19-09-2026, 13:40 | İlham Əliyev Sərvər Bəşirli haqqında: Köhnə bir avtomobillə yorğan-döşək - əlində nə var idi onu gətirmişdi

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi Viktor Mahmudovu, Qırğız Respublikası Təhlükəsizlik Şurasının katibi Adilet Orozbekovu, Qazaxıstan Respublikasının Təhlükəsizlik Şurası sədrinin müavini Aida Balayevanı, Şimali Kipr Türk Respublikası Baş nazirinin müşaviri Mehmet Ağanı qəbul edib.
Trend xəbər verir ki, söhbət zamanı 2023-cü ildə Kahramanmaraşda baş vermiş zəlzələdən sonra əşyalarını köhnə qırmızı avtomobilinə yükləyərək zərərçəkənlərə yardım göstərmək üçün Türkiyəyə yollanan Sərvər Bəşirlinin hekayəsi də xatırlanıb.
Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memiş 2023-cü ildə baş vermiş dağıdıcı zəlzələ haqqında danışıb.
"Cənab Prezident, biz 2023-cü il fevralın 6-da, demək olar ki, kiçik bir qiyamət yaşadıq. Bütün dünya, Allah razı olsun, hamısı kömək üçün səfərbər oldu. Lakin bu masa ətrafında olan qardaşlarımız, hətta azərbaycanlı bir qardaşımız qırmızı avtomobili ilə gəlmişdi", - deyə o, bildirib.
Prezident İlham Əliyev 2023-cü ildə Türkiyədə baş vermiş zəlzələdən sonra Sərvər Bəşirlinin göstərdiyi yardımdan danışaraq onun hekayəsini xatırladıb.
"Köhnə bir avtomobillə yorğan-döşək - əlində nə var idi onu gətirmişdi", - deyə dövlət başçısı bildirib.
Respublica.az
19-09-2026, 13:18 | Flora Kərimova: "Afət Fərmanqızı ilə barışmamışam"

Xalq artisti Flora Kərimova müğənni Afət Fərmanqızı ilə barışması barədə yayılan məlumatlara münasibət bildirib.
Respublica.az xəbər verir ki, xalq artisti Oxu.Az-a açıqlamasında yayılan məlumatları təkzib edib.
O, bildirib ki, Afət Fərmanqızı ilə barışmayıb və yayılan məlumatlar həqiqəti əks etdirmir:
"Mən Afət Fərmanqızı ilə barışmamışam, bunu efirdə də demişəm. Üç məhkəmənin üçündə də Afət mənə uduzub, atasının mülkü indiyə qədər dövlət tərəfindən hərraca çıxarılıb".
Xatırladaq ki, Xalq artisti Flora Kərimovanın müğənni Afət Fərmanqızı ilə barışması barədə məlumatlar yayılmışdı.
Respublica.az
19-09-2026, 13:14 | Azərbaycanda 90 məktəblə bağlı qərar verildi

Təmayül tədris modeli tətbiq olunan məktəblərin sayı artırılacaq.
Respublica.az bildirir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov İctimai Televiziyada yayımlanan "Pressinq" verilişində deyib.
Onun sözlərinə görə, təmayül tədris modeli tətbiq edilən bəzi məktəblər yenidən yaradılıb və həmin müəssisələrdə göstəricilər əvvəlki illərlə müqayisədə əhəmiyyətli dərəcədə yaxşılaşıb.
"Eyni zamanda həmin məktəblərin göstəricilərini yerləşdikləri şəhərin və yaxud rayon mərkəzlərinin ali təhsil müəssisələrinə qəbul göstəriciləri ilə müqayisə etdikdə bu məktəblərin ciddi şəkildə, müsbət mənada fərqləndiyini görürük", - o deyib.
Bağırov bildirib ki, nəticələrin müsbət dinamikası layihənin əhatə dairəsinin genişləndirilməsi barədə qərar qəbul edilməsinə səbəb olub.
Direktor qeyd edib ki, qısa müddət ərzində daha 90 məktəbin layihəyə cəlb olunması nəzərdə tutulur. Onun sözlərinə görə, bununla bağlı 16 minə yaxın valideyn müraciəti qeydə alınıb və həmin məktəblərdə artıq tədris prosesinə başlanılıb.
E.Bağırov növbəti tədris ilinin sonunda yeni layihəyə qoşulan məktəblərin də yüksək nəticələr göstərəcəyini ümid etdiyini vurğulayıb.(axar.az)
Respublica.az
17-09-2026, 10:21 | Azərbaycan əhalisinin sayı açıqlandı

Ölkə əhalisinin sayı ilin əvvəlindən 14 215 nəfər və ya 0,14 faiz artaraq 2026-cı il avqust ayının 1-i vəziyyətinə 10 276 566 nəfərə çatıb.
Bu barədə məlumat Dövlət Statistika Komitəsinin açıqladığı 2026-cı ilin yanvar-avqust aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərində öz əksini tapıb.
Bildirilib ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatına görə, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"na əsasən 31.08.2026-cı il tarixədək işğaldan azad edilmiş ərazilərə 39 269 nəfər keçmiş məcburi köçkün geri qayıdıb, bununla da işğaldan azad edilmiş ərazilərdə yaşayan, fəaliyyət göstərən və təhsil alan şəxslərin ümumi sayı 93 203 nəfər təşkil edib.
Ölkə əhalisinin 54,3 faizini şəhər, 45,7 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.
Bu ilin yanvar-iyul aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 48 954 doğulan körpə qeydə alınmış və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 9,2-dən 8,2-yə düşüb.
Doğulan körpələrin 53,4 faizi oğlan uşaqları, 46,6 faizi isə qız uşaqları olub. Doğulan körpələrdən 1 696-sı əkiz, 60-ı isə üçəm olub.
Cari ilin yeddi ayı ərzində ölkədə 35 829 ölüm halı qeydə alınıb və 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 5,9-dan 6,0-a qədər artıb.
Respublica.az
17-09-2026, 09:28 | Azərbaycan “həqiqi hərbi xidmət”dən niyə imtina etmir?

Azərbaycanda uzun müddətdir ki, peşəkar ordu modelinə keçid məsələsi müzakirə olunur. Türkiyədəki kimi ödənişli hərbi xidmətin tətbiqi, yaxud Gürcüstandakı kimi peşəkar hərbi xidmət modelinə keçid məsələsi də Azərbaycanda tez-tez gündəmə gəlir. Bunun həm mənfi, həm də müsbət tərəfləri var. Azərbaycan tərəfi bu məsələni hərtərəfli hesablamalı və ondan sonra qərar verməlidir. Birinci növbədə nəyi hesablamaq lazımdır? Rusiya-Ukrayna müharibəsi göstərdi ki, əslində peşəkar ordu modelinin o qədər də ciddi effekti yoxdur. Yəni ordunun çağırışçılardan da formalaşması itkilərin yerini doldurmağı daha asan edir. Rusiya tərəfi bunu bu formada həyata keçirdi. Əslində Avropa ölkələrinin bir çoxu da açıq şəkildə qeyd edir ki, çağırışçılardan ibarət ordu sistemini yenidən formalaşdırmaq lazımdır.
Bu sözləri axar.az-a açıqlamasında hərbi ekspert Səxavət Məmmədov deyib.
Onun sözlərinə görə, Almaniyada və Avropanın bir çox ölkəsində bununla bağlı işlər görülür:
“Hələlik isə ortada bir nəticə yoxdur. Çünki insanların bir çoxu orduya getmək istəmir. Amma real vəziyyət ondan ibarətdir ki, müharibələr göstərdi ki, çağırışçılardan formalaşan ordu daha effektivdir. Məsələn, Azərbaycan 44 günlük müharibədə və ondan sonrakı müharibə dönəmində qismən səfərbərlik həyata keçirdi. Ordu onsuz da çağırışçılardan ibarət idi.
Ödənişli hərbi xidmətin tətbiqinə gəlincə, Azərbaycan torpaqlarını işğaldan azad etsə də, ortada hələ sülh müqaviləsi yoxdur. Sülh müqaviləsinin olmaması bir yana, digər tərəfdən regionda təhdidlər var. Bu təhdidlərin qarşısını almaq, yaxud müstəqilliyi və suverenliyi qorumaq üçün Azərbaycanda kifayət qədər güclü və həcmli orduya ehtiyac var. Təbii ki, Gürcüstan ərazisinin bir hissəsi işğal altında olsa da, ölkənin ərazisi və insan resursları baxımından vəziyyət fərqlidir. Onlar tamamilə fərqli ordu modelinə keçmək istəyirlər. Amma hər hansı təhdid yaranacağı təqdirdə Gürcüstanın özünü nə qədər qoruya biləcəyi əsas suallardan biridir. Biz görürük ki, Ermənistan da hələ bu tip ordu modelinə keçmir. Türkiyədə isə insan resursu çoxdur və buna görə də Türkiyə bu modelə keçə bilər. Amma Azərbaycanda insan sayının azalması, yaxud doğum səviyyəsinin aşağı düşməsi ilə bağlı məsələlər var.
Hazırkı mərhələdə dünyadakı prosesləri nəzərə aldıqda, hələ də çağırışçıların qalması və bu sistemin davam etdirilməsi doğru yanaşmadır. Ancaq müəyyən müddətdən sonra peşəkar ordu modelinə keçid məsələsini həll etmək
mümkündür. Real vəziyyət isə ondan ibarətdir ki, peşəkar ordu modeli o qədər də effektiv deyil”.
Respublica.az
17-09-2026, 09:08 | Tələbələr dərsə getmək üçün beton maneələri aşırlar - VİDRO
[center]
[/center]1 ildən artıqdır təmir işləri aparılır, piyadalar ərazidə əziyyət çəkirlər.
Respublics.az xəbər verir ki, görüntüləri universitet tələbələri çəkərək "Xəzər Xəbər"in qaynar xəttinə göndəriblər. Bildirilib ki, yaxınlıqdakı universitetlərdən çıxan tələbələr yolları olmadığı üçün boruların və daşların üstündən hərəkət etməli olurlar. Keçdikləri yol ensizdir. Tələbələr də çox olduğundan dərslərinə gecikirlər. Ötən aydan etibarən Həsən Əliyev küçəsinin Aşıq Molla Cümə və Koroğlu Rəhimov küçələri arasındakı hissəsində, həmçinin Rövşən Əliyev küçəsinin Böyük İpək Yolu və Araz küçələri arasındakı hissəsində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılıb. Yeni tədris ilinin başlaması ilə də ərazidən keçən piyadaların hərəkəti demək olar ki, çətinləşib.
Ərazidə çəkiliş apardığımız zaman tələbələr bildirdilər ki, 1 ildən çoxdur onlar universitetə getmək üçün bu yoldan istifadə edirlər.
Respublics.az
17-09-2026, 09:05 | Qumbaranı evə Xədicənin qardaşı gətiribmiş - təfərrüat

Ötən gün Xırdalanda baş vermiş partlayışın təfərrüatı məlum olub.
Respublica.az xəbər verir ki, hadisə 19 yaşlı mərhum Xədicə Mustafayevanın həyətdə əl qumbarası ilə ehtiyatsız davranması nəticəsində meydana gəlib.
Hadisə şahidi baş verənlərlə bağlı açıqlama verib:
"Qızın həyətdə qanlar içində olduğunu gördüm. Əl nahiyəsi ağır zədələnmişdi, qarın və baş nahiyəsindən ciddi xəsarətlər almışdı. Qardaşı onu avtomobilə qoyub xəstəxanaya aparmaq istədi. Xəstəxanaya aparsalar da, artıq yolda dünyasını dəyişmişdi".
Qonşuların sözlərinə görə, ailənin dörd övladı olub. Xədicə Mustafayeva üç qardaşın bir bacısı idi. Elə həmin əl qumbarasını da qardaşlardan biri müxtəlif yolla əldə edərək evdə gizlədib.
Hadisə baş verən gün Xədicə onu evdə tapıb və ehtiyatsız davranış zamanı da məlum partlayış baş verib.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq ibtidai istintaq aparılır.
Qeyd edilib ki, 19 yaşlı Xədicə idmanla məşğul olub. O, kikboksinq idman növü üzrə dəfələrlə müxtəlif turnirlərin qalibi olub. (Baku.tv)
Respublica.az
17-09-2026, 08:57 | Hansı bakalavr ixtisasları 3 illik ola bilər? - (Video)

Hazırda ölkədə bakalavr təhsilinin müddəti ixtisasdan asılı olaraq dəyişir. Əksər ixtisaslarda bu müddət 4 il, bəzilərində isə daha çoxdur.
Respublica.az bildirir ki, Elm və təhsil naziri Emin Əmrullayev bildirmişdi ki, müəyyən ixtisasların proqramları yenidən nəzərdən keçirilməklə təhsil müddətinin 3 ilə endirilməsi mümkündür.
Millət vəkili Ceyhun Məmmədov da artıq bir sıra ölkələr bu modelə keçir.
Onun sözlərinə görə, söhbət bütün bakalavr ixtisaslarının 3 ilə keçirilməsindən getmir. Dəyişiklik olacağı təqdirdə hansı sahələrin bu modelə uyğun olduğu təhsil proqramlarının məzmunu və mütəxəssislərin rəyi əsasında müəyyənləşdiriləcək.(Xəzər TV)
Respublica.az
5-09-2026, 10:08 | Rusiyanın bu şəhərdəki konsulluğu agent mərkəzi olub – Almaniya nəşrindən ilginc iddia

Bonndakı Rusiya konsulluğunda diplomatik personal kimi maskalanmış təxminən 15-20 rus agenti işləmiş ola bilər.
Respublica.Az xəbər verir ki, məlumatı Bild qəzeti Brüssel dairələrindən daxili məlumatlara istinadən yayıb. Bildirilir ki, diplomatik təmsilçi kimi qeydiyyatdan keçən bu şəxslər əslində Rusiya kəşfiyyat orqanları - Xarici Kəşfiyyat Xidməti (SVR), Federal Təhlükəsizlik Xidməti (FSB) və Baş Kəşfiyyat İdarəsi (GRU) üçün işləyiblər.
Nəşrin məlumatına görə, konsulluq Avropada Rusiya kəşfiyyat əməliyyatları üçün platforma rolunu oynamış ola bilər. Qeyd etmək lazımdır ki, agentlərin sayı və onların fəaliyyətləri ilə bağlı məlumatlar məhz Bild-in mənbələrindən gəlir və Almaniya hakimiyyəti tərəfindən rəsmi olaraq təqdim edilmir.
Nəşr qeyd edir ki, avropalı diplomatlar Bonndakı Rusiya konsulluğunu hibrid əməliyyatları dəstəkləmək üçün mərkəz hesab edirlər.
Oradan koordinasiya edilən kampaniyaların yalnız Almaniyaya qarşı yönəlmədiyi güman edilir. Hədəflərə Benilüks ölkələri, Avropa Birliyi institutları və Belçikadakı NATO qərargahı daxildir.
Bu səbəbdən, nəşrin mənbələrinə görə, Berlinin baş konsulluğu bağlamaq qərarı yalnız Leypsiq hava limanında törədilən təxribata simvolik cavab kimi qəbul edilməməlidir. (Musavat.com)
Respublica.Az
5-09-2026, 10:02 | Ölkəyə idxal olunan qeyri-qida malları ilə bağlı yeni qayda qüvvəyə mindi

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib.
Respublica.Az Trend-ə istinadən bildirir ki, Bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilən müvafiq qanun sentyabrın 5-dən qüvvəyə minib.
Qanuna əsasən, texniki reqlamentlər və istinad edilmiş standartlar tətbiq olunan mallar ölkəyə gətirilərkən onların təhlükəsizlik tələblərinə uyğunluğunu təsdiq edən sənədlər - uyğunluq sertifikatı, uyğunluq bəyannaməsi və ya tanınmış xarici mənşəli uyğunluq sənədləri gömrük orqanlarına təqdim edilməlidir.
Bununla əlaqədar Gömrük Məcəlləsinin həm gömrük orqanlarının hüquqlarını, həm də gömrük nəzarətinin formalarını müəyyən edən maddələrinə dəyişiklik ediləcək. Dəyişikliklər gömrük əməkdaşlarına idxal olunan malların qeyd olunan uyğunluq sənədləri ilə müşayiət olunmasını yoxlamaq səlahiyyəti verəcək.
"Texniki tənzimləmə haqqında" qanunun tələblərinə görə texniki reqlamentlərə uyğun olmayan və ya uyğunluğu qiymətləndirilməmiş məhsulların istehsalı, satışı, idxalı və istifadəsi qadağandır.
Qanunun məqsədi texniki reqlamentlərin tələblərinə cavab verməyən və təhlükəli hesab olunan qeyri-qida istehlak mallarının ölkəyə gətirilməsinin qarşısını almaq, idxal nəzarəti mexanizmini təkmilləşdirmək və istehlakçıların təhlükəsizliyini artırmaqdır.
Yeni qaydalar yerli və xarici mənşəli məhsullar üçün eyni tələblərin tətbiqini təmin edəcək, rəqabət mühitinin qorunmasına və yerli istehsalın dəstəklənməsinə xidmət edəcək. Eyni zamanda insanların həyatı və sağlamlığına, ətraf mühitə, əmlaka və dövlət maraqlarına təhlükə yarada biləcək məhsulların idxalının qarşısı alınacaq.
Qanunda qeyri-qida mallarının idxalı ilə məşğul olan sahibkarların yeni tələblərə uyğunlaşması üçün 24 aylıq keçid dövrü də nəzərdə tutulub. Dəyişikliklər texniki reqlamentlər və istinad edilmiş standartlar qüvvəyə mindikdən 2 il sonra idxal olunan mallara şamil ediləcək.
Qeyd edək ki, Prezident İlham Əliyevin avqustun 6-da imzaladığı bu qanunun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi Fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə Fərman da sentyabrın 5-də qüvvəyə minib.
Respublica.Az





