15-12-2021, 07:13 | Prezident İlham Əliyev Brüsseldə Şimali Atlantika Şurasının iclasında iştirak edib

Dekabrın 14-də Belçika Krallığının paytaxtı Brüsseldə NATO-nun Şimali Atlantika Şurasının iclası keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib.
Xəbər yenilənəcək
29-11-2021, 08:06 | Azərbaycan həqiqətən müzəffər olub - Türkmənistan Prezidenti

Azərbaycan ölkənin suverenliyinin və ərazi bütövlüyünün bərpasında həqiqətən müzəffər olub.
AZƏRTAC-a istinadən bildirir ki, bunu Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov noyabrın 28-də Aşqabadda Prezident İlham Əliyevlə görüşü zamanı deyib.
Türkmənistan dövlət başçısı bildirib:
"Hörmətli İlham Heydər oğlu, qardaş Türkmənistanda Sizi salamlamağa və təşəkkürümüzü bildirməyə şadıq ki, bizə hörmət edib dəvətimizi qəbul etmisiniz. İqtisadi Əməkdaşlıq Təşkilatının XV Sammitində birgə iştirak edəcəyik. Bəri başdan əlamətdar, yaxşı tarixləri qeyd etmək istəyirəm. Əvvələn, noyabrın 28-si bizim Təşkilatın günüdür. İkincisi, demək istərdim ki, bizim sədrliyimiz dövründə bu Təşkilatın nüfuzunu artıran Qətnamə qəbul edilib. Buna görə düşünürəm ki, xüsusən pandemiya dövründə əsasən iqtisadi məsələlərimizi bir daha müzakirə etmək üçün yaxşı imkanımız olacaq. Mən kooperasiya, inteqrasiya məsələlərini nəzərdə tuturam.
Sonra, səmimi desəm, bu gün mənim üçün çox heyrətləndirici bir xəbər aldım. Adətən biz nadir hallarda heyrətlənirik, lakin bu xəbər təəccüblü oldu. Bu gün mənə Xarici İşlər Nazirləri Şurasının qətnamə təqdim etdilər. Bu sənəd Aşqabadda konsensus yolu ilə qəbul edilib. Bilirsinizmi, orada yaxşı bəndlər, cümlələr var ki, Azərbaycan həqiqətən inandırıcı qələbə qazanıb. Ola bilsin, mən bir qədər qeyri-dəqiq şəkildə təkrar edirəm və ya fikrimi düzgün ifadə etmirəm, lakin məna budur ki, Azərbaycan ölkənin suverenliyinin və ərazi bütövlüyünün bərpasında həqiqətən müzəffər olub. Mən sadəcə demək istəyirəm ki, bu qətnamənin konsensus yolu ilə qəbul edilməsi bizim münasibətlərimizdə parlaq səhifədir. Bu münasibətlə Sizi ürəkdən təbrik edirəm.
Bizim gündəlikdə bir neçə məsələ var. Birinci - növbəti sammitin gündəliyinin təsdiq edilməsi, ikincisi - baş katibin seçilməsi, üçüncüsü - növbəti sammiti kim keçirəcək və Aşqabad sammitinin yekun kommunikesinin qəbul edilməsi. Mən Sizi Qələbə münasibətilə, bu tarixi hadisə münasibətilə əvvəlcədən təbrik edirəm. Həmişəki kimi, Aşqabada xoş gəlmisiniz".
29-11-2021, 08:04 | Prezident İlham Əliyev Pakistan Prezidenti Arif Alvi ilə görüşüb - VİDEO - FOTO

Noyabrın 28-də Aşqabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının Prezidenti Arif Alvi ilə görüşü olub.
AZƏRTAC-a istinadən bildirir ki, görüşdə iki ölkə arasındakı əlaqələrdən məmnunluq ifadə olundu. Artıq keçmişdə qalmış Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə əlaqədar Pakistanın tutduğu qəti və prinsipial mövqeyi xüsusi qeyd edildi.
Söhbət zamanı ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı, xüsusilə burada hökumətlərarası komissiyanın rolu vurğulandı. Yaxın zamanlarda komissiyanın növbəti iclasının keçiriləcəyi bildirildi.
Həmçinin son dövrlərdə iki ölkə arasında həyata keçirilən yüksəksəviyyəli səfərlərin əhəmiyyəti qeyd olundu. Eyni zamanda, ölkələrimiz arasında beynəlxalq təşkilatlar çərçivəsində birgə əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldı. Dünyada artan islamofobiya meyilləri ilə bağlı narahatlıq ifadə edildi.
Görüşdə ölkələrimiz arasında insanlararası təmasların artırılmasının və turizm, biznes dairələri, mədəniyyət, elm və digər sahələrdə əməkdaşlığın daha da möhkəmləndirilməsinin vacibliyi qeyd edildi.
Pakistan Prezidenti tərəfindən bu ölkədə həyata keçirilən layihələrə görə Heydər Əliyev Fonduna bir daha təşəkkür ifadə olundu.
29-11-2021, 08:02 | İlham Əliyev: "İƏT-ə üzv ölkələrin Azərbaycanı təbrik etməsi tarixi hadisədir"

İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin Azərbaycanı ərazi bütövlüyünün bərpa edilməsi münasibətilə təbrik etməsi Azərbaycan xalqı üçün tarixi hadisədir".
AZƏRTAC-a istinadən bildirir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Aşqabadda Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov ilə görüşündə deyib.
Dövlət başçısı bildirib:
"Sizə, İqtisadi Əməkdaşlıq Təşkilatında sədrlik edən ölkə kimi bu qətnamənin qəbul edilməsində fəal rol oynadığınıza görə təşəkkürümü bildirmək istərdim. Biz bunu çox yüksək qiymətləndiririk. Həmin qətnamədə qeyd edilib ki, üzv ölkələr Azərbaycanı ərazi bütövlüyünün bərpa edilməsi münasibətilə təbrik edirlər. Bilirsiniz, bu, Azərbaycan xalqı üçün tarixi hadisədir və əlbəttə, bütün Azərbaycan xalqı bu qətnamədə sədr ölkənin və bütün digər üzvlərin qardaşcasına münasibətini görəcək. Ona görə də bu, həqiqətən çox mühüm hadisədir. Çox sevindirici haldır ki, bu tədbir azərbaycanlılar üçün qardaş Türkmənistan torpağında keçirilir. Əlbəttə, bu gün biz ikitərəfli gündəlik barədə də söhbət edəcəyik, burada da yaxşı nəticələrimiz var və bundan sonra da qardaşlar kimi çiyin-çiyinə irəliləyəcəyik".
29-11-2021, 07:39 | Aşqabadda İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısının iştirakçılarının şərəfinə rəsmi nahar verilib

Noyabrın 28-də Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun adından İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısında iştirak edən dövlət, hökumət və nümayəndə heyətləri başçılarının şərəfinə rəsmi nahar verilib.
AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev naharda iştirak edib.
27-11-2021, 07:17 | Vladimir Putin, Prezident İlham Əliyev və Nikol Paşinyan mətbuata bəyanatla çıxış ediblər - VİDEO - FOTO

Noyabrın 26-da Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüşdən sonra Rusiya Prezidenti, Azərbaycan Prezidenti və Ermənistanın baş naziri mətbuata bəyanatla çıxış ediblər.
Rusiya Prezidenti Vladimir Putinin bəyanatı
-Bizim üçtərəfli görüşün yekununda mən öz həmkarlarım - Azərbaycan Prezidentinə və Ermənistanın baş nazirinə bir daha təşəkkür etmək istərdim ki, onlar Rusiyaya gəlməyə və Qarabağ problemi ətrafında və bütövlükdə, hazırda regionda nizamlama məsələlərində yaranan vəziyyəti müzakirə etməyə razılaşıblar. Əvvəlcədən deməliyəm ki, bu gün biz çox konstruktiv şəkildə işləmişik. Bu gün üçün yaranmış vəziyyət dərindən təhlil edilib. Biz Rusiya sülhməramlılarının, sərhədçilərin, ərazilərin minalardan təmizlənməsi ilə məşğul olan, insanların daimi yaşayış yerlərinə qayıtmalarını təmin edən mütəxəssislərin işini yüksək qiymətləndirdik.
Onu da qeyd etmək istərdim ki, mənim fikrimcə biz mühüm olan bir sıra məsələlər barədə razılığa gəldik. Onlardan birincisi bu ilin sonuna qədər mexanizmlər yaradılmasıdır. Biz iki dövlət arasında sərhədin demarkasiyası və delimitasiyası mexanizmlərini yaratmaq barədə razılığa gəldik. Ümidvaram ki, bu, tezliklə baş verəcək. Bu mexanizmlərin yaradılması üçün heç bir maneə yoxdur.
Diqqəti cəlb etmək istədiyim ikinci məsələ humanitar xarakterli məsələlərlə bağlı çox mühüm, həssas məqamdır. Biz burada da nəzərəçarpacaq dərəcədə irəlilədik.
Nəhayət, üçüncü məsələ ondan ibarətdir ki, biz iqtisadi xarakterli məsələlər, iqtisadi əlaqələrin inkişafı barədə çox ətraflı söhbət etdik, birinci addım kimi nəqliyyat dəhlizlərinin açılması barədə danışdıq, bu, həm dəmir yoluna, həm də avtomobil yollarına aiddir. Düşünürəm ki, biz artıq xeyli müddət ərzində bu məsələ üzərində işləyən baş nazirlərimizin müavinlərinə təşəkkür etməliyik. Gələn həftə, - bu, bizim növbəti razılaşmadır, - onlar müəyyən yekunlar vurmaq və bu gün razılaşdırdığımız və qəbul etdiyimiz qərarları elan etmək üçün Moskvada toplaşacaqlar. Bugünkü işə görə bir daha çox sağ olun. Həm Azərbaycan Prezidentinə, həm də Ermənistanın baş nazirinə təşəkkürlərimi bildirmək istəyirəm.
Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı
-Çox sağ olun, hörmətli Vladimir Vladimiroviç. İlk növbədə, icazə verin, bugünkü görüşə görə, həmçinin Azərbaycan ilə Ermənistan arasında mövcud məsələlərin həlli işində əlverişli şərait yaradılması üçün səylərinizə görə Sizə bir daha təşəkkürümü bildirim. İki ölkə arasında müharibəyə son qoymuş məlum Üçtərəfli Bəyanatın qəbul edilməsindən bir il keçib və biz bu ili bütövlükdə, müsbət səciyyələndirə bilərik.
Vladimir Vladimiroviç, fürsətdən istifadə edib Sizə, habelə Rusiya Federasiyasının Müdafiə Nazirliyinə Qarabağda sülhməramlı fəaliyyətə görə bir daha təşəkkür etmək istərdim. Bu bir ildə Rusiya sülhməramlı qüvvələrinin məsuliyyəti zonasında ciddi insidentlər olmayıb. Əlbəttə, bu il ərzində çox mühüm hadisələr baş verib. Biz bu formatda artıq ikinci dəfə görüşürük - ilin əvvəlində və ilin sonunda. Sərhədlərin delimitasiyası, demarkasiyası, nəqliyyat arteriyalarının bərpası ilə bağlı məsələlər barədə Vladimir Vladimiroviçin dediklərini təkrar etmək istəmirəm. Bu gün bu məsələlər barədə çox ətraflı, mən deyərdim, səmimi söhbət oldu. Biz öz planlarımızı, hər iki tərəfi narahat edən məsələləri açıq müzakirə etdik. Ən başlıcası, mübahisələrin, fikir ayrılıqlarının nizamlanması işində qəbul etdiyimiz qərarlar, zənnimcə, Cənubi Qafqazda vəziyyətin daha təhlükəsiz və proqnozlaşdırıla bilən olmasına şərait yaradacaq. Vladimir Vladimiroviçin qeyd etdiyi kimi, humanitar xarakterli məsələlər də müzakirə edilib. Azərbaycan həmişə, - istər döyüş əməliyyatları dövründə, istər onlardan sonra, - bütün humanitar normalara riayət edilməsinə ardıcıl tərəfdar olub. Deməliyəm ki, hərbi əməliyyatlar bitəndən sonra saxlanılmış 100 nəfərdən çox erməni hərbi qulluqçu, o cümlədən bir nəfər bu gün səhər Ermənistan tərəfə verilib. Yaralanmış hərbi qulluqçuya azərbaycanlı həkimlər tərəfindən tibbi yardım göstərilib, bir nəfər mülki şəxs yolu azaraq bizim əraziyə keçib. Yəni, biz həmişə humanizm prinsipinin aliliyini əsas götürmüşük və bundan sonra da işi bu istiqamətdə davam etdirmək niyyətindəyik. Biz Ermənistan tərəfindən də regionda vəziyyətin daha artıq dərəcədə proqnozlaşdırıla bilən olması üçün şərait yaradılması niyyətini görürük. Mən dəfələrlə demişəm, biz Azərbaycanda Ermənistan ilə çoxillik qarşıdurma səhifəsini çevirmək, normal qarşılıqlı fəaliyyət mərhələsinə başlamaq əzmindəyik və düşünürəm ki, məhz bu formatda öz məqsədlərimizə çatacağıq.
Azərbaycan üçün Rusiya dostdur, strateji tərəfdaşdır. Mən deyərdim ki, hətta strateji tərəfdaşdan da artıqdır. Azərbaycan ilə Rusiya arasında etimada əsaslanan münasibətlərin səviyyəsi, o cümlədən ən həssas məsələlər barəsində Ermənistan ilə ortaq fikrə gəlməyimizə şərait yaradır. Düşünürəm ki, görüşümüzün yekununun nəticələri yaxşı olacaq, bu nəticələri çox gözləmək lazım gəlməyəcək, regionda vəziyyət daha təhlükəsiz və proqnozlaşdırılan olacaq.
Vladimir Vladimiroviç, dəvətə və bugünkü görüşə görə Sizə bir daha təşəkkür edirəm.
Ermənistanın baş naziri Nikol Paşinyanın bəyanatı
-Vladimir Vladimiroviç, icazə verin, dəvətə görə və əlbəttə, pozitiv iş şəraiti yaradılmasına görə Sizə bir daha təşəkkür edim. Mən təsdiqləmək istəyirəm ki, bizim çox müsbət görüşümüz, müsbət söhbətimiz oldu. Biz faktiki olaraq, gündəlikdəki bütün məsələləri müzakirə etdik. Bu görüş problemi gizlətmək üçün deyildi. Bu görüşdə biz bütün məsələləri açıq müzakirə etdik. Qeyd etmək istəyirəm ki, bir çox məsələlər üzrə mövqelərimizi çox pozitiv dəqiqləşdirdik və məlum oldu ki, bəzi məsələlər barədə bu görüşə qədər güman edildiyi kimi, bizdə heç bir fikir ayrılığı yoxdur. Demək istəyirəm ki, biz regionda bütün nəqliyyat və iqtisadi kommunikasiyaların açılması məsələsi barədə həqiqətən qeyd etdik ki, bu kommunikasiyaların necə işləyəcəyi barədə təsəvvürümüz ortaqdır. Delimitasiya və demarkasiya prosesinə başlamaq mövzusu təzə deyil. Biz bu məsələni müzakirə etdik. Biz həm də Üçtərəfli Bəyanat qəbul etdik, orada qeyd etdik ki, bundan əvvəl zəruri şərait yaratmaq, yəni Ermənistan ilə Azərbaycan arasında sərhəddə müəyyən təhlükəsizlik və sabitlik mexanizmləri yaratmaq lazımdır.
Əlbəttə, humanitar məsələlərə də toxunuldu. Bugünkü söhbətləri, bugünkü görüşü mən də bütövlükdə çox müsbət qiymətləndirirəm. Bizim strateji müttəfiqimiz olan Rusiya Federasiyasına bu təşəbbüsə görə bir daha təşəkkür etmək istəyirəm. Fikrimcə, əgər bu görüşün bazasında bizim söhbətimizin müəyyən dinamikasını yarada bilsək, onda konkret nəticələr də gözləmək olar. Mən Ermənistanın və Ermənistan xalqından mandat almış Ermənistan hökumətinin ölkəmiz üçün, bizim region üçün dinc inkişaf erasının başlanmasına hazır olduğunu təsdiq edirəm və bizim hədəfimiz budur. Əlbəttə, bugünkü görüşümüz bu gündəliyin reallaşmasının xeyrinə oldu. Sağ olun.
Prezident Vladimir Putin: Son olaraq bir daha vurğulamaq istəyirəm ki, görüş yüksək dərəcədə faydalı və vaxtında oldu. Artıq deyildiyi kimi, biz bugünkü birgə işimizin nəticələrinə əsasən Bəyanat imzaladıq. İctimaiyyət və kütləvi informasiya vasitələri bu bəyanatla tanış ola bilərlər. Orada bizim məşğul olduğumuz və razılığa gəldiyimiz bütün məsələlər ətraflı şərh edilib.
Məndən sol tərəfdə bizim həm erməni dostlarımıza, həm də azərbaycanlı dostlarımıza hədiyyəmizi - sülhün və əmin-amanlığın rəmzi olan zeytun budağını görürsünüz. Mən çox ümid edirəm ki, bugünkü razılaşmalar yerinə yetiriləcək və bütövlükdə Cənubi Qafqazda münasibətlərin normallaşması işində növbəti addımlar üçün şərait yaradacaq. Sağ olun.
AZƏRTAC
26-11-2021, 16:02 | Soçidə Azərbaycan Prezidenti İlham Əliyev ilə Rusiya Prezidenti Vladimir Putin arasında ikitərəfli görüş başlayıb

Noyabrın 26-da Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında ikitərəfli görüş başlayıb.
Xəbər yenilənəcək
AZƏRTAC
26-11-2021, 12:04 | Prezident İlham Əliyev Soçi şəhərinə işgüzar səfər edib

Noyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfər edib.
Xəbər yenilənəcək
AZƏRTAC
26-11-2021, 12:01 | Soçidəki danışıqlar: Azərbaycan nə gözləməlidir? - TƏHLİL

Məlum olduğu kimi, bu gün Soçidə Azərbaycan və Rusiya prezidentləri, Ermənistanın baş naziri arasında görüş keçiriləcək. Bu görüş zamanı bir sıra məsələlərin, o cümlədən kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası və demarkasiyası məsələlərinin müzakirəsi gözlənilir. Soçidə üçtərəfli görüşün keçirilməsi faktı onu göstərir ki, Yerevan, nəhayət yeni reallıqla barışıb. Bu baxımdan, görüşdən gözləntilər böyükdür. Soçi görüşü ötən il imzalanmış kapitulyasiya aktının davamı, məğlub Ermənistanın qalib Azərbaycanın irəli sürdüyü şərtlərə uyğun davranmağa məcbur olması, müzəffər Ordumuzun Zəfəri nəticəsində yaranmış reallıqların qəbul edilməsidir.
Məşhur rusiyalı politoloq, teleaparıcı və ictimai xadim Maksim Şevçenko hesab edir ki, Soçidə görüş konkret nəticələr gətirəcək.
"Hesab edirəm ki, yalnız Soçi görüşü konkret nəticələr verə bilər. Bakı-Yerevan-Moskva üçbucağında yerləşən proses mənə çox perspektivli görünür", - deyə o qeyd edib.
Bu görüşdə müzakirəsi gözlənilən mövzulara gəlincə, M.Şevçenko sərhədlərin delimitasiyasının ən vacib mövzu olduğunu vurğulayıb:
"Bir müddət əvvəl Ermənistan-Azərbaycan sərhədində faciəli hadisələr baş verəndə, o zaman insanlar həlak olanda, "Telegram" kanalımda yazmışdım ki, Ermənistan bu cür davranmağa davam edərsə, Qarabağ üçün ağladığı kimi Zəngəzur üçün də ağlayacaq. Orada bu, kəskin reaksiya ilə qarşılanıb. Amma bu doğrudur. Müharibə ermənilərə yaxşı heç nə gətirməyəcək" - M.Şevçenko deyib.
Amerikalı ekspert Piter Teys qeyd edir ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşdə iştirakı irəliyə atılan nəhəng addımdır.
Onun sözlərinə görə, son onillikdə Ermənistan ölkənin zəif idarə olunması nümunəsini sərgiləyib və Soçidə üçtərəfli görüşdə iştirak uğursuz qərarlar silsiləsini qırmaq üçün şansdır.
"Ermənistan beynəlxalq hüquqa əməl etməlidir. Azərbaycanla sülh sazişi barədə razılığa gəlməli, ticarət və kommersiya sahəsində əməkdaşlıq üçün imkanları tədqiq etməlidir", - deyə ekspert bildirib.
O qeyd edib ki, gələcək görüş çox vacib siyasi məqama malikdir, belə ki, görüşdə 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il bəyanatlarının statuslarının müzakirəsi gözlənilir, bu isə regionun gələcək inkişafı üçün xüsusi əhəmiyyət daşıyır.
Rusiyalı politoloq Andrey İvanov isə Trend-ə açıqlamasında deyib ki, bu görüş bu gün işlək olan müddəalara sadiqliyi təsdiq etməlidir.
"Görünən odur ki, Yerevan ənənəvi olaraq problemi unutdurmaq taktikasından istifadə etmək istəyirdi. Ermənistanın daxili siyasəti uzun illərdir ki, millətçi ritorikanın qızışdırılması üzərində dayanır. Amma daxili auditoriya üçün yaxşı olan amil beynəlxalq siyasətdə qəbul olunmur. Məğz etibarilə tənzimləmə prosesi çox yavaş gedir, amma bunu sürətləndirmək olar. Vacib olan odur ki, indi söhbət torpaqların işğalından, ərazi bütövlüyündən yox, regionda normal həyatın qurulması mexanizmindən gedir", - deyə politoloq vurğulayıb.
Rusiyanın Siyasi Araşdırmalar İnstitutunun direktor müavini Darya Qrevtsova öz növbəsində bildirib ki, Nikol Paşinyan Soçi görüşündən qorxur.
"Çünki görüş zamanı ermənilər üçün ən kəskin məsələlər müzakirə olunacaq. Ermənistan hər vəchlə görüşdən yayınmağa çalışırdı. Görüşdə toxunulacaq məsələlərdən biri sərhədlərin delimitasiyası və demarkasiyası olacaq. Böyük ehtimalla, bu məsələ ilə daha fəal məşğul olacaq işçi qrupu yaradılacaq. Soçidə diqqətə alınacaq daha bir məsələ Zəngəzur dəhlizi ola bilər", - deyə o bildirib.
Nikol Paşinyanın danışıqlar masasına gətirilməsi Azərbaycan dövlətinin qətiyyətli və prinsipial siyasətinin nəticəsidir. Paşinyan növbəti dəfə regiondakı reallıqları qəbul etməyə məcbur qaldı.
"Ermənistan rəhbərliyi başa düşdü ki, Azərbaycanı hərbi ritorika ilə hədələmək onlara heç nə qazandıra bilməz. Əksinə, bu kimi təxribatlar onsuz da uğursuzluq girdabında çabalayan Ermənistan üçün daha böyük faciələr gətirə bilər. Xüsusən, sərhədyanı ərazilərdə törədilən son hərbi təxribatlar Ermənistanın acizliyini, Azərbaycanın isə gücünü və iradəsini növbəti dəfə nümayiş etdirdi. Beləliklə, artıq Ermənistanın danışıqlara cəlb olunmaqdan başqa bir çarəsi yoxdur. Azərbaycan Ermənistanı məcbur etdi ki, danışqılara getsin və Azərbaycanın şərtlərini qəbul etsin.
Soçi görüşünə ümidlər böyükdür. müəyyən zaman kəsiyində İkinci Qarabağ müharibəsinin nəticələri səbəbindən yaranan bəzi reallıqların dəyişə biləcəyinə ümid bəsləyən və çoxsaylı məkrli gedişləriylə buna çalışan Ermənistanın bütün ümidləri puça çıxarıldığından, rəsmi İrəvan Azərbaycanın dəyişdirilməsi mümkün olmayan şərtləri daxilində danışıqlara getməkdən, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən başqa heç bir çıxış yolunun olmadığını qəbul etməyə məcbur olub. Görüşlərin intensivliyi sülh razılaşmasının imzalanması üçün vacib əhəmiyyət daşıyır.
Trend-in Təhlil şöbəsi
22-11-2021, 21:02 | Prezident İlham Əliyev Uqandanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 22-də Uqanda Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Muhammad Tezikuba Kisambiranın etimadnaməsini qəbul edib.
AZƏRTAC-a istinadən bildirir ki, səfir Muhammad Tezikuba Kisambira etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.
Görüşdə ölkələrimiz arasında əlaqələrin yaxşı səviyyədə və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin olduğu bildirildi. Həmçinin Qoşulmama Hərəkatı çərçivəsində fəal əməkdaşlığın həyata keçirildiyi vurğulandı. Bu baxımdan Prezident İlham Əliyev Uqanda Respublikasının Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin 2023-cü ilə qədər uzadılması ilə bağlı verilən qərara göstərdiyi dəstəyə görə minnətdarlığını bildirdi. Dövlətimizin başçısı qeyd etdi ki, bu hərəkatın sədri kimi Azərbaycan üzv dövlətlər arasında birliyin gücləndirilməsi, xüsusilə COVID-19 ilə mübarizədə praktiki dəstəyi təmin etmək üçün fəal iş aparıb. Azərbaycan Prezidenti ölkəmizin bundan sonra da Qoşulmama Hərəkatına üzv olan ölkələr arasında əlaqələrin gücləndirilməsi istiqamətində səylərini davam etdirəcəyini vurğuladı. Prezident İlham Əliyev bildirib ki, artıq Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə (ASAN xidmət) Uqandanın müvafiq qurumu arasında anlaşma memorandumu imzalanıb. Qeyd olunub ki, "ASAN xidmət"in Uqandada yaradılması prosesinə dəstək istiqamətində ölkəmizdəki müvafiq qurumlar tərəfindən iş aparılır.
Söhbət zamanı Azərbaycanın UNESCO-nun xətti ilə Keniya, Tanzaniya və Uqandada gənc qızların təhsilini nəzərdə tutan etimad fondu layihəsinə dəstəyi yüksək qiymətləndirildi.
Uqanda Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Muhammad Tezikuba Kisambira Uqanda Prezidenti Yoveri Museveninin salamlarını dövlətimizin başçısına çatdırdı.
Prezident İlham Əliyev Uqanda Prezidentinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Uqanda dövlətinin başçısına çatdırmağı xahiş etdi.
Muhammad Tezikuba Kisambira bildirdi ki, ölkəmizə səfir təyin olunarkən Uqanda Prezidenti ona beynəlxalq aləmdə ölkələrimiz arasında siyasi dəstəyi gücləndirmək barədə tapşırıq verib. Səfir Prezident İlham Əliyev üçün uyğun vaxtda Uqandaya səfər etməklə bağlı ölkəsinin rəhbərliyinin dəvətini dövlətimizin başçısına çatdırdı. O, həmçinin vurğuladı ki, Uqanda rəhbərliyi Azərbaycanın bu ölkəyə investisiya yatırmasında maraqlıdır. Diplomat dedi ki, Uqanda Afrika qitəsində turizm sahəsində ölkəmizin təmsil olunması işinə töhfə verməyə hazırdır.




















