8-02-2024, 08:45 | Azərbaycan Prezidenti seçkiləri İtaliya mətbuatının diqqət mərkəzində olub

İtaliyanın aparıcı kütləvi informasiya vasitələri fevralın 7-də keçirilən növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərini geniş işıqlandırıb.
"Rai" televiziya kanalı və "La Repubblica" qəzeti, eləcə də "Agenzia Nova", "Askanews", "Notizie Tiscali", "In20righe" kimi mətbuat orqanları gün ərzində seçki prosesi barədə məlumatlar yayımlayıb. Yazılarda seçkilərdə 7 namizədin qeydə alındığı, ölkə ərazisində 6,3 min seçki məntəqəsinin fəaliyyət göstərdiyi və 6,5 milyon nəfərin səsvermə hüququna malik olduğu diqqətə çatdırılıb. Qeyd olunub ki, işğaldan azad edilən ərazilərimizdə seçki məntəqələri yaradılıb, 30 illik fasilədən sonra Azərbaycanın bütün ərazisində ilk seçkilər keçirilib. Seçki prosesini 72 beynəlxalq təşkilatı və 89 ölkəni təmsil edən 790 beynəlxalq müşahidəçi və 90 minədək yerli müşahidəçi izləyib.
Məlumatlarda Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvlərinin Xankəndi şəhərindəki seçki məntəqəsində səs verdikləri vurğulanır. 2020-ci ildəki 44 günlük Vətən müharibəsindən sonra əldə olunan Qələbə və ötən il Azərbaycanın ərazi bütövlüyünü tam bərpa etməsinin əhəmiyyəti qeyd olunur, qalib xalqımızın qalib liderinə səs verdiyi bildirilir. İlkin nəticələrə görə, dövlətimizin başçısı İlham Əliyevin səslərin 92,1 faizini topladığı və seçkilərdə qalib gəldiyi diqqətə çatdırılır.
Yazılarda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Macarıstanın Baş naziri Viktor Orban və digər dövlət və hökumət başçılarının Prezident İlham Əliyevi seçkilərdəki inamlı qələbəsi münasibətilə təbrik etdiyi vurğulanır.
Trend1
8-02-2024, 08:15 | Ərdoğan İlham Əliyevi təbrik etdi

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 7-də Azərbaycanda keçirilən seçkilərdən inamlı qələbə qazanması münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
AZƏRTAC-a istinadən bildirir ki, məktubunda dövlətimizin başçısına türk milləti və şəxsən öz adından səmimi təbriklərini çatdıran Rəcəb Tayyib Ərdoğan qeyd edib: "Zati-alinizin uğurlu liderliyi ilə Azərbaycanın əmin addımlarla əldə etdiyi inkişaf, bütün torpaqlarını işğaldan azad etməsi və beynəlxalq aləmdə getdikcə artan nüfuzu bizim üçün daim qürurverici olub.
Türkiyə ilə Azərbaycan arasında "Sevincdə və kədərdə birlik" ilə "Bir millət, iki dövlət" şüarları zəminində formalaşan qardaşlıq və həmrəylik əlaqələri Şuşa Bəyannaməsi ilə münasibətlərimizin güclü əsasını təşkil etməyə davam edəcəkdir.
Qardaş Azərbaycan xalqı tərəfindən yenidən lider seçilməyinizin təkcə ölkələrimiz arasındakı bənzərsiz münasibətlər baxımından deyil, bölgəmizin uzun illərdir ehtiyac duyduğu sülh və sabitliyin bərqərar olması baxımından da böyük bir nailiyyət olduğunu düşünürəm.
Bu baxımdan müzəffər lider kimi seçkiləri uğurla başa vurmağınızdan sonra böyük əmək sərf etdiyiniz Ermənistanla müzakirələrin də sülh müqaviləsinin imzalanması ilə nəticələnəcəyinə ümid edirəm".
Türkiyə Prezidenti seçkilərdə zəfərin həm qardaş Azərbaycan xalqı, həm də bölgə üçün xeyirli olmasını diləyib, dövlətimizin başçısına ali vəzifəsində müvəffəqiyyətlər arzulayıb.
8-02-2024, 08:14 | Ərdoğan İlham Əliyevə zəng edib

Fevralın 7-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Türkiyə Prezidenti İlham Əliyevi prezident seçkilərində inamlı qələbə qazanması münasibətilə səmimi-qəlbdən təbrik edib, ölkəmizin daha da inkişaf etdirilməsi və xalqımızın rifahı naminə prezidentlik fəaliyyətində ona yeni uğurlar arzulayıb. Rəcəb Tayyib Ərdoğan dövlətimizin başçısının rəhbərliyi ilə Vətən müharibəsində Azərbaycanın qələbə çalmasının və suverenliyimizin tam bərpa olunmasının böyük önəm daşıdığını bir daha vurğulayıb, bu xüsusda Azərbaycanda prezident seçkilərinin bütün ölkə ərazisində keçirilməsi münasibətilə də təbriklərini çatdırıb.
Dövlətimizin başçısı göstərilən diqqətə və təbrikə görə təşəkkürünü bildirib.
Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycan-Türkiyə dostluq, qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin bütün sahələrdə gələcəkdə də inkişaf edəcəyinə və möhkəmlənəcəyinə, "bir millət, iki dövlət" prinsipi əsasında ölkələrimizin və xalqlarımızın bundan sonra da çiyin-çiyinə irəli gedəcəklərinə əminliklərini ifadə ediblər.
Telefon söhbəti zamanı əməkdaşlığımızın perspektivləri barədə fikir mübadiləsi aparılıb.
AZƏRTAC
23-01-2024, 15:31 | "Azərbaycan AŞPA-dakı fəaliyyətini dayandırarsa, itirən yalnız bu qurumun özü olacaq"

Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycanın haqq səsini susdurmaq təşəbbüsü ölkəmizə qarşı düşmənçilik və qisas hissinin növbəti təzahürüdür.
Bunu AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Sahil Kərimli söyləyib.
O deyib ki, Azərbaycan suverenliyini tam bərpa etdikdən və Cənubi Qafqazda yeni reallıqlar yaratdıqdan sonra bu qərəzli cəhdlər daha aktiv fazaya keçib.
Ətraflı
"Bu bir reallıqdır ki, Azərbaycan torpaqları 30 ilə yaxın işğal dövründə talanarkən, bir milyona yaxın məcburi köçkünün hüquqları tapdalanarkən AŞPA heç bir əməli addım atmayıb. Halbuki Azərbaycan AŞPA-ya tapdanmış hüquqlarının bərpası, beynəlxalq hüququn təmin edilməsi məqsədilə üzv olmuşdu. Amma AŞPA bu illər ərzində ölkəmizə heç bir kömək göstərmədi, erməni işğalının aradan qaldırılması, yüz minlərlə azərbaycanlının öz evlərinə qayıtmaq hüququnun təmin edilməsi istiqamətində konkret addımlar atılmadı", - deyə S.Kərimli diqqətə çatdırıb.
Siyasi şərhçi vurğulayıb ki, AŞPA və digər ona bənzər beynəlxalq qurumların görməli olduğu işi Azərbaycan dövləti öz gücü və qüdrəti hesabına reallaşdırıb. Təəssüf ki, işğalçı Ermənistan bu gün də müdafiə olunur, suverenliyini bərpa edən Azərbaycana qarşı cəfəng iddialar irəli sürülür. Bu siyasət ikili standartların, qərəzli və riyakar yanaşmanın ən bariz nümunəsidir. Şübhəsiz ki, AŞPA-da Azərbaycan əleyhinə səsləndirilən fikirlər açıq-aşkar qisas cəhdidir.
"Həmin qüvvələr əmin ola bilərlər ki, həmişəki kimi, bu dəfə də heç nə əldə edə bilməyəcəklər. Azərbaycan dövləti milli və müstəqil maraqlara əsaslanan qətiyyətli, eyni zamanda, tam ədalətli mövqeyindən bir addım da geri çəkilməyəcək. Əgər proseslər bir qədər də gərgin müstəviyə keçərsə, Azərbaycan AŞPA-dakı fəaliyyətini dayandırmaq barədə düşünə bilər. Ümumiyyətlə, dünyada nüfuzunu durmadan itirən riyakar bir quruma üzvlük böyük sual altındadır. Azərbaycan AŞPA-dakı fəaliyyətini dayandırarsa, itirən yalnız bu qurumun özü olacaq. Bir vacib məqam da budur ki, Azərbaycan Avropanın əsas enerji təminatçılarından biridir. Ölkəmiz Cənubi Qafqazda yeganə güc sahibidir. AŞPA-da və ya Avropanın digər siyasi dairələrində oturub Azərbaycana qarşı düşmənçilik edənlər anlamalıdırlar ki, belə davam edəcəkləri təqdirdə, bölgəmizdəki tərəfdaşlarını itirəcəklər.
AŞPA təmsilçiləri Azərbaycanın səsini dondurmaq təklifi edə bilərlər, amma bu bədnam siyasətçilər Azərbaycanın haqq səsini susdurmağı heç zaman bacarmayacaqlar", - deyə Sahil Kərimli fikirlərini yekunlaşdırıb.
23-01-2024, 14:46 | İslam ölkələrində “Şuşa günləri” keçiriləcək

İslam ölkələrində "Şuşa günləri" keçiriləcək.
, Nazirlər Kabinetinin sərəncamı ilə təsdiqlənən Şuşa şəhərinin 2024-cü il üçün "İslam dünyasının mədəniyyət paytaxtı" elan edilməsi ilə bağlı Tədbirlər Planında əksini tapıb.
Tədbirlər Planına əsasən, 2024-cü il ərzində Mədəniyyət Nazirliyi, Xarici İşlər Nazirliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi İslam ölkələrində "Şuşa günləri"nin keçirilməsi və tədbirdə folklor incəsənət qruplarının, Qarabağ xalçalarının, foto və rəsm əsərlərinin, videoçarxların nümayişi, kitab təqdimatlarının keçirilməsini təmin etməlidir
5-01-2024, 13:23 | Prezident: Etnik-dini müxtəlifliyi dövlətçiliyimizin misilsiz nailiyyəti kimi qiymətləndiririk

Zəngin tolerantlıq ənənələri ilə tanınan Azərbaycanda ayrı-ayrı xalqların və dinlərin mənsubları yüz illərdir ki, əmin-amanlıq, qarşılıqlı hörmət və etimad şəraitində yaşayırlar. Biz cəmiyyətimizin üstün keyfiyyətlərindən olan etnik-dini müxtəlifliyi dövlətçiliyimizin misilsiz nailiyyəti kimi qiymətləndirir, ölkəmizdə hökm sürən demokratik birgəyaşayış mühitinin qorunub saxlanılmasını, humanizm və dözümlülük prinsiplərinə əsaslanan mütərəqqi ictimai dəyərlərin təbliği və təşviqini dövlət siyasətimizin prioritet istiqamətlərindən biri hesab edirik.
Respublica.Az AZƏRTAC-a istinadən bildirir ki, bu fikir Prezident İlham Əliyevin Azərbaycanın pravoslav xristian icmasına təbrik məktubunda yer alıb.
"Təqdirəlayiq haldır ki, xristian həmvətənlərimiz nümunəvi dövlət-din münasibətlərinin yaratdığı geniş imkanlardan yararlanaraq özünəməxsus adət-ənənələri, dil və mədəniyyəti yaşadır, ölkəmizdə həyata keçirilən böyük quruculuq işlərində, ictimai-siyasi həyatımızın bütün sahələrində digər etiqadların nümayəndələri ilə birlikdə yaxından iştirak edirlər", - deyə dövlətimizin başçısının təbrikində qeyd olunub.
Respublica.Az
5-01-2024, 13:21 | İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını təbrik edib

Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını təbrik edib.
Respublica.Az AZƏRTAC-a istinadən bildirir ki, təbrik məktubunda deyilir:
"Hörmətli həmvətənlər!
Milad bayramı münasibətilə Azərbaycanın bütün xristian icmasını ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm.
Zəngin tolerantlıq ənənələri ilə tanınan Azərbaycanda ayrı-ayrı xalqların və dinlərin mənsubları yüz illərdir ki, əmin-amanlıq, qarşılıqlı hörmət və etimad şəraitində yaşayırlar. Biz cəmiyyətimizin üstün keyfiyyətlərindən olan etnik-dini müxtəlifliyi dövlətçiliyimizin misilsiz nailiyyəti kimi qiymətləndirir, ölkəmizdə hökm sürən demokratik birgəyaşayış mühitinin qorunub saxlanılmasını, humanizm və dözümlülük prinsiplərinə əsaslanan mütərəqqi ictimai dəyərlərin təbliği və təşviqini dövlət siyasətimizin prioritet istiqamətlərindən biri hesab edirik.
Təqdirəlayiq haldır ki, xristian həmvətənlərimiz nümunəvi dövlət-din münasibətlərinin yaratdığı geniş imkanlardan yararlanaraq özünəməxsus adət-ənənələri, dil və mədəniyyəti yaşadır, ölkəmizdə həyata keçirilən böyük quruculuq işlərində, ictimai-siyasi həyatımızın bütün sahələrində digər etiqadların nümayəndələri ilə birlikdə yaxından iştirak edirlər.
Əziz həmvətənlər!
Milad bayramı yeniliyi, paklığı, mərhəmət və xeyirxahlıq kimi ülvi hissləri özündə təcəssüm etdirir. Bu əziz gün münasibətilə bir daha hamınıza bayram təbriklərimi yetirir, ailələrinizə səadət, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram.
Bayramınız mübarək olsun!"
Respublica.Az
29-12-2023, 14:20 | "Tədris müddəti qısadır, müzakirələrə başlamalıyıq"

Tədris günlərinin sayı ilə akademik nəticələr arasında çox sıx əlaqə var.
Respublica.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev AZTV-yə müsahibəsində deyib.
Nazir qeyd edib ki, Azərbaycanda tədris günlərinin sayı elə də çox deyil.
"Tədris müddətimiz uzun deyil. Bu uzun müddətli islahat istiqaməti ola bilər. Cəmiyyətdə belə müzakirələr çoxdur. Biz təhsili məişət səviyyəsində saxlayıb, o səviyyədə də müzakirə aparsaq, elə bu səviyyədə də qalacaq.
Anlamalıyıq ki, tədris müddəti ilə akademik nəticə arasında əlaqə var. Bu istiqamətdə müzakirələrə başlamalıyıq. Ən ağrılı yerimiz ictimai müzakirənin keyfiyyətidir. İlk növbədə problemi qəbul etməliyik. Məsələn, bizdə tədris müddəti qısadır və bu problemdir", - deyə E. Əmrullayev bildirib.
Respublica.Az
29-12-2023, 05:56 | Əli Əsədovdan yeni qərar...

Radiotezliklərin müddətli ayrılmasına keçid ilə əlaqədar olaraq, radiotezlik istifadəçilərinə vurulan zərərə görə kompensasiyanın verilməsi şərtləri və mexanizmi təsdiq edilib.
Respublica.Az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, Kompensasiya Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Dövlət Radiotezliklər İdarəsinin hesabına maliyyələşdiriləcək. Ayrılmış radiotezliklərin (radiotezlik zolaqlarının) qüvvədə olan tezlik zolaqlarının ayrılması cədvəlinə və radiotezliklər spektrinin perspektiv istifadə planına uyğunlaşdırılması məqsədilə Azərbaycan Respublikasının Radiotezliklər üzrə Dövlət Komissiyası tərəfindən müvafiq qərar qəbul edilir.
Dövlət Komissiyasının qəbul etdiyi qərar 10 iş günü müddətində keçid ilə əlaqədar radiotezlik istifadəçisinə vurulan zərərə görə kompensasiyanın məbləğinin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə göndərilir.
Radiotezlik istifadəçisinə vurulan zərərə görə kompensasiyanın məbləği Nazirlik tərəfindən müəyyən edilir. Nazirlik kompensasiya məbləğini müəyyən etmək üçün
Aşağıdakı tədbirləri həyata keçirir:
- radiotezlik istifadəçisi tərəfindən istifadə edilən radiotezliklərdə (radiotezlik zolaqlarında) istifadə olunan dövlətqeydiyyatında olan radioelektron vasitələrinin mövcudluğu və onların sayı haqqında məlumat toplayır və təhlil edir;
- radioelektron vasitələrin bazar qiymətləri və amortiza-siyası haqqında məlumat toplayır və təhlil edir;
- radiotezlik istifadəçisinə ödəniləcək kompensasiya ilə əlaqədar müzakirələr aparır;
- razılaşma əldə edilmədikdə və ya kompensasiya məbləğinin müəyyən edilməsində əlavə mütəxəssis rəyinə ehtiyac
yarandıqda, radiotezlik istifadəçisinin hesabına müstəqil qiymətləndirici cəlb edir;
- radiotezlik istifadəçisi tərəfindən istifadə edilən radiotez-liklərdə (radiotezlik zolaqlarında) işləyən radioelektron vasitələri,
onların sayı, bazar qiymətləri, amortizasiyası haqqında toplanılmış məlumatları təhlil edir və vurulmuş zərər üzrə ödəniləcək
kompensasiyanın məbləğini müəyyən edir.
Dövlət Komissiyasının qərarı qeydiyyata alındığı tarixdən 30 iş günü müddətində qiymətləndirmə təşkil olunur.
Respublica.Az
28-12-2023, 15:44 | Ceyhun Bayramov mətbuat konfransı keçirir

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində 2023-cü ilin yekunlarına dair mətbuat konfransı keçirilir.
Respublica.Az xəbər verir ki, mətbuat konfransında Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov çıxış edir.
Konfransda Xarici İşlər Nazirliyinin rəhbər heyəti, yerli media nümayəndələri, həmçinin Azərbaycanda akkreditə olunmuş xarici jurnalistlər iştirak edir.
Xəbər yenilənəcək
Respublica.Az