30-07-2020, 16:15 | UNEC tələbəsinin startapı ölkə üzrə qalib olub

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbəsi Birləşmiş Krallığın dəstəyilə “British Council” tərəfindən keçirilən “Creative Spark” müsabiqəsində ölkə çempionu olub.
Onlayn keçirilən yarışda UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin “Biznesin idarəolunması” ixtisası üzrə 3-cü kurs tələbəsi Məhəmməd Kekalovun “Kekalove adaptive fashion” biznes ideyası həm ölkə (Country champion), həm də “Sosial təsir” kateqoriyası üzrə qalib olub.
Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Azərbaycan, Gürcüstan, Ermənistan və Ukraynanın təmisl olunduğu biznes yarışının məqsədi Birləşmiş Krallıq da daxil olmaqla, 7 ölkədə sahibkarlıq təhsilini dəstəkləyəcək tərəfdaşlıqların qurulması, biznes mərkəzlərinin yaradılması, o cümlədən gənclər üçün ingilis dili və sahibkarlıq mövzusuna aid təlimlərin keçirilməsidir.
Layihənin tərkib hissəsi olan “Big idea” video yarışında iştirak edən 7 ölkənin ali təhsil müəssisələri tərəfindən 3 kateqoriya üzrə “Rəqəmsal texnologiya” (Digital technology), “Sosial təsir (Social impact) və “Yaradıcı” (Creative) videolar təqdim olunub.
UNEC tələbəsinin “Kekalove adaptive fashion” biznes startapı müsabiqədə “Sosial təsir” kateqoriyasında iştirak edib. Biznes startap əngəlli şəxslərin fiziki məhdudiyyətlərini nəzərə alan xüsusi geyimlər dizayn və istehsal edir. Layihəyə əsasən, əngəlli şəxslərin geyim seçimləri ilə bağlı öncədən sorğu təşkil olunur. Sonra isə onların əngəllərinə uyğunlaşdırılmış adaptiv geyimlər hazırlayır. Dünyada 1 milyarddan çox əngəlli şəxs var ki, onların 190 milyona yaxını gündəlik həyatda geyimlə bağlı ciddi çətinliklərlə üzləşir. UNEC tələbəsinin startapı da məhz bu problemin həllinə yönəlib.
Yarışın növbəti mərhələsində M.Kekalov Azərbaycanı beynəlxalq arenada təmsil edəcək.
Məhəmməd Kekalov biznes ideyasının inkişaf etdirilməsində ISE Start-up Klubunun keçirdiyi təlimlərin çox böyük rol oynadığını və ideyanın reallaşdırılmasında müəllimlərinin ona dəstək göstərdiyini bildirib.(virtualaz.org)
6-07-2020, 12:00 | Rusiya Premyer Liqasında qalib müəyyənləşdi

Rusiya Premyer Liqasında 2019/2020 mövsümünün qalibi müəyyənləşib.
Bu, ötən mövsümün də qalibi olan "Zenit"dir. Sankt-Peterburq təmsilçisi 26-cı turda "Krasnodar"a 4:2 hesabı ilə qalib gələrək xalını 62-yə çatdırıb və ən yaxın izləyicisi "Lokomotiv"lə xal fərqini 13-ə yüksəldib. Bununla da komanda turnirin bitməsinə 4 tur qalmış çempionluğu rəsmiləşdirib.
Bu, "Zenit"in ardıcıl 2-ci, ümumilikdə isə 6-cı çempionluğu olub.
19-06-2020, 06:24 | ''Əvvəllər korset çox korset geyinərdim''

Dünyaca məşhur modelyer Viktoria Bekhem əvvəlki geyim tərzini bəyənmədiyini etiraf edib.
Dizayner, model və müğənni kimi tanınan Viktoria Bekhem əvvəllər dar libaslar geyindiyini və bunu özünə güvənsizlik əlaməti olduğunu deyib. O ''Spice Girls'' qrupunda olarkən stilistin onu geyindirdiyini, şəxsi həyatında heç zaman dizaynerlə çalışmadığını etiraf edib.
''Əvvəllər korset çox korset geyinərdim. İndi isə daha rahat libaslar geyinməyə üstünlük verirəm. Hündürdaban ayaqqabıya üstünlük verməməyin səbəbi isə həm həyat yoldaşı, həm ana, həm də iş xanımı olduğum üçündür. Çünki eyni anda bir neçə işin arxasınca qaçıram''. (ölkə.az)
17-06-2020, 08:15 | Oksana Ciqanla boşanmadı

İş xanımı Oksana Samoylova və reper Ciqan boşanmaq fikrindən daşınıblar.
Onlardan heç biri boşanma işinin baxıldığı Moskvanın Qolovin məhkəməsinin iclasında iştirak etməyib. İş tərəflərin barışdığına görə bağlanıb.
Xatırladaq ki, O.Samoylova martın sonlarında Ciqanın yalan və xəyanətlərinə görə ondan boşanacağını açıqlamışdı. Bundan əlavə, reperin narkoloji klinikada müalicə olunduğu bildirilirdi. Oradan çıxandan sonra evinə dönən artist sosial şəbəkələr vasitəsilə həyat yoldaşına dəfələrlə sevgi etirafı etmişdi.
Qeyd edək ki, Ciqan və Oksana 2012-ci ilin dekabrında ailə həyatı qurublar. Onların üç qızı (Ariela, Leya, Maya) və bir oğlu (David) var.
15-06-2020, 20:44 | 441 futbolçu təzminat üçün FİFA-ya müraciət edib

441 futbolçu maddi təzminat üçün FİFA-ya müraciət edib.
Onlar ali futbol qurumundan maaşlarının ödənilməsini tələb edib.
Həmin oyunçuların klubları koronavirus pandemiyası səbəbindən borcu ödəyə bilməyənlər, iflas uğrayanlardır. FİFA-ya müraciət edən futbolçuların 81 faizi Avropa klublarında çıxış edir. Qurum Peşəkar Futbolçular Assosiasiyalarının Beynəlxalq Federasiyası (FİFPro) tərəfindən müraciətləri qəbul edir.
Klubları müflisləşdiyi üçün maaşlarını ala bilməyən futbolçularla bağlı fond yaradılacaq. Həmin fond iyulun 1-dən fəaliyyətə başlayacaq. ApA
15-06-2020, 20:40 | "Eurovision 2021"in keçiriləcəyi vaxt məlum olub

"Eurovision 2021" Beynəxlaq Mahnı Müsabiqəsinin keçiriləcəyi tarix məlum olub.
Yarımfinal mayın 18 və 20-də, final isə 22-də keçiriləcək.
Müsabiqə gələn il Rotterdam şəhərində təşkil olunacaq.
"Eurovision" Beynəlxalq Musiqi Müsabiqəsinin şərtlərinə görə, bu ilin mahnıları 2021-də təqdim eilə bilməz.
Qeyd edək ki, "Eurovison 2020" Beynəxlaq Musiqi Müsabiqəsi koronavirus pandemiyasına görə bu il təxirə salınıb. APA
15-06-2020, 20:30 | Azərbaycanda daha 367 nəfər koronavirusa yoluxub, 3 nəfər vəfat edib

Azərbaycanda 367 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 156 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu barədə milli.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.
Qeyd olunub ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.
15-06-2020, 08:53 | Anasının yarımçıq qoyduğu işi uğurla davam etdirən gənc - Portret

Rüstəm Məmmədov: "Fransaya iddialı idmançı kimi getmək istəyirəm"
Yazını təqdim edir.
Bəzi ölkələrdə futbol üzrə daxili çempionatların azarkeşsiz keçirilməsi şərti ilə bərpa olunduğunu istisna etsək, koronavirus pandemiyasının təsiri ilə idmanda yaranmış durğunluq dövrü hələ də davam edir. Uzun zamandır dəyişməyən qeyri-müəyyənlik fonunda qarşıdakı aylarda keçirilməsi planlaşdırılan əhəmiyyətli yarışların taleyi də ciddi sual altındadır. Odur ki, təəssüf, yeni qaliblərlə görüşünüzə gələ bilmirik. Ancaq yaxın tarix imkan verir ki, karantin günlərində də oxucularımızın qarşısında əliboş qalmayaq. Məsələn, dünyamızın öz axarı ilə davam etdiyi əvvəlki il idmanımız adına bir elə uğurlu hesab olunmasa da, bəzi növlərdə kifayət qədər əlamətdar hadisə ilə xatirələrə yazıldı. Bu mənada nəzəri, ilk olaraq şahmat və atletika cəlb edir. Yadınızdadırsa, ötən ilin yazı ərəfəsində, daha doğrusu, mart ayında hamımız böyük sevinc içərisində idik. Şotlandiyanın paytaxtı Qlazqoda keçirilən atletika üzrə qapalı məkanda Avropa çempionatından gələn tarixi qələbə xəbərinin doğurduğu rezonans uzun müddət effektini itirmədi, çempion Nazim Babayevin haqqında danışıldıqca danışıldı. Axı biz uzun illər idi ki, atletika uğurlarına ac idik. Hətta ölkə mediasında zaman-zaman "nə futbol, nə də atletika bizlik deyil" kimi fikirlər səsləndirilib. Belədə, "idmanın kraliçası"nda əldə olunan istənilən nailiyyətə yer ayırıb, təbliğat aparmaqda bir zərər yoxdur ki, böyük fayda var. Həm də nəzərə alaq ki, atletika bizdə tək Babayevdən ibarət deyil. Müəyyən aralarla diqqət çəkən gənc və perspektivli atletlərimiz olub. Yeniyetmələr arasında Avropa çempionatının və digər beynəlxalq yarışların mükafatçısı Rüstəm Məmmədov kimi.
Akrobatikadan həndbola qədər
2001-ci ildə Bakıda dünyaya gələn, 12 yaşında atletikaya yazılan Rüstəmin, az qala, bütün yaxın qohumları idmanla məşğul olub. Onların arasında boksçu da var, həndbolçu da, kartinqçi də. 277 saylı idman təmayüllü məktəbdə təhsil alan, hələ lap uşaq ikən akrobatikaya gedən, bir neçə ilini həndbola həsr edən, içindəki futbol sevgisini də peşəkar məşqlərə daşıyan Rüstəm, nəhayət, anasının yolunu tutmaq qərarına gəlib. Belə ki, onun anası Tatyana Polyukova uzun illər uzunluğa və üçtəkanla tullanma ilə məşğul olaraq, SSRİ miqyasında müəyyən nəticələr qazanıb. Ancaq tullanmalar üzrə idmançıların üzləşdiyi sıx zədə səbəbindən, karyerasını erkən bitirmək məcburiyyətində qalıb.
Vaxt, məqam yetişəndə, Rüstəm "Anamın yarımçıq qalan arzularını həyata keçirəcəyəm" deyib, elə T. Polikovanın dəstəyi ilə Respublika Olimpiya Mərkəzinə üz tutur. Beləcə, Nazim İsrafilovun yanında atletika məşqlərinə başlayır, sonradan Sergey Antipovun yanında davam edir. Azərbaycanda tullanmalar üzrə idman məktəbinin inkişafında böyük xidmətləri olmuş əməkdar məşqçi Aleksandr Antipovun oğlu ilə Rüstəmin beş illik, indiyədək davam edən birgə hazırlıq təcrübəsi var.
Bir il sonra həmin şəhərdə: 86 sm sıçrayış və...
Hündür boyu, çevikliyi, növ üzrə idmançıların dili ilə desək, partlayış qüvvəsi, onu yaşıdlarından fərqləndirirdi. Odur ki, bir ildən bir qədər çox davam edən ümumi məşqlərdən sonra yarışlara çıxan Rüstəm, uzunluğa tullanma üzrə respublika birinciliklərində ilk nəticələrini qazanmağa başlayır: bürünc, gümüş, çox keçmir ki, zirvəyə yüksəlir. Sürətlə nəticələrini yaxşılaşdıran yeniyetmə, bir vaxtdan sonra artıq öz yaşıdları arasında ölkənin ən yaxşısı idi. Beynəlxalq uğurlarına gəldikdə, Məmmədov, 2017-ci ildə Macarıstanın Gyor şəhərində keçirilən Avropa Gənclərinin Yay Olimpiya Festivalında beşinci, bir il sonra qeyd olunan şəhərin ev sahibliyi etdiyi Avropa birinciliyində bürünc medalın sahibi olub. O, AGOF-da 14.30 nəticə göstərmişdisə, AÇ-də bunu nə az, nə çox, 86 santimetr yaxşılaşdırmağı bacarmışdı.
Şəxsi rekordunu cari ilin əvvəlində baş tutan respublika yarışında yeniləyərək, 16.10 metr nəticə göstərən Rüstəm, habelə, Makedoniyada keçirilən qitə liqasında ikincilik qazanıb, fevralda 20 yaşadək atletlər arasında təşkil olunan "International Match"(Belarus, Minsk) turnirində isə bayrağımızı fəxri kürsünün ən yüksək pilləsinə sancıb. 19 yaşlı idmançı 7 illik yüngül atletika karyerası ərzində olimpiada həyəcanı da yaşamağa fürsət tapıb. Belə ki, o, 2018-ci ildə Buenos-Ayresdə təşkil olunan Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında ölkəmizin idman şərəfini qoruyub.
Qaçılmaz "kabus"
Burada haşiyə çıxaraq, məlumatı olmayanlar üçün qeyd edək ki, tullanmalar üzrə idmançılar ən çətin və ya ağır növ hesab edilən "üçtəkan"adək, adətən bir müddət uzunluğa tullanmada qüvvəsini sınayırlar. Yuxarıda vurğuladığımız kimi, bu, zədəyə həddən artıq meyilli növdür. Ağırlıq əsasən belə düşdüyündən, bədənin bu nahiyəsindən ağır zədə almaq ehtimalı böyükdür. İşini nə qədər ehtiyatlı tutsan da, səni qarabaqara təqib edən xəsarətlərdən qaça bilmirsən. Zamanla, Rüstəm belə sınaqlarla üz-üzə qalsa da, hər dəfə onlardan başıuca çıxmağı bacarıb. Təbii ki, xarakteri, ən başlıcası, işinə olan yenilməz sevgisi sayəsində.
Neytral: "Yalandan niyə deyim ki..."
"Tokio 2020"-nin bir il müddətinə təxirə salınmasına üzülənlər qədər, sevinənlər də çoxdur. Əlbəttə, söhbət idmançılardan gedir. Lisenziya normativini yerinə yetirə bilməyənlər üçün bu, indiki halda əlavə şans deməkdir. Bəs Rüstəmlə bağlı vəziyyət necədir?
Dediyindən belə qənaətə gəldik ki, o, buna neytral yanaşır: "İki-üç il əvvələ qədər bununla bağlı sual versəydiniz, deyərdim, hə, hədəf Tokiodur. Ancaq təəssüf, alınmadı. İndi yalandan niyə deyim ki, bacara bilərəm? Bu, mümkün deyil. Hədəf Parisdir. Növbəti olimpiya dövrü ərzində əlimdən gələni edəcəyəm ki, ora düşüm. Fransaya sıradan biri olaraq yox, iddialı idmançı kimi getmək istəyirəm".
"İnkişaf üçün bu, çox vacibdir"
Azərbaycanda yüngül atletika deyərkən, ilk yada düşən ad şübhəsiz, Türkiyə bayrağı altında dünya və Avropa çempionluğu qazanan millimizin sabiq üzvü Ramil Quliyevdir. O Quliyev ki, 200 metr məsafəyə qaçış üzrə yarışda dünyaca məşhur rəqiblərini geridə qoyub, London arenasını fəth edəndə,
hər birimiz qarışıq duyğular içərisində idik. İndi də ondan söz açmağımız əbəs deyil. Sual yaranır ki, Rüstəm Azərbaycandakı ab-havadan razıdırmı?
- İndi işin maddi tərəfini, demək olar, heç düşünmürəm. Normal məşq etmək üçün kifayət edəcək qədər şərait, imkan var. İstisna deyil ki, sonrakı dövrdə ölkə xaricində hazırlaşım. İnkişaf üçün bu, çox vacibdir. Ancaq o halda belə, təmsil etdiyim ölkəni dəyişməyəcəyəm. Bayraq, himn mənim bir nömrəli motivasiya mənbəyimdir.
"Ən böyük dəstəkçim anamdır" deyir. T. Polyukovanın yarımçıq qoyduğu işi uğurla davam etdirdiyini düşünsə də, hələ qarşısına qoyduğu məqsədlərin lap cüzi hissəsinə çatdığını etiraf edir: "Qısa vaxtda daha çox iş görmək mümkündür. Ancaq birdən-birə çox yüklənmək fəsadlar törədir. Özüm zədəyə çox meyilliyəm. Məşqçim də o fikirdədir ki, hər şey mərhələ-mərhələ olsun".
Kumirinin kimliyi bizi qəti təəccübləndirmir. Çünki bu, olimpiya, dünya çempionu, dünya rekordçusu Conatan Edvardsdır. 25 ildir yenilənməyən 18.29 metrlik rekordun sahibindən başqa, qapalı məkanda ikiqat dünya çempionu və ikiqat olimpiya vitse-çempionu Uil Kleyin çıxışlarını heyranlıqla izlədiyini deyir: "İllərdir izləyib sevdiyim atletlərin sayı çoxdur, əslində. Ancaq elə yaş dövründəyəm ki, gərək mən yavaş-yavaş kimlərinsə kumiri olmaq haqqında düşünüm".
Portret
Ümumiləşdirsək, Rüstəm Azərbaycanın üçtəkanla tullanma üzrə idmançıları arasında ikincidir. Bəli, o, sadəcə, təcrübəli Nazim Babayevdən geri qalır. Açığı, yaş üzrə nailiyyətləri arasında paralel aparsaq, yenə də Babayevin ciddi üstünlüyünün olduğunu görərik. Bununla belə, Rüstəm titullu komanda yoldaşının nəticələrini təkrarlamaqla kifayətlənmək niyyətində deyil. "Motivasiya sarıdan heç vaxt korluq çəkməmişəm" deyən istedadlı atlet, özünü istənilən səviyyədə sübut edəcəyinə əmindir: "Başladığın işi yarımçıq qoymaq, mənə görə, ən üzücü haldır. Nə qədər ki, canımda can var, idmanda olacağam".kaspi.az
14-06-2020, 18:46 | Əxlaq nə deməkdir? Əxlaqın ən üstün hədəfi nədir?

Əxlaq elminə tərif verməzdən əvvəl biz gərək əvvəl əxlaqın nə olduğuna nəzər salaq. Əxlaq nədir? Əxlaq sözü xülq sözündən götürülmüş və mənası insanın batini gücü deməkdir. Onu ancaq bəsirət gözü ilə dərk etmək mümkündür.
Əxlaqı üç mənada istifadə edirlər:
1. İnsanda olan batini və ruhi sifətlər, mələkələr - əxlaqdır.
2. Bu əxlaqdan mənbə alan əməl və rəftarlar - əxlaqdır.
3. Əxlaq - bəyənilən əməllərdir.
Bəs əxlaq elmi nədir?
Əxlaq elmi o elmdir ki, yaxşı və pis nəfsani sifətləri və onlara münasib olan rəftar və əməlləri tanıdar. Yaxşı nəfsani sifətləri əldə etmək - bəyənilən əməlləri yerinə yetirmək, pis nəfsani sifətlərdən çəkinmək pis əməllərdən çəkinməklədir. Bu tərifə əsasən əxlaq elmi pis və yaxşı nəfsani sifətləri tanıtdığı kimi, ona uyğun olan əməl və rəftarları da tanıdır. Həmçinin insana fəzilətli sifətlərə çatmağın və rəzil sifətlərdən uzaq olmağın yollarını öyrədir.
Bəs əxlaq elminin hədəfi nədir?
Əxlaq elminin son hədəfi budur ki, insanı həqiqi kamal olan İlahi qürb məqamına çatdırsın. Bunun üçün də insan əxlaqi tərbiyə almalıdır.
Bəs əxlaqi tərbiyə nədir?
Əxlaqi tərbiyə deyildikdə, insanın bəyənilən nəfsani sifətlərə malik olması üçün daxili qüvvə və istedadlarını gücləndirməsi nəzərdə tutulur. Əxlaqi tərbiyə, əxlaq elminin bir hissəsini təşkil edir. Çünki tərbiyənin kökündə əməl və rəftar durduğu üçün, əxlaq elmi onu həqiqi yola tərəf yönləndirir.
Bəs dinimizin nəzərinə görə həqiqi əxlaq hansıdır?
Bu sualın cavabı, əxlaq elminin hədəfində və əxlaqi tərbiyədə gizlənmişdir. Belə ki, əxlaq elminin və əxlaq tərbiyəsinin son hədəfi - insanı kamala və saədətə çatdırmaq və Allaha yaxınlaşdırmaqdır. Ona görə də həqiqi əxlaq - o əxlaqdır ki, insanı saydığımız bu hədəflərə çatdıra bilsin.
Bəs əxlaqın neçə yolu vardır?
1. Filosofların yolu.
2. Peyğəmbərlərin (ə) və nəbilərin (ə) yolu.
3. İslamın xas adamlar üçün yolu.
Filosofların nəzərinə görə əxlaq xüsusi elmdir ki, insanları tərifləyər və tənqid edər. Yaxşı işi ona görə et ki, çünki insanlar onu yaxşı hesab edər. Pis işi görmə, çünki insanlar səni məzəmmət edər. Buna Aristotelin, Fərabinin, İbni Məskuyenin əxlaq nəzəriyyələrini misal çəkmək olar. Ancaq bu yol etimad ediləsi yol olmadığı üçün və bir çox çətinliklərlə qarşılaşdığı üçün, onu həqiqi əxlaq elmi adlandırmaq olmaz. Çünki hədəfində problem vardır. Həqiqi əxlaqın hədəfindən bəzən uzaqlaşır və insanların nəzərlərini daha irəliyə çəkir.
Peyğəmbərlər (ə) və nəbilərin (ə) əxlaq yolu isə odur ki, insanı behiştə aparacaq və cəhənnəmdən çəkindirəcək tövsiyələr və göstərişlər verir. Bu əxlaq elminin hədəfində də Allahın razılığı durur. Amma daha çox cənnət-cəhənnəm kontekstində. Bu yol:
1. İnsan fitrətinə uyğundur.
2. Mənbəyi İlahi vəhy olduğu üçün onda xataya yol yoxdur.
3. Bu yolu getmək hamı üçün mümkündür.
Necə ki, bu yolu Əbuzər, Əmmar, Miqdad, Bilal... getmişdi.
Bəs İslami əxlaqın xas yolu nədir?
İslami əxlaqın xas yolu odur ki, hər nə ki, Allah razılığına səbəb olar - bu, İslam əxlaqının yoludur. Bu yolda behiştə çatmaq və ya cəhənnəmdən uzaq olmaq əsil hədəf deyildir. Burada əsil hədəf - Allah razılığını əldə etməkdir. Çünki əxlaq elminin əsil hədəfi insanı İlahi qürb məqamına çatdırmaqdır.deyerler.org-
8-05-2020, 13:45 | Bakı metrosu sabahdan fəaliyyətini bərpa edir

Yeni növ koronavirus infeksiyası (COVID-19) ilə əlaqədar Azərbaycan Respublikası ərazisində tətbiq olunan xüsusi karantin rejiminin mərhələli yumşalma planına və mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq Bakı Metropoliteninin fəaliyyətinin 9 may 2020-ci il saat 06.00-dan etibarən bərpa edilməsinə dair qərar verilmişdir.
Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən xəbər verir.
Bakı Metropoliteni pandemiya dövründə fəaliyyətini Operativ Qərargahın tələb və qaydalarına, o cümlədən "İctimai nəqliyyatda koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstəriş"ə uyğun olaraq həyata keçirməlidir.
Eyni zamanda metro stansiyalarına yalnız yaşayış yerini SMS icazə ilə, "icaze.e-gov.az" portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayışla tərk edən sərnişinlərin girişinə icazə verilməlidir.
Sərnişinlərin metro stansiyası ərazisində, eləcə də qatarlarda qoruyucu maskalardan istifadəsi və sosial məsafəni gözləməsi mütləqdir.