22-11-2021, 20:59 | Böyük əraziyə malik olan Kəlbəcər Azərbaycanın gözəl və qiymətli guşələrindən biridir

Böyük əraziyə malik olan Kəlbəcər Azərbaycanın gözəl və qiymətli guşələrindən biridir
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun qazandığı qələbə nəticəsində 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli bəyanata əsasən Ermənistan silahlı birləşmələri Kəlbəcər rayonunu tərk etmişdir. Çarəsiz qalıb məğlubiyyəti həzm edə bilməyən Ermənistan ordusu və əhalisi bölgədə ölüm-dirim anlarında belə yenə də Azərbaycana qarşı qisasçılıq fəaliyyətlərini davam etdirərək ekoloji terrorlar həyata keçirmiş, evlərlə yanaşı, meşələri də yandırmış, təbiətə külli miqdarda ziyan vurmuşlar.
Kəlbəcər inzibati rayonu 8 avqust 1930-cu ildə təşkil olunmşdur. Ərazisinin böyüklüyünə Azərbaycan rayonları arasında görə birinci yerdə duran bu yurd yerimizdə işğala qədər mərkəzi Kəlbəcər şəhəri olmaqla 1 şəhər, 1 qəsəbə, 145 yaşayış məntəqəsi olmuşdur. İşgaldan sonra Kəlbəcərin 60 min əhalisi Azərbaycanın 56 rayon və şəhərinin 770 yaşayış məntəqəsində məcburi köçkün kimi yaşamışlar. İşğal zamanı bu ərazidə 511 dinc sakin öldürülmüş, 321 adam əsir götürülmüş və itkin düşmüşdür.
Kiçik Qafqaz dağlarının mərkəzində, Tərtər çayı hövzəsində yerləşən Kəlbəcər qərbdən Ermənistan, şimaldan ölkəmizin Daşkəsən, Göygöl, Goranboy, şimal-şərqdən Tərtər, şərqdən Ağdam, Xocalı, cənubdan Laçın rayonları ilə həmsərhəddir. Kəlbəcər ekoturizm sərvətlərinə görə Azərbaycanın digər bölgələri ilə müqayisədə daha zəngindir. Ona görə də onlardan səmərəli istifadə etməklə bu məkanı nəinki yerli, eləcə də beynəlxalq əhəmiyyətli turizm mərkəzinə çevirmək mümkündür.
Rayonun ən yüksək dağlıq zirvələrindən başlanğıcını götürən, ilboyu çox suyu olan Tərtər çayı və 30-dan çox böyuklü-kiçikli qolları (Levçay, Tutqunçay), onlardan nisbətən çox sulu və uzun olan Tutey cayı, Bazar çayı və digər çaylar bu əraziyə bərəkət və gözəllik gətirir. Bu yerlərin səthi quruluşu əsasən yüksək dağlıq ərazilərdən ibarətdir. 10-dan çox vulkanik göl, rayon ərazisində olan nisbətən böyük və kiçik Alagöllər, Zalxagöl, Sərsəng su anbarı və s. bu yurdun zəngin təbii sərvətidir. Kəlbəcər çoxsaylı müalicəvi termal və mineral sulara, zəngin meşələrə, yabanı bitən cır meyvələrə, müalicəvi dərman bitkilərinə, tarixi, mədəni, dini abidələrə və s. malikdir.
Bu yaşayış məskəni Azərbaycanın ən yüksək dağlıq rayonu olub, ərazisinin 80 faizə qədərini dəniz səviyyəsindən hündürlüyü 2000 metrdən çox olan yüksəkliklər təşkil edir. Kəlbəcərin meşələrinin ümumi sahəsi 30 min hektara yaxındır. Rayon dağ idman və ovçuluq turizminin inkişafı üçün əlverişlidir.
Burada əhalinin sağlamlığının və istirahətinin təşkili üçün Kəlbəcərə dünya şöhrəti qazandırmış Bağırsaq, Yuxarı İstisu, Aşağı İstisu, Keşdək və s. kimi termal və mineral su yataqları yerləşır. Keçmiş sovetlər dövründə rayon ərazisində olan “İstisu” termal sular sanatoriya kompleksinə hər il mövsüm ərzində 20 min nəfərdən çox insan gələrək sağlamlıqlarını bərpa edirdi. Kəlbəcər rayonu ermənilər tərəfindən işğal edildikdən sonra sanatoriya kompleksi dağıdılmış, bu mənfur düşmən tərəfindən yerli termal isti suları “Cermuk” suyu adı ilə öz brendləri kimi dünya bazarlarına, o cümlədən Avropa ölkələrinə və ABŞ-a çıxarılaraq yüksək qiymətə satılmışdır.
Kəlbəcərin “İstisu”yu dünya səviyyəsində tanınan müalicəvi mineral su olub, bır çox xəstəliklərin dərmanıdır. Kimyəvi tərkibinə görə də dünyada ən mühüm yerdədir. “İstisu” sanatoriya kompleksi 12 bulağın əsasında fəaliyyət göstərmişdir. Yüksək radioaktivlik, böyük miqdarda karbon iki oksidin miqdari, istilik xüsusiyyətləri, müxtəlif elementlərin mövcudluğu və s. bu suların balonoloji təsirini artırır. Çox vaxt Kəlbəcərin “İstisu”yunu dünyanın gəzinti, istirahət və müalicə üçün ən möhtəşəm və əvəzedilməz məkanlarından biri olan Karlovı Varı ilə müqayisə edirlər. Mütəxəssislər yazırlar ki, Kəlbəcərin “İstisu”yu Karlovı-Varıdakı sudan keyfiyyətcə hec də geri qalmır, hətta bəzi xassələrinə görə ondan üstündür.
Kəlbəcər rayonu ərazisində müxtəlif müalicəvi termal və mineral su mənbələri ilə yanaşı, faydalı qazıntıları olan, o cümlədən ehtiyatları 112,5 ton olub istismar edilən Söyüdlü (Zod), Ağuzdağ və Tutxun qızıl yataqları, Ağyataq, Levçay, Çorbulaq, Qamışlı, Ağqaya civə yataqları, Kilsəli tuf yatağı, kərpic istehsalına yararlı Keşdək gil, Keçəldağ perilit, Çəpli qum-çınqıl qarışıq, nefroid, xrom və s. yataqları var. Erməni işğalından azad olmuş bu kimi faydalı qazıntı yataqları yaxın illərdə rayona turist kimi və ya dincəlməyə gələnlərin ekskursiyası üçün ən maraqlı ərazilərdən biri olacaqdır.
Bu rayonda Azərbaycanda yeganə vulkan mənşəli dərinliyi 4-10 metr olan şirin sulu Alagöllər, Qaragöl, Zalxa gölü və s. göllər var. Həmin göllərin dəniz səviyyəsindən hündürlüyü 2729-2739 və 2666 metrə bərabər olub, onların orta dərinlikləri 4-10 metrdir. Bu göllərin suyunun ideal şəkildə təmiz olmasından istifadə edib, orada farel balıqları təsərrüfatını inkişaf etdirmək və zəli yetişdirib Avropa ölkələrinə ixrac etmək mümkündür.
Tarixi-mədəni abidələrin sayına görə Kəlbəcər rayonu Azərbaycanda birinci yerdə durur. Onların əksəriyyəti ermənilər tərəfindən dağıdılmış və ya erməniləşdirilmişdir. Ən qədim abidələr içərisində Çıldıran kəndində yerləşən 12-ci əsrə aid Alban məbədini, Dovmaxlar kəndində yerləşən 1668-ci ildə inşa edilmiş kilsəni, Yaqub kəndində 635-ci ildə inşa edilən Yaqub kilsəsini, 1251-ci ildə inşa edilmiş Bazarkənd məbədini, 672-ci ildə Yayıcı kəndlərdə inşa edilmiş Alban məbədini, 10-cu əsrdə Kormanlı kəndində inşa edilmiş Alban məbədini, Həsənqız kəndində 1283-cü ildə inşa edilmiş Alban məbədini, 13-cü əsrdə inşa edilmiş Şorbulaq kəndindəki Alban məbədini göstərmək olar. Kəlbəcər ərazisindəki Alban abidələrinə “Xudavəng”, “Laçınqaya”, “Lev”, “Uluxan” və s. aiddir. Bu abidələrin içərisində erməni işğalından sonra nisbətən salamat qalanı “Xudavəng” məbədidir.
Kəlbəcər rayonunun ərazisində yayılmış 4 mindən artıq bitki növündən 200-ə qədəri dərman bitkiləridir. Bu torpaqda ayıdöşəyi, acı əvəlik, acı yonca, acı çiçək, bağayarpağı, baldırğan, balqabaq, bat-bat, bəlğəmotu, bənövşə, boyaqotu, böyürtkən, bulaqotu, qaytarma, qantəpər, qarağat, kasnı, kahı, keşniş, kəklikotu, kələm, kəpənəkçiçək və s. bitkilər bitirdi. Rayonun əsasən mərkəzi və şərq hissələrində yerləşən meşələri yalnız enliyarpaqlı ağaclardan təşkil olunmuş palıd, fıstıq, vələs, göyrüş, qovaq, qaraağac, söyüd, çinar, dağdağan, ayıgilası, şam, ardıc və s. meşə-çöl bitkiləri ilə deyil, həm də meyvə ağacları - alma, armud, qoz, tut, fıstıq, itburnu, yemişan, qarağat, moruq, gilas, gilənar və s. ilə də zəngindir.
Göründüyü kimi, Kəlbəcər rayonu ərazisində mövcüd ekoturizm sərvətləri yerli və beynəlxalq turizmin inkişaf etdirilməsi üçun əsas resurs potensialına malikdir. Ekoturizm resurslarının səmərəli istifadə edilməsi üçün böyük maliyyə resursları lazımdır. Tam əminliklə demək olar ki, Azərbaycanımızın bugünkü inkişafı, praqmatik dövlət başçısı, ölkə Prezidentinin titanik səyi və apardığı məqsədyönlü siyasəti nəticəsində Kəlbəcər əvvəlkindən daha gözəl olacaq, zəngin ehtiyatların istifadəsinə imkan yaradılacaq və Kəlbəcərin sərvətləri Azərbaycan büdcəsinə öz töhfəsini verərək, unikal təbiətli Kəlbəcəri dünyəvi turizm şəhərinə çevirəcəkdir.
Ağahüseyn Orucov,
Salyan rayon Parça Xələc kənd tam orta məktəbin direktor əvəzi
22-11-2021, 20:57 | Kəlbəcərin döyüşsüz azad edilməsi şanlı Qələbəmizin nəticəsidir

Kəlbəcərin döyüşsüz azad edilməsi şanlı Qələbəmizin nəticəsidir
Bu gün həm ərazi, həm də təbii sərvətlər baxmından Azərbaycanın ən mühüm rayonlarından biri olan Kəlbəcər ermənilərin 27 illik işğalından azad edildi və kəlbəcərlilərin uzun illər çəkdiyi həsrətə son qoyuldu. Bu qalibiyyətə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusunun rəşadəti sayəsində nail olundu. 10 noyabrda Ermənistanın kapitulyasiyanı qəbul edərək imzaladığı bəyanata əsasən, Kəlbəcər artıq ikinci rayonumuzdur ki, bir güllə atılmadan, qan tökülmədən işğaldan azad edildi. Sözsüz ki, müzəffər Azərbaycan ordusunun gücü nəticəsində bu uğur əldə olundu. Çünki əgər 44 günlük müharibə ərzində ordumuzun uğurlu əməliyyatları olmasaydı, Ermənistan heç zaman bu kapitulyasiyaya razı olmazdı. Azərbaycan ordusunun gücü vadar etdi ki, Ermənistan işğal olunmuş ərazilərimizi tərk etsin.
Bu uğur Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin bütün müstəvilərdə apardığı düşünülmüş siyasətin nəticəsidir. İstər ölkə daxilində aparılan siyasət, iqtisadi gücümüzün və müstəqilliyimizin təmin edilməsi, istər diplomatik müstəvidə ölkə Prezidentinin apardığı çoxşaxəli fəaliyyət və əldə edilən uğurlar bugünkü qələbəmizi təmin etdi.
Kəlbəcər ölkəmizdə ən böyük ərazisi olan rayon olmaqla yanaşı, strateji və çətin relyefə malik olan bir rayondur. Kəlbəcərdə yüksək dağlar, dərin enişlər, yoxuşlar, çaylar var. Bu 27 il ərzində düşmən də boş dayanmayıb və möhkəm istehkamlar qurub. Yəni relyef baxımından çətin olan bir bölgənin bir güllə atılmadan işğaldan azad edilməsi çox böyük bir uğurdur və sözsüz ki, bu uğur Ali Baş Komandanımızın, silahlı qüvvələrimizin uğurudur.
Kəlbəcər eyni zamanda təbii sərvətlərlə zəngin bir bölgədir. Kəlbəcər qızıl, mis, qurğuşun yataqları və digər təbii sərvətlərlə zəngin olan bir rayondur, əsrarəngiz təbiətə malikdir. Kəlbəcər həmçinin, qədim tarixə malikdir və ən qədim insan məskənlərindən biri kimi tanınır. Kəlbəcərdəki mağara düşərgələrində aparılmış arxeoloji tədqiqatlar sübut edir ki, ibtidai insan icmasının ilk əmək alətləri həm də bu yerlərdə yaradılıb. Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilib. Rayon ərazisi mədəniyyət abidələri və dini məbədlərlə zəngindir ki, bu da Kəlbəcərin mədəni-tarixi əhəmiyyətinin nə qədər yüksək olduğunu göstərir.
Qeyd edək ki, Kəlbəcər 1993-cü ilin aprelin 2-də işğal edilmişdi və ermənilər üçün bu bölgəmizin işğalı xüsusi əhəmiyyət daşıyırdı. Çünki Kəlbəcər həm təbii sərvətlərinə, həm ərazisinin böyüklüyünə, həm tarixi-mədəni irsinə, həm də Dağlıq Qarabağa gedən stateji yolların üzərində yerləşdiyinə görə xüsusilə əhəmiyyətli idi. İllərdir torpaqlarımızı işğal altında saxlayan erməni vandallarının əməlləri barədə BMT Təhlükəsizlik Şurası 822 saylı qətnamə qəbul etmişdi. Sənəddə bütün hərbi əməliyyatların dərhal dayandırılması, işğalçı qüvvələrin Kəlbəcər rayonundan və Azərbaycanın digər işğal edilmiş rayonlarından dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb edilirdi.
Lakin ötən 27 ildə Ermənistan bu qətnamənin tələblərini yerinə yetirmədi. Qətnamənin icrasız qalmasının əsas səbəbi isə ATƏT-in Minsk qrupunun həmsədrlərinin danışıqlar prosesi zamanı işğalçıdan bunu tələb etməmələri olmuşdu. Lakin 44 günlük Vətən müharibəsinin nəticəsi olaraq Azərbaycan işğalçını BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsinin tələblərini güc yolu ilə yerinə yetirməyə məcbur etdi. Azərbaycan döyüş meydanında parlaq Qələbə qazanaraq siyasi meydanda da istədiyinə nail oldu. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti, hərbi qələbəni həm də siyasi qələbəyə çevirən diplomatik məharəti nəticəsində Ağdam kimi, Kəlbəcər də qan tökülmədən, şəhid verilmədən geri qaytarıldı.
Aqşin Qasımov,
Salyan Gənclər və İdman İdarəsinin rəis müavini.
22-11-2021, 20:55 | Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Kəlbəcərə səfəri

İlham Əliyevin azad olunmuş Kəlbəcərə səfəri
İkinci Qarabağ müharibəsini Qələbə ilə başa vuran Azərbaycan dövləti ərazi bütövlüyünü bərpa etdi. Bu zəfər xalqımızın şərəf və qəhrəmanlıq salnaməsi oldu, tarixə milli qürurumuzun təntənəsi kimi həkk olundu. 44 gün davam edən döyüşlər və qazanılan möhtəşəm Qələbə Prezident İlham Əliyevin yenilməz qətiyyətini, Ali Baş Komandanı olduğu Ordumuzun qüdrətini və xalqımızın milli birliyini bütün dünyaya nümayiş etdirdi.
İndi işğaldan azad edilmiş torpaqlarımızda yeni ab-hava var. Düşmən tapdağından qurtulan bütün yurd yerlərimizə yenidən həyat verilir. Avqustun 16-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Kəlbəcər və Laçın rayonlarına səfərləri də göstərdi ki, bütün azad edilmiş torpaqlarımız ən qısa zamanda əvvəlki şöhrətini bərpa edəcək.
Bu, dövlət başçısının işğaldan azad edilmiş rayonlarımıza ötən ilin noyabrından bəri etdiyi 10-cu səfər idi. Qısa müddətdə 10 səfərin edilməsi ilk növbədə möhtərəm Prezidentin azad olunmuş ərazilərimizin bərpasına və yenidən qurulmasına göstərdiyi həssas diqqətin təzahürüdür. Eyni zamanda əvvəlkilər kimi bu da sıradan bir səfər deyildi. Bu, xüsusilə İlham Əliyevin Kəlbəcərə müharibədən sonra ilk səfəri olduğu üçün tarixi əhəmiyyət daşıyırdı. Bu, “Qarabağ və Şərqi Zəngəzur Azərbaycandır!” - deyən və onu reallığa çevirən İlham Əliyevin qələbəsinin təntənəsi olan səfər, xalqımızın 44 günlük müharibədəki Qələbə sevincinin məntiqi davamı idi. Bu səfər həm də dönüş idi, doğma torpaqlarımıza böyük qayıdışın rəmzi, gələcəyə baxışımızın ifadəsi idi. “Ermənistan ordusunu məhv edərək qayıtdıq, Ermənistan faşizminin başını əzərək qayıtdıq, erməni cəlladlarını cəzalandıraraq qayıtdıq, şəhidlərimizin qanını alaraq qayıtdıq. Qayıtmışıq, bu gün burada durmuşuq və əbədi duracağıq!” - deyən İlham Əliyev Kəlbəcərdən bir daha torpaqlarımızın azadlığının, onun əsl sahiblərinin artıq qayıtdığının müjdəsini bütün dünyaya verdi. İlham Əliyev bu dəfə Azərbaycan bayrağını Kəlbəcərdə ucaltdı. Müzəffər Ali Baş Komandan bir daha bütün dünyaya göstərdi ki, işğaldan azad olunmuş bu torpaqlar Azərbaycan dövlətinin ərazisidir.
İlham Əliyev Kəlbəcərdən və Laçından düşmənə həm mesaj verdi, həm xəbərdarlıq etdi, həm Vətən müharibəsindəki qələbədən sonra regiondakı hərbi-siyasi vəziyyəti təhlil etdi, həm də vacib məsələlərə aydınlıq gətirdi. Xüsusən dövlət başçısının dağıdılan erməni mifləri barədə fikirləri təsdiq edir ki, tarixi Qələbəmizin məzmunu olduqca dərindir. “Yenilməz erməni ordusu”, “Qəhrəman erməni əsgəri”, “Görkəmli erməni sərkərdələri”, “Azərbaycanlılar vuruşmayacaqlar” kimi ermənilərin yaratdığı miflər 44 günün elə ilk günlərində darmadağın olundu. Xalqımız isə miflərə yox, reallıqlara üstünlük verir və bu Qələbənin fonunda bütün dünya Azərbaycan Prezidentinin qətiyyətini, müdrikliyini, dövlətimizin gücünü və xalqımızın həmrəyliyini gördü. Bütün dünya Azərbaycan dövlətinin öz gücünə arxalanaraq milli mənafeyini layiqincə təmin etməsinə şahid oldu.
Bu səfər zamanı Mehriban xanım Əliyevanın etdiyi çəkilişlər bir daha məlum həqiqətləri bütün dünyaya nümayiş etdirdi. Bəli, biz işğalçı, terrorçu düşmənlə yox, həm də vandallarla, vəhşilərlə üz-üzə qalmışdıq. Azərbaycan dövləti bütün azad olunmuş torpaqları dirçəldəcək, eyni zamanda ərazilərimizi dağıdan, ekoloji terror törədən düşmən bütün bunlara görə beynəlxalq məhkəmələrdə cavab verəcək.
Xalq daim öz liderinin yanındadır, ona arxalanır. Və əmindir ki, tezliklə məhz cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında işğaldan azad olunmuş ərazilərdə böyük işlər görüləcək, minlərlə soydaşımız ata-baba yurdlarına qayıdacaqlar.
30 ilə yaxın bir dövrdə Minsk qrupunun yoluna qoymaq istəmədiyi bu problemi cənab İlham Əliyev dəmir yumruqla həll etdi. Bu dəmir yumruq Ermənistanın işğalçılıq planlarını həyata keçirməsinə bir daha imkan verməyəcək…
Asya Əliyeva,
Salyan rayon Qardili kənd tam orta məktəbin müəllimi
22-11-2021, 20:53 | Kəlbəcər rayonunda bərpa-quruculuq işlərinə artıq rəsmi start verilmişdir

Kəlbəcər rayonunda bərpa-quruculuq işlərinə artıq rəsmi start verilmişdir
Kəlbəcər ən qədim insan məskənlərindən biridir. Bu ərazidə ibtidai insanın təşəkkül tapması və formalaşması dördüncü geoloji dövrlə bağlıdır. Bu dövr isə 4 milyon ildən artıq bir tarix deməkdir. Kəlbəcərdəki mağara düşərgələrində aparılmış arxeoloji tədqiqatlar sübut edir ki, ibtidai insan icmasının ilk əmək alətləri həm də bu yerlərdə yaradılıb. Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilib. Buradakı daş abidələr Şimali Azərbaycanda erkən dövr türklüyün, atəşpərəstliyin, xristianlığın, VII əsrdən isə İslamın yayıldığı dövrlərdə yaradılıb. Kəlbəcərdə "Türk qəbristanlığı" adı ilə tanınan bir neçə qədim məzarlıq da var. Bunların ən böyüyü Tirkeşəvənd, Kəlbəcər, Zar və b. kəndlərin ərazisindədir. Qəbirstanlıqlar müxtəlif əsrlərdə yaradılmış, forma və ölçüləri ilə bir-birindən fərqlənən at, qoç, sandıq qəbirüstü fiqurlar, başdaşı və günbəzlərlə zəngindir.
Kəlbəcər rayonu 1993-cü ilin aprel ayının 2-də Ermənistan ordusu tərəfindən işğal edilmişdir. Dağlıq Qarabağ ərazisindən kənarda yerləşən Kəlbəcər rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsi nəticəsində dinc əhaliyə vəhşicəsinə divan tutulmuş, yerli əhali min illər boyu yaşadığı ata-baba torpağından qovularaq didərgin salınmışdır. İşğal nəticəsində onlarla tarixi-mədəniyyət abidəsi, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil, 100-lərlə maşın, texnika və s. talan edilmiş, dağıdılmış və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınmışdır.
Kəlbəcərin işğalından sonra BMT Təhlükəsizlik Şurasının iclasında 822 saylı Qətnamə qəbul edilmiş, Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunmuşdur. Ermənistan isə BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin məskunlaşdırılmasına başlanılmışdır.
Sözsüz ki, bütün bu sadalananlar hərbi cinayət əməlləridir. Eynilə Ermənistan İkinci Qarabağ Savaşında da bu cinayətlərinə davam edirdi. Vətən müharibəsinin gedişi zamanı beynəlxalq ictimaiyyət dəfələrlə erməni barbarlığının şahidi oldu.
Bəli, Ali Baş Komandan, cənab İlham Əliyevin rəhbərliyi cəmi 44 gün davam edən Vətən müharibəsində əldə etdiyi möhtəşəm Qələbə nəticəsində tarixi ədalət bərpa edildi, ölkəmizin ərazi bütövlüyü təmin olundu. O cümlədən, Ermənistanın məcbur qalaraq imzaladığı 10 noyabr Üçtərəfli Bəyanatına əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verildi. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi. 2020-ci il noyabrın 26-da “Kəlbəcərin azad olunmasına görə” medalı təsis olundu. Prezident İlham Əliyevin sərəncamları ilə Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 9424 hərbi qulluqçusu “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edildi.
Bu gün Kəlbəcərdə işğaldan azad olunmuş digər ərazilərimizdə də olduğu kimi vüsətli quruculuq işləri həyata keçirilməkdədir. İntensiv şəkildə həyata keçirilən bərpa-quruculuq işləri çərçivəsində inşasına başlanılan mühüm strateji obyektlərin, müəssisələrin təməlinin şəxsən Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən qoyulması görülən işlərin xüsusi diqqət mərkəzində saxlandığından xəbər verir.Cari ilin 16 avqust tarixində dövlətimizin başçısının və birinci xanımın Kəlbəcər və Laçın rayonlarına səfəri çərçivəsində Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağda və Kəlbəcər-Laçın avtomobil yolu üzərində inşa olunacaq tunellərin təməlqoyma mərasimində iştirakı, “Kəlbəcər-1” Kiçik Su Elektrik Yarımstansiyasında görülən işlərlə tanış olması, daha sonra 110/35/10 kilovoltluq “Kəlbəcər” yarımstansiyasının açılışını etməsi bunun bariz nümunəsidir.
Aparılan planlı işlərin sürətli şəkildə həyata keçirilməsi öz torpaqlarından didərgin düşmüş həmvətənlərimizin qayıdışı üçündür. Xüsusilə enerji və nəqliyyat infrastrukturunun müasir tələblər çərçivəsində qurulması gələcəkdə bu ərazilərə qayıdışın daha effektiv və tez reallaşmasını təmin edəcəkdir.
Dilbər Qurbanova,
Salyan rayon Pambıqkənd kənd tam orta məktəbin direktoru
22-11-2021, 09:14 | Qadın şahmatçılarımız Avropa çempionatının bürünc medallarını qazanıb

Azərbaycanın şahmat üzrə kişilər və qadınlardan ibarət komandaları Sloveniyanın Çatej şəhərində şahmat üzrə Avropa çempinonatında növbəti turun görüşlərini keçiriblər.
Trend-ə istinadən bildirir ki, qadınlardan ibarət kollektiv Niderland üzərində qələbə qazanaraq aktivindəki xalların sayını 12 çatdırıb və yarışı üçüncü yerdə başa vurub. Qadın şahmatçılarımızdan Günay Məmmədzadə və Ülviyyə Fətəliyeva qələbə qazanıb, Gövhər Beydullayeva heç-heçəyə razılaşıb, Gülnar Məmmədova isə məğlubiyyətə uğrayıb.
Kişilərdən ibarət yığma Fransa komandasıyla qarşılaşıb. Oyun fransızların qələbəsi ilə yekunlaşıb. Teymur Rəcəbov, Rauf Məmmədov və Nicat Abbasov görüşlərini heç-heçə ilə başa vurub, Şəhriyar Məmmədyarov isə məqlubiyyətlə üzləşib.
Kişilərdən ibarət komandamız 12 xalla yarışda 5-ci yeri tutub.
22-11-2021, 09:08 | Pəhriz müddətində bu içkidən imtina edin

Britaniyalı teleaparıcı və həkim Maykl Mosli insanlara fasiləli orucun faydalarından danışıb.
publika.az-a istinadən xəbər verir ki, həkimin sözlərinə görə, belə pəhriz xüsusilə hipertoniyanın və 2-ci tip diabetin inkişafının qarşısını alır.
Bu metodun mahiyyəti yemək saatlarını məhdudlaşdırmaqdır. Həkim öz qidalanmasını misal çəkib: axşam saat 7-də ailəsi ilə nahar edir, səhər 9-a qədər yemək yemir. Bu zaman özünə yalnız qara çay və su icazə verir. Aclıq müddətində su, çay və qəhvə içmək qəbul olunur.
Qeyd etmək lazımdır ki, "orucluq" mərhələsində çay və qəhvəyə icazə verildiyini göstərən tədqiqatlar var, lakin kofeinin qlükoza tənzimlənməsinə təsiri ilə bağlı müzakirələr davam edir. Buna görə də sudan başqa bütün içkilərdən imtina etmək daha doğru olardı. İsti və ya soyuq, fərqi yoxdur, ancaq su olmalıdır. Həm də qazlı deyil, adi su.
22-11-2021, 09:04 | Qaydanı pozan “AA” seriyalı avtomobil kimindir? - FOTO

Xəbər verdiyimiz kimi, ötən gün Bakı Nəqliyyat Agentliyi (BNA) avtobus zolaqlarının tələbini pozan sürücülərin görüntülərini yayıb. Bunlardan biri sosial şəbəkələrdə xüsusilə müzakirələrə səbəb olub. Söhbət 90-AA-013 dövlət nömrə nişanlı "Mercedes-Maybach" markalı lüks avtomobildən gedir.
musavat.com-a istinadən xəbər verir ki, jurnalist Samir Feyruzov məsələ ilə bağlı maraqlı məlumat paylaşıb:
"Bir neçə gündür ki, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq sərnişin avtobuslarının hərəkətinə maneçilik törədən "AA" seriyalı maşın müzakirələrə səbəb olub. Söhbət avtobus zolaqlarının tələblərini pozan 90-AA-013 dövlət nömrə nişanlı "Mercedes-Maybach" markalı lüks avtomobildən gedir.
Bu haqda saytlarda da məlumat dərc olunub. Ancaq məsələnin kökünü araşdırmaq lazım idi. Bəs tez-tez yol hərəkəti qaydalarını pozan bu bahalı avtomobil kimindir?
Qısa araşdırma apardım. Bəlli oldu ki, 90 AA 013 dövlət nömrə nişanlı avtomobil "Bakı Klinikası"nın sahibi Aytən Quliyevaya məxsusdur. Klinikanın əsl sahibi isə AMEA-nın prezidenti Ramiz Mehdiyevdir".


22-11-2021, 08:49 | Darçının müalicəvi xüsusiyyətləri. RESEPTLƏR

Ətirli darçın adətən şirniyyatların, ət xörəklərin bişirilməsi zamanı istifadə olunur. Lakin bir çox insanlar bilmir ki, darçın həm də güclü müalicəvi xüsusiyyətlərə malikdir.
1. Darçın güclü iltihab və mikrob əleyhinə təsirə malikdir. Soyuqdəymə zamanı darçın çox yaxşı müalicəvi təsir edir. 1 fıncan isti suya 1 çay qaçığı bal və 1 çimdik darçın əlavə edib qarışdırın və için. Bu vasitə iltihabın əlamətlərini azaldır, immuniteti möhkəmləndirir.
2. Ədviyyat bağırsaqlara antiseptik təsir edir, mikrofloranı yaxşılaşdırır, ishal zamanı xeyirlidir.
3. Darçın qurdəleyhinə təsirə malikdir. Bu səbəbdən uşaqlara sıyıqlar bişirdikdə darçın əlavə edin.
4. Bir çox digər ədviyyatlar kimi, darçın xərçəngəleyhinə təsirə malikdir.
5. Darçın güclü antioksidant xüsusiyyətləri var, orqanizmdə gedən qocalma prosesləri ləngidir.
6. Elmi araşdırmalar göstərib ki, darçın qanda şəkərin səviyyəsini aşağı salır. Bu səbəbdən bu ədviyyat şəkər xəstələri üçün çox faydalıdır.
7. Darçın ürək-damar sistemi üçün çox faydalıdır - qanı duruldur, trombların əmələ gəlməsinin qarşısını alır, qanda pis xolesterinin səviyyəsini aşağı salır, ürək əzələsinə müsbət təsir edir.
8. Darçın beyinin fəaliyyətinə müsbət təsir edir, yaddaşı, əhval-ruhiyyəni yaxşılaşdırır.
9. Darçın qədim zamanlardan kişi gücünü artıran vasitə kimi tanınır. Ədviyyat potensiyanı yaxşılaşdırır. Potensiyanın zəiflənməsi zamanı müalicə ilə yanaşı ballı-darçınlı suyu da istifadə etmək olar.
10. Darçın arıqlamaq məqsədi ilə də geniş istifadə olunur. Ədviyyat maddələr mübadiləsini yaxşılaşdırır, piylərin parçalanmasını sürətləndirir. Arıqlamaq məqsədi ilə belə dəmləmə hazırlamaq olar. Axşamdan termosda 1/2 l suda 1 ovuc itburnu, 1/3 çay qaşığı darçın və 1/3 çay qaşığı zəncəfil dəmləyin və növbəti gün ərzində için. Bu çox faydalı dəmləmədir - orqanizmi təmizləyir, iltihabları azalıdır, maddələr mübadiləsini yaxşılaşdırır, arıqlamağa kömək edir.
11. Qəhvəyə 1 çimdik darçın əlavə edin. Çox dadlı və faydalı içki alınacaq.
12. İstənilən digər ədviyyatları kimi darçını da çoxlu miqdarda qəbul etmək olmaz. Bu baş ağrılarına, əsəbiliyə, hipertoniyadan əziyyət çəkən insanlarda təzyiqin artmasına səbəb ola bilər, qara ciyərə mənfi təsir edə bilər.
13. Ən yaxşı və faydalı darçın Seylondan gətirilir. Darçını alıb (qəhvəyi rəngdə borucuqlar şəklində satılır) evdə üyüdmək daha yaxşıdır.
22-11-2021, 08:47 | Valideynin övladını təhqir etməsi və onu evləndirməməsi düzgündürmü?

Valideynin övladı ilə təhqiramiz sözlərlərlə, xüsusən də insanların içində belə davranması düzgün deyil. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) müsəlmanın müsəlmanı təhqir etməsini qadağan etmişdir. (Muslim, 4/1986).
Həmçinin, atanın öz övladlarını yedizdirib-içizdirməsi, geyim və yaşayışla təmin etməsi vacib olduğu kimi imkanı olduğu halda onları evləndirməsi də vacibdir. Çünki, evlənmə insanın dininin, iffətinin, əxlaqının və s. qorunmasına və harama düşməməsinə səbəbdir. Uca Allah buyurur: "Ey iman gətirənlər! Özünüzü və ailənizi yanacağı insanlar və daşlar olan oddan qoruyun!...". (ət-Təhrim, 6).
Habelə, İslamda valideynin övladları arasında ayrı-seçkilik etməsi, birini digərindən daha üstün tutması qadağandır və valideynlərin övladlarına qarşı münasibətdə ədalətli olması vacibdir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) övladlarından birinə hədiyyə verib digərinə hədiyyə verməyən səhabəyə belə demişdir: "...Allahdan qorxun və uşaqlarınız arasında bərabər (ədalətli) davranın...". (əl-Buxari, 2586-2587).
Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) övladlarından yalnız birinə hədiyyə verən, digər övladlarına isə hədiyyə verməyən atanın bu məsələsində şahidlik etməkdən imtina etmiş və belə demişdir: "...Həqiqətən mən haqsızlığa şahidlik etmirəm!...". (Muslim, 1623).
Belə hallarla qarşılaşan övladlar isə səbirli olmalı, onlara gözəl şəkildə nəsihət etməli və valideynlərilə xoş davranmalıdır. Çünki şəriətimizdə valideynin övladı üzərindəki haqqı olduqca böyükdür və valideynin övladı ilə pis davranması bu haqqı qüvvədən salmır və övladın da valideynilə eyni şəkildə pis davranmasına əsas vermir. Uca Allah buyurur: "Rəbbin yalnız Ona ibadət etməyi və ata-ana ilə yaxşı davranmağı buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında qocalıq yaşına dolarsa, onlara: "Uf!" belə demə, üstlərinə qışqırma və onlara xoş söz söylə!" (əl-İsra, 23).
22-11-2021, 08:45 | Allaha asi olan və övladına zülm edən valideynə münasibət necə olmalıdır?

Uca Allah öz mərhəməti və ədaləti sayəsində həm valideyn, həm də övlad üçün haqlar müəyyən etmişdir. Əgər valideyn övladına qarşı haqsızlıq edirsə, buna görə cavab verəcəkdir. Həmçinin, övlad da valideynə qarşı haqsızlıq edirsə, buna görə cavab verəcəkdir. Atanızın sizə qarşı belə davranması valideyn adını və haqqını üstündən götürmür. Siz çalışın ki, bir müsəlman övlad olaraq öz üzərnizə düşən vəzifələri yerinə yetirəsiniz. Valideyn Allaha asi olsa və hətta kafir olsa belə, onun haqqı övladın üzərindən düşmür. Çalışın atanıza haqqı gözəl şəkildə çatdırın və sizə qarşı etdiklərinin böyük günah olduğunu başa salın. Onlar sizi söysələr belə, eyni şeyi siz də onlara qarşı etməyin. Bilin ki, Qiyaməıt günü hər kəs öz əməlinin cəzasını alacaq: "O gün (Qiyamət günü) insanlar əməllərinin onlara göstərilməsi üçün dəstə-dəstə gələcəklər. Zərrə qədər yaxşılıq edən əvəzini alacaqdır. Zərrə qədər pislik edən də əvəzini alacaqdır". (əz-Zəlzələ, 6-8); "Hər kəsin qazandığı (xeyir yalnız) onun özünə, qazandığı (şər də yalnız) öz əleyhinədir". (əl-Bəqərə, 286).
Əgər valideyn övladını Allaha asi olmağa çağırırsa, övlad bu işdə ona itaət etməməlidir, lakin dünya işlərində onunla gözəl davranmalı və onunla əlaqəni kəsməməlidir. Uca Allah bu xüsusda buyurur: "Biz insana valideynləri ilə gözəl davranmağı buyurduq. Əgər onlar bilmədiyin bir şeyi Mənə şərik qoşmağın üçün səni məcbur etsələr, onlara güzəştə getmə. Dönüşünüz Mənə olacaq, Mən də bütün etdikləriniz barədə sizə xəbər verəcəyəm". (əl-Ənkəbut, 8).
Həmçinin buyurur: "Biz insana ata-anasının qayğısına qalmağı əmr etdik. Anası onu (bətnində) gündən-günə zəiflədiyinə baxmayaraq daşımışdır. Onun süddən kəsilməsi isə iki il ərzində olur. Mənə və valideynlərinə şükür et! Axır dönüş Mənədir. Əgər onlar bilmədiyin bir şeyi Mənə şərik qoşmağın üçün (səni məcbur etməyə) cəhd göstərsələr, onlara güzəştə getmə! Dünyada onlarla gözəl davran. Mənə üz tutanların yolu ilə get! Sonra isə dönüşünüz Mənə olacaq, Mən də nə etdikləriniz barədə sizə xəbər verəcəyəm". (Loğman, 15-16). Valideyn haqları barədə daha ətraflı oxuyun: