22-10-2020, 12:51 | Düşmənin Zəngilanda atıb qaçdığı onlarla tank, BMP və digər hərbi texnika

Azərbaycan Müdafiə Nazirliyi düşmənin oktyabrın 20-də Zəngilanda atıb qaçdığı və ordumuzun hərbi qənimət olaraq götürdüyü çoxsaylı döyüş tanklarının, digər hərbi texnikasının yeni görüntülərini yayıb. Bu görüntülərə əsasən düşmən ordusu onlarla T-72 tankını, bir neçə BMP-1 döyüş maşınını və digər hərbi texnikanı heç döyüş meydanına çıxarmağa imkan tapmadan tərk edərək qaçıb.
Belə ki, ordumuz cənub cəbhəsində uğurlu və sürətli hücum əməliyyatlarını davam etdirərək tarixi Xudafərin körpüsünü azad etdikdən sonra Xudafərin su anbarını da keçib. Cəbrayılın kəndlərini bir-birinin ardınca azad edən ordumuz Zəngilan rayonunun inzibati sərhədinə çataraq Qubadlı istiqamətində irəliləyib. Həkəri çayının sahili boyu bir neçə kəndi işğaldan azad edərək sürətlə, demək olar ki, cəmi bir sutkaya Zəngilana gedən yeganə yolu bağlayaraq orada möhkəmlənib. Nəticədə düşmənin Zəngilandakı qruplaşması, o cümlədən zirehli tank və motoatıcı batalyonları mühasirə vəziyyətinə düşüb.

Texnika ilə geri çəkilmək mümkün olmadığından düşmən bütün tanklarını və digər hərbi texnikanı elə hərbi hissədəcə ataraq dağlarla Ermənistan istiqamətində qaçıb. Ötən gün ordumuz Zəngilanın düşməndən təmizlənməsi əməliyyatını davam etdirərək Mincivan qəsəbəsini və daha bir neçə yaşayış məntəqəsini azad edib.
Xatırladaq ki, Zəngilan döyüşlərinə qədər ordumuz düşmənin 40-a yaxın T-72 tankını qənimət olaraq götürmüşdü.(Virtualaz.org)
13-10-2020, 07:25 | Tərtər atəşə tutulur

Humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistən silahlı qüvvələri bu gün səhər saatlarından etibarən Tərtər rayonunun ərazisini yenidən atəşə tutur.
Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
10-10-2020, 09:39 | Arzu Nağıyev: Məqsədimiz işğal olunmuş Azərbaycan torpaqlarından erməni qəsbkarlarını qovmaqdır - VİDEO -

Amalımız, məqsədimiz işğal olunmuş Azərbaycan torpaqlarından erməni qəsbkarlarını qovmaqdır.
Trend-ə bunu Milli Məclisin deputatı Arzu Nağıyev Real TV-yə müsahibəsində deyib.
Deputat bildirib: "Cənab Prezident İlham Əliyevin dediyi kimi, Dağlıq Qarabağ məsələsi ilə bağlı hər hansı bir dayanmaqdan, gözləməkdən söhbət gedə bilməz, ancaq irəli. Bu gün Azərbaycan Prezidenti, Ordusu və Xalqı bir vəhdət təşkil edir: "Amalımız, məqsədimiz işğal olunmuş Azərbaycan torpaqlarından erməni qəsbkarlarını qovmaqdır. Bu gün biz diqtə edən tərəfik. Artıq elə bir dövlət rəhbəri qalmayıb ki, Paşinyan ona müraciət etməsin. Bu, doğrudan da ağ bayrağın qaldırılması deməkdir".
Müsahibənin tam versiyasına baxa bilərsiniz:
10-10-2020, 09:21 | Düşmənin ağır döyüş texnikaları məhv edilir - VİDEO

Düşmənin ağır döyüş texnikaları bölmələrimizin sərrast atəşi ilə məhv edilir.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. (milli.az)
10-10-2020, 09:10 | Bir yaşında uşaq nələri bacarmalıdır?

Normal inkişaf etmiş bir yaşlı uşağın çəkisi 9,5-10,5 kq ağırlığında və boyu 74-76 sm uzunluğunda olmalıdır.Bu ölçülər uşağın genetik əlamətlərinə əsaslanaraq az miqdarda azala və ya arta bilər.Bir yaşı olan uşaq nələri bacarmalıdır?
12 aylığında olan uşaq əlinin köməyi ilə gəzə və iməkləyə bilir.
12 aylıq uşaq bir əlində iki kiçik əşyasnı saxlaya bilir.
12 aylıq uşaq əlindəkini qarşısında olan adama uzadıb verə və ya onun əlindən nəyi isə ala bilir.
12 aylıq uşaq barmağı ilə istədiyi əşyanı göstərə bilir.
12 aylıq uşaq arxasını yastığa söykəmədən otura bilir.
12 aylıq uşaq oyuncaq kubları üst-üstə yığa bilir.
12 aylıq uşaq əli ilə öpüş göndərə bilir.
12 aylıq uşaq əlindəki qaşığı ağzına aparmağa çalışır.
Bu dövrdə uşaqların psixologiyasında aşağıdakılaar baş verir:
Bir yaşındakı uşaq 20 qısa söz söyləyə,və hər gün gördüyü bəzi əşyaların adını deyə bilir.İkihecalı sözləri hecalarla tələffüz eləməyə çalışır,ona deyilən səsləri söyləyir.Bu yaş dövründə olan uşaqlar həmyaşıdları ilə oynaya bilirlər,amma əksər hallarda onlar arasında komfliktlər baş verir.
Bir yaşında olanlar ailə üzvləri və ya yad adanların arasında olan fərqi bilirlər.Onlar valideyinlərinin,pişiyin və ya itin dalı ilə gəzməyi xoşlayırlar.Bu dövrdə uşaqlar özlərinin bacardığı işdən fərəhlənə bilirlər.
Bir yaşdan başlayaraq uşaqlara xoşagəlməz şeylərdən uzaq durmağa qadağanların qoyulmasını əsil zamanı çatmış olur.
Bu yaş dövründə uşaqların qidalanma və yatma rejimində də dəyişikliklər baş verməyə başlayır.Onlar səhərlər 9-10 radələrində yuxudan oyanır,gündüz 14-15 radələrində günorta yuxusunu yatırlar.Bu zaman onlar gündə 1 dəfə və 2-3 saat yatırlar.Bir yaşında olan uşaqlar axşam saat 22-23 arası yatırlar.
Bir yaşında olan uşaqlarla anaları nə qədər söhbət edərsə onlar bir o qədər tez dil açarlar.Uşaqıarın həmyaşıdları ilə ünsiyyətdə olmağı isə onların inkişafını tezləşdirir.
Uşaqlar bu yaş dövründə gəzməyə başlayırlar.Mütəxssisilər gəzərkən yıxılan uaqların valideyinlərinə qaçıb uşaqlarını durğuzmağa çalışmalarını məsləhət bilmir.Çünki,uşaqların yıxılarkən özlərinin durmağa çalışmaları onların gələcək həyatında çox rolu olur.Uşaqlarınıza yardımı yanlız bərk yıxılarkən və ağlayarkən edin.Bu yaşda uşaqların yalnız xarça üzərində deyil,qumun və otların üstündə də gəzmələrində fayda var.(milli.az)
10-10-2020, 09:07 | Vüqar Rəhimzadə: Möhtərəm Prezidentimiz xalqa növbəti müraciətində bir daha milli maraqların Onun üçün hər şeydən üstün olduğunu sübut etdi

"Oktyabrın 9-da Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa növbəti müraciəti ilə bir daha sarsılmaz lider qətiyyətini, yenilməz siyasi iradəsini nümayiş etdirdi. Ali Baş Komandan İlham Əliyev bir daha Onun üçün milli maraqların hər şeydən üstün olduğunu sübut etdi. Hər bir azərbaycanlı bir daha tam əmin oldu ki, Azərbaycan işğal altında olan torpaqlarının bir qarışını belə düşmənə güzəştə getməyəcək".
Yeni Azərbaycan Partiyasi Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında söyləyib.
Vüqar Rəhimzadə bildirib ki, bu gün Azərbaycan Ordusu artıq yenilməz sərkərdə olduğunu öz lider qətiyyəti və əməli fəaliyyəti ilə sübuta yetirmiş Ali Baş Komandanımızın rəhbərliyi ilə tarix yazır, işğal altında olan torpaqlarımızı qarış-qarış geri qaytarır: "Prezident İlham Əliyev ötən müddət ərzində Azərbaycanın beynəlxalq hüquqa hörmət edən, sivil, demokratik ölkə olduğunu nümayiş etdirib. Azərbaycan 26 ildir ki, səbir edir və bu strateji təmkin Azərbaycanın bir daha sülh tərəfdarı olduğunu isbatlayır. Lakin Azərbaycan siyasi-diplomatik gücü ilə yanaşı, bu gün hərbi gücünü də göstərir. Yəni Azərbaycan bütün dünyanın gözü qarşısında tarixi ədaləti bərpa edir. Azərbaycan Ordusu heç bir beynəlxalq təşkilatın icrasını təmin edə bilmədiyi BMT Təhlükəsizlik Şurasının işğal olunmuş ərazilərimizə dair qətnamələrini yerinə yetirir".
"Azərbaycan Prezidenti əvvəllər olduğu kimi, sentyabrın 27-də Ermənistanın hərbi təxribatından sonra ordumuzun başladığı əks-hücum əməliyyatlarının gedişi dövründə də istər xarici KİV-lərə müsahibələrində, istərsə də xalqa müraciətlərində dönə-dönə bəyan edir ki, Azərbaycanla hədə-qorxu dilində danışmaq mümkün deyil" - deyən Vüqar Rəhimzadə əlavə edib ki, Qarabağda müharibənin bu qədər geniş miqyas alması, minlərlə erməni hərbçilərinin ölməsi, düşmənin hərbi texnikalarının, infrastrukturlarının məhv edilməsi birbaşa Ermənistanın siyasi hakimiyyətinin səvhlərinin nəticəsidir: "Əgər zamanında Ermənistan rəhbərliyi Prezident İlham Əliyevin sülh çağırışlarına normal yanaşsaydı, rasional düşünüb praqmatik addımlar atsaydı, bu gün belə faciəvi vəziyyətə düşməzdi. Ermənistanın baş naziri Paşinyan bütün günü telefonla dünya liderlərinin qarşısında diz çökərək yalvarır ki, Azərbaycana təzyiq etsinlər. Lakin reallıq ondan ibarətdir ki, hazırda böyük dövlətlər də, beynəlxalq təşkilatlar da, media quruluşları da Azərbaycanın mövqeyinin ədalətli olduğunu qəbul edirlər".
Vüqar Rəhimzadə diqqətə çatdırıb ki, Ermənistanın savadsız və səriştəsiz rəhbərinin "Qarabağ Ermənistandır" deməsi və Azərbaycana qarşı absurd şərtlər irəli sürməsi onun ən böyük strateji səhvi oldu: "Cənab Prezident İlham Əliyevin siyasi iradəsi və qətiyyəti, Ordumuzun gücü, qüdrəti, zəfər yürüşləri sayəsində bu gün Ermənistan tamamilə məğlub duruma düşüb. Bir zamanlar "Qarabağ Ermənistandır və nöqtə" deyən, absurd şərtlər irəli sürən, Şuşada "Yallı" gedən, qondarma rejimə "andiçmə mərasimi" keçirən Paşinyanın bircə çıxış yolu var: Ağ bayraq qaldırsın, təslim olsun, işğalçı qoşunları Qarabağdan təcili çıxarsın. Əgər Paşinyan Azərbaycanın şərtləri ilə razılaşmasa, Ermənistan nəinki ordusunu itirəcək, hətta çıxılmaz sosial-iqtisadi, siyasi və hərbi böhranla üz-üzə qalaraq, tarix səhnəsindən silinəcək".(milli.az)
10-10-2020, 08:53 | Hərbi ekspert: Azərbaycan əsgəri Ermənistanı 10 illik nakauta saldı

Ermənistanda vəziyyət artıq kritik həddə çatıb.
Bunu Trend-ə açıqlamasında ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Üzeyir Cəfərov deyib.

O bildirib ki, Ermənistan ordusunun uğursuzluğunun girdabına düşüb: "Onlar ordunun uğursuzluq girdabına elə düşüblər ki, ordan çıxmaq yəqin ki mümkün olmayacaq. İndi düşüblər medianın üstünə ki, heç kim heç nə danışmamalıdır və yazmamalıdır. Artıq uğursuzluqları o qədərdir ki. onlar bu yola əl atıblar. Amma bu da onları xilas etməyəcək. Çünki Paşinyanın sonu çatıb, onun buraxdığı kobud səhvlər erməniləri məhvə apardı.
Ümumiyyətlə Ermənistan siyasi və hərbi rəhbərliyində olan şəxslər mənə elə gəlir ki, yaxın 10 illikdə nakaut vəziyyətinə düşdü. Çünki onlar indiyə qədər çox yalanlar danışdılar, hədyanlar səsləndirdilər. Axırda isə ilahi ədalət onları ən sərt şəkildə cəzalandırdı. Azərbaycan əsgəri onları necə cəzalandırdısa, onlara əməlli dərs oldu. Azərbaycan əsgəri təkcə Ermənistana deyil, ATƏT-in Minsk Qrupuna və BMT-yə də dərs verdi. Bax budur Azərbaycan əsgərinin gücü, budur Azərbaycan ordusunun qüdrəti və cəsarəti".
10-10-2020, 08:47 | Professor Aida İmanquliyeva Azərbaycanda Şərq-Qərb ədəbi əlaqələrini sistemli şəkildə araşdıran ilk azərbaycanlı alimdir

Oktyabrın 10-u görkəmli şərqşünas alim Aida İmanquliyevanın doğum günüdür
Görkəmli şərqşünas alim Aida İmanquliyevanın anadan olmasından 81 il ötür. Aida xanım İmanquliyevanın zahiri gözəlliyi zəngin mənəvi dünyası, həssas qəlbi ilə harmoniya təşkil edirdi. Böyüklə böyük, uşaqla uşaq kimi davranar, ona müraciət edənlərdən köməyini əsirgəməzdi. Qısa, lakin mənalı ömründə həm elmin zirvəsini fəth edə bildi, həm də əhatəsində olduğu insanların əbədi sevgisini qazandı. O, görkəmli şərqşünas alim, istedadlı pedaqoq olmaqla yanaşı, səmimi, mehriban, nəcib insan, gözəl övlad və həyat yoldaşı, fədakar ana idi.
Trend Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru, professor Aida İmanquliyevanın doğum günündə onun həyat və fəaliyyətinin bəzi məqamlarına nəzər salır.
Aida Nəsir qızı İmanquliyeva 1939-cu il oktyabrın 10-da Bakıda ziyalı ailəsində anadan olub. 1957-ci ildə Bakı şəhəri 132 nömrəli orta məktəbi qızıl medalla bitirib və Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) şərqşünaslıq fakültəsinin ərəb filologiyası bölməsinə qəbul olunub. Universiteti bitirəndən sonra bu təhsil müəssisəsinin Yaxın Şərq xalqları ədəbiyyatı tarixi kafedrasının aspirantı olub, həmçinin keçmiş SSRİ EA Asiya Xalqları İnstitutunun aspiranturasında təhsil alıb. İyirmi yeddi yaşında namizədlik dissertasiyasını müdafiə edən Aida İmanquliyeva Azərbaycan EA Şərqşünaslıq İnstitutunda əmək fəaliyyətinə başlayıb. İstedadı, zəhmətsevərliyi hesabına kiçik elmi işçidən baş elmi işçi, şöbə müdiri, elmi işlər üzrə direktor müavini və nəhayət, direktor vəzifəsinədək yüksəlib.
1989-cu ildə Tbilisi şəhərində doktorluq dissertasiyası müdafiə edən Aida İmanquliyeva çox keçmədən bu ixtisas üzrə professor adı alıb.
Dərin nəzəri bilikləri, analitik təfəkkürü, geniş erudisiyası, zəngin mütaliəsi, bir neçə Şərq və Qərb dillərini bilməsi apardığı tədqiqatların və yazdığı əsərlərin uğurunu şərtləndirən əsas amillər idi. Üç monoqrafiya ("Mixail Nüaymə və "Qələmlər birliyi", "Cübran Xəlil Cübran", "Yeni ərəb ədəbiyyatı korifeyləri") və 70-dən çox elmi məqalənin müəllifi Aida İmanquliyeva Şərq filologiyası sahəsində yazılmış bir çox elmi əsərlərin redaktoru olub. Azərbaycan EA Şərqşünaslıq İnstitutunda fəaliyyət göstərən "Asiya və Afrika ölkələri xalqları ədəbiyyatları" ixtisası üzrə müdafiə şurasının sədri seçilib. Azərbaycan şərqşünaslıq elmini keçmiş SSRİ məkanında və onun hüdudlarından kənarda layiqincə təmsil edib.
Aida xanım elmi-təşkilati fəaliyyətində yüksəkixtisaslı ərəbşünas kadrlar hazırlanmasına böyük diqqət yetirirdi. Rəhbəri olduğu Ərəb filologiyası şöbəsində qısa müddətdə 10-dan çox namizədlik dissertasiyası müdafiə edilmişdi.
Ümumittifaq Şərqşünaslar Cəmiyyəti Rəyasət Heyətinin, Şərq ədəbiyyatlarının tədqiqi üzrə Ümumittifaq Koordinasiya Şurasının üzvü olan Aida İmanquliyeva uzun illər səmərəli pedaqoji fəaliyyət göstərib, Azərbaycan Dövlət Universitetində ərəb filologiyası fənnindən mühazirələr oxuyub.
Professor Aida İmanquliyeva Azərbaycanda Şərq-Qərb ədəbi əlaqələrini sistemli şəkildə araşdıran ilk azərbaycanlı alimdir. Onun çoxsaylı elmi əsərlərində Qərb və Şərq mədəni ənənələrinin sintezi, yaradıcı üslubun inkişafı və yeni bədii üslubun təşəkkül tapması tədqiq olunur ki, bu da nəinki ərəb, həmçinin bütün yeni Şərq ədəbiyyatlarının həmin aspektdə tədqiqi üçün mühüm zəmin yaradır. Bu əsərlərdə müəllif öz dövrünü xeyli qabaqlayaraq, Şərqlə Qərb mədəniyyətlərinin bir-birinə təsirini elmi cəhətdən əsaslandırıb.
Adı dünya şöhrətli şərqşünaslarla bir sırada çəkilən Aida İmanquliyevanın maraq dairəsi geniş və çoxşaxəli idi. Lakin onun çoxsaylı elmi araşdırmalarının əsas obyekti ərəb məhcər ədəbiyyatı olub. Aida xanım ərəb məhcər ədəbiyyatının beynəlxalq miqyasda ən sanballı tədqiqatçısı sayılırdı. Bunu nəinki Azərbaycan və keçmiş sovet ərəbşünasları, hətta Avropa şərqşünasları belə etiraf edirlər. Alim dərin araşdırmalar nəticəsində bu qənaətə gəlir ki, ərəb ədəbiyyatı xarici ədəbiyyatların nailiyyətlərindən bəhrələnməsində ilk növbədə məhcər ədəbiyyatı nümayəndələrinə borcludur. Onlar Qərb ədəbiyyatının ən yaxşı nailiyyətlərini mənimsəyərək özünəməxsus şəkildə inkişaf etdiriblər. Əsərlərində milli ruhu və milli koloriti qoruyub saxlayan bu yazıçılar yeni ərəb ədəbiyyatının inkişafında əvəzsiz rol oynayıblar. Məhz onların yaradıcılığı sayəsində XX əsr ərəb ədəbiyyatının mövzu dairəsi genişlənib, janr tərkibi zənginləşib, bədii ifadənin yeni formaları yaranıb və ərəb ədəbiyyatı bəşər mədəniyyətinin ayrılmaz hissəsinə çevrilib.
Aida xanımın daha bir xidməti cəmiyyət üçün layiqli övladlar böyütməsidir. Həyatını elmə həsr edən böyük qızı Nərgiz Paşayeva M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidentidir. Bu ailənin ikinci qızı - Mehriban Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiridir.
Sevgi dolu ürəyə, incə və həssas qəlbə malik Aida xanımın yoxluğundan 28 il ötsə də, xatirəsi yaddaşlarda yaşayır. Bu gün də təkrar-təkrar oxunan, təhlil və tədqiq edilən, müxtəlif dillərə tərcümə olunan əsərləri, elmi monoqrafiyaları aktuallığını qoruyub saxlayır. Gənc nəsil Aida İmanquliyevanın əsərlərinə daim müraciət edir. Onun intellektual irsi müasir dövrümüzdə Azərbaycanla ərəb ölkələri arasında ədəbi-elmi körpü rolunu oynayır.
10-10-2020, 08:37 | Sahil Kərimli: İlham Əliyevin verdiyi son şans - Ermənistan özünü xilas edə biləcəkmi?

Azərbaycan Ermənistanı bütün cəbhələrdə ağır məğlubiyyətə uğradır. İstər hərbi, istərsə də siyasi-diplomatik müstəvidə düşmən darmadağın edilir. Düşmən sarsıdıcı zərbələr, layiqli dərs alır. Ermənistanın hərbi-siyasi rəhbərliyi heç vaxt olmadığı kimi çıxılmaz durumdadır. Döyüş meydanlarında biabırçı məğlubiyyətə uğrayan, həddən artıq hərbi texnika, canlı qüvvə itirən işğalçı ordu mövqelərini durmadan tərk edərək qaçır. Azərbaycan Ordusu güclü əks-hücuməməliyyatları ilə işğal altında olan rayonlarımızı, qəsəbə və kəndlərimizi azad edir. Ali Baş Komandan İlham Əliyev Azərbaycan xalqına Qələbə xəbərlərini çatdırır. Qətiyyətli Prezident, Qalib Komandan Azərbaycan xalqını hər gün sevindirir. 30 ilə yaxındır həsrətlə gözlənən Qələbə sevincini Azərbaycan xalqına İlham Əliyev, onun şanlı Ordusu yaşadır.
Ali Baş komandanın müzəffər Ordusu cəmi 10 gün ərzində Ermənistan ordusunu darmadağın etdi. Ermənistan bir dövlət kimi təməldən sarsıldı. Bundan sonra Ermənistanın özünə yeni ordu qurmasına onilliklər lazım olacaq. Bunu bacaracaq ya yox, hələ bu da sual altındadır.
Azərbaycan Prezidenti qətiyyətli və dəyişməz mövqeyi ilə düşməni diplomatik cəbhədə də yerlə bir edir. Əvvəla, uzun illərdir ki, Prezident İlham Əliyev beynəlxalq tribunalarda Azərbaycanın haqq-ədalət mövqeyini müdafiə edir, Qarabağ həqiqətlərini dünyaya olduğu kimi çatdırır. Bunun nəticəsidir ki, əgər 90-cı illərin əvvəllərində işğala məruz qalan Azərbaycan haqqlı olduğu halda haqqsız duruma düşürdüsə, bu gün dünya münaqişə ilə bağlı əsl həqiqətin nədən ibarət olduğunu açıq-aydın görür. İndi beynəlxalq aləm Ermənistanı işğalçı ölkə kimi tanıyır, Azərbaycanın ərazi bütövlüyü birmənalı olaraq dəstəklənir, torpaqlarımızın qeyd-şərtsiz boşaldılması işğalçıdan tələb olunur. Bu, İlham Əliyev diplomatiyasnın uğurudur.
Prezident İlham Əliyev böyük dünya gücləri və Ermənistana havadarlıq edən dövlətlərin təzyiqləri qarşısında əzmlə dayanır, öz prinsipiallığını və qəti mövqeyini bir daha nümayiş etdirir. Əgər bir neçə ay əvvəl azğınlaşmış Ermənistan hökumti işğalçılıq mövqeyindən bir addım belə geri çəkilməyəcəyini, heç bir güzəştə getməyəcəyini bəyan edirdisə, sərsəm şərtlər irəli sürürdüsə, bu gün həm Azərbaycan Ordusunun öldürücü gücü, həm də Prezident İlham Əliyevin qəti mövqeyi qarşısında məğlub duruma düşüb. Paşinyan artıq İlham Əliyevə uduzduğunu yaxşı anlayır və ağ bayraq qaldırır. Azərbaycanın işğalçını sülhə məcbur etmə əməliyyatları fonunda real vəziyyət belədir: Paşinyan İlham Əliyevə təslim olub. Erməni baş nazir miskin, rəzil, çarəsiz durumdadır.
Ermənistan artıq danışıqlar prosesinə getmək üçün yalvarır. Əgər danışıqlar bərpa edilərsə, heç şübhəsiz ki, bütün şərtləri Azərbaycan müəyyənləşdirəcək. İlham Əliyevin isə bir şərti var. Ermənistan işğal etdiyi tarixi torpaqlarımızı dərhal tərk etməldir. Yalnız bu halda öldürücü döyüş əməliyyatları dayandırıla bilər. Ermənistan tamamilə məhv olmaq, uçuruma yuvarlanmaq istəmirsə ağlını başına yığmalıdır. Bu, İlham Əliyevin Paşinyana verdiyi son şansdır. Xilas üçün son şans. Ermənistan xilas ola biləckmi? Bunu yaxın günlər göstərəcək.
Prezident, Ali Baş Komandan İlham Əliyev qətiyyətli siyasətçi və layiqli dövlət başçısı olduğunu bir daha sübut edir. Prezident xalqın mənafeyinə əsaslanan, milli maraqlara söykənən mövqeyindən bir adım belə geri çəkilmir. Çünki, Azərbaycanın milli maraqları Prezident İlham Əliyev üçün həmişə ən ali dəyər olub.
Bu gün Prezident İlham Əliyevin timsalında dünya Azərbaycanın qəhrəmanlıq səlnaməsinə, şanlı qələbələrinə, birlik və həmrəyliyin təntənəsinə, sarsılmaz döyüş ruhuna, nümunəvi vətənpərvərlik ənənələrinə şahidlik edir. Bütün Azərbaycan xalqı bu mükəmməl uğurlarla - güclü və qüdrətli ölkəmizlə haqqlı olaraq fəxr və qürur duyur. Biz tarix yazırıq. Şanlı və şərəfli tarix.
Sahil Kərimli,
Trend Beynəlxalq İnformasiya Agentliyinin Baş redaktor müavini
10-10-2020, 08:34 | Düşmən Xocalı istiqamətindən Hadrutu intensiv atəşə tutur

Ermənilər Xocalı istiqamətindən Hadrutu intensiv atəşə tutur.
Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə, düşmən Xocalı istiqamətindən Hadrutu yaylım atəşli reaktiv sistemlərdən atəşə tutur.
Ordumuz Ermənistan silahlı qüvvələrinə qarşı adekvat tədbirlər görür.


















