26-02-2026, 10:27 | Azərbaycan Ermənistandakı sammitdə iştirak etməyəcək

Ermənistanda keçiriləcək Avropa Siyasi Birliyinin Sammitində müxtəlif səviyyələrdə təmsilçilik nəzərdə tutulmur.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı "Ana harayı" abidəsini ziyarəti zamanı jurnalistlərə açıqlamasında deyib.
"Prezident İlham Əliyevin çox sıx qrafikində və təqvimində may ayında belə səfər nəzərdə tutulmayıb", - nazir bildirib.
26-02-2026, 10:23 | Mehriban Əliyeva Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı paylaşım edib - FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "İnstaqram" səhifəsində Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı paylaşım edib.
Paylaşımda "Xocalı soyqırımı bütün bəşəriyyətə və insanlığa qarşı törədilmiş cinayətdir və yaddaşlarımızdan heç vaxt silinməyəcəkdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin" sözləri yer alıb.

26-02-2026, 10:21 | Xocalı soyqırımından 34 il ötür

Ermənilərin Azərbaycanın Xocalı şəhərində törətdiyi soyqırımından 34 il ötür.
Fevralın 25-dən 26-na keçən gecə baş verən hadisələr
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərini işğal edərək, burada yaşayan dinc əhaliyə - azərbaycanlılara qarşı soyqırımı törədib.
Hücum zamanı öldürülən və yaralananların sayı
Erməni silahlı birləşmələri SSRİ dövründən Xankəndi şəhərində dislokasiya olunmuş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməyi ilə 1992-ci il fevralın 25-də Xocalı şəhərinə hücuma keçib.
Mülki əhaliyə qarşı edilən vəhşiliklər
Mühasirəyə alınan şəhərin 2500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib. Lakin pusquda dayanan ermənilər dinc sakinləri gülləbaran ediblər. Əsrin faciəsi olan Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1 275 nəfər girov götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.
Rəsmi hesablamalara görə, qanunsuz erməni silahlı birləşmələri tərəfindən Xocalı şəhərinin işğal edilməsi ilə əlaqədar dövlət əmlakının və xüsusi mülkiyyətdə olan əmlakın məhv edilməsi, talan edilməsi ilə bağlı Azərbaycan dövlətinə və vətəndaşlarına 140 milyon manatdan (təxminən 170 milyon ABŞ dolları) artıq ziyan vurulub.
1993-cü ildə Bakının Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidə ucaldılıb.
1994-cü ildə Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis "26 fevral - Xocalı soyqırımı günü haqqında" xüsusi qərar qəbul edib. Sənəddə hadisənin başvermə səbəbləri və günahkarları təfsilatı ilə açıqlanıb.
2009-cu ilin fevralından isə İslam Konfransı Təşkilatı Gənclər Forumunun (İKGF) Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya Ədalət" kampaniyası keçirilir. Kampaniyanın məqsədi beynəlxalq ictimaiyyətin Xocalı faciəsi ilə bağlı məlumatlandırılması, faciəyə beynəlxalq aləmdə mənəvi-siyasi qiymət verilməsi və beynəlxalq səviyyədə anılmasını təmin etməkdir. Kampaniyanın beynəlxalq əlaqələndirilməsi www.justiceforkhojaly.org saytı vasitəsilə aparılır.
Xocalı soyqırımının ildönümü hər il Azərbaycan və dünyanın bir çox ölkəsində hüznlə qeyd olunur. Azərbaycan səfirlikləri və diaspor təşkilatları hər il fevralın 26-da fəaliyyət göstərdikləri ölkələrdə anım mərasimləri təşkil edir, konfranslar keçirirlər. Bu tədbirlərdə ermənilərin Xocalıda törətdikləri vəhşilikləri əks etdirən foto-stendlər, sənədli filmlər nümayiş olunur, soyqırımı həqiqətlərini əks etdirən kitablar sərgilənir.
Hazırda 20-yə yaxın dövlətin milli qanunvericilik orqanı, həmçinin ABŞ-ın 24 ştatı, eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatı Xocalıda dinc əhalinin qətliamını pisləyən və bunu soyqırımı və insanlıq əleyhinə cinayət aktı kimi dəyərləndirən çoxsaylı qətnamə və qərarlar qəbul ediblər.
Qeyd edək ki, Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb. Bu şəhərdə Azərbaycan Bayrağının dalğalanması Xocalı faciəsi qurbanlarının qanının yerdə qalmadığını bir daha nümayiş etdirir.
Artıq Xocalı şəhərinə və Xocalı rayonunun bir neçə kəndinə yerli sakinlərin qayıdışı başlayıb.
26-02-2026, 10:11 | İlham Əliyevin sosial şəbəkə hesablarında Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı paylaşım edilib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı paylaşım edilib.
Paylaşımı təqdim edir:

16-02-2026, 14:51 | Prezident İlham Əliyevin Serbiyaya səfəri başa çatıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Serbiya Respublikasına rəsmi səfəri fevralın 16-da başa çatıb.
Belqrad şəhərinin Nikola Tesla Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyevi Serbiya Prezidenti Aleksandar Vuçiç yola saldı.
27-08-2025, 18:18 | Mehriban Əliyeva - Müasir Azərbaycan qadınının parlaq və qürurverici siması

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ölkəmizdə və onun hüdudlarından kənarda, sözün yüksək mənasında, bütövlük, xeyirxahlıq və böyük ideallara xidmət nümunəsi kimi qəbul edilir. Nəsil şəcərəsindən gələn dərin sədaqət hissi qurduğu ailənin möhkəm mənəvi-siyasi dəyərləri ilə daha da inkişaf etdirilərək onu həm Azərbaycan qadınlığının müasir mərhələdəki siması, həm də müstəqil dövlətçilik prinsiplərimizin bütövlüyünün layiqli və məsuliyyətli təminatçısı kimi təqdim edir.
Möhkəm, bütöv və sədaqətli ailə dəyərləri ilə Azərbaycan dövlətçilik ailəsinin şərəfinin daim uca tutulması Mehriban xanım Əliyevanın qoşa qanadlarıdır. Bu qoşa qanad Mehriban xanım Əliyevanın özünəməxsus obrazını üzvi surətdə tamamlayır. Əslində ailə və dövlətçilik prinsiplərini eyni ucalıqda vəhdətdə yaşatmağın nümunəsini göstərmək Mehriban xanım Əliyevanın simasında mənəvi dəyərlərlə dövlətçilik ideallarının sintezindən yaranmış yeni bir dəyərin formalaşdırılmasını şərtləndirir. Müstəqil Azərbaycan dövlətinin yeni nəsilləri üçün bu möhtəşəm örnək həm əsil ailə ucalığına və həm də müstəqil dövlətçilik ideallarına sədaqətlə xidmət etmək örnəyidir. Bu gün Azərbaycanda yeni nəsillərin millilik, dövlətçilik, vətənpərvərlik, xeyirxahlıq ruhunda yetişib formalaşmasında bu məktəbin dərsləri müstəsna dərəcədə böyük rol oynayır. Nəhəng okean sularında bələdçi mayaklar hansı mövqeyə və əhəmiyyətə malikdirsə, 50 milyondan çox azərbaycanlının mənəvi-siyasi okeanının vahid ailədə birləşdirilməsi və istiqamətləndirilməsi baxımından bu parlaq dövlətçilik ailəsini yaradanlar və yaşadanlar həm Azərbaycanın indiki yüksəliş strategiyasına və həm də daha xoşbəxt gələcəyinə güc və qüvvət verir.
Ölkəmizin Birinci xanımı və Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın azərbaycançılıq idealları həyata, ailəyə və cəmiyyətə, müstəqil dövlətçiliyimizə şərəflə və məsuliyyətlə xidmətin parlaq nümunəsidir. Hələ XX əsrin doxsanıncı illərində Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycan Mədəniyyətinin Dostları Fondunun təsis edilməsi və fəaliyyətinin səmərəli təşkili, habelə xalqımızın tarixi-mədəni mirasını Azərbaycan, rus və ingilis dillərində beynəlxalq aləmə təqdim edən “Azərbaycan–İrs” jurnalının çap edilməsi azərbaycançılıq amalına sədaqət xidmətinin əməli ifadəsi idi. Bu jurnalda Azərbaycan ziyalılarının və xarici müəlliflərin gözü ilə çoxəsrlik şərəfli tariximiz, tarixi şəxsiyyətlərimiz, milli mədəniyyətimizin tac damarları olan şifahi xalq ədəbiyyatımız, xalçalarımız, musiqi sənətimiz, görkəmli yazıçı və şairlərimiz haqqında verilmiş zəngin informasiyalar, tədqiqat materialları, seçilmiş fotolar və sənədlər Azərbaycanın dünyanın qədim və zəngin bir diyar olduğunu əyani şəkildə bəyan etmişdir.
Ulu öndər Heydər Əliyevin azərbaycançılıq təliminə və amalına dərin sədaqəti Mehriban xanım Əliyeva üçün geniş mənada Azərbaycan dövlətinə və ümumən müstəqil dövlətçiliyimizə sədaqətin nümunəsinə çevrilmişdir.
Mehriban xanım Əliyevanın 2004-cü ildən etibarən Heydər Əliyev Fondunun prezidenti vəzifəsində ölkəmizdə və dünyada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müstəqil dövlətçilik ideallarının və azərbaycançılıq ideyalarının həyata keçirilməsini şərəflə və məsuliyyətlə davam etdirməkdədir. Mehriban xanım Əliyevanın təşəbbüsü sayəsində Heydər Əliyev Fondunun xətti ilə həyata keçirilmiş “Yeniləşən Azərbaycana yeni məktəb”, “Uşaq evlərinin və internat məktəblərinin inkişafı”, Bakı şəhəri ətrafı kənd və qəsəbələrində məktəblərin inşası, “Diabetli uşaqlara ən yüksək qayğı”, “Talassemiyasız həyat naminə”, “Tibb müəssisələrinin yenidən qurulması və inkişafı” və sair kimi layihələr xalqımızın milli-mənəvi təkamülünə və sağlamlığına böyük dəstəyin ifadəsi olmuşdur. Eyni zamanda, Heydər Əliyev Fondunun dəstəyi ilə bir sıra Avropa və Asiya ölkələrində tarixi-mədəni abidələrin bərpası, yüksək səviyyəli konsertlərin, sərgilərin təşkili, məktəblərin inşa edilərək hədiyyə edilməsi layihələrinin icrası ölkəmizə böyük nüfuz qazandırmışdır. Bundan başqa, Mehriban xanım Əliyevanın təşəbbüsü ilə İçərişəhər, Şirvanşahlar sarayı, Qız Qalası, Qobustan Qayaüstü rəsmləri, Şəki Xan sarayı, “Xınalıq və Köç Yolu mədəni landşaftı”, Hirkan meşələri, Kamança simli musiqi aləti, kəlağayımızın UNESCO Beynəlxalq Mədəniyyət Təşkilatının Ümumdünya İrs və Qeyri-Maddi Mədəni İrs siyahılarına daxil edilməsi onun azərbaycançılıq istiqamətində ölkəmizə bəxş etdiyi uğurlardır.
Ulu öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının yeni tarixi mərhələdə daha da inkişaf etdirilməsi sahəsində də Mehriban xanım Əliyevanın böyük xidmətləri vardır. Onun Yeni Azərbaycan Partiyası sədrinin müavini, birinci müavini kimi səmərəli fəaliyyəti Azərbaycanın müstəqillik taleyində müstəsna xidmətləri olan bu partiyanın sıralarının genişləndirilməsinə, siyasi-ideoloji xəttinin möhkənləndirilməsinə, xüsusən qadınların partiya sıralarına qoşulmasının daha da fəallaşmasına mühüm töhfələr vermişdir. Eyni zamanda, Mehriban xanım Əliyevanın Azərbaycan Respublikası Milli Məclisinin deputatı kimi ölkəmizin ictimai-siyasi həyatında fəal iştirakı, bir sıra taleyüklü qanunların qəbul edilməsinə nail olması da azərbaycançılıq amalına xidmət etməyin əyani təzahürləridir. Dövlətçilik sferasındakı zəngin təcrübəsi, xalq arasında qazandığı yüksək ehtiram və etimad Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti səviyyəsinə yüksəlməsinə yol açmışdır. Beləliklə, Mehriban xanım Əliyeva ölkəmizdə müstəqil dövlətçiliyin inkişafı yollarında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sadiq silahdaşı kimi inamla addımlayaraq, dövlət və vətən qarşısında mənəvi-siyasi borcunu yerinə yetirməyin nümunələrini göstərməkdə davam edir.
Heç şübhəsiz, aydın siyasi mövqe, yüksək vətəndaşlıq borcunun məsuliyyətlə yerinə yetirilməsi və xeyirxahlıq Azərbaycan Respublikasının Birinci xanımı Mehriban Əliyevanın sədaqətinin qızıl açarıdır. Aydın və möhkəm siyasi mövqe Mehriban xanım Əliyevanın dönməz siyasi əqidəsinin ifadəsidir. Mehriban xanımın əqidə səviyyəsindəki siyasi mövqeyi müstəqil Azərbaycan dövlətçiliyi yollarında atdığı bütün addımlarda uğurla sınaqdan çıxmışdır. Mehriban Əliyeva Azərbaycan cəmiyyətində Azərbaycan xalqının müxtəlif qruplarının taleyüklü sosial-mədəni problemlərinin vaxtında və yüksək səviyyədə həyata keçirilməsi istiqamətində meydana qoyduğu mövqe ilə və atdığı nəticəyönümlü qətiyyətli addımlarla həmin sahədə cəmiyyətdəki mövcud gərginliyin aradan qaldırılmasına və real olaraq insanların həyat şəraitinin yaxşılaşdırılmasına, son nəticədə isə xalqın ümid və inam hisslərinin möhkəmləndirilməsinə xidmət etmişdir. Hələ Azərbaycan Respublikası Milli Məclisinin deputatı olduğu illərdən etibarən Azərbaycan xalqının zorla düçar edildiyi qaçqınlıq və köçkünlük problemlərinin həlli sahəsində atdığı əhəmiyyətli addımlar, qaçqın və köçkün düşərgələrində keçirdiyi çoxsaylı səmimi görüşlər, apardığı müzakirələr, əlaqədar təşkilatların problemin həllinə cəlb edilməsi, icra prosesinin normal təşkilinə nəzarət edilməsi nəticə etibarilə müstəqil Azərbaycan dövlətinin bu sahədəki zəruri problemlərinin həllinə xidmət etməklə bərabər, ağır şəraitdə güzəran keçirən insanların ölkəmizin sabahına ümidlə baxmalarına və inamla yaşamalarına böyük stimul vermişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müəyyən etdiyi siyasi kursun Mehriban xanım Əliyeva tərəfindən ardıcıl olaraq və uğurla həyata keçirilməsi sayəsində ölkəmiz beynəlxalq miqyasda qaçqınları olan digər dövlətlərlə müqayisədə qaçqınlıq problemini daxili imkanlar hesabına həll edən nadir ölkələrdən biri olmuşdur. Dünyanın başqa ölkələrində qaçqın düşərgələri siyasi müxalifətin sərt siyasət məkanına çevrilərək sabitliyin pozulmasına, qarşıdurmaların yaradılmasına, sosial gərginliyin süni surətdə artırılmasına nail olmaq üçün istifadə etdiyi əsas rıçaqlardan biri olduğu halda, müstəqil Azərbaycan dövlətində aparılmış düzgün və məqsədyönlü siyasət nəticəsində qaçqınlar ordusu həmişə birmənalı şəkildə dövlətçiliyin tərəfində dayanaraq ölkə rəhbərini ürəkdən müdafiə etmişlər. Çünki Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin möhkəm əsaslarını müəyyən etdiyi etibarlı və dayanıqlı təməllər, Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət, göstərdiyi xüsusi qayğı və diqqət və eyni zamanda, Birinci vitse-prezident Mehriban Əliyevanın qaçqınlar sferasındakı çoxcəhətli və yorulmaz fəaliyyəti siyasi cəhətdən və əməli iş baxımından bir-birini üzvi surətdə tamamladığı üçün qaçqınlar problemi dövlətin vahid proqramı səviyyəsində müvəffəqiyyətlə həll edilmişdir. Bu baxımdan Azərbaycanda qaçqınlar nə məkrli beynəlxalq təşkilatların ölkəni qarışdırmaq üçün istifadə etdikləri ələbaxan sosial qruplara, nə də siyasi müxalifətin emosional elektoratına çevrilmişdir. Hazırda Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 30 illik erməni işğalından azad etdiyi Qarabağa Böyük Qayıdış Proqramı əsasında qaçqınların dədə-baba torpaqlarına qayıtmaları və yerləşdirilməsi prosesində Mehriban xanım Əliyevanın meydana qoyduğu ədalətli mövqe və apardığı iş, ümumiyyətlə, qaçqınlığın bir problem kimi tam aradan qaldırılmasının təmin olunmasına xidmət edir. Son yarım əsrdə dünyanın əksər ölkələrində qaçqın-miqrant axınlarının genişlənməkdə olduğu, beynəlxalq problemə çevrildiyi bir zamanda Azərbaycan Respublikasında qaçqın və köçkünlər probleminin bu cür köklü şəkildə həll edilməsi dünya təcrübəsində analoqu olmayan bir nailiyyətdir. Bu problemin yüksək şəkildə həll edilməsinə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın verdiyi konkret töhfələr isə real bir gerçəkliyin əməli ifadəsidir. Azərbaycan Respublikasının Prezidenti, silahdaşı İlham Əliyevlə birlikdə ad günlərinin uzun illərdən bəri qaçqın şəhərciklərində, son illərdə işğaldan azad olunaraq qaçqın və köçkünlərin məskunlaşdıqları yeni yaşayış məskənlərində keçirmələri bu tarixi addımları xalq ilə dövlət arasındakı qarşılıqlı etimadın danılmaz faktına çevirir.
Dünyanın əksər ölkələrində valideyn hüququndan məhrum edilmiş və ya valideynlərini itirmiş kimsəsiz uşaqlarla əlaqədar problemlər müxtəlif üsullarla həll edilir. Təəssüf ki, bir çox ölkələrdə həmin sosial təbəqə atılmışlar kateqoriyasına daxil edilərək aşağı səviyyəli, minimum diqqət göstərilməsi, onlara ən zəruri olan bəzi məsələlərin həllində kömək edilməsi ilə kifayətlənilir. Bəzən azyaşlı olmalarına baxmayaraq, həmin kateqoriyaya aid uşaqlardan ucuz işçi qüvvəsi kimi istifadə edilir. Ən dəhşətlisi də ondan ibarətdir ki, bəzi inkişaf etmiş ölkələrdə sahibsiz uşaqlarda gen dəyişikliyi edilərək hibrid nəsillər yetişdirilir. Azərbaycanda isə bütün bunların tam əksinə olaraq, kimsəsiz uşaqların sağlam şəkildə, atalı-analı uşaqlarla eyni səviyyədə bütün hüquqlara malik olmaqla və onların milli-mənəvi dəyərlər əsasında böyüyüb inkişaf etdirilməsi məqsədilə vahid dövlət proqramı həyata keçirilir. Bu humanist dövlət proqramının əsas istiqamətlərinin müəyyən olunması, sosial bazasının formalaşdırılması, maddi-texniki ehtiyaclarının həll edilməsi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın birbaşa himayəsi ilə yerinə yetirilir. Mehriban xanım Əliyevanın uşaq evlərində, internat məktəblərində, çətin tərbiyə olunan uşaqlarla əlaqədar müəssisələrdə həyata keçirdiyi davamlı fəaliyyət proqramları kimsəsiz uşaqlar məsələsinin həll edilməsini cəmiyyətin sosial inkişafının prioritet müddəalarından biri səviyyəsinə çatdırmışdır. Mehriban xanım Əliyevanın demək olar ki, Azərbaycan təqviminin bütün əlamətdar günlərində uşaq təhsil və tərbiyə müəssisələrində mütəmadi və müntəzəm keçirdiyi tədbirlər valideyn hüquqlarından istifadə etmək imkanı olmayan bu uşaqların özlərini kimsəsiz hesab etməmələrinə, dövlətimizin onlara sahib çıxmasına şərait yaradır. Yeni il, Novruz bayramı, 8 Mart Qadınlar Bayramı, Qurban və Ramazan bayramları, Milli Qurtuluş Günü, Zəfər bayramı kimi bütün ölkə miqyasında qeyd olunan əlamətdar günlərin hamısında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın daim “kimsəsiz” uşaqlarla bir yerdə olması, onlara dövlət səviyyəsində diqqət və qayğı göstərməsi, əsl Azərbaycan qadını və Anası kimi şəfqət bəsləməsi, necə deyərlər, “kimsəsizlərin kimsəsinin” Azərbaycan dövləti olduğunu nümayiş etdirir. Nəticədə Azərbaycan dövləti kimsəsizlərin timsalında xalqımızın layiqli milli düşüncəyə malik vətənpərvər övladlarını qazanır. Uşaq evlərində böyüyüb tərbiyə almış məktəblilərin sonradan ali təhsil alıb yüksək ixtisaslı mütəxəssisə çevrilmələri, məsul vəzifələrdə çalışmaları, Qarabağ müharibəsində iştirak edərək özlərinin Vətən borclarını vətənpərvərliklə yerinə yetirmələri, ailə qurub övlad-uşaq sahibi olmaları Mehriban xanım Əliyevanın apardığı uzaqgörən humanist siyasətin bəhrələridir. Bu, dövlət və ümumxalq işində Heydər Əliyev Fondunun xətti ilə Leyla xanım Əliyeva və Arzu xanım Əliyevanın da fəal iştirak etmələri kimsəsiz uşaqların Azərbaycanda dövlət səviyyəsində bu işin hansı səviyyədə əsaslı yer tutduğunu əyani şəkildə nümayiş etdirir.
Ölkəmizdə qədim və böyük ənənəsi olan muğam sənətinin yenidən dirçəldilməsi işi də birbaşa Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın adı və fəaliyyəti ilə bağlıdır. Zəngin ənənəsi olmasına baxmayaraq, son yarım əsrdən çox müddətdə dünyada estrada, pop-rok, caz kimi musiqi janrlarına marağın son dərəcədə böyük sürətlə artması milli mentalitetimizlə əlaqədar olan muğam sənətini gündəmdə çətin durumla üz-üzə qoymuşdur. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ölkə miqyasında genişmiqyaslı muğam müsabiqələrinin həyata keçirilməsinə başlanılması muğam sənətinin xilas edilib xalqımıza qaytarılmasında müstəsna dərəcədə böyük bir dönüşün yaranması ilə nəticələnmişdir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti səviyyəsində Mehriban xanım Əliyevanın rəhbərliyi ilə böyük uğurla həyata keçirilən muğam siyasəti bu ölməz sənəti yenidən ölkəmizdə milli mədəniyyətin üzvi tərkib hissəsinə çevirmişdir. Bundan başqa, Heydər Əliyev Fondu görkəmli muğam ifaçısı olan böyük sənətkarlarımız haqqında albomlar və onların ifa etdikləri mahnılardan ibarət disklər, kasetlər hazırlatdıraraq geniş şəkildə yayması ilə də muğam sənətinə əsaslı bir qayıdışın başlanılmasını təmin etmişdir. Heydər Əliyev Fondu klassik muğam ifaçısı olan sənətkarlarımız üçün xüsusi mükafatların və təqaüdlərin verilməsini təmin etməklə muğama marağı qüvvətləndirmiş və genişləndirilmişdir. Bundan başqa, həmin zəmində iki ildən bir Azərbaycanda beynəlxalq muğam simpoziumlarının təşkil edilməsi, dünyanın muğamşünas alimlərinin Bakıda bir araya gətirilib geniş elmi diskussiyaların keçirilməsi muğam sənəti ilə əlaqədar bir çox mühüm elmi nəticələrin əldə olunması ilə nəticələnmişdir. İlk dəfə olaraq, Azərbaycan Bəstəkarlar İttifaqı tərəfindən “Azərbaycan Muğam Ensiklopediyası” yüksək elmi səviyyədə hazırlanıb nəşr edilmişdir. Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunda Muğamşünaslıq şöbəsi yaradılmış və respublika üzrə muğama həsr olunmuş tədqiqatların bu şöbə vasitəsi ilə koordinasiya edilməsi təmin olunmuşdur. Son illərdə muğam sənətinin tarixinə, inkişaf yoluna, ənənələrinə, görkəmli ifaçılarına həsr edilmiş monoqrafiyaların və məqalələrin çap edilməsi, dissertasiyaların müdafiə olunması, elmi konfransların təşkili muğam sənəti sahəsində aparılan siyasətin konkret elmi bəhrələridir. Geniş mənada Şərq-müsəlman ifaçılıq mədəniyyəti nümunəsi hesab edilən muğam sənətinin ən qədim vətəninin Azərbaycan ölkəsi olmasının elmi şəkildə əsaslandırılaraq sübut olunması və bu tarixi faktın beynəlxalq elmi ictimaiyyət tərəfindən rəğbətlə qarşılanması da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ölkəmizə qazandırdığı imic kimi mühüm əhəmiyyətə malikdir. Son illərdə Azərbaycanın müxtəlif regionlarında, o cümlədən Azad Qarabağda memarlıq abidələri səviyyəsində tikilib istifadəyə verilən muğam mərkəzi kompleksləri də bu qədim sənətin geniş yayılmasını, kütləviləşdirilməsini, təbliğini, inkişaf etdirilməsini təmin etməklə bərabər, həm də regionlarımızda yeni nəsil istedadlı gənc muğam ifaçılarının üzə çıxarılmasına da meydan açır.
Azərbaycanda idman sahəsinin köklü islahatları, idmanın kütləviləşdirilməsi, maddi-texniki bazasının yaradılması, dünya olimpiya oyunlarının Azərbaycanda keçirilməsi və sair kimi tədbirlər ölkəmizdə sağlam və vətənpərvər yeni nəsillərin yetişdirilməsi, dövlətimizin beynəlxalq səviyyədə imicinin yüksəldilməsi, nəhayət, bizə etibarlı dostlar və tərəfdaşların qazandırılması baxımından böyük və genişmiqyaslı bir siyasətin həyata keçirilməsi deməkdir. Artıq ölkəmizdə dövlət səviyyəsində qeyd edildiyi kimi Birinci Avropa Olimpiya Oyunlarının və İslam Həmrəyliyi Oyunlarının ən yüksək səviyyədə keçirilməsində Mehriban xanım Əliyeva böyük təşkilatçılıq işi aparmaq istedadını meydana qoymuşdur. Hazırda Üçüncü MDB Oyunlarının keçirilməsi ilə əlaqədar aparılan işlərə də Mehriban xanım Əliyeva böyük səy və bacarıq sərf edir. Məhz Mehriban xanım Əliyevanın yorulmaz fəaliyyəti ilə uğurla həyata keçirilən genişmiqyaslı idman hərəkatı tikilib-qurulan idman kompleksləri ilə ölkəmizin daha da abad və yaraşıqlı olmasına da şərait yaradır.
Ziyalı faktoru, ədəbiyyat və incəsənət, elm və mədəniyyət xadimlərinə dəstək və qayğı da Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin fəaliyyətində xüsusi yer tutur. Heydər Əliyev Fondunun Azərbaycanın görkəmli ziyalılarını təltif etmək üçün “Qızıl çinar” mükafatını təsis etməsi ölkəmizin ictimai-mədəni mühitinin mühüm hadisəsi olmuşdur. Respublikamızın ən tanınmış ədəbiyyat və incəsənət xadimləri: xalq rəssamı Tahir Salahov, xalq rəssamı, akademik Ömər Eldarov, dünya şöhrətli Müslüm Maqomayev, Xalq artisti, akademik Arif Məlikov, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, AMEA-nın müxbir üzvü Firəngiz Əlizadə, Xalq artisti, professor Fərhad Bədəlbəyli və başqaları haqqında yüksək poliqrafik səviyyədə çap olunmuş albom-monoqrafiyalar onların böyük sənətinin sanballı salnaməsi və dərinmənalı sənət pasportudur. Heydər Əliyev Fondunun xətti ilə ölkəmizdə və xaricdə təşkil olunan sərgilər, konsertlər, görüşlər Azərbaycanın milli mədəniyyətinin, elminin və ədəbiyyatının tanıdılması, beynəlxalq aləmə təqdim olunması baxımından xüsusi əhəmiyyətə malik olan hadisələrdir. Bütün bunlar Mehriban Əliyevanın əsl bacarıqlı dövlət xadimi və diplomat, eyni zamanda, əsl elm, mədəniyyət, idman işlərinin yorulmaz təşkilatçısı olduğunu əyani surətdə nümayiş etdirir. Mehriban xanımın Birinci vitse-prezident olaraq və Heydər Əliyev Fondunun prezidenti kimi çoxcəhətli, yorulmaz, məqsədyönlü fəaliyyəti müstəqil Azərbaycan Respublikasının hərtərəfli surətdə inkişaf etdirilməsinə və ölkəmizin adının, imicinin beynəlxalq miqyasda yüksəldilməsinə həsr edilmiş mənalı ömrün şərəfli səhifələridir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi çoxvektorlu siyasətin, müstəqil dövlətçilik yollarında atdığı hər bir addımın Mehriban Əliyeva tərəfindən vahid amalın ayrılmaz tərkib hissəsi kimi qəbul edilərək müdafiə olunması və davam etdirilməsi dövlətçilik baxımından çox mühüm olan siyasi bütövlüyün və harmoniyanın təmin edilməsi cəhətdən də xüsusi əhəmiyyətə malikdir. Bu çox mühüm faktor müstəqil Azərbaycan dövlətinin monolit birliyinin möhkəm əsaslarından birini təşkil edir. Məhz həmin Birlik, Bütövlük, Sədaqət və Məsuliyyət Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın özünəməxsus obrazını nümayiş etdirməklə bərabər, həm də ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ən müasir inkişafa, yeni-yeni nailiyyətlərin qazanılmasına, daha böyük gələcəyə doğru qətiyyətli addımların atılmasına uğurla xidmət edir.
Kərim Tahirov,
Azərbaycan Milli Kitabxanasının direktoru.
Professor
27-08-2025, 13:47 | Nazir polkovnikə yüksək vəzifə verdi

Nəsimi rayon Dövlət Yanğından Mühafizə Hissəsinin sabiq rəisi, polkovnik Vüqar İsmayılova yeni vəzifə verilib.
Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə daxili xidmət polkovniki Vüqar İsmayılov Xəzər Hövzə Qəza-Xilasetmə Xidmətinin şöbə rəisi vəzifəsinə təyin edilib.
Qeyd edək ki, polkovniki Vüqar İsmayılov bir neçə ay Nəsimi rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsinə çalışıb.
26-08-2025, 15:47 | "Zəfər və Azərbaycanın təşəbbüskarı olduğu sülh ABŞ Prezidentinin iştirakı və imzası ilə rəsmiləşdirildi"

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Ordumuzun döyüş meydanında qazandığı zəfərlər və Azərbaycanın təşəbbüskarı olduğu sülh Vaşinqtonda, ABŞ Prezidentinin iştirakı və imzası ilə rəsmiləşdirildi.
Bunu Nazirlər Kabinetində keçirilən Prezident İlham Əliyevin Vaşinqton səfərinə həsr olunmuş xüsusi iclasda Baş nazir Əli Əsədov deyib.
"Azərbaycan Prezidenti İlham Əliyevin bütün dünyanın diqqət mərkəzində olan triumfal Vaşinqton səfəri ölkəmizin beynəlxalq siyasi arenada nüfuzunu və mövqeyini daha da gücləndirməklə yanaşı, regionda uzunmüddətli sülhün təmin olunması istiqamətində yeni perspektivlər açır", - o qeyd edib.
Baş nazir bildirib ki, Prezident İlham Əliyevin dünyanın ən qüdrətli dövlətinin paytaxtı Vaşinqtonda, Ağ evdə Prezident Donald Tramp tərəfindən böyük hörmət və ehtiramla ən ali səviyyədə qarşılanması, dövlət başçımıza göstərilən xüsusi rəğbət, səmimiyyət və yüksək qonaqpərvərlik, ABŞ dövlət başçısının Ağ evin rəmzi açarını Azərbaycanın dövlət başçısına təqdim etməsi Amerika Prezidenti tərəfindən Prezident İlham Əliyevin şəxsiyyətinə və liderliyinə xüsusi münasibətin parlaq ifadəsidir:
"Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Ordumuzun döyüş meydanında qazandığı zəfərlər və Azərbaycanın təşəbbüskarı olduğu sülh Vaşinqtonda, ABŞ Prezidentinin iştirakı və imzası ilə rəsmiləşdirildi. Səfər çərçivəsində imzalanmış tarixi sənədlər bir tərəfdən Azərbaycan-Amerika münasibətlərinin yeni inkişaf mərhələsinə və strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsinə, digər tərəfdən də Azərbaycan-Ermənistan münasibətlərinin normallaşma prosesinin təməlini qoymaqla Azərbaycan və region üçün son dərəcə taleyüklü məsələlərin həllinə xidmət edir".
"8 noyabrdan sonra 8 avqustda növbəti tarixi hadisəyə bütün dünya və biz şahidlik etdik: "Azərbaycanın diplomatiya tarixinə qızıl hərflərlə yazılan 8 avqust tarixi ölkəmizin uzun, çətin, amma şərəfli bir yol keçərək əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və zamanın çağırışlarına uyğun Prezident İlham Əliyev tərəfindən mükəmməl şəkildə inkişaf etdirilən sülh konsepsiyasının hədəflərinə nail olması ilə əlamətdar oldu.
Bu nailiyyətlər Azərbaycan Prezidentinin güclü liderliyinin, yorulmaz səylərinin, sarsılmaz polad iradəsinin, qətiyyətinin və prinsipiallığının, parlaq diplomatik məharətinin, böyük uzaqgörənliyinin və müdrik qərarlarının məntiqi nəticəsidir. Onların əsasında Qarabağımızın və işğala məruz qalmış bütün torpaqlarımızın azad olunması və mütləq suverenliyimizin təmin edilməsi ilə yaranan yeni geosiyasi reallıqlar, eyni zamanda beynəlxalq aləmdə Azərbaycanın nüfuzunun möhkəmlənməsi dayanır.
Postmüharibə dövründə Azərbaycanın xarici siyasəti davamlı sülhün təmin olunmasını, dövlət sərhədlərinin qarşılıqlı tanınmasını və kommunikasiya xətlərinin açılmasını əsas prioritet kimi irəli sürür. Bu baxımdan Vaşinqtonda imzalanan sənədlər xüsusi əhəmiyyət kəsb edir", - o qeyd edib.
26-08-2025, 10:56 | Mehriban Əliyeva milli dəyərləri və humanizmi üstün tutan dövlət xadimidir

Leyla Əliyeva,
Sumqayıt şəhər Y.Məmmədəliyev adına 31 nömrəli tam orta məktəbin direktoru.
Hər kəs doğulduğu torpağın, mənsub olduğu millətin, məmləkətin boy aldığı soyun bir parçasıdır. Azərbaycan Respublikasının Birinci vitse prezidenti, Birinci xanımı Mehriban Əliyeva məğrurluğu, müdrikliyi, məhəbbət, mərhəmət, nəcibliklə dolu qəlbi, insansevərliyi ilə tarixdə iz qoyan qüdrətli xatunlardandır.
Tanrı Mehriban xanım Əliyevanın qismətinə üç müqəddəs soyun işığından pay verib. O, iki böyük müəllim və alimin, yazıçı Mir Cəlal Paşayevin və jurnalist-pedaqoq Nəsir İmanquliyevin ocağında dünyaya gəlib. Atası AMEA-nın həqiqi üzvü Arif Paşayev fizika, texnika və kosmonavtika sahəsində qüdrətli alim olmaqla, Azərbaycanda ilk Milli Aviasiya Akademiyasının qurucusudur. Anası görkəmli alim, pedaqoq və ictimai xadim Aida xanım İmanquliyeva ərəb-məhcər ədəbiyyatının dünyada ilk qadın tədqiqatçısıdır. O, AMEA-nın Şərqşünaslıq İnstitutunun ilk qadın direktoru olmuşdur.
Mehriban xanım Əliyeva bütün ömrünü milli dövlətçilik tariximizin yenidən yazılmasına həsr edən, müasir Azərbaycan dövlətinin memarı Heydər Əliyev və insanlara ömrü boyu işıq paylayan Zərifə Əziz qızı Əliyevanın ocağının gəlinidir. Həyat yoldaşı Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdir. Üç övlad anası, doqquz nəvənin nənəsidir. Bütün bunlar onun alın yazısı, Tanrıdan tale payı olsa da, həyat yolunu və fəaliyyət dairəsini özü müəyyənləşdirib.
Qloballaşan dünyaya, ümumbəşəri dəyərlərə töhfələrinə görə Mehriban xanım Əliyeva Azərbaycanın və dünyanın bir sıra mükafatlarına layiq görülüb. Yüzilliyin mesenatları Beynəlxalq Xeyriyyə Fondunun Yaqut Xaç ordeni və “Qızıl Ürək” beynəlxalq mükafatları ilə təltif olunan xoşməramlı səfir kimi Şərq və Qərb ölkələrində şöhrət qazanıb. Ən böyük mükafatı ictimai-siyasi xadim kimi qazandığı xalq məhəbbəti, insan sevgisidir.
Sivilizasiyaları dialoqa, bəşəriyyəti birliyə, dostluğa çağıran, Şərqlə Qərbi İpək yoluna səsləyən Mehriban xanım Əliyeva 1995-ci ildə Azərbaycan Mədəniyyətinin Dostları Fondunun, 1996-cı ildə Azərbaycan, ingilis və rus dillərində işıq üzü görən “Azərbaycan-İrs” jurnalının təməlini qoyub. Bu jurnalın kitab seriyasından olan layihələri müxtəlif dillərdə ayrı-ayrı ölkələrdə təqdim edilib. 2002-ci ildə Azərbaycan Gimnastika Federasiyasının prezidenti, 2004-cü ildə Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin və Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, sonrakı illərdə isə sədr müavini seçilib. Göstərilən etimada hər zaman böyük məsuliyyətlə yanaşdığından qısa zaman kəsiyində bütün sahələrdə parlaq uğurlar əldə edib. Onun rəhbərliyi ilə Bakıda gerçəkləşən Avroviziya mahnı müsabiqəsi, Avropa Oyunları və İslam Həmrəyliyi Oyunları, Beynəlxalq konfrans, simpozium və forumlar, muğam müsabiqələri ölkəmizin nüfuzuna nüfuz qatıb.
Mehriban xanım Əliyeva 2005-ci ildə Milli Məclisə deputat seçilib. Həmin ildə müdafiə etdiyi "Eftanaziya və təbabətdə humanizm probleminə həsr olunan namizədlik dissertasiyası ilə elmi humanizmin əsasını qoyub. Onun təsis etdiyi Heydər Əliyev Fondu dünyaşöhrətli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin zəngin irsinin öyrənilməsi və onun yaratdığı milli dövlətçilik ideyalarının, Azərbaycançılıq məfkurəsinin yeni nəsillərə çatdırılması və inkişaf etdirilməsi istiqamətində misilsiz xidmətlər göstərir. Mehriban xanım Əliyeva eyni zamanda Azərbaycan-Amerika və Azərbaycan–İngiltərə parlamentlərarası dostluq qrupunun rəhbəri kimi mühüm xidmətlər göstərmiş, nəaliyyətlər əldə etmişdir. UNESCO-nun 41, İSESCO-nun 51 Xoşməramlı səfirindən biri kimi ilklərə imza atan Mehriban xanım Əliyeva müxtəlif ölkələrin ayrı-ayrı mətbuatında beynəlxalq aləmdə humanist fəaliyyətinə görə M.Rastropoviç, K.Kardinal, L.Məryəm, V.Adamkus, Tereza Ana kimi insanlarla müqayisə edilir.
Ölkənin I vitse prezidenti “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək” layihələri ilə yüzlərlə müasir orta məktəb binasının tikilməsinə və bərpasına nail olub. Belə möhtəşəm layihələr hətta ən ucqar dağ kəndlərində, çadır şəhərciklərində, indi isə artıq işğaldan azad olunmuş Qarabağda və Şərqi Zəngəzurda gerçəkləşdirilir. Uşaq evləri və internat məktəbləri Birinci xanımın qayğıs ilə yeniləşən Azərbaycanın bir parçasına çevrilib. Bir vaxtlar Xan qızı Natəvan Qarabağın Üzeyir bəy Hacıbəyli kimi istedadlı gənclərini Qurani-Kərimin altından keçirərək Qori Müəllimlər Seminariyasına oxumağa göndərirdi. Sonralar bu müqəddəs ənənə Azərbaycanın qüdrətli maarifpərvərlərinin – Hacı Zeynalabdin Tağıyevin, Mahmud və Hacı İbrahimxəlil Ağaların, Mirzə Nəsrulla bəy Əmirovun, Cümhuriyyət illərində Cümhuriyyət qurucularının, ötən əsrin 70-ci İllərində isə Azərbaycan rəhbəri Heydər Əliyevin dövlət idarəçilik təliminin əsas prioritetlərindən birinə çevrildi.
Müqəddəs əməlləri amalına çevirən, millətin nicatını elm-ürfanda görən Mehriban xanım Əliyeva vətəndə həyata keçirdiyi genişmiqyaslı layihələrlə kifayətlənmir. Onun “Təhsilə dəstək” layihəsi sərhədləri aşır, dünyanın müxtəlif guşələrində yaşayan soydaşlarımız unudulmur. Eyni siyasət Gürcüstanda Moskvada, MDB və Avropa dövlətlərində də həyata keçirilir. Mehriban xanım müharibənin və təbii fəlakətin acılarını yaşayan Pakistanda Qız Məktəbinin təməlini qoymaqla Hacı Zeynalabdin Tağıyevin ötən əsrin əvvəlində Pakistanda tüğyan edən xəstəliklərin qarşısını almaq məqsədilə verdiyi mənəvi dəstəyi təkrarladı. Həm Hacı Zeynalabdin Tağıyevin, həm də xanım Əliyevanın göstərdiyi diqqəti yüksək qiymətləndirən Pakistan xalqı və dövləti bizim 44 günlük Vətən Müharibəmizdə birliyin, bütövlüyün rəmzinə döndü. Şuşa qalasında 3 əzəmətli bayraq dalğalandı: Azərbaycanın, Türkiyənin və Pakistanın özgürlük rəmzi olan bayraqlar!
Azərbaycan Mədəniyyət Fondunun və Heydər Əliyev Fondunun xətti ilə sənəti və mədəniyyəti himayə edən Mehriban xanım Əliyeva müasir Azərbaycandan əski çağlara cığır açmış oldu. Azərbaycanın tarixi abidələri, muğamları dünyanın maddi-mədəni inciləri sırasına yazıldı. “Muğam” jurnalının təsisçisi kimi şöhrət qazanan ölkənin I vitse prezidenti “Muğam” portalının və Muğam Mərkəzinin qurucusu kimi tarix yaratdı. Mehriban xanımın iradəsi ilə Dənizkənarı Milli Parkda möhtəşəm Muğam Mərkəzi tikildi. Bu möhtəşəm addım “Azərbaycan muğamları” layihəsi ilə müşayiət olundu. Layihə çərçivəsində işıq üzü görən “Qarabağ xanəndələri” albomu ilə ölməz muğam ifaçıları yenidən dünyaya təqdim edildi. “Muğam–Dəsgah” layihəsi çərçivəsində birbaşa konsertlər lentə yazıldı. Mehriban xanım “Muğam Ensiklopediyası” layihəsinin də gerçəkləşdirilməsinə, onun elektron variantının hazırlanmasına nail oldu. “Muğam İnternet” layihəsinin, beynəlxalq konfransların, festivalların, simpoziumların həyata keçirilməsini nəzərdə tutan “Muğam dünyası” layihəsi Mehriban xanımın Azərbaycana, eyni zamanda sənətşünaslığa və musiqişünaslığa bəxş etdiyi ən müqəddəs töhfələrdir.
Tarixin müxtəlif dönəmlərində qüdrətli şəxsiyyətlər, sərkərdə-xaqanlar yetirən Azərbaycan qadını ən ağır döyüşlərdə ərinə, oğluna arxa olmuş, onunla çiyin-çiyinə dayanmışdır. Möhtəşəm Zəfər yürüşündə dövlət başçısı ilə yanaşı inamla addımlayan, sosial şəbəkə hesablarında müjdə paylaşımları edən Mehriban xanım Qarabağın yaralarının sağaldılmasında da ən ön sırada gedir. 30 illik işğaldan, intizardan sonra bərpa olunan “Xarıbülbül” musiqi festivalının, “Vaqif Poeziya Günləri”nin, Molla Pənah Vaqifin dağıdılmış məqbərəsinin tarixi məscidlərin bərpası da onun adına yazılan əsl şərəf və ləyaqət nümunələridir.
Bu gün Azərbaycan qadınının haqq səsinə dönən Mehriban xanım dünyaya sülhün gözü ilə baxır. Qloballaşan dünyanı tolerantlığa, dünyəvi dəyərlərə, insan haqlarına sayğıya çağırmaqla, Azərbaycan qadınının əsl obrazını bəşəriyyətə tanıdır.
Şərqin qüdrətli şəxsiyyətləri, xaqanları, pirlərə, övliyalara, Tanrı evlərinə, üləmalara ehtiram göstərib. Saraylarında fikir və düşüncə sahiblərini himayə etdikləri kimi, onların şərəfinə türbələr, məqbərələr ucaldılıb. Bu gün Azərbaycanın ayrı-ayrı bölgələrində bir çox abidələrin və dini məbədlərin bərpa olunmasında Mehriban xanımın rolu böyükdür. Mehriban Əliyeva kilsələrə, sinaqoqlara da diqqət və qayğı ilə yanaşır.
Versal sarayının önündəki üç abidənin bərpasını məhz Heydər Əliyev Fondu öz üzərinə götürdü. Prezident İlham Əliyevin tapşırığı ilə Əlimərdan bəy Topçubaşovun Fransadakı məzarı üzərində onun abidəsi ucaldıldı. Mərasimdə Azərbaycanın Birinci xanımı da iştirak etdi. Mehriban xanım Əliyevanın dövlətə sədaqət, millətin keçmişinə hörmət hissi bununla bitmir, məhz onun diqtəsi, iradəsi ilə Gürcüstanda torpaq müqəddəsliyinə qovuşan Mirzə Şəfi Vazeh, Mirzə Fətəli Axundzadə, Əhməd bəy Ağayev kimi maarifpərvərlərin, dövlət xadimlərinin məzarları bərpa edildi, qəbirüstü abidələri yaradıldı. Mirzə Cəlilin, Nəriman Nərimanovun Tiflisdəki ev-muzeyləri təmir edildi. Heydər Əliyev Fondunun Gürcüstan nümayəndəliyi fəaliyyətə başladı və eyni siyasət Rusiyada da həyata keçirildi.
Mehriban Əliyevanın cəmiyyətin inkişafı naminə gördüyü müqəddəs işlər Azərbaycan qadınının ictimai-siyasi fəallığını daha da artırır. Bütün bunlar eyni zamanda siyasi proseslərdə milli-mənəvi dəyərlərin, qadın qəlbinin hərarətinin daha çox nəzərə alınmasına və siyasi mühitdə təmiz, saf abı-havanın qorunmasına rəvac verir.
Mehriban xanım xalqın mənəvi zənginliyini onun ululuğu ilə bağladığından sənətin və mədəniyyətin himayədarına çevrilir. 2006-cı ildə Azərbaycan–ABŞ parlamentlərarası dostluq qrupunun rəhbəri kimi Amerikaya səfəri zamanı Vaşinqton Tekstil Muzeyində fars xalçası kimi təqdim edilən Şeyx Səfi xalısının Azərbaycan xalqı və onun dövlətçilik tarixi ilə bağlı olması barədə muzey əməkdaşına məlumat verən Mehriban xanım həqiqət carçısı, mənəviyyat elçisi kimi yaddaşlara yazıldı.
Sonsuz qürur, iftixar hissi ilə qeyd etməliyik ki, bu gün milli dövlətçilik və müstəqillik tariximizin yeni və parlaq səhifəsinə ilk dəfə olaraq qızıl hərflərlə yazılmış Birinci Xanım İnstitutu da məhz Mehriban xanım Əliyevanın adı, imzası və onun sərhədlərə sığmayan xoşməramlı fəaliyyəti ilə bağlıdır.
26-08-2025, 07:54 | Bu gün Mehriban Əliyevanın doğum günüdür

Bu gün Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın doğum günüdür.
Mehriban Arif qızı Əliyeva 1964-cü ilin avqustun 26-da Bakı şəhərində anadan olub.
1982-ci ildə Bakı şəhəri 23 №-li orta məktəbi qızıl medalla bitirərək N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub. 1988-ci ildə M. Seçenov adına 1-ci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib. 1988-1992-ci illər ərzində Moskvada akademik Krasnovun rəhbərliyi altında Göz Xəstəlikləri Elmi-tədqiqat İnstitutunda işləyib.
1995-ci ildə Mehriban Əliyevanın təşəbbüsü ilə Azərbaycan Mədəniyyətinin Dostları Fondu təsis olunub. 1996-cı ildə Mehriban Əliyeva Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması məqsədilə üç dildə (Azərbaycan, ingilis və rus) çap olunan “Azərbaycan-İrs” jurnalını təsis edib.
2002-ci ildə Mehriban Əliyeva Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib.
Mehriban Əliyeva, həmçinin, Heydər Əliyev Fonduna rəhbərlik edir. 2004-cü il may ayının 10-da fondun rəsmi açılışı olub. Heydər Əliyev Fondu xeyriyyəçilik tədbirləri görür, təhsil, mədəniyyət, incəsənətlə bağlı layihələr həyata keçirir. Bu layihələr təkcə Azərbaycanla məhdudlaşmır. Mehriban Əliyevanın həyata keçirdiyi humanitar layihələr bütün dünyada məşhurdur. Onun təşəbbüsü ilə Pakistanda qızlar üçün yeni məktəb tikilib, İslamabadda, eləcə də Pakistanın digər əyalətlərində silsilə humanitar aksiyalar keçirilib. Versal sarayının bir hissəsinin və Strasburqda orta əsrlərə aid kilsənin, Luvr muzeyi qalereyasından birinin, Roma katakombalarının bərpası, Həştərxanda Azərbaycan-Rusiya dostluq körpüsünün tikilməsi, Müqəddəs Mələksima Knyaz Vladimirə Rusiyada ilk abidə ucaldılması və digər layihələr Heydər Əliyev Fondunun xeyriyyəçilik işləri sırasındadır.
2004-cü il avqustun 13-də Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsindəki fəaliyyətinə görə Mehriban Əliyeva UNESCO-nun xoşməramlı səfiri adına layiq görülüb. Lakin 2022-ci ilin noyabrında Mehriban Əliyeva UNESCO-nun xoşməramlı səfiri kimi fəaliyyətinə xitam verib və bu barədə UNESCO-nun baş direktoruna məktub ünvanlayıb.
Birinci vitse-prezident bu vəzifədən imtinanı Vətən müharibəsi nəticəsində Azərbaycan ərazilərinin Ermənistanın işğalından azad edilməsindən sonra özünün genişmiqyaslı bərpa və quruculuq işlərinə yaxından cəlb olunması və bu xüsusda UNESCO çərçivəsində xoşməramlı səfir vəzifəsinə diqqət ayrılmasının imkan xaricində olduğu ilə izah edib.
2004-cü il dekabrın 28-də Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin IV Baş Məclisində MOK-un İcraiyyə Komitəsinin üzvü seçilib.
2005-ci ildə Azərbaycanda keçirilən sosioloji sorğuya əsasən, Mehriban Əliyeva “İlin qadını” adına layiq görülüb. 2005-ci il iyunun 9-da ictimai, mesenatlıq və xeyriyyəçilik fəaliyyətinə görə, təhsil və mədəniyyət müəssisələrinin dəstəklənməsinə, Rusiya və Azərbaycan xalqları arasında dostluğun möhkəmlənməsinə sanballı töhfələrinə görə Rusiyanın “Yüzilliyin mesenatları” Beynəlxalq Xeyriyyə Fondunun “Yaqut Xaç” ordeninə layiq görülüb.
2005-ci ildə fəlsəfə elmləri namizədi alimlik dərəcəsi alıb. Sivilizasiyalararası dialoq daxil olmaqla, müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, onların yaşayış şəraitinin yaxşılaşmasına, təhsilə, həmçinin İslam aləmində görülən işlərə böyük dəstəyinə görə 2006-cı il noyabrın 24-də İSESCO-nun xoşməramlı səfiri adına layiq görülüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) İcraiyyə Komitəsinin 2007-ci il yanvarın 29-da Cenevrədə keçirilən 120-ci sessiyasının yekdil qərarı ilə Mehriban Əliyevaya ana, uşaq və ailə sağlamlığının qorunması və möhkəmlənməsi işində müstəsna xidmətlərinə görə bu beynəlxalq təşkilatın mükafatı verilib.
Genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə, bəşəriyyətin ali ideallarına xidmət sahəsində yüksək nailiyyətlərinə görə 2007-ci ilin mayında Mehriban Əliyeva “Qızıl ürək” beynəlxalq mükafatına layiq görülüb.
Mehriban Əliyeva Azərbaycan və Polşa arasında dostluq münasibətlərinin inkişafına verdiyi töhfəyə görə 14 sentyabr 2009-cu ildə Polşa Respublikasının “Xidmətlərə görə” Böyük Komandor Xaçı ordeni ilə təltif edilib.
10 fevral 2010-cu il tarixdə isə Fransa Prezidentinin sərəncamı ilə “Fəxri legionun böyük xaç komandoru” ordeni ilə təltif olunub.
2011-ci il iyunun 24-də Mehriban Əliyevaya Krans Montana Forumunun Qızıl medalı təqdim olunub.
2012-ci il aprelin 13-də Mehriban Əliyevaya MDB iştirakçısı olan dövlətlərin Humanitar Əməkdaşlıq Şurası (HƏŞ) və MDB iştirakçısı olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu (DHƏF) tərəfindən “Birlik Ulduzları” dövlətlərarası mükafatı təqdim edilib.
2013-cü il dekabrın 27-də Pakistanın “Şəhid Bənazir Bhutto Qadın Mükəmməlliyi Mükafatı - 2013” mükafatına layiq görülüb.
2014-cü ilin mayında Mehriban Əliyeva sivilizasiyalararası dialoqa verdiyi töhfələrə, həmçinin Almaniyada türk dünyasının tanıdılmasına, Azərbaycan-Almaniya əlaqələrinin inkişafındakı xidmətlərinə görə Türk-Alman Dostluq Federasiyasının fəxri mükafatına layiq görülüb.
Olimpiya dəyərlərinin təbliğindəki xidmətlərinə görə 2014-cü ilin iyununda Beynəlxalq Olimpiya Akademiyasının “Olympic Excellence” xüsusi fəxri mükafatı ilə təltif olunub.
Rusiya Prezidenti Vladimir Putinin 9 avqust 2019-cu il tarixli fərmanı ilə Mehriban Əliyeva Rusiya-Azərbaycan münasibətlərinin inkişafında və möhkəmlənməsində xidmətlərinə görə "Dostluq" ordeni ilə təltif olunub.
Bundan başqa Mehriban Əliyeva Azərbaycan Respublikasının “Heydər Əliyev” ordeni, İtaliya Respublikasının “Xidmətlərə görə” Böyük Xaç Kavaleri ordeni, Pakistanın “Hilal-e Pakistan” ordeni, Serbiyanın “Sreten” ordeni, “Macarıstanın Xidmətlərə görə Komandor Xaçı” ordeni, Rus Pravoslav Kilsəsinin II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordeni, Rusiyanın “Həştərxan vilayəti qarşısında xidmətlərinə görə” ordeni, UNESCO-nun “Qızıl Motsart” medalı, BMT-nin Ümumdünya Əqli Mülkiyyət Təşkilatının qızıl medalı, Avropa Olimpiya Komitələrinin Ali Ordeni, Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin “Xüsusi xidmətlərə görə” medalı, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin qızıl medalı, Küveyt Dövlətinin Fəxri diplomu ilə təltif edilib.
Mehriban Əliyevanın Azərbaycanda keçirilən I Avropa Oyunları, eləcə də IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat komitələrinin sədri kimi fəaliyyəti beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilib.
Rusiya Federasiyasının İ. M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Fəxri professoru, Bolqarıstanın Müqəddəs Kiril və Mefodi adına Veliko Tırnovo Universitetinin fəxri doktorudur.
Prezident İlham Əliyevin 21 fevral 2017-ci il tarixli sərəncamı ilə Mehriban Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti təyin edilib. Mehriban Əliyeva Birinci vitse-prezident kimi əsas diqqətini sosial məsələlərin, əhalinin aztəminatlı təbəqəsinin problemlərinin həlli üzərində cəmləşdirib. Şəhid ailələrinin, müharibə əlillərinin, məcburi köçkünlərin, sağlamlıq imkanları məhdud uşaqların, aztəminatlı ailələrin qayğıları daim onun diqqət mərkəzindədir.
Yeni Azərbaycan Partiyasının sədr müavinidir.
Ailəlidir, iki qızı, bir oğlu var.




















