövlətə güzəştə getməyəcək, aparılan danışıqlarda ərazi bütövlüyümüz müzakirə mövzusu ola bilməz. Biz sadəcə münaqişənin sülh yolu ilə həllinə çalışırıq və bunun üçün dövlətlərin və beynəlxalq təşkilatların vasitəçiliyini qəbul edirik. Bunlarla yanaşı, Azərbaycanın səbri tükənməz deyil, əgər Ermənistan sülh yolu ilə torpaqlarımızı azad etməsə, hərb yolu qaçılmazdır, yəni Azərbaycan nəyin bahasına olursa-olsun, ərazi bütövlüyünü bərpa edəcək, tarixi torpaqlarını erməni işğalından azad edəcəkdir.
Bu mənada, ötən illər ərzində atılmış hər bir addım və qəbul olunmuş hər bir qərar doğma Azərbaycan torpaqlarının işğaldan azad olunmasına xidmət edib. Beynəlxalq təşkilatlarla əməkdaşlıq münaqişənin həlli üçün zəmin yaratdı. Bütün dünya həmin ərazilərin Azərbaycana məxsusluğunu dərk edirdi, zaman-zaman bununla bağlı bəyanatlar və açıqlamalar verilirdi. 30 ilə yaxın davam edən real mənzərə isə göstərdi ki, danışqların nəticəsi olmadı, Ermənistan öz işğalçılıq və etnikəmizləmə siyaətindən əl çəkmədi. Dünya ictimaiyyəti isə beynəlxalq hüquqa əməl etməsi ilə bağlı Ermənistana heç bir təsir etmədi. Sözsüz ki, vəziyyətin bu cür davam etməsində maraqlı qüvvələr var idi və onlar münaqişənin süni şəkildə uzadılmasında maraqlı idilər. Ancaq Azərbaycan bu vəziyyətlə daha uzun müddət barışa bilməzdi. Çünki Ermənistanın müxtəlif ərazilərimizdə ardı-arası kəsilməyən təxribatları da sərhəd tanımırdı. Təkcə işğal altında saxlanılan ərazilərimizdə deyil, Ermənistanla dövlət sərhəddində yerləşən digər şəhər və kəndlərimizdə, dinc, sivil vətəndaşlarımıza qarşı da təxribatlar davam edirdi. Bu cür təxribatlardan ən iri miqyaslısı isə 2020-ci ilin iyulunda və 27 sentyabr tarixlərində baş verdi. 27 sentyabr təxribatlarına cavb olaraq Azərbaycan əks-hücum əməliyyatlarına başladı. 30 il davam edən beynəlxalq riyakarlıq tarixi ədalətin bərpa olunması üçün hərbi gücdən istifadə olunmasını qaçılmaz etdi. Azərbaycan xalqı “İrəli” əmrini gözləyirdi və bu baş verdi. Nəhayət Azərbaycan torpaqlarının azadlığı uğrunda haqq savaşına başladı.
Xalq və ordu birliyi 44 gün davam edən Vətən müharibəsində tarixi zəfərimizin qazanılmasına gətirib çıxardı. Tariximizin şanlı səhifəsi hesab olunan, əsl qəhrəmanlıq salnaməsinə çevrilən Vətən müharibəsi nəticəsində ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz qalib gəldi, Ermənistan ordusunu ağır məlubiyyətə uğradaraq, dizi üstə çökdürdü, tarixi ədaləti bərpa etdi, işğal altındakı torpaqlarımızı azad edərək, 30 illik nisgilə, həsrətə son qoydu. Bu qələbə haqqın, ədalətin qələbəsi kimi tariximizdə hər zaman qürurla və sevinclə xatırlanacaq. Bütün dünya dövlətimizin, xalqımızın və ordumuzun həmrəyliyini, vəhdətini, qüdrətini gördü. Bir daha düşmən və onun havadarları anladı ki, bu dövlətin və millətin iradəsini qırmaq mümkün deyil. Azərbaycanlılar üçün Vətən, torpaq anlaşıyı ən müqəddəs məfhumdur, bu yolda canını fəda etməyə hazır olan milyonlarla qeyrətli oğul və qızlarımız var. Bu sevinci və xoşbəxtliyi bizlərə yaşadan, qürurumuzu özümüzə qaytaran, qisasımızı alan torpaqlarımızı qanı və canı ilə azad edən şəhidlərimizi hər zaman ehtiramla və minnətdarlıqla anmalıyıq, yad etməliyik. Bir sözlə, Vətən müharibəsində əldə olunmuş qələbə effektiv ordu quruculuğu siyasətinin və iqtisadi inkişafın nəticəsidir. İqtisadi amil ölkənin qüdrətini artırdı və qələbəni reallığa çevirdi.
Məhz bu tarixi zəfərimizin dövlət səviyyəsində qeyd edilməsi məqsədilə dövlət başçısı İlham Əliyevin sərəncamı ilə 8 noyabr – tarixi Şuşa şəhərimizin işğaldan azad olunduğu gün hər il ölkəmizdə Zəfər Günü kimi yüksək səviyyədə qeyd edilir. Bu zəfər tariximizə qızıl hərflərlə yazıldı. Bu tarixi araşdırmaq, öyrənmək, təbliğ etmək, bütün dünyaya faktlarla çatdırmaq və bu günü bizlərə bəxş edən, həyatını fəda edən qəhrəmanlarımızı xatırlamaq ən müqəddəs borcumuzdur.
Niyazi Bayramov,
Gəncə Şəhər İcra Hakimyyətinin başçısı.
15-06-2022, 09:26 | Leyla Əliyeva Cenevrədə “Mənim dənizlərim, mənim okeanlarım” sərgisinin açılışında iştirak edib - FOTO

Heydər Əliyev Fondunun və IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü, Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə şəhərindəki bölməsi və Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi yanında daimi nümayəndəliyinin dəstəyi ilə təşkil edilən "Mənim dənizlərim, mənim okeanlarım" (My Seas, My Oceans) sərgisinin açılışı olub.
AZƏRTAC-a istinadən bildirir ki, sərginin açılışında BMT-nin Cenevrə bölməsinin baş direktoru Tatyana Valovaya, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Cenevrədə akkreditə olunmuş diplomatik korpusun və ictimai təşkilatların nümayəndələri, soydaşlarımız iştirak ediblər.
BMT-nin Cenevrə bölməsinin baş direktoru Tatyana Valovaya açılış nitqində bildirib ki, iyun ayı ənənəvi olaraq BMT-nin okeanlar və su hövzələrinin qorunmasına həsr olunmuş konfrans və digər tədbirlərinin keçirildiyi dövrdür. Həmin ərəfədə okeanlara və dənizlərdəki ekoloji vəziyyətə incəsənətin dili ilə diqqət yönəldən sərginin təşkili xüsusi əhəmiyyət daşıyır. Dünyanın 70 faizindən çox ərazisini tutan su ehtiyatları, dəniz və okeanların ekoloji sistemi getdikcə daha çox mənfi təsirlərə məruz qalır.
O, Leyla Əliyevaya və sərgidə öz əsərləri ilə iştirak edən rəssamlara, eləcə də sərginin kuratorlarına bu cür mühüm mövzunu incəsənət vasitəsilə ictimailəşdirdiklərinə görə minnətdarlıq edib.
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva çıxışında qonaqları "Mənim dənizlərim, mənim okeanım" sərgisində salamlamaqdan məmnunluğunu ifadə edib. O bildirib ki, bu sərgi incəsənət vasitəsilə diqqəti bəzi qlobal məsələlərə yönəltmək üçün fürsətdir. Çünki bədii yaradıcılıq insanların qəlbinə toxunmaq və ona səslənmək üçün ən yaxşı yollardan biridir: "IDEA-da biz ətraf mühitin qorunmasının vacibliyi mesajını çatdırmaq üçün həmişə incəsənət və bədii yaradıcılıqdan bəhrələnirik. Təşkilatımız 2011-ci ildə təbiətimizi və biomüxtəlifliyimizi qorumaq missiyası ilə yaradılmışdır. Biz insanları təhsilə, incəsənətə, musiqiyə, maarifləndirməyə və ən əsası təbiətdə daha çox zaman keçirməyə təşviq etmək istəyirik".
Qeyd edilib ki, IDEA, həmçinin çirklənmə ilə mübarizəyə, heyvanların və dənizlərdə həssas ekosistemin qorunmasına diqqət yetirir. Çünki su bəşəriyyətin varlığı üçün vacibdir, su həyatdır. Son 50 ildə dəniz canlılarının 50 faizinin məhv olduğunu etiraf etmək çox çətindir. Bəşəriyyət çaylara, dənizlərə və okeanlara ciddi zərbə vurub: "Mən deyərdim ki, insanlar və təbiət bir-biri ilə sıx bağlıdır. Təbiəti incitsək, bununla biz ilk növbədə özümüzə zərər vermiş olarıq. Lakin mən həqiqətən inanıram ki, yoxa çıxan parçaları müsbət düşüncə ilə geri qaytara bilərik. Düşünürəm ki, insanlar nə qədər xoşbəxt olsalar, təbiətə daha çox qayğı göstərərlər. Bizi ilk növbədə, xoşbəxt edən elə təbiətin özüdür", - deyə Leyla Əliyeva bildirib.
IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri sərginin təşkilində iştirak edən tərəfdaşlara, kuratorlara və əsərləri sərgilənən rəssamlara minnətdarlığını bildirib.
BMT-nin Ətraf Mühit Proqramının (UNEP) Avropa Ofisinin direktoru Bruno Pozzi uzun illərdən bəri IDEA-nın tərəfdaşı qismində təmsil etdiyi təşkilat adından bu sərgiyə qatılmasından məmnunluğunu ifadə edib. Qeyd olunub ki, sərgi diqqəti dünyada hamını məşğul etməli olan problemə yönəldir. Su mavi planetimizdə ən vacib resurs və həyat mənbəyidir. Planetimiz su olmadan mövcud ola bilməyəcəyinə görə, suyun, su hövzələrinin və oradakı canlı aləmin qorunmasına yönəlmiş təşəbbüslər bütün mümkün imkanlar vasitəsilə dəstəklənməlidir. İqlim dəyişiklərinin baş verdiyi müasir dövrdə qlobal çağırışlar sırasında yer alan su resurslarının mühafizəsi prioritet təşkil etməlidir.
Azərbaycanın BMT-nin Cenevrə bölməsindəki daimi nümayəndəsi Qalib İsrafilov sərginin təşkilinə görə BMT-nin Cenevrə bölməsinə və IDEA İctimai Birliyinə minnətdarlığını bildirib. O vurğulayıb ki, bu sərgi Azərbaycanın gənc incəsənət xadimlərinin dünyanı düşündürən qlobal çağırışa sənət vasitəsilə bədii ifadələrini əks etdirir.
Çıxışlardan sonra Cenevrədə fəaliyyət göstərən "İrs" uşaq rəqs ansamblı Azərbaycan xalq mahnılarından ibarət bədii proqramla çıxış edib. Sonra sərgiyə ictimai baxış olub.
Qeyd edək ki, Cenevrədəki Millətlər Sarayında (Palace of Nations) iyunun 30-dək davam edəcək sərgidə Azərbaycanın doqquz müasir rəssamının əsərləri təqdim olunur. Gələcək nəsillər üçün su ehtiyatlarının qorunmasının vacibliyi ekspozisiyadakı əsərlər vasitəsilə vurğulanır, eyni zamanda, Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmağın ən yaxşı yolunun yaradıcılıqdan keçdiyi xatırladılır.
Gələcək nəsillərə daha yaxşı planet əmanət etdiyimizə əmin olmaq üçün hökumətlərin, özəl sektorun və vətəndaş cəmiyyətinin tərəfdaşlığı Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq istiqamətində böyük əhəmiyyət kəsb edir.
Ətraf mühitin mühafizəsində və dayanıqlı inkişafın təmin edilməsində dünyanın üzləşdiyi problemlərin vacibliyini çatdırmaq üçün şübhəsiz ki, incəsənət ən təsirli vasitələrdən biridir. Bu cür çağırışlar arasında iqlim dəyişikliyi, çirklənmə, həddindən artıq balıq ovu və nəslinin kəsilməsi kimi məsələlər daxil olmaqla, ekoloji maarifləndirmə imkanlarının təşviq edilməsi var.
Cavid İlham, Diana Əliyeva, Elşən Karaca, Erkin Ələkbərli, Günel Ravilova, Leyla Əliyeva, Mirəli Seyidov, Nəzrin Xələfova və Nəzrin Məmmədova sərgidə öz əsərlərindəki mesajları bu kimi problemlərə yönəltməklə, insanların mövzu barədə daha geniş təsəvvürə malik olmalarını təmin edir və ekoloji fəaliyyət üçün ictimai dəstək toplayır, bununla da qlobal məqsədlərə töhfə verilir.
x x x
İsveçrənin Cenevrə şəhərində səfərdə olan Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva iyunun 14-də BMT-nin Cenevrə bölməsinin baş direktoru Tatyana Valovaya ilə görüşüb.
T.Valovaya BMT-nin Cenevrə bölməsində Azərbaycan rəssamlarının əsərlərindən ibarət "Mənim dənizlərim, mənim okeanlarım" sərgisinin təşkilinə görə məmnunluğunu ifadə edib. O bildirib ki, sərginin BMT-nin okeanlara və su hövzələrinə dair sammitinin keçiriləcəyi iyun ayına təsadüf etməsi bu qlobal mövzunun incəsənət vasitəsilə təbliğinə töhfə verəcək. T.Valovaya sərgidə təqdim olunan əsərlərin mahiyyətinin vacibliyi, xüsusilə su mövzusunun aktuallığı və qlobal səviyyədə əhəmiyyətini vurğulayıb
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva sərginin təşkilinə göstərdiyi şəxsi diqqətə və onun açılışında iştiraka görə T.Valovayaya minnətdarlığını ifadə edib.
Görüşdə BMT ilə Heydər Əliyev Fondu və IDEA arasında əməkdaşlıq imkanlarının araşdırılmasının əhəmiyyəti vurğulanıb və yaxın gələcəkdə təmasların artırılmasını vacibliyi qeyd edilib. Həmçinin Dayanıqlı İnkişaf Məqsədləri, gənclər, gender bərabərliyi, ətraf mühitin mühafizəsi və digər məsələlərlə bağlı layihələrə, eləcə də BMT-nin Cenevrə bölməsində müxtəlif səpkili tədbirlərə IDEA-nın əməkdaş və ekspertləri ilə qatılması barədə fikir mübadiləsi aparılıb. Eyni zamanda, qadınların hüquqlarının qorunması və onların cəmiyyətdə rolunun gücləndirilməsi kimi mühüm mövzunun aktuallığı nəzərə alınaraq, bu sahədə əməkdaşlıq barədə söhbət aparılıb.
Söhbət zamanı T.Valovayanın Azərbaycana baş tutacaq səfərinə və Bakıda keçirəcəyi görüşlərə də toxunulub.
x x x
Həmin gün Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva BMT-nin Cenevrə bölməsinin iqamətgahında yerləşən "Azərbaycan otağı"nın rekonstruksiyası ilə bağlı təqdimatla tanış olub.
Bildirilib ki, BMT-nin Cenevrə bölməsində 20-dən artıq ölkəyə həsr olunmuş otaq və zallar mövcuddur. 2007-ci ildə Heydər Əliyev Fondu tərəfindən bərpa olunmuş və milli xalçalarla, Azərbaycan rəssamlarının və tətbiqi sənət ustalarının əsərləri ilə bəzədilmiş "Azərbaycan otağı" mühüm iclasların və regional mövzularda toplantıları keçirilməsi üçün istifadə edilir. Otağın müasir texnoloji standartlara cavab verməsini təmin etmək üçün yeni layihəyə start verilib. Almaniyanın "Luther Design" şirkəti otağın yerləşdiyi tarixi binanın konsepsiyasını qorumaqla, Azərbaycan mədəniyyəti, incəsənəti, sənətkarlıq və milli musiqisinin təqdim olunduğu layihə ilə çıxış edib.
"Azərbaycan otağı"nın rekonstruksiya işlərinə bu ilin sonunda start veriləcək.
x x x
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva BMT-nin Cenevrə bölməsində Millətlər Sarayının qarşısında yerləşən Ariana parkında Azərbaycan dövlətinin hədiyyəsi olan "Düşüncələr və arzular" adlı heykəltəraşlıq abidəsini ziyarət edib.
Məlumat verilib ki, 1929-1938-ci illərdə inşa olunmuş Millətlər Sarayı dünyanın ən böyük ictimai binalarından biridir və onun yerləşdiyi 46 hektar sahəyə malik Ariana parkı Cenevrənin ən böyük parkları sırasındadır. Millətlər Sarayının binasında və Ariana parkında 2000-dən çox incəsənət, rəsm və heykəltəraşlıq əsəri nümayiş olunur. Bu zəngin kolleksiya BMT-nin əsas dəyərləri olan sülh, bərabərlik, inkişaf, tərəqqi, azadlıq, insan hüquqları, ətraf mühit kimi mövzuları əhatə edir.
Azərbaycanın BMT-yə üzv qəbul olunmasının 25-ci ildönümü münasibətilə hədiyyə edilmiş abidənin müəllifləri Xalq rəssamları Səlhab Məmmədov və Əli İbadullayevdir.
x x x
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva BMT-nin Cenevrə bölməsinin kitabxanasına Azərbaycan haqqında kitablar hədiyyə edib.
Kitabxananın müdiri Françesko Pisano kitabxananın fondunu zənginləşdirən nəşrlərə görə minnətdarlıq edib və kitabxananın tarixi barədə məlumat verib.
Bildirilib ki, kitabxananın fondunda bir çox mühüm sənədlər, eləcə Paris sülh konfransına aid arxiv sənədləri saxlanılır. Həmin arxiv Azərbaycan üçün misilsiz əhəmiyyətə malikdir. Çünki burada Azərbaycan Xalq Cümhuriyyətinə aid bir çox tarixi sənədlərin əsilləri qorunur. Bu sənədlər sırasında Paris sülh danışıqlarında iştirak edən Azərbaycan nümayəndə heyətinin hazırladığı məktub və müraciətlər, xəritə və digər mühüm tarixi sənədlər mövcuddur. 2016-cı ildə həmin materiallar rəqəmsal formata keçirilib və onlayn kataloqa daxil edilib.
F.Pisano gələcəkdə kitabxana fondunun Azərbaycan haqqında daha çox kitabla genişlənəcəyinə ümidvar olduğunu bildirib.





10-05-2022, 13:40 | Füzuli Rayon Mərkəzi Xəstəxanasının təməli qoyulub

Füzuli Rayon Mərkəzi Xəstəxanasının təməli qoyulub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva təməlqoyma mərasimində iştirak ediblər.
Ətraflı
Ads by
0
Reklamınızı SmartBee ilə effektiv edin.
Xəbər yenilənəcək