17-11-2021, 07:23 | Bu gün Milli Dirçəliş Günüdür

Bu gün Milli Dirçəliş Günüdür


Noyabrın 17-də Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur.

1988-ci ilin ilk günlərində Ermənistanın Azərbaycana qarşı açıq təcavüzü başlandı. Moskvanın, xüsusən də SSRİ-nin rəhbəri Mixail Qorbaçovun buna biganə münasibətini görən ermənilər planlı şəkildə, Ermənistan hökumətinin tapşırığı və göstərişi ilə Ermənistanda yaşayan 200 mindən çox azərbaycanlını öz ata-baba yurdlarından kütləvi surətdə qovdular. Ermənilər azərbaycanlıları təkcə öz ev-eşiklərindən qovmur, həm də onları öldürür, diri-diri yandırırdılar. Ermənilərin tarixdə görünməmiş bu vandalizminə M.Qorbaçov və onun ətrafı heç bir reaksiya vermədi. Ermənilər bununla da kifayətlənmədilər. 1988-ci il fevralın əvvəllərində Azərbaycanın Dağlıq Qarabağ bölgəsində iğtişaşlar törətdilər. Onlar Azərbaycanın tarixi torpağı olan Dağlıq Qarabağın Azərbaycandan qoparılıb Ermənistana birləşdirilməsi haqqında məsələ qaldırdılar.

Belə bir vaxtda Azərbaycan xalqı ayağa qalxdı. Xalq öz etirazını sakit şəkildə rəhbərliyə bildirdi. İlk zamanlar Azərbaycan vətəndaşları Moskvaya, yerli hakimiyyət başçılarına inanırdılar. Onların şüarları, gəzdirdikləri portret və bayraqlar bunu sübut edirdi.

Ancaq xalq anladı ki, həm Moskva, həm də Azərbaycanın o vaxtkı rəhbərliyi heç bir qəti tədbir görmək istəmir. Belə olduqda, respublikanın hər yerindən insanlar axın-axın Bakıya gəlir, Azadlıq meydanına (o vaxt V.İ.Leninin adını daşıyırdı) toplaşır, ermənilərin və Sovet hökumətinin belə münasibətinə qarşı mitinqlər keçirir, öz etirazlarını bildirirdilər.

1988-ci il noyabrın 17-də Bakının əsas meydanı sayılan Azadlıq meydanında Sovet dövlətinin xalqımıza qarşı apardığı antiazərbaycan siyasətinə etiraz əlaməti olaraq Azərbaycan ictimaiyyətinin mitinqi başlandı. O vaxt bütün xalq bir yumruq kimi birləşmişdi. Bu, əsl xalq hərəkatı, milli azadlıq hərəkatı idi. Dekabrın əvvəllərində Sovet qoşunları tərəfindən ümumxalq mitinqi dağıdıldı.

Azərbaycanda bu hadisələr milli azadlıq hərəkatı kimi qiymətləndirilir və Vətənimizin istiqlaliyyət qazanmasında əsas amil sayılır.

1992-ci ildən 17 noyabr Milli Dirçəliş Günü kimi qeyd olunur.


15-11-2021, 08:22 | Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Rasim Əliyevin vəfatı ilə əlaqədar nekroloq imzalayıblar

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Rasim Əliyevin vəfatı ilə əlaqədar nekroloq imzalayıblar


Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Rasim Həsən oğlu Əliyevin vəfatı ilə əlaqədar nekroloq imzalayıblar.

Nekroloqun mətnində deyilir:

"Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Müasir Azərbaycan memarlıq məktəbinin tanınmış nümayəndəsi, Dövlət mükafatı laureatı, Əməkdar memar Rasim Həsən oğlu Əliyev 2021-ci il noyabrın 13-də ömrünün 88-ci ilində vəfat etmişdir.

Rasim Əliyev 1934-cü il iyul ayının 16-da Gəncə şəhərində anadan olmuşdur. O, 1958-ci ildə Azərbaycan Politexnik İnstitutunu memarlıq ixtisası üzrə bitirmişdir.

Rasim Əliyev ali təhsilini başa vurduqdan sonra, 1958-1965-ci illərdə "Azərdövlətlayihə" İnstitutunda işləmişdir. O, 1965-1974-cü illərdə Bakı şəhərinin baş memarının birinci müavini və 1974-1988-ci illərdə baş memarı vəzifələrində çalışmış, eyni zamanda, 1980-1988-ci illərdə Azərbaycan Memarlar İttifaqının katibi olmuşdur.

Rasim Əliyev həyatını quruculuq işlərinə sərf edərək Azərbaycanda şəhərsalma, tikinti və memarlıq sahəsinin inkişafına layiqli töhfələr vermişdir. O, Bakının, eləcə də respublikanın digər şəhərlərinin planlaşdırılması və tikintisinə dair çox sayda layihənin müəllifi olmuşdur. İçərişəhərin regenerasiya planı da bilavasitə onun başçılığı ilə hazırlanmışdır. Ölkə miqyasında bir sıra obyektlərin layihələndirilməsi işinə rəhbərlik edən Rasim Əliyev özünün yüksək peşəkarlığı, təşəbbüskarlığı və əməksevərliyi sayəsində həmin layihələrin uğurla həyata keçirilməsində təqdirəlayiq fəaliyyət göstərmişdir. Heydər Əliyev adına Bakı Beynəlxalq və Naxçıvan hava limanlarının, Bakı Metropoliteninin bir neçə stansiyasının, Bakı şəhərinin simasını müəyyənləşdirən bir çox binaların, yaşayış massivlərinin və əsas parkların, habelə paytaxtda və digər şəhərlərimizdəki mərkəzi meydanların və mədəniyyət saraylarının, həmçinin xatirə abidələrinin işlənib hazırlanmasında onun əvəzsiz xidmətləri vardır. Sənətkarın layihələndirdiyi bütün bu memarlıq nümunələri özünün maraqlı həcm-məkan kompozisiyası və monumentallığı ilə səciyyələnir. Rasim Əliyev zəngin irsi ilə memarların gənc nəslinin bədii-estetik zövqünün formalaşmasında və peşəkarlığının təşəkkülündə mühüm rol oynamışdır.

Rasim Əliyevin ölkəmizdə memarlığın inkişafında xidmətləri və şəhərsalma sahəsindəki uzunmüddətli səmərəli fəaliyyəti yüksək qiymətləndirilmişdir. O, 1979-cu ildə Əməkdar memar fəxri adını almış, 1982-ci ildə Dövlət mükafatına layiq görülmüş, 2000-ci ildə müstəqil Azərbaycan Respublikasının ali dövlət mükafatlarından olan "Şöhrət", 2009-cu ildə "Şərəf" və 2014-cü ildə "İstiqlal" ordenləri ilə təltif edilmişdir.

Tanınmış memar, səmimi insan Rasim Həsən oğlu Əliyevin əziz xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

Allah rəhmət eləsin!"

Nekroloqu, həmçinin Əli Əsədov, Sahibə Qafarova, Samir Nuriyev, Eldar Əzizov, Fərəh Əliyeva, Anar Kərimov, Anar Quliyev, Ömər Eldarov, Elbay Qasımzadə, Fərhad Xəlilov, Fazil Nəcəfov və Hafiz Əmirxanov imzalayıblar.

AZƏRTAC

11-11-2021, 10:17 | Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir.

AZƏRTAC təbrikləri təqdim edir:

Özbəkistandakı Azərbaycan Milli Mədəniyyət Mərkəzinin sədri Firdovsi Hüseynovdan:

- Möhtərəm cənab Prezident.

Sizi Özbəkistanda yaşayan azərbaycanlılar, bu ölkədə fəaliyyət göstərən Azərbaycan Milli Mədəniyyət Mərkəzi adından tarixi Zəfərin birinci ildönümü münasibətilə qürur hissi ilə təbrik edirik. Torpaqlarımızı 30 illik işğaldan azad etdiyinizə, Azərbaycan xalqına böyük Qələbə bəxş etdiyinizə görə Sizə dərin minnətdarlığımızı bildiririk.

Azərbaycan Respublikası yaşadıqları ölkələrdən asılı olmayaraq bütün azərbaycanlıların əbədi Vətəni olaraq qalacaq. Biz Sizin həyata keçirdiyiniz daxili və xarici siyasəti hər zaman dəstəkləyəcəyik.

Sizin rəhbərliyinizlə Azərbaycan dünyanın siyasi səhnəsində öz yerini möhkəmləndirdi, beynəlxalq miqyasda nüfuzunu daha da artırdı. Bununla yanaşı, Siz tarixi Qələbə ilə Azərbaycan xalqının özünə inamını qaytardınız, ona yenidən ruh verdiniz. Əminik ki, işğal dövründə dağıdılmış şəhərlər, kəndlər, qəsəbələr xalqın Sizə olan dəstəyi ilə yenidən qurulacaq və bərpa olunacaq. Artıq bu istiqamətdə görülən işlər göz qabağındadır.

Hörmətli cənab Prezident, Özbəkistanda yaşayan diaspor üzvləri həmişə olduğu kimi, Azərbaycan və Özbəkistan arasında əlaqələrin genişləndirilməsi üçün öz töhfələrini verirlər. Həmvətənliləriniz Sizin Özbəkistana gəlməyinizi səbirsizliklə gözləyirlər.

Möhtərəm Prezident, Sizi Zəfər Günü münasibətilə bir daha təbrik edirik. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, çətin, məsuliyyətli və şərəfli işinizdə uğurlar arzulayırıq.

XXX

"Qala" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Rəşid Məmmədovdan:

- Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.

Sizi və xalqımızı "Qala" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti və Yunanıstanın azərbaycanlı icması adından Zəfər bayramı münasibətilə təbrik edirik. İşğal altındakı torpaqlarımızın azad edilməsi üçün göstərdiyiniz iradə və qətiyyət sayəsində İkinci Qarabağ müharibəsində şanlı Qələbə qazandıq. Zəfər Günü bizim Qarabağımıza qovuşduğumuz tarixi bir gündür. Həmin gün Qarabağ münaqişəsinə ölkəmizin möhtəşəm Qələbəsi ilə nida qoyduğunuz gündür. Siz Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda ulu öndərimiz Heydər Əliyevin başlatdığı mübarizəni layiqli şəkildə davam etdirdiniz və uğurla sona çatdırdınız. Qarabağın düşmən tapdağından qurtulması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Sizin rəhbərliyinizlə rəşadətli Ordumuz 44 gün ərzində mümkünsüzü mümkün edərək bizə həddi-hüdudu olmayan sevinc hissi yaşatdı.

Möhtərəm cənab Prezident, Siz hərb və diplomatiya meydanında olduğu kimi, informasiya savaşında da zəfər qazandınız, düşmənə ağır zərbələr vurdunuz. Bu Qələbə ilə Siz haqqı, ədaləti bərpa etdiniz.

Hörmətli Prezident, Sizə, ən yaxın silahdaşınız olan Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dövlətimizin daha da inkişafı naminə yorulmaz fəaliyyətinizdə yeni-yeni uğurlar, doğma Azərbaycanımıza rifah və əmin-amanlıq arzulayırıq. Bütün sahələrdə qələbə Azərbaycanladır!

Yaşasın Azərbaycan xalqı!

Yaşasın Azərbaycan Ordusu!

Yaşasın Müzəffər Ali Baş Komandanımız!

XXX

İordaniyadakı Azərbaycan diasporunun rəhbəri və əlaqələndiricisi Zümrüd Dadaşovadan:

- Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.

Sizi və bütün xalqımızı İordaniyadakı Azərbaycan diasporunun üzvləri adından Zəfər bayramı münasibətilə ürəkdən təbrik edirik. 44 günlük müharibə dövründə biz Vətəndən uzaq olsaq da, bütün qəlbimizlə, dualarımızla əsgərlərimizin yanında idik. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə tezliklə şəfa versin.

Cənab Prezident, qazanılan böyük Qələbə Sizin Ali Baş Komandan kimi müdrik rəhbərliyinizin, Ordumuzun yüksək peşəkarlığının və xalqımızın birliyinin nəticəsidir. "Dəmir yumruq" gücünü göstərdi və torpaqlarımız düşmən tapdağından azad edildi, ölkəmizin ərazi bütövlüyü bərpa olundu. İşğaldan azad edilmiş ərazilərdə hazırda Sizin rəhbərliyinizlə həyata keçirilən bərpa, yenidənqurma işləri bizi çox sevindirir.

Möhtərəm Prezident, Sizə möhkəm cansağlığı, fəaliyyətinizdə uğurlar, Vətənimiz Azərbaycana sülh, əmin-amanlıq, tərəqqi arzulayırıq.

XXX

"Rus-Azərbaycan Evi" Regional İctimai Təşkilatının sədri Mayis Məmmədovdan:

- Hörmətli cənab Prezident.

"Rus-Azərbaycan Evi" Regional İctimai Təşkilatı adından Sizi və Sizin şəxsinizdə Azərbaycan xalqını ölkənin ərazi bütövlüyünün bərpasının təcəssümü olan milli bayram - Zəfər Günü münasibətilə təbrik edirəm. Bu əlamətdar tarix Azərbaycan Respublikasının şanlı salnaməsinə dövlətçiliyin və ölkənin suverenliyinin möhkəmlənməsi naminə birlik, əzmkarlıq, dönməz iradə rəmzi kimi həmişəlik yazılıb.

Hörmətli cənab Prezident, bütün Azərbaycan xalqının bu tarixi Qələbəsi, ilk növbədə, Sizin sayənizdə, öz xalqını həmişə düzgün yola yönəldən dünyamiqyaslı siyasətçinin sayəsində qazanılıb. Sizin adınız Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb.

Biz həmvətənlər, hansı ölkədə yaşamağımızdan asılı olmayaraq Sizi dəstəkləyirik, Sizə heyranıq, Azərbaycanın sabitliyi və firavanlığı naminə əlimizdən gələni edəcəyik.

Azərbaycan ilə Rusiya arasında böyük dostluq çox uzun müddətdir davam edir. Azərbaycan və Rusiya xalqları həmrəydir və mürəkkəb şəraitdə bir-birinə kömək etməyə hazırdır. Ümidvaram ki, illər keçdikcə Rusiya-Azərbaycan dostluğu inkişaf, firavanlıq və iki dövlət arasında əməkdaşlıq naminə daha da dərinləşəcək və möhkəmlənəcək.

Hörmətli cənab Prezident, Sizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə uğurlar, davamlı tərəqqi yolunda hər zamankı kimi inamlı irəliləyiş, Azərbaycan xalqına əmin-amanlıq və firavanlıq arzu edirəm.

XXX

Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri Xəlil Kələntərdən:

- Hörmətli cənab Prezident.

Yaponiyada yaşayan azərbaycanlılar adından böyük qürur və fəxarət hissi ilə Sizə 8 Noyabr - Zəfər Günü münasibətilə ən səmimi təbriklərimizi çatdırırıq.

Böyük sevinc hissi ilə vurğulayırıq ki, bu Qələbə nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinin işğalına son qoyuldu, uzun müddət işğal altında qalan torpaqlar qanuni sahiblərinə qaytarıldı. Qətiyyətlə bildiririk ki, doğma Azərbaycanımızın inkişafında və işğal nəticəsində böyük dağıntılara məruz qalmış ərazilərimizin bərpa edilməsində bu Qələbənin mühüm töhfələri olacaq.

Cənab Prezident, Azərbaycan-Yaponiya Dostluq Mərkəzi yapon və Azərbaycan xalqları arasında müxtəlif sahələrdə əlaqələrin möhkəmlənməsi və əməkdaşlığın inkişaf etdirilməsi üçün maksimum səylərini bundan sonra da davam etdirəcək.

Zati-aliləri, Sizin müdrik və qətiyyətli rəhbərliyinizlə doğma Azərbaycanımızın daim müstəqillik və əmin-amanlıq şəraitində yaşamasını arzu edirik.

Xahiş edirik, ən səmimi arzularımızı və salamlarımızı qəbul edin.

XXX

Xalq şairi Nəriman Həsənzadədən:

- Cənab Prezident!

Bu gün mənim şeirim, sözüm, hecam, qafiyəm İlhamdır!

Qarabağ Azərbaycandır!

Qarabağnaməm İlhamdır!

XXX

Misir parlamentinin sabiq birinci vitse-spikeri, Seyyidlər İttifaqının sədri Seyyid Mahmud Şərifdən:

- Zati-aliləri,

8 Noyabr - Zəfər Günü münasibətilə Sizə iftixar hissi ilə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram. Bu Qələbə ilə qardaş Azərbaycan beynəlxalq səviyyədə tanınmış torpaqlarını geri qaytarmışdır. Qazanılan Zəfər həm Azərbaycanın, həm də bütövlükdə regionun inkişafına və çiçəklənməsinə töhfə verəcək.

Mən Azərbaycana bir neçə dəfə səfər etmişəm. Ölkənizdə müxtəlif sahələrdə şahidi olduğum inkişafdan çox məmnunam. Eyni zamanda, qardaş ölkədə dinc yanaşı yaşamanın və plüralizm dəyərlərinin bariz nümunəsini, həmçinin xalqlarımız arasında dərin məhəbbətin olduğunu görmüşəm.

Zati-aliləri, arzu edirəm ki, qardaş Azərbaycan Respublikası Sizin müdrik və uzaqgörən rəhbərliyinizlə daim əmin-amanlıq və tərəqqi içində yaşasın.

Bir daha Sizə səmimi salamlarımı və xoş arzularımı çatdırıram.

XXX

Rusiya Elmlər Akademiyasının və Rusiya Tibb Elmləri Akademiyasının akademiki Məmməd Əliyevdən:

- Möhtərəm cənab Prezident.

İcazə verin, Zəfər Günü münasibətilə Sizi və bütün Azərbaycan xalqını təbrik edim.

Bu Zəfər yaşından, cinsindən, təhsilindən, karyera mövqeyindən, yaşadığı yerdən, dini etiqadından asılı olmayaraq hər bir azərbaycanlını, yəni bütün Azərbaycan xalqını sevindirir, ruhlandırır.

Hiyləgər və məkrli düşmən üzərində çoxdan gözlənilən bu Qələbə təhqir edilmiş şərəfin bərpası və ali ədalətin təntənəsi, Vətən torpaqlarının azad edilməsi naminə qazanılıb.

Bu Qələbə asanlıqla qazanılmayıb - biz Birinci və İkinci Qarabağ müharibələrində şəhidlər vermişik, onların xatirəsini unutmayacağıq, onların qəhrəmanlıqları daim tərənnüm ediləcək. Mən onların məzarları qarşısında, analarının, atalarının, həyat yoldaşlarının və uşaqlarının qarşısında bu ağsaçlı başımı əyirəm!

Rəşadətli Ordumuz cəsarət, hərbi məharət və igidlik möcüzələri göstərdi. Ordumuza eşq olsun!

Bizim böyük Zəfərimizdə Sizin ən mühüm rolunuzu qeyd etməyə bilmərəm.

Dövlət rəhbərlərinin qiymətləndirilməsi üçün bəşəriyyətin çoxəsrlik tarixində formalaşmış meyarlar var - dövlətin suverenliyini və onun sərhədlərinin təhlükəsizliyini qorumaq bacarığı, millətin sağlamlığı, demoqrafik və ekoloji sabitlik, siyasi və iqtisadi müstəqillik, xalqın əxlaqi dəyərlərinin və indentikliyinin qorunub saxlanılması - Siz yuxarıda sadalananların hamısını tam təmin etməyə nail oldunuz.

Döyüş əməliyyatları dövründə Sizin strateji qərarlarınız sadəcə hərbi baxımdan müdrik və cəsarətli qərarlar deyil, həm də xüsusən diplomatik məkanda müstəsna dəqiq qərarlar olub.

Mən uzun müddətdir ki, xaricdə yaşayıram və öz tarixi Vətənimizi heç vaxt unutmuram. Yaşımın bu cağında mən mənəvi rahatlıq qazandım. Sizi Zəfər bayramı münasibətilə bir daha təbrik edirəm.

Yaşasın Azərbaycan!!!

XXX

Azərbaycanda fəaliyyət göstərən qazaxıstanlı sahibkarlardan:

- Hörmətli cənab Prezident.

Biz, Azərbaycanda işləyən qazax sahibkarlar Sizi və qardaş Azərbaycan xalqını 8 Noyabr - Zəfər Günü münasibətilə təbrik edirik.

Ölkənizdə olduğumuz müddətdə biz Sizin rəhbərliyinizlə tarixi ədalətin təntənəsini təmin etmiş və Azərbaycanın işğal altında olan torpaqlarını qaytarmış ordunuzun misilsiz igidliyinin, iradəsinin və qətiyyətinin şahidi olduq.

Qarabağın azad edilməsi təkcə Azərbaycanın nailiyyəti deyil, türk dünyasının bütün xalqları üçün qürur mənbəyidir.

Hörmətli cənab Prezident, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, tükənməz enerji, yorulmaq bilməyən fəaliyyətinizdə uğurlar, qardaş Azərbaycan xalqına isə əmin-amanlıq və firavanlıq arzu edirik.

Zəfər bayramınız mübarək!

Yaşasın Azərbaycan!

XXX

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevadan:

- Sizi 8 Noyabr - Zəfər Günü münasibətilə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu adından səmimi qəlbdən təbrik edirəm.

Bütün türk dünyasına qürur yaşadan Azərbaycanın şanlı Qələbəsi, eyni zamanda, tarixi ədalətin bərqərar olmasıdır. Sizin sarsılmaz iradəniz və müdrikliyiniz, Azərbaycan Ordusunun tükənməz əzmi və xalqın birliyi nəticəsində artıq doğma Qarabağımızda üçrəngli bayrağımız dalğalanır. Siz heç bir beynəlxalq maneəyə məhəl qoymayaraq bütün dünyaya bəyan etdiyiniz cəsarətli çıxışlarınız və dərin siyasi düşüncə ilə atdığınız diplomatik addımlar nəticəsində ata vəsiyyətini parlaq şəkildə yerinə yetirdiniz. Bu gün işğaldan azad edilmiş ərazilərdə qısa müddətdə heyrətamiz dərəcədə yenidənqurma və bərpa işlərinin aparılması, müxtəlif mədəniyyət tədbirlərinin keçirilməsi Azərbaycanın hərtərəfli inkişaf etmiş bir dövlətə çevrilməsinin sübutudur.

Sizin təşəbbüsünüzlə yaradılan, türkdilli xalqların zəngin irsinin təbliği və qorunması istiqamətində fəaliyyət göstərən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu müqəddəs Zəfər Günü ilə qürur duyur. Fondun bundan sonra da qurucu üzv dövlət kimi Azərbaycanın mədəni sahədə inkişafı və çoxəsrlik mədəni dəyərlərinin tanıdılması naminə daha artıq şövqlə fəaliyyət göstərmək əzmini yüksək diqqətinizə çatdırmaq istəyirəm.

Sizi bir daha möhtəşəm Zəfər Günü münasibətilə təbrik edir, ali dövləti vəzifənizdə böyük uğurlar, Azərbaycan xalqına daim firavanlıq arzu edirəm.

XXX

"Tekfen İnşaat" şirkətinin İdarə Heyətinin sədri Levent Kafkaslı Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Trend-in məlumatına görə, məktubda deyilir: "Möhtərəm Prezident, cənab Ali Baş Komandan.

Azərbaycanın tarixinə qızıl hərflərlə həkk olunmuş Zəfər Günü münasibətilə böyük sevinc, fəxarət və qürur hissi ilə Sizə "Tekfen İnşaat" şirkəti adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi, xoş arzularımı çatdırıram.

Sizin müdrik, uzaqgörən siyasətiniz, böyük zəhmətiniz, əzmkarlığınız və qətiyyətiniz sayəsində möhtəşəm Qələbə ilə başa çatan 44 günlük Vətən müharibəsi Azərbaycan Ordusunun gücünün, xalqın qəhrəmanlığının göstəricisidir. Azərbaycan torpaqlarının azad edilməsi uğrunda şəhid olanlara Allahdan rəhmət diləyirəm.

Bu tarixi gündə başda Müzəffər Ali Baş Komandan olmaqla dost və qardaş Azərbaycan xalqını bir daha ürəkdən təbrik edir, sülh, əmin-amanlıq, daim zəfərlər arzulayıram".

XXX

İordaniya Krallığında fəaliyyət göstərən Azərbaycan Universitetləri və İnstitutları Məzunlar Klubunun prezidenti Abu İnnab Ayham Rasmidən:

"Hörmətli cənab Prezident. Sizi və Sizin timsalınızda Azərbaycan xalqını İkinci Qarabağ müharibəsində qazanılan Zəfər münasibətilə təbrik edir, daim qələbə ruhunda yaşamağınızı arzulayıram.

Azərbaycan xalqının 30 il ərzində çəkdiyi iztirablar yaxın tarixi keçmişdə baş vermişdir və artıq tarixin yaddaşına həkk olunmuşdur. Xalqınız bu illər ərzində ruhən daha da gücləndi, döyüş əzmi, ordunuzun gücü daha da artdı.

Möhtərəm Prezident, Sizin liderliyiniz, hadisələrə siyasi baxışınız, təmkinliliyiniz və ən önəmlisi savaş ruhunuz Azərbaycan Ordusunun dünya səviyyəsində formalaşmasında böyük rol oynadı.

Sizin əmriniz, ordunuzun gücü ilə Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağ uğrunda 44 gün ərzində döyüşərək Qələbə qazanmağınız bütün dünyaya örnək oldu. Böyük çətinliklər hesabına haqq uğrunda apardığınız mübarizədə əldə etdiyiniz bu Qələbə əbədi olaraq sizinlə olsun!

Bütün dünya azərbaycanlıları üçün əlamətdar bayram olan Zəfər bayramınız münasibətilə Sizi təbrik edir, xalqın vətənpərvərlik ruhunun heç zaman sönməməsini arzulayıram".

XXX

Küveyt Elektron Media Birliyinin İdarə Heyətinin sədri Feysəl Xəlifə Əl-Səvvağdan:

"Zati-aliləri, 8 Noyabr - Zəfər Günü, dost Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış torpaqlarını geri qaytarması münasibətilə Sizə səmimi təbriklərimi və xeyir-dualarımı çatdırmaqdan fəxr və sevinc hissləri duyuram. Zati-alinizin müdrik rəhbərliyi, Azərbaycan Silahlı Qüvvələrinin rəşadəti ilə respublikanızda təhlükəsizliyin, sabitliyin, əmin-amanlığın qorunub saxlanılması istiqamətində fəaliyyətinizdə Sizə müvəffəqiyyətlər arzu edirəm".

XXX

"Ukrayna Azərbaycanlıları Alimlər Şurası" İctimai Təşkilatının sədri Arif Quliyevdən:

"Möhtərəm cənab Prezident, "Ukrayna Azərbaycanlıları Alimlər Şurası" İctimai Təşkilatının üzvləri olan soydaşlarımız adından Sizə tariximizə şərəfli gün kimi yazılmış 8 Noyabr - Zəfər Günü münasibətilə səmimi təbriklərimizi və xoş arzularımızı çatdırmaqdan böyük məmnunluq duyuruq. Siz ulu öndərimiz Heydər Əliyevin vəsiyyətini yerinə yetirərək böyük zəhmətinizlə torpaqlarımızı işğaldan azad etdiniz. Məhz Sizin rəhbərliyinizlə qəhrəman Azərbaycan xalqı, rəşadətli ordumuz onillər boyunca davam etmiş haqsızlığa, ədalətsizliyə, hüquqsuzluğa son qoydu, BMT-nin Təhlükəsizlik Şurasının dörd qətnaməsini öz gücü ilə icra edərək ikili standartları zərərsizləşdirdi.

Bu şanlı Zəfər birliyin, dönməzliyin və əyilməz iradənin rəmzi kimi Azərbaycanımızın, eləcə də bütün türk dünyasının tarixinə qızıl hərflərlə əbədi həkk olundu.

Azərbaycan xalqının düşüncə və fikir birliyinin yüksək səviyyəyə qalxmasına imkan verən, regionda faydalı əməkdaşlığa yeni üfüqlər açan möhtəşəm Zəfər münasibətilə Sizi bir daha səmimi qəlbdən təbrik edirik. Sizə ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar, doğma Azərbaycanımıza əmin-amanlıq, tərəqqi, firavanlıq arzulayırıq".

XXX

Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin icraçı direktoru Orxan Pirverdiyevdən:

"Hörmətli cənab Prezident, Sizi Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi və Gürcüstanda yaşayan azərbaycanlılar adından Zəfər Günü - Qarabağ torpaqlarının işğaldan azad edilməsinin ildönümü münasibətilə ürəkdən təbrik edirik.

Ümummilli lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, ərazi bütövlüyünün təmin olunması naminə yorulmaz fəaliyyətinin Sizin tərəfinizdən uğurla davam etdirilməsi nəticəsində ölkənin ərazi bütövlüyü bərpa edildi. 44 gün davam edən və şanlı Azərbaycan Ordusunun Qələbəsi ilə nəticələnən uğur təkcə Azərbaycan xalqının deyil, bütün türk dünyasının tarixi nailiyyətidir.

Bu böyük Qələbə Sizin uzaqgörənliyiniz, müdrik rəhbərliyiniz və dəqiq planlarınız, həmçinin cəsarətiniz, şücaətiniz və son məqsədə çatacağınıza qəti inamınız sayəsində əldə edildi. Bu Qələbə bir daha bütün dünyaya sübut etdi ki, Qarabağ tarixi və əzəli Azərbaycan torpağıdır. Bütün dünya Azərbaycan xalqının öz dəyərlərinə necə sahib çıxdığını gördü. Siz xalqa müraciətlərinizdə dəfələrlə düşmənə yumruq göstərmisiniz. Sizin "dəmir yumruğunuz" birliyimizin rəmzinə çevrildi.

Cənab Prezident, Müzəffər Ali Baş Komandan, Sizi və Azərbaycan xalqını bir daha bütün soydaşlarımız adından təbrik edirik. Sizə möhkəm cansağlığı, həyata keçirdiyiniz daxili və xarici siyasətdə uğurlar arzu edirik".

XXX

Fransanın "CIFAL" şirkətlər qrupunun prezidenti Jil Remidən:

"Cənab Prezident. Bir il bundan əvvəl Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Bu münasibətlə Sizə və Azərbaycan xalqına təbriklərimi çatdırıram.

Sizin rəhbərliyinizlə Azərbaycan beynəlxalq aləmdə danılmaz rolu olan müstəqil və güclü bir ölkəyə çevrilmişdir.

Artıq bir ildir ki, Siz geniş potensialı olan Qarabağ regionunun yenidən qurulması və inkişafı ilə bağlı çox böyük işlərə başlamısınız. Bu potensialın nə qədər böyük olduğunu bir neçə gün bundan əvvəl Bakıda olduğum müddətdə "Rebuild Karabakh" - "Qarabağın bərpa, yenidənqurma və inkişafı" sərgisini ziyarət etdiyim zaman gördüm.

Mən ölkələrimiz arasında münasibətlərin möhkəmlənməsinə töhfə vermək üçün fransız və azərbaycanlı tərəfdaşlarımızla işləməyə davam edəcəyəm.

Cənab Prezident, yaxın zamanda görüşmək şərəfinə nail olmaq ümidi ilə Sizə səmimi salamlarımı və dərin ehtiramımı çatdırıram".

XXX

Avropa Azərbaycanlıları Konqresinin prezidenti Sahil Qasımovdan:

"Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan. Bir il əvvəl Sizin komandanlığınızla rəşadətli Ordumuz əsl qəhrəmanlıq göstərdi, Ermənistanın ardıcıl təxribatlarının və yeni məkrli planlarının qarşısını almaq, işğal altındakı torpaqlarımızı azad etmək məqsədilə sentyabrın 27-dən etibarən başladığı Zəfər yürüşündə çox böyük uğurlar əldə etdi. Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri noyabrın 8-də 28 illik həsrətdən sonra işğaldan azad edildi. Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə düşəcək nadir əməliyyatlardan biridir. Sizin dediyiniz "Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar" ifadəsi artıq vətənpərvərlik harayına çevrildi. Bu böyük işi Sizin komandanlığınızla müzəffər Azərbaycan Ordusu uğurla yerinə yetirdi, şəhidlərimizin qanı yerdə qalmadı. Ölkəmizin ərazisinin ayrılmaz tərkib hissəsi olan, 30 ilə yaxın müddətdə düşmən tapdağı altında qalmış Qarabağımızın cəmi 44 gün ərzində azad edilməsi Avropa Azərbaycanlıları Konqresinin ətrafında sıx birləşən Azərbaycan diaspor təşkilatlarının böyük sevincinə səbəb oldu.

Cənab Ali Baş Komandan, Sizin adınız bu Qələbə tarixinin ən gözəl səhifəsində qızıl hərflərlə yazılıb. İşğal altındakı Vətən torpaqlarının azad edilməsi üçün göstərdiyiniz dəyanətə, əzmə, qətiyyətə görə Sizə minnətdarıq. Sizə uzun ömür, cansağlığı, yeni-yeni nailiyyətlər arzulayırıq. Biz, Avropada yaşayan azərbaycanlılar Vətən üçün qəti sözünü cəsarətlə deyən rəhbərimizin olması ilə fəxr edirik. Sizi dəstəkləyirik, Sizin yanınızdayıq və hər bir əmrinizə tabeyik".

9-11-2021, 10:04 | Birinci vitse-prezident Mehriban Əliyeva: Dövlət Bayrağı Günü münasibətilə hamını təbrik edirəm! - FOTO

Birinci vitse-prezident Mehriban Əliyeva: Dövlət Bayrağı Günü münasibətilə hamını təbrik edirəm! - FOTO


Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "Instagram" hesabında 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə paylaşım edib.

Paylaşımda deyilir:

"09.11.2021. Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə hamını təbrik edirəm!"


9-11-2021, 08:03 | Prezident İlham Əliyev Dövlət Bayrağı Günü münasibətilə paylaşım edib - FOTO

Prezident İlham Əliyev Dövlət Bayrağı Günü münasibətilə paylaşım edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev 9 Noyabr - Dövlət Bayrağı Günü ilə əlaqədar paylaşım edib.

Şuşa dağlarının və üçrəngli Dövlət bayrağımızın görüntüsünü əks etdirən foto Prezident İlham Əliyevin rəsmi feysbuk və tviter səhifələrində paylaşılıb.


8-11-2021, 10:16 | Birinci vitse-prezident Mehriban Əliyeva: Biz əl-ələ verib, çətin və şərəfli yolu birlikdə addımlayaraq Qələbə zirvəsinə ucalmışıq! - VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva: Biz əl-ələ verib, çətin və şərəfli yolu birlikdə addımlayaraq Qələbə zirvəsinə ucalmışıq! - VİDEO


Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstagram" hesabında 8 Noyabr - Zəfər Günü ilə bağlı paylaşım edib.

Trend-ə bildirir ki, paylaşımda deyilir:

"Əziz həmvətənlər!

Vətən müharibəsində əldə edilən şanlı Qələbənin birinci ildönümü münasibətilə hər birinizi səmimi-qəlbdən təbrik edirəm!

Sözlə ifadə edə bilmədiyim, daxilimizdə, qəlbimizdə yaşayan hissləri bizə bəxş edən Uca Tanrıya şükürlər olsun. Hər bir azərbaycanlı bu Qələbəni gözləyirdi, hər bir azərbaycanlı haqlı olaraq bu Qələbə ilə fəxr edir!

Müzəffər Ordumuza, qəhrəman əsgər və zabitlərimizə, mərd və qorxmaz, hər zaman sözünün sahibi olan Prezidentimizə "çox sağ olun" deyirəm!

Unudulmaz şəhidlərimizə Allah qəni-qəni rəhmət eləsin. Əyilməz iradəli, torpaq və ləyaqət uğrunda ölümə gedən övladlar böyütmüş ana və atalar qarşısında baş əyirəm.

Azərbaycan xalqı, Azərbaycan vətəndaşı, gözün aydın, başın daim uca olsun!

Biz əl-ələ verib, çətin və şərəfli yolu birlikdə addımlayaraq Qələbə zirvəsinə ucalmışıq! Qalib xalq kimi birliyimizi və müstəqil Azərbaycanımızı qorumaq bizim müqəddəs borcumuzdur! Uca Tanrı Azərbaycan xalqını və Azərbaycanı qorusun!

Dərin hörmət və sevgilərlə,

Sizin MEHRİBAN"

8-11-2021, 10:06 | Tarixi zəfərin simvolları: Müzəffər Ali Baş Komandan, yenilməz ordu, “Dəmir yumruğ”a çevrilmiş xalq

Tarixi zəfərin simvolları: Müzəffər Ali Baş Komandan, yenilməz ordu, “Dəmir yumruğ”a çevrilmiş xalq


Azərbaycan xalqı cəmi 44 gün davam edən hərbi əməliyyatlar zamanı qazandığı parlaq Zəfərlə torpaqlarımızın otuz illik işğalına son qoymuş, iki əsrə qədər davam edən Qarabağ münaqişəsinin həllinə nail olmuşdur. Azərbaycan Prezidenti cənab İlham Əliyev isə əsrlər boyu hissə-hissə itirilən torpaqlarımızı geri qaytarmağı bacararaq regionda yeni siyasi reallığın əsasını qoyan lider kimi adını ən müasir tariximizə yazmışdır.

Azərbaycan çoxəsrlik, eləcə də çağdaş hərb tariximizin ən əzəmətli hadisəsinin ildönümünü təntənə ilə qeyd edir. Azərbaycan xalqı bu gün də sözlə ifadə edilməsi mümkün olmayan misilsiz qələbənin sevincini, yüksək fəxarət duyğuları ilə, hədsiz fərəh, qürur hissləri ilə yaşayır. Şanlı və tarixi qələbəmiz Azərbaycan xalqında milli oyanışa, yeni bir dirçəlişə, birliyə səbəb oldu. Eyni zamanda hamı Prezidentimizin ətrafında dəmir yumruq kimi birləşərək sözün əsl mənasında böyük xalq olduğunu, ulu türk millətinin cəsur, qəhrəman bir boyu olduğunu bir daha sübut etdi.

Xalqımızın şərəf və ləyaqət tarixinə qızıl hərflərlə yazılmış Vətən müharibəsi və qazanılan möhtəşəm Zəfər gələcək nəsillər üçün də əbədi sevinc mənbəyi olacaqdır. Məhz keçən il Azərbaycan xalqının müzəffər Ali Baş Komandanının və rəşadətli ordumuzun qəhrəmanlığı ilə otuz ilə yaxın müddətdə Ermənistan ordusunun işğalı altında olan torpaqlarımız azad edilərək, dövrümüzün hünər, igidlik və şücaət salnaməsi yazıldı. Xalq öz liderinə ürəkdən inandı və Ali Baş Komandan İlham Əliyev Azərbaycan xalqının etimadını əməli fəaliyyəti və şanlı zəfəri ilə doğrultdu. Möhtərəm Prezidentimiz öz qətiyyəti, sarsılmaz iradəsi, cəsarəti, Azərbaycana edilən bütün təzyiqlərə məharətlə sinə gərməsi ilə mürəkkəb və çətin müharibə şəraitində hərbi meydanda, siyasi arenada, informasiya müharibəsində parlaq qələbələr qazanaraq Azərbaycan xalqına söz verdiyi kimi sona qədər getdi. Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi və Vətən torpağı uğrunda şəhid olanların qisasını aldı. Əminliklə deyə bilərik ki, İlham Əliyev öz adını milli tariximizin son 200 ildə ən şanlı və müzəffər sərkərdəsi kimi Azərbaycan xalqının yaddaşına qızıl hərflərlə əbədi həkk etdi.

Digər rayonlarımız kimi Şuşanın azad olunması müharibədə həlledici nöqtə idi və Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu. Məhz həmin gün Azərbaycan tarixinə Zəfər Günü kimi düşdü. Bütün bu qazanılan parlaq tarixi qələbələr şəhidlərimizin canı və igid qazilərimizin sağlamlığı bahasına başa gəldi. Böyük strateji əhəmiyyətə malik və Qafqazın incisi sayılan Şuşanın qüdrətli Ordumuz tərəfindən işğaldan azad edilməsi isə çox mühüm tarixi hadisəyə çevrildi.

Noyabrın 8-də Şuşanın, 9-da 70-dən artıq kəndin, 1 qəsəbənin, 8 strateji yüksəkliyin azad edilməsinin ardınca işğalçı Ermənistanın Prezident İlham Əliyevin şərtlərini qəbul etməkdən başqa yolu qalmadı. Noyabrın 10-da Ermənistanın ağ bayraq qaldırması, kapitulyasiya aktına imza atması ilə Azərbaycan Vətən müharibəsini Qələbə ilə başa vurdu. Ali Baş Komandan İlham Əliyev böyük siyasi iradə nümayiş etdirərək Azərbaycanın qəti və dəyişməz mövqeyini ortaya qoydu. Dövlətimizə qarşı yönələn bütün beynəlxalq təzyiqlərə sinə gərərək ölkəmizin ərazi bütövlüyü təmin edilənə qədər Ordumuzun döyüşləri davam etdirəcəyini qəti və əzmkar şəkildə bəyan etdi.

Prezident İlham Əliyevin 3 dekabr 2020-ci il tarixli sərəncam ilə Zəfər Günü təsis edildi. Zəfər günü ilə əlaqədar imzalanmış sərəncamda deyildiyi kimi: "Azərbaycan xalqının əzm və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər oldu. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı".

Şanlı Vətən müharibəsində, İkinci Qarabağ savaşında qazandığımız bu tarixi qələbədə əlbəttə ki, Azərbaycan Ordusunun, Silahlı Qüvvələrimizin bütün komandir heyətinin, əsgər və zabitlərinin, Azərbaycan hərbçilərinin misilsiz rolu vardır. Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Ordusu yüksək peşəkarlıq, məharət və fədakarlıq nümayiş etdirərək müasir hərb tariximizin ən şanlı qələbələrini qazandı və XXI əsrin yeni müharibə modelini bütün dünyaya təqdim etdi. Müqəddəs Azərbaycan torpağını Vətən edən bütün qəhrəmanlarımızın, şəhidlərimizin, qazilərimizin, ön və arxa cəbhədə fədakarlıqla bu işə töhfə verən Azərbaycan hərbçilərinin, onların valideynlərinin, ailə üzvlərinin, xüsusilə bütün şəhid analarının qarşısında baş əyirik. Bu qələbə sevincini bizə yaşatdıqlarına görə Ali Baş Komandanımıza və Azərbaycan əsgərinə, bu şanlı tarixi qanı, canı ilə yazan şəhidlərimizə borcluyuq. Azərbaycan şəhidlərinin hər birinin əziz xatirəsini daim yaşadacaq və uca tutacaqdır. Bu qədər qısa müddət ərzində yeni əsrin yeni hərb nümunəsini yaradan, mənfur düşmənin illərlə qurduğu, möhkəmləndirdiyi istehkamları, saysız-hesabsız hərbi texnikasını məhv edən və Qarabağı azad edən Azərbaycan Ordusunun müzəffər Ali Baş Komandanı İlham Əliyevin bu möhtəşəm hərbi qələbəsi hələ uzun illər hərbi ekspertlər, tarixçilər, siyasətçilər və s. tərəfindən araşdırılacaq, öyrəniləcək və zəfərlə nəticələnən uğurlu müharibə dastanına çevriləcəkdir.

İkinci Qarabağ müharibəsi müasir tariximizin Zəfər salnaməsidir. Bu qələbə Azərbaycanı qaliblər sırasına çıxardı və daha da güclü etdi. Qazanılmış Qələbə ölkəmiz üçün inkişaf, tərəqqi və təhlükəsizlik dövrü açdı.

Prezident cənab İlham Əliyev və Mehriban Əliyeva bu gün Qarabağı bərpa etmək, Azərbaycanı bütöv olaraq yenidən qurmaq kimi möhtəşəm fəaliyyətə başlayaraq, ümummilli lider Heydər Əliyevin ölkəmizin XXI əsrdə möhtəşəm yüksəlişinə dair mühüm ideyalarını həyata keçirirlər. Xalqımız bu müqəddəs və möhtəşəm quruculuğun uğurla başa çatacağını səbirsizliklə gözləyir.

Heç şübhə yoxdur ki, 30 il ərzində yalnız bir arzu və bir məqsədlə - işğal altında qalmış torpaqlarımızın azad olunması arzusu ilə yaşayan Azərbaycan xalqı gələcək illərdə də sarsılmaz birlik nümayiş etdirməklə torpaqlarımızın abadlaşdırılmasına, doğma Qarabağa yeni və xoşbəxt bir həyat gətirilməsinə nail olacaq. Qarabağ öz yeni həyatına qovuşacaq. Azərbaycan qısa müddətdə işğaldan azad olunmuş əraziləri dünyanın ən abad və gözəl məkanlarından birinə çevirəcəkdir. Bunun üçün Azərbaycana lazım olacaq hər şey - güclü siyasi lider, böyük iqtisadi potensial mövcuddur. Dövlətimiz tərəfindən işğaldan azad edilmiş ərazilərimizdə infrastruktur layihələri davamlı şəkildə icra olunur. Erməni vəhşiliyinin qurbanı olan şəhərlərimiz, qəsəbələrimiz və kəndlərimiz əvvəlki görkəmindən də gözəl görünüşə malik olacaqdır. Bu gün ata-baba yurdumuzda azan səsi eşidilir, şanlı üçrəngli bayrağımız dalğalanır.

2021-ci il oktyabrın 26-da ölkəmiz üçü

Mühüm tarixi hadisələrdən biri reallaşdı. Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Füzuli Beynəlxalq Hava Limanının açılışını etdilər. Bu hadisəni daha da əlamətdar edən Ərdoğanın səfərinin birbaşa Qarabağdan başlanması, Füzuli Beynəlxalq Hava Limanına eniş etməsidir. Azərbaycanın cəmi 8 ay müddətində müasir standartlara cavab verən beynəlxalq hava limanı inşa etməsi olduqca böyük nailiyyətdir. Ermənilərin 30 ilə yaxın müddətdə xaraba qoyduqları ərazilərimizdə Azərbaycanın belə qısa bir müddət ərzində xarüqələr yaratması - çoxşaxəli quruculuq işlərinə start verməsi beynəlxalq arenada təəccüb doğurub. Füzuli Beynəlxalq Hava Limanının inşası Zəngəzur dəhlizinin əhəmiyyətini artıran əsas addımlardan biridir. Səfər çərçivəsində Qarabağda Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur Dəhlizi) təməli qoyuldu. Bu isə onu deməyə əsas verir ki, yaxın bir zaman ərzində yeni bir açılış mərasimiylə bütün diqqətlər yenə Qarabağa yönələcək. Zəngilan rayonunda hər iki dövlət başçısı "Dost Aqropark"ın təməlini qoyaraq ərazidə ağac əkiblər. Bu, əslində Qarabağdan bütün dünyaya verilən dostluq, qardaşlıq, sülh, rifah mesajıdır.

İki qardaş dövlətin Azərbaycan-Türkiyə münasibətləri əbədi və sarsılmazdır. Vətən müharibəsinin ilk günündən yanımızda olan qardaş Türkiyə bərpa prosesində də buradadır və daim yanımızda olacaqdır.

Rəhman Məmmədov,
Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Şəki Rayon Komitəsinin sədri.

8-11-2021, 06:32 | Zəfər xronikası 8 noyabr 2020-ci il: Prezident İlham Əliyev xalqa müraciətində Şuşanın azad olunduğunu açıqlayıb - VİDEO - FOTO

Zəfər xronikası 8 noyabr 2020-ci il: Prezident İlham Əliyev xalqa müraciətində Şuşanın azad olunduğunu açıqlayıb - VİDEO - FOTO

Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanda və Şəhidlər xiyabanında olublar.

Dövlətimizin başçısı Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciət edib.

Əvvəlcə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin xatirəsinə ehtiramlarını bildirdilər.

Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin abidəsi önünə əklil qoydu.

Azərbaycanın Dövlət Himni səsləndirildi.

Dövlətimizin başçısı və xanımı görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsini də yad etdilər.

Görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarları üzərinə gül dəstələri düzüldü.

Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəhidlər xiyabanına gəldilər. Dövlətimizin başçısı və birinci xanım Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad etdilər, məzarları önünə gül dəstələri düzdülər.

Prezident İlham Əliyev "Əbədi məşəl" abidəsinin önünə əklil qoydu.

Azərbaycanın Dövlət Himni səsləndirildi.

Dövlətimizin başçısı Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciət etdi.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalqa müraciəti

-Əziz həmvətənlər, əziz bacılar və qardaşlar!

Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bütün şuşalıları ürəkdən təbrik edirəm.

İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür! Bu qələbəni biz döyüş meydanında qazandıq, danışıqlar masası arxasında yox. Mən dəfələrlə demişəm, bütün bəyanatlara rəğmən ki, bu münaqişənin - Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hərbi həll yolları da vardır və bu gün biz bunu döyüş meydanında sübut edirik. 30 ilə yaxın mənasız danışıqlar bizi heç bir nəticəyə yaxınlaşdırmadı. Əzəli tarixi torpaqlarımız 30 ilə yaxın işğal altında qaldı. Danışıqlar prosesində Ermənistan tərəfi, sadəcə olaraq, vaxt udmaq istəyirdi, sadəcə olaraq, status-kvonu möhkəmləndirmək, əbədi etmək istəyirdi. Bu illər ərzində dəfələrlə Azərbaycana müxtəlif güc mərkəzlərindən göndərilən siqnallar bizi vəziyyətlə barışmağa sövq edib. Ancaq biz qətiyyət, cəsarət, siyasi iradə göstərərək Azərbaycan xalqının maraqlarına cavab verməyən heç bir razılaşmaya getmədik. Mən dəfələrlə bütün beynəlxalq kürsülərdən bəyan etmişdim ki, torpaqlarımızın, ərazi bütövlüyümüzün bərpa edilməsi bizim əsas vəzifəmizdir və biz bu vəzifəni icra edirik. Danışıqlar heç bir nəticə vermədi. Sadəcə olaraq, bizim başımızı aldadırdılar, sadəcə olaraq, məsələni dondurmaq istəyi müşahidə olunurdu. Biz bu Qələbəni döyüş meydanında qazandıq, şəhidlər verərək bu Qələbəni qazandıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Həm birinci Qarabağ, həm ikinci Qarabağ - Vətən müharibəsi adlandırdığımız müharibədə şəhid olmuş bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm, onların yaxınlarına səbir diləyirəm. Yaralı soydaşlarımıza Allahdan şəfa diləyirəm. Biz xalqımızın, əsgərlərimizin, zabitlərimizin canı, qanı bahasına torpaqlarımızı işğalçılardan azad edirik. İşğalçıları torpaqlarımızdan qovuruq və qovacağıq!

Şuşa 28 il yarım işğal altında idi. Şuşanın Azərbaycan tarixində xüsusi yeri vardır. Bu, bizim qədim, tarixi şəhərimizdir. Əsrlərboyu azərbaycanlılar Şuşada yaşayıb, qurub, yaradıb. Şuşa nəinki Azərbaycanın, bütün Qafqazın incisidir. Ancaq mənfur düşmən Şuşanı işğal altında saxlamaqla bizim mədəni irsimizə böyük zərbə vurdu, bizim tarixi abidələrimizi dağıtdı, bizim məscidlərimizi dağıtdı, təhqir etdi. Biz indi Şuşaya qayıtmışıq. Bütün tarixi abidələrimizi bərpa edəcəyik, bütün məscidləri bərpa edəcəyik, 28 ildən sonra Şuşada yenə də azan səsi eşidiləcəkdir. Bir neçə il bundan əvvəl - 2016-cı ilin Aprel döyüşlərindən sonra işğaldan azad edilmiş Cocuq Mərcanlı qəsəbəsində mənim göstərişimlə tikilmiş məscidin açılışında bəyan etmişdim ki, bu məscid Şuşa məscidinin bənzəridir, ölçülərinə, memarlıq üslubuna görə eynidir. Demişdim ki, gün gələcək biz Şuşa şəhərində erməni vandalları tərəfindən dağıdılmış məscidlərimizi bərpa edəcəyik və bu gün gəlir. Bu gün Azərbaycan bayrağı Şuşada dalğalanır. Bu gün bütün Azərbaycan xalqı qürur hissi ilə bu xoş xəbəri qarşılayır.

Biz güc toplayırıq, məqsədyönlü şəkildə, yorulmadan, bütün təzyiqlərə baxmayaraq, güc toplayırıq və toplamışıq. İqtisadi güc. Əgər iqtisadi gücümüz olmasaydı, bu Qələbəni əldə etmək mümkün olmazdı. İlk növbədə, iqtisadi müstəqillik təmin edilməli idi və təmin edildi. Bu gün Azərbaycan iqtisadi cəhətdən heç kimdən asılı deyil, heç bir ölkədən asılı deyil, heç bir beynəlxalq maliyyə qurumundan asılı deyil. Müstəqilik və bu, bizə imkan verdi ki, ölkəmizi inkişaf etdirək, eyni zamanda, Ordumuzu gücləndirək. Biz Ordumuz üçün lazım olan bütün hərbi texnikanı, silahları xarici bazarlardan alırıq. Əgər bizim iqtisadi imkanlarımız olmasaydı, biz bunları necə əldə edə bilərdik? Biz ölkə daxilində uğurlu siyasət apararaq hesab edirəm ki, ölkəmizdə dünya üçün çox nadir inkişaf modelini yaratdıq. Daxildəki həmrəylik, milli birlik, vahid amal uğrunda birləşməyimiz bizə əlavə güc verdi, imkan vermədi ki, bəzi mənfur xarici dairələr öz çirkin planlarını Azərbaycanda həyata keçirsinlər. Halbuki belə planlar var idi, belə cəhdlər var idi. Biz siyasi iradə göstərərək, birlik göstərərək bu cəhdləri dəf etdik, xalq olaraq, millət olaraq öz qürurumuzu müdafiə etdik, öz müstəqil seçimimizi müdafiə etdik və sübut etdik ki, heç kim bizim işimizə qarışmasın və qarışa bilməz. Əgər bu birlik olmasaydı, milli həmrəylik olmasaydı, biz heç vaxt torpaqlarımızı işğalçılardan azad edə bilməzdik. Bu illər ərzində bizə qarşı aparılan qara piar kampaniyası, qarayaxma, şər-böhtan kampaniyasının da əsas məqsədi o idi ki, bizi əsas vəzifəmizdən uzaqlaşdırsınlar, biz uzaqlaşaq, daxili problemlər içində boğulaq və işğal edilmiş torpaqlar işğalçıların əlində əbədi qalsın. Güclü siyasi iradə, xalq-iqtidar birliyi bu planları da alt-üst etdi.

Qələbəmizin üçüncü əsas amili beynəlxalq səviyyədəki uğurlarımızdır. Biz bütün dünyaya sübut etdik ki, Qarabağ əzəli Azərbaycan torpağıdır. Sübut etdik ki, əsrlərboyu Azərbaycan xalqı bu torpaqlarda yaşayıb. Sübut etdik ki, erməni əhalisi bu torpaqlara 200 il bundan əvvəl köçürülübdür, necə köçürülübdür, hansı məqsədlərlə köçürülübdür, hamısını biz dünya ictimaiyyətinə təqdim etdik, sübutlarla, faktlarla. Biz sübut etdik ki, Dağlıq Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır və bu məsələ beynəlxalq hüququn norma və prinsipləri əsasında öz həllini tapmalıdır. Dünyanın bütün aparıcı təşkilatları, bütün beynəlxalq təşkilatlar Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli qətnamələr, qərarlar qəbul edibdir. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, BMT Baş Assambleyasının qətnamələri, Qoşulmama Hərəkatının qətnamələri, İslam Əməkdaşlıq Təşkilatının qətnamələri, Avropa Parlamentinin qətnamələri və digər beynəlxalq təşkilatların qərar və qətnamələri birmənalı şəkildə Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıdı. Bu, bizə əlavə güc verdi. Əgər biz bunu etməsəydik, bu gün münaqişənin ətrafında cərəyan edən proseslər bizə böyük problemlər yarada bilərdi. Biz bu illər ərzində bir çox ölkələrlə səmimi, işgüzar, qarşılıqlı hörmət əsasında münasibətlər qura bildik, bir çox ölkələr Azərbaycanı strateji tərəfdaş hesab edir və artıq bu ifadə beynəlxalq sənədlərdə öz əksini tapır. Biz bütün qonşu ölkələrlə səmimi dostluq əsasında münasibətlər qura bildik, qarşılıqlı hörmət, qarşılıqlı inam əsasında. Əgər biz bunu etməsəydik, bu gün münaqişə ətrafında tam başqa proseslər gedə bilərdi.

Şuşa işğal altına düşəndə bizim əsas problemlərimiz həm o idi ki, ordumuz yox idi, rəhbərlik öz vəzifə borcunu yerinə yetirə bilmirdi. Beynəlxalq müstəvidə Azərbaycan demək olar ki, bütün ölkələrlə münasibətləri gərginləşdirmişdi. Biz demək olar ki, təcrid edilmiş vəziyyətdə idik. Ancaq bu gün biz Ermənistanı təcrid edilmiş vəziyyətə saldıq. Bizim transmilli layihələrimiz regionda tamamilə yeni mənzərə yaratdı. Biz regionun enerji xəritəsini, nəqliyyat xəritəsini yenidən tərtib etdik. Bizim təşəbbüsümüzlə reallaşan layihələr təkcə bizim xalqımızın maraqlarını təmin etmir, bir çox ölkələrin maraqlarını təmin edir, o cümlədən region ölkələrinin. Qonşu ölkələrlə bizim həm ikitərəfli, həm üçtərəfli əməkdaşlıq formatlarımız vardır. Bütün bunlar Azərbaycanın beynəlxalq nüfuzunu böyük dərəcədə gücləndirdi. Əgər bu nailiyyətlər olmasaydı, problem dondurulmuş vəziyyətdə qala bilərdi.

Nəhayət və ilk növbədə, ordu quruculuğu. Bu 17 il ərzində mənim işimin əsas hissəsi ordu quruculuğuna həsr edilmişdir ki, biz ordumuzu necə gücləndirək, ordumuzu ən müasir silahlarla təchiz edək. O da asan məsələ deyildi. O silahları almaq üçün təkcə maddi vəsait kifayət etmir. Eyni zamanda, diplomatik, siyasi səylər göstərilməlidir və biz buna da nail olduq. Bu gün Azərbaycan öz hərbi təchizatını bir çox ölkələrdən təmin edir. Eyni zamanda, mənim təşəbbüsümlə Azərbaycanda müdafiə sənayesi yaradıldı. Biz ordumuzun tələbatını böyük dərəcədə daxili istehsal hesabına təmin edirik. Azərbaycanda 1000-dən çox adda hərbi təyinatlı məhsul istehsal edilir, o cümlədən ən müasir məhsullar. Budur bizim fəaliyyətimiz. Ordu quruculuğu, hərbçilərin maddi-məişət problemlərinin həlli, təqaüdə çıxmış hərbçilərin məişət problemlərinin dövlət tərəfindən həll olunması, onlara mənzillərin verilməsi, hərbçilərimizin iş şəraitinin yaxşılaşdırılması. Biz demək olar ki, bütün hərbi şəhərciklərimizi, hərbi bazalarımızı yenidən qurduq və onlar ən yüksək standartlara cavab verir. Əlbəttə, ilk növbədə, döyüş qabiliyyəti. Döyüş qabiliyyəti artdı. Azadlıq meydanında dəfələrlə keçirilmiş hərbi paradlar bütün dünyaya bizim gücümüzü göstərdi.

Döyüş qabiliyyətinin artırılması ordu quruculuğu sahəsində əsas amildir. Biz müasir silahlardan istifadə edirik, texnikadan istifadə edirik, düşmənin texnikasını məhv edirik. Torpaqlarımızı ancaq Azərbaycan əsgəri azad edir, Azərbaycan zabiti azad edir, sinəsini qabağa verərək, heç nədən qorxmayaraq, əlində bayraq, əlində silah düşməni qovan da əsgərdir, düşməni məhv edən də əsgərdir. Eşq olsun bizim əsgərlərimizə!

Bax, belə ordu yaratmışıq biz! Deyirdik işğalçılara, deyirdik, düz yola gəlin, işğala son qoyun, hələ ki, gec deyil. Ona görə bizim bütün dövrlərdəki siyasətimiz birmənalı olub. Demişik ki, əgər məsələ sülh yolu ilə öz həllini tapmasa, hərbi yolla məsələni həll edəcəyik. Mən bunu dəfələrlə demişəm. Buna görə də tənqid olunmuşam bəzi ölkələr tərəfindən. Mən demişəm ki, bəs bizim torpaqlarımız məgər hərbi yolla zəbt edilməyibmi? Ermənistan bizim torpaqlarımızı sülh yolu iləmi zəbt edib? Hər bir ölkənin özünümüdafiə hüququ var. Bu hüququ bizə BMT Nizamnaməsi verir. Mən demişdim, əgər görsəm ki, danışıqlar artıq tamamilə səmərəsizdir, bizim başqa yolumuz qalmayacaq. Bunu hamı bilsin - düşmən, onun havadarları və bu məsələ ilə məşğul olan vasitəçilər. Həmişə sözümün üstündə durmuşam. Azərbaycan xalqına nə demişəmsə, onu da etmişəm. Bu məsələdə də sözümün üstündə durdum və artıq biz Qələbəni qeyd edirik.

Sentyabrın 27-dən bu günə qədər 200-dən çox şəhər, kənd, qəsəbə işğaldan azad edildi. O cümlədən Füzuli şəhəri, tamamilə darmadağın edilmiş, bir dənə də salamat bina qoymayıb mənfur düşmən. Cəbrayıl tamamilə dağıdılmış. Qubadlı, Zəngilan tamamilə dağıdılmış. Kəndlər, şəhərlər. Hadrut qəsəbəsi, Suqovuşan qəsəbəsi və bu gün Şuşa şəhəri.

Bizim zəfər yürüşümüz davam edir. Hələ də işğal altında torpaqlar var, hələ də döyüşlər gedir. Əgər Ermənistan rəhbərliyi mənim tələblərimə cavab verməsə, sona qədər gedəcəyik. Heç kim bizi dayandıra bilməz. Dünyada elə qüvvə yoxdur ki, bizi dayandıra bilsin. Ermənistan artıq öz acı məğlubiyyətini etiraf edib, özünü alçalda-alçalda, xalqını təhqir edə-edə. Ermənistan rəhbərliyi indi dünya ölkələrindən yardım istəyir, hərbi yardım istəyir, silah, texnika istəyir. Bəs, hanı sənin yenilməz ordun? Məhv etmişik onu. Onların bütün sözləri, onların bütün bəyanatları mif idi, yalan idi. Yenilməz ordu Azərbaycan Ordusudur! Bunu döyüş meydanında göstərir, düşməni torpaqlardan təkbaşına qovur. Otuz il ərzində milyardlarla dollar xərclənib oraya, istehkamlar qurulub, mühəndislik qurğuları inşa edilib. Amma hamısını vurub dağıtmışıq - mənəvi ruh, güc hesabına, birlik hesabına!

Bir daha demək istəyirəm ki, bizim zəfər yürüşümüz davam edir. İşğal edilmiş bütün torpaqlardan düşmən qüvvələri çıxarılmalıdır. Bu, bizim tələbimizdir. Beynəlxalq norma və prinsiplər, beynəlxalq təşkilatların qərar, qətnamələri bunu tələb edir.

Əziz bacılar və qardaşlar, bu gün bu müjdəni mən burada - Şəhidlər xiyabanında doğma xalqıma verirəm. Bu, təsadüfi deyil. Bu, təbiidir. Bu gün şəhidlərimizin ruhu qarşısında bir daha baş əyirəm. Bu gün bəyan edirəm ki, şəhidlərimizin qanı yerdə qalmır. Erməni vəhşiliyinin qurbanlarının, Xocalı qurbanlarının qanı yerdə qalmır. İntiqamımızı döyüş meydanında aldıq. Biz mülki vətəndaşlara qarşı heç vaxt müharibə aparmamışıq, bu dəfə də aparmamışıq. Baxmayaraq ki, mənfur düşmən 93 mülki şəxsi namərd atəşlə öldürüb, 400-dən çox mülki şəxs yaralanıb. Amma mən dedim yox, biz azərbaycanlıyıq! Biz intiqamımızı döyüş meydanında alacağıq və alırıq! Onların ordusunu məhv etmişik, texnikasını məhv etmişik, məhv edirik və edəcəyik. Düşməni qovuruq və qovacağıq!

Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!

Mən bu günlərdə dünya azərbaycanlılarından və Azərbaycanda yaşayan insanlardan minlərlə məktub alıram. Hər gün minlərlə məktub. Sadəcə olaraq, heyfsilənirəm ki, bütün bu məktubları oxuya bilmirəm. Sadəcə olaraq, vaxt çatmır. Nə qədər gözəl sözlər, nə qədər böyük dəstək göstərilir. Bu gün biz bir daha bütün dünyaya sübut edirik ki, biz böyük xalqıq, biz məğrur xalqıq! Biz yenilməz xalqıq! Biz döyüş meydanında düşmənə yerini göstəririk!

Bu günlərdə dəfələrlə Azərbaycan xalqına müraciət edərək düşmənə yumruq göstərmişdim, yumruq göstərmişdim. Demişdim ki, bu yumruq elə belə yumruq deyil. Bu, dəmir yumruqdur. Bu dəmir yumruqla düşmənin başını əzirik və əzəcəyik! Eyni zamanda, bu yumruq birliyimizin rəmzidir. Bax, bu gün Azərbaycan xalqı bu yumruq kimi birləşib! Həmişə belə olacaq! Bu birlik əbədi olacaq! Bu birlik bizə gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq. Mən bütün bu illər ərzində - 17 il ərzində Azərbaycan xalqının dəstəyini hiss etmişəm, görmüşəm, inamını, mənə olan xoş münasibəti görmüşəm. Bu, mənə güc verir. Bu, mənim siyasətim üçün əvəzolunmaz dəstəkdir. Həmişə Azərbaycan xalqını əmin edirdim ki, mən Vətənə, doğma xalqıma ləyaqətlə, sədaqətlə xidmət edəcəyəm. Şadam ki, sözümün üstündə durmuşam. Həmişə olduğu kimi, sözümə sadiq olmuşam.

Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə də ən xoşbəxt günlərimdən biridir.

Əziz Şuşa, sən azadsan!

Əziz Şuşa, biz qayıtmışıq!

Əziz Şuşa, biz səni dirçəldəcəyik!

Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

































7-11-2021, 21:26 | Birinci vitse-prezident Mehriban Əliyeva Prezident İlham Əliyevlə Şuşaya səfərdən görüntülər paylaşıb - VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva Prezident İlham Əliyevlə Şuşaya səfərdən görüntülər paylaşıb - VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva noyabrın 7-də Şuşa şəhərinə səfərə gəliblər.

Paylaşımda deyilir:

"Yolumuz Şuşayadır! Ey, doğma Vətən!"

Milli.Az

7-11-2021, 20:55 | Prezident İlham Əliyev Şuşa Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə bağlı sərəncam imzalayıb

Prezident İlham Əliyev Şuşa Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə bağlı sərəncam imzalayıb

Prezident İlham Əliyev Şuşa Rayon Mərkəzi Xəstəxanasının layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

AZƏRTAC bildirir ki, sərəncamda deyilir:

Şuşa rayonunda 90 çarpayılıq mərkəzi xəstəxananın layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ilkin olaraq 500,0 (beş yüz) min manat ayrılsın.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.


������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.