30-08-2021, 06:52 | Qəfil gələn "SƏSSİZ ÖLÜM": onu heç hiss etməmək mümkündürmü?

Sinədə kəskin ağrı, qan təzyiqinin kəskin yüksəlməsi, qəfil təngənəfəslik. Biz infarktın əlamətlərini təxminən bu cür təsəvvür edirik və çox vaxt da məhz belə olur.
Kəskin ürək tutmasından xəbər verən başqa əlamətlər də var - qolda və ya boyun ətrafında sancılı ağrı, başgicəllənmə, bol tər.
Bəs, ürək tutması aşkar əlamətlər olmadan, heç xəstənin özünün də hiss etmədiyi şəkildə baş verirsə?
Harvard Universitetinin araşdırması göstərib ki, bu hala həkimlərin təxmin etdiyindən xeyli çox rast gəlinir. Kəskin ürək tutmalarının az qala yarısı (45%-i) sakit və ya hiss edilməyən infarkt (SMI - silent myocardial infarction) olaraq meydana gəlir və daha çox kişilərdə olur.
"SMİ əlamətləri o qədər zəif və qısamüddətli ola bilir ki, onu adi diskomfortla və ya daha az təhlükəli digər problemlə qarışıq salırlar, buna görə də kişilər belə hallara çox vaxt ciddi yanaşmırlar" - Harvard Universitetin professoru Corc Platski belə deyir.
Məsələn, yorğunluğu və fiziki diskomfortu kişilər bir çox hallarda çox işləməklə, pis yatmaqla və hətta orqanizmin yaşla bağlı dəyişiklikləriylə izah edirlər. Boğazdakı və sinədəki zəif ağrını isə onlar mədə turşuluğunun və ya həzm probleminin əlaməti kimi qiymətləndirirlər.
Bundan başqa, çox vaxt ağrının məhz hansı nahiyədə olduğunu müəyyənləşdirmək də çətin olur. Məsələn, döş qəfəsinin sol tərəfindəki kəskin ağrı, böyük ehtimal, sizdə infarkt şübhəsi yaradacaq, ancaq "sakit infarkt" bütün sinədə kiçik bir diskomfort hissiylə də müşayət oluna bilir.
Həyəcanlı əlamətlər və narahatlıq üçün əsaslar:
- Döş qəfəsinin ortasında bir neçə dəqiqə davam edən və ya tez keçən, amma təkrarlanan diskomfort (kiçik ölçüdə ağrı hissi);
- Bədənin yuxarı hissəsində ümumi ağrı - məsələn, ya bir əldə, ya da hər iksində; kürək, qarın, boyun və alt çənə nahiyələrində xoşagəlməz hissiyyat;
- Döş qəfəsindəki xoşagəlməz hissiyyatdan sonra yaranan təngənəfəslik;
- Qəfil soyuq tər, başgicəllənmə və ürəkbulanma.
Professor Platski xəbərdar edir ki, "Bəzən həm SMI zamanı, həm də ondan sonra insan özünü son dərəcə normal hiss edir - bu, həyəcanlı siqnalların hiss edilməyəcəyi riskini artırır".
Harvard alimlərinə məxsus araşdırmanın Amerika Tibb Sssosiasiyasının jurnalında dərc edilmiş nəticələri məhz buna görə həyəcan doğurur.
Kişilər risk qrupundadırlar
Alimlər 45-84 yaş aralığandakı əvvəllər ürək-damar xəstəlikləri keşirməmiş 2000 qadın və kişini müayinə ediblər və 10 il sonra onların ürəyini təkrar MRT-dən keçiriblər.
İştirakçıların 8%-nin ürəyində miokard infarktının əlaməti olan çatlar aşkar edilib, onların 78%-nin ürək tutmasından xəbəri olmayıb.
Kişilərdə qadınlardan beş dəfə çox "sakit infarkt" faktı aşkar edilib.
Araşdırmanın nəticələrinə görə, SMİ riskini yaradan faktorlar adi infarktda olanlarla eynidir - siqaret, artıq çəki, hərəkətsizlik, yüksək təzyiq, xolesterin və diabet.
"SMİ-dən sonra ürək pis işləməyə başlayır, onda çatlar əmələ gəlir. "Sakit infarkt" keçirmiş pasientlər həkimə dərhal müraciət etmədikləri üçün onlarda təkrar və daha ciddi ürək tutması riski artır" - Corc Platski belə deyir.
Kişilərdə infarkt bəzən bir neçə həftə, hətta bir neçə ay sonra aşkar edilir - növbəti tibbi müayinə zamanı və ya xroniki yorğunluq, təngənəfəslik və mədə qıcqırması şikayətlərinə görə xəstəxanya gedəndə.
Amma SMİ-ni müəyyən etmək çətin deyil - bir çox hallarda adi kardioqram və ya ürəyin ultrasəslə müayinəsi kifayət edir. Daha bir sadə üsulsa qanda ürək əzələsi hüceyrələrinin zədələnməsi zamanı əmələ gələn spesifik zülalın (troponin T) olub-olmadığını yoxlamaqdır.
(publika.az)
30-08-2021, 06:37 | Yayda zədələnən dərini belə təravətləndirin

Yayın isti keçməsi və koronavirusa görə daim maska taxmaq üz dərisinin təravətini itirir. Buna görə də dəri əvvəlkindən daha çox qulluq tələb edir.
Dəriyə qulluğa qidalanma ilə başlamaq məsləhətdir.
Gün ərzində hər zaman məsləhət görüldüyü kimi bol su için. Sağlamlığın 60 faizi su vasitəsilə bərpa olunur. Eyni zamanda su vasitəsilə dəri nəmlənir və təravətli görünür.
Tərkibində C vitamini olan qidalar çox yeyin. C vitamini kollageni zənginləşdirir, bu da dəri cavanlığına müsbət təsir edir. Dərini qocaldan vasitələrin qarşısını alır. Gənc, sağlam, parıltılı dəri üçün C vitamini mütləqdir.
Həftədə 2 dəfə balıq yeyin. Quruyan, qabıq verən dəri üçün xeyirlidir. Omeqa 3 baxım üçün ən önəmli vasitələrdəndir.
Tərkibində E vitamini olan qidalar süfrənizdə mütləq olsun. Dərini günəşin zərərli şüalarından qoruyur. Dəridəki qızartıları, ləkələri təmizləyir.
Gündə 2 fincan yaşıl çay için. Tərkibindəki C və E vitamini zəngindir.
D vitamini tükətməyi unutmayın. Dərinin elastikliyini artırır.
axşam.az
26-08-2021, 15:28 | Valideynləri Bakıda arvadını öldürən sabiq hakimin bağışlanmasını istədilər

Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Sabunçu Rayon Məhkəməsinin sabiq hakimi Fəqan Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan edilib.
Daha sonra prosesdə ifadə verən təqsirləndirilən şəxs bildirib ki, hadisəni bilərəkdən törətməyib: "Hadisə ehtiyatsızlıq nəticəsində olub. Ehtiyatsızlıq nəticəsində silah əlimdə açıldı."
Məhkəmədə ifadə verən zərərçəkmiş şəxs Pərvanə Əhmədovanın atası Süleyman Quliyev Fəqan Əhmədovdan şikayətçi olmadığını deyib:
"Fəqan və Pərvanənin arasında hər hansı problem olmayıb. Ailə münasibətləri də həmişə yaxşı olub. Onların 3 övladı var. Mən və həyat yoldaşım da artıq yaşlanmışıq. Xahiş edirəm onu bağışlayın. Fəqanla barışmışam, aramızda heç bir problem yoxdur."
Zərərçəkmiş şəxsin anası Mətanət Quliyeva da Fəqan Hüseynova bəraət verilməsini istəyib:
"Fəqan üç uşaq atasıdır. Ailə münasibətlərində heç vaxt hər hansı bir problem olmayıb, çox mehriban idilər. Qızım da ailə həyatı qurandan Fəqandan şikayəti olmayıb. Fəqan mənim oğlum kimidi. Hadisədən bir neçə saat əvvəl qızımla danışmışam, hər şey yaxşı idi.
Mən Həzi Aslanovda yaşayıram. Gecə yarı Fəqan zəng elədi dedi ki, tez bağa gəlib uşaqlara sahib çıxın. Biz gələndə artıq hüquq-mühafizə orqanları həyətdə idi."
Daha sonra şahid qismində sabiq hakim Fəqan Əhmədovun anası Səmayə Əhmədova oğlu ilə gəlini arasında hər hansı bir münaqişə olmadığını bildirib:
"Fəqan hadisə günü mənə zəng etdi ki, tez bağa gəlin. "Başımıza daş düşüb", gəlin uşaqlara yiyə durun. Bağa gələndə Pərvanənin anasına da mən zəng edib məlumat verdim.
Fəqanın hadisəni bilə-bilə etdiyini bilsəydim onu bağışlamazdım".
Daha sonra şahid qismində Fəqan Əhmədovun qonşusu Ələşrəf Hüseynov çıxış edib. Şahid bildirib ki, həmin gün Fəqanla birlikdə bağlarında yeyib-içiblər: "Həmin vaxt Fəqanın əhvalı çox yaxşı idi. Özünü də çox normal aparırdı. Mən hadisə baş verməsi barədə səhər xəbər tutdum."
Daha sonra ifadə verən təqsirləndirilən şəxsin qardaşı və dayısı da digər şahidlərlə eyni məzmunlu ifadə verib.
Bundan sonra təqsirləndirilən şəxs çıxış edərək oğlunun ifadə verməməsini istəyib. Sabiq hakimin vəkilləri də vəsatəti müdafiə ediblər.
Hakimlər yerində müşavirədən sonra vəsatətin baxılmamış saxlanılmasını elan edib.
Növbəti proses sentyabrın 16-a təyin olunub.
Qeyd edək ki, bu il mayın 30-da paytaxt sakini Əhmədova Pərvanə Süleyman qızının qəsdən öldürülməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılıb.
İstintaqla Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin hakimi vəzifəsində işləyən Əhmədov Fəqan Rövşən oğlunun 30 may 2021-ci il tarixdə, saat 23 radələrində Bakı şəhəri Sabunçu rayonu, Nardaran qəsəbəsi, "Ləhiş bağları" adlanan yaşayış massivində birgə yaşadıqları evdə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı özünə məxsus ov tüfəngindən atəş açaraq arvadı Pərvanə Əhmədovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Fəqan Əhmədov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
26-08-2021, 14:01 | Karantini pozan yas mərasimi aşkarlandı

Saatlı rayonunda karantin qaydalarının pozulduğu yas mərasimi aşkar edilib.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə keçirdikləri tədbirlər nəticəsində rayonun Nərimankənd kənd Vasif Seyfullayevin fərdi yaşayış evinin həyətində yas mərasimi aşkar edilib.
Qayda pozuntularına yol vermiş ev sahibi ilə izahedici söhbətlər aparılıb və həmin şəxs barəsində inzibati qaydada tədbirlər görülüb.
26-08-2021, 13:56 | Azərbaycan millisinin sabiq hücumçusu: "Şalke"yə keçməklə arzuma çatdım"

"Qol vuracağımı bilirdim. Çünki komanda məni çox yaxşı qarşıladı və öz yolumu asanlıqla tapdım. Əslində gərgin idim, çünki daha əvvəl ABŞ-da bir mövsüm oynadım".
Bunu Almaniya "Şalke"sinin əvəzedici komandasının yeni transferi olan Azərbaycan millisinin sabiq futbolçusu Rüfət Dadaşov Regional Liqanın III turunda Mönhenqladbax "Borussiya"sına vurduğu qol barədə danışarkən deyib.
73-cü dəqiqədə fərqlənən və bu qolla komandasına 1:0 hesablı qələbə qazandıran 30 yaşlı hücumçu yeni klubuna keçidindən danışıb. Təcrübəli forvard arzusuna çatdığını bildirib: "Hər zaman aparıcı, ən yaxşı futbolçu olmağa çalışmışam. Hazırda "Şalke"nin U-23 komandasında gənclər üçün nümunə olduğumu düşünürəm. Bu, mənim işimdir, vəziyyətimdən razıyam. Əsas komandaya fikir vermirəm. Mənim işim bu kollektivlə bağlıdır".
Qeyd edək ki, son olaraq ABŞ-ın "Finiks Rayzinq" klubunun formasını geyinən Rüfət Dadaşov Almaniyada "Kayzerslautern", "Saarbrükken", "Dinamo" (Berlin) və "Pröyssen" komandalarında da çıxış edib.
26-08-2021, 13:50 | Bizdə daha nərə balığı olmayacaq


Son zamanlar bakılılar tez-tez paytaxt mağazalarında və bazarlardakı piştaxtalarda dəniz balığının qıtlığından şikayətlənirlər. Görəsən, ad çıxarmış Azərbaycan nərə balığı dünyaya səs salmış Bakı kürüsü ilə birgə hara yoxa çıxıb? Bazarlarda və restoranlarda təbii balıq əvəzinə bizə broyler sənayesi ilə yetişdirilmiş "çinli və iranlı nərə" təklif edirlər. Bəs təbii Xəzər nərəsi hara yoxa çıxıb?
Başımıza gələn yeni müsibətin səbəblərini çözmək üçün redaksiyaya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji sərvətlərin tədqiqi mərkəzinin direktoru, bioloji elmlər doktoru, professor Mehman Axundovdan müsahibə alınıb.
- Gəlin söhbətə Xəzər dənizi akvatoriyasının Azərbaycan hissəsində iyul və avqust aylarında keçirilmiş kompleks ekoloji tədqiqatlardan başlayaq.
- 2021-ci ilin iyul-avqust aylarında "Alif Hacıyev" adına elmi-tədqiqat gəmisinin köməyi ilə kompleks dəniz ekspedisiyası keçirildi. Tədqiqatların məqsədi dəniz mühitinin və Xəzər dənizinin bioloji sərvətlərinin ekoloji vəziyyətinin araşdırılması idi. "Alif Hacıyev" gəmisi 10 illik durğunluqdan sonra texniki olaraq bərpa edilib və artıq 3 dəniz ekspedisiyası keçirilib. Cari ildə sonuncu yay ekspedisiyası - ən əhəmiyyətlisi və nisbətən davamlısı Elmlər akademiyasının iştirakı ilə gerçəkləşib. Hər il eyni vaxtda, məhz iyul-avqust aylarında Xəzəryanı ölkələrin hər biri öz iqtisadi zonasında nərəkimilər və digər ovluq balıq növlərinin ehtiyatlarını müəyyənləşdirmək üçün bu cür tədqiqatlar keçirir. Gələcəkdə bu gəminin istifadəsi digər Xəzəryanı ölkələrin tədqiqatçıları da cəlb olunmaqla Xəzərin ekosisteminin monitorinqi üçün müntəzəm şəkildə bu cür dəniz ekspedisiyaları keçirməyə imkan verəcək.
- Keçirilmiş dəniz tədqiqatlarının nəticələrinə görə Xəzər dənizinin vəziyyətini necə qiymətləndirirsiniz?
- Xəzər dənizinin vəziyyətinə planetin bütünlüklə ətraf mühitinin vəziyyətindən ayrı baxmaq mümkün və düzgün deyil. Xəzərin vəziyyəti həm iqlim dəyişikliyinin, antropogen iqtisadi fəaliyyətin təzyiqinin artmasının ayrılmaz hissəsidir, həm də qlobal istiləşmənin doğurduğu yanğınların, sellərin, buzlaqların əriməsi və dünya okeanının səviyyəsinin yüksəlməsi, atmosfer prosesinin və okean cərəyanının dəyişməsi, bioloji müxtəlifliyin azalması ilə bağlıdır.
Planetimiz özlüyündə vahid orqanizmdir və son 5-10 il ərzində onun daxili, qarşılıqlı əlaqəli proseslərinin daxili tarazlığı əhəmiyyətli dərəcədə pozulub. Məhz bu səbəbdən son zamanlar tez-tez təbii fəlakətlərin şahidi oluruq ki, onlar insan həyatının imkanlarını daha çox məhdudlaşdırmağa başlayır. Bu cür dəyişikliklər Xəzər dənizində də baş verir. Belə ki iyul-avqust aylarında Xəzər dənizinin Azərbaycan sektorunda - şimalda Yalama akvatoriyasından cənubda Astarayadək dənizin 100 metr dərinliyində kompleks şəklində keçirdiyimiz dəniz tədqiqatlarının nəticələri də bunu göstərir. Təkrar edirəm, biz bu kompleks şəklində tədqiqatları 2011-ci ildən 10 il sonra ilk dəfə keçirdik.
Təəssüf ki, Azərbaycan Balıq təsərrüfatı Elmi-tədqiqat İnstitutu tərəfindən 1938-ci ildən başlayaraq stansiyalarda aparılan kompleks tədqiqatlardakı bu cür böyük fasilə bizə son 10 ildəki bütün dəyişikliklərin ardıcıllığını detallı şəkildə izləməyə imkan vermədi.
- Keçirilmiş ekspedisiyanın nəticələri əsasında Xəzər dənizinin bioloji sərvətlərinin hazırkı vəziyyəti barədə nə söyləyə bilərsiniz?
- Son 10 il ərzində Xəzər dənizində baş vermiş iqlim dəyişiklikləri su bioloji sərvətlərinin həcmini əhəmiyyətli dərəcədə azaldıb. Xəzər dənizinin bioloji sərvətlərinin vəziyyətini dənizin ona tökülən çaylarla bilavasitə əlaqəsi ilə qiymətləndirmək lazımdır. Havanın hərarətinin anomal şəkildə artmasını hətta qış mövsümündə müşahidə etmək olar. 2010-cu ildən sonra Kür çayının illik axın həcmi, demək olar ki, 40-50% azalıb, analoji proseslər Xəzərə həmişə çay axınının təxminən 85%-ni təmin edən Volqada da qeydə alınır. Atmosfer istiliyinin iqlim yüksəlməsi fonunda dəniz suyunun intensiv şəkildə buxarlanması dəniz suyunun səviyyəsinin 1,5 metrədək azalmasına gətirib çıxarıb. Hətta buna baxmayaraq, son illər Kürün axını azaldığından, dəniz suyu onun məcrasını düz Səlyanadək doldurmağa başlayıb. Sözsüz ki, nəticədə karp, nərəkimilər və qızılbalıqkimilər fəsiləsindən olan balıqlar kürü tökmək və təbii şəkildə artmaq üçün Kürə keçə bilmir. Bu proses son 5-6 ildə müşahidə olunur və deməli, balıq ehtiyatı yenilənmir, əksinə, getdikcə azalır. Bütün bunlar təkcə qiymətli ovluq balıqların deyil, həm də ümumilikdə Xəzərin endemiya ixtiofaunasının biomüxtəlifliyinin azalması təhlükəsini doğurur.
- Xəzərin bioloji sərvətlərinin azalmasının əsas səbəbini nədə görürsünüz?
- Tədqiqatlarımız göstərir ki, 2021-ci ilin yay mövsümündə havanın hərarətinin anomal şəkildə yüksək olması dəniz suyunun temperaturunun yüksəlməsinə gətirib çıxarıb. Bu xüsusilə də dəniz suyunun üst qatlarında özünü büruzə verib. Belə ki həmin qatlarda suyun hərarətinin dərəcəsi 2011-ci illə müqayisədə 5C çox olub. Cənubi Xəzərin bəzi akvatoriyalarında suyun temperaturu 31C-dək yüksəlib. Yüksək hərarət sözün hərfi mənasında Xəzərin zooplanktonunun biomüxtəlifliyini yandırır ki, nəticədə onun sayı və biokütləsi, demək olar ki, 10 dəfə azalıb. Bununla da kilka və digər xırda balıqların, o cümlədən siyənək fəsiləsindən olan balıqların yem ehtiyatı azalıb. Məlum olduğu kimi, daha iri balıqlar - nərəkimilər, qızılbalıqkimilər və hətta Xəzər dənizinin endemiki, planetdə ən kiçik suiti sayılan Xəzər suitisi onlarla qidalanır.
Müşahidələrimiz göstərir ki, iyul-avqust aylarında dəniz suyunun hərarətinin qalxması göy-yaşıl yosunların koloniyasının kütləvi şəkildə inkişafına və Cənubi Xəzərin 50 metrdən çox dərinliyi olan akvatoriyalarında suyun səthinin yosunla örtülməsinə gətirib çıxarıb. Anomal yüksək temperatur fonunda, küləksiz hava şəraitində bu, planktonun və balıqların həyatı üçün əlverişsiz şərait yaradır, nəticədə oksigenin miqdarı azalır və son olaraq dənizin geniş ərazisində balıqlar kütləvi şəkildə qırılır. Gəlin bu yay dənizin müxtəlif hissələrində balıqların kütləvi şəkildə qırılmasını xatırlayaq, belə ki keçirdiyimiz tədqiqatların nəticələri ümumilikdə Xəzər dənizi boyu ümumi təmayülü səciyyələndirir. Bunu digər Xəzəryanı ölkələrdən olan həmkarlarımızla müzakirələrimiz də təsdiqləyir.
Son 10 il ərzində Xəzərdə iqlim dəyişikliyi nəticəsində dənizin ekosisteminin yeni vəziyyəti formalaşıb. Dövr kəsimlərində tədqiqat məqsədilə apardığımız balıq ovu balıq ehtiyatının yüz dəfələrlə azaldığını təsdiqləyib.
Yaşayış mühitinin temperaturunun artması fonunda plankton qrupunun dəyişməsi müxtəlif balıq növlərinin populyasiyalarının Cənubi Xəzərdən nisbətən soyuq Orta Xəzərə yerdəyişməsinə səbəb olub. Dibdə yaşayan balıqların (kütüm, kefal, nərəkimilər və digərləri) qidalandığı zoobentos orqanizmlər də suyun temperaturunun artması səbəbindən dənizin daha sərin rayonlarına yerini dəyişib. Hazırda qlobal və məhəlli iqlim dəyişikliklərinin nəticəsində Xəzərin ekosistemi burada nə vaxtsa kütləvi şəkildə yaşamış plankton və zoobentos növlərinin yox olması, həmçinin tədqiqatçılarımızın aşkar etdiyi yeni növlərin meydana çıxması ilə xarakterizə olunur. Şübhəsiz, bu, ən yaxın zamanda nəinki balıqların növ müxtəlifliklərinin azalmasına, həm də Xəzər bölgəsində balıq ovlanmasının sosial-iqtisadi vəziyyətinə təsir edəcək. Odur ki, Xəzərin ekosistemindəki proseslərin inkişafını izləmək, hökumətə balıq ovu kvotasının təyini və korrektəsi ilə bağlı vaxtında ekspert təklifləri vermək üçün illik və mövsümi kompleks ekoloji tədqiqatlar aparmaq vacibdir.
- Balıq ehtiyatlarının azalmasına iqlim dəyişikliklərindən başqa daha hansı faktorlar təsir edir?
- Brakonyerlik, qanunsuz balıq ovu 1990-cı illərdə Xəzərdə balıq ehtiyatını on dəfələrlə, o cümlədən nərəkimilərin ehtiyatını təxminən 30 dəfə azaltdı. Bundan əlavə, dənizdə istənilən digər antropogen, məsələn iqtisadi fəaliyyət balıq populyasiyasının yaşayış məkanını limitləyir və onların ehtiyatını azaldır. İndi müşahidə olunan iqlim dəyişikliyinə və artan artropoloji təzyiqə qədər bugünlük də Xəzərdə 1980-cı illərin sonlarında 30 min tondan çox (Azərbaycan - 5 min ton) nərəkimilər, 54 min ton (Azərbaycan - 20 min tona yaxın) kilkə ovlanırdı, qara kürünün istehsalı 2 min tona çatırdı. Apardığımız dəniz tədqiqatlarının nəticələrinə əsasən təkcə peşəkar və həvəskar balıqçılara yox, bütün vətəndaş cəmiyyətimizə müraciət etmək istərdim ki, hazırki iqlim dəyişikliyi və artan antropogen iqtisadi fəaliyyət fonunda formalaşan Xəzərin ekosisteminin indiki yeni vəziyyəti heç vaxt 30-40 il əvvəlki kimi olmayacaq. Xəzərdə qiymətli ov balıqlarının əvvəlki ehtiyatı artıq yoxdur. Bildiyiniz kimi, sentyabrın 1-də təbii su hövzələrində, o cümlədən Xəzərdə balıq ovuna qoyulmuş qadağanın vaxtı bitir. Odur ki, bütün balıqçılara müraciət edirik: qanunsuz ov ləvazimatından, görünməz tilov itindən hazırlanan tordan istifadə etməyin, bunlar cavan balıqları və balıqların bütün populyasiyasını məhv edir.
- Balıq ehtiyatının bərpası üçün nə etmək lazımdır?
- Azərbaycan digər Xəzəryanı ölkələr kimi, Xəzər dənizinə və daxili hövzələrə qiymətli cavan ovluq balıqların təkrar istehsalı və suya buraxılması ilə məşğuldur. Ancaq bu fəaliyyət Xəzərin ekosisteminin dəyişməsinin indiki vəziyyətində tam effektiv olmur. Səmimi etiraf etmək lazımdır ki, təbiətdən ovlanan balıq məhsullarının əvvəlki çeşidliliyi və bolluğu olmayacaq. Dəqiq anlamalıyıq ki, balıqların təbii ehtiyatları cəmiyyətin balıq məhsullarına artan tələbatı ilə tutuşdurula bilməz.
2011-ci ilə - Xəzəryanı ölkələr nərəkimilərin kommersiya ovuna moratorium tətbiq edənə qədər Azərbaycanın nərə kimi balıqlarına ovu üçün kvotası 90 ton idi. Hazırda nərəkimilərin akvakultura fermalarının artan fəaliyyəti daxili bazara 300-400 ton balıq əti çıxarmağa imkan verir. Ölkəyə digər ölkələrin akvakulturasının məhsulu da idxal olunur. Balıq məhsullarına olan tələbat akvakulturaların inkişafının vacibliyini və iqtisadiyyatın bu sahəsində dövlət strategiyasının (proqramının) qəbul olunmasını diqtə edir. Xəzər dənizi və digər təbii hövzələr bizim balığa olan tələbatımızı daha ödəyə bilmir. Şəhərlərimizdəki bazarlarda ovlanmış dəniz balığını getdikcə daha az görürük, piştaxtalarda akvakulturada yetişdirilmiş balığın miqdarı artır. Və bu, dövrümüzün reallığıdır, deməli müxtəlif balıq növlərinin yetişdirilməsinin broyler sənaye tipini inkişaf etdirmək zəruridir. Necə ki, bunu kənd təsərrüfatının digər sahələrində - quşçuluqda, heyvandarlıqda, bitkiçilikdə müşahidə edirik.virtualaz.org
26-08-2021, 13:44 | Şuşanın əsl sahibləri qayıdıb, biz birdəfəlik buraya köçüb yaşayacağıq - Şuşa sakini

Əhd etmişdim ki, Şuşaya gedəndə bayrağımızı aparım, öz ata yurdumda, həyat yoldaşımın yaşadığı yerdə, Qayabaşında sancım.
Bunu Trend-ə açıqlamasında Şuşa sakini, hazırda bir qrup sakinlə Şuşa şəhərinə səfər edən Məlahət İbrahimova deyib.
M.İbrahimova bu gün şuşalılarla birlikdə doğma yurdlarında yenidən olmağın sevincini paylaşıb:
"30 il öncə erməni işğalı zamanı həyat yoldaşımın da sakinlərin Şuşadan çıxarılmasında çox böyük köməyi olub. Axır ki, bu həsrətimizə son qoyuldu. Bu gün mən şadam ki, öz şuşalılarımın içərisindəyəm. Bunun üçün Ali Baş Komandanımıza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin".
Qeyd edək ki, bu gün bir qrup Şuşa sakini Şuşaya səfər ediblər.
Sakinlər Cıdır düzü, Qala divarları, Gəncə qapısı, şəhərin simvolları olan və Ermənistan Silahlı Qüvvələrinin 1992-ci ildə Şuşanı işğal edərkən gülləbaran etdikləri Üzeyir Hacıbəyli, Xurşidbanu Natəvan və Bülbülün heykəllərini, Yuxarı və Aşağı Gövhər Ağa məscidlərini ziyarət ediblər.
26-08-2021, 13:37 | Azərbaycan sülhməramlıları Əfqanıstandan çıxarıldı

Əfqanıstan İslam Respublikasının Kabil Beynəlxalq Hava Limanında xidməti vəzifələrini yerinə yetirən 120 nəfərdən ibarət Azərbaycan sülhməramlısı tam heyətdə avqustun 26-da gecə saat 01:00 radələrində bu ölkədən çıxarılıb.
Müdafiə Nazirliyindən verilən məlumata görə, hazırda sülhməramlılarımız və onlara məxsus silah, hərbi əmlak hava yolu ilə Ankara şəhərinə daşınıb. Qısa müddətdə hərbi qulluqçularımızın Vətənə qayıdışı planlaşdırılır.
Qarşıya qoyulan tapşırıqları qardaş Türkiyə qüvvələri ilə birlikdə müvəffəqiyyətlə yerinə yetirən Azərbaycan sülhməramlıları xidməti vəzifələrini yüksək peşəkarlıqla icra edərək Əfqanıstanda təhlükəsizliyi təmin edib.
16-06-2021, 07:41 | Süfrədə şorbaların olmaması hansı problemlər yarada bilər

Həm uşaq bağçasında, həm də məktəbdə uşaqlar həmişə şorba ilə qidalanır. Uşaqlıq dövründə hər bir insan ən azı bir dəfə şorba yeməyin nə qədər vacib olduğunu eşidib. Bununla belə, yetkin yaşda bir çox insan bu qaydaya əməl etmir. Kimsə şorbanı sevmir, kiminsə onu hazırlamağa vaxtı yoxdur.
Düzgün qidalanmada maye qidaların rolu əvəzolunmazdır. Tərəvəz şorbaları stimullaşdırıcı və profilaktik xüsusiyyətlərə malikdir, lakin bəzi insanlar, maye qidaların mədə şirəsinə qarışaraq həzm prosesinə mane olduğunu iddia edir. Qastroenteroloqların bildirdiyi kimi, şorbalar qida rasionundan xaric edilməməlidir. Həqiqət budur ki, istənilən bulyon - istər ət olsun, istər tərəvəz - ekstrakt maddələrlə zəngindir. Məsələn, ət bulyonundakı jele tərkibli maddələr əzələ və qığırdaq toxumalarını gücləndirməyə kömək edir. Digərləri də öz növbəsində bağırsaq hərəkətliliyini dəstəkləyən maddələrin istehsalını stimullaşdırır və bütün tullantıların vaxtında bədəndən çıxarılmasında rol olynayır. Şorbadan imtina edildiyi zaman qəbizlik, fermentasiya və toksinlərlə qarşılaşmaq mümkündür. Həkimlərin fikrincə, xüsusi tibbi göstəriş olmadan hər gün şorba yeməyə ehtiyac yoxdur. Vaxtaşırı maye qidaları istehlak etmək kifayət edər.
//milli.mz/
16-06-2021, 07:38 | “iOS 15” sistemini dəstəkləyən “iPhone” modelləri açıqlanıb

2015-ci ildə buraxılan "iPhone 6s" və "6s Plus" smartfonları "iOS 15" əməliyyat sistemi dəstəyi ilə təchiz ediləcək. Bu barədə iyunun 7-də keçirilən təqdimatda elan olunub.
Smartfonlar üçün yeni əməliyyat sistemi 2015-ci ildə buraxılan "iPhone 6s" və "6s Plus" smartfonlarından tutmuş, bütün "iPhone" modellərinədək əlçatan olacaq. Həmçinin əməliyyat sistemini 2016-cı ilin yazında təqdim edilən orijinal "iPhone SE" modelinə quraşdırmaq mümkün olacaq. Beləliklə, smartfonlar üçün nümayiş olunan proqram təminatı "iOS 14" və "iOS 13" əməliyyat sistemlərinin idarəetməsi ilə işləyən bütün qurğulara quraşdırılacaq. Bundan başqa, yeddinci nəsil "iPod touch" pleyeri "iOS 15" dəstəyi ilə təchiz olunacaq.
Planşetlər üçün aktual əməliyyat sistemi beşinci nəsil "iPad" və birinci nəsil "iPad Air 2", 11 və 12,9 düymlük "iPad Pro" modellərindən başlayaraq şirkətin bütün qurğuları üçün buraxılacaq. Yeni əməliyyat sistemini dəstəkləyən qurğu kimi "iPad mini 4" modeli də qeyd olunur.
"watchOS 8" "ağıllı" saatları üçün əməliyyat sistemi "Apple Watch Series 3" modelindən başlayaraq bütün qurğularda yer alacaq. Kompüterlər üçün "macOS Monterey" adlı yeni əməliyyat sistemi 2015-ci il buraxılışlı "iMac", 2017-ci il "iMac Pro", 2013-cü il "Mac Pro", 2014-cü il "Mac mini", 2015-ci il "MacBook Pro", 2015-ci il "MacBook Air", 2016-cı il "MacBook" və ən yeni qurğularda buraxılacaq. "iOS 15" və digər əməliyyat sistemlərinin son versiyaları payızda təqdim ediləcək.
"iOS 15" və şirkətin digər məhsullarının nümayişi "WWDC-2021" konfransının ilk günündə baş tutub.
//ictnews.az//