10-05-2026, 12:30 | Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür

Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür


Bu gün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum günüdür.

Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür.

Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycan Respublikasının Naxçıvan şəhərində anadan olub.

1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) memarlıq fakültəsinə daxil olub, lakin İkinci Dünya müharibəsinin başlanması ona təhsilini başa çatdırmağa imkan verməyib.

Heydər Əliyev 1941-1944-cü illərdə əvvəlcə Naxçıvan Muxtar Respublikası Xalq Daxili İşlər Komissarlığında arxiv şöbəsinin məxfi hissəsinin müdiri, sonra isə Naxçıvan MSSR Xalq Komissarları Sovetində ümumi şöbənin müdiri vəzifələrində işləyib.

1944-cü ilin may ayında dövlət təhlükəsizliyi orqanlarında işə göndərilib.

1949-1950-ci illərdə SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin Leninqraddakı (indiki Sankt-Peterburq) Rəhbər Kadrların Hazırlığı Məktəbində təhsil aldıqdan sonra, 1950-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsində bölmə rəisi təyin edilib.

1957-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) tarix fakültəsinin qiyabi şöbəsini bitirib.

1958-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin əks-kəşfiyyat şöbəsinin rəisi, 1964-cü ildə DTK-nın sədr müavini təyin edilib.

1966-cı ildə Moskvada DTK-nın F. E. Dzerjinski adına Ali Məktəbinin rəhbər heyətin təkmilləşdirilməsi kurslarını müvəffəqiyyətlə bitirib.

1967-ci ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinə təyin edilib və həmin ildə də ona general-mayor rütbəsi verilib.

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyulun 14-də keçirilmiş plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib.

Heydər Əliyev 22 il Azərbaycan SSR Ali Sovetinin və SSRİ Ali Sovetinin deputatı olub. 1974-1979-cu illərdə isə SSRİ Ali Soveti İttifaq Sovetinin sədr müavini vəzifəsini tutub.

1976-cı ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvlüyünə namizəd, 1982-ci ilin dekabrında isə Siyasi Büronun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib. Bu vəzifədə işləyərkən Heydər Əliyev SSRİ-nin iqtisadi, sosial və mədəni həyatının ən mühüm sahələrinə rəhbərlik edib.

Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz olaraq tutduğu vəzifələrdən istefa verib.

Heydər Əliyev 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar, yanvarın 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib.

1990-cı il iyulun 20-də Bakıya qayıdan Heydər Əliyev iki gün sonra Naxçıvana yola düşüb, həmin ildə də Azərbaycan SSR xalq deputatı və Naxçıvan MSSR xalq deputatı seçilib.

1991-ci il sentyabrın 3-də Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri seçilib və müvafiq qanunvericiliyə əsasən həm də Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub. Bu vəzifədə o, 1993-cü ilə kimi çalışıb.

Heydər Əliyev 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis konfransında partiyanın sədri seçilib.

1993-cü ilin may-iyun aylarında ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandığına görə, Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürüb və ölkənin o dövrkü rəhbərliyi onu Bakıya dəvət etməyə məcbur olub.

Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilib, iyunun 24-dən isə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb.

1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib.

O, 1998-ci il oktyabrın 11-də xalqın yüksək fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib.

2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar namizədliyini İlham Əliyevin xeyrinə geri götürüb.

2003-cü il dekabrın 12-də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Amerika Birləşmiş Ştatlarının Klivlend Klinikasında vəfat edib və dekabrın 15-də Bakıda, Fəxri xiyabanda dəfn olunub.

Heydər Əliyev beş dəfə keçmiş SSRİ-nin Lenin ordeni ilə, Qırmızı Ulduz ordeni və çoxsaylı medallarla təltif edilib, iki dəfə Sosialist Əməyi Qəhrəmanı adına, həmçinin müxtəlif ölkələrin ali mükafatlarına, nüfuzlu ali məktəblərin fəxri adlarına layiq görülüb.

12-04-2026, 08:37 | Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib

Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib


Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesablarında Pasxa bayramı ilə əlaqədar paylaşım edib.

Respublica.Az xəbər verir ki, Mehriban Əliyeva Azərbaycanın xristian icmasını bayram münasibətilə təbrik edib.

Paylaşımı təqdim edirik:

Respublica.Az



12-04-2026, 07:00 | Prezident İlham Əliyev Tbilisidə xatirə kitabına nələr yazıb? - VİDEO

Prezident İlham Əliyev Tbilisidə xatirə kitabına nələr yazıb? - VİDEO


Prezident İlham Əliyev aprelin 6-da Gürcüstana dövlət səfəri zamanı xatirə kitabına ürək sözlərini yazıb.

Respublica.Az xəbər verir ki, xatirə kitabından kadrları AZTV yayımlayıb.

Həmin görüntüləri təqdim edirik.

Respublica.Az

[media=https://youtube.com/shorts/oRX2OJ0X8Js?si=dopSml3pG1jlGQW1]

12-04-2026, 06:45 | Keşlə qəsəbəsində kollektorun daşmasının fəsadları aradan qaldırılır

Keşlə qəsəbəsində kollektorun daşmasının fəsadları aradan qaldırılır


Mart ayının son günlərində ümumən respublika ərazisinə, o cümlədən paytaxt Bakıya düşən normadan artıq yağıntı miqdarının yaratdığı çətinliklərə baxmayaraq, şəhər təsərrüfatı təbiət hadisəsinin fəsadlarının aradan qaldırılması istiqamətində üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəldi.

Yağışların intensiv yağdığı həmin günlərdə yaşanan çətinliklərin aradan qaldırılması yönündə operativ qərarlar verən Nizami Rayon İcra Hakimiyyətinin başçısı cənab Coşqun Cəbrayılov vəziyyəti şəxsi nəzarətinə götürərək, Mənzil-Kommunal Təsərrüfatı Birliyinə (MKTB) ərazidə problemli nöqtələri çevik müəyyən etmək, yağış sularının normal axını üçün drenaj xətlərini diqqət mərkəzində saxlamaq göstərişi verdi. Nizami Rayon İcra Hakimiyyətinin əməkdaşları, Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi, Nizami Rayon Sukanal İdarəsi və Fövqəladə Hallar Nazirliyinin xüsusi texnikaları ilə canlı qüvvəsi koordinasiyalı şəkildə prosesə cəlb olundu. Görülmüş operativ işlər çərçivəsində rayonun müxtəlif ünvanlarında toplanmış yağış suları qısa müddətdə ərazidən çəkilərək kənarlaşdırıldı.
Xüsusi gücləndirilmiş iş rejimində çalışan kommunal xidmətlər tərəfindən nəqliyyatın və piyadaların hərəkətində fasiləsizliyi təmin etmək məqsədilə, yağış barmaqlıqlarının funksionallığının bərpası və yığılmış suların xüsusi nasoslarla kənarlaşdırılması üçün mütəmadi tədbirlər görüldü, yarana biləcək ciddi risklərin fəsadları vaxtında aradan qaldırıldı.
Güclü yağışların fəsadlarının aradan qaldırılması və şəhərin sanitar-təmizlik səviyyəsinin lazımı səviyyəyə çatdırılması məqsədilə paytaxtda genişmiqyaslı iməciliklərin keçirilməsi barədə Bakı Şəhər İcra Hakimiyyətinin qərarına uyğun olaraq, martın 30-da Nizami rayonunda da ümumrayon iməciliyi təşkil edildi. İməcilik çərçivəsində kommunal-təsərrüfat xidmətlərinin xüsusi texnikası vasitəsilə bitki və canlılara zərər verməyən yuyucu maddələrlə əsas küçə və prospektlər, məhəllədaxili və ara yollar yuyuldu, bordürlər, işıq dirəkləri və məhəccərlər yuyularaq palçıqdan təmizləndi.
İməcilik zamanı prospekt və küçələr boyunca yerləşən ictimai iaşə, ticarət və digər obyektlərin vitrinləri, köşklər və avtobus dayanacaqları yuyuldu, ətrafı təmizləndi. Eyni zamanda, kommunal xidmətlərin əməkdaşları tərəfindən yaşayış binalarında, həyət və yaşayış məhəllələrində, məişət tullantılarının atıldığı konteyner meydançalarının ətrafında əlavə təmizlik işləri görüldü.
Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən yaşıllıqlara aqrotexniki qulluq göstərilib, ağacların zədələnmiş budaqları budanıb, yeni güllər əkilib, müxtəlif rəngli güllərdən kompozisiyalar yaradılıb.
Bildiyimiz kimi, paytaxtın Nizami rayonunda aramsız yağan yağışın fəsadları daha çox Keşlə qəsəbəsində özünü göstərdi. Belə ki, 05-06 aprel 2026-cı il tarixlərində intensiv yağan yağışlar nəticəsində Bakı dairəvi magistral kollektorunda su həcminin kəskin artması səbəbindən Keşlə qəsəbəsinin M.Ə.Sabir və K.Əfkari küçələrinin kəsişməsindən keçən hissəsi daşmışdı. Məlum olmuşdur ki, hadisəyə səbəb Xətai rayonu, R.Bağırov küçəsində, magistral kollektorda bir müddət öncə baş vermiş çökmədir. Çökmə nəticəsində tullantı sularının axın istiqaməti məcburi qaydada dəyişdirilərək alternativ xətlərə yönəldilmişdir. Qəza vəziyyəti drenaj-kanalizasiya sistemində kəskin yüklənmə yaradaraq magistral xətlərdə hidravlik təzyiqin kəskin artmasına səbəb olmuş, nəticədə M.Ə.Sabir küçəsinin relyef baxımından çökəklik ərazidə yerləşməsi, kənarlaşdırıla bilməyən suların məhz bu nöqtədə intensiv toplanmasına şərait yaratmışdır. Ərazidə suyun səviyyəsinin sürətlə yüksələrək 1.2-1.5 metrə çatması nəticəsində 31 fərdi yaşayış evinə su dolma halı yaranmış, sakinlərin təhlükəsizliyi risk altına düşmüşdür. Ərazidəki evlər əsasən 30-40 il əvvəl inşa edildiyi üçün köhnə tikililərin konstruksiyasına ciddi maddi ziyan dəymişdir.
Dərhal Nizami Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə əraziyə FHN-in müvafiq qurumları, kommunal xidmət sahələrinin əməkdaşları və təcili tibbi yardım briqadaları cəlb olunmuşdur. FHN-in müvafiq xidmətləri və Nizami Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən ərazidə 203 nəfər sakinlə bağlı operativ tədbirlər görülmüşdür. Eyni zamanda, ərazidə suyun səviyyəsinin aşağı salınması üçün xüsusi təyinatlı nasoslar və motopompalar cəlb olunmuşdur. Təxliyə olunan sakinlər yaradılmış qərargahda yerləşdirilərək qida, isti geyim və tibbi-psixoloji yardımla təmin olunmuşlar. Nizami RİH-nin başçısının Keşlə qəsəbə inzibati ərazi vahidi (İƏD) üzrə nümayəndəsi Anar Ağayev həmin günlərdə ərazidə suyun səviyyəsinin qısa müddətdə əhəmiyyətli dərəcədə azaldılmasına və sakinlərin gündəlik həyatına mənfi təsirinin minimuma endirilməsinə yönəlik tədbirlərə var gücü ilə dəstək vermişdir.
Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən ərazidə ictimai asayişin qorunması və mühafizə tədbirləri həyata keçirilmişdir. Sonrakı günlərdə ərazidə bərpa və təmizləmə işləri fasiləsiz davam etdirilmiş, fəsadların aradan qaldırılması istiqamətində kompleks tədbirlər görülmüşdür.
Bu günlər Nizami rayonunun kommunal xidmət sahələri tərəfindən görülən işlər çərçivəsində ərazidə genişmiqyaslı sanitar-təmizlik işləri aparılır, həyətyanı sahələr və keçid yolları palçıq və lildən təmizlənərək yuyulur.
Həmçinin, gələcəkdə belə halların təkrarlanmaması və preventiv tədbirlərin görülməsi məqsədilə aidiyyatı qurumlara müraciətlər ünvanlanmışdır.
Hazırda ərazidə davamlı olaraq dezinfeksiya işləri aparılır.

Nisa Şirvanlı

Respublica.Az

2-04-2026, 11:51 | AMB faiz qərarı VERDİ

AMB faiz qərarı VERDİ


Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə faiz dəhlizinin bütün parametrləri dəyişməz saxlanılıb.

Beləliklə, Uçot dərəcəsi 6.5%, faiz dəhlizinin aşağı həddi 5.5%, yuxarı həddi isə 7.5% səviyyəsində saxlanlıb

Faiz dəhlizi ilə bağlı qərar qəbul olunarkən faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf intervalı (4±2%) ilə uzlaşması, yaxın regionda artan geosiyasi gərginliklərin yaratdığı risklər, qlobal və daxili maliyyə bazarlarındakı mövcud vəziyyət, daxili makroiqtisadi meyillər, eləcə də pul siyasəti qərarlarının real sektora ötürücülüyünün xüsusiyyətləri əsas götürülüb.

Hazırda illik inflyasiya hədəf daxilindədir. 2026-cı ilin fevralında 12 aylıq inflyasiya 5.7% təşkil edib. İllik qiymət artımı qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6.8%, ödənişli xidmətlər üzrə 5.7%, qeyri-qida məhsulları üzrə isə 3.7% təşkil edib. İllik baza inflyasiya 5.6% olub. Müşahidə olunan inflyasiya, əsasən xarici mənşəli xərc amillərinin təsiri altında formalaşır.

Cari ilin ötən dövründə valyuta bazarında vəziyyət stabil olaraq qalıb. 2026-cı ilin yanvar-fevral aylarında mübadilə şöbələri tərəfindən nağd xarici valyutanın alışı satışını 51 mln. ABŞ dolları üstələyib. Rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsinin son 12 ayda 2.8 faiz bəndi azalaraq 2026-cı ilin fevralında 27.7%-ə enməsi məzənnə ilə bağlı gözləntilərin nikbin olduğunu göstərir. Bu şəraitdə 2026-cı ilin I rübündə Mərkəzi Bankın valyuta ehtiyatları 1.2% artaraq 11.7 mlrd. ABŞ dollarına çatıb.

Valyuta bazarında tarazlığın əsas amili olan xarici sektor göstəriciləri əlverişli olaraq qalır. Gömrük statistikasına əsasən, 2026-cı ilin yanvar-fevral aylarında ölkənin xarici ticarətində 1.1 mlrd. ABŞ dolları məbləğində müsbət saldo qeydə alınıb. Mərkəzi Bankın 2026 və 2027-ci illərin sonuna cari əməliyyatlar hesabının profisitli olacağı ilə bağlı proqnozu dəyişməz qalır. Son vaxtlar əsas ixrac məhsulları üzrə qiymətlərin yüksəlməsi cari əməliyyatlar hesabı profisitinin artma istiqamətində dəyişmə ehtimalı yaradır.

Pul siyasəti alətləri maliyyə bazarlarında gedən proseslər və bank sisteminin likvidlik mövqeyi nəzərə alınmaqla tətbiq edilir. Təminatsız pul bazarında faizlər Mərkəzi Bankın faiz dəhlizi daxilində, uçot dərəcəsinə yaxın hərəkət edir. Faiz dəhlizi parametrlərinin azaldılması ilə bağlı son qərar AZIR-in azalması ilə müşayiət olunub. Belə ki, AZIR indeksinin orta günlük səviyyəsi 2026-cı ilin yanvarında 6.70% olduğu halda, bu göstərici fevralda 6.54%-ə, martda isə 6.47%-ə enib. Ötən iclasdan bəri gəlirlilik əyrisində və Mərkəzi Bankın notları üzrə gəlirlilikdə də azalmalar baş verib. Mərkəzi Bank, əsasən 1 həftəlik açıq bazar əməliyyatları ilə pul siyasətindən kənar amillərin AZIR-ə təsirini minimallaşdırıb.

Baza ssenariyə əsasən, 2026-cı ilin və 2027-ci ilin sonuna illik inflyasiyanın hədəf daxilində olacağı proqnozu dəyişməz qalır. Son meyillərin təhlili 2026-cı ilə inflyasiya proqnozunun artma istiqamətində dəyişdirilməsi ehtimalının olduğunu göstərir.

Ötən iclasdan bəri inflyasiya riskləri balansına artırıcı təsir göstərə bilən amillərin aktivləşməsi müşahidə olunur. Regionda gərginliyin kəskin fazaya keçməsi qlobal əmtəə və maliyyə bazarlarında qiymət və indekslərin dəyişkənliyini yüksəltməkdədir. Bu şəraitdə əsas xarici risk idxal qiymətlərinin daxili inflyasiyaya ötürülməsi ilə bağlıdır. Belə ki, qlobal neft-qaz təchizat zəncirlərində pozuntuların yaranması, enerji məhsullarının qiymətinin artımı və logistika xərclərinin yüksəlməsi ticarət tərəfdaşlarında inflyasiyanın artımına səbəb ola bilər. İdxal qiymətlərinin daxili inflyasiyaya ötürülməsi riski ticarət tərəfdaşlarında inflyasiya prosesləri ilə yanaşı, nominal effektiv məzənnənin dinamikasından da asılı olacaqdır. Daxili risk faktorları arasında təklif - xərc amilləri mühüm olaraq qalır.

Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar proqnoz və faktiki inflyasiyanın istiqaməti, habelə makroiqtisadi təhlillərin yenilənmiş nəticələri əsasında veriləcəkdir. Mərkəzi Bank bundan sonra da qiymət sabitliyini təmin etmək üçün sərəncamındakı bütün vasitələrdən istifadə edəcəkdir. İnflyasiya proqnozunun hədəfdən çıxması riski yarandığı təqdirdə adekvat siyasət addımları atılacaqdır.

Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar barədə məlumat 2026-cı il may ayının 6-da ictimaiyyətə açıqlanacaq və bununla bağlı mətbuat konfransı keçiriləcəkdir./Banker.az

2-04-2026, 11:39 | Prezident İlham Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarının görüşünün iştirakçılarını qəbul edib -

Prezident İlham Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarının görüşünün iştirakçılarını qəbul edib -


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 2-də Türkiyə Respublikasının Vitse-prezidenti Cevdet Yılmazı, Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripovu, Qazaxıstan Respublikasının Baş naziri Oljas Bektenovu, Qırğız Respublikasının Nazirlər Kabinetinin Sədri Adılbek Kasımaliyevi, Türkmənistan Nazirlər Kabineti Sədrinin müavini Nökərqulu Ataqulıyevi, Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üsteli və Türk Dövlətləri Təşkilatının Baş katibi Kubaniçbek Ömüralıyevi qəbul edib.

Qeyd edək ki, qonaqlar Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumət başçılarının görüşündə iştirak etmək üçün ölkəmizdə səfərdədirlər.

Xəbər yenilənəcək.




2-04-2026, 00:30 | Azərbaycan Ordusunun Aprel qələbəsindən 10 il ötür

Azərbaycan Ordusunun Aprel qələbəsindən 10 il ötür


Bu gün Azərbaycan və Ermənistan arasında 2016-cı ildə baş vermiş Aprel döyüşlərinin növbəti ildönümüdür.

Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşan həmin tarixi döyüşlərdən 10 il ötür.

2016-cı ilin mart ayının ortalarından ermənilər atəşkəsi intensiv pozmağa başlayıblar. Aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq isə bütün cəbhə boyu Azərbaycan Ordusunun mövqeləri və yaşayış məntəqələri düşmən tərəfindən intensiv atəşə məruz qalıb. Nəticədə ermənilər aprel ayının 2-dən 5-dək qoşunların təmas xəttində silahlı təxribatlar törədiblər. Təxribatlar zamanı dinc əhaliyə də hücumlar olub. Bu hadisələr nəticəsində Azərbaycan Ordusu şəhid verib, həmçinin mülki əhali arasında da ölən və yaralananlar olub.

Döyüşlər zamanı Azərbaycan Ordusu da ermənilərin mövqelərinə cavab zərbələri endirib, həyata keçirilən sürətli əks-həmlə zamanı 2 min hektardan artıq ərazi azad edilib və daha çox ərazi əməliyyat baxımından nəzarət altına keçib. Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər düşmən qüvvələrindən tam təmizlənib. Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli "Lələ təpə" adlandırılan yüksəklik də Azərbaycan Ordusunun nəzarətinə keçib.//Report

26-02-2026, 10:27 | Azərbaycan Ermənistandakı sammitdə iştirak etməyəcək

Azərbaycan Ermənistandakı sammitdə iştirak etməyəcək


Ermənistanda keçiriləcək Avropa Siyasi Birliyinin Sammitində müxtəlif səviyyələrdə təmsilçilik nəzərdə tutulmur.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı "Ana harayı" abidəsini ziyarəti zamanı jurnalistlərə açıqlamasında deyib.

"Prezident İlham Əliyevin çox sıx qrafikində və təqvimində may ayında belə səfər nəzərdə tutulmayıb", - nazir bildirib.

26-02-2026, 10:23 | Mehriban Əliyeva Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı paylaşım edib - FOTO

Mehriban Əliyeva Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı paylaşım edib - FOTO


Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "İnstaqram" səhifəsində Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı paylaşım edib.

Paylaşımda "Xocalı soyqırımı bütün bəşəriyyətə və insanlığa qarşı törədilmiş cinayətdir və yaddaşlarımızdan heç vaxt silinməyəcəkdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin" sözləri yer alıb.


26-02-2026, 10:21 | Xocalı soyqırımından 34 il ötür

Xocalı soyqırımından 34 il ötür


Ermənilərin Azərbaycanın Xocalı şəhərində törətdiyi soyqırımından 34 il ötür.

Fevralın 25-dən 26-na keçən gecə baş verən hadisələr

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərini işğal edərək, burada yaşayan dinc əhaliyə - azərbaycanlılara qarşı soyqırımı törədib.

Hücum zamanı öldürülən və yaralananların sayı

Erməni silahlı birləşmələri SSRİ dövründən Xankəndi şəhərində dislokasiya olunmuş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməyi ilə 1992-ci il fevralın 25-də Xocalı şəhərinə hücuma keçib.

Mülki əhaliyə qarşı edilən vəhşiliklər

Mühasirəyə alınan şəhərin 2500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib. Lakin pusquda dayanan ermənilər dinc sakinləri gülləbaran ediblər. Əsrin faciəsi olan Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1 275 nəfər girov götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

Rəsmi hesablamalara görə, qanunsuz erməni silahlı birləşmələri tərəfindən Xocalı şəhərinin işğal edilməsi ilə əlaqədar dövlət əmlakının və xüsusi mülkiyyətdə olan əmlakın məhv edilməsi, talan edilməsi ilə bağlı Azərbaycan dövlətinə və vətəndaşlarına 140 milyon manatdan (təxminən 170 milyon ABŞ dolları) artıq ziyan vurulub.

1993-cü ildə Bakının Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidə ucaldılıb.

1994-cü ildə Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis "26 fevral - Xocalı soyqırımı günü haqqında" xüsusi qərar qəbul edib. Sənəddə hadisənin başvermə səbəbləri və günahkarları təfsilatı ilə açıqlanıb.

2009-cu ilin fevralından isə İslam Konfransı Təşkilatı Gənclər Forumunun (İKGF) Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya Ədalət" kampaniyası keçirilir. Kampaniyanın məqsədi beynəlxalq ictimaiyyətin Xocalı faciəsi ilə bağlı məlumatlandırılması, faciəyə beynəlxalq aləmdə mənəvi-siyasi qiymət verilməsi və beynəlxalq səviyyədə anılmasını təmin etməkdir. Kampaniyanın beynəlxalq əlaqələndirilməsi www.justiceforkhojaly.org saytı vasitəsilə aparılır.

Xocalı soyqırımının ildönümü hər il Azərbaycan və dünyanın bir çox ölkəsində hüznlə qeyd olunur. Azərbaycan səfirlikləri və diaspor təşkilatları hər il fevralın 26-da fəaliyyət göstərdikləri ölkələrdə anım mərasimləri təşkil edir, konfranslar keçirirlər. Bu tədbirlərdə ermənilərin Xocalıda törətdikləri vəhşilikləri əks etdirən foto-stendlər, sənədli filmlər nümayiş olunur, soyqırımı həqiqətlərini əks etdirən kitablar sərgilənir.

Hazırda 20-yə yaxın dövlətin milli qanunvericilik orqanı, həmçinin ABŞ-ın 24 ştatı, eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatı Xocalıda dinc əhalinin qətliamını pisləyən və bunu soyqırımı və insanlıq əleyhinə cinayət aktı kimi dəyərləndirən çoxsaylı qətnamə və qərarlar qəbul ediblər.

Qeyd edək ki, Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb. Bu şəhərdə Azərbaycan Bayrağının dalğalanması Xocalı faciəsi qurbanlarının qanının yerdə qalmadığını bir daha nümayiş etdirir.

Artıq Xocalı şəhərinə və Xocalı rayonunun bir neçə kəndinə yerli sakinlərin qayıdışı başlayıb.


������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.