12-10-2021, 04:30 | Zəfər xronikası 12 oktyabr 2020-ci il: Prezident İlham Əliyev Türkiyənin “Haber Global” televiziya kanalına müsahibəsi - VİDEO - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2020-ci il oktyabrın 12-də Türkiyənin "Haber Global" televiziya kanalına müsahibə verib.
Müsahibəni təqdim edir.
- "Haber Global" yayımına xoş gəldiniz. Son dərəcə önəmli bir qonağımız var. Bildiyiniz kimi, Azərbaycan Vətən müharibəsi aparır. Beləliklə, döyüş meydanında Azərbaycan Silahlı Qüvvələrinin sürətli, amma təmkinli irəliləyişi var. Bir atəşkəs prosesi, atəşkəsdən dərhal sonra Ermənistanın xüsusilə dünən törətdiyi hücumlar nəticəsində gərgin diplomatik proseslər, əməliyyat meydanında və masada hərəkətlilik. Təbii ki, bunları ən yaxından izləyən şəxs hazırda bu gərginlik arasında bizə vaxt ayıran Azərbaycan Prezidenti cənab İlham Əliyevdir. Xoş gördük, cənab Prezident.
- Sağ olun.
- İlk olaraq, dünənki hücumla, əməliyyat meydanında və masadakı son vəziyyətdən başlamaq istərdim. Bir tərəfdən, gərgin diplomatik fəaliyyət həyata keçirdiyinizi bilirik. İşinizin çox olduğu bir vaxtda bizə vaxt ayırdığınız üçün Sizə bir daha təşəkkür edirəm.
Dünən bir çox yerdə bunun qarşılığını gördük, bir hücum, mülki əhaliyə qarşı bir hücum. Amma xüsusilə xarici mətbuatda tam əksinə bir yanaşma var, diasporun bir təbliğat müharibəsi var. Əvvəlcə, mövcud vəziyyətlə bağlı həqiqətlərdən danışa bilərsinizmi?
- Əlbəttə, biz qara təbliğatla uzun illərdir ki, üzləşirik. Bunun bir neçə səbəbi var, onlardan biri də bəzi ölkələrdə erməni diaspor təşkilatlarının fəaliyyətidir. Onların fəaliyyətinin hədəfində Azərbaycan dayanır. Azərbaycanı ləkələmək, Azərbaycan haqqında yalanlar yaymaq və beləliklə, ölkəmizin imicinə zərbə vurmaq məqsədləri daim onların gündəliyində olan məsələlərdir.
Son döyüşlərlə əlaqədar da erməni diaspor təşkilatları və onların havadarları, dünya erməniliyi Azərbaycana qarşı mətbuat savaşına başlamışdır. Bunun nəticəsidir ki, bu gün dünya mətbuatında bir çox hallarda təhrif edilmiş məlumatlar yer alır. Ona görə Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün bizim böyük səylər göstərməyimiz gərəkdir. Bu baxımdan Türkiyənin mətbuat nümayəndələrinə xüsusi təşəkkürümü bildirmək istəyirəm. Çünki demək olar, hər gün gecə-gündüz Türkiyənin aparıcı televiziya kanalları, digər mətbu orqanları bu münaqişə ilə bağlı həqiqətləri dünyaya çatdırır.
Atəşkəs rejimi tətbiq olunandan sonra Ermənistan demək olar ki, dərhal öz çirkin əməllərini davam etdirmişdir. Biz bir müddət ara vermişdik, çünki biz sözümüzə sadiqik. Bir halda ki, bu atəşkəs haqqında açıqlama verilmişdir, biz ümid edirdik ki, bundan sonra Dağlıq Qarabağ məsələsi siyasi yollarla həll ediləcək. Çünki hesab edirdik ki, hərbi mərhələ artıq başa çatıb, təcavüzkar döyüş meydanında dərsini alıb və bundan sonra reallıqlarla hesablaşıb, diplomatik müstəvidə müsbət yanaşma göstərəcək. Ancaq təəssüf ki, biz bunu görmədik və saat 12-dən qüvvəyə minməli olan atəşkəs Ermənistan tərəfindən pozulmuşdur.
Bildiyiniz kimi, ondan sonra gecə saatlarında mülki şəxslərə qarşı dəhşətli cinayət törədilmişdir. Gəncə şəhəri bombardman edilmişdir. Şəhər "Toçka-U" raketləri ilə atəşə məruz qalmışdır və bunun nəticəsində mülki vətəndaşlar həlak olmuş və yaralanmışlar.
Bu, erməni faşizminin eybəcər sifətinin növbəti təzahürüdür. Artıq dünya erməniliyi, Ermənistanın havadarları, onların hamiləri və islamofob dairələr bu cinayəti gizlədə bilməyəcəklər. Çünki artıq hər şey göz qabağındadır. Dünən o hadisə yerində təşkil olunan mətbuat açıqlamaları və bu gün oraya gedən xarici səfirliklərin nümayəndələri öz gözləri ilə hər şeyi görürlər. Bir daha görürlər ki, bu münaqişənin səbəbkarı kimdir. Kim təcavüzkar siyasət aparır, kim mülki əhaliyə qarşı cinayət törədir. Ermənistan dövləti terror dövlətidir, faşist dövlətidir və insanlığa qarşı törədilmiş bu cinayət bunu bir daha göstərdi.
- İndi diqqət yetirdiyiniz bu amil çox əhəmiyyətlidir. Biz Türkiyənin terrorla mübarizəsində də bir çox istiqamətdə əməliyyat zonasında fəaliyyət göstərdik. Misal üçün, bizim şəhərlərimizə də PKK-dan bəzi raket atışları, top atışları olurdu. Bilirdik ki, bunu terror təşkilatı törədir. Dünən yayımlarımızda da mən ifadə etdim, insanlığa, vicdana, məntiqə sığmayan bir cavab. Daha əvvəl Siz xalqa müraciətinizdə də ifadə etmişdiniz, xüsusilə Rusiyaya edilən telefon zəngləri var, atəşkəs edək deyə. Atəşkəs əldə olundu, hansı məntiqlə və nə üçün bu hücum törədilir? Bu sualı necə cavablandırarsınız?
- Burada, ilk növbədə, Ermənistanın terror mahiyyətini nəzərə almaq lazımdır. Çünki onlar döyüş meydanında məğlub olurlar, uduzurlar. Müzəffər Azərbaycan Ordusu hər gün yeni hərbi uğurlara imza atır. Hər gün, demək olar ki, ya hansısa bir şəhər, ya kənd işğaldan azad edilir, yaxud da, bu kəndlərin ərazisi nəzarət altına alınır. Bu gün deyə bilərəm ki, bir neçə yaşayış məntəqəsi indi bizim tam nəzarətimiz altındadır. Sadəcə olaraq, o yaşayış məntəqələrinə biz hələ girməmişik, çünki hərbi nöqteyi-nəzərdən buna ehtiyac yoxdur. Ancaq müəyyən müddətdən sonra biz növbəti elanlar edəcəyik. Ona görə bütün cəbhəboyu istiqamətlərdə Ermənistan məğlubiyyətə uğrayır və belə olan halda öz heyfini, öz acısını, öz məğlubiyyətini mülki şəxslərdən çıxmaq istəyir. Bu, onların xislətidir. Çünki Xocalı soyqırımını törədənlər məhz Gəncəyə o hücumu da törətmişlər.
Gəncəyə bu hücumun səbəbkarı Ermənistanın hərbi-siyasi rəhbərliyidir. Bizdə olan məlumata görə, bu qərar şəxsən Paşinyan tərəfindən verilmişdir. Bizdə dəqiq məlumat var ki, Paşinyan hazırda çox ağır psixoloji sarsıntılar keçirir. Onun mənəvi-psixoloji durumu çox gərgindir və qeyri-adekvat qərarlar verir. Məsələn, Hadrutu yenə işğal altına salmaq üçün onlar bir neçə dəfə cəhdlər göstərdilər. Mənə bu səhər verilən məlumata görə, bu gecə Ermənistandan gəlmiş özəl komando qruplarından ibarət olan böyük bir qrup Hadrutu yenidən işğal etməyə çalışıb. Halbuki, strateji nöqteyi-nəzərdən bunun Ermənistan üçün o qədər də böyük önəmi yoxdur. Sadəcə olaraq, gedib orada şelfi çəkdirmək, yaxud da ki, öz əhalisinə bir hesabat vermək üçün. Azərbaycan Ordusu o qrupu zərərsizləşdirdi və orada bu gecə Ermənistanın verdiyi qurbanlar sırf Paşinyanın məsuliyyətsiz və yırtıcı siyasətinin qurbanlarıdır.
Bu, onların taktikasıdır. Çünki onlar öyrəşiblər ki, dünya meydanında onlara daim dəstək veriləcək. Dünya erməniliyi, onların havadarları, islamofob dairələr, təəssüf ki, dünyada kifayət qədər güclü mövqelərə malikdirlər. Onlar hər zaman Ermənistanı və onların bizə qarşı təcavüzkar siyasətini dəstəkləyirdilər, onları müdafiə edirdilər. Azərbaycan haqqında olmazın yalanlar yayırdılar, azərbaycanlıları təcavüzkar kimi göstərmək istəyirdilər. Ancaq bugünkü dünyada, internet dövründə bunu etmək onlar üçün artıq çox çətindir. Çünki artıq qeyri-ənənəvi mətbuat vasitələri var, internet var və məlumatın çatdırılması o qədər də çətin məsələ deyil. Ona görə bu gün onlar informasiya mübarizəsində də əvvəlki mövqelərə sahib deyillər. Biz isə haqq yolundayıq. Həm beynəlxalq hüquq baxımından, həm tarixi ədalət baxımından biz haqlıyıq. Biz öz torpağımızdayıq, öz torpağımızda vuruşuruq. Erməni əsgəri bizim torpaqlarımızdan çıxarsa, bu münaqişəyə də son qoyulacaq.
- Beynəlxalq ictimaiyyət dediniz, gözlədiyiniz, xüsusilə bu hücumdan sonra Qərbdə elə də çox səs eşidilmədi. Gözlədiyiniz etirazı aldınızmı? Dünən cənab Hacıyevin attaşelərlə keçirdiyi toplantıda da şahid olduğumuz bir məqam var. Üç dəfə dedi ki, bir sual verin, açıqlayaq, həqiqətləri sizə izah edim. Cavab gəlmədi.
- Biz çox da gözləmirdik, buna heç ehtiyac da yoxdur. Çünki bu uzun illər ərzində biz gördük ki, həqiqəti eşitmək istəmirlər, yaxud da ki, həqiqəti pərdələmək istəyirlər, məlumatları, gerçək faktları təhrif edirlər. Bunun da səbəbləri kifayət qədər çoxşaxəlidir. Ona görə, bizim əsas işimiz ondan ibarət idi ki, bu məsələni həll edək, tarixi ədaləti, öz ərazi bütövlüyümüzü bərpa edək. Bunu etmək üçün bizdə kifayət qədər güc var.
Əlbəttə ki, ilk günlərdən, ilk saatlardan qardaş Türkiyədən göstərilən dəstək, mənim qardaşım hörmətli Prezident Rəcəb Tayyib Ərdoğandan səslənən dəqiq açıqlamalar, eyni zamanda, digər yüksəksəviyyəli şəxslərin açıqlamaları həm Azərbaycana mənəvi dəstək verdi, eyni zamanda, bütün dünyaya göstərdi ki, Türkiyə Azərbaycanın yanındadır. Əgər belə olmasaydı, ola bilərdi ki, artıq Ermənistan-Azərbaycan arasında olan bu münaqişə daha da geniş coğrafiyaya sıza bilərdi.
- Dayanıqlı bir atəşkəs gözləyirsinizmi? Daim pozulur, Moskvadakı 11 saat yarımlıq toplantıdan sonra buna nail olundu. Dünən biz jurnalistlər burada şahid olduq ki, Bakı böyük səbir göstərir.
- Bəli, biz səbir göstəririk. Əlbəttə ki, Gəncə belə vəhşi atəşə məruz qaldıqda bu, hər bir azərbaycanlını hiddətləndirir və adekvat cavab tələb olunur. Amma biz cavabı döyüş meydanında veririk. Dünən itirilmiş qurbanlarımızın qisasını biz döyüş meydanında aldıq. Bizim münasibətimiz belədir: biz heç vaxt mülki şəxslərlə müharibə aparmamışıq, bu gün də aparmırıq. Bu, Azərbaycanı Ermənistandan fərqləndirən cəhətlərdən biridir. Ona görə dayanıqlı atəşkəsin təmin edilməsi üçün ilk növbədə, Ermənistan anlamalıdır ki, artıq işğaldan azad edilmiş torpaqları onlar görməyəcəklər, onlar oraya qayıtmayacaqlar. Bu, onlar üçün tamamilə qeyri-mümkündür. Kim nə deyirsə-desin, kim onları necə dəstəkləyirsə dəstəkləsin, bu, olmayacaq. Biz bu torpaqlara gəldik, bu, bizim dədə-baba torpaqlarımızdır. Bizi oradan heç bir qüvvə çıxara bilməz. Bunu nə qədər tez anlasalar, onlar üçün o qədər də yaxşı olacaq. Çünki dayanıqlı atəşkəs üçün hər iki tərəfin buna sadiq olması lazımdır. Biz buna sadiqik. Biz günorta saat 12-dən qüvvəyə minmiş atəşkəsə riayət etmişdik, amma görəndə ki, Ermənistan bunu pozur, təbii ki, biz buna səssiz qala bilməzdik. Biz də özümüzü müdafiə etməliyik və beləliklə, demək olar ki, atəşkəs qüvvəyə mindi, amma real həyatda baş vermədi.
- Çəkilməklə bağlı siqnal alırsınızmı, ən azından həmin nöqtədə? Torpaqlarımızdan çəkilməklə bağlı.
- Yox, biz belə bir siqnal almırıq və heç kim də bizə belə bir siqnal verə bilməz. Bu, beynəlxalq hüquqa və tarixi ədalətə ziddir. Belə bir siqnal olmamışdır. Siqnallar var ki, dayandırın. Siqnallar var ki, daha irəli getməyin. Siqnallar var ki, atəşkəs təmin edilsin. Biz də deyirik ki, yaxşı, atəşkəs təmin edilsin, ancaq bununla bərabər gərək məsələ sülh yolu ilə həll edilsin.
Moskvada qəbul edilmiş açıqlama, hesab edirəm ki, bizim maraqlarımıza tam cavab verir. Çünki ilk növbədə orada göstərilir ki, həlak olanların cəsədlərinin, əsirlərin humanitar əsaslarla dəyişdirilməsi nəzərdə tutulur. Biz bunu ilk gündən istəyirdik. Ancaq Ermənistan buna getmirdi. Bundan başqa çox önəmli siyasi məqamlar var. Onlardan biri danışıqların, müzakirələrin bərpa edilməsi, baza prinsipləri əsasında substantiv danışıqların davam etdirilməsidir. Baza prinsipləri isə bizim maraqlarımıza cavab verir. Çünki orada işğal edilmiş torpaqlardan erməni silahlı qüvvələrinin çıxarılması nəzərdə tutulur. Orada göstərilir ki, birinci mərhələdə beş rayondan, ikinci mərhələdə daha iki rayondan erməni silahlı qüvvələri çıxarılır. Ondan sonra təbii ki, bütün məcburi köçkünlər əvvəlki dövrdə yaşadıqları bölgələrə qayıdırlar. Bu da o deməkdir ki, bizim məcburi köçkünlərimiz Şuşaya da, Xankəndiyə də qayıdacaqlar və ondan sonra yəni bu məsələnin siyasi həlli təmin edilə bilər.
Digər məsələ, - Ermənistan buna hər zaman o qədər yaxşı baxmırdı, - odur ki, müzakirələrin formatı dəyişməz olaraq qalır. Ermənistan rəhbərliyi və baş nazir Paşinyan hər zaman deyirdi ki, Azərbaycan qondarma "Dağlıq Qarabağ respublikası" ilə danışıqlar aparmalıdır. Biz isə buna etiraz edirdik. Oraya belə bir bəndin salınması yenə də bizim maraqlarımıza cavab verir.
Ona görə artıq hərbi mərhələdən diplomatik siyasi mərhələyə keçid üçün bütün imkanlar, bütün zəmin var. Qaldı ki, Ermənistan bu atəşkəsə əməl etsin. Ümid edirəm ki, Azərbaycanın müzəffər Ordusunun dünən və bu gecə yeni uğurlu əməliyyatları onları buna məcbur edəcək.
- Siz sentyabrın 27-dən bəri, bu Vətən müharibəsi başladığı andan etibarən yeni bir formatdan, Türkiyənin öz mövqeyini daha fəal qoymasından, bu məsələnin Rusiya və Türkiyə ilə birlikdə həll oluna biləcəyindən bəhs edirsiniz. Amma Türkiyə Lavrovun açıqlamasında yox idi. Sanki bundan sonra ATƏT-in Minsk qrupunda müzakirələrin yenə davam edəcəyinə yönəlik bir açıqlama etdi. Türkiyə necə, nə şəkildə, nə vaxt masada olacaq? Ya da bu barədə danışıldımı?
- Əlbəttə ki, bu, bizim mövqeyimizdir. Mən bunu bir neçə dəfə açıqlamışam. Bir daha demək istəyirəm ki, mütləq Türkiyə bu məsələnin siyasi yollarla həll olunmasında fəal rol oynamalıdır. Mən onu da bilirəm, Türkiyənin bəzi mətbuat orqanlarında yazılır ki, nə üçün Türkiyə Moskvada olmamışdı. Təbii ki, bu, indiki mərhələdə nəzərdə tutulmurdu. Heç Türkiyə qarşısında da belə bir vəzifə durmurdu. Bu, danışıqlar prosesi deyil. Bu, sadəcə olaraq, humanitar əsaslarla tətbiq olunan atəşkəsdir. Yəni, bu, danışıqların keçirilməsi üçün təşkil edilmiş tədbir deyildi. Danışıqlar bu günə qədər Minsk qrupu çərçivəsində aparılır. Ancaq bu danışıqların səmərəsi və heç bir nəticəsi yoxdur. Otuz ilə yaxındır ki, bir santimetr torpaq bizə müzakirə yolu ilə qaytarılmadı. Ona görə mən də tam haqlı olaraq dedim, bir halda ki, Minsk qrupu 1992-ci ildə formalaşdı və o zaman hansı əsaslarla formalaşdı, bu haqda bizdə heç bir məlumat yoxdur. Əgər Minsk qrupunun tərkibinə baxsanız görərsiniz ki, orada bu bölgədən uzaqlarda yerləşən ölkələr, bu bölgə ilə heç bir əlaqəsi olmayan ölkələr, münaqişə ilə heç vaxt maraqlanmayan ölkələr də var. Onların orada mövcudluğu formal xarakter daşıyır. Yaxşı, biz əgər bu münaqişənin həll olunmasını istəyiriksə, - amma biz istəyirik, - elə ölkələr olmalıdır ki, onların gücü də olsun, təsiri də olsun və bu tərkib birtərəfli olmasın. İndi Minsk qrupunun həmsədrlərinin ölkələrində erməni diasporlarının fəaliyyətinə diqqət yetirin. Hər üç ölkədə erməni diaspor təşkilatları böyük siyasi imkanlara malikdir. O siyasi imkanlar nəticəsində onlar o ölkələrin vəzifəli şəxslərinə təsir edirlər. Yəni, bu nə qədər ədalətlidir? Nə üçün Türkiyə də həmsədr olmasın, onsuz da Minsk qrupunun üzvüdür. Ona görə bizim siyasətimizdə tam məntiq və nəticəyə hesablanmış yanaşma var.
Geosiyasi reallıqlar dəyişib. 1992-ci illə bugünkü vəziyyəti müqayisə etmək olmaz. Bu gün Türkiyə nəinki bölgədə, dünya miqyasında güc mərkəzidir. Bunu Qərbdə bir çoxları qəbul etmək istəmirlər, bu, onları qıcıqlandırır. Onlar öyrəşiblər, təəssüf ki, keçən əsrdə bəzi hallarda onların sözü Türkiyə siyasətində çox böyük dəyər təşkil edirdi. Ancaq bu gün Türkiyə tam müstəqil siyasət aparır və dünya miqyasında gücə çevrilibdir. Hansı məsələ bizim bölgəmizdə Türkiyəsiz həll olundu? Baxın, Suriyada, Liviyada, Orta Şərqdə, bizim bölgədə Türkiyə söz sahibidir və bu, reallıqdır. Onunla hesablaşmaq lazımdır.
İndi müzakirələr nə zaman başlayacaq, mən bunu deyə bilmərəm. Çünki Ermənistan bir halda ki, bu atəşkəsi pozur, inanmıram danışıqlarda da səmimi olsun. Ancaq istənilən halda de-yure, ya da de-fakto Türkiyə mütləq bu problemin həllində olmalıdır və onsuz da var. Çünki bu gün sirr deyil ki, biz Türkiyə ilə müntəzəm olaraq məsləhətləşmələr aparırıq. Bu proseslər başlayandan - 27 iyuldan bu günə qədər biz daim əlaqədəyik. Türkiyənin yüksək səviyyəli vəzifəliləri bir çox ölkələrin dövlət və hökumət başçıları ilə sıx təmasdadırlar. Ona görə bu, artıq reallıqdır. Sadəcə olaraq, biz de-fakto reallığı de-yure reallığa çevirməliyik.
- İndi "Nə üçün o həmsədrlik sistemində Türkiyə olmasın, olmalıdır" ifadəsini işlətdiniz. Bunu bir qədər də aydınlaşdırmaq üçün soruşacağam, amma Sizə istinad edərək. Ötən gün xalqa müraciətinizdə eynilə bu ifadələri işlətdiniz - biz artıq status-kvonu dəyişdirdik, təmas xətti deyə bir şey yoxdur, təmas xəttini yardıq. Yeni müzakirədə həm Türkiyənin iştirakı, həm də bu dediyiniz sözlər barədə bir qədər ətraflı bəhs etsək, tam olaraq nəyi nəzərdə tutursunuz? Bundan sonra Bakı tərəfindən necə bir status-kvo qurulacaq?
-Bilirsiniz, biz status-kvo ilə əlaqədar uzun illər çox böyük səy göstərdik ki, həmsədrlərdən bununla bağlı bir açıqlama gəlsin. Nəhayət, təqribən 7-8 il bundan əvvəl Amerika, Rusiya və Fransa prezidentləri səviyyəsində bir neçə dəfə belə bir açıqlama verildi - status-kvo qəbuledilməzdir və dəyişdirilməlidir. Biz də bunu alqışladıq. Mən də bir neçə dəfə bununla bağlı açıqlama verdim ki, bu, çox müsbət bir yanaşmadır. Yəni, bu, nə deməkdir, o deməkdir ki, erməni silahlı qüvvələri torpaqlarımızdan çıxmalıdır. Status-kvonun dəyişdirilməsini Ermənistan etməlidir. Çünki biz Ermənistan torpaqlarını işğal etməmişik. Biz status-kvonu necə dəyişdirə bilərik? Bu Ermənistan tərəfinə, bir mesaj, bir siqnal idi. Ancaq təəssüf ki, bu açıqlama və açıqlamalar, - bir neçə dəfə belə açıqlamalar verildi, - havada qaldı. Ondan sonra biz nə eşitməyə başladıq? Son dönəmdə artıq həmin həmsədrlər bu ifadədən geriyə addım atdılar. İndi nə deyirlər? İndi deyirlər ki, status-kvo dayanıqlı deyil. Amma bu, böyük bir fərqdir. Status-kvo dəyişməlidir, yəni ki, Ermənistan, sən torpaqlardan çıxmalısan. Status-kvo dayanıqlı deyil, yəni sabit deyil o deməkdir ki, sadəcə olaraq, onlar bunu fakt kimi göstərirlər. Ona görə belə olan halda, status-kvonu Azərbaycan özü dəyişdirdi, döyüş meydanında dəyişdirdi. Artıq status-kvo yoxdur. Artıq Ağdərə, Füzuli, Cəbrayıl, Hadrut rayonlarının yaşayış məntəqələri və kəndlər azad edildi. Hansı status-kvodan söhbət gedə bilər? Söhbət gedə bilməz. Təmas xətti? Təmas xətti yoxdur. Aydın məsələdir ki, mövcud olan təmas xətti çox böyük hərbi biliklər əsasında yaradılmışdır. Ermənistanın o zaman heç bir hərbi bilikləri yox idi. Bunu biz açıq etiraf etməliyik. Yəni, Ermənistanın nüfuzunun az olması onlar üçün çox ciddi bir problem yaradır. Onlar üçün təmas xətti çox qısa olmalı idi, düz olmalı idi. Onu da etdilər. Onların buna ağlı çatmazdı. Onlara məsləhət verənlər bunu etdilər. Əgər o əvvəlki təmas xəttinə baxsanız, bu üfüqi-şaquli formadadır. Belə, düz. Yəni, onu müdafiə etmək çox asandır. Onların mövqeləri əsasən təpələrdə idi. Onlara müdaxilə etmək, yəni, istehkamları yarmaq çox çətin bir iş idi. İndi bu təmas xətti yoxdur. Biz onu bir neçə yerdən - şimaldan, cənubdan, ondan sonra şərqdən yardıq. Artıq hansı təmas xəttindən söhbət gedə bilər? Yoxdur! Azərbaycan Ordusunun xilaskarlıq missiyası davam edir. Hər gün biz yeni mövqeləri azad edirik. O mövqelər şərt deyil ki, kənd olsun, yaxud da ki, şəhər olsun. Təpə olsun, dağ olsun - o, kənddən, şəhərdən daha önəmlidir. Şəhərlərə biz onsuz da qayıdacağıq. Bizim üçün əsas məsələ strateji yüksəklikləri almaqdır. İndi Hadrutun bütün ətrafı bizim nəzarətimizdədir. Şəhərdə də biz varıq. Amma şəhərə girək-girməyək o başqa məsələdir. Bizim qarşımızda indi belə bir siyasi vəzifə yoxdur ki, mütləq bu gün oranı elan edək, sabah oranı elan edək. Yoxdur. Bəzi hallarda biz kəndləri, şəhərləri azad edirik, bir gün, iki son sonra açıqlama veririk. Bunun da taktikası var.
Bir daha deyirəm, status-kvo yoxdur, təmas xətti yoxdur. Ermənilərin öz orduları haqqında uzun illər uydurduğu yenilməz ordu əfsanəsi yoxdur. Biz göstərdik kim kimdir. Ona görə bu reallıqlarla gərək həm Ermənistan hesablaşsın, onların havadarları hesablaşsın, bütün dünya hesablaşsın. Bizə dur deyənlər bilməlidirlər ki, yaxşı, biz dura bilərik, biz də istəmirik ki, qan tökülsün. Amma ondan sonra gərək siyasi proses başlasın. Siyasi proses başlamasa, biz durmayacağıq. Mən demişəm, biz sona qədər gedəcəyik, sona qədər. Amma necə? Hərbi yolla, yaxud da ki, siyasi yolla, o, başqa məsələdir. Biz istəyirik ki, hərbi mərhələ dursun, qan tökülməsin, şəhidlər olmasın və sülh yolu ilə öz torpaqlarımızı azad edək.
- İşin siyasi və hərbi tərəfi bir tərəfə. Bu gün biz, daha doğrusu, Bakıya gəldiyimiz andan etibarən oranı tərk etmək məcburiyyətində qalmış insanlarla görüşdük, aralarında xocalılılar, cəbrayıllılar var idi. Azərbaycan dövlətinin, Sizin köməyinizlə tikilən qəsəbələrə getdik. Hər kəsin üzündə bu ifadə var idi: Sizə, dövlətə böyük minnətdarlıq hissi duyurlar. "Biz burada heç bir şeyə ehtiyacımız olmadan yaşayırıq, lakin biz öz torpaqlarımıza dönmək istəyirik" deyirlər. Xüsusilə cəbrayıllılar, "İşğaldan azad edilən torpaqlarda nə edəcəksiniz?" sualına, "Təki bir damımız olsun, kifayətdir" deyirlər. Bəs, Siz nə edəcəksiniz o insanlar üçün? O torpaqlarda yeni inşaat işləri aparılacaq?
- Biz orada nəinki damlar, biz orada şəhərlər quracağıq, biz oraya həyatı qaytaracağıq. Biz bütün dağılmış yerləri bərpa edəcəyik. Ora indi bizim ordumuzun nəzarətindədir. Artıq işğaldan azad edilmiş torpaqların bəzilərinə bizim mətbuat nümayəndələri də gedirlər. Bəzilərində isə hərbçilər özləri videoya çəkirlər, görürlər ki, orada bir dənə də salamat bina yoxdur. Yəni, bu, faşistlərin əməlləridir. Dünya bunu görməlidir və görəcək. Görün, indi Ağdam, Füzuli nə gündədir?! Bizim bütün kəndləri dağıdıblar. Elə ediblər ki, azərbaycanlılar daha heç zaman oraya qayıtmasınlar, qayıda bilməsinlər. Amma Azərbaycan xalqının iradəsini bilmirlər. Biz Cocuq Mərcanlını təqribən 8 aya qurduq. O kənd ki, biz 2016-cı ildə işğaldan azad etdik, 6-7-8 aya artıq oranı biz inşa etdik və indi orada insanlar yaşayırlar, qazı da, suyu da, elektriki də, məscidi də, xəstəxanası da, məktəbi də, evlər də var, hər şey var. Bir də ki, kənd təsərrüfatı üçün onlara avadanlıq vermişik və indi o kənd dirçəlib. Bütün o torpaqları biz cənnətə çevirməliyik. Onsuz da oranın mənzərəsi cənnətdir və uzun illər erməni tapdağının altında olmasına baxmayaraq, o torpaq canlanacaq, oraya həyat qayıdacaq, uşaqların gülüşü gələcək, insanların təbəssümü qayıdacaq. Azərbaycan vətəndaşları o torpaqlarda ləyaqətlə yaşayacaqlar.
Bizim məcburi köçkünlərimiz bilirlər ki, mənim üçün, Prezident üçün onların problemi bir nömrəli problemdir. Siz də bilirsiniz ki, biz onlar üçün nə qədər böyük yardımlar edirik. Bu il biz 7 min ailəyə yeni mənzillər veririk. Təqribən 35 min insan bir il ərzində dövlət tərəfindən pulsuz mənzil alır. Hər ay dövlət onların hər birinə müavinət verir. Ona görə, təbii ki, onlar dövlətin qayğısından razıdırlar. Mənim onlarla keçirdiyim görüşlərdə onlar hər zaman təşəkkürlərini bildirirlər və deyirlər ki, burada hər şey yaxşıdır, biz bu yeni evlərdə yaşayırıq, belə şəraiti görməmişik, amma bizi ora qaytarın, biz oraya getmək istəyirik və gedəcəklər.
Ona görə biz indi artıq o bölgələrin inkişaf planları üzərində işləməliyik, müvafiq göstərişlər artıq verilibdir. Planlama hazırlanacaq ki, o bölgələrə Azərbaycan əhalisi qayıtsın və maksimum qısa müddət ərzində artıq onlar oraya yerləşsinlər.
- Cənab Prezident, bu qədər sıx qrafikinizin, diplomatik gərginliyin arasında bizə vaxt ayırdığınız üçün Sizə çox təşəkkür edirik.
Trend




11-10-2021, 13:59 | Prezident İlham Əliyev: Azərbaycan tamamilə müstəqil daxili və xarici siyasət yürüdür

Azərbaycan tamamilə müstəqil daxili və xarici siyasət yürüdür, daxili işlərinə bütün müdaxilə cəhdlərini effektiv şəkildə neytrallaşdırır.
Prezident İlham Əliyev Qoşulmama Hərəkatının Yüksək Səviyyəli Toplantısında videoformatda çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib:
"Sülhün, təhlükəsizliyin, beynəlxalq hüququn və ədalətin gücləndirilməsinə töhfə vermək üçün Azərbaycan 2011-ci ildə Qoşulmama Hərəkatı ailəsinə qoşulmaq qərarına gəldi. Qısa müddət ərzində Azərbaycan Hərəkatın üzvləri arasında böyük etimad və hörmət qazandı, 2016-cı ildə Qoşulmama Hərəkatının liderlərinin yekdil qərarı ilə Azərbaycan 2019-2022-ci illər üçün Qoşulmama Hərəkatının sədri seçildi.
Qoşulmama Hərəkatının 2019-cu ildə Bakıda keçirilmiş 18-ci Zirvə Toplantısında mən vurğulamışdım ki, Azərbaycan sədrliyinin prioritetlərini və fəaliyyətini Bandunq prinsipləri əsasında quracaq, ədaləti və beynəlxalq hüququn normalarını qətiyyətlə müdafiə edəcəkdir. Azərbaycan tamamilə müstəqil daxili və xarici siyasət yürüdür, daxili işlərinə bütün müdaxilə cəhdlərini effektiv şəkildə neytrallaşdırır.
Dünya 2020-ci ilin əvvəlində COVID-19 pandemiyasına məruz qaldığı dövrdə Azərbaycan Hərəkatda sədrliyinə məsuliyyətlə yanaşmış və pandemiya nəticəsində yaranmış təhdidlərə vaxtında və adekvat cavab verilməsi üçün ciddi səylər göstərmişdir. Azərbaycan pandemiya ilə mübarizədə qlobal səylərin səfərbər edilməsi üçün bir sıra təşəbbüslər irəli sürüb. Biz 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində onlayn Zirvə Toplantısının keçirilməsi təşəbbüsünü irəli sürmüş və onu təşkil etmişik. Zirvə Toplantısının praktiki nəticəsi olaraq Qoşulmama Hərəkatına üzv dövlətlərin əsas humanitar və tibbi ehtiyaclarını əhatə edən məlumat bazası yaradılmışdır. Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə mübarizədə Qoşulmama Hərəkatına üzv dövlətlərin mövcud ehtiyaclarının təmin edilməsi üçün həmin məlumat bazasından istinad mənbəyi kimi istifadə edir.
Bundan əlavə, Zirvə Toplantısındakı təklifimə əsasən, - bu təklif daha sonra 150-dən artıq ölkənin dəstəyini almışdır, - 2020-ci ilin dekabr ayında BMT Baş Assambleyasının koronavirusla mübarizəyə həsr edilmiş, dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyası təşkil olunmuşdur. Azərbaycan, həmçinin Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə töhfəsi etmişdir ki, onun yarısı Qoşulmama Hərəkatının üzvlərinə birbaşa yardım idi. Bununla yanaşı, koronavirusa qarşı mübarizələrini dəstəkləmək üçün biz Qoşulmama Hərəkatının üzvləri daxil olmaqla, 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı göstərmişik. Azərbaycan təmənnasız olaraq dörd ölkəyə 150 min doza peyvənd ianə etmişdir".
AZƏRTAC
11-10-2021, 13:56 | Prezident İlham Əliyev: Zor tətbiq etməklə dövlətlərin ərazi bütövlüyünün pozulması qətiyyən qəbuledilməzdir

Zor tətbiq etməklə dövlətlərin ərazi bütövlüyünün pozulması qətiyyən qəbuledilməzdir. Azərbaycan bütün ölkələrin suverenliyi və ərazi bütövlüyü prinsiplərini tam dəstəkləyir.
Prezident İlham Əliyev Qoşulmama Hərəkatının Yüksək Səviyyəli Toplantısında videoformatda çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib:
İlk növbədə, mən Serbiya Prezidenti cənab Aleksandar Vuçiçə Qoşulmama Hərəkatının 60 illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıya ev sahibliyi etməsinə görə təşəkkür etmək istəyirəm. Bu təşəbbüs Serbiyanın özünün tarixi irsinə və Qoşulmama Hərəkatının prinsiplərinə sadiqliyini nümayiş etdirir.
1961-ci ildə Belqradda təsis edildiyi vaxtdan Qoşulmama Hərəkatı qlobal sülh, ədalət və həmrəylik naminə həyata keçirdiyi səylər vasitəsilə beynəlxalq arenada mühüm rol oynamışdır.
BMT Baş Assambleyasından sonra ikinci ən böyük təsisat olan Qoşulmama Hərəkatı müxtəlif regionları əhatə edərək fərqli tarixi, siyasi və mədəni mənsubiyyətə malik 120 ölkəni birləşdirməklə, multilateralizmin həqiqi nümunəsi hesab edilir.
Suverenlik və ərazi bütövlüyünə hörmət, təcavüz aktlarından çəkinmə, başqalarının daxili işlərinə qarışmama kimi prinsipləri özündə ehtiva edən tarixi Bandunq prinsipləri Qoşulmama Hərəkatının təməlində dayanır. Bu prinsiplər müasir beynəlxalq münasibətlərdə aktual və vacib olaraq qalır. Əgər bütün ölkələr Bandunq prinsiplərinə riayət etsəydilər, onda biz dünyada müharibələr və münaqişələr görməzdik.
Zor tətbiq etməklə dövlətlərin ərazi bütövlüyünün pozulması qətiyyən qəbuledilməzdir. Azərbaycan bütün ölkələrin suverenliyi və ərazi bütövlüyü prinsiplərini tam dəstəkləyir.
Sülhün, təhlükəsizliyin, beynəlxalq hüququn və ədalətin gücləndirilməsinə töhfə vermək üçün Azərbaycan 2011-ci ildə Qoşulmama Hərəkatı ailəsinə qoşulmaq qərarına gəldi. Qısa müddət ərzində Azərbaycan Hərəkatın üzvləri arasında böyük etimad və hörmət qazandı, 2016-cı ildə Qoşulmama Hərəkatının liderlərinin yekdil qərarı ilə Azərbaycan 2019-2022-ci illər üçün Qoşulmama Hərəkatının sədri seçildi.
AZƏRTAC
11-10-2021, 13:53 | Prezident İlham Əliyev Qoşulmama Hərəkatının Yüksək Səviyyəli Toplantısında videoformatda çıxış edib - FOTO

Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60 illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantı öz işinə başlayıb.
Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyev tədbirin rəsmi açılış hissəsinə sədrlik edib.
Dövlətimizin başçısı tədbirdə videoformatda çıxış edib.
Prezident İlham Əliyevin
çıxışı
-Hörmətli Prezident Vuçiç.
Xanımlar və cənablar.
İlk növbədə, mən Serbiya Prezidenti cənab Aleksandar Vuçiçə Qoşulmama Hərəkatının 60 illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıya ev sahibliyi etməsinə görə təşəkkür etmək istəyirəm. Bu təşəbbüs Serbiyanın özünün tarixi irsinə və Qoşulmama Hərəkatının prinsiplərinə sadiqliyini nümayiş etdirir.
1961-ci ildə Belqradda təsis edildiyi vaxtdan Qoşulmama Hərəkatı qlobal sülh, ədalət və həmrəylik naminə həyata keçirdiyi səylər vasitəsilə beynəlxalq arenada mühüm rol oynamışdır.
BMT Baş Assambleyasından sonra ikinci ən böyük təsisat olan Qoşulmama Hərəkatı müxtəlif regionları əhatə edərək fərqli tarixi, siyasi və mədəni mənsubiyyətə malik 120 ölkəni birləşdirməklə, multilateralizmin həqiqi nümunəsi hesab edilir.
Suverenlik və ərazi bütövlüyünə hörmət, təcavüz aktlarından çəkinmə, başqalarının daxili işlərinə qarışmama kimi prinsipləri özündə ehtiva edən tarixi Bandunq prinsipləri Qoşulmama Hərəkatının təməlində dayanır. Bu prinsiplər müasir beynəlxalq münasibətlərdə aktual və vacib olaraq qalır. Əgər bütün ölkələr Bandunq prinsiplərinə riayət etsəydilər, onda biz dünyada müharibələr və münaqişələr görməzdik.
Zor tətbiq etməklə dövlətlərin ərazi bütövlüyünün pozulması qətiyyən qəbuledilməzdir. Azərbaycan bütün ölkələrin suverenliyi və ərazi bütövlüyü prinsiplərini tam dəstəkləyir.
Sülhün, təhlükəsizliyin, beynəlxalq hüququn və ədalətin gücləndirilməsinə töhfə vermək üçün Azərbaycan 2011-ci ildə Qoşulmama Hərəkatı ailəsinə qoşulmaq qərarına gəldi. Qısa müddət ərzində Azərbaycan Hərəkatın üzvləri arasında böyük etimad və hörmət qazandı, 2016-cı ildə Qoşulmama Hərəkatının liderlərinin yekdil qərarı ilə Azərbaycan 2019-2022-ci illər üçün Qoşulmama Hərəkatının sədri seçildi.
Qoşulmama Hərəkatının 2019-cu ildə Bakıda keçirilmiş 18-ci Zirvə Toplantısında mən vurğulamışdım ki, Azərbaycan sədrliyinin prioritetlərini və fəaliyyətini Bandunq prinsipləri əsasında quracaq, ədaləti və beynəlxalq hüququn normalarını qətiyyətlə müdafiə edəcəkdir. Azərbaycan tamamilə müstəqil daxili və xarici siyasət yürüdür, daxili işlərinə bütün müdaxilə cəhdlərini effektiv şəkildə neytrallaşdırır.
Dünya 2020-ci ilin əvvəlində COVID-19 pandemiyasına məruz qaldığı dövrdə Azərbaycan Hərəkatda sədrliyinə məsuliyyətlə yanaşmış və pandemiya nəticəsində yaranmış təhdidlərə vaxtında və adekvat cavab verilməsi üçün ciddi səylər göstərmişdir. Azərbaycan pandemiya ilə mübarizədə qlobal səylərin səfərbər edilməsi üçün bir sıra təşəbbüslər irəli sürüb. Biz 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində onlayn Zirvə Toplantısının keçirilməsi təşəbbüsünü irəli sürmüş və onu təşkil etmişik. Zirvə Toplantısının praktiki nəticəsi olaraq Qoşulmama Hərəkatına üzv dövlətlərin əsas humanitar və tibbi ehtiyaclarını əhatə edən məlumat bazası yaradılmışdır. Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə mübarizədə Qoşulmama Hərəkatına üzv dövlətlərin mövcud ehtiyaclarının təmin edilməsi üçün həmin məlumat bazasından istinad mənbəyi kimi istifadə edir.
Bundan əlavə, Zirvə Toplantısındakı təklifimə əsasən, - bu təklif daha sonra 150-dən artıq ölkənin dəstəyini almışdır, - 2020-ci ilin dekabr ayında BMT Baş Assambleyasının koronavirusla mübarizəyə həsr edilmiş, dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyası təşkil olunmuşdur. Azərbaycan, həmçinin Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə töhfəsi etmişdir ki, onun yarısı Qoşulmama Hərəkatının üzvlərinə birbaşa yardım idi. Bununla yanaşı, koronavirusa qarşı mübarizələrini dəstəkləmək üçün biz Qoşulmama Hərəkatının üzvləri daxil olmaqla, 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı göstərmişik. Azərbaycan təmənnasız olaraq dörd ölkəyə 150 min doza peyvənd ianə etmişdir.
Azərbaycan "peyvənd millətçiliyi"nə və peyvəndlərin zəngin ölkələr tərəfindən öz ehtiyaclarından daha artıq miqdarda alınmasına qarşı narazılığını açıq şəkildə ifadə etməkdədir. Belə hərəkətlər Qoşulmama Hərəkatına üzv ölkələri öz əhalisini qorumaq imkanından məhrum edir. Peyvəndlərə çıxış sahəsində fərq çox böyükdür. Beynəlxalq hesabatlara əsasən, dünyada mövcud olan peyvənd dozalarının 75 faizi 10 zəngin ölkə tərəfindən alındığı halda, aşağı gəlirli ölkələrdə isə peyvəndlənmə 2 faizdən azdır.
Cari ilin mart ayında Azərbaycanın təşəbbüsü əsasında BMT-nin İnsan Hüquqları Şurasında Qoşulmama Hərəkatı adından peyvəndlərə bərabər və universal çıxışın təmin edilməsinə dair qətnamə qəbul edilib. BMT Baş Assambleyasının cari sessiyası çərçivəsində də Azərbaycan eyni mövzuda qətnamə layihəsini irəli sürməyi planlaşdırır və biz sizin dəstəyinizə arxalanırıq.
Xanımlar və cənablar. Təəssüflər olsun ki, beynəlxalq hüququn normaları və beynəlxalq təşkilatların qərarları ilə bağlı ikili standartlar və selektiv yanaşmanın tətbiqi dünyada münaqişələrin ədalətli həllinə mənfi təsir göstərir. Azərbaycan da son 30 il ərzində belə selektiv yanaşmaya məruz qalıb.
Beynəlxalq münasibətlərdə tüğyan edən ikili standartlardan istifadə edən Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq təqribən 30 il ərzində Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxlaya bildi. Həm öz ərazisində, həm də işğal etdiyi Azərbaycan torpaqlarında azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirdi. 1992-ci ilin fevralında Xocalı soyqırımını törədərək yüzlərlə mülki şəxsi, o cümlədən 106 qadın və 63 uşağı qətlə yetirdi. Bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün doğma evlərinə qayıtmaq hüququ da daxil olmaqla, əsas insan hüquqlarını pozdu.
Lakin hərbi təcavüzə və 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən və Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamənin icrasından imtina etməsinə baxmayaraq, Ermənistana qarşı sanksiyalar tətbiq edilmədi. Təcavüzkar dövlətlə işğala məruz qalan dövlət arasında fərq qoyulmadı. Əksinə, Ermənistan işğalı möhkəmləndirir, hərbi cinayətlər törədir, qanunsuz məskunlaşdırma və təbii sərvətlərimizin qeyri-qanuni istismarını həyata keçirir, Azərbaycan xalqının mədəni və dini irsini məhv edirdi.
Cəzasızlıqdan həvəslənən Ermənistan daha da irəliyə gedərək Azərbaycanı yeni torpaqlar uğrunda yeni müharibə ilə hədələyir, dövlət sərhədi və keçmiş təmas xətti boyu hərbi təxribatlara əl atırdı.
2020-ci il sentyabrın 27-də Ermənistan Azərbaycana qarşı genişmiqyaslı hərbi hücum törətdi. Buna cavab olaraq, Azərbaycan Ordusu öz ərazimizdə əks-hücum əməliyyatına başladı və işğal olunmuş torpaqlarımızı azad etdi.
44 günlük Vətən müharibəsi nəticəsində tamamilə məğlub edilmiş Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktını imzalamağa məcbur oldu. Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının yuxarıda qeyd etdiyim qətnamələrinin icrasını təmin etdi, 30 illik münaqişəyə son qoydu və hərbi-siyasi yollarla ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Dağlıq Qarabağ münaqişəsi keçmişdə qaldı.
Qoşulmama Hərəkatına üzv dövlətlər tərəfindən Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin daim dəstəklənməsini yüksək qiymətləndirdiyimizi vurğulamaq istərdik. Vətən müharibəsi zamanı BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvləri olan Qoşulmama Hərəkatının yeddi ölkəsinin bizə verdiyi dəstək olduqca dəyərlidir. Onlar BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrinə istinadın edilmədiyi birtərəfli mətbuat açıqlamasının qəbul edilməsinə imkan vermədilər. Bununla da, həmin ölkələr Qoşulmama Hərəkatının sənədlərindən qaynaqlanan Hərəkatın prinsipial mövqeyinə möhkəm sadiqliyini nümayiş etdirdilər.
İşğal dövründə Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində qəsdən şəhər və kəndləri dağıtmış, bütün mədəni və dini abidələri məhv etmişdir. Ermənistanın məqsədi həmin ərazilərdə əsrlər boyu yaşamış Azərbaycan xalqının izini silmək idi.
Xanımlar və cənablar. Bu il Hərəkata üzv olan dövlətlər yekdilliklə Azərbaycanın sədrlik müddətinin daha bir il - 2023-cü ilin sonuna qədər uzadılması barədə qərar vermişlər. Biz bunu Azərbaycanın Hərəkata uğurlu və səmərəli sədrliyinə verilən qiymətin əlaməti kimi yüksək dəyərləndiririk. Azərbaycan Qoşulmama Hərəkatı çərçivəsində həmrəyliyin bundan sonra da möhkəmləndirilməsi və Hərəkatın siyasi çəkisinin və qlobal nüfuzunun artırılması istiqamətində fəaliyyətinə davam edəcək.
Biz COVID-19-dan sonrakı dövr üçün fikir mübadiləsinin aparılması və Hərəkatın mövqeyinin formalaşdırılması məqsədilə Qoşulmama Hərəkatına üzv dövlətlərin yüksək səviyyəli iclasının keçirilməsini təklif etmişik.
BMT-nin COVID-19-dan sonra Qlobal Bərpa üzrə Yüksək Səviyyəli Panelinin yaradılması təklifinin Qoşulmama Hərəkatı tərəfindən təşviq edilməsi məqsədəuyğun olardı.
Azərbaycan Qoşulmama Hərəkatına üzv dövlətlərin parlamentariləri arasında əməkdaşlığın inkişafı ilə bağlı addımlar atır. Bir həftə bundan əvvəl Azərbaycan sədr kimi Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin təsis iclasını keçirdi. Mən təklif edirəm ki, Qoşulmama Hərəkatına üzv dövlətlər artıq təsisatlanma ideyası üzərində düşünsünlər. Azərbaycan sədr qismində məsləhətləşmələr apararaq, Hərəkata üzv dövlətlərin bununla bağlı mövqeyini öyrənəcəkdir.
Sonda sizi əmin etmək istəyirəm ki, Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan beynəlxalq münasibətlərdəki qlobal çağırışların həlli istiqamətində Hərəkatın rolunun daha da gücləndirilməsi, habelə ədalətin, beynəlxalq hüququn və Qoşulmama Hərəkatına üzv dövlətlərin legitim maraqlarının müdafiəsi istiqamətində səylərini əsirgəməyəcəkdir.
Diqqətinizə görə sağ olun.




AZƏRTAC
10-10-2021, 13:54 | Prezident İlham Əliyev: Hadruta ermənilər İrandan XIX əsrdə köçürülüblər

Sadəcə olaraq, dünya erməniliyi yaşadığı ölkələrdə elə bir yalan rəy yaradıb ki, sanki Ermənistan əhalisi əsrlər boyu burada yaşayıb. Hadruta ermənilər İrandan XIX əsrdə köçürülüblər.
Bunu Prezident İlham Əliyev Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib:
"Azərbaycan ictimaiyyəti yaxşı bilir ki, Hadrut əməliyyatı ilə bağlı Ermənistan mətbuatında yalan informasiyalar kifayət qədər çox idi. Biz artıq Hadrutun ətrafında yerləşən bütün dağları işğalçılardan təmizləyəndən sonra aydın oldu ki, qəsəbənin götürülməsi, sadəcə olaraq, müəyyən zaman tələb edir. Biz az itkilərlə qəsəbəni götürmək əzmində idik və buna da nail olduq. Ermənistan rəhbərliyi və Ermənistan Müdafiə Nazirliyi isə bəyan edirdi ki, Hadrut ermənilərin əlindədir. Guya ki, onlar növbəti dəfə taktiki geriləmə ediblər və indi Hadruta qayıdıblar, Azərbaycan əsgərlərini Hadrutdan çıxarıblar. Bütün bu yalanları müşahidə edərək, sadəcə olaraq, təəccüb edirdim. Çünki açıq-aydın idi ki, Hadrut artıq bizdədir. Mən əmr verdim Hadrutda Azərbaycan bayrağı qaldırılsın ki, ermənilərin bu yalanlarına son qoyulsun. Ancaq ondan sonra - Azərbaycan əsgər və zabitləri bizim dövlət bayrağımızı Hadrutda qaldırıb mənə raport verəndən sonra artıq Ermənistan rəsmi təbliğatı etiraf etdi ki, Hadrut Azərbaycan Ordusunun nəzarətindədir.
Bu, bir daha onu göstərir ki, Ermənistan təbliğatı istər işğal dövründə, istər müharibə dövründə, istərsə də postmüharibə dövründə yalan üzərində qurulub. Onların tarixi də saxtadır, keçmişi də saxtadır, dövlətçiliyi də saxtadır, mifologiyası da saxtadır. Sadəcə olaraq, dünya erməniliyi yaşadığı ölkələrdə elə bir yalan rəy yaradıb ki, sanki Ermənistan əhalisi əsrlər boyu burada yaşayıb. Hadruta ermənilər İrandan XIX əsrdə köçürülüblər. Bunu hamı bilir. O vaxta qədər burada erməni yaşamırdı. Tarixi saxtalaşdıraraq, bu gün də bugünkü reallıqları saxtalaşdırırlar. Müharibə dövründə biz Ermənistan rəsmi orqanlarından nə qədər yalan eşitdik. Onların Müdafiə Nazirliyindən, - yəqin ki, onun adını gərək dəyişdirib yalan nazirliyi qoysunlar, - o qədər yalan, o qədər cəfəng informasiyalar gəlirdi ki, həm biz, həm də beynəlxalq ekspertlər, sadəcə olaraq, təəccüb edirdilər. Hadrutla bağlı bu yalanın dərəcəsi ən pik həddə çatmışdı. Çünki Hadrutun azad edilməsi Ermənistana çox böyük mənəvi-psixoloji sarsıntı yaşatdı".
AZƏRTAC
10-10-2021, 13:52 | Prezident İlham Əliyev: Burada faktiki olaraq əhali yox idi, Hadrutda bəlkə min nəfər yaşayırdı-yaşamırdı

Burada faktiki olaraq əhali yox idi, Hadrutda bəlkə min nəfər yaşayırdı-yaşamırdı
Bunu Prezident İlham Əliyev Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib:
"Qəsəbənin və Xocavənd rayonunun inkişafı ilə bağlı əsas istiqamət kənd təsərrüfatı olacaq - bitkiçilik, heyvandarlıq, üzümçülük. Burada üzümçülük ənənələri olubdur, üzüm üçün çox münbit şərait var. Kənd təsərrüfatı ilə bərabər, bura çox dəyərli turizm mərkəzi olacaq. Çünki Xocavənd rayonunun turizm potensialı çox genişdir. Bura təbiətcə çox zəngin məkandır, hər tərəf dağlar, meşələr, çaylar, cənnətə oxşayan bir yerdir. Tarixi abidələr, körpülər, eyni zamanda, məşhur Azıx mağarası, Tağlar mağarası - bunlar burada yerləşir. Ermənilər Azıx mağarasını da erməniləşdirmək istəmişdilər. Bunların cəfəngiyyatının dərəcəsinə baxın, onlar bəyan edirdilər ki, Azıx mağarasında ermənilər yaşayıblar. Adam bilmir gülsün, yoxsa neynəsin. Azıx mağarasını aşkarlayan da azərbaycanlı arxeoloqlar olmuşlar. O arxeoloqlar böyük tədqiqat işləri aparmışdılar. Ermənilər, sadəcə olaraq, təbliğat üçün dünyanın bir neçə ölkəsindən alimlər gətirərək burada şou yaradırdılar. Demək olar ki, mağaraya böyük ziyan vurublar. Keçən dəfə mən burada olanda o mağaranın girişinə qədər qalxdım. Tarixi abidələrlə zəngin olan bu yerlərdə turizm mərkəzləri, otellər tikmək üçün azərbaycanlı və xarici investorları da dəvət etmək istəyirəm. Çünki dünyada Xocavənd kimi, Hadrut qəsəbəsi kimi gözəl səfalı yerlər çox azdır. Ermənilər Kəlbəcərdəki, Laçındakı və digər yerlərdəki meşələrimizi qırıblar. Kəlbəcər, Laçın, Zəngilan rayonlarında 60 min hektara yaxın meşə sahəsi tamamilə məhv edilib, qırıblar, yandırıblar, Cəbrayılda da, həmçinin, amma burada yox. Ona görə burada təbiət demək olar ki, toxunulmaz qalıb. Bir də ki, burada faktiki olaraq əhali yox idi. Hadrutda bəlkə min nəfər yaşayırdı-yaşamırdı. Əhali yox idi. Ona görə bax, bu bölgənin saf təbiətini biz qorumalıyıq. Vətəndaşlar bura qayıtdıqdan sonra, ilk növbədə, bu təbiətin qorunmasına gərək özləri fikir versinlər və əlbəttə, dövlət də öz üzərinə düşən vəzifələri icra edəcək.
Bizim Xocavənd rayonunun, Hadrut qəsəbəsinin gələcək inkişafı ilə bağlı çox böyük planlarımız var. Biz bu gün bu planların icrasına start verdik. Bu gün xocavəndlilər öz doğma torpaqlarına gəliblər, bundan sonra gəlişlər daha da tez-tez həyata keçiriləcək".
AZƏRTAC
10-10-2021, 13:49 | Prezident İlham Əliyev: Bu gün artıq Hadrutun və ümumiyyətlə Qarabağın yeni dövrü başlayır

Bu gün artıq Hadrutun və ümumiyyətlə Qarabağın yeni dövrü başlayır.
Bunu Prezident İlham Əliyev Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib:
"Əziz dostlar, bu gün Hadrut qəsəbəsinin işğaldan azad olunmasının birinci ildönümüdür. Sizi və bütün Azərbaycan xalqını bu münasibətlə ürəkdən təbrik edirəm. Bu günü sizinlə birlikdə burada - Hadrutda qeyd etmək, hesab edirəm ki, xüsusi məna daşıyan hadisədir. Biz uzun fasilədən sonra Hadruta - Xocavəndə qayıtmışıq. Döyüşərək, qan tökərək, şəhidlər verərək qayıtmışıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin, onların qanı, canı bahasına, hərbçilərimizin şücaəti, qəhrəmanlığı hesabına biz tarixi ədaləti bərpa etdik, işğalçıları doğma torpaqlarımızdan qovduq və doğma torpaqlarımıza qayıtdıq. Bu gün artıq Hadrutun və ümumiyyətlə Qarabağın yeni dövrü başlayır.
Hadrut əməliyyatı İkinci Qarabağ müharibəsindəki əməliyyatlar sırasında xüsusi əhəmiyyət daşıyan əməliyyatdır. Həm hərbi nöqteyi-nəzərdən, həm strateji nöqteyi-nəzərdən bu əməliyyatın çox böyük əhəmiyyəti var idi. Bu əməliyyatın uğurla başa çatması bizə imkan verdi ki, öz hədəfimizə - Qarabağın azad edilməsinə nail olaq. Hadrutun yerləşməsi bu bölgədə strateji nöqteyi-nəzərdən xüsusi əhəmiyyətə malikdir, çünki dağlıq ərazidir. Qəsəbə ətrafında yerləşən təpələr böyük əraziyə nəzarət etməyə imkan verir və Hadrutu götürmək hərbi nöqteyi-nəzərdən çox çətin idi. Eyni zamanda, Hadrutu götürməklə bizim gələcək planlarımız üçün yeni imkanlar açıldı. Onu da bildirməliyəm, baxmayaraq ki, müharibə zamanı Ermənistan ordusunda on mindən çox fərari olmuşdur və bəzi yaşayış məntəqələrindən onlar tələm-tələsik qaçaraq çıxmışdılar, amma Hadrutda dirəniş göstərdilər, müqavimət göstərdilər və burada gedən şiddətli döyüşlər bir neçə gün davam etmişdir. Buna baxmayaraq, Azərbaycan əsgəri, zabiti qarşısında onlar öz acizliyini dərk edərək burada da məğlubiyyətə uğradılar".
AZƏRTAC
10-10-2021, 13:45 | Prezident İlham Əliyev: Hayastan fondu ilə otuz il ərzində bəlkə də ən azı bir neçə milyard pul yığılıbdır və o pulun taleyi məlum deyil

Ermənistan rəhbərliyi, onun keçmiş oğru rəhbərliyi, sadəcə olaraq, dünyanın zəngin ermənilərini aldadaraq, marafonlar düzəldərək o pulları cəlb edib özləri üçün bildikləri kimi xərcləyiblər.
Bunu Prezident İlham Əliyev Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib:
"Hadrut qəsəbəsinə baxdıqda hər kəs bir daha görür ki, ermənilər bu torpaqları özləri üçün doğma torpaq saymırdılar. Çünki baxın, nə gündədir Hadrut. Siz Hadrutu tanıyırsınız, burada yaşamısınız, olmusunuz, yaxın kəndlərdə də yaşamışınız, burada bir neçə kəndin nümayəndələri var. Burada demək olar ki, 30 il ərzində heç nə dəyişilməyib, hərbçilər üçün iki bina tikilmişdi, bir məktəb də təmir olunmuşdu. Qalan bütün binalar necə var idi, elə də qalıb. Yəni, kütləvi səfalət hökm sürüb, bir daş daş üstünə qoyulmayıb. Görün yollar, binalar nə gündədir. Bəzi binalarda ümumiyyətlə insan necə yaşaya bilər, böyük sualdır. Sual olunur, bəs 30 il ərzində Ermənistan dövləti xarici ermənilərdən milyonlarla pul alıb. Onlar hər il marafon düzəldirdilər, hər il təqribən yüz milyon dollardan çox pul yığılırdı. Onu vurun 30 ilə, görün təxminən nə qədər pul edir. Mən indi bütün bu bölgələrə gedirəm - Hadrutda da, Hadrutun kəndlərinin bir çoxunda da, Xocalının Çanaqçı, Sığnax kəndlərində də olmuşam. Azıx olsun, Tuğ olsun, Susanlı olsun və başqa kəndlər - hamısı bərbad vəziyyətdədir. İndi bizim inşaatçılar bəzi kəndlərə gedirlər, təhlil aparırlar ki, binaların 95 faizi yararsız vəziyyətdədir. Bəs, yığılan bu milyardlar hara gedib? Deməli, Ermənistan rəhbərliyi, onun keçmiş oğru rəhbərliyi, sadəcə olaraq, dünyanın zəngin ermənilərini aldadaraq, marafonlar düzəldərək o pulları cəlb edib özləri üçün bildikləri kimi xərcləyiblər.
Onların böyük bir fondu var, adı Hayastandır. Bilməyənlər üçün deyə bilərəm ki, Hayastan, əslində, Ermənistan deməkdir. Bilmirəm nəyə görə ingilis dilində, rus dilində Hayastana Armenia deyirlər, çünki ermənilər özlərini hay adlandırırlar, öz ölkəsini Armenia yox, Hayastan adlandırırlar. Bu tarixçilərin işidir. Mən bunun səbəbini bilirəm, amma yəqin ki, gərək Azərbaycan tarixçiləri də daha dolğun tədqiqatlar aparsınlar. Yəni, bu Hayastan fondu dediyim kimi, bəlkə də bir neçə milyard pul yığmışdır. Həmçinin Amerikada yaşayan zəngin ermənilər öz xüsusi fondlarını yaradıblar, öz ailə üzvlərinə aid fondlar yaradıblar. Otuz il ərzində bəlkə də ən azı bir neçə milyard pul yığılıbdır və o pulun taleyi, necə deyərlər, məlum deyil. Çünki azad edilmiş bütün yerlərə baxdıqda, hətta erməni əhalinin yaşadığı yerlərə baxdıqda, orada heç bir inkişafın əsər-əlaməti yoxdur. Görün Şuşa nə gündədir. Onlar Şuşanı bütün dünyaya öz şəhəri kimi qələmə verməyə çalışırdılar, bu gün də çalışırlar. Əgər sənin şəhərindirsə, niyə bu gündədir?! Şuşada bir dənə də yeni bina yoxdur. İki yeni bina var. Biri separatçıların rəhbərlərinə məxsusdur, biri də xaricdə yaşayan başqa bir zəngin erməniyə. Özü də villalardır, öz şəxsi evləridir. Bir dənə də bina yoxdur. Şuşadakı 17 bulağın, 17-si də qurudulub. Yaxşı, bu, sənin şəhərindirsə, niyə bu gündədir?!"
AZƏRTAC
10-10-2021, 13:43 | Prezident İlham Əliyev Tuğ kəndində ictimaiyyət nümayəndələri ilə səmimi söhbət edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 9-da Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə birlikdə Tuğ kəndində olub.
Dövlətimizin başçısı Tuğ kəndini gəzib və ictimaiyyət nümayəndələri ilə söhbət edib.
Prezident İlham Əliyev: Tuğ kəndinə xoş gəlmisiniz.
Sakinlər: Çox sağ olun.
Prezident İlham Əliyev: Görün, nə günə salıblar.
Sakin: Bəli, bu bina 1961-ci ildə tikilib.
Prezident İlham Əliyev: Bu, mədəniyyət evi olub?
Sakin: Bəli, burada Ağa bəy Məlikaslanovun mülki olub.
Digər sakin: Çox gözəl asfalt yol da çəkilib, məəttəl qalası işdir, qısa müddətdə elə bil ki, biz başqa bir kəndə gəlmişik.
Prezident İlham Əliyev: Yox, hələ bu, müvəqqətidir. Əsaslı işlər bundan sonra görüləcək. Amma evləri görürsünüz, bütün evlər yarıdağılmış vəziyyətdədir.
Sakin: Bizim evi yandırıblar, o tərəfdədir. Azərbaycanlıların evlərini yandırıblar.
Prezident İlham Əliyev: Bu, məktəb olub?
Sakin: Bəli, məktəb, yanında da bağça.
Digər sakin: Cənab Prezident, mən bu məktəbdə oxumuşam. Bura da mənim babamın evidir. Baxın, bu həyət mənim babamındır. Buradan buraya məktəbə gəlmişəm. O da Sadıq bəyin evidir. Bu, Mahmud bəy Məlikaslanovun evidir.
Prezident İlham Əliyev: Hansı? Bu?
Sakin: Bəli, bu ev. Ermənilər onu sökməyiblər, yaşayırdılar.
Digər sakin: Cənab Prezident, burada məktəb 1885-ci ildə olub.
Prezident İlham Əliyev: Bilirəm, bu, qədim məktəbdir.
Sakin: Sizin Sərəncamınızla 2010-cu ildə məktəbin 125 illiyini qeyd etmişik. Məktəb işğal dövründə ermənilər tərəfindən dağılıb. Bayaq bir söz dediniz, burada bulaqlar da quruyub. Bax, bu bulaq quruyub.
Prezident İlham Əliyev: Hamısı quruyub.
Sakinlər: Bəli, bulaq var idi quruyub.
Prezident İlham Əliyev: Burada da bulaq var idi?
Sakinlər: Yuxarıdakı bulaq quruyub. Bunlar nə gündə yaşayıblar. İndi buna baxsınlar, təkcə ermənilər deyil, onları müdafiə edənlər də utansınlar.
Prezident İlham Əliyev: Elə mən də onu deyirəm. Buranın xüsusi bir iqlimi var. Buraya gəlirsiniz, heç bir səs də yoxdur. Mən birinci dəfə gələndə baxırdıq, tamaşa edirdik, quşlar oxuyur, güllər, sakitlik. Elə bil ki, cənnət bir yerdir.
Sakin: Cənab Prezident, Siz abidələrə xüsusi diqqət yetirirsiniz. Xocavəndin bir hissəsində "Dədə Qorqud" dastanında adı çəkilən Qaraca Çobanın qəbri var. Qaraçuğ dağı var. Dastanda Salur Qazandan danışılanda "Qaraçuğun aslanı" adı keçir. Onun qəbri bu ərazidədir, Nərgiztəpədə. Onu qoruyub saxlamışdıq. O vaxt onları vermədik.
Prezident İlham Əliyev: O bizdədir.
Sakin: Ulu Öndər saxladı, 1994-cü ilə aprel ayının 10-da. Çox müqəddəs gün idi.
Prezident İlham Əliyev: Bilirəm, gəlmişik.
Qadın sakin: Cənab Prezident, buranı qədim irs kimi qorumaq lazımdır.
Prezident İlham Əliyev: Tuğun, ümumiyyətlə, bərpa konsepsiyası ayrıca hazırlanır. O, sonra təqdim olunacaq.
Bütün bunları da dağıdıblar. Yəqin bunlar azərbaycanlıların evləri olub.
Sakinlər: Azərbaycanlıların evləri idi. Dağılan evlərin hamısı azərbaycanlılarındır. Cənab Prezident, bu aşağıdakı ev mənim müəllimimin evi idi. Həmin müəllim sovet-alman müharibəsində döyüşmüş, partizanlara qoşulmuş, haqqında hətta Fransa Prezidentinin məktubu, təşəkkürnaməsi olan bir müəllim idi.
Prezident İlham Əliyev: Məktəb aşağıdakıdır? Sonra tikilmişdi.
Sakin: Ulu Öndər 1969-cu ildə gələndən sonra keçmiş Dağlıq Qarabağın bütün Azərbaycan yaşayış məntəqələrində ən müasir tipli məktəblər, mədəniyyət evləri tikilib. Ona qədər məktəblər çox bərbad vəziyyətdə idi.
Digər sakin: Üzr istəyirəm, cənab Prezident. Mən şairəm və Siz mənə "Azərbaycanın Əməkdar jurnalisti" adını vermisiniz. Mənim bu günlərdə yazdığım şeirin son bəndi belədir:
Xoşbəxtliklə dolub indi baxışlar,
Zəfər yaşadır bu anları.
Bizim dilimizdən qopan alqışlar,
Sizə duaçıdır azərbaycanlılar.
Prezident İlham Əliyev: Çox sağ olun. Gəlin şəkil çəkdirək.
Sakin: Möhtərəm Prezident, fikir verirsiniz, bax, o üstdəki ev təzə tikilib.
Prezident İlham Əliyev: Bəli.
Sakin: Qıraqdakıların hamısını xaçlarla dəyişdiriblər. O köhnə daşlarla uyğun gəlmir. Fikir verirsiniz?
Prezident İlham Əliyev: Hünərli kəndindəki, keçmiş Çakuri kəndindəki kilsəni, həmçinin. Onlar onun giriş hissəsini yeni daşlarla "bəzəyiblər", hamısı da saxta.
Sakinlər: Tarixboyu elə ediblər. Ancaq bunu sübut etmək çox da çətin deyil, şəkillər var.
Prezident İlham Əliyev: Alimləri, beynəlxalq ekspertləri gətirəcəyik.
Sakin: Təşəkkür edirik. Lahıc çox gözəl bərpa olunub, bir muzey kimi bərpa olunub.
Prezident İlham Əliyev: Basqal kəndi də qədim kənddir. Mən göstəriş vermişəm, xüsusi Sərəncam da imzalandı. Ora da belə tarixi-mədəni abidə kimi qorunacaq. Tuğ da o səviyyəli, yəni, tarix baxımından çox qədim və önəmli bir yerdir.
Sakinlər: Çox sağ olun, cənab Prezident.
Sakin: Baxın, buradan bizim o məzarlıqda ağac görünür, o ağacın altında "Qarabağnamə"nin ilk müəlliflərindən biri Mirmehdi Xəzani dəfn olunub.
Prezident İlham Əliyev: Ora qəbiristanlıqdır?
Sakin: Bəli. Azərbaycanlıların qəbiristanlığıdır. Cənab Prezident, biz təxminən iki ay əvvəl orada olduq. Bizim dədə-baba qəbirlərimizdən heç nə qalmayıb. Daşların hamısını götürüb aparıblar, çətin tapırdıq. Şükür Allaha ki, Mirmehdi Xəzaninin məzarı hələ qalıb.
Digər sakin: Cənab Prezident, bu bölgələrdə Qafqazın qiymətli suya malik bulaqları var.
Prezident İlham Əliyev: Yəqin ki, sonra burada istehsalat sahələri də yaradılacaq - təmiz su istehsalı. Bu tarixi binaların hamısı konservasiya olunacaq. Yol da çəkilir, hava limanı da var.
Sakin: Gözəl yollar çəkilir.
Prezident İlham Əliyev: Burada turizm yerləri, sanatoriyalar yaradılacaq. Cənnət kimi bir yer olacaq. Görəcəklər ki, torpaq sahibinin əlində olanda cənnətə dönür.
Sakin: Buraya çoxlu insanlar gələcək. Bu, elə-belə kənd deyil. Buradan çıxan adamlar çoxdur. İşğala qədər Tuğun əhalisi 4800 nəfər olub. Sizə deyim ki, bəlkə də bir üç o qədər də buradan xaricə gedib. Özü də buranın camaatı da çox savadlı olub.
Prezident İlham Əliyev: Savadlı insanlar olublar. Mədəni mərkəz olub. Adi kənd deyil, tarixini bilirəm.
Sakin: Buranın tutu Şax tut adlanır. Bu tutun çox nadir, müalicəvi təsiri var.
Prezident İlham Əliyev: Ümumiyyətlə, bu bölgənin xüsusi təbii gözəlliyi və saflığı var. Məsələn, yəqin ki, görmüsünüz, Kəlbəcərdə mənə iki pətək bal bağışladılar. Təbii çiçək qoxusu verir. Necə deyərlər, nadir təbii bərəkət var. Sudur, havadır.
Sakin: Fəxr edirdik ki, bizim Prezidentimiz ensiklopedik məlumata malikdir. Biz fəxr edirik ki, xarici jurnalistlərlə onların öz dilində onlardan da yaxşı danışırsınız. Rəhmətlik Heydər Əliyev çıxış edirdi, - Allah ona qəni-qəni rəhmət eləsin, - mənim anam bütün günü ona baxırdı. Deyirdi ki, çox savadlı, həm də yaraşıqlıdır. İndi Sizin o çıxışlarınız, duruşunuz, qəhrəman cüssəniz millətə ümid verir, onu yaşadır.
Prezident İlham Əliyev: Sağ olun, salamat qalın, tez-tez görüşəcəyik burada. Tədbirlər çox olacaq, açılışlar çox olacaq, görüşəcəyik sizinlə.
Sakinlər: İnşallah, sağ olun, var olun. Allah Sizə cansağlığı versin. Çox sağ olun.
AZƏRTAC











10-10-2021, 13:38 | Prezident İlham Əliyev: Azərbaycan xalqı bizə inandı və tam əmin idi ki, biz tarixi Qələbə qazanacağıq və belə də oldu

Zəfərdən danışarkən, əlbəttə ki, biz xalqımızın həmrəyliyini qeyd etməliyik. Çünki Azərbaycan xalqı Ordumuzun arxasında dayandı, mənim arxamda dayandı, bizə inandı və tam əmin idi ki, biz tarixi Qələbə qazanacağıq və belə də oldu.
Bunu Prezident İlham Əliyev Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib:
"Azərbaycan tarixi Zəfər çaldı. Bu müharibə haqqında hələ çoxlu kitablar, məqalələr yazılacaq, müharibə iştirakçıları öz xatirələrini bölüşəcəklər. Ancaq mən bütün bu işlərə rəhbərlik edən şəxs kimi, Ali Baş Komandan kimi bir daha gördüm Azərbaycan xalqı nə qədər böyük xalqdır. Biz təmas xəttinə yaxın olan bölgələrdə sığınacaqlar yaratmaqla bağlı tədbirlər keçirəndə vətəndaşlar özləri gəlib kömək göstərirdilər. Ordumuzun təchizatı tam təmin edilmişdi, heç bir ehtiyac yox idi. Amma vətəndaşlar özləri gəlib kömək göstərməyə can atırdılar. Səfərbərliklə bağlı hərbi komissarlıqların qabağında minlərlə gənc könüllü olaraq döyüşə getmək istəyirdi. Bəzilərinə deyilirdi ki, ehtiyac yoxdur, inciyirdilər. Mənə nə qədər məktub gəldi ki, məni qoymurlar gedim, Ali Baş Komandan, xahiş edirəm mənə icazə verin. Yaralılar yaraları sağalmadan durub döyüşə gedirdilər. Bir nəfər də olsun fərari olmamışdır, bir nəfər də. Baxın, biz 44 gün döyüş apardıq, özü də bəzi döyüşlər çox ağır idi, xüsusən də birinci mərhələdə, təmas xəttini yarmaq lazım olanda ölümə gedirdilər bizim vətəndaşlar. Məhz Qələbənin səbəbi budur.
Əlbəttə, bütün başqa amillərlə bərabər, hazırlıq sistemli xarakter daşımışdı. Uzunmüddətli hərtərəfli hazırlıq işləri gedirdi - iqtisadi, beynəlxalq münasibətlər, ordu quruculuğu sahələrində, vətənpərvərlik, düşmənə nifrət hissi aşılanırdı gənclərimizə. Bu hazırlıq nəticədə belə möhtəşəm Qələbəyə gətirib çıxardı ki, bütün Azərbaycan xalqı, Azərbaycanda yaşayan, xaricdə yaşayan milyonlarla azərbaycanlı bu gün fəxr edir, haqlı olaraq fəxr edir, hamımız fəxr edirik".
AZƏRTA

















