4-12-2020, 13:43 | Şəhidlərimizin ruhu qarşısında baş əyir, ehtiramla yad edirik - Spiker

Milli Məclisin sədri Sahibə Qafarova şəhidlərimizlə bağlı paylaşım edib.
, S.Qafarova deyib: "Allah bütün Şəhidlərimizə rəhmət eləsin, bütün Qazilərimizə şəfa versin. Şəhidlərimizin ruhu qarşısında baş əyir, ehtiramla yad edirik".Trend
1-12-2020, 17:08 | Azərbaycan Respublikasının “Zəfər” ordeninin statusu müəyyənləşib

Azərbaycan Respublikasının "Zəfər" ordeninin statusu müəyyənləşib.
Bu, Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli 204-VIQD nömrəli Qanunu ilə təsdiq edilib:
Təltif edilən şəxslər
Azərbaycan Respublikasının "Zəfər" ordeni ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün və təhlükəsizliyinin təmin edilməsi zamanı əhəmiyyətli və ya strateji ərazinin, yaşayış məntəqəsinin, rayonun və ya şəhərin düşmən işğalından azad olunması ilə nəticələnmiş döyüş əməliyyatlarına, Azərbaycan Respublikasının dövlət sərhədinin bərpa edilməsi üzrə döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi hissə komandirləri və onlardan yuxarı rəhbər heyəti, habelə ərazi bütövlüyünün təmin edilməsi sahəsində xüsusi xidmətlərinə görə digər şəxslər təltif edilir.
Təltif edən orqan
Azərbaycan Respublikasının "Zəfər" ordeni ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq təltif edilirlər.
Taxılma qaydası
Azərbaycan Respublikasının "Zəfər" ordeni döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər ordenləri və medalları olduqda, "Heydər Əliyev" ordenindən sonra taxılır.
(Trend)
30-11-2020, 14:34 | "Koronavirusa yoluxmanın qarşısını almaq üçün 2-3 həftəlik sərt karantin rejimi tətbiq olunmalıdır" - İnfeksionist

"Hazırda koronavirusla bağlı epidemik durum kritikdir".
Bunu Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının əməkdaşı, infeksionist Vüqar Cavadzadə deyib.
O bildirib ki, gündəlik yoluxmanın 4000 üzərində olması yüksək göstəricidir: "Tədbirlər görülməsə, bu göstərici gündəlik 5000-dən çox olacaq. Yoluxmanın əsas səbəbi əhalinin profilaktik tədbirlərə tam riayət etməməsi, maskalardan və dezinfeksiyaedici vasitələrdən istifadə olunmaması, eyni zamanda havaların soyuması ilə əlaqədar virusun virulentlik və patogenliyinin artması nəticəsində daha çox yayılmasıdır. Havalar soyuduqca insanlar qapalı məkanlara daha çox üz tutur. Qapalı məkanlar da virusun daha tez yayılmasına gətirib çıxarır".

İnfeksionist vurğulayıb ki, hazırda xəstəlik iyun-iyul aylarına nisbətən yüngül keçir: "Yay aylarında ağır, stasionar müalicəyə ehtiyacı olan xəstələrin sayı daha çox idi. Amma indi yoluxma halı çox olsa da, ağır xəstələrin sayı yaya nisbətən azdır. Bunu klinik olaraq gündəlik xəstələr arasında görürük.
Hazırda xəstəlik əvvəlki aylarda olan simptomlarla özünü biruzə verir. Fərqli bir xüsusiyyət yoxdur. Xəstələrdə, əsasən, hərarətin olması, quru öskürək, iy və dadbilmə qabiliyyətinin itməsi, bəzi xəstələrdə ishalın olması - bu kimi əlamətlər daha çox özünü göstərir. Yəni bu əlamətləri daha çox müşahidə edirik".
V. Cavadzadə qeyd edib ki, koronavirusun ürəkdə müəyyən problemlər yaratması ilə bağlı fikirlər doğrudur: "Koronaviruslu xəstələrlə işlədiyim müddətdə xüsusən yaşlı insanlarda ürəkdə problemləri şəxsən müşahidə etmişəm. Bu xəstələrdə daha çox perikardit əlamətləri olub, bu, perikard boşluğunda mayenin miqdarının artmasıdır. Bundan başqa ikincili intoksikasiya fonunda yarana bilən və ya ağciyər fəaliyyətinin pozulması nəticəsində olan problemləri müşahidə edirik".
İnfeksionistin sözlərinə görə, hazırda gündəlik 4000 yoluxma ancaq test aparılanlarda üzə çıxan rəqəmdir: "Lakin evdə olan, test olunmayan xəstələr də var. Demək olar ki, yoluxma daha çoxdur. Fikrimcə, yoluxmanın qarşısını almaq üçün 2-3 həftəlik sərt karantin rejiminə keçmək lazımdır. Hesab edirəm ki, yoluxmalar daha çox ictimai nəqliyyatda olur. Nəqliyyatda insanların sayı həddən artıq çoxdur. Bu da yoluxmanın sürətlə yayılmasına səbəb olur. Sərt karantinə getmək lazımdır ki, xəstəliyin sayı daha da artmasın".(milli.az)
Nyus.Az
30-11-2020, 12:21 | Mövcud yoluxma səviyyəsi sərt karantinin tətbiqini qaçılmaz edir - XƏBƏRDARLIQ

Azərbaycanda COVİD-19-a yoluxma sayının getdikcə artması ilə müşahidə edilən mövcud durum sərt karantin tədbirlərinin tətbiqini qaçılmaz edir.
Bunu Trend-ə tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva deyib.
Onun sözlərinə görə, mövcud tendensiya onu deməyə əsas verir ki, qarşıdan gələn günlərdə ölkəmizdə koronavirusa yoluxma hallarının sayı gündə 5000-6000 nəfərə çatacaq.
Hazırda bütün dünyada, o cümlədən Azərbaycanda COVİD-19 xəstələrinin sayının sürətlə artdığını deyən Y.Abdiyeva qeyd edib ki, son 10-14 gündə ölkəmizdə aktiv xəstələrin sayı iki dəfə artaraq 45 000 nəfəri ötüb. Əgər dekabr ayının ilk 10 günlüyündə xəstəliyin artım sürəti dəyişməzsə, aktiv xəstələrin sayı 90 000 nəfərə çatacaq. Bu isə xəstələrin çarpayılarla təminatı, xəstəxanalara çatdırılması, vaxtında tibbi müdaxilənin edilməsi, təmaslarının izlənilməsi kimi zəruri tədbirlərin görülməsini qeyri-mümkün edəcək.
Mütəxəssis əlavə edib ki, yoluxma hallarının qarşısının alınması üçün hökumətin məhdudiyyət tədbirləri hələlik minimal miqyasda həyata keçirilir:
"Lakin heç kəs "artıq sərt karantin tədbirləri olmayacaq" deyib rahatlanmamalıdır. Ölkədəki real vəziyyət artıq onu göstərir ki, səhiyyə sistemi üçün real təhlükə yaranır, onun yükü hədsiz şəkildə artır. Dəfələrlə bildirilib ki, bu virusdan qorunmağın yeganə yolu fiziki məsafənin saxlanılması, tibbi maskadan istifadə edilmə, kütləvi tədbirlərdə iştirak etməməkdir. İnsanlar bilməlidirlər ki, bunlara əməl edilmədikcə yoluxma sayı gündən-günə artacaq. Nəticədə isə hökumət tam təcrid edilmə, SMS icazənin tətbiqi və s. bu kimi tkarantin tədbirlərinin yenidən həyata keçirilməsinə məcbur olacaq.".
Y.Abdiyeva bildirib ki, bütün bunların baş verməməsi üçün vətəndaşlarımız öz davranışları ilə vəziyyətin yaxşılaşmasına töhfə verməli, daha məsuliyyətli olmalı, davranışlarını mövcud tələblərə uyğunlaşdırmalıdırlar:
"Bəzən heç bir kliniki əlaməti olmayan şəxslər laborator müyainədən keçəndə məlum olur ki, o, aktiv COVİD daşıyıcısıdır. Belə insanlar bu xəstəliyi yüngül əzələ ağrısı ,yorğunluq hissi ilə asimptamatik formada, ayaqüstə keçirirlər. Belə daşıyıcılar bu dövrdə işdə, avtobusda və getdiyi digər məkanlarda maskanı çənəsindən asırsa, gün ərzində adi burun tənəffüsü vasitəsilə 100-lərlə insanı virusa yoluxdurur. Çalışın çox insanla kontaktda olmayın, olsanız da maskadan düzgün istifadə edin. Maskanı gün ərzində 3-4 dəfə dəyişin, çünki avtobusda, marketdə, işdə sizin bilmədiyiniz nə qədər COVİD daşıyıcısı var. Qəti surətdə ad günləri, yas və s. yerlərə getməyin. "Kiminsə xətrinə dəyər, qoy, ad gününə gedim" deyərək hansısa məclisə gedirsinizsə, çox böyük səhv edirsiniz. Siz bu səhvlə həm özünüzü, həm də ətrafınızı təhlükəyə atırsınız".
30-11-2020, 12:05 | Qazi Elçin Səmədov Bakıya gətirilib, əməliyyat olunacaq

Döyüşlərdə yaralanan qazi Elçin Səmədov Bakıya gətirilib.
Bu barədə Trend-ə Qəbələ Rayon İcra Hakimiyyətindən bildiriblər. Qeyd olunub ki, Elçin bu gün səhər Bakıya göndərilib və hazırda Silahlı Qüvvələrin Baş Klinik Hospitalındadır:
"Elçin hələlik əməliyyat olunmayıb. O, bu gün səhər saat 06:30-da Bakıya göndərilib. Onu ilk öncə müayinə edəcəklər, daha sonra əməliyyat olunacağı gözlənilir. Elçin hərbi vəzifəlidir və onun müalicəsi ilə Müdafiə Nazirliyi məşğuldur".
İH rəsmisi əlavə edib ki, Elçin Səmədovun səhhəti yaralandığı gündən dövlət səviyyəsində nəzarətdə saxlanılır:
"Elçin yaralandığı gündən rəhbərlik tərəfindən diqqətdə saxlanılır. Bu bizim borcumuzdur, ona lazım olan bütün şərait yaradılıb və səhhətindən başqa heç bir problemi yoxdur. İnşallah, o da yaxın günlərdə öz həllini tapar".
E.Səmədov Suqovuşan kəndində baş verən döyüşlər zamanı böyük qəhrəmanlıq göstərərək ürək nahiyəsindən ağır yaralanıb.
30-11-2020, 11:54 | Vətən müharibəsi zamanı əməliyyatların minimum itkilərlə həyata keçirilməsi böyük uğurdur

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ermənistanın işğalı altındakı torpaqlarımızı azad etmək üçün rəşadətli Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı genişmiqyaslı və uğurlu əks-hücum əməliyyatları nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib. Bu əməliyyatlar və 44 gün davam edən Vətən müharibəsi zamanı Zəngilan, Füzuli, Cəbrayıl, Qubadlı şəhərləri və həmin rayonların kəndləri, Şuşa şəhəri, eləcə də bir neçə strateji yüksəkliyin işğaldan azad olunması azərbaycanlılara böyük sevinc və qürur hissi yaşadıb. Bu zəfər və Prezident, Ali Baş Komandanı İlham Əliyevin nümayiş etdirdiyi qətiyyətli mövqe hərbçilərimizdə və xalqımızda böyük ruh yüksəkliyi yaradıb.
Bu fikirləri bu hərbi uğurun Azərbaycan Ordusu üçün əhəmiyyətini şərh edən ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.
Polkovnik Şair Ramaldanov bildirib ki, düşmən mürəkkəb relyefə malik işğaldan azad edilmiş ərazilərdə otuz il istehkamlar yaradaraq Ordumuzun böyük itkilər verəcəyinə zənn edirdi: "Lakin Ordumuzun ən müasir silahlarla təchiz olunması zamanı bu relyef, dağlıq, meşəlik ərazilər nəzərə alınmaqla təmin edilmişdi. Həmçinin Azərbaycan Ordusunun şəxsi heyəti döyüş meydanında irəlilədikcə onun vətənpərvərlik ruhu yüksəlir, qələbəyə inam daha da artırdı. Digər tərəfdən işğaldan azad edilmiş ərazilər bizə başqa istiqamətlərdə növbəti addımlar atmaq üçün şərait yaradırdı. Bunların hamısının strateji önəmi vardı.
Müharibəyə hazırlıq dövründə Azərbaycan Ordusu daim kəşfiyyat aparırdı. Təlimlər və döyüş hazırlıqlarında məhz həmin ərazilər və düşmənin istehkamları nəzərə alınmışdı. İrimiqyaslı təlimlər döyüş başlayacağı halda müəyyən ssenarilər nəzərə alınaraq təşkil edilmişdi. Azərbaycan Ordusu XXI əsrdə döyüş əməliyyatlarını aparmağa imkan verən ən müasir, beşinci nəsil silahlarla təchiz olunmuşdu. Bütün bu illərdə Silahlı Qüvvələrimiz torpaqlarımızı güc yolu ilə azad etməyə hazırlığı davam etdirirdi. Biz bu kompleks hazırlıqların nəticəsini Ordumuzun yüksək döyüş ruhunu və vətənpərvərliyini əməliyyatlar başlayan zaman müşahidə etdik. Döyüşlərə atılan əsgərlərimiz Qarabağın işğalı ilə barışmadığı vətənpərvər mühitdə tərbiyə alıblar. Dövlətimizin başçısı işğal altındakı torpaqlarımızın tezliklə azad olunacağını hər zaman bəyan etmişdi. Məhz belə mühitdə gənclərimiz böyüyürdü. Şəhid Mübariz İbrahimov və digər qəhrəmanlarımız gənclərimizin daxilindəki Qarabağ alovunu göstərirdi".
Ş.Ramaldanov qeyd edib ki, əsgərlərimiz qısa müddətdə Ermənistanın keçilməz saydığı müdafiə xətlərini yarıb, düşməni torpaqlarımızdan qovmağa başlayıb. Sonra ən strateji istiqamət olan Şuşa şəhəri düşməndən azad edilib. Bu, Azərbaycan Ordusunun yüksək döyüş hazırlığının göstəricisidir. Cənub istiqamətində Şuşayadək döyüşlər Ordumuzun daha çox müasir texnika və silahlarla təminatını, onları idarə edən heyətin peşəkarlığını göstərib. Şuşa əməliyyatı isə Azərbaycan Ordusunun peşəkarlığını, yüksək səviyyədə hazırlığını və döyüş ruhunu nümayiş etdirib. Sıldırım qayalardan çıxılaraq düşmənlə yaxın döyüşdə qəhrəmanlıq nümunələri göstərilib və Şuşa işğaldan azad edilib. Bu döyüşdə taktiki cəhətdən düzgün istiqamətlər seçilib, bütün hesablamalar dəqiqliklə aparılıb və böyük uğur qazanılıb. Düşmənin ürəyinə Azərbaycan bayrağı sancılıb. Həmçinin 70 yaşayış məntəqəsi düşməndən təmizlənib və Ermənistanın kapitulyasiya bərabər bəyanatı imzalamasına nail olunub.
Ermənistanın çoxsaylı silah-sursatının, hərbi texnikasının məhv edilməsindən danışan ehtiyatda olan polkovnik qazanılan hərbi uğurlarda Ali Baş Komandan İlham Əliyevin hərbi sahədə siyasətindən, müharibəyə kompleks hazırlıqdan, ordumuzun arsenalındakı müasir hərbi silahlarından söz açıb. Vurğulayıb ki, Azərbaycan Silahlı Qüvvələri Prezident İlham Əliyevin bilavasitə diqqəti və qayğısı sayəsində sürətlə inkişaf edərək bu gün dünyanın ən peşəkar ordular arasında yer alıb. Dövlətimizin başçısı ordumuzun ən müasir silah-sursatlarla, eləcə də maddi-texniki təminatına yüksək diqqət göstərib.
Azərbaycan Ordusunun texniki üstünlüyü barədə məlumat verən polkovnik deyib ki, vaxtilə keçirilən genişmiqyaslı təlimlər döyüş zamanı aparılan əməliyyatların uğurla keçirilməsinə töhfə verib. Azərbaycan Ordusunda hərbi döyüş qabiliyyətini müəyyənləşdirən vəzifələrdə müddətdən artıq xidmət edən heyət çoxluq təşkil edir. Bu da Azərbaycan Ordusunun peşəkarlığını göstərir. Bu gün Azərbaycan Ordusunun cəmiyyətdəki nüfuzu da yüksəkdir.
Hərbi ekspert vurğulayıb ki, Azərbaycan Ordusunun yeni müharibə strategiyası əsgərlərimizin həyatının daha çox qorunmasına imkan verib. Qazanılan hərbi qələbələrin əsasında Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşmış və ən son texnoloji silahlarla təchiz edilmiş müasir ordu dayanır. Azərbaycan Ordusu ən müasir döyüş standartları əsasında hərbi əməliyyatlar aparıb.
İkinci Qarabağ müharibəsində itkilərin az olduğunu bildirən Ş.Ramaldanov qeyd edib ki, hətta NATO-nun Baş Qərargah rəisi Azərbaycan Ordusunun həyata keçirdiyi bu nümunəvi əks-hücum əməliyyatlarının gələcəkdə öyrənilməsinin vacibliyini vurğulayıb. Çoxsaylı müdafiə-istehkam qurğuları, mürəkkəb relyef şəraitində Şuşanın işğaldan azad edilməsi nəticəsində düşmən kapitulyasiyaya imza atıb. Minimum itkilərlə bu əməliyyatların həyata keçirilməsi böyük uğurdur. Hərb elmində döyüşdəki bütün mərhələlər planlaşdırılır. Xarici hərbi ekspertlərin qiymətləndirmələrinə əsasən, Azərbaycan Ordusu bütün torpaqları işğaldan azad etmək üçün qarşıdan gələn qış mövsümündəki şəraiti də nəzərə alsaq, çoxsaylı itki verə bilərdi. Məhz Prezident İlham Əliyevin müdrik qərarları sayəsində və Ali Baş Komandan bir sərkərdə kimi istiqamətləri müəyyənləşdirməklə döyüşlərdə Azərbaycan Ordusunun şəxsi heyəti arasında itkilərin minimum olmasına nail olunub. Dövlətimizin başçısının bu sərkərdəlik məharəti və Azərbaycan Ordusunun yüksək döyüş hazırlığı, həmçinin müasir silahların və texnikaların peşəkarlıqla idarə edilməsi sayəsində XXI əsrin tələblərinə cavab verən əməliyyatlar aparılıb. Azərbaycan Ordusu düşmənə maksimum zərbə endirməklə onu zəiflədib və beləliklə öz şəxsi heyəti arasında itkilər az olub.
Döyüşlərdə düşmənin çoxsaylı canlı qüvvə itkilərinə məruz qalmasının, onun texnikasının, döyüş infrastrukturunun, hərbi sursatının məhv edildiyini bildirən polkovnik xatırladıb ki, Ermənistan müharibə zamanı dağıdıcı silahlardan, artilleriyadan, raket-yaylım sistemlərindən istifadə edib. Zəfərlə yekunlaşan müharibədə az da olsa, itkilər olur. Bu gün əsgər analarımız səbir, təmkin nümayiş etdirir və deyirlər ki, təki Vətən sağ olsun. Onlar bu gün qürur hissi keçirirlər ki, övladları qələbə qazanan Ordunun sıralarında döyüşlərdə iştirak edib və torpaqlarımızın azadlığı uğrunda şəhid olublar. Xalqımızın və dövlətimizin şəhid ailələrinə qayğısı onların ağrı-acılarını azaldır. Artıq Vətən müharibəsi zəfərlə yekunlaşıb, düşmən diz çöküb və Azərbaycan ərazi bütövlüyünü bərpa edib. Bu gün Azərbaycan Ordusunun müasir döyüş strategiyasına hərbi aləmdə yeni təcrübə kimi yanaşılır. Ordumuzun arsenalındakı ən müasir silahlar və texnikalar isə Vətən müharibəsi zamanı şəxsi heyətimiz arasında itkiləri minimuma endirmiş döyüş taktikasını seçməyə imkan verib.AZƏRTAC
27-11-2020, 09:18 | Hər iki istəyinə çatan igid zabit

Vətən müharibəsində Ermənistan ordusuna qarşı mübarizə aparan igidlərimizdən biri olan mayor Seyran Məmmədov üçün Böyük Qələbənin ikiqat əhəmiyyəti olub. İlk öncə torpaqlarımızın yağı düşməndən qorunmasında və əks-hücum əməliyyatlarının icrasında iştirak edərək vətənə olan borcunu yerinə yetirib. İkincisi isə 28 il əvvəl birinci Qarabağ müharibəsində şəhid olan atasının qanı yerdə qalmayıb, qısasını alıb.
Seyran Əlsuvar oğlu Məmmədov 1984-cü ildə Şamaxı rayonunun Dağ Göylər kəndində anadan olub. Sonradan atasının işi ilə əlaqədar Bakıya gediblər. Atası baş leytenant Əlsuvar Məmmədov Birinci Qarabağ müharibəsinin ilk günlərindən cəbhədə düşmənlə üz-üzə vuruşub və 1992-ci ildə Laçın istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Atasının qisasını ermənilərdən almaq Seyranın ən böyük arzusu olub. Bu arzu ilə yola çıxan balaca Seyran 1999-2002-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, 2002-2006-cı illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. 2006-cı ildə leytenant, 2009-cu ildə baş leytenant, 2013-cü ildə kapitan, 2018-ci ildə mayor rütbəsi alıb. Xidməti dövrü ərzində o, dəfələrlə Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən - "Silahlı Qüvvələrin 90 illiyi", "Qüsursuz xidmətə görə" III dərəcəli, "Qüsursuz xidmətə görə" II dərəcəli, "Silahlı Qüvvələrin 100 illiyi" medalları ilə mükafatlandırılıb.
Mayor Seyran Məmmədov 2016-cı ildə baş verən Lələtəpə döyüşlərində də iştirak edib. Vətən müharibəsində isə cəbhənin müxtəlif istiqamətlərində xidmət göstərərək müzəffər Ordumuzun qalib zabiti kimi həm Qarabağımızın düşməndən azad olunmasında iştirak edib, həm də düşməndən atasının intiqamını ala bilib.AZƏRTAC
26-11-2020, 13:35 | Xüsusi təyinatlıların kapitanı Rəşad Əliyev Tuğda 13 düşmən hərbçisini təkbaşına öldürdü, şəhid oldu

Şəhid atasının şəklini qucaqlayan gözüyaşlı körpə Zəhranın bu günlərdə sosial şəbəklərdə paylaşılan fotosu torpaqlarımızın azad edilməsi uğrunda canını qurban vermiş daha bir igidimizi bizlərə tanıtdı. Həmin fotodakı igidimiz Xocavəndin Tuğ kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş 29 yaşlı kapitan Rəşad Əliyev idi.
Virtualaz.org xəbər verir ki, Salyanın Ərəbqardaşbəyli kənd sakini, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin kapitanı Rəşad Əliyev əks kəşfiyyat bölüyünün komandiri kimi İkinci Qarabağ müharibəsinə qatılıb.

Ailə üzvlərinin dediklərinə görə, Vətəninə, dövlətinə bağlılığı ilə seçilən Rəşad illərdən bəri arzuladığı savaşa - Qarabağın işğaldan azad edilməsi uğrunda döyüşlərə böyük həvəslə yollandı. Müharibənin ilk günlərində Gəncədə törədilən hərbi cinayətlər, terror hadisələri, mülki əhaliyə edilən xaincəsinə hücumlar ön cəbhədəki əsgərlərimiz kimi Rəşadı da sarsıdıb. Son günlər onun tək istəyi Gəncədəki atasız-anasız qalan balaların, balaları ölən anaların qisasını almaq olub. Hətta həyat yoldaşına “Mövlanə, Gəncənin qisasını alacağam”- deyib.
Şuşaya gedən yolda - Tuğ kəndi ərazisindəki döyüşlərdə Rəşad xüsusi qəhrəmanlıq göstərib. O, 13 erməni hərbiçisini təkbaşına öldürüb. Bu zaman tabeliyindəki əsgərlərdən biri düşmən snayperi tərəfindən vurulub. Yaralı əsgər yalnız, “kapitan, mən vuruldum” deyə bilib. Qəhrəman zabitimiz əsgərinin meyiti düşmən əlinə keçməsin deyə onu döyüş bölgəsindən çıxarıb. Və elə bu vaxt özü də düşmən snayperinə tuş gəlib. Oktyabrın 19-da axşam saatlarında yaralanan Rəşad ertəsi gün sübh tezdən sonuncu sübh namazını qılıb və şəhadətə qovuşub.

Şəhid kapitanımız Rəşad Əliyev 2016- cı ildə ailə həyatı qurub. İki övlad atasıdır. Qızı Zəhranın 3 yaşı var, oğlu Tunar isə 11 aylıqdır.
Rəşadı doğma övladından ayırmayan, öz oğlu kimi sevən qaynatası, psixoloq Hacı Savalan Hafizoğlu deyir ki, Rəşad vətəninə, dövlətinə, torpağına o qədər bağlı olub ki, onun toyunda vağzalı əvəzinə Azərbaycanın himni səsləndirilib.

Hacı Savalan Rəşadla bağlı danışır: “O qədər vətənpərvər, o qədər gözəl insan idi ki... Torpağına çox bağlıydı. Vətən kəlməsi dilindən düşməzdi. Elə qızım da həyat yoldaşı kimi idi. Ailəlikcə bu Vətənə, bu dövlətə bağlı idilər. Onların toyunda vağzalı əvəzinə Azərbaycan himni səsləndirilmişdi” .
“Rəşad hər zaman Vətən üçün canını qurban verməyə hazır idi. İki ay ərzində hər dəfə ona zəng vuranda bizə ancaq şəhadətdən danışırdı. Canından çox sevdiyi Vətəni uğrunda şəhadətə qovuşdu”- Hacı Savalan deyir.

Bəli, məhz Rəşadın və canını torpaqların düşməndən azad edilməsi uğrunda qurban vermiş digər igidlərimizin sayəsində Azərbaycan indi qalib ölkədir, xalqımız qalib xalqdır və yəqin ki, qanları ilə tarix yazmış bu oğulların xatirəsi layiq olduqları şəkildə əbədiləşəcək...(Virtualaz.org)

26-11-2020, 12:04 | Əkbər Kazımov : Azərbaycan tarixi qələbə qazandı!

Gədəbəy Kommunal Müəssisələri Kombinatının müdiri Əkbər Kazımov
"Biz ölkə daxilində uğurlu siyasət apararaq hesab edirəm ki, ölkəmizdə dünya üçün çox nadir inkişaf modelini yaratdıq. Daxildəki həmrəylik, milli birlik, vahid amal uğrunda birləşməyimiz bizə əlavə güc verdi, imkan vermədi ki, bəzi mənfur xarici dairələr öz çirkin planlarını Azərbaycanda həyata keçirsinlər. Halbuki, belə planlar var idi, belə cəhdlər var idi". Bu sözləri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şəhidlər xiyabanından xalqa etdiyi müraciətdə deyib. Bildirib ki, biz siyasi iradə göstərərək, birlik göstərərək bu cəhdləri dəf etdik, xalq olaraq, millət olaraq öz qürurumuzu müdafiə etdik, öz müstəqil seçimimizi müdafiə etdik və sübut etdik ki, heç kim bizim işimizə qarışa bilməz. Əgər bu birlik olmasaydı, milli həmrəylik olmasaydı, biz heç vaxt torpaqlarımızı işğalçılardan azad edə bilməzdik. Bu illər ərzində bizə qarşı aparılan qara piar kampaniyası, qarayaxma, şər-böhtan kampaniyasının da əsas məqsədi o idi ki, bizi əsas vəzifəmizdən uzaqlaşdırsınlar, biz uzaqlaşaq, daxili problemlər içində boğulaq və işğal edilmiş torpaqlar işğalçıların əlində əbədi qalsın. Güclü siyasi iradə, xalq-iqtidar birliyi bu planları da alt-üst etdi.

Bəli, Vətən yolunda əsgər və zabitlərimizin yüksək vətənsevərliyi, qorxmaz xarakteri, igidliyi, cəsurluğu və yenilməzliyi Ermənistanı və onun qorxaq ordusunu döyüş meydanında cəzalandırdı. Heç kəs Azərbaycan xalqının səbri ilə oynaya bilməz. Heç kim bizimlə zarafat edə bilməz. Heç kim bizi təhqir edə bilməz. Dövlət başçısının dediyi kimi, edərlər, dərsini də alarlar. Necə ki, aldılar. Ermənistan baş naziri Paşinyan bilməli idi ki, Cıdır düzündə rəqsə eləyib, Azərbaycan xalqının hissləri ilə oynayanda axırı belə olacaq.Müzəffər Orudumuz onlara dərs verdi, onları diz çökdürdü. İşğal edilmiş ərazilərimizi qarış-qarış azad etdi. Nəticədə noyabrın 10-da Azərbaycanın ən yeni tarixi yazıldı, qələbəmiz qızıl hərflərlə tarixə həkk olundu. Noyabrda qeyd edilən zəfər günlərinə biri də əlavə edildi. 10 Noyabr tariximizə, təqvimizə Qələbə günü kimi daxil oldu. Bizə qürür və fəxarət yaşadan bir qələbə! Böyük Vətən müharibəsi Böyük Zəfərimizlə, Azərbaycanın şanlı qələbəsi ilə başa çatdı. Dağlıq Qarabağ münaqişəsinə birdəfəlik son qoyuldu. Və beləliklə, Azərbaycan ordusunun Qarabağda həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatları işğalçı Ermənistanın kapitulyasiyası ilə nəticələndi. Hərbi əməliyyatların məqsədi ilk gündən sülhə məcburetmə əməliyyatı kimi göstərilirdi və biz məqsədimizə çatdıq.

Ali Baş Komandan başda olmaqla Qəhrəman Ordumuz Ermənistanı sülhə məcbur etdi. Döyüş meydanında qazanılmış qələbələr siyasi müstəvidə də Qələbənin qazanılmasını şərtləndirdi. Noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin imzaladığı birgə bəyanat Azərbaycanın döyüş meydanında qazandığı parlaq qələbəni siyasi-diplomatik müstəviyə daşıdı. Bu qələbələr düşməni məcbur etdi ki, Ağdam, Laçın, Kəlbəcər rayonlarını siyasi yolla qaytarsın. Son illər ərzində ölkəmizdə aparılan işlər, mövcud olan gözəl ab-hava, xalq-iqtidar birliyi, siyasi münasibətlərin müsbət səviyyəyə qalxması, beynəlxalq nüfuzumuz, beynəlxalq arenadakı fəaliyyətimiz, ordu quruculuğu təbii ki, bu qələbəmizi şərtləndirdi. Azərbaycan illərlə, demək olar, bütün beynəlxalq platformalarda ərazi bütövlüyümüzü dəstəkləyən sənədlər qəbuluna nail olmaqla münaqişənin həllinə hüquqi zəmin yaratdı. Dünyanın bütün aparıcı beynəlxalq təşkilatları münaqişə ilə bağlı ədalətli qətnamələr, qərarlar qəbul edərək birmənalı şəkildə Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıdı. İmzalanan bəyanat bizim şanlı qələbəmizdir. İmzalanmış bəyanat bütün maddələri üzrə Azərbaycanın milli maraqlarını ehtiva və təmin edir. 10 noyabr bənayatı Azərbaycan üçün yeni iqtisadi, hərbi, siyasi mərhələnin başlanğıcı oldu. Onu da qeyd etmək yerinə düşərdi ki, şanlı Qələbəmizin təməlində dərin zəkaya, yüksək diplomatik bacarığa, yüksək intellektli, öz tutarlı və faktlara söykənən cavabları ilə beynəlxalq media nümayəndələrinə tarixi həqiqətləri təmkinlə çatdıran, qətiyyətli və sarsılmaz mövqeyi ilə dünyada nüfuzu gün keçdikcə artan Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin qətiyyətli siyasəti dayanır. Ali Baş komandan cənab İlham Əliyevin mükəmməl politoloq, ideoloq olması onun bütün bu vəzifələrin öhdəsindən şərəflə gəlməyinin əsasını qoyub.

26-11-2020, 11:13 | Milli Məclis Fransa Senatında qəbul edilmiş qərarla bağlı bəyanat verəcək

Milli Məclis Fransa Senatında qondarma "Dağlıq Qarabağ respublikasının" tanınmasına dair qətnamə layihəsinin qəbulu ilə bağlı bəyanat verəcək.
Bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında deyib.
S.Qafarova bildirib ki, Fransanın bu mövqeyi qərəzli xarakter daşıyı və Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəlib.
Spiker bildirib ki, Milli Məclis bununla bağlı bəyanat qəbul edəcək.















