4-09-2026, 09:24 | Azərbaycana qarşı dezinformasiya kampaniyası aparılır - MEDİA

Azərbaycana qarşı dezinformasiya kampaniyası aparılır - MEDİA


Mənzil-qərargahı Polşada yerləşən "Nexta" kanalı tərəfindən 2026-cı il sentyabr 2-də Azərbaycan Respublikasının Goranboy rayonunun Nizami kəndi yaxınlığında baş vermiş yanğın hadisəsi ilə bağlı subyektiv mülahizələrə əsaslanan, məsələni dövlətlərarası siyasi münasibətlər fonunda təqdim etməyə çalışan və ictimai rəyi çaşdırmağa yönəlmiş məlumat yayılıb.

Respublica.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin bəyanatında qeyd edilib.

Məlumata görə, təhlillər göstərir ki, baş verənlər vahid mərkəzdən idarə oluna hibrit informasiya kampaniyasının tərkib hissəsidir. Özünün informasiya mühitindən kənar qüvvələri daim hibrit müharibədə ittiham edən Qərb mediasının özü Azərbaycana qarşı təşkil olunmuş dezinformasiya kampaniyası aparır.

Bu fakt bir daha göstərir ki, regionda qonşu dövlətlər arasında münasibətlərin normallaşması, sabitliyin və firavanlığın möhkəmlənməsi müəyyən dairələrin maraqlarına cavab vermədiyindən, ölkəmizin informasiya məkanını çirkləndirmək və cəmiyyətdə süni təşviş yaratmaq məqsədi daşıyan klassik dezinformasiya halları intensivləşmişdir.

Ümumi informasiya mühitinin monitorinqi və təhlili göstərir ki, son dövrlər bir sıra Qərb media resurslarında Azərbaycana qarşı həqiqətə uyğun olmayan məlumatların yayılması kampaniyası müşahidə olunur. Xüsusilə, Böyük Britaniyanın "The Independent", "The Guardian" qəzetlərində və "BBC" teleradio və yayım şirkətində, ABŞ-nin CNN telekanalında, Fransanın "Le Monde" qəzetində, Polşanın TVP telekanalı və digər resurslarda yayılan materiallardakı aşkar birtərəfli yanaşma və əsassız mülahizələr Azərbaycanın beynəlxalq imicini hədəf alan informasiya hücumunun tərkib hissəsidir.

Bu qəbildən olan fərziyyə və iddiaların yayılması informasiya manipulyasiyasının açıq təzahürü kimi qiymətləndirilməlidir.

Azərbaycan Respublikası Media və Yayım Şurası ölkəmizin suverenliyinə, daxili və xarici siyasətinə, eləcə də beynəlxalq nüfuzuna kölgə salmaq məqsədi daşıyan bu kimi halların araşdırılması və dezinformasiya cəhdlərinin qarşısının alınması istiqamətində lazımi tədbirlər görməkdə davam edəcəkdir.

Respublica.az


4-09-2026, 09:22 | "Brutto müqavilə" ictimai nəqliyyatda nəyi dəyişəcək? – Ekspertlərdən yeni model açıqlaması

"Brutto müqavilə" ictimai nəqliyyatda nəyi dəyişəcək? – Ekspertlərdən yeni model açıqlaması



Azərbaycanda ictimai nəqliyyatda xidmətin keyfiyyətinin və davamlılığının artırılması məqsədilə yeni "brutto müqavilə" modelinin tətbiqinə başlanılıb. Bu sistemdə daşıyıcının gəliri sərnişin sayından deyil, müəyyən edilmiş qrafik, məsafə və keyfiyyət tələblərinə uyğun göstərdiyi xidmətdən asılı olacaq. Yeni yanaşmanın avtobusların, xüsusilə sərnişin sayının az olduğu saatlarda da qrafik üzrə fəaliyyətini təmin etməsi nəzərdə tutulur.

Respublica.az xəbər verir ki, mövzu ilə əlaqədar nəqliyyat eksperti Rauf Ağamirzəyev Trend-ə açıqlamasında bildirib ki, "brutto müqavilə" modelinin tətbiqi ictimai nəqliyyatın yeni keyfiyyət mərhələsinə keçidinin göstəricisi hesab edilə bilər.

Onun sözlərinə görə, ictimai nəqliyyatda maliyyə dayanıqlığının təmin olunması daha keyfiyyətli xidmətin göstərilməsi üçün əsas şərtlərdən biridir. Bu modelin tətbiqi uzun müddətdir müzakirə olunurdu və artıq onun praktiki icrasına başlanılması mühüm addımdır.

Ekspert qeyd edib ki, sistemə mərhələli keçid avtobusların əvvəlcədən müəyyən edilmiş qrafik üzrə daha stabil fəaliyyət göstərməsinə imkan verəcək:

"Bunun nəticəsində sərnişinlər avtobusların hərəkət vaxtını daha dəqiq planlaşdıra, daşıyıcılar isə sərnişin sayından asılı olmadan müqavilə üzrə müəyyənləşdirilmiş xidmət öhdəliklərini yerinə yetirə biləcəklər".

R.Ağamirzəyev hesab edir ki, "brutto müqavilə" gələcəkdə ictimai nəqliyyatda tarif və ödəniş sisteminin də təkmilləşdirilməsi üçün institusional baza yaradır:

"Belə ki, növbəti mərhələdə günlük, həftəlik və illik bilet paketlərinin, eləcə də 90 dəqiqə ərzində pulsuz keçid imkanlarının tətbiqi mümkün ola bilər. Bu cür həllər xüsusilə şəhərin uzaq ərazilərindən bir neçə nəqliyyat vasitəsindən istifadə etməklə hərəkət edən sərnişinlərin nəqliyyat xərclərinin optimallaşdırılmasına şərait yarada bilər.

Eyni zamanda, yeni sistem tələbələr və təqaüdçülər üçün güzəştli biletlərin tətbiqi istiqamətində qərarların qəbuluna da imkan verən mexanizm formalaşdıra bilər".

Ekspertin fikrincə, model həm daşıyıcıların maliyyə dayanıqlığını gücləndirəcək, həm də müəyyən edilmiş tələblərə əməl edən şirkətlərin daha keyfiyyətli xidmət göstərməsinə və ümumi marşrut şəbəkəsinin dayanıqlığının təmin edilməsinə şərait yaradacaq.

Nəqliyyat eksperti Razil Nağıyev isə açıqlamasında bildirib ki, "brutto müqavilə" modelinin əsas üstünlüklərindən biri daşıyıcının gəlirinin birbaşa sərnişin sayından asılılığının aradan qaldırılmasıdır.

Onun sözlərinə görə, yeni sistemdə avtobusun dolu və ya boş hərəkət etməsindən asılı olmayaraq, daşıyıcı əvvəlcədən müəyyən edilmiş marşrut və qrafik üzrə xidməti yerinə yetirdiyi halda, əsasən qət edilən kilometr və ya həyata keçirilən reys əsasında ödəniş əldə edəcək:

"Bu mexanizm xüsusilə axşam saatlarında və sərnişin axınının az olduğu marşrutlarda xidmətin davamlılığı baxımından əhəmiyyətlidir. Mövcud kommersiya yanaşmasında sərnişinlərin az olduğu vaxtlarda daşıyıcının xətt üzrə fəaliyyətini davam etdirmək marağı zəifləyə bilər. "Brutto modeli"ndə isə marşrutun konkret saatda kommersiya baxımından sərfəli olub-olmamasından asılı olmayaraq, müqavilədə nəzərdə tutulan xidmət tam şəkildə göstərilməlidir".

R.Nağıyev hesab edir ki, bununla avtobusların axşam saatlarında xəttdən vaxtından əvvəl çıxması, hərəkət intervallarının süni şəkildə artırılması və sərnişin azlığı səbəbindən avtobus sayının azaldılması kimi halların qarşısının alınması mümkündür:

"Bunun üçün müqavilələrdə hərəkət intervalı, xəttə çıxmalı avtobusların sayı, ilk və son reyslərin vaxtı və digər xidmət standartları konkret müəyyən edilməli, onların icrasına effektiv nəzarət həyata keçirilməlidir".

Ekspert bildirib ki, yeni sistem müəyyən dövlət maliyyələşməsini də nəzərdə tutur. İctimai nəqliyyat xidmətinin xərclərinin bir hissəsi yalnız sərnişinlərdən toplanan gedişhaqqı hesabına deyil, subsidiya mexanizmi vasitəsilə qarşılanacaq:

"Subsidiyanın həcminə marşrutun uzunluğu, avtobusların sayı və gündəlik yürüşü, yanacaq və enerji xərcləri, sürücülərin əməkhaqqı, texniki xidmət və müəyyən edilmiş xidmət standartları təsir göstərə bilər".

Onun fikrincə, burada əsas məsələ subsidiyanın ayrılmasından daha çox onun real göstərilən xidmətlə əlaqələndirilməsidir:

"Xəttə çıxmayan və ya müqavilədə nəzərdə tutulan keyfiyyət standartlarını təmin etməyən daşıyıcıya tam ödəniş edilməməlidir. Beləliklə, dövlətin ayırdığı vəsait konkret və ölçülə bilən nəqliyyat xidmətinin qarşılığı olmalıdır".

R.Nağıyev brutto modelinin uğuru üçün yalnız qət edilən kilometrin əsas götürülməsini kifayət hesab etmir:

"Ödəniş mexanizmi kilometr və xidmət keyfiyyətinin birlikdə qiymətləndirilməsi prinsipi əsasında qurulmalıdır. Bu zaman avtobusların xəttə çıxış faizi, hərəkət intervalına əməl olunması, ilk və son reyslərin vaxtında yerinə yetirilməsi, reyslərin tam icrası, nəqliyyat vasitələrinin texniki sazlığı, salonların təmizliyi, kondisioner və isitmə sistemlərinin fəaliyyəti, sürücülərin davranışı, sərnişin şikayətləri və təhlükəsizlik göstəriciləri əsas KPI-lar sırasında yer ala bilər".

Ekspertin yanaşmasına görə, avtobus xəttə çıxmadıqda həmin reys üzrə ödənişin həyata keçirilməməsi, zəruri hallarda isə əlavə maliyyə sanksiyasının tətbiqi məqsədəuyğundur:

"Hərəkət intervalının sistemli pozulması, son reysin yerinə yetirilməməsi və ya avtobusun texniki vəziyyətinin standartlara uyğun olmaması da əvvəlcədən müəyyən edilmiş cərimə və bonus-malus mexanizmi ilə tənzimlənə bilər. Bu, daşıyıcıların yalnız daha çox kilometr qət etməsinə deyil, həmin kilometr ərzində keyfiyyətli xidmət göstərməsinə iqtisadi stimul yaradar".

R.Nağıyev əlavə edib ki, brutto müqavilə modeli gedişhaqqı siyasətinin daha çevik qurulması üçün də imkanlar yaradır:

"Daşıyıcının gəliri sərnişinin birbaşa ödədiyi gedişhaqqından ayrıldığı üçün gələcəkdə gündəlik, həftəlik, aylıq və illik paketlər, tələbə və məktəblilər üçün güzəştlər, məsafədən asılı tariflər, həmçinin müxtəlif ictimai nəqliyyat növləri arasında inteqrasiya olunmuş ödəniş sistemlərinin tətbiqi mümkün ola bilər.

Beləliklə, yeni model sərnişin üçün gedişhaqqının sosial baxımdan əlçatan saxlanılması ilə daşıyıcının maliyyə dayanıqlığının təmin edilməsini müəyyən dərəcədə bir-birindən ayırmağa imkan verir. Gedişhaqqından əldə olunan gəlirin real xidmət xərclərini qarşılamadığı hallarda isə yaranan fərqin şəffaf və xidmət göstəricilərinə bağlı subsidiya mexanizmi vasitəsilə kompensasiya edilməsi nəzərdə tutula bilər".


Respublica.az


4-09-2026, 09:20 | Yeni dərs ilində yollarda vəziyyət necə olacaq? - VİDEO

Yeni dərs ilində yollarda vəziyyət necə olacaq? - VİDEO


Məktəblərdə və ali təhsil müəssisələrində tədris hələ başlamayıb, amma şəhərin demək olar əksər küçə və prospektində tıxac var. Nəzərə alsaq ki, hələ yeni dərs ilinin başlamasına 12 gün var, amma indidən uzun-uzadı tıxcalar yaranıb. Sürücülər deyirlər ki, əvvəllər 10-15 dəqiqəyə çatdıqları ünvanlara bəzən bir saatdan çox vaxta gedib çıxırlar.

Respublica.az Xəzər TV-yə istinadən bildirir ki,mütəxəssislərin fikrincə, yeni dərs ilinin başlanması ilə yollardakı avtomobillərin sayı daha da arta bilər. Çünki məktəblərə gedən şagirdlərin əhəmiyyətli hissəsi valideynlərin şəxsi avtomobilləri ilə daşınır. Bu isə xüsusilə səhər saatlarında məktəblərin yerləşdiyi ərazilərdə əlavə yük yaradır.

Yol hərəkəti qaydaları üzrə ekspert Ərşad Hüseynov hesab edir ki, problemin tam həlli qısa müddətdə mümkün olmasa da, sıxlığı azaltmağın əsas yolu insanların ictimai nəqliyyata keçidini daha cəlbedici etməkdir.

Dərslərin başlamasına sayılı günlər qalmış Nəqliyyatı İntellektual İdarəetmə

Mərkəzi yollarda tıxacın qarşısın almaq üçün hansı qabağlayıcı tədbirlər görürlər?

Respublica.az


4-08-2026, 08:43 | Abbaszadənin anonsu – Qəbul balları niyə ARTIB...

Abbaszadənin anonsu – Qəbul balları niyə ARTIB...


“İlkin təhlillər göstərir ki, müsabiqə vəziyyəti ixtisas qrupları üzrə fərqlənir".

Bunu ötən həftə Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, I ixtisas qrupu üzrə 600 baldan yuxarı keçid balı olan ixtisaslarda keçid ballarının 1–2 bal azalacağı gözlənilir: “500–600 bal intervalında keçid ballarında təxminən 16 baladək azalma ola bilər. 400–500 bal intervalında isə təxminən 5 bal azalma proqnozlaşdırılır. 400 baldan aşağı intervallarda isə məzun və kvota sayındakı dəyişikliklər səbəbindən keçid ballarının artacağı gözlənilir".



Qeyd olunub ki, II ixtisas qrupu üzrə əksər bal intervallarında keçid ballarında 1–3 bal azalma gözlənilir: “300–400 bal intervalında azalma 12 baladək çata bilər. 200–300 bal intervalında isə məzun və kvota sayının artması səbəbindən keçid ballarının 3–4 bal yüksəlməsi mümkündür. III ixtisas qrupu üzrə 600 baldan yuxarı keçid balı olan ixtisaslarda 3–4 bal azalma ola bilər. 500–600 bal intervalında isə keçid ballarının 3–4 bal artacağı gözlənilir. 200–500 bal aralığında yerləşən ixtisaslarda keçid ballarında 1–8 bal artım proqnozlaşdırılır”.

DİM sədri bildirib ki, IV ixtisas qrupunda rəqabət daha yüksəkdir: “Hazırkı məlumata görə, 600 baldan yuxarı nəticə göstərənlərin sayı 1000 nəfərdən çoxdur. Nəticədə 600 baldan yuxarı keçid balı olan ixtisaslarda 15–17 baladək artım mümkündür. 500–600 bal intervalında da keçid ballarının yüksələcəyi gözlənilir. 400–500 bal intervalında keçid ballarının əsasən ötənilki səviyyədə qalacağı ehtimal edilir. 200–300 bal intervalında isə keçid ballarının aşağı düşməsi gözlənilir”.

Bəs qəbul ballarında artım və azalma səbəbləri hansılardır?

Təhsil eksperti Elmin Nurinin Musavat.com-a ddiyinə görə, keçid ballarının artmasına və ya azalmasına təsir edən iki əsas məqam var.



"Birincisi, imtahanlarda abituriyentin göstərdiyi nəticə, onların imtahanlardakı iştirak göstəriciləri və bunun statistik əlamətləridir. İkincisi isə plan yerləridir. Yəni yalnız bu iki məfhum keçid ballarında artım və azalma tempini müəyyənləşdirir. Bu, ixtisas seçiminə qədər olan prosedurdur. İxtisas seçimi zamanı isə daha bir faktor meydana çıxır. Bu nədir? Hər hansı universitetə, hər hansı ixtisasa abituriyent tərəfindən edilən seçimlər, onların həmin ixtisaslara göstərdiyi maraq və reaksiyalardır”, - deyə ekspert bildirib.

Elmin Nuri qeyd edib ki, məsələn, seçimlər ayın 11-də, yaxud 12-də başlayacaq: “Biz əvvəlcədən bilmirik ki, BDU-nun kimya ixtisasına nə qədər abituriyent müraciət edəcək, öz kodlaşdırmasında həmin ixtisası seçəcək. Bunu əvvəlcədən heç kim bilə bilməz. Bu, proqnozlaşdırılması mümkün olmayan bir detaldır. Amma məhz bu bilmədiyimiz detal ixtisas seçiminin nəticələri açıqlanarkən keçid balının qalxmasına və ya azalmasına ciddi şəkildə təsir göstərəcək”.

Ekspert xüsusilə IV ixtisas qrupu üzrə yüksək bal intervallarında rəqabətin hər il daha güclü olduğunu vurğulayıb: "Təsadüfi deyil ki, hər il IV ixtisas qrupu üzrə yüksək bal intervallarında rəqabət çox güclü olur. Nəyə görə? Birincisi, IV ixtisas qrupu öz stabilliyi, həmçinin abituriyentlər arasında intellektual elitası ilə fərqlənən qruplardan biridir. Bu qrupa imtahan verənlərin böyük əksəriyyəti hazırlıqlı və əsasən tibb, eləcə də tibb yönümlü digər ixtisasları hədəfləyən şəxslərdir".

Ekspertin fikrincə, bu səbəbdən onların arasında rəqabət yüksək bal tələb edən ixtisaslar üzərində cəmləşdiyi üçün məhz bu interval çox ciddi rəqabətlə üz-üzə qalır: "Təsəvvür edin ki, IV ixtisas qrupunda 300–400, hətta sizi inandırıram ki, 250–300 bal intervallarında o qədər də ciddi rəqabət yoxdur. Məsələn, 320 bal yığan IV qrup abituriyenti daha rahat tələbə ola bilir. Çünki onun üçün hansı ixtisası seçməsinin müəyyən mənada böyük fərqi olmaya bilər. Amma 635 bal yığan abituriyent yalnız tibb ixtisasını istəyirsə, o zaman daha ciddi rəqabətin içərisindədir. Çünki həmin abituriyentin hədəfi konkret olaraq yüksək bal tələb edən ixtisasdır və bu ixtisaslara müraciət edənlərin sayı artdıqca rəqabət də yüksəlir. İndi ixtisas qrupları üzrə statistik göstəricilər açıqlanandan sonra biz bu barədə daha dolğun fikir deyə bilərik. Məsələn, ötən il IV ixtisas qrupunda 600–700 bal aralığında nəticə göstərənlərin ümumi sayı 860 nəfər idi. Təsəvvür edin, bu il həmin rəqəm 860-dan az olacaqsa, biz bu intervalda rəqabətin zəifləyəcəyini deyə bilərik. Əgər 860-dan çox olacaqsa, o zaman yüksək bal intervalında rəqabətin daha güclü olacağını söyləmək mümkündür. Yəni keçid ballarının necə dəyişəcəyini dəqiq müəyyənləşdirmək üçün yalnız abituriyentlərin topladığı ballara baxmaq kifayət etmir. Həm plan yerlərinin sayı, həm də yüksək nəticə göstərən abituriyentlərin sayı nəzərə alınmalıdır.

Ən əsası isə ixtisas seçimi zamanı abituriyentlərin hansı ixtisaslara üstünlük verəcəyini əvvəlcədən bilmək mümkün deyil. Məhz bu seçimlər yekun nəticədə keçid ballarının formalaşmasına ciddi təsir göstərəcək". (Musavat.com)

Respublica.az




4-08-2026, 08:40 | Sülh nə bir gecədə, nə də... - Bakıdan İrəvana XƏBƏRDARLIQ

Sülh nə bir gecədə, nə də... - Bakıdan İrəvana XƏBƏRDARLIQ


“Avqustun 2-3-də Ermənistanın IX çağırış parlamentinin ilk iclası keçirilib və bu iclas, formal prosedur xarakterindən çox, ölkənin gələcək siyasi trayektoriyasının ilkin lakmus testinə çevrilib”.

Bunu Musavat.com-a siyasi şərhçi Tural İsmayılov deyib. Ermənistan parlamentinin yeni çağırışda keçirilən ilk iclaslarında müşahidə olunan ənənəvi sərt ritorika barədə danışarkən ekspert xatırladıb ki, iyunun 7-də Ermənistanda keçirilən seçkilər nəticəsində hakim Vətəndaş Müqaviləsi Partiyası 105 mandatlıq parlamentdə 64, müxalif “Güclü Ermənistan” bloku 29, “Hayastan” bloku isə 12 mandat qazanıb.



“Rəqəmlərə diqqətlə baxsaq, burada həm ümid, həm də ciddi məhdudiyyət görünür. 64 mandat - bu, sadə - mütləq çoxluqdur, Paşinyanın hökumət qurmasına, gündəlik qanunvericiliyi keçirməsinə kifayət edir. Lakin Ermənistan Konstitusiyasına düzəliş üçün tələb olunan nəticə mövcud deyil. Bu, sülh prosesinin ən zəif həlqəsidir. Azərbaycan dəfələrlə bəyan edib ki, sülh müqaviləsinin imzalanması Ermənistan Konstitusiyasında ərazi iddiasını ehtiva edən müddəaların - Müstəqillik Aktına istinadın ləğvindən asılıdır. Paşinyanın bu addımı təkbaşına, öz fraksiyası ilə parlamentdən keçirməsi riyazi olaraq mümkün deyil. O, ya müxalifətdən dəstək tapmalı, ya referenduma getməli, ya da yeni koalisiya formatları axtarmalıdır. Bu, prosesi sürətləndirməsə də, mütləq şəkildə “sual altına” qoymur. Sadəcə, əlavə siyasi manevr və vaxt tələb edir. İlk iclasın gedişi isə radikal qüvvələrin əsl mahiyyətini bir daha üzə çıxarıb”,_ ekspert vurğulayıb.




T.İsmayılov xatırladıb ki, Ermənistanın müstəqillik tarixində ilk dəfə açılış iclasına bütün ermənilərin katolikosu II Qaregin dəvət olunmayıb, buna etiraz olaraq revanşist deputatlar and içmə mərasiminə qatılmaqdan imtina ediblər, “Ermənistan” blokunun deputatları iclas başa çatmadan zalı tərk ediblər: “Daha diqqətçəkici faktdır ki, “Ermənistan” fraksiyasının rəhbəri Anna Qriqoryan Paşinyanı vaxtilə Serj Sərkisyanın üçüncü müddət hakimiyyətdə qalmasına qarşı çıxmaqda, sonradan isə özünün eyni yolu tutmaqda ittiham edib. Bu mənzərə göstərir ki, Ermənistandakı revanşist qüvvələr artıq alternativ siyasi gündəm təklif etməkdən çox prosedur sabotajına, simvolik jestlərə və legitimlik böhranı yaratmaq cəhdlərinə söykənir. Onların əsas silahı arqument deyil, emosional-tarixi manipulyasiyadır - kilsə amilinin siyasiləşdirilməsi, Qarabağ nostalgiyası və xarici (Rusiya) dəstəkli narrativlərin təkrarı”.

Siyasi şərhçi parlamentdəki anti-Azərbaycan, anti-Türkiyə qüvvələrdən də bəhs edib: “Bilindiyi kimi, Ermənistanın seçkilərdə iştirak edən müxalifəti Rusiya ilə əlaqəlidir və Paşinyan hakimiyyətinin guya Azərbaycan və Türkiyə nəzarəti altında olduğunu iddia edir . Bu, Rusiyanın Ukrayna və Moldovada tətbiq etdiyi hibrid təsir metodlarının təkrarıdır. Sorğular isə açıq mesaj verir: kəskin anti-Azərbaycan və revanşist şüarlarla çıxış edən radikal qüvvələr erməni cəmiyyətində real dəstək qazanmır. Bu qüvvələrin reytinqi seçki bərabərindən dəfələrlə aşağıdır. Başqa sözlə, revanşizm artıq Ermənistan cəmiyyətinin əksəriyyəti üçün cəlbedici layihə deyil, marginal səs-küydür. Bu fonda Azərbaycanın mövqeyi diqqətəlayiq dərəcədə ardıcıl və konstruktivdir. Bakı heç vaxt sülhü şərtsiz təklif etməyib, əksinə, konkret, hüquqi əsaslandırılmış tələblər, konstitusiyadan ərazi iddiasının çıxarılmasını qoyaraq prosesin formal deyil, mahiyyətcə davamlı olmasını təmin etməyə çalışıb”.

Ekspert Bakı ilə İrəvan arasında əldə olunmuş razılaşmaları da xatırladıb: “8 avqust 2025-ci ildə Vaşinqtonda ABŞ-ın vasitəçiliyi ilə imzalanan sülh memorandumu çərçivəsində tərəflər Minsk qrupunun fəaliyyətinin dayandırılması üçün birgə müraciət ediblər və Naxçıvanı Azərbaycanın əsas ərazisi ilə birləşdirəcək “Tramp Marşrutu” (TRIPP) layihəsi üzrə əməkdaşlığa start verilib. Bu, təkcə ikitərəfli deyil, regional əməkdaşlığın yeni memarlığının əsasını qoyan addımdır. Türkiyə isə bu prosesdə sabit, dəyişməz tərəfdaş kimi çıxış edib. Ankara - İrəvan normallaşması Bakı-İrəvan sülhü ilə paralel aparılaraq, regionda “iki cəbhəli” düşmənçilik məntiqinin sona çatdırılmasına töhfə verib. Hər iki dövlətin mövqeyi - sülhü tələb etmək, lakin onu formal jestlə deyil, hüquqi - institusional təminatlarla bağlamaq istəyi məhz uzunmüddətli sabitliyin təminatı kimi qiymətləndirilməlidir. Beləliklə, mənzərə birmənalı deyil, lakin ümidverici toqquşan iki tendensiyanı əks etdirir. Bir tərəfdən, Paşinyanın konstitusiya dəyişikliyi üçün kifayət qədər mandatı yoxdur və bu, prosesi ləngidə bilər. Digər tərəfdən, seçkilərin özü artıq bir referendum funksiyası daşıyıb. Ermənistan xalqı sülh gündəliyini dəstəklədiyini göstərib və bu, Paşinyana ictimai legitimlik verir, hətta parlamentdə mütləq çoxluğu olmasa belə”.

T.İsmayılovun fikrincə, revanşist qüvvələrin ilk iclasdakı nümayişi onların zəifliyinin göstəricisidir: “Sülh sazişinin taleyi indi daha çox Paşinyanın siyasi manevr bacarığından, mümkün koalisiya formatlarından və ya referendum variantından asılı olacaq. Amma prosesin özünün geri dönməsi indiki mərhələdə real ssenari kimi görünmür. Azərbaycan və Türkiyənin prinsipial, lakin konstruktiv mövqeyi isə regionun gələcəyi üçün ən möhkəm zəmanətdir. Sülh nə bir gecədə, nə də zəif təməllər üzərində qurulacaq. Əksinə, hüquqi və institusional cəhətdən dönməz şəkildə bərqərar ediləcək”.

E.Paşasoy,

Respublica.az


4-08-2026, 08:35 | Tramp İranla münaqişənin başa çatdığını bəyan etdi

Tramp İranla münaqişənin başa çatdığını bəyan etdi


ABŞ Prezidenti Donald Tramp İranla davam edən münaqişənin artıq sona çatdığını açıqlayıb.

Respublica.az xəbər verir ki, Tramp bunu ABŞ və İran arasında aparılan danışıqları şərh edərkən bildirib. “Venesuela ilə münaqişəmiz var idi və bu, çox yaxşı başa çatdı. İndi isə İranla münaqişəmiz var və o da çox, çox yaxşı şəkildə başa çatır”, – Tramp deyib.

ABŞ Prezidenti daha əvvəl İranla danışıqların bu gün keçiriləcəyini bildirmişdi. Trampın sözlərinə görə, ABŞ və İran Hörmüz boğazında normal gəmiçiliyin avqustun 4-dək bərpa olunması məsələsini də müzakirə edirlər.

O, hazırda aparılan danışıqların Tehran üçün son şans olduğunu vurğulayıb.

Respublica.az

3-08-2026, 06:29 | Azərbaycan pasportu ilə vizasız gedə biləcəyimiz ölkələr - Siyahı

Azərbaycan pasportu ilə vizasız gedə biləcəyimiz ölkələr - Siyahı


Sinqapur pasportu əvvəlki illərdə olduğu kimi, 2026-cı ildə də dünyanın ən güclü pasportu seçilib.

Respublica.az xəbər verir ki, bu barədə məlumat "The Henley Passport Index" portalında dərc olunan reytinqdə öz əksini tapıb.

Bu reytinqə görə, Sinqapur vətəndaşlarının 192 ölkəyə vizasız getmək imkanı var.
Yaponiya, Cənubi Koreya və Birləşmiş Ərəb Əmirliklərinin pasportları isə 188 ölkəyə vizasız getmək imkanı ilə siyahıda ikinci olublar.

Üçüncü yerə İsveç pasportu sahib olub. Bu ölkənin pasportu ilə 187 ölkəyə getmək mümkündür. Növbəti yerdə Danimarka, Fransa, İrlandiya, Finlandiya, Almaniya, İspaniya, Norveç, Belçika, Niderland, Lüksemburq və İtaliya pasportları qərarlaşıb. Portalın məlumatına görə, bu ölkələrin pasportuna sahib olan vətəndaşlar 186 ölkəyə vizasız gedə bilərlər.

Azərbaycan isə siyahıda 70-ci yerdədir. Belə ki, Azərbaycan vətəndaşlarının 67 ölkəyə vizasız getmək imkanı var.

Region ölkələrinin siyahıdakı mövqeyi aşağıdakı kimi olub:
31-ci yer - Ukrayna - 142 ölkəyə vizasız getmək
44-cü yer - Gürcüstan - 121 ölkəyə vizasız getmək
45-ci yer - Moldova - 120 ölkəyə vizasız getmək
47-ci yer - Rusiya - 114 ölkəyə vizasız getmək
48-ci yer - Türkiyə - 112 ölkəyə vizasız getmək
62-ci yer - Belarus - 78 ölkəyə vizasız getmək
63-cü yer - Qazaxıstan - 77 ölkəyə vizasız getmək
70-ci yer - Azərbaycan - 67 ölkəyə vizasız getmək
73-cü yer - Ermənistan - 64 ölkəyə vizasız getmək
77-ci yer - Qırğızıstan - 59 ölkəyə vizasız getmək
78-ci yer - Özbəkistan - 58 ölkəyə vizasız getmək
84-cü yer - Tacikistan - 52 ölkəyə vizasız getmək
94-cü yer - Türkmənistan - 44 ölkəyə vizasız getmək
96-cı yer - İran - 37 ölkəyə vizasız getmək
Dünyanın ən zəif pasportları isə Əfqanıstan, Suriya, İraq, Pakistan və Yəmənə məxsusdur.
Onu da qeyd edək ki, Azərbaycan pasportu ilə vizasız gedə biləcəyimiz ölkələr aşağıdakılardı:
Albaniya
Antiqua və Barbuda
Banqladeş
Barbados
Belarus
Bosniya və Herseqovina
Burundi
Kamboca
Çin
Kolumbiya
Komor adaları
Kuk adaları
Cibuti
Dominika
Ekvador
Esvatini
Gürcüstan
Qrenada
Qvineya-Bisau
Haiti
İndoneziya
İran
Yamayka
İordaniya
Qazaxıstan
Keniya
Qırğızıstan
Laos
Livan
Makao (ÇXR-in xüsusi inzibati rayonu)
Madaqaskar
Malavi
Malayziya
Maldiv adaları
Marşall adaları
Mavriki
Mikroneziya
Moldova
Monteneqro
Mərakeş
Mozambik
Namibiya
Nepal
Niue
Palau adaları
Qətər
Rusiya
Ruanda
Samoa
Səudiyyə Ərəbistanı
Serbiya
Seyşel adaları
Şri-Lanka
Sent-Vinsent və Qrenadinlər
Surinam
Suriya
Tacikistan
Tanzaniya
Baham adaları
Şərqi Timor (Timor-Leste)
Tuvalu
Türkiyə
Ukrayna
Birləşmiş Ərəb Əmirlikləri
Özbəkistan
Vanuatu
Zimbabve/Yeniavaz.com

Respublica.az


2-08-2026, 10:51 | AzTV-dən yeni sənədli film: “Qara kabus” - EKSKLÜZİV GÖRÜNTÜLƏR

AzTV-dən yeni sənədli film: “Qara kabus” - EKSKLÜZİV GÖRÜNTÜLƏR


AzTV-də narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə həsr olunan “Qara kabus” adlı yeni filmi yayımlanıb.

Filmdə narkotiklərin qanunsuz dövriyyəsinin yaratdığı təhlükələr, qaçaqmalçılıq marşrutları, dövlət sərhədlərində həyata keçirilən mübarizə tədbirləri, hüquq-mühafizə orqanlarının əməliyyatları, eləcə də narkomaniyanın cəmiyyət və insan taleləri üzərində ağır fəsadları geniş şəkildə işıqlandırılır.

Dövlət Sərhəd Xidməti, Daxili İşlər Nazirliyi və Dövlət Gömrük Komitəsinin nümayəndələri narkotik qaçaqmalçılığına qarşı görülən tədbirlər, son illərdə əldə olunan nəticələr və müasir çağırışlar barədə məlumat veriblər. Filmdə həmçinin sərhəddə keçirilən əməliyyatlardan, dəniz və quru sərhədlərinin mühafizəsindən, müasir texnologiyalardan istifadə edilməklə törədilən cinayət cəhdlərindən bəhs olunur.

“Qara kabus” yalnız təhlükənin miqyasını göstərməklə kifayətlənmir, eyni zamanda narkomaniyadan əziyyət çəkmiş insanların həyat hekayələri vasitəsilə bu bəlanın fərdlərə və ailələrə vurduğu ağır zərbəni tamaşaçıya çatdırır. Maarifləndirmənin əhəmiyyətini ön plana çıxaran film gəncləri yanlış seçimlərin acı nəticələri barədə düşünməyə çağırır.

Respublica.az


2-08-2026, 10:45 | Sabirabad Olimpiya İdman Kompleksinin dövlətə vergi borcu üzə çıxdı - FOTOFAKT

Sabirabad Olimpiya İdman Kompleksinin dövlətə vergi borcu üzə çıxdı - FOTOFAKT


"SABİRABAD OLİMPİYA İDMAN KOMPLEKSİ" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə vergi borcu yaranıb.



32gun.az-ın əldə etdiyi məlumata görə, sözügedən idman kompleksinin hazırda dövlət qarşısında 32.982,03 AZN məbləğində vergi borcu mövcuddur.
Qeyd edək ki, 8.327.472 AZN məbləğində nizamnamə kapitalı olan MMC Sabirabad rayonu, Qalağayın kəndində hüquqi qeydiyyatdadır. Şirkətin qanuni təmsilçisi Oktay Varis oğlu Mehdiyevdir.

Respublica.az

2-08-2026, 10:16 | Prezidentin sosial media hesablarında Nəriman Həsənzadənin vəfatı ilə bağlı PAYLAŞIM

Prezidentin sosial media hesablarında Nəriman Həsənzadənin vəfatı ilə bağlı PAYLAŞIM


Azərbaycan Prezidenti İlham Əliyev sosial media səhifələrində Xalq Şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım edib.

Paylaşımda deyilir:

"Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Heydər Əliyev mükafatı laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Əməkdar incəsənət xadimi, Xalq şairi Nəriman Əliməmməd oğlu Həsənzadə 2026-cı il avqustun 1-də ömrünün 96-cı ilində vəfat etmişdir.

Nəriman Həsənzadə 1931-ci il fevralın 2-də Qazax rayonunun Poylu kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1949-1953-cü illərdə Həsən bəy Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində ali təhsil almış, 1957-1961-ci illərdə isə Moskvada Qorki adına Ədəbiyyat İnstitutunda oxumuşdur.

1962-ci ildə indiki Bakı Dövlət Universitetinin aspiranturasına daxil olan Nəriman Həsənzadə 1965-ci ildə aspiranturanı bitirib dissertasiya müdafiə edərək elmlər namizədi alimlik dərəcəsi almışdır.

Əmək fəaliyyətinə 1962-ci ildən başlayan Nəriman Həsənzadə "Azərbaycan gəncləri" qəzetində, "Azərbaycan" jurnalında və Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsində müxtəlif vəzifələrdə çalışmışdır. O, 1978-1991-ci illərdə "Ədəbiyyat və incəsənət" qəzetinin baş redaktoru işləyərkən qəzetin ədəbi-ictimai mühitdə nüfuzunun daha da genişləndirilməsi üçün böyük əmək sərf etmişdir.

Nəriman Həsənzadə 1991-2001-ci illərdə Azərbaycan Respublikası mətbuat və informasiya nazirinin birinci müavini və nazir əvəzi vəzifələrində çalışmışdır. O, 2001-ci ildən ömrünün sonunadək Milli Aviasiya Akademiyasının Humanitar fənlər kafedrasına rəhbərlik etmişdir.

Böyük söz ustası Nəriman Həsənzadə poeziya aləminə qədəm qoyduğu ilk vaxtlardan ədəbiyyatımıza yeni nəfəs gətirmişdir. Şair milli ədəbiyyatın çoxəsrlik parlaq ənənələrinə sadiq qalmaqla, özünəməxsus ifadə tərzi və dəst-xəti sayəsində Azərbaycan xalqının poetik fikir xəzinəsinə dəyərli töhfələr bəxş etmişdir. Qayəsini Vətən məhəbbəti, milli azadlıq duyğuları, ənənəvi dəyərlərə bağlılıq və mənəvi ucalığa çağırış təşkil edən əsərləri onu həmişə ədəbi prosesin ön mövqelərində saxlamışdır. Şairin öz həzinliyi və səmimiliyi, dil səlisliyi, axıcılığı və təbiiliyi ilə seçilən şeirlərində müasirlərimizin hiss və düşüncələri dolğun bədii əksini tapmışdır. Nəriman Həsənzadə poema və mənzum pyeslərində keçmişimizin uzaq və yaxın dövrlərinin taleyüklü mühüm hadisələrini və böyük şəxsiyyətlərini tarixi həqiqətlər işığında dərin vətənpərvərlik və milli dövlətçilik duyğusu ilə canlandırmışdır. Azərbaycan xalqının mübarizliyini və qəhrəmanlığını tərənnüm edən bu əsərlər teatr səhnələrində uğurla tamaşaya qoyulmuş, tamaşaçıların dərin rəğbətini qazanmışdır. Dilimizin tükənməz imkanlarından ustalıqla bəhrələnmiş şairin sözlərinə bu gün də sevilə-sevilə oxunan çox sayda mahnılar bəstələnmişdir.

Sənətkarın ədəbi şəxsiyyəti ilə vəhdət təşkil edən alim, pedaqoq və ictimai xadim kimi dolğun fəaliyyəti Vətənə və xalqa ləyaqətlə xidmətin bariz nümunəsidir. Nəriman Həsənzadə respublikamızın ictimai-siyasi və mədəni həyatında daim yaxından iştirak etmiş, müxtəlif illərdə SSRİ Ədəbiyyat Fondunun Azərbaycan şöbəsinin direktoru, eləcə də rayon, şəhər sovetinin və XII çağırış Azərbaycan Respublikası Ali Sovetinin deputatı olmuşdur.

Ölkənin və cəmiyyətin həyatında baş verən proseslərə daim dərin vətəndaşlıq duyğusu ilə yanaşmış Nəriman Həsənzadə mədəniyyətimizin tərəqqisi, milli-mənəvi dəyərlərimizin qorunub yaşadılması üçün var qüvvəsini sərf etmişdir.

Nəriman Həsənzadənin Azərbaycan ədəbiyyatı və mədəniyyətinin inkişafı naminə uzunmüddətli səmərəli fəaliyyəti yüksək qiymətləndirilmişdir. O, müstəqil Azərbaycan Respublikasının ali dövlət mükafatları - "Şöhrət" (2001), "Şərəf" (2011) və "İstiqlal" (2021) ordenləri ilə təltif edilmiş, 2026-cı ildə isə "Heydər Əliyev" ordeninə layiq görülmüşdür.

Görkəmli şair və dramaturq, tanınmış ictimai xadim, səmimi və təvazökar insan Nəriman Əliməmməd oğlu Həsənzadənin əziz xatirəsi onu tanıyanların qəlbində hər zaman yaşayacaqdır.

Allah rəhmət eləsin!"


������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.