10-10-2021, 09:59 | Zəfər xronikası: 10 oktyabr 2020-ci il Prezident İlham Əliyevin RBK televiziya kanalına müsahibəsi - VİDEO - FOTO

2020-ci ilin oktyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın RBK televiziya kanalına müsahibə verib.
Müsahibəni təqdim edir.
-Əvvələn, çox sağ olun ki, bizimlə müsahibəyə razılıq vermisiniz. Söhbətə başlamazdan əvvəl mən RBK-nın prinsipləri barədə danışmaq istərdim. Bir neçə gün bundan əvvəl Ermənistanın baş naziri ilə böyük müsahibə gedib, indi isə burada - Azərbaycanda, Bakıdayıq və Azərbaycan Prezidenti İlham Əliyev ilə söhbət edəcəyik. Daha bir remarka. Mən ilk sualı verməzdən əvvəl hər iki tərəfdən həlak olanların bütün doğmalarına başsağlığı vermək istəyirəm. Müharibənin heç kimə lazım olmaması və müharibəsiz də ötüşməyin mümkünlüyü barədə çox eşitmişəm. Lakin bundan sonra ən çətini və yəqin ki, ən maraqlısı başlanır. Danışıqlar başa çatıb. Siz Moskvada baş verənləri necə qiymətləndirirsiniz? Bütün bunların nə demək olduğunu anlamaq bizim üçün çox vacibdir.
-Moskvada baş verənləri bütövlükdə müsbət qiymətləndirirəm. Ona görə ki, danışıqların yekunları ilə bağlı yayılmış bəyanatda humanitar mülahizələrə əsasən atəşkəs rejiminin elan edilməsi bildirilir. Prinsipial əhəmiyyətli bir məqam da odur ki, bu, Azərbaycanın mövqeyi idi. Mən şadam ki, həmin mövqe bu sənəddə öz əksini tapıb. Ermənistan ilə Azərbaycan arasında substantiv danışıqlar başlanır, həmçinin danışıqların formatının dəyişməz qalması təsdiqlənir. Ermənistanın yeni hakimiyyəti bu iki mövqeyi pozmağa çalışırdı. Ona görə ki, heç kəs üçün sirr deyil, İrəvandan səslənən bəyanatlar mahiyyət etibarilə uzun illər ərzində işlənib hazırlanmış danışıqlar prosesini, o cümlədən baza prinsiplərini, danışıqların formatını pozmağa yönəlmişdi. Buna görə prinsipial əhəmiyyətli məqam odur ki, Ermənistan tərəfi anlamağa məcbur oldu ki, baza prinsipləri nizamlama üçün əsasdır, həmin prinsiplərdə isə münaqişənin necə nizamlanmalı, Azərbaycanın işğal edilmiş ərazilərinin hansı ardıcıllıqla qaytarılmalı olduğu dəqiq göstərilib. İkincisi, danışıqların formatı dəyişməz qalır. Bu, o deməkdir ki, danışıqlar yalnız Azərbaycan ilə Ermənistan arasında aparılırdı, aparılır və aparılacaq. Ermənistan rəhbərliyinin bu məsuliyyəti Dağlıq Qarabağda mövcud olan oyuncaq rejimin üzərinə qoymaq üçün göstərdiyi bütün cəhdlər uğursuz oldu. Beləliklə, əminəm ki, bundan sonra Paşinyandan "Qarabağ Ermənistandır" sözlərini bir daha eşitməyəcəyik. Həmçinin onun belə bəyanatlarını eşitməyəcəyik ki, Azərbaycan danışıqları qondarma "Dağlıq Qarabağ respublikası"nın qondarma "rəhbərliyi" ilə aparmalıdır. Əgər o, belə bəyanatlar verərsə, bu, o demək olacaq ki, o, həm vasitəçilərə, həm də Moskvada bu mətni razılaşdırmış öz nümayəndə heyətinə hörmətsizlik edib və mahiyyət etibarilə, o, danışıqlar prosesini yenidən pozur. Bu dəfə həmin bəyanatlar nəyə gətirib çıxardı? Zənnimcə, bunu hamı aşkar görür, lakin düşünmürəm ki, o, ikinci dəfə həmin səhvi təkrarlayar.
-Atəşkəs nə qədər davam edəcək? Bu atəşkəsin amanabəndliyini Siz necə qiymətləndirirsiniz? O, nədən asılı olacaq?
-İndiki eskalasiyaya qədər atəşkəs uzun müddət, onilliklər boyu davam etdi. Təmas xəttində müəyyən toqquşmalar olub, bu il iyul ayında dövlət sərhədində erməni tərəfinin təxribatları olub. Lakin son 30 ilə yaxın müddətdə bu qədər genişmiqyaslı əməliyyatlar olmayıb. Buna görə hər şey erməni tərəfindən asılı olacaq. Əvvələn, o, atəşkəsə riayət edəcəkmi? Ona görə ki, bu gün səhər və dünən, yəni, bu gecə və səhər mənim aldığım məlumata görə, erməni qüvvələri bir neçə istiqamətdə genişmiqyaslı əks-hücum cəhdləri göstərib, Hadrutu geri almağa, Cəbrayıl rayonunda, şimal istiqamətində bizim azad etdiyimiz əraziləri geri almağa cəhd göstərib. Yəni, onlar Moskvada tərəflərin razılığa gələ biləcəyini başa düşdüklərindən itirdiklərini və onlara məxsus olmayanları maksimum həcmdə özlərinə qaytarmağa çalışıblar. Buna görə də atəşkəs rejiminin möhkəmliyinin əsas amili bu olacaq ki, Ermənistan bu ərazilərin bizdə olması ilə, onun həmin əraziləri bir daha heç vaxt görməyəcəyi ilə barışmalı və bunu hərbi yolla geri almağa heç bir cəhd göstərməməlidir.
Bundan heç də az əhəmiyyətli olmayan ikinci amil indicə haqqında danışdığım məsələdir. Biz danışıqlar masası arxasında Ermənistan tərəfindən konstruktiv yanaşma görməliyik, yəqin etməliyik ki, onlar danışıqlar prosesini imitasiya etmək cəhdlərindən əl çəkiblər, təhrikçi əməllərdən, bəyanatlardan çəkiniblər və nizamlama yolunun tapılması məqsədinə sadiqdirlər. Son bir il ərzində erməni tərəfindən gördüklərimiz məhz danışıqlar prosesini pozmağa və məsuliyyəti Azərbaycanın üzərinə qoymağa yönəlmişdi. Buna görə də baxarıq, biz öz bəyanatlarımıza sadiqik, Azərbaycan öz üzərinə götürdüyü öhdəlikləri həmişə yerinə yetirən ölkədir. Mən həmişə demişəm ki, bizim imzamız da sözümüz kimi əhəmiyyətlidir. Lakin atəşkəs birtərəfli proses deyil və biz baxarıq, görək erməni tərəfi özünü necə aparır.
-Danışıqlara başlamaq üçün Azərbaycanın irəli sürdüyü şərtlərdən biri konkretlik idi. Deyilirdi ki, erməni tərəfi qoşunların çıxarılması üçün konkret plan təqdim etməlidir. Bu, Ermənistanın razılaşıb-razılaşmamasından asılı olmayaraq danışıqların indi başlanması deməkdirmi?
-Bilirsinizmi, biz bunu əsas götürmüşük ki, əlbəttə, münaqişəni siyasi yolla həll etməyə üstünlük verilməlidir və uzun illər boyu bizim bütün fəaliyyətimiz buna yönəlmişdi. Bu səbəbdən, dünən və bu gecə Moskvada aparılmış məsləhətləşmələr çərçivəsində biz onlardan danışıqlar masası arxasında tam təslim olmalarını tələb etmədik. Başa düşürük ki, Paşinyan rejimi yetərincə zəifləyib. Bu rejim daxili siyasi səbəblərə görə eskalasiyadan əvvəl də zəifləmişdi. İndi daha çox zəifləyib. Mən hesab etmirəm ki, indi Ermənistanda bir inqilab baş verməsi və qatı millətçilərin, radikalların, azərbaycanofobların hakimiyyətə gəlməsi Azərbaycanın xeyrinə olar. Buna görə biz razılaşdırılmış bəyanat çərçivəsində konkret tarixlər göstərilməsini təkid etmədik. Lakin, şübhəsiz ki, bu, erməni işğalçı qüvvələrinin bizim ərazilərdən razılaşdırılmış şəkildə çıxarılmasını nəzərdə tutur. Bəyanatda substantiv danışıqlara, yəni baza prinsiplərinə istinad edilir, orada isə hər şey konkret yazılıb: beş rayon nə vaxt azad ediləcək, daha iki rayon nə vaxt azad ediləcək.
-Danışıqlar nə vaxt başlanacaq, bu barədə artıq anlaşma varmı?
-Biz sabah başlamağa hazırıq. Buna görə hər şey ATƏT-in Minsk qrupunun fəaliyyətindən, onların iş qrafikindən asılıdır. Bizim tərəf dərhal başlamağa hazırdır. Yeri gəlmişkən, deməliyəm ki, bəyanatın mətni ilə əlaqədar Azərbaycan tərəfinin bütün istəkləri nəzərə alınıb. Bəyanatın ilkin variantı tamam fərqli idi. Dünən mən onu görəndə dedim ki, bu, bizim üçün münasib deyil. Sənədi həddən artıq qəlizləşdirmək, ağırlaşdırmaq, danışıqlar prosesinin son mərhələsində müəyyən edilməli olan elementləri oraya inkorporasiya etməyə çalışmaq lazım deyil. Onu maksimum sadələşdirmək lazımdır. Yadımdadır ki, orada olmayanları nəzərə aldıq, danışıqlara dərhal başlamaq bəndinin daxil olunmasını xahiş etdik. Yəni, biz mümkün qədər tez nizamlamada maraqlıyıq. Ona görə ki, nizamlama bizim vətəndaşların, qaçqınların, daxili köçkünlərin öz evlərinə qayıtmalarına imkan verəcək.
-Burada olduğum iki gün ərzində başa düşdüyümə görə Azərbaycanda bu əhval-ruhiyyədədirlər ki, biz axıradək getməliyik. İndi azərbaycanlılara necə izah etməli ki, Bakı yenidən danışıqlara razılıq verib?
-Biz axıra qədər gedəcəyik. Biz dayanmamışıq. Əgər erməni tərəfi atəşkəs rejiminə sadiq olarsa, onda, dünən dediyim kimi, siyasi nizamlama mərhələsi başlanacaq, danışıqlara məcburetmə fazası başa çatacaq. Buna görə biz istənilən halda axıra qədər gedəcəyik. Bizim məqsədimiz dəyişməz qalır. Azərbaycanın bütün dünya birliyi tərəfindən tanınmış ərazi bütövlüyünün bərpa edilməsi, azərbaycanlıların əvvəlki, ənənəvi yaşadıqları yerlərə, o cümlədən Şuşaya, Dağlıq Qarabağdakı digər yaşayış məntəqələrinə və əlbəttə, keçmiş DQMV-nin inzibati hüdudlarından kənardakı bütün başqa ərazilərə qaytarılması. Buna görə bizim məqsədimiz dəyişməz qalır. Sadəcə, bu məqsədə doğru necə getməliyik? Biz həmişə siyasi yolla getməyə çalışmışıq, həmişə də eşitmişik ki, hərbi həll yoxdur. Biz sübut etdik ki, bu, belə deyil. Biz döyüş meydanında göstərdik ki, bu, belə deyil. Göstərdik ki, hərbi tərkib hissəsi olmasa, bu danışıqlar daha 30 il davam edərdi. O vaxta qədər nələr baş verərdi? Qanunsuz məskunlaşdırma. Bu, beynəlxalq cinayətdir, Cenevrə konvensiyalarının pozulmasıdır. Təəssüf ki, buna heç kəs - nə Minsk qrupu, nə Avropa İttifaqı, nə də BMT reaksiya vermədi. Azərbaycanın tarixi irsinin dağıdılması, bizim mədəni, tarixi, dini abidələrin məhv edilməsi, toponimlərin dəyişdirilməsi, rayonlarımızın inzibati sərhədlərinin dəyişdirilməsi, bizim dağların, çayların və şəhərlərin adlarının dəyişdirilməsi. Yəni, biz daha 30 il gözləməli olardıq, sonra da bizə deyərdilər ki, bilirsiniz, iş belə gətirib, bununla barışın. Bizə belə də deyirdilər. Buna görə düşünürəm ki, hərbi yol və ya onun birinci mərhələsi sona çatıb, indi biz siyasi nizamlama mərhələsinə çatmışıq. Məhz bu mərhələ bizim axıra qədər getməyimizi və hüquqa görə bizə məxsus olanı almağımızı təmin edəcək. Ona görə düşünürəm ki, Azərbaycan cəmiyyəti dünən və bu gecə baş verənləri çox düzgün qəbul edəcək və bizim siyasətimizi bundan sonra da dəstəkləyəcək. Çünki biz həmişə xalqa həqiqəti demişik. Həmişə xalqın mənafelərini müdafiə etmişik. Döyüş meydanında baş verənlər bunu bir daha hamıya sübut etdi.
-Siz bütün bu hadisələrə qədər Ermənistanın baş naziri Nikol Paşinyan ilə bir neçə dəfə görüşmüsünüz. Bu hadisələrdən sonra Siz onunla bir masa arxasına əyləşməyə və ya danışmağa hazırsınızmı?
-Bilirsinizmi, böyük etimad bəsləmədiyin adamla danışmaq çətindir. Mən onun sələfləri, müharibə cinayətkarları hesab etdiyim adamlarla danışıqlar aparmağa məcbur idim. Çünki onlar Xocalıda qanlı soyqırımı törədiblər, onlar Azərbaycanın dinc əhalisini məhv etməkdə, bizim tarixi və mədəni irsimizin dağılmasında təqsirkardırlar. Lakin mən məcbur idim. Ona görə ki, biz bu münaqişənin nizamlanması yolunu tapmalı idik. Ermənistanda yeni iqtidar, yeni rəhbərlik hakimiyyətə gələndə əvvəlcə onlarla əlaqələrimiz çox ümidverici idi. Mən bir dəfə bu barədə danışmışam, təkrarlamaq istəmirəm. Lakin sonra tamam əks hadisələr baş verdi, yəni, biz özümüzü aldadılmış hiss etdik. Biz başa düşürük ki, rəqiblə danışıqlar aparırıq, lakin hətta rəqiblə, düşmənlə də münasibətdə vicdanlı qalmaq, heç olmasa öz qarşısında vicdanlı olmaq, öz sözünə hörmət etmək lazımdır. Bunlar baş verəndə təbii ki, bizim bu mənasız fəaliyyəti davam etdirmək istəyimiz aradan qalxdı. Opponentin hər kəlməsi yalandırsa, onun yalanları dünya KİV-lərində yayılırsa, bütün dünyaya translyasiya edilirsə, onunla nə barədə danışmaq olar? Yəqin onlar öz ölkələrində yalan danışmağa adət ediblər. Lakin internet dövründə tarix barədə, münaqişənin mahiyyəti barədə yalan danışanda bu yalan çox tezliklə ifşa olunur. Buna görə mən belə imkanı istisna etmirəm, lakin bunun üçün müəyyən şərait lazımdır. İndiki mərhələdə mən bunu səmərəli hesab etmirəm. Əksinə, Ermənistan rəhbərliyində, nəhayət, başa düşməlidirlər ki, Azərbaycanla ultimatumlar, təhqirlər və şantaj dilində danışmaq olmaz. Mən istər ölkə daxilində, istərsə də xüsusən xaricdə heç kəslə bu tonda ünsiyyəti özümə heç vaxt rəva görməmişəm. Lakin Paşinyan bizə 7 ultimatum təqdim edəndə, o, azərbaycanlıların hisslərini təhqir edəndə buna görə cəzalandırılmalı idi və biz bunu etdik. Qoy o, Putinə təşəkkür etsin ki, Rusiya növbəti dəfə Ermənistanı xilas etməyə gəldi.
-Siz indicə Rusiyanın rolu barədə danışdınız. Yəni, bu danışıqlarda Rusiyanın rolu həqiqətən həlledici olub.
-Əlbəttə, Minsk qrupunun həmsədri kimi Rusiya ATƏT tərəfindən üç ölkəyə verilmiş hüquq və səlahiyyətlərə malikdir. Lakin sözsüz ki, Rusiya bizim qonşumuz kimi, həm Azərbaycanla, həm də Ermənistanla ortaq tarixə malik olan bir ölkə kimi, əlbəttə, xüsusi rol oynayır. Şübhəsiz, bu rol xalqlarımızın tarixinə və qarşılıqlı əlaqələrinə, həmçinin Rusiyanın dünyada və əlbəttə, bizim regionda sanbalına və roluna əsaslanır. Buna görə, əlbəttə, münaqişənin nizamlanmasına təsir göstərmək üçün Rusiyanın imkanları bu obyektiv səbəblərə görə hər hansı başqa ölkənin imkanları ilə müqayisəyəgəlməz dərəcədə çoxdur. Buna görə biz dəfələrlə Rusiya rəhbərliyinə müraciət etmişik ki, Rusiya rəhbərliyi Ermənistana siyasi təsir göstərmək vasitələrindən istifadə etsin, erməni tərəfini inandırsın ki, işğala son qoyulmalıdır. Bu mövzu dəfələrlə müzakirə edilib və sizə deyə bilərəm ki, rusiyalı həmkarımla bütün çoxsaylı görüşlərimdə bu mövzu ya müfəssəl, ya o qədər də ətraflı olmayan formada müzakirə edilib, lakin belə olmadı. Axı, gizli deyil ki, bu gün Ermənistan Rusiyadan 100 faiz asılı vəziyyətdədir. Onun təhlükəsizliyi Rusiya tərəfindən təmin edilir, pulsuz silahlanması Rusiya tərəfindən təmin edilir. Biz Ermənistana məxsus, bəlkə də milyardlarla dollar dəyərində texnikanı iki həftə ərzində məhv etdik. Onlarda bu pullar haradandır? Onların pulu yoxdur. Bütün bunlar Rusiyadan pulsuz göndərilir. Qaz təchizatı Rusiyadan güzəştli qiymətlərlə təmin olunur, elektrik enerjisi də müəyyən dərəcədə güzəştlə verilir. Dəmir yolları, rabitə, hərbi baza. Hətta Ermənistanın Türkiyə və İranla sərhədini rusiyalı sərhədçilər qoruyur. Əgər belə olmasaydı, sərhəd boş qalardı. Ermənistana təsir göstərmək üçün daha hansı ölkənin bu qədər vasitələri var? Heç bir ölkənin. Bəlkə də dünyada başqa elə iki ölkə yoxdur ki, onlardan biri digərindən bu qədər tam asılı olsun. Buna görə əminəm ki, Rusiya tərəfindən təkid göstərilsə, bizim status-kvonu dəyişməyimiz, təmas xəttini yarıb keçməyimiz nəticəsində İrəvanın ayılması nəzərə alınmaqla Rusiya qısa müddətdə Ermənistanı inandıra bilər: təkcə hərbi qarşıdurma baxımından deyil, bütövlükdə Ermənistanın gələcəyi üçün indiki vəziyyətdən yeganə çıxış yolu Azərbaycanla münaqişənin həllini tapmaqdır. Bu həll isə çox sadədir - onlar bizim ərazidən getməli, öz qoşunlarını çıxarmalı, bizim insanlar oraya qayıtmalı və biz yenidən yanaşı yaşamağa çalışmalıyıq.
-İndi başqa ölkə - Türkiyə haqqında soruşmaq istəyirəm. Bu günlər ərzində Azərbaycanı və şəxsən Sizi dəfələrlə bunda ittiham ediblər ki, əslində, bu münaqişə ilə bağlı bütün məsələləri Türkiyənin hakimiyyət orqanları idarə edirlər. Dünən, bu gecə biz Türkiyəni danışıqlar masası arxasında görmədik. Nə üçün?
-Bu, onu göstərir ki, bütün bu fikirlər yalan idi, bu, qəsdən ortaya atılmış məsələ idi, burada bir neçə məqsəd vardı. Əvvələn, Türkiyəni daha da iblisləşdirmək. Təəssüf ki, Qərbdə bu məqsəd müasir siyasi modanın hansısa normasına çevrilir. Bu, tamamilə əsassızdır. Türkiyə öz maraqlarını güdür, öz həyatını yaşamaq hüququnu qoruyur. Prezident Ərdoğanın dövründə Türkiyə Qərbin itaətkar müttəfiqi olmağa son qoyub. O, həm öz regionunda, həm də dünyada öz şərtlərini diktə edir. Türkiyə ilə hesablaşırlar. Türkiyənin nüfuzu artıb. Türkiyə ordusu NATO-da ikinci yeri tutur. O, istənilən hərbi-siyasi problemi həll edə bilər. Buna görə əlbəttə, Qərb tərəfindən bu cür açıq təzyiq göstərilir. Bu təzyiq hətta Türkiyəyə münasibətdə hansısa çox qəribə və mənfi emosional fonla bağlıdır. Yəni, birinci səbəb Türkiyəni iblisləşdirmək istəyidir. İkinci səbəb Azərbaycanın potensialını, o cümlədən hərbi-texniki potensialını azaltmaq və belə təsəvvür yaratmaq cəhdidir ki, hərbi məsələni Türkiyə və ya onun təsiri altında olan başqa birisi həll edib. Xeyr, biz öz torpaqlarımızı özümüz azad etmişik. Belə adlandırılan "müzəffər erməni ordusu" haqqında mif puç oldu, əslində, belə ordu yox idi. Münaqişənin tarixinə dərindən bələd olanlar çox gözəl bilirlər ki, bizim torpaqlarımız, o cümlədən sovet ordusunun 366-cı motoatıcı alayı tərəfindən işğal edilib. Xankəndidə yerləşən bu alaydakı hərbi qulluqçuların məncə 70 faizi erməni mənşəli idi. Yəni bu, şəxsi heyəti ermənilərdən ibarət olan sovet silahları, sovet komandanlığı idi. Onlar həm etnik təmizləmələrdə, həm də soyqırımında fəal rol oynayırdılar.
-Siz yəqin ki, 1990-cı illərin əvvəllərindəki hadisələri nəzərdə tutursunuz...
-Şübhəsiz. 366-cı alayın dəstəyi və fəal iştirakı olmasaydı, Ermənistan bizim əraziləri tuta bilməzdi. Ona görə bundan sonra belə bir mif yarandı ki, erməni ordusu müzəffərdir, Azərbaycan Ordusu onun qarşısında dayana bilməz. Buna görə bu mifi saxlamaq lazım idi, amma Azərbaycan tərəfindən acı məğlubiyyətə uğradıldığını etiraf etmək görünür, Ermənistan cəmiyyəti və Ermənistan rəhbərliyi üçün çox ağır idi. Üçüncüsü, onlara dünya arenasında Azərbaycanın rolunu və əhəmiyyətini azaltmaq lazım idi. Bunu etmək isə çox çətindir. Ona görə ki, bu gün dünya ölkələri ilə Azərbaycanın çoxşaxəli iqtisadi və siyasi əlaqələri var. Bu gün biz 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatına rəhbərlik edirik və yekdilliklə seçilmişik. Əgər bizim ölkəmiz müstəqil potensiala malik olmasaydı, bu cür hörmət qazana bilərdikmi? Buna görə Azərbaycanın Türkiyə tərəfindən idarə edilməsi və bizim onun iradəsini yerinə yetirməyimiz barədə bütün insunasiyalar tamamilə yalandır. Bu, həm də Türkiyə-Azərbaycan qardaşlığını pozmağa və ya müəyyən qədər zəiflətməyə yönəlib, lakin baş tutmayacaq. Yeri gəlmişkən, Azərbaycan və Türkiyə ətrafında bütün bu informasiya hay-küyü üçün əsas olsaydı, bugünkü bəyanat olmazdı. Bu bəyanat mənimlə razılaşdırılıb, başqa heç kimlə. Əgər bizi kimlərsə idarə etsəydi, onda yəqin ki, məsələ belə tezliklə həll edilməzdi. Hazırda Türkiyə dünyada və regionda sabitləşdirici rol oynayır. Türkiyə rəhbərliyinin, şəxsən Prezidentin və digər rəsmi şəxslərin eskalasiya dövründə fəal və çox dəqiq mövqeyi, əslində, üçüncü ölkələrin bu münaqişəyə müdaxiləsinin qarşısını aldı. Buna görə hesab edirəm ki, Türkiyənin rolu yalnız müsbətdir və o, bizim regionda, o cümlədən münaqişənin həllində daha böyük rol oynamalıdır.
-İndi Rusiyada çoxları "Türkiyə daha böyük rol oynamalıdır" frazasını eşidəcəklər. Bu sözlərin arxasında hansı məna var? Siz nəyi nəzərdə tutursunuz?
-Fikrimcə, bu barədə danışmaq hələ tezdir, çünki mən Azərbaycan tərəfin mövqeyini bildirirəm. Lakin yaxın vaxtlarda müsahibələrimin birində demişəm ki, Minsk qrupu neçə illər bundan əvvəl - 1992-ci ildə, tamamilə başqa geosiyasi reallıqlar şəraitində formalaşıb. Əgər biz vasitəçilərin təmas qrupunu bu gün formalaşdırsaydıq, onun tərkibi fərqli olardı. Bu qrupun tərkibi münaqişə tərəflərinin niyyətlərini və istəklərini əks etdirməlidir. Minsk qrupunun tərkibi isə praktiki olaraq bunları əks etdirmir. Yeni təmas qrupunun və ya hansısa işçi qrupun, - onu necə adlandırmaq vacib deyil, - tərkibi regionda mövcud qüvvələr tarazlığını, region ölkələrinin mövcud maraqlarını əks etdirməli və nəticəyə istiqamətlənməlidir. Əks halda, bunun nə mənası var? Bunun heç bir mənası yoxdur. Əgər biz münaqişəni həll etmək istəyiriksə, o, yeni format çərçivəsində həll olunmalıdır. Baxın, son vaxtlar bir sıra qaynar nöqtələr barəsində ölkələrin mövqelərini razılaşdırmaq üçün nə qədər yeni əməkdaşlıq formatı yaradılıb - üçtərəfli, dördtərəfli. Axı, onlar indi yaradılır, hansısa ehkamlar əsasında deyil, real qüvvələr nisbəti əsasında yaradılır. Buna görə burada əsla şübhə ola bilməz ki, Türkiyə münaqişənin nizamlanması işində mühüm rol oynamalıdır və oynayacaq. Bunun hansı formada - hüquqi, yoxsa de-fakto həyata keçirilməsi artıq texniki məsələdir.
-Rusiyanın rolu barədə. Mən Bakıda gəzəndə çoxlu Azərbaycan bayrağı gördüm, bir qədər az, lakin yenə də çox sayda Türkiyə bayrağı gördüm və bircə dənə də Rusiya bayrağı görmədim. Bu, o deməkdirmi ki, Azərbaycanda Rusiyanın təsiri azalıb və ya Azərbaycanda insanların Rusiyaya münasibəti dəyişib?
-Düşünmürəm ki, münasibət dəyişib. Türkiyə bayraqlarının çox olması təbiidir. Biz qardaş xalqlarıq. Bu gün Türkiyə ilə Azərbaycan arasında etimad, qarşılıqlı dəstək və münasibətlərin səviyyəsi elədir ki, mənim fikrimcə, dünyanın hər hansı başqa, hətta ən yaxın ölkələri arasında elə səviyyə yoxdur. Bu, reallıqdır və bu reallığı biz yaratmışıq - Türkiyənin və Azərbaycanın rəhbərliyi. Özü də məsələ bizim ortaq köklərimizlə və ortaq tariximizlə bağlı deyil. Dünyada Türkiyə və Azərbaycan kimi etnik kökləri yaxın olan, lakin öz aralarında döyüşən xalqlar var. Bu, sizə də çox yaxşı məlumdur. Yaxud bir-biri ilə intriqa aparırlar. Buna görə Azərbaycanda Türkiyə bayraqlarının olması reallıqdır və əgər siz Türkiyəyə getsəniz orada da çox yerlərdə Azərbaycan bayraqlarını görərsiniz.
Rusiyaya münasibət məsələsinə gəldikdə isə sizə bir fakt göstərə bilərəm. Pandemiyaya qədər bizdə Azərbaycana səfər edən Rusiya vətəndaşlarının sayı hər il təxminən 15-20 faiz artırdı. Keçən il bu göstərici bir milyona yaxın olub. Mən həmişə demişəm, rusiyalıları buraya cəlb edən təkcə bizim mətbəximiz, təkcə çimərliklər, təkcə tarix deyil, həm də odur ki, onlar burada özlərini rahat hiss edirlər. Öz mühitlərində olduğu kimi hiss edirlər, burada insanlarla rus dilində danışırlar. Yəqin bilirsiniz ki, bizdə, Azərbaycanda təhsilin rus dilində olduğu neçə məktəb var. Onların sayı 300-dən çoxdur. Heç yerdə belə deyil. Rusiya ali məktəbləri, onların filialları. Rusiyanın musiqi, teatr kollektivləri pandemiyaya qədər demək olar ki, hər həftə burada olurdu. Buna görə də Rusiyaya və Rusiya Federasiyasında yaşayan ruslara Azərbaycanda yalnız müsbət münasibət var. Siz artıq bir neçə gündür ki, buradasınız və erməni işğalı amilinin insanların ovqatına nə dərəcədə təsir göstərdiyini bilirsiniz. İnsanlar hər bir sözü, hər bir jesti, hər bir mimikanı duyurlar. Əlbəttə, açıq deməliyəm, bu müddətdə, bu günlər, bu həftələr ərzində bəzi Rusiya kanallarında qatı antiazərbaycan təbliğatını, tok-şouların iştirakçılarının saxtakarlığını, manipulyasiyasını, iştirakçılar heyətinin tarazlaşdırılmış olmamasını görəndə, Rusiyanın aparıcı telekanallarında Azərbaycan xalqı, Azərbaycan Prezidenti təhqir ediləndə, əlbəttə, bunlar Rusiyanın nüfuzunu artırmır. Mən bu məsələni Rusiya rəhbərliyinin diqqətinə çatdırmışam. O mənada yox ki, bunlar bizi narahat edir, Azərbaycan cəmiyyəti və ictimai fikri Azərbaycanın daxilində formalaşır. O mənada ki, belə münasibət haçansa bizim planlarımızda müəyyən çətinliklərə gətirib çıxara bilər. Rusiya ilə biz qarşılıqlı əlaqələri daha da inkişaf etdirməyi planlaşdırırıq. Hazırda biz iqtisadi və digər sahələrdə əməkdaşlıq üzrə beş yol xəritəsi üzərində fəal iş aparırıq. Siyasi baxımdan çox yaxşı məsələlər var. Lakin bu müddətdə Rusiya mediasında üzləşdiyimiz informasiya hücumu, əlbəttə, ictimai fikirdə Rusiyaya münasibətə böyük ziyan vurub. Düşünürəm ki, bu vəziyyəti qaydaya salmaq üçün vaxt və hər iki tərəfin rəhbərliyinin səyləri lazım gələcək.
-Sizə daha iki sualım var. Yadınızdadırmı, sentyabrın 27-də gecə və ya səhər çağı cavab verməyə başlamaq lazım olması, bu müharibəyə başlamaq lazım olması barədə qərar necə qəbul edildi?
-Qərarlar, praktiki olaraq, avtomatik rejimdə qəbul edilir. Azərbaycan Ordusunun hərbi qulluqçuları üçün müəyyən təlimatlar var. Düşünürəm ki, bunlar hər orduda var. Təhlükə halında, hücum halında sən necə hərəkət etməlisən. Yəni, burada necə hərəkət etmək barədə tərəddüd etmirdik. Xüsusən ona görə ki, biz bu hücumu gözləyirdik. Eskalasiyadan bir neçə gün əvvəl mən bu barədə BMT-nin kürsüsündən danışmışdım. Mənim çıxışımın mətninə baxa bilərsiniz. O vaxt mən demişdim ki, Ermənistan müharibəyə hazırlaşır. Ermənistanı dayandırmaq lazımdır. Bunun üçün dəlillər çox idi. Əvvələn, Ermənistanın müdafiə nazirinin keçən il Amerikada verdiyi bəyanat. Özü də o, bəyan etmişdi ki, Ermənistan yeni ərazilər üçün yeni müharibəyə hazırlaşır. Sonra Paşinyanın "Qarabağ Ermənistandır" məzmunlu bəyanatları və sair. Daha sonra Livandan olan ermənilərin nümayişkaranə şəkildə Şuşada məskunlaşdırılmasından ibarət təhrikçi hərəkətlər müharibə cinayətidir. Daha sonra Şuşada, yeri gəlmişkən, işğalçı rejimin orada mövcud olduğu müddətdə ilk dəfə qondarma "andiçmə" mərasimi keçirməklə Azərbaycan xalqının təhqir edilməsi. Qondarma "Dağlıq Qarabağ respublikası"nın parlamentini Xankəndidən Şuşaya köçürmək cəhdi və bir sıra başqa əməllər. Bütün bunlar bizə qarşı təxribat idi. Sonra iyul hadisələri. Bizim hərbi mövqelərimizə təxribatçı hücumlar. Elə ilk saatlarda biz dörd hərbi qulluqçumuzu, sonra bir mülki vətəndaşımızı itirdik. Sonra avqust hadisəsi. Goranboy rayonunda təmas xəttindən keçmiş təxribat qrupunun başçısı indi ifadə verir. Biz gözləyirdik, biz hazır idik. Təbii ki, qərar, o cümlədən mənim tərəfimdən avtomatik rejimdə, heç bir tərəddüdsüz qəbul edildi. Biz təcavüzkarı yerində oturtmalı idik. İyul ayında Azərbaycan cəmiyyəti bunun davam etdirilməsini tələb edirdi. Yəqin ki, siz bunu bilirsiniz.
-Bəli, mitinq olmuşdu.
-Bəli. İyul ayında mitinqdə səslənən əsas şüar belə idi: "Ali Baş Komandan, bizə silah ver!" İnsanlar belə deyirdilər. İyul ayında biz Ermənistanla dövlət sərhədini rahatca keçərək Ermənistan Respublikasının geniş ərazilərini tuta bilərdik, amma biz bunu etmədik.
-Bu hadisələr Qarabağda olmamışdı.
-Tamamilə doğrudur. Biz bunu etmədik. Orada heç bir çətinlik yox idi və biz bunu indi göstərdik, 30 il ərzində ciddi eşelonlaşdırılmış müdafiə xəttini qırdıq, orada relyef özü müdafiə üçün münasibdir. Biz aşağıdan yuxarıya getdik, beton plitələri sındırdıq, Azərbaycan Ordusunun qeyri-adi səyləri, əsgərlərimizin və zabitlərimizin qəhrəmanlığı lazım gəldi. Oradan Ermənistanın istənilən nöqtəsinə keçmək bizim üçün çox asan idi. Lakin mən bunu dayandırdım, dedim ki, yox, biz bunu etməyəcəyik, biz onlar deyilik. Biz Ermənistanın beynəlxalq aləmdə tanınmış ərazisinə keçməyəcəyik və biz sərhədə qədər getdik, oraya soxulmuş işğalçıları qovduq və dayandıq. Yəni bundan sonra biz təcavüzkarı cəzalandırmalı idik ki, o, bir də bizim tərəfə baxmağa belə cəsarət etməsin. Biz bunu etdik, baxın, görün indi Paşinyan necə rəzil vəziyyətdədir. Alçalır, zəng edir, yalvarır, daha kimlərə zəng etmir. Avropa İttifaqı hökumətlərinin başçılarına. Bəs, o, nə tələb edir? Onların "Dağlıq Qarabağ respublikası"nı tanımasını tələb edir. Yəni bu, Ermənistan rəhbərliyinin tamamilə qeyri-adekvat olmasına dəlalət edir. Azərbaycan ilə Avropa İttifaqı arasında sazişlər var, - onlardan biri 2 il bundan əvvəl paraflanıb, - orada deyilir ki, Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə və sərhədlərinin toxunulmazlığına hörmət edir. Avropa İttifaqının üzvü olan yeddi ölkə ilə bizim strateji tərəfdaşlığımız haqqında sənədlər var. Bu ölkələrin hamısı Azərbaycanın ərazi bütövlüyünü tanıyır. "Dağlıq Qarabağ respublikası"nın tanınmasını siyasətdən və beynəlxalq sahədə hər hansı biliklərdən tamamilə uzaq olan adam tələb edə bilər. Görün, onlar nə həddə çatıblar. Biz onları cəzalandırmalı idik. Biz onlara yerlərini göstərməli idik ki, bizimlə belə danışmaq olmaz, bu, onlara asan başa gəlməyəcək. Belə də oldu. O, anaların göz yaşlarına, cəbhəyə göndərdikləri Ermənistanın günahsız gənc vətəndaşlarının ölümünə görə cavab verəcək.
-Azərbaycanın qaytardığı ərazilərlə bağlı vəziyyət necə olacaq, orada indi nə edəcəklər?
-Biz köçkünlərimizi öz evlərinə qaytaracağıq. Bu insanların sevincini, Cəbrayıl, Füzuli, Tərtər rayonlarının, Hadrutun təqribən 30 ildən sonra öz torpaqlarına qayıdacaq sakinlərinin sevincini təsəvvür edə bilərsiniz. Budur, azad edilmiş ərazilərdən çəkilmiş videokadrları nümayiş etdiririk. Bu kadrlardan görünür ki, orada hər şey dağıdılıb. Biz bunu bilirdik. Bu, Stalinqraddan da betərdir. Dağıdılmayanların isə hamısı oğurlanıb, qarət edilib. Başa düşürsünüzmü, onlar hətta pəncərə çərçivələrini də, unitazları da oğurlayıblar. Bu, sadəcə, dövlət siyasəti dərəcəsinə çatdırılmış quldurluqdur. Ona görə də biz bu əraziləri bərpa edəcəyik.
-Təzədən tikəcəksiniz?
-Təzədən, əlbəttə. Biz kömək edəcəyik. Biz məcburi köçkünlər üçün tikinti proqramına əsasən təkcə bu il 7 min mənzil istifadəyə verəcəyik. Təsəvvür edirsinizmi? Orta hesabla hər mənzildə 5 nəfər nəzərdə tutulsa, biz bir ildə 35 min nəfəri yerləşdirəcəyik. Yəni bu, kiçik və ya hətta bizim şəraitdə orta ölçüdən böyük bir şəhər deməkdir. Zərər çəkmiş 300 mindən çox köçkünü artıq yerləşdirmişik. Köçkünlər üçün şərait yaratmaq məqsədilə biz hər il büdcədən külli məbləğdə vəsait ayırırıq. Hər bir köçkün hər ay dövlətdən müavinət alır. Demək istəyirəm ki, orada biz bu işləri görəcəyik. Biz Cəbrayılı təzədən tikəcəyik. Bütün kəndləri yenidən quracağıq. Orada yaşayacaq insanlar tikinti işlərinə cəlb ediləcəklər. Onlar öz evlərini bərpa etmək üçün məvacib alacaqlar. Oraya həyat qayıdacaq, oraya uşaqların gülüşü qayıdacaq. İnsanlar rahat nəfəs alacaq, hiss edəcəklər ki, ləyaqətlərini özlərinə qaytarıblar. İllər boyu azərbaycanlıların bu vəziyyətdə necə yaşamalarını təsəvvür edin. Təmas xəttində binoklla baxanda bizim dağıdılmış şəhərləri görərkən mənim keçirdiyim hissləri təsəvvür edin. Qoy, erməni tərəfi fikirləşsin. O, indi bunun nə demək olduğunu başa düşməyəcək. Lakin əvvəl düşünmək lazım idi, azərbaycanlıların hisslərini təhqir etmək lazım deyildi. Biz xeyirxah, sülhsevər xalqıq. Lakin biz öz ləyaqətimizi tapdalamağa, bizi təhqir etməyə imkan verməyəcəyik. Paşinyan Şuşada, Cıdır düzündə sərxoş halda rəqs edəndə özünə bu gün baş verənlər barəsində hökm imzalamışdı.
-Siz özünüz həmin ərazilərə getməyə hazırlaşırsınızmı?
-Əlbəttə. 2016-cı ildə biz Cocuq Mərcanlını işğaldan azad edəndə mən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət edib dedim ki, bu kəndin sakinlərindən öyrənin, onlar oraya qayıtmaq istəyirlərmi? Ona görə ki, çox illər keçib, onların çoxu Bakıdadır, çoxlarının işi, uşaqları, məktəbləri var, çoxları Azərbaycanın digər regionlarında yaşayır. İş yerini dəyişmək, xüsusən hər şeyin dağıdıldığı yerə dəyişmək o qədər də asan məsələ deyil. Bilirsinizmi, bir müddətdən sonra mənə bildirdilər ki, həmin adamlar növbəyə düzülüblər. Hətta heç vaxt orada olmamış, sonradan doğulmuş gənclər də. Hamısı xahiş edirdi ki, tezliklə oraya qaytarılsınlar və biz bir ildən az müddətdə 150 evdən ibarət qəsəbə saldıq, orada məktəb, tibb müəssisəsi, məscid və bütün infrastruktur obyektləri tikdik, qaz, yol çəkdik. Bu, bizim qayıtmağımızın rəmzi oldu. Mən oraya gedəndə və bu insanların üzündəki fərəhi, sevinc göz yaşlarını görəndə bir daha özümə dedim ki, biz hökmən öz evlərimizə qayıdacağıq və əlbəttə, oranı bərpa edəcəyik. Bu illər ərzində əziyyət çəkmiş, öz doğma yurdlarının həsrəti ilə dünyasını dəyişmiş insanların ruhu şad olsun, onların övladları isə həyatlarının qalan hissəsini xoşbəxt yaşasınlar.
-Çox sağ olun.
-Sağ olun.
9-10-2021, 08:57 | Zəfər xronikası: 9 oktyabr 2020-ci il Prezident İlham Əliyevin “Sky News” televiziya kanalına müsahibəsi - VİDEO - FOTO

2020-ci ilin oktyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Sky News" televiziya kanalında müsahibəsi yayımlanıb.
Müsahibəni təqdim edir.
-Skynews-a müsahibə verməyə razılaşdığınız üçün çox sağ olun Prezident Əliyev. Fransa prezidenti bu günlərdə atəşkəsin razılaşdırılacağına və Sizin danışıqları bərpa edəcəyinizə əmin kimi görünür. Bunun başvermə ehtimalı varmı və hansı şərtlər əsasında?
-Bu, Ermənistanın mövqeyindən asılıdır. Azərbaycan həmişə danışıqlar prosesini dəstəkləmişdir. Səmimi söyləsəm, ATƏT-in Minsk qrupunun yaradılmasından bəri 28 il müddətində biz danışıqlarda iştirak edirik. Bizim ümidlərimiz var idi və indi də ümidlərimiz var ki, danışıqlar irəliləyişə və münaqişənin siyasi həllinə gətirib çıxaracaqdır. Lakin əfsuslar olsun ki, Ermənistanın mövqeyi əksinə idi. Onlar danışıqlardan bu prosesi sonsuz etmək üçün yalnız bir bəhanə kimi istifadə edirdilər. Başqa sözlə, onlar həmişə status-kvonu möhkəmləndirmək, status-kvonu dəyişməz olaraq saxlamaq və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və danışıqlar masasında olan və ATƏT-in Minsk qrupu tərəfindən işlənib hazırlanmış prinsiplərə əsasən qaytarmalı olduqları torpaqları qaytarmamağı istəyirdilər. Buna görə ümid edirəm ki, Ermənistan döyüş meydanında bu acı məğlubiyyətlə üzləşəndən sonra onlar daha məntiqli olacaq və vasitəçilərin məsləhətlərinə qulaq asacaqlar, danışıqlar masasında səmimi olacaqlar. Danışıqlar münaqişənin siyasi həllinə və işğal olunmuş ərazilərin boşaldılmasına gətirib çıxarmalıdır.
-Biz hansı ərazilərdən danışırıq? Biz, sadəcə, Dağlıq Qarabağdan danışırıq, yoxsa onların təhlükəsizlik zonası adlandırdıqları işğal olunmuş yeddi Azərbaycan rayonundan danışırıq? Çünki aydındır ki, Siz bu torpaqların hamısını geri ala bilməyəcəksiniz.
-Bizim ərazi bütövlüyümüz bütün dünya tərəfindən tanınır. Bütün ölkələr Dağlıq Qarabağın da daxil olduğu Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Ermənistanın mövqeyi, əslində, yenə də bir bəhanə idi ki, onlar Dağlıq Qarabağın ətrafında olan bu yeddi rayonu özlərinin təhlükəsizlik zonası adlandıraraq onları işğal altında saxlamaq üçün bir bəhanə kimi istifadə edirdilər. Lakin bu günün toqquşmaları göstərir ki, müasir dünyada təhlükəsizlik zonası yoxdur. Müasir hərbi avadanlıq hətta uzun məsafələrə belə təhlükəsizliyi təmin etmir. Təhlükəsizlik siyasi yollarla təmin olunmalıdır. Buna görə biz həmişə deyirdik ki, siyasi həll bütün tərəflər üçün - azərbaycanlılar, ermənilər, ərazidə yaşayan digər millətlər üçün təhlükəsizlik qarantiyalarını təmin edəcək. Ermənistanın dəstəkləməkdən imtina etdiyi əsas prinsiplərdə torpaqların açıq-aydın necə geri qaytarılacağı göstərilir. Birinci mərhələdə Dağlıq Qarabağın cənub-şərq tərəfində yerləşən beş Azərbaycan rayonu, sonra Dağlıq Qarabağ və Ermənistan arasında yerləşən iki Azərbaycan rayonu qaytarılmalıdır. Sonra azərbaycanlılar Dağlıq Qarabağa qayıdırlar. Dağlıq Qarabağda 25 faiz azərbaycanlı əhali olub, onların da hüquqları təmin edilməlidir. Onlar yaşadıqları yerə - qədim Şuşa şəhərinə və digər yerlərə qayıdırlar və biz normal kommunikasiyaları bərpa edirik. Biz xalqlar arasında təmasları bərpa edirik. Mən əminəm ki, insanlar yavaş-yavaş barışacaqlar. Bu, vasitəçilərin planıdır və biz bunu dəstəkləyirik.
-25 faiz azərbaycanlı əhalinin Dağlıq Qarabağa qayıtmasına icazə verilsə, siz Dağlıq Qarabağın müstəqilliyini tanıyarsınız?
-Xeyr. Heç vaxt. Bu məsələ heç vaxt danışıqlar masasında olmamışdır. Bizim mövqeyimiz çox aydın idi ki, Azərbaycan heç vaxt Dağlıq Qarabağın müstəqilliyini tanımayacaq. Çünki bu, bizim qədim torpağımızdır. Dağlıq Qarabağın tarixi indi yaxşı məlumdur. İkincisi, bu, Azərbaycanın tərkib hissəsidir və biz kiçik sayda olan insanlara nəyə görə müstəqillik verməliyik? Azərbaycan dünyadakı bütün ölkələr kimi multietnik ölkədir. Milli azlıqlar Azərbaycanda və dünyanın bir çox ölkələrində sülh və ləyaqət içində yaşayırlar. Milli azlıq olmaq o demək deyil ki, sizin ayrılmağa, separatizmə hüququnuz var. Separatizm beynəlxalq ictimaiyyət üçün böyük təhlükədir və dünyanın bütün ölkələri separatizmi qınayır. Bizə qarşı edilənlər Dağlıq Qarabağdakı ermənilərin separatizmi və Azərbaycana qarşı Ermənistan dövlətinin hərbi təcavüzü idi. Bu da bizim indi üzləşdiyimiz vəziyyətə gətirib çıxarıb. İşğal, bir milyon azərbaycanlı köçkün, azərbaycanlılara qarşı etnik təmizləmə, dağıdılmış şəhər və kəndlər. İndi biz ərazilərimizi azad etdikdə orada baş verənlərə dair videolar mövcuddur. Hər şey məhv edilib, sanki Stalinqraddır, İkinci Dünya müharibəsindən sonra Stalinqradın vəziyyətindən daha da pisdir.
-Lakin Siz regionun paytaxtı olan Stepanakertə qarşı elə bunu edirsiniz. Siz bunu Şuşaya qarşı edirsiniz, hansı ki, dünən bir yox, iki dəfə atəşə tutulmuşdur. Oradakı kilsəyə iki dəfə zərbə vurulmuşdur və açıq-aydın idi ki, orada mülki şəxslər və jurnalistlər özlərinə sığınacaq tapmışdılar.
-Birincisi, bu Ermənistan tərəfindən təxribat idi. Biz heç vaxt keçmişdə belə şeylər etməmişik. Bizdə Bakının mərkəzində erməni kilsəsi var. Siz buraya gələ və ya kimisə göndərə bilərsiniz....
-Xeyr, xeyr. Ermənilər öz kilsələrini atəşə tutmazlar ki? Bu, necə ola bilər?
-Bu, bizi belə tərzdə təqdim etmək üçün çox güman ki, onların təxribatıdır. Lakin mən sizə deyə bilərəm ki, onlar bizim şəhərləri atəşə tuturlar. Ermənistanın bombardmanı nəticəsində 31 nəfər mülki şəxsimizin öldüyünü bilirsinizmi? 170 yaralı var və mindən çox ev tamamilə dağıdılıb və ya onlara ziyan dəyib və bu da Ermənistanın bizim mülki şəxslərimizə qarşı hücumu nəticəsində olub. Onlar ballistik mərmilərdən istifadə edirlər. Ballistik mərmilərdən.
-Lakin Siz bunu Dağlıq Qarabağda öz mərmilərinizlə edirsiniz. Sizin çox müasir dron texnologiyanız var ki, o, Sizə hədəf aldıqlarınızı dəqiqliklə görməyə imkan verir. Beləliklə, niyə görə mülki obyektlərə zərbə vurulur?
-Xeyr, xeyr. Biz heç vaxt mülki şəxslərə hücum etmirik. Bizim Dağlıq Qarabağ ərazisində etdiklərimiz ondan ibarətdir ki, biz onların tanklarını, silahlarını, artilleriya sistemlərini hədəfə almışıq və həmçinin biz onların hərbi infrastrukturunu hədəf almışıq. Bu hərbi infrastrukturun bəzən şəhər mərkəzində yerləşməsi bizim günahımız deyil. Lakin biz heç vaxt qəsdən mülki şəxsləri hədəf almamışıq. Bəli, bizim müasir silahlarımız var, lakin onların heç də hamısı müasir deyil. Bəzi səhvlər ola bilər. Ona görə bizim tərəfdən mülki şəxslərin qəsdən hədəf alınması heç vaxt baş verməmişdir. Əksinə, təmas xəttinə çox yaxın yerləşən Tərtər şəhəri bombardmana məruz qalır. Gündə şəhərə 2000 mərmi düşür. Demək olar ki, məhv edilib. Heç kim bunun haqqında danışmır. Ona görə xahiş edirəm ki, gəlin, bu məsələdə ədalətli olaq. Biz bunu başlamamışıq və bizim mülki şəxsləri hədəfə almağa ehtiyacımız yoxdur. Bizə ərazilərimiz lazımdır. Müharibə bitdikdən sonra yanbayan yaşayacağımız mülki şəxsləri niyə görə hədəfə alaq ki? Dağlıq Qarabağdakı erməni əsilli insanlar oradakı kriminal rejiminin girovlarıdır. Əminəm ki, müharibə bitdikdən sonra onlar bizimlə sülh və ləyaqət içində yanbayan yaşayacaqlar.
-Siz qeyd etmisiniz ki, Ermənistanın öz qoşunlarını çıxarmasını görmək istəyirsiniz. Lakin Siz, eyni zamanda, onu da söyləmisiniz ki, orada sülhməramlıları qəbul etməyə hazır deyilsiniz. Onda Siz erməni həmkarlarınızı necə əmin edə bilərsiniz ki, bütün torpaqları geri götürməyəcəksiniz?
-Siz mənə sülhməramlıları görmək istəmədiyimi nə vaxt söylədiyimi desəniz sizin sualınıza cavab verərəm. Amma mən bunu heç vaxt deməmişəm. Bu, yanlış informasiyadır, üzr istəyirəm. Mən heç vaxt deməmişəm...
-Lakin Siz bu ərazidə sülhməramlıları qəbul etməyə hazırsınızmı?
-Sülhməramlılar ATƏT-in Minsk qrupu tərəfindən münaqişənin həlli üçün işlənib hazırlanmış əsas prinsiplərdə təmin edilən ünsürlərdən biridir və sülhməramlılarla bağlı bənd var. Lakin biz bu bəndə çatmamışıq ki, onu lazımi şəkildə müzakirə edək, çünki tezdir. Çünki biz ilk olaraq əsas məsələni - işğalı, ərazilərin boşaldılmasını həll etməliyik və azərbaycanlılar oraya qayıdandan sonra əlbəttə ki, sülhməramlılar gəlməlidirlər. Bu, razılaşma çərçivəsindədir. Əgər bu, hər iki tərəfdən imzalansa, onda hər iki tərəf bu sülhməramlıların kim olacağını seçəcək. Beləliklə, biz buna qarşı deyilik. Lakin biz faktiki olaraq bu bəndlə bağlı danışıqların aktiv fazasında deyilik.
-Sizin danışıqlarla bağlı şərtləriniz sonuncu genişmiqyaslı hərbi əməliyyatlar başlamamışdan əvvəl dəyişməz olaraq qaldığı kimi görünür. Mənə maraqlıdır, əgər danışıqlar əvvəllər heç vaxt uğurlu olmayıbsa nəyə görə silahlar indi işə düşüb?
-Bilirsiniz, danışıqlar 1992-ci ildən aparılır. Həmin vaxtdan bəri sıfır irəliləyiş olub. Ermənistan həmişə danışıqları pozmaq üçün bəzi manipulyasiya alətlərindən istifadə edirdi. Bu il iyuldan başlayaraq onlar bizə qarşı 3 dəfə hərbi hücuma keçdilər. İyulda onlar Ermənistanla Azərbaycan arasındakı sərhəddə, Qarabağ regionundan uzaqda bizim mülki şəxslərimizə və hərbi mövqelərimizə hücum etdilər. Bu, 4 gün davam etdi, biz onları geri oturtduq. Onlar ərazi işğal edə bilmədilər və biz dayandıq, çünki bizim Ermənistan tərəfdə heç bir hərbi məqsədimiz yoxdur. Avqustun 23-də onlar terror aktı törətmək üçün diversiya qrupu göndərdilər, qrupun rəhbəri saxlanıldı və o, ifadə verir. Sentyabrın sonunda onlar bizim şəhərlərimizi artilleriya bombardmanına tutdular və günahsız insanları öldürdülər. Biz cavab verməli olduq. Biz onları geri oturtmalı idik və bunu da etdik. Ona görə də biz danışıqların tərəfdarıyıq. Mən sizə iki misal çəkə bilərəm. Ötən il Ermənistanın baş naziri elan etdi ki, "Qarabağ Ermənistandır". Bu, nə deməkdir? Bu, son deməkdir.
- Mən ondan bunun nə demək olduğunu soruşdum.
- Nəyi nəzərdə tuturdu?
- O dedi ki, bu, o deməkdir ki, IV əsrdən bu yana orada erməni kilsələri, erməni əhalisi olub. Sovet İttifaqı qurulandan Dağlıq Qarabağda etnik erməni əhali azərbaycanlılardan daha çox olub.
- Bilirsiniz, o, yumşaq desək, həqiqəti söyləmir. O ərazidə ermənilərin məskunlaşması XVIII əsrin sonunda, XIX əsrin əvvəlində azərbaycanlı İbrahim xanla rus generalı tərəfindən imzalanmış Kürəkçay müqaviləsindən sonra başlayıb. Həmin müqavilə nəticəsində Qarabağ xanlığı Rusiyanın bir hissəsi oldu və Rusiya başladı...
- Üzr istəyirəm.
- Bu, məhz belə olub. Ermənilər Dağlıq Qarabağa belə gəliblər. Bu, cəmi iki əsrdən azdır. O, IV əsrdən danışır.
- Siz bu əsrin əvvəlindən hakimiyyətdəsiniz və bu məsələ ilə bağlı heç bir irəliləyiş yoxdur. Erməniləri günahlandırmaq asandır, lakin Siz siyasi cəhətdən bunu həll edə bilmədiyiniz üçün əsgərlərinizin indi cəbhə xəttində öldüyünə görə şəxsən öz üzərinizə məsuliyyəti götürürsünüzmü?
- Bizim əsgərlərimiz öz torpağımız uğrunda həlak olurlar. Bizim əsgərlərimiz tarixi və beynəlxalq səviyyədə tanınmış Azərbaycan torpağında həlak olurlar. Erməni əsgərlər hansı torpaqda ölürlər? Onlar Füzulidə ölürlər, Cəbrayılda ölürlər, onlar digər Azərbaycan ərazilərində ölürlər. Onların orada nə işləri var? Siz Paşinyandan soruşmalısınız onun əsgəri orada nə edir? Qondarma "Dağlıq Qarabağ ordusu"nun 90 faizi Ermənistan vətəndaşlarından ibarətdir. Onlar bizim torpağımızdadırlar. Xəritəyə baxmaq kifayətdir. Bizim üçün bu, Vətən Müharibəsidir. Biz özümüzü müdafiə edirik. Biz öz ərazi bütövlüyümüzü bərpa etmək istəyirik ki, bir milyon köçkünün geri qayıtmasına imkan yaradaq. Bizim etdiyimiz budur. Biz 28 il idi səbirlə inanırdıq ki, danışıqlar irəliləyişə gətirib çıxaracaq. Nəticədə hazırkı vəziyyət yarandı. Biz təcavüzkarı geri oturdub cəzalandıranda, bilirsiniz ki, siyasi cəhətdən hücuma məruz qaldıq. Mən əsas prinsipləri qəbul etdim, Paşinyan isə rədd etdi. Mən Ermənistanla Azərbaycan arasında olan danışıqların formatını qəbul edirəm. Paşinyan isə deyir ki, yox, Azərbaycan Dağlıq Qarabağla danışıqlar aparmalıdır. Bu, təkcə mənim tərəfimdən deyil, Minsk qrupu tərəfindən də qəbuledilməzdir. Beləliklə, hazırda baş verənlərə görə onu günahlandırmaq lazımdır.
- Fransızlar və ruslar deyirlər onlarda kəşfiyyat məlumatı var ki, Sizin cəbhə xəttində suriyalı muzdlulardan istifadə olunur. Siz bunu qəti şəkildə inkar edirsiniz?
- Tamamilə qəti şəkildə. İndiyə kimi mənə bu kəşfiyyat məlumatını təsdiqləyən bir sənəd belə təqdim olunmayıb. Qoy onlar bu kəşfiyyat materialını mənə göstərsinlər. Bu ittihamlar səsləndiriləndən sonra bizim kəşfiyyat nümayəndələri təmaslar qurdular. Öz həmkarları ilə bu təmaslar zamanı heç bir dəlil təqdim olunmadı. Əgər dəlil varsa, niyə qəzetlərdə yoxdur, niyə sizin kanalınızda yoxdur? Bu dəlil haradadır? Göstərin onu mənə. Dəlil yoxdur. Bizim muzdlulara ehtiyacımız yoxdur. Bizim yaxşı hazırlanmış, yaxşı təlim keçmiş yüz min döyüşçümüz var. Bizim müasir avadanlığımız var. Bizim öz torpağımızı azad etmək üçün bütün lazımi hərbi komponentlərimiz var. Bizim etdiyimiz məhz budur. Bu, feyk xəbərdir.
- Sonuncu sual. Siz bu mərhələdə danışıqlara yenidən başlamaq üçün masaya hansı xoşməramlı jestlə gələ bilərsiniz?
- Biz artıq bunu etdik. Yeri gəlmişkən, kimin danışıqların əleyhinə olması ilə bağlı sizə bir söz də deyə bilərəm. Hələ bu müharibə başlamazdan əvvəl Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Minsk qrupunun həmsədrləri ilə görüşmək üçün Cenevrəyə dəvət olunmuşdular. Ermənistanın xarici işlər nazirinin oktyabrın əvvəlində səfər edəcəyi gözlənilirdi, bizim xarici işlər nazirinin oktyabrın 8-də səfər edəcəyi gözlənilirdi. Beləliklə, Ermənistanın xarici işlər naziri buna məhəl qoymadı, getmədi. Bizim xarici işlər naziri dünən Cenevrədə həmsədrlərlə görüş keçirdi. Biz Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında görüşün Rusiyada təşkil olunması ilə bağlı Rusiyadan təklif alanda razılaşdıq. Beləliklə, bizim xarici işlər naziri bir saat əvvəl Moskvaya çatıb. O, rusiyalı həmkarı ilə görüşəcək, mən proqramın necə olacağını, onun Ermənistanın naziri ilə görüşüb-görüşməyəcəyini bilmirəm, lakin o, oradadır. Biz sülh yolu ilə həll istəyirik, amma həll. Biz həll istəyirik, imitasiya yox, daha 30 il ərzində boş sözləri yox, praktiki addımları, vaxt cədvəlini, insanlarımızın evlərinə nə vaxt qayıdacağını, onlar üçün təhlükəsizlik zəmanətinin nədən ibarət olacağını və bizim necə barışacağımızı bilmək istəyirik. İki millət barışmalıdır. Biz qonşuyuq. Biz əbədi olaraq düşmənçilik şəraitində yaşaya bilmərik. Bu, dayandırılmalıdır. Lakin tarixi həqiqət və beynəlxalq hüquq əsasında dayandırılmalıdır.
-Dağlıq Qarabağda fəaliyyət göstərən jurnalistlərlə bağlı sual. Sizin sözçünüz deyib ki, onlar Azərbaycan ərazilərində qanunsuz olduqlarına görə hədəf obyektləridir. Siz də belə hesab edirsiniz?
- Bizim mövqeyimiz çox ədalətli və aydındır. Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir. Bizim mövqeyimiz ondan ibarətdir ki, əgər hər hansı əcnəbi vətəndaş, - təkcə jurnalist deyil, - Dağlıq Qarabağa səfər etmək istəyirsə xahiş edirik bizə məlumat versin. Biz hər hansı xüsusi münasibət gözləmirik. Sadəcə olaraq, bizə məlumat verin ki, belə bir şəxs səfər etmək istəyir. Bizdə belə bir məlumat olanda, ərazi bütövlüyümüzə belə bir hörmət əlaməti olanda, biz heç vaxt etiraz etmirik. Bu prosedur olmadan oraya gedənlər Xarici İşlər Nazirliyimizin qara siyahısına salınır və onların Azərbaycana girişinə qadağa qoyulur. Əgər həmin adamlar bizim xarici işlər nazirinə məktub yazırlarsa ki, biz səhv etmişik və ya gələn dəfə sizə məlumat verəcəyik, biz onları qara siyahıdan çıxarırıq. Bu, ədalətlidir. Bizim ehtiyacımız olan yeganə şey hörmətdir. Ona görə də mən fürsətdən istifadə edərək hadisələri işıqlandırmaq üçün oraya səfər etmək istəyən jurnalistlərə mesaj vermək istərdim. Xahiş edirəm e-mail vasitəsilə bizim Xarici İşlər Nazirliyimizə məlumat verin və oraya gedin. Heç bir problem yoxdur.
- Yəni, Siz onları hədəfə almayacaqsınız?
- Biz heç vaxt belə etmirik, heç vaxt. Niyə də etməliyik? Biz jurnalistlərin gəlməyində maraqlıyıq. Mən hər gün televiziyadayam, hər gün müsahibələr verirəm, çünki biz mövqeyimizi çatdırmaq istəyirik, gördüyümüz işi diqqətə çatdırmaq istəyirik. Biz təcavüzkar deyilik, biz təcavüzə məruz qalmışıq. Təcavüzkar Ermənistandır. Biz ərazilərin geri qaytarılmasını istəyirik. Bu qədər.
- Prezident Əliyev, bu gün bizimlə söhbət etdiyinizə görə təşəkkür edirəm.
Trend



- Çox sağ olun.
9-10-2021, 08:53 | Zəfər xronikası: 9 oktyabr 2020-ci il Prezident İlham Əliyevin “CNN International” televiziya kanalının “Connect the World” verilişinə müsahibəsi - VİDEO - FOTO

2020-ci ilin oktyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "CNN International" televiziya kanalının "Connect the World" verilişində müsahibəsi yayımlanıb.
Mmüsahibəni təqdim edir.
-Mən Ermənistan prezidenti ilə danışdım və o, mənə dedi ki, bu münaqişə əvvəlki toqquşmalardan kəskin şəkildə fərqlənir. Çünki Türkiyə Azərbaycana açıq şəkildə dəstək göstərir. Üstəlik, o, mənə dedi ki, Türkiyə öz zabitləri, generalları, muzdluları, terrorçu cihad döyüşçüləri ilə Dağlıq Qarabağda döyüşmək üçün Azərbaycana minlərlə adam gətirib. Türkiyə öz hərbi gücü ilə guya müəyyən beynəlxalq logistik strukturları qorumaq üçün orada olduğunu deyir. Azərbaycanda hazırda hər hansı bir türk qüvvələri və ya türk avadanlığı varmı?
-Bəli, türk avadanlığı var. Türk qüvvələri yoxdur. Səmimi desəm, Ermənistan prezidentinin dünyaya mesaj ünvanlamaq üçün CNN vasitəsilə şayiə yaymaq məqsədilə bu imkandan istifadə etməsi məni təəssüfləndirir. Mən bunu başqa cür adlandıra bilmirəm, çünki sizin mənə təqdim etdiyiniz kimi, onun dedikləri, mən onun dediklərini görməmişəm, lakin mənim sizdən eşitdiklərim tamamilə yanlışdır, bu, yanlış informasiyadır. Türkiyə bizə dəstək göstərir, lakin bu, siyasi dəstəkdir, bu, diplomatik dəstəkdir. Bu dəstək olmasaydı, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın "Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır" ifadəsi ilə bu çox açıq mövqe olmasaydı, çox güman ki, bu gün Ermənistan öz məqsədinə nail olmuş olardı. Bu da münaqişənin coğrafiyasının genişlənməsi və mümkün qədər çox ölkənin bu münaqişəyə cəlb olunmasından ibarətdir ki, bu ölkələr döyüş meydanında onlara kömək etsinlər. Mən, həmçinin Ermənistanın prezidentinə 1990-cı illərin əvvəlində Ermənistan bizim torpaqları işğal etdikdə onun arxasında kimin durduğunu xatırlatmaq istəyirəm. Bizim torpaqlarımızı işğal etmək üçün onlara kimlərin kömək göstərdiyinə dair bizdə kifayət qədər sübut var. Buna görə Ermənistan tərəfindən "Azərbaycana kimsə kömək edir" demək tamamilə səhv və yanlış informasiyadır, biz bunu rədd edirik.
-Siz dediniz ki, Azərbaycanda türk avadanlığı var, hansı növ türk avadanlığı var cənab Prezident?
-Silahlar, türk silahları. Təkcə türk silahları yox, rus, İsrail, Belarus, Ukrayna silahları və sair. Çünki bu gün bizdə hərbi texnikanın satınalma coğrafiyası daha da genişlənir və biz bunlara görə pul ödəyirik. Ermənistanın silahları necə və haradan əldə etməsinə nəzər salsanız görərsiniz ki, onlarda olan silahlara görə onlar ödəniş etmək imkanında deyillər. Çünki bu, milyardlarla dollardır və kasıb ölkə üçün bu, mümkünsüzdür. Onlar öz müttəfiqlərindən silahları pulsuz əldə edirlər, biz silahlara ödəniş edərək onları alırıq.
-Yaxşı, icazənizlə Sizə bu sualı verim. Biz ən azından sizin bazalarınızın birində türk F-16 qırıcı təyyarəsinin olmasına dair peyk təsvirlərini görmüşük. Siz F-16 qırıcı təyyarələr almamısınız. Beləliklə, Azərbaycan üçün güclü dəstəyi nəzərdə tutan F-16 qırıcı təyyarələrin yerdə olması doğrudurmu?
-Siz yerdə dedikdə mən sizinlə razıyam. F-16 qırıcı təyyarələr Azərbaycanda hərbi təlimlərdə iştirak etmək üçün gəlmişdi. Keçən il Azərbaycan və Türkiyənin birgə 10 hərbi təlimi olmuşdur. Türkiyə bizim müttəfiq ölkədir və burada hərbi təlimlərin, o cümlədən Hərbi Hava Qüvvələrinin iştirakı ilə hərbi təlimlərin keçirilməsi adət olunan haldır. Yeri gəlmişkən, bu il pandemiya səbəbindən bizdə yalnız iki hərbi təlim keçirilmişdir. Onlardan biri Ermənistanın bizə hücum etməsindən əvvəl baş vermişdir. Beləliklə, F-16 qırıcı təyyarələr yerdədir, onlar uçuş etmirlər, onlar heç bir şəkildə hər hansı bir döyüşdə iştirak etmirlər. Yeri gəlmişkən...
-Siz F-16 qırıcı təyyarələrin istifadə olunmamasını birmənalı şəkildə deyirsiniz?
-Mən bunu birmənalı şəkildə deyirəm və hətta sizə bir erməni feyk xəbəri haqqında da söyləmək istəyirəm. Toqquşmaların ilk günlərində onlar türk F-16 qırıcı təyyarəsinin erməni Su-25 təyyarəsini vurduğunu demişdilər. Bu, feyk xəbərdir və bizi bunda günahlandıranlar indi bizdən üzr istəməlidirlər, çünki hər kəs bunun feyk xəbər olduğunu bilir. F-16 qırıcı təyyarələr buradadır, lakin onlar sizin də düzgün qeyd etdiyiniz kimi, yerdədir.
-Bu uzunmüddətli münaqişənin 1990-cı illərdən bəri həll yolunu axtaran ATƏT-in Minsk qrupuna Fransa, Amerika Birləşmiş Ştatları və Rusiya həmsədrlik edirlər. Fransanın xarici işlər naziri xüsusi olaraq xəbərdarlıq etmişdir ki, Türkiyənin Azərbaycanın arxasında durması bu münaqişənin beynəlxalq münaqişəyə çevrilməsini risk altına atır. Siz deyirsiniz ki, Türkiyə sizə dəstək göstərir, lakin bu dəstəyin münaqişənin daha da pisləşməsinə gətirib çıxaracağını deyən fransızlara sözünüz nədir?
-Mən bununla razı deyiləm. Dediyim kimi, Türkiyə regionda və xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyətdə sabitləşdirici rol oynayır. Hər bir ölkənin tərəfdaşı və ya müttəfiqi ola bilər. Azərbaycan və Azərbaycan xalqı Türkiyə kimi tərəfdaşa, müttəfiqə və qardaş ölkəyə malik olmaqdan çox xoşbəxtdir. Biz Ermənistanın Fransanı özünə müttəfiq hesab etməsinə etiraz bildirmirik və Fransa hazırda Ermənistana ən çox dəstək göstərən ölkədir. Eyni zamanda, biz görürük ki, müttəfiqlərin seçilməsi ölkələrin özündən asılıdır. Məsələn, Fransanın xarici işləri naziri Rusiyanın Ermənistana pulsuz silah verərək onu dəstəkləməsindən narahat deyil və o, bunun münaqişəni beynəlxalq bir münaqişəyə çevirəcəyini düşünmür. Lakin Türkiyə legitim, siyasi dəstəyini ifadə etdikdə bu, narahatçılıq yaradır. Səmimi desəm, bir NATO ölkəsinin digər NATO ölkəsinə qarşı belə hərəkət etməsini başa düşə bilmirəm. NATO-ya üzv ölkələr müttəfiq olmalıdırlar, lakin biz bunu görmürük.
-Hazırda sizin yürütdüyünüz kampaniyanın məqsədlərini açıq şəkildə bəyan edə bilərsinizmi?
-Bizim məqsədimiz xalqımızı, ölkəmizi və öz torpağımızda yaşamaq hüququmuzu müdafiə etməkdən ibarətdir. Sentyabrın 27-də Azərbaycanın hərbi mövqelərinə, şəhər və kəndlərimizə artilleriya atəşi açan Ermənistan olmuşdur. Toqquşmalar gedən günlərdə Ermənistan ordusu tərəfindən 31 nəfər mülki şəxs qətlə yetirilmişdir, demək olar ki, 200 nəfər yaralanmışdır, mindən çox ev dağıdılmış və ya onlara ciddi ziyan dəymişdir. Biz cavab verməli idik, özümüzü müdafiə etməli idik. Bizim cavabımız Ermənistan üçün çox həssas və ağrılı oldu. Onlar çox ciddi məğlubiyyət acısını yaşadılar, onlar bizdən qaçdılar, biz ərazimizin bir hissəsini azad etdik, biz işğaldan azad olunmuş ərazilərə milli bayrağımızı sancdıq. Biz ərazi bütövlüyümüzü bərpa edirik və biz haqlıyıq. Biz öz torpağımızda savaşırıq, Ermənistan digər ölkənin torpağında vuruşur.
-Hərbçilər arasında nə qədər itkiniz var?
-Hərbçilər arasında itkilərə gəldikdə, mən artıq bu barədə demişəm. Biz toqquşmaların aktiv fazası bitəndən sonra bu məlumatı açıqlayacağıq.
-Siz bütün Dağlıq Qarabağı, mübahisə predmeti olan bütün torpaqları geri götürmək niyyətindəsiniz?
-Biz Dağlıq Qarabağdan və sabiq Dağlıq Qarabağ muxtar vilayətini əhatə edən yeddi rayondan danışırıq. Çünki Ermənistan nəinki təkcə Dağlıq Qarabağı işğal edib və muxtar vilayətin əhalisinin 25 faizini təşkil edən bütün azərbaycanlıları oradan qovub, eyni zamanda, əhalisinin sayı 700 min olan Azərbaycanın yeddi rayonunu işğal edib. Beləliklə, bizim əsas məqsədimiz bu əraziləri azad etmək və azərbaycanlı məcburi köçkünlərin geri qayıtmasına imkan yaratmaqdır. Dağlıq Qarabağa gəldikdə, biz hesab edirik ki, - bu, dəfələrlə rəsmi şəkildə bəyan olunmuşdur, - müharibə bitəndən, işğalçı qüvvələr çıxarıldıqdan sonra multietnik əhalisi olan istənilən digər ölkədə olduğu kimi, Dağlıq Qarabağdakı ermənilər və azərbaycanlılar yan-yana yaşayacaq və əminəm ki, bir gün onlar bir-birinə yaxşı qonşu olacaqlar.
-Ermənistan prezidenti sizin qoşunların Dağlıq Qarabağdan çıxarılması ilə bağlı vaxt cədvəlinin müəyyən olunmasına dair tələbinizin münaqişənizin "Dağlıq Qarabağ respublikası" ilə olduğu üçün onlara təqdim edilməli olduğunu mənə deyib. O təkid edir ki, Dağlıq Qarabağda ermənilərin min illər boyu yaşadığına görə əhalinin 95 faizi ermənilər olub. Siz deyirsiniz ki, Qarabağ Azərbaycandır, lakin etnik ermənilərin qorxularına dair nə deyə bilərsiniz?
-Əvvəla...
-Bir dəqiqə cənab, Azərbaycan hökuməti torpaqları geri götürsə, onlar etnik təmizləməyə məruz qala bilərlər.
-Mən başa düşürəm. Bu gün Azərbaycanda minlərlə erməni ölkəmizin müxtəlif şəhərlərində, əsasən paytaxt Bakıda yaşayır. Bizim ikinci ən böyük şəhərimiz olan Gəncəyə hücum üçün ermənilərin istifadə etdiyi uzunməsafəli dağıdıcı mərmilərdən biri olan "Smerç" erməni qadının evinə düşüb. Beləliklə, bu gün Azərbaycanda sülh və ləyaqət içində yaşayan minlərlə erməni var. Lakin bütün azərbaycanlılar Ermənistandan qovulmuşdur. Ermənistan əhalisi 99 faiz ermənilərdən ibarətdir. Onlar bizə qarşı etnik təmizləmə törədiblər. Erməni prezidenti yenə də yalan deyir. Bu gün Dağlıq Qarabağda əhalinin 95 faizi ermənilər deyil, əhalinin 100 faizi ermənilərdir. Çünki orada yaşayan 25 faiz azərbaycanlı əhali Ermənistan rejimi tərəfindən etnik təmizlənməyə məruz qalmışdır.
Mən təəssüf edirəm ki, belə mühüm vəzifə tutan şəxs yalanlar yayır. İnternetə baxın. XIX əsrin əvvəlində Azərbaycanın Qarabağ xanı ilə rus generalı arasında imzalanmış Kürəkçay sülh müqaviləsinə baxın. Erməni əhalisi haqqında heç bir şey deyilmir. Erməni əhali bizim torpağımıza Rus-İran müharibələrindən sonra Rusiya imperiyası tərəfindən regionun dini tərkibini dəyişdirmək məqsədilə köçürülüb. Bu, tarixi faktdır. Ermənistan prezidentinin dedikləri isə feykdir, tamamilə feykdir.
-Mən qeyd etməliyəm, Sizin dediyinizə görə, Ermənistan prezidenti yalan və feyk məlumatlar yayır, o, Azərbaycanın və Sizin haqqınızda eyni şeyləri deyib.
-İnternetə baxın, sənədlərə baxın. Siz kimin doğru danışdığını və kimin yalan danışdığını görəcəksiniz.
-Mən deməliyəm, hazırda hər bir tərəf bir-birini təhqir edir. Azərbaycan beynəlxalq vasitəçiliyi necə qəbul edərdi və hərbi əməliyyatı dayandırardı? Sizin bu barədə son sözünüz nədir?
-Bizdə 28 ildir ki, beynəlxalq vasitəçilik var. ATƏT-in Minsk qrupu 1992-ci ildən bu yana 28 ildir ki, faktiki olaraq passiv formada "fəaliyyət" göstərir. Bu vasitəçilik heç nəyə gətirib çıxarmadı. Bu vasitəçilik bu gün baş verənlərə gətirib çıxardı. Bu vasitəçilik Ermənistanı onlara məxsus olmayan əraziləri tərk etməyə məcbur etmək üçün yetərli olmadı.
-Siz bununla bağlı Vaşinqtonla təmasda olmusunuzmu? Tramp administrasiyası Sizə nə deyir? Əlbəttə ki, ABŞ Minsk qrupunun həmsədrlərindən biridir.
-Bizim ABŞ-la çoxşaxəli münasibətlərimiz var. Münasibətlərimiz bir çox sahələrdə çox uğurla inkişaf edir. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə gəlincə, Minsk qrupunun həmsədri olan 3 ölkənin vasitəçilik etmək üçün eyni hüququ və eyni məsuliyyəti var. Bu ölkələrdən nümayəndələr gələndə, onlar hamısı birlikdə gəlir, 3 ölkənin nümayəndələri. Ona görə də onların fəaliyyətində heç bir fərq yoxdur. Lakin sözsüz ki, biz başa düşürük, bəzi ölkələr daha çox ermənipərəstdir, bəzi ölkələr hətta həddindən çox ermənipərəstdir.
-Sizdən soruşa bilərəm siz Vaşinqtonda kiminlə danışırsınız? Dövlət Departamenti, yoxsa Tramp administrasiyası ilə? Məsələn, Ermənistan prezidenti bizə Robert Obraynla danışdıqlarını söylədi.
-Düşünürəm ki, bu günlər ərzində Ermənistanın baş nazirinin danışmadığı yeganə insan hansısa uzaq adada qəbilə başçısıdır. O, hər kəsə zəng edib. O, Prezident Putinə 5 dəfə zəng edib. O, Prezident Makrona, bilmirəm, deyəsən 4 dəfə zəng edib. Kansler Merkelə zəng edib. Yalnız qəbilə başçısı qalıb. Mən ona məsləhət görürəm ona zəng edib Azərbaycandan şikayət etsin ki, o, Azərbaycanın dağıtdığı yazıq, zavallı Ermənistana kömək etmək üçün öz qəbiləsindən bəzi adamları göndərsin.
-Sual bu deyildi, cənab. Sual belə idi ki, Siz Vaşinqtonda kiminlə danışırsınız? Dövlət Departamenti, yaxud Tramp administrasiyası ilə?
-Biz administrasiya ilə danışırıq. Biz Dövlət Departamenti ilə danışırıq. Əslində, onlar bizimlə əlaqə saxladılar. Mən Xarici İşlər Nazirliyimizə, Administrasiyama bizə zəng edən, mövqeyini ifadə etmək istəyən və necə irəliləməklə bağlı fikirlərini ifadə edən hər kəslə təmasda olmaları üçün göstərişlər vermişəm. Lakin faktiki olaraq, bunun Dövlət Departamenti və ya Ağ Ev olmasının heç fərqi yoxdur. Çünki bizim üçün bu, istənilən halda ABŞ administrasiyasıdır.
-Sizin fikrinizcə, Vaşinqtonun mövqeyi necədir?
-Vaşinqtonun mövqeyi digər həmsədrlərin mövqeyindən fərqlənmir. Onlar həllin əsaslanmalı olduğu prinsipləri dəstəkləyirlər. Bu prinsiplərin əleyhinə olan Ermənistandır. Həmin prinsiplərdə deyilir ki, Dağlıq Qarabağ ətrafındakı ərazilər vaxtında Azərbaycana qaytarılmalıdır. Siz mənim qrafiklə bağlı bəyanatıma istinad edəndə, sənədlərdə olan məhz budur. Bunu mən icad etməmişəm. Qarşı çıxan Ermənistandır.
-Gəlin, onda Rusiyanın mövqeyinə nəzər salaq. Çünki indi müzakirə etdiklərimizdən Vaşinqtonun mövqeyinin necə olması mənim üçün aydın olmadı. Gəlin, Rusiyanın mövqeyinə nəzər salaq. Kremlin sözçüsü Dmitri Peskov dedi ki, "Biz regiondakı vəziyyətdən çox narahatıq. Hesab edirik ki, tərəflər atəşi dayandırmalı və danışıqlar masasına gəlməlidirlər". Onlar sizin danışıqlar masasına oturmağınızı xahiş edirlər. Rusiya Prezidenti döyüşü faciə adlandırdı. Bildiyimə görə, çərşənbə günü Siz Vladimir Putinlə şəxsən danışdınız. O, Sizə nə dedi? Rusiya üçün burada qırmızı xətt haradadır?
-Mən Prezident Putinə oktyabrın 7-də onu ad günü münasibətilə təbrik etmək üçün zəng etdim. Mən bunu hər il edirəm. Eləcə də o. Hər il biz bir-birimizi ad günü münasibətilə təbrik edirik. Onun ad gününün bu hadisələrlə üst-üstə düşməyi bir təsadüf idi. Ona görə də əlbəttə ki, biz bu məsələni müzakirə etdik və bizim mətbuat xidmətimiz bununla bağlı press-reliz yayıb. Düşünürəm ki, mənim mətbuatda açıqlanandan daha çox nə isə deməyim doğru olmaz.
-Kaş ki, deyərdiniz. Siz Moskvanın sülh danışıqları üçün müraciətini səciyyələndirməyə hazırsınızmı?
-Biz sülh danışıqlarının tərəfdarıyıq. İcazə versəniz, sizə cəmi iki misal gətirərdim. Azərbaycan danışıqlar masasında konstruktiv tərəfdaşdır. Biz düşünürük ki, ABŞ, Rusiya və Fransa tərəfindən işlənib hazırlanmış prinsiplər həll üçün əsas olmalıdır. Ermənistan prezidenti bunları rədd edir. Üzr istəyirəm, Ermənistanın baş naziri bunları rədd edir. Çünki Ermənistanda hakimiyyətdə olan və mənim danışıqlar apardığım şəxs prezident deyil, baş nazirdir. Beləliklə, o dedi ki, "Qarabağ Ermənistandır". Bu, danışıqları mənasız edir. Siz necə "Qarabağ Ermənistandır" deyə və əraziləri geri qaytarmaqla bağlı danışıqlar apara bilərsiniz? O dedi ki, Azərbaycan Ermənistanla deyil, Dağlıq Qarabağla danışıqlar aparmalıdır. Bu, formatın dəyişməsidir. Əgər Ermənistanın baş naziri uçduğu göylərdən yerə qayıtsa, biz danışıqlara hazırıq.
-Başa düşdüyüm qədərilə, Rusiyanın mövqeyi belə deyil. Onlar deyir hər iki tərəf atəşi dayandırmalı və danışıqlar masasına gəlməlidir.
-Atəşi başlayan ilk olaraq dayanmalıdır və biz də danışıqlar masasına qayıtmaq üçün eynisini edərik. Paşinyan rejimi danışıqları pozmaq üçün əlindən gələni etdi. Onlar bu bəyanatı verdilər, onlar iyulda bizə hücum etdilər, avqustda bizə hücum etdilər, sentyabrda bizə hücum etdilər. Onlar danışıqları pozmaq üçün hər şeyi edir. Biz hazırıq, onlar isə yox.
-Əgər Siz dayanmasanız və onlar dayanmasa, sonra nə olacaq? Bu, bir çoxlarının daha genişmiqyaslı regional müharibəyə çevriləcəyi ilə bağlı narahat olduğu münaqişəni haraya aparacaq?
-O, daha da gərginləşməməlidir. Mən bütün ölkələri bu vəziyyətdən kənar qalmağa çağırmışam. Bu, bizim Ermənistanla ikitərəfli məsələmizdir. Vasitəçilər var, onların mandatı var. Onların mandatı yerdə müdaxilə etmək deyil. Onların mandatı həll yolunu tapmaq üçün şərait yaratmaqdır. Əminəm ki, onlar mandatları çərçivəsində davam edəcəklər. Ermənistanın bu münaqişəni beynəlmiləlləşdirmək cəhdi çox səmərəsiz, destruktiv və bir çox ölkələr üçün təhlükəlidir. Ermənistan başa düşməlidir ki, işğal əbədi olaraq davam edə bilməz. Status-kvo dəyişdirilməlidir. Yeri gəlmişkən, prezidentlər, Fransanın sabiq prezidentləri, ABŞ-ın sabiq prezidentləri və Rusiya Prezidenti hamısı vəzifədə olarkən bəyanat vermişdilər ki, status-kvo qəbuledilməzdir və dəyişdirilməlidir. Mən bunu dəstəkləyirəm, Ermənistan isə buna qarşı çıxır.
-Mən "Amnesty International"ın yeni hesabatı ilə bağlı münasibətinizi öyrənmək istəyirəm. Hesabatda iddia edilir ki, onlar Azərbaycan qüvvələrinin İsrail istehsalı olan M095 DPICM kasetli mərmiləri atdığını müəyyən ediblər. CNN nə bu iddiaları, nə də partlayışların videosunu müstəqil olaraq yoxlaya bilməz. "Amnesty"nin iddialarına necə cavab verərdiniz?
-Mən deyərdim ki, ermənipərəst və anti-Azərbaycan mövqeyinə görə sizin adını çəkdiyiniz təşkilatla bizim heç bir təmasımız yoxdur. Birincisi, bu, səhvdir, yanlışdır. İkincisi, mən onlara tövsiyə edərdim ki, kasetli bombaların bizim mülki şəxslərimizə qarşı necə istifadə olunduğuna baxsınlar. Onların "Smerç"dən, "Elbrus"dan, "Toçka U"dan, ballistik raketlərdən bizim şəhərlərimizə qarşı necə istifadə etdiyinə baxsınlar - Gəncə, Goranboy, Naftalan, Yevlax və digər şəhərlər Ermənistanın bombardmanı altındadır. Niyə "Amnesty International" yalnız bir tərəfi görür və ya görmək istəyir? Niyə onlar digər tərəfi görmürlər? Sual budur.
-İcazə verin, bununla bağlı deyim. Siz qəti şəkildə deyirsiniz ki, kasetli silahlar Azərbaycan qüvvələri tərəfindən istifadə olunmayıb? Əgər belədirsə, müstəqil müşahidəçilərin bunu yoxlamasına icazə verməyə hazırsınızmı?
-Bəli, biz bunu etməyə hazırıq. Biz, həmçinin Ermənistanın nə etdiklərini görmək üçün Ermənistanın müstəqil müşahidəçilərə necə icazə verəcəyinə də baxmağa hazırıq. Bu, birtərəfli deyil, ikitərəfli qaydada olmalıdır. Biz özümüzü müdafiə edirik. Biz bunu etməliyik. Lakin bizim hədəflərimiz yalnız hərbi obyektlərdir. Biz məhv etdiklərimizin demək olar ki, hamısını çox müasir avadanlıqlardan istifadə etməklə məhv edirik. Siz bunu internetdə tapa bilərsiniz. Bu, Türkiyənin tamamilə yeni, mükəmməl, heyrətamiz qırıcı dronlarıdır, tankları, topları, hərbi mövqeləri məhv edən digər avadanlıqlarıdır. Məqsədimizə çatmaq üçün bizim dediyiniz silahlardan istifadə etməyə ehtiyacımız yoxdur. Bizim hədəfimiz mülki şəxslər deyil. Bizim hədəfimiz işğalçılardır. Biz torpağımızı kimə məxsusdursa onlara qaytarmalıyıq.
-Beləliklə, sözlərə əlavə ediləsi bir şey yoxdur. Mən Sizdən konkret olaraq soruşuram. Siz kasetli silahların Azərbaycan qüvvələri tərəfindən istifadə olunduğunu qəti şəkildə inkar edirsiniz, elədirmi?
-Bəli, mən bunu inkar edirəm. Mən sizdən soruşmaq istəyirəm. Siz bu sualı Ermənistan prezidentinə vermisinizmi?
-Həmin vaxt bizdə belə məlumat yox idi.
-Məsələ də elə bundadır. Məsələ də elə bundadır ki, siz məndən soruşursunuz. Ondan soruşun. Soruşun ondan. Qoy "Amnesty International" ondan nə etdiklərini soruşsun.
-Biz mütləq ondan bəyanat verməsini xahiş edəcəyik. Mən Sizdən soruşuram.
-Ondan soruşun, mən artıq cavab verdim. Artıq cavab verdim. Xeyr! Ondan soruşun.
-Soruşaram. Təşəkkür edirəm, cənab.





Trend
9-10-2021, 08:48 | Zəfər xronikası: 9 oktyabr 2020-ci il Prezident İlham Əliyevin xalqa müraciəti - VİDEO - FOTO

9 oktyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib.
Dövlətimizin başçısının müraciətini təqdim edir.
Prezident İlham Əliyevin xalqa müraciəti
-Əziz həmvətənlər.
Bu gün müzəffər Azərbaycan Ordusu bir neçə yaşayış məntəqəsini işğaldan azad edib. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm.
İşğaldan azad edilmiş yaşayış məntəqələrinin adlarını sizin diqqətinizə çatdırmaq istərdim: Hadrut qəsəbəsi, Çaylı kəndi, Yuxarı Güzlək kəndi, Gorazıllı kəndi, Qışlaq kəndi, Qaracallı kəndi, Əfəndilər kəndi, Süleymanlı kəndi, Sur kəndi.
Bu kəndlərin və Hadrut qəsəbəsinin işğaldan azad edilməsi tarixi qələbəmizdir. Azərbaycan işğal altında olan torpaqları işğaldan azad edir. Demək olar ki, hər gün cəbhədən xoş xəbərlər gəlir. Hər gün bizim əsgər və zabitlərimiz döyüş tapşırıqlarını şərəflə yerinə yetirirlər. Eyni zamanda, strateji yüksəklikləri götürərək daha əlverişli mövqelərə sahib olurlar. Beləliklə, əməliyyat planı tam icra edilir, əməliyyat planı müasir döyüş prinsiplərinə əsaslanır. Azərbaycan Ordusu həm maddi-texniki təchizat baxımından, eyni zamanda, döyüş hazırlığı baxımından bu gün döyüş meydanında tam üstünlüyə sahib olubdur.
Bu gün aparılan döyüşlərdə düşmənin hərbi texnikası böyük dərəcədə məhv edilmişdir və eyni zamanda, hərbi qənimət götürülmüşdür. Deyə bilərəm ki, sentyabrın 27-dən bu günə qədər bütövlükdə Ermənistan Ordusuna çox böyük zərbə vuruldu. Mən sadəcə olaraq, Azərbaycan Ordusu tərəfindən məhv edilmiş və hərbi qənimət kimi götürülmüş Ermənistanın hərbi texnikasının siyahısını sizin diqqətinizə çatdırmaq istərdim. Ermənistanın itkiləri ilə əlaqədar məlumat verirəm: 16 komanda məntəqəsi məhv edildi, 196 tank məhv edildi, 38 BM-21, 1 "Uraqan", 10 özüyeriyən artilleriya qurğusu, - onlardan 8-i "Akasiya", 2-si "Qvozdika", - 36 piyadaların döyüş maşını, 24 artilleriya batareyası, 2 RM və ya hava hücumuna qarşı müdafiə vasitəsi, 2 "S-300" kompleksinin buraxıcı qurğusu, 25 OSA zenit-raket kompleksi, 2 KUB zenit-raket kompleksi, 4 "Repelend" radio-texniki maneə vasitəsi, 136 top, 56 minaatan, 1 TOS-1A odsaçan sursatı, 2 radiolakasiya stansiyası, 1 "Kalçuqa" anteni.
Qənimət kimi götürülmüş hərbi texnika aşağıdakı kimidir: 18 tank, 4 top, 22 piyadaların döyüş maşını, 12 minaatan, 4 UAZ maşını, 1 ekskavator, 27 "İqla" kompleksi, 1 ZİL maşını, 9 QAZ maşını.
Onu da bildirməliyəm ki, düşmənin əlində Azərbaycan Silahlı Qüvvələrinə məxsus olan bir dənə də hərbi texnika yoxdur. Düşmən öz xalqına nağıllar danışır, yalan danışır. Faktları saxtalaşdırır, öz xalqını aldatmaq istəyir, beynəlxalq aləmi aldatmaq istəyir ki, guya onlar hücuma keçirlər, onlar bizim bəzi mövqelərimizi geri alıblar. Hamısı yalandır. Döyüşlərin obyektiv müşahidə mənzərəsi var və istənilən hərbi mütəxəssis görə bilər ki, bu gün Azərbaycan Ordusu döyüş meydanında qələbə əldə edibdir. Azərbaycan Ordusu öz üstünlüyünü göstərir. Azərbaycan əsgər və zabiti yüksək mənəvi psixoloji keyfiyyətlər göstərir, mənəvi ruh göstərir. Çünki biz öz torpağımızda vuruşuruq, öz torpaqlarımızı azad edirik. Ermənistanın əsgərləri işğalçılardır. Döyüş gedən torpaq onların torpağı deyil. Onlar mövqeləri qoyub qaçırlar. Baxmayaraq ki, 30 il ərzində təmas xətti boyunca və bir neçə xətt üzrə dərin eşalonlanmış müdafiə sistemi qurulub. Mühəndis-istehkam qurğuları qurulub. Onları yarmaq, onları keçmək çox çətindir. Bəzi hallarda bəzi istehkamları keçmək üçün bizə bir neçə gün lazım olur. Eyni zamanda, biz bütün işləri elə aparırıq ki, az itkilər verək. Ona görə bəzi hallarda müxtəlif istiqamətlər üzrə mövqelərimizdə möhkəmlənib, ondan sonra yeni əməliyyat üçün hazırlıq işləri də görürük ki, maksimum nəticə, minimum itki olsun.
Bu gün işğaldan azad edilmiş torpaqlarda Azərbaycan bayrağı dalğalanır. Bu gün Azərbaycan əsgərləri bizim işğal edilmiş torpaqlarda ermənilərin qazdıqları səngərlərdə keşik çəkirlər - onlar bizim yox, biz onların səngərlərində, biz onların postlarında, biz onların tanklarında. Qənimət kimi götürülmüş o hərbi texnikadan indi biz istifadə edirik - 18 tank. Onların tankları indi döyüş meydanında onlara qarşı vuruşur. Budur Azərbaycan Ordusunun üstünlüyü, bizim üstünlüyümüz. Bu gün açıq informasiya məkanında, internetdə göstərilir, necə dəqiq, sərrast atəşlərlə düşmənin canlı texnikası məhv edilir.
Düşmən panikadadır, düşmən isterikaya qapılıb. Düşmən ölkənin rəhbərliyi tamamilə özünü itirmiş vəziyyətdədir. Müxtəlif ölkələrə, müxtəlif ölkələrin dövlət-hökumət başçılarına müntəzəm olaraq zəng edir, dəfələrlə, gündə bir neçə dəfə yardım istəyir, imdad diləyir, yalvarır. Onların ayağının altına yıxılır. Özünü alçaldır ki, gəlin, bizi xilas edin. Onların xilasının yeganə yolu budur ki, torpaqlarımızdan çıxsınlar. Biz dəfələrlə bunu demişik, öz xoşunuzla çıxın bizim torpaqlarımızdan. BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirin, yoxsa, peşman olacaqsınız. Hesab edirsiniz ki, Azərbaycan bu vəziyyətlə barışacaq? Barışmayacaq, dəfələrlə demişəm. Hesab edirdiniz ki, Azərbaycan xalqı bu təhqirlərlə barışacaq? Barışmayacaq, dəfələrlə demişəm. Amma bizim torpaqlarımızda oturub, bizim müqəddəs torpağımızı zəhərləyib sonra da bizə qarşı iddia qaldırasan - qudurğanlığın dərəcəsinə baxın. Biz onları yerinə oturtduq. Biz onlara yerlərini göstərdik. Biz onları elə qovuruq ki, onlar bu sprinti heç vaxt yaddan çıxarmayacaqlar.
Bu gün bütün cəbhə boyu döyüşlər gedir. Azərbaycan bütün istiqamətlər üzrə mövqelərini möhkəmləndirir və biz işğalçını, təcavüzkarı sülhə məcbur edirik. Bu əməliyyatın əsas məqsədi də budur. Biz onlara göstərdik ki, döyüş meydanında da, beynəlxalq müstəvidə də, siyasi meydanlarda da biz qalib gəlirik. Onlar bizim gücümüzü gördülər, bizim iradəmizi gördülər. Onlar gördülər ki, dünyada heç bir qüvvə bizi haqq yolumuzdan döndərə bilməz. Dünyada heç bir ölkə bizim iradəmizə təsir edə bilməz. Kimə yalvarırsan yalvar, kimin ayağının altına yıxılırsan yıxıl, kimin dabanlarını yalayırsan yala, heç kim bizə təsir edə bilməz! Biz haqq yolundayıq, biz qalib gəlirik, biz zəfər çalırıq və biz öz torpaqlarımızı geri alacağıq, ərazi bötüvlüyümüzü bərpa edəcəyik!
Amma işğalçıya bəlkə də sonuncu dəfə şans veririk ki, çıxın bizim torpaqlarımızdan. Çıxın, öhdəlik götürün, danışıqlara qayıdın, danışıqların formatına qayıdın. Yoxsa, Ermənistanın baş naziri özünü nə hesab edir? Bizimlə bu tərzdə danışmaqmı olar? İndi biz ona yerini göstərdik. "Qarabağ Ermənistandır" deməklə Qarabağ heç vaxt Ermənistan olmayacaq. İndi görüm necə deyir "Qarabağ Ermənistandır". Səsini belə çıxara bilmir.
İndi məcbur olub onların xarici işlər naziri Moskvaya danışıqlara gəlib. Gəlsin, orada desin "Qarabağ Ermənistandır". Əgər belə bir şey desə, heç bir danışıqlardan söhbət gedə bilməz. Mən bunu demişəm, heç kim bizi məcbur edə bilməz. Deyirdi ki, biz kriminal "Dağlıq Qarabağ respublikası"nın quldur başçısı ilə danışıqlar aparmalıyıq. Biz heç vaxt buna razı ola bilmərik və bu heç vaxt olmayacaq. Ona görə, dünən və srağagün siyasi müstəvidə baş vermiş hadisələr onu göstərir ki, Ermənistan rəhbərliyi nəhayət başından böyük zərbə alandan sonra dərk etməyə başladı ki, o ancaq bizim şərtlərlə oturub duracaq. Biz nə desək, o da olacaq. Şans veririk ki, danışıqlar yolu ilə, sülh yolu ilə torpağımızdan çıxsın. Onsuz da biz bu torpaqlara qayıdacağıq. Onsuz da biz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Bütün dünya bunu gördü, o cümlədən Ermənistan bunu gördü. Biz istəyirik ki, qan tökülməsin. Biz istəyirik ki, şəhidlər olmasın. Biz öz torpaqlarımızı istəyirik. Çıxın gedin bizim torpağımızdan, rədd olun bizim torpağımızdan! Gedin öz ölkənizdə yaşayın. Amma biz torpağımızı geri alacağıq. Ona görə bu tarixi şansı onlar qaçırmamalıdır.
Bu gün Moskvada keçiriləcək görüş, hesab edirəm ki, bir çox şeylərə aydınlıq gətirəcək. Onlar baza prinsiplərini qəbul etməlidirlər. Halbuki Paşinyan demişdi ki, o, onları qəbul etmir. Demişdi ki, Azərbaycana bir qarış torpaq verməyəcəyəm. Nə oldu bəs?! Gəl tut o işğal edilmiş torpaqları. Bəs verməyəcəkdin? Nə oldu verdin? Nə oldu qaçdın? İndi gedirsən onun-bunun dabanını yalaya-yalaya, özünü alçalda-alçalda öz xalqını alçaldırsan. Öz ölkəni sıfıra bərabər etmisən. Demişdi ki, verməyəcəkdi bu torpaqları. Kimdir səndən soruşan, verəcəksən ya verməyəcəksən?! Gəldik götürdük, vəssalam. Götürəcəyik, nə qədər lazımdır, istəsək artıqlaması ilə. Necə ki, iyul ayında götürə bilərdik. Mən bunu demişdim. İyul ayında biz rahatlıqla Ermənistan ərazisinə keçə bilərdik, orada da torpaqları zəbt edə bilərdik. Heç kim bizim qabağımızı ala bilməzdi. Bu döyüşlər onu göstərir. Eləmədik bunu, qoymadım mən. Halbuki bizim hərbçilərimiz artıq hazır idi buna. Qoymadım. Çünki siyasi iradə var. Biz qanunlar çərçivəsində fəaliyyət göstəririk. Bizim başqa ölkələrin torpağında gözümüz yoxdur. Amma öz torpağımızı heç kimə verməyəcəyik. Bəs nə oldu, Paşinyan? Deyirdin ki, "Dağlıq Qarabağ respublikası" o cümlədən işğal edilmiş bütün torpaqları əhatə edir. Bəs gəl müdafiə et bunları. Niyə qaçırsan Moskvaya? Niyə zəng vurursan, dünya liderlərinin beynini xarab edirsən? Daha kim qaldı ki, zəng etməsin. Kim qaldı ki, zəhləsini tökməsin. Bir məsləhət verərdim ki, bəlkə şamanlara zəng etsin. Onlar ona kömək etsin. Ya da ki, hansısa uzaq adada yaşayan bir qəbilə başçısına zəng etsin, o, onun canını qurtarsın. Necə deyərlər, lətifə personajına çevrilib. Açın, sosial şəbəkələrə baxın, lağa qoyurlar, ələ salırlar, lətifələr qoşurlar. Öz ölkəsini bu qədər rəzil edən, bəlkə də dünya miqyasında ikinci adam olmayıb. Nəyə görə? Çünki gəlib başqasının torpağında oturub, o torpaqdan çıxa bilmir.
Ona görə mən Azərbaycan xalqına üz tutub deyirəm, biz torpaqlarımızı geri alacağıq. Mən xatırlayıram, Dağlıq Qarabağda qanunsuz oturan və oradan çıxarılacaq dəstə başçısı Şuşa şəhərində özünə "andiçmə" mərasimi keçirmişdir. O vaxt bu Azərbaycan cəmiyyətində böyük rezonans yaratdı, yəni, çox böyük təsir etdi. Biz bunu təhqir kimi qəbul etdik - biz hamımız, istisnasız. Yadımdadır, mənə də çağırışlar olmuşdur ki, biz buna imkan verməməliyik, biz oranı bombalamalıyıq, oranı dağıtmalıyıq. Əlbəttə ki, mən buna gedə bilməzdim. Çünki bizim müharibəmiz mülki vətəndaşlarla deyil. Ermənistandan fərqli olaraq, biz mülki vətəndaşları atəşə tutmuruq. Ancaq biz bunu unutmamışıq. İndi getsin onun and içdiyi mərasimin keçirildiyi binaya baxsın. Nə gündədir o!
Biz nəyi nə vaxt edəcəyimizi yaxşı bilirik. Ona görə də bu gün bizim uğurlu əməliyyatımız böyük nəticələrə gətirib çıxardı. Nəyi necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm. Azərbaycan xalqı mənə inanır. Mən də bu inama arxalanaraq bütün lazımi tədbirləri görürəm, ölkəmizi inamla idarə edirəm, bütün sahələrdə, o cümlədən hərbi quruculuq sahəsində.
Bir məsələyə də toxunmaq istəyirəm. Azərbaycan xalqı da bunu vasitəçilərdən, bəzi beynəlxalq təşkilatlın rəhbərlərindən dəfələrlə eşidib ki, bu münaqişənin hərbi həlli yoxdur. Mən isə demişdim ki, bu tezislə razı deyiləm və mən haqlı çıxdım, mən! Otuz ilə yaxındır danışıqlar aparılır. Bir məsələ yerindən tərpəndi? Bir santimetr torpaq bizə danışıqlar yolu ilə verildi? Təcavüzkarı məcbur etdilərmi ki, bizim torpağımızdan çıxsın, BMT Təhlükəsizik Şurasının qətnamələrini yerinə yetirsin? Yox. Bəs, bu məsələ indi necə həll olunur? Bu, hərbi yol deyilmi? Məhz hərbi yolla bu məsələ həll olunur. Hərbi, ondan sonra siyasi. Bu əməliyyat olmasaydı, biz təcavüzkara lazımi zərbələr endirməsəydik, onların dərsini verməsəydik, indi o qaçardımı Moskvaya danışıqlar aparmaq üçün?! Oturacaqdı özündən razı, deyəcəkdi ki, torpaqları vermirik. Biz məcbur etdik onları. Biz onları elə günə saldıq ki, indi gizlənməyə deşik axtarırlar, tapa bilmirlər. Oturublar, siçan kimi ağzına su alıb susurlar. Bəs, hanı sənin hikkən?! Hanı sənin təkəbbürün?! Hanı sənin "qəhrəmanlığın"?! Deyirdin "Qarabağ Ermənistandır". Qarabağ Azərbaycandır. Bunu hamı bilməlidir, o cümlədən bu gün Ermənistanın başında oturanlar da bilməlidir. Mən onlara bir daha deyirəm, əgər Moskva danışıqlarından sonra yenə də saxtakarlıq edəcəklərsə, özləri peşman olacaqlar. Biz torpaqlarımızı geri alacağıq - sülh yolu ilə, ya da ki, müharibə yolu ilə. Birmənalı! Biz istəyirik ki, sülh yolu ilə bunu təşkil edək, sülh yolu ilə bunu alaq. Ermənistana axırıncı şans veririk, axırıncı şans! Heç kimə ümid bağlamasın. Heç kim onlara kömək etməyəcək. Bizim qabağımızda Ermənistan acizdir. Bizim qabağımızda Ermənistan diz çöküb. Bizim şəhidlərimizin ruhu qarşısında biz onları diz çökdürmüşük. Şəhidlərimizin qanı yerdə qalmayıb. Mən dəfələrlə şəhid ailələrinin nümayəndələri ilə, şəhid valideynləri ilə görüşlərdə demişdim ki, biz onların qisasını alacağıq. Bizim şəhidlərimizin qanı yerdə qalmayacaq və qalmır. Biz qan istəmirik. Biz istəyirik torpaqlarımız bizə verilsin. Verilsin, uzatmasınlar məsələni. Stasu-kvo deyilən məsələ yoxdur, qurtardı getdi. Status-kvo belə olmalıdır, elə olmalıdır. Mən dəyişdirdim status-kvonu, dəyişdirdim! Bax, orada, döyüş meydanında. Yoxdur status-kvo. Təmas xətti, yoxdur təmas xətti. Yarmışıq onu. Onlar 30 il idi ki, qururdular bu təmas xəttini. Özü də o bölgənin relyefi təbii istehkamdır. Biz aşağıdan yuxarı gedirik. Özü də 30 il ərzində orada beton istehkamlar qurulub. Yarıb keçmişik. Azərbaycan əsgərinin qabağında heç kim heç nə edə bilməz. Biz bu gün o təmas xəttini darmadağın etdik. Yoxdur təmas xətti. İndi deyirlər yeni təmas xətti olacaq. Olmayacaq! Biz torpaqlarımızı geri alacağıq. Hansı təmas xəttindən söhbət gedə bilər?! Yoxdur bu, biz dağıtmışıq, biz etmişik, iradə göstərmişik, güc göstərmişik, xalqımızın iradəsinə arxalanmışıq və bu gün qələbə çalırıq. Tarixi qələbə çalırıq! Bu qələbə Azərbaycan xalqının əldə etdiyi qələbələr arasında ən parlaq qələbədir. Gələcəkdə bu qələbələr davam edəcək. Biz torpaqlarımızı azad edəcəyik, ərazi bütövlüyümüzü bərpa edəcəyik! Düşməni ondan sonra da qovacağıq. Mən bilirəm ki, Azərbaycan xalqı mənim bu sözlərimi bəyənibdir. Qovacağıq onları axıra qədər. Bayrağımız işğal edilmiş bütün torpaqlarda qaldırılacaq, Azərbaycanın ərazi bütövlüyünü bərpa ediləcək. Yaşasın Azərbaycan Ordusu! Qarabağ Azərbaycandır!



Trend

8-10-2021, 05:44 | Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakı Zooloji Parkının yenidənqurmadan sonra açılışında iştirak ediblər - VİDEO - FOTO

Oktyabrın 7-də Bakı Zooloji Parkının yenidənqurmadan sonra açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva açılışda iştirak ediblər.
Bakı Zooloji Parkı IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə yenidən qurulub.
Xatırladaq ki, vaxtilə Bakıda ilk dəfə Heyvanat Parkı adlandırılan zoopark 1928-ci ildə Xətai rayonundakı Nizami parkının ərazisində açılıb. 1958-ci ildə isə Bayıl ərazisində yeni Heyvanat Parkı fəaliyyətə başlayıb. 1985-ci ildə torpaq sürüşməsindən sonra Zoopark Bayıldan indiki ərazisinə köçürülüb. Əvvəllər ərazinin təmirsiz olması ilə yanaşı, heyvanların saxlanıldığı yerlər də yararsız vəziyyətdə olub.
IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə burada genişmiqyaslı yenidənqurma işləri aparılıb. Təxminən 4 il davam edən əsaslı yenidənqurma işləri nəticəsində Bakı Zooloji Parkı ən müasir səviyyəyə çatdırılıb.
Prezident İlham Əliyevin ölkəmizin inkişafı ilə bağlı müəyyən etdiyi strategiyada Bakının dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsi istiqamətində görülən işlərin miqyası ilbəil daha da artır. Son illərdə Bakıda sakinlərin və şəhərimizə gələn qonaqların rahatlığına xidmət edən çoxlu müasir sosial infrastruktur layihələri icra edilib, yeni park və xiyabanlar, istirahət guşələri yaradılıb. Şəhər həyatının müxtəlif layihələrlə zənginləşdirilməsi sırasında IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə yenidən qurulan Bakı Zooloji Parkının xüsusi yeri var. Ümumilikdə, IDEA İctimai Birliyi paytaxtla yanaşı, bölgələrdə də ətraf mühitin mühafizəsi və ekoloji problemlərin həlli istiqamətində çox mühüm layihələr icra edib. Bakı Zooloji Parkı dünyada mövcud olan müasir zooparklar səviyyəsində yaradılıb. Təbii ki, bu layihə postpandemiya dövründə yenidən Bakıya səfər edəcək turistlərin ən çox üz tutacaqları məkanlardan biri olacaq. Yenidənqurmadan sonra Zooloji Parkın kompleksi ziyarətçilər üçün rahat və maraqlı məkana çevrilib, ümumi ərazisi demək olar ki, iki dəfə artırılaraq 4.25 hektara çatdırılıb.
Yenidənqurma işləri zamanı ərazidə mövcud olan ağac və kolların tam qorunub saxlanmasına xüsusi diqqət yetirilib. Ümumiyyətlə, abadlaşdırılan və yaşıllıq sahəsi artırılan zooparkda daha təbii mühit yaradılıb. Digər yeniliklər və müxtəlif əyləncə obyektləri ilə yanaşı, ərazidə uşaq meydançası, lektoriya və elektron bələdçi sistemi var. Zoopark hamının, o cümlədən fiziki qüsurlu şəxslərin, bütün yaş qruplarından olan ziyarətçilərin istirahət edə və maariflənə biləcəyi məkana çevrilib. Əsaslı yenidənqurma işləri nəticəsində zooparkın sakinləri üçün daha rahat volyerlər, akvaterrarium, kontakt zooparkı, süni göl və hovuzlar, baytarlıq klinikası inşa edilib. Heyvanların saxlandığı volyerlər hər növün özünəməxsus ehtiyacları nəzərə alınaraq hazırlanıb və sahəsi kifayət qədər genişləndirilib.
Bakı Zooloji parkının yalnız görünüşü deyil, həm də məram və yanaşmasının yeni olduğu xüsusi qeyd edilməlidir. Zooparkın əsas məqsədi insanlar üçün canlı aləm, xüsusən də Azərbaycanın nadir faunası haqqında məlumat əldə edə biləcəkləri tədris, tədqiqat və konservasiya mərkəzinə çevrilməsindən ibarətdir. Bu xüsusda, Azərbaycanın "Qırmızı kitab"ına daxil olan növlərin təbii populyasiyası və reintroduksiyası baxımından, burada heyvanların artırılması üçün münbit şərait yaradılıb. Hazırda zooparkdakı heyvan növlərinin ümumi sayı 125, "Qırmızı kitab"a düşən növlərin sayı isə 22-dir.
Qeyd edək ki, zooparklar yalnız əyləncə məkanı deyil, həm də elmi-maarifçilik müəssisəsi funksiyasını yerinə yetirir. Ümumiyyətlə, zooparkın fəaliyyət istiqamətlərinə ətraf mühitin, o cümlədən nadir və nəsli kəsilməkdə olan növlərin mühafizəsi, çoxaldılması üzrə işlərin həyata keçirilməsi, heyvanların müvafiq tələblərə uyğun saxlanılması üçün şəraitin yaxşılaşdırılmasına yönəlmiş tədqiqat işlərinin aparılması, canlı aləm və biomüxtəlifliyin qorunması sahələrində insanların məlumatlandırılması daxildir.
AZƏRTAC




























5-10-2021, 08:03 | - Müdafiə Nazirliyi Azərbaycan ərazisinin Ermənistandan raket atəşinə tutulduğunu açıqlayıb. Cəbrayılda ələ keçirilən düşmən texnikasının görüntüləri. - Baş Prokurorluq erməni təxribatı nəticəsində 24 mülki şəxs həlak olduğunu və 121 nəfər yaralan

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.
Vətən müharibəsinin xronikasını təqdim edir.
- Prezident İlham Əliyev Azərbaycan Ordusunun Cəbrayılın Şıxəli Ağalı, Sarıcalı, Məzrə kəndlərini və müxtəlif istiqamətlərdə bir neçə strateji yüksəkliyi azad ediyini açıqlayıb.

- Müdafiə Nazirliyi Azərbaycan ərazisinin Ermənistandan raket atəşinə tutulduğunu açıqlayıb. Cəbrayılda ələ keçirilən düşmən texnikasının görüntüləri.
- Baş Prokurorluq erməni təxribatı nəticəsində 24 mülki şəxs həlak olduğunu və 121 nəfər yaralandığını açıqlayıb.
- Ermənistan Silahlı Qüvvələri Bərdə, Gəncə, Göygöl və Goranboyu atəşə tutub.
- Bərdəyə atılan raket mərmisinin qəlpələrindən 1 nəfər həlak olub, 3 nəfər yaralanıb.
- Müdafiə Nazirliyi işğaldan azad edilmiş Talış kəndinin videogörüntüləri yayılıb.
- Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlərlə bağlı 19 cinayət işi açılıb.
- Ermənistan Ağcabədini atəşə tutub yaralananlar olub. Düşmənin 4 "Qrad" yaylım atəşli reaktiv sistemi məhv edilib
Trend
4-10-2021, 12:14 | Ali Baş Komandan Talış kəndində Azərbaycan bayrağını ucaldıb - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də Tərtər rayonunun Talış kəndində Azərbaycan bayrağını ucaldıb.
Dövlətimizin başçısı çıxış edərək dedi:
-Talış kəndi düz bir il bundan əvvəl Azərbaycan Ordusu tərəfindən işğalçılardan azad edildi. Bir ildən sonra mən buradayam, Azərbaycan torpağında, azad edilmiş Talış kəndində və Azərbaycan bayrağını Talış kəndində ucaltmışam.
Bir il bundan əvvəl burada şiddətli döyüşlər gedib, şəhidlərimiz olub. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Talış kəndinin işğaldan azad edilməsi uğurlu əməliyyatlarımız arasında xüsusi yerə malikdir. Çünki burada çox güclü istehkamlar qurulmuşdu, düşmən burada bir neçə müdafiə xətti qurmuşdu və əlbəttə ki, bizi buradan gözləyirdi. Bir çox əməliyyatlarda biz düşmənin gözləmədiyi yerlərdən əks-hücum etmişdik. Ancaq bu istiqamətdə, burada döyüş meydanı kifayət qədər ensizdir, kifayət qədər məhduddur, ona görə, təbii ki, düşmən bizi burada gözləyirdi və biz də gəldik, heç nəyə baxmadan gəldik. Qan tökərək, şəhidlər verərək gəldik, Talış və Suqovuşan kəndlərini düz bir il bundan əvvəl işğaldan azad etdik. Bu, bizə çox böyük strateji üstünlük verdi. Bu, bir daha göstərdi ki, Azərbaycan Ordusunun qabağında Ermənistan ordusu acizdir, dayana bilməz və Qələbə uzaqda deyil. Bu gün Azərbaycanın suverenliyi bu bölgədə tam təmin edilib, bir il ərzində böyük infrastruktur işləri görülüb. Əsas odur ki, burada Azərbaycan vətəndaşları sülh, əmin-amanlıq şəraitində yaşayacaqlar. Əlbəttə ki, biz Talış kəndini bərpa edəcəyik, buraya həyat qayıdacaqdır.
X X X
Sonra Prezident İlham Əliyev Talış kəndində ermənilər tərəfindən dağıdılmış alban-udi kilsəsində olub.
Dövlətimizin başçısı dedi: Bu da qədim alban kilsəsidir. Görün, ermənilər bu kilsəni nə günə salıblar. Sonra da deyəcəklər ki, guya bu, erməni kilsəsidir. Erməni kilsəsi olsaydı, bu günə salardılar?! Tarixi abidə kimi qorunacaq. Azərbaycanda bütün dini abidələr dövlət tərəfindən qorunur. Bütün dini konfessiyaların abidələri bundan sonra da qorunacaqdır. Biz bu qədim alban kilsəsini də bərpa edəcəyik. Ermənilər 30 il ərzində bu bölgəni ancaq dağıdıblar.
İcra hakimiyyətinin başçısı Müstəqim Məmmədov: Buranı özləri suvayıblar ki, alban-udi kilsəsi olduğu bilinməsin. Yəni, saxtakarlıq ediblər.
Prezident İlham Əliyev: Ancaq saxtakarlıq. Bütün dünya da görsün ki, ermənilər alban kilsəsini nə günə qoyublar.
X X X
Daha sonra kənddəki rus-pravoslav kilsəsində olan Prezident İlham Əliyev dedi: Bu da Talış kəndində yerləşən rus-pravoslav kilsəsidir. Bunu da ermənilər dağıdıblar. Görün, nə gündədir, daşları da söküblər, divarları da söküblər. İndiki vəziyyəti bax, budur. Biz bu kilsəni də bərpa edəcəyik, təmir edəcəyik. Ermənilərdən fərqli olaraq biz bütün dini abidələrə hörmətlə yanaşırıq.
Bu binalar isə onların hərbi hissəsi olub.
AZƏRTAC
4-10-2021, 12:09 | Prezident İlham Əliyev Talış-Tapqaraqoyunlu-Qaşaltı-Naftalan avtomobil yolunun təməlini qoyub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də Tərtər rayonunda Talış-Tapqaraqoyunlu-Qaşaltı-Naftalan avtomobil yolunun təməlini qoyub.
Tərtərin Talış kəndindən Goranboy rayonunun Tapqaraqoyunlu kəndini keçməklə Naftalan şəhərinə doğru yeni yolun inşası yolboyu yerləşən yaşayış məntəqələrinin sakinlərinin rahat gediş-gəlişini təmin etməklə bərabər bölgənin sosial-iqtisadi inkişafına töhfə verəcək. Bu yolun istifadəyə verilməsi nəticəsində Tərtər şəhəri ilə yanaşı alternativ olaraq Naftalan şəhərindən də bu istiqamətdə hərəkət etmək mümkün olacaq. Yolun ümumi uzunluğu 22 kilometr təşkil edəcək.
AZƏRTAC
4-10-2021, 12:07 | Prezident İlham Əliyev Tərtər rayonuna səfərə gəlib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də Tərtər rayonuna səfərə gəlib.
Dövlətimizin başçısı Tərtər şəhərinin mərkəzində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.
AZƏRTAC
30-09-2021, 11:44 | Prezident İlham Əliyev Çex Respublikasının xarici işlər nazirini qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Çex Respublikasının xarici işlər naziri Yakub Kulhaneki qəbul edib.
Xəbər yenilənəcək
AZƏRTAC





















