10-10-2020, 08:47 | Professor Aida İmanquliyeva Azərbaycanda Şərq-Qərb ədəbi əlaqələrini sistemli şəkildə araşdıran ilk azərbaycanlı alimdir

Professor Aida İmanquliyeva Azərbaycanda Şərq-Qərb ədəbi əlaqələrini sistemli şəkildə araşdıran ilk azərbaycanlı alimdir


Oktyabrın 10-u görkəmli şərqşünas alim Aida İmanquliyevanın doğum günüdür

Görkəmli şərqşünas alim Aida İmanquliyevanın anadan olmasından 81 il ötür. Aida xanım İmanquliyevanın zahiri gözəlliyi zəngin mənəvi dünyası, həssas qəlbi ilə harmoniya təşkil edirdi. Böyüklə böyük, uşaqla uşaq kimi davranar, ona müraciət edənlərdən köməyini əsirgəməzdi. Qısa, lakin mənalı ömründə həm elmin zirvəsini fəth edə bildi, həm də əhatəsində olduğu insanların əbədi sevgisini qazandı. O, görkəmli şərqşünas alim, istedadlı pedaqoq olmaqla yanaşı, səmimi, mehriban, nəcib insan, gözəl övlad və həyat yoldaşı, fədakar ana idi.

Trend Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru, professor Aida İmanquliyevanın doğum günündə onun həyat və fəaliyyətinin bəzi məqamlarına nəzər salır.

Aida Nəsir qızı İmanquliyeva 1939-cu il oktyabrın 10-da Bakıda ziyalı ailəsində anadan olub. 1957-ci ildə Bakı şəhəri 132 nömrəli orta məktəbi qızıl medalla bitirib və Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) şərqşünaslıq fakültəsinin ərəb filologiyası bölməsinə qəbul olunub. Universiteti bitirəndən sonra bu təhsil müəssisəsinin Yaxın Şərq xalqları ədəbiyyatı tarixi kafedrasının aspirantı olub, həmçinin keçmiş SSRİ EA Asiya Xalqları İnstitutunun aspiranturasında təhsil alıb. İyirmi yeddi yaşında namizədlik dissertasiyasını müdafiə edən Aida İmanquliyeva Azərbaycan EA Şərqşünaslıq İnstitutunda əmək fəaliyyətinə başlayıb. İstedadı, zəhmətsevərliyi hesabına kiçik elmi işçidən baş elmi işçi, şöbə müdiri, elmi işlər üzrə direktor müavini və nəhayət, direktor vəzifəsinədək yüksəlib.

1989-cu ildə Tbilisi şəhərində doktorluq dissertasiyası müdafiə edən Aida İmanquliyeva çox keçmədən bu ixtisas üzrə professor adı alıb.

Dərin nəzəri bilikləri, analitik təfəkkürü, geniş erudisiyası, zəngin mütaliəsi, bir neçə Şərq və Qərb dillərini bilməsi apardığı tədqiqatların və yazdığı əsərlərin uğurunu şərtləndirən əsas amillər idi. Üç monoqrafiya ("Mixail Nüaymə və "Qələmlər birliyi", "Cübran Xəlil Cübran", "Yeni ərəb ədəbiyyatı korifeyləri") və 70-dən çox elmi məqalənin müəllifi Aida İmanquliyeva Şərq filologiyası sahəsində yazılmış bir çox elmi əsərlərin redaktoru olub. Azərbaycan EA Şərqşünaslıq İnstitutunda fəaliyyət göstərən "Asiya və Afrika ölkələri xalqları ədəbiyyatları" ixtisası üzrə müdafiə şurasının sədri seçilib. Azərbaycan şərqşünaslıq elmini keçmiş SSRİ məkanında və onun hüdudlarından kənarda layiqincə təmsil edib.

Aida xanım elmi-təşkilati fəaliyyətində yüksəkixtisaslı ərəbşünas kadrlar hazırlanmasına böyük diqqət yetirirdi. Rəhbəri olduğu Ərəb filologiyası şöbəsində qısa müddətdə 10-dan çox namizədlik dissertasiyası müdafiə edilmişdi.

Ümumittifaq Şərqşünaslar Cəmiyyəti Rəyasət Heyətinin, Şərq ədəbiyyatlarının tədqiqi üzrə Ümumittifaq Koordinasiya Şurasının üzvü olan Aida İmanquliyeva uzun illər səmərəli pedaqoji fəaliyyət göstərib, Azərbaycan Dövlət Universitetində ərəb filologiyası fənnindən mühazirələr oxuyub.



Professor Aida İmanquliyeva Azərbaycanda Şərq-Qərb ədəbi əlaqələrini sistemli şəkildə araşdıran ilk azərbaycanlı alimdir. Onun çoxsaylı elmi əsərlərində Qərb və Şərq mədəni ənənələrinin sintezi, yaradıcı üslubun inkişafı və yeni bədii üslubun təşəkkül tapması tədqiq olunur ki, bu da nəinki ərəb, həmçinin bütün yeni Şərq ədəbiyyatlarının həmin aspektdə tədqiqi üçün mühüm zəmin yaradır. Bu əsərlərdə müəllif öz dövrünü xeyli qabaqlayaraq, Şərqlə Qərb mədəniyyətlərinin bir-birinə təsirini elmi cəhətdən əsaslandırıb.

Adı dünya şöhrətli şərqşünaslarla bir sırada çəkilən Aida İmanquliyevanın maraq dairəsi geniş və çoxşaxəli idi. Lakin onun çoxsaylı elmi araşdırmalarının əsas obyekti ərəb məhcər ədəbiyyatı olub. Aida xanım ərəb məhcər ədəbiyyatının beynəlxalq miqyasda ən sanballı tədqiqatçısı sayılırdı. Bunu nəinki Azərbaycan və keçmiş sovet ərəbşünasları, hətta Avropa şərqşünasları belə etiraf edirlər. Alim dərin araşdırmalar nəticəsində bu qənaətə gəlir ki, ərəb ədəbiyyatı xarici ədəbiyyatların nailiyyətlərindən bəhrələnməsində ilk növbədə məhcər ədəbiyyatı nümayəndələrinə borcludur. Onlar Qərb ədəbiyyatının ən yaxşı nailiyyətlərini mənimsəyərək özünəməxsus şəkildə inkişaf etdiriblər. Əsərlərində milli ruhu və milli koloriti qoruyub saxlayan bu yazıçılar yeni ərəb ədəbiyyatının inkişafında əvəzsiz rol oynayıblar. Məhz onların yaradıcılığı sayəsində XX əsr ərəb ədəbiyyatının mövzu dairəsi genişlənib, janr tərkibi zənginləşib, bədii ifadənin yeni formaları yaranıb və ərəb ədəbiyyatı bəşər mədəniyyətinin ayrılmaz hissəsinə çevrilib.

Aida xanımın daha bir xidməti cəmiyyət üçün layiqli övladlar böyütməsidir. Həyatını elmə həsr edən böyük qızı Nərgiz Paşayeva M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidentidir. Bu ailənin ikinci qızı - Mehriban Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiridir.

Sevgi dolu ürəyə, incə və həssas qəlbə malik Aida xanımın yoxluğundan 28 il ötsə də, xatirəsi yaddaşlarda yaşayır. Bu gün də təkrar-təkrar oxunan, təhlil və tədqiq edilən, müxtəlif dillərə tərcümə olunan əsərləri, elmi monoqrafiyaları aktuallığını qoruyub saxlayır. Gənc nəsil Aida İmanquliyevanın əsərlərinə daim müraciət edir. Onun intellektual irsi müasir dövrümüzdə Azərbaycanla ərəb ölkələri arasında ədəbi-elmi körpü rolunu oynayır.

10-10-2020, 08:37 | Sahil Kərimli: İlham Əliyevin verdiyi son şans - Ermənistan özünü xilas edə biləcəkmi?

Sahil Kərimli: İlham Əliyevin verdiyi son şans - Ermənistan özünü xilas edə biləcəkmi?


Azərbaycan Ermənistanı bütün cəbhələrdə ağır məğlubiyyətə uğradır. İstər hərbi, istərsə də siyasi-diplomatik müstəvidə düşmən darmadağın edilir. Düşmən sarsıdıcı zərbələr, layiqli dərs alır. Ermənistanın hərbi-siyasi rəhbərliyi heç vaxt olmadığı kimi çıxılmaz durumdadır. Döyüş meydanlarında biabırçı məğlubiyyətə uğrayan, həddən artıq hərbi texnika, canlı qüvvə itirən işğalçı ordu mövqelərini durmadan tərk edərək qaçır. Azərbaycan Ordusu güclü əks-hücuməməliyyatları ilə işğal altında olan rayonlarımızı, qəsəbə və kəndlərimizi azad edir. Ali Baş Komandan İlham Əliyev Azərbaycan xalqına Qələbə xəbərlərini çatdırır. Qətiyyətli Prezident, Qalib Komandan Azərbaycan xalqını hər gün sevindirir. 30 ilə yaxındır həsrətlə gözlənən Qələbə sevincini Azərbaycan xalqına İlham Əliyev, onun şanlı Ordusu yaşadır.

Ali Baş komandanın müzəffər Ordusu cəmi 10 gün ərzində Ermənistan ordusunu darmadağın etdi. Ermənistan bir dövlət kimi təməldən sarsıldı. Bundan sonra Ermənistanın özünə yeni ordu qurmasına onilliklər lazım olacaq. Bunu bacaracaq ya yox, hələ bu da sual altındadır.

Azərbaycan Prezidenti qətiyyətli və dəyişməz mövqeyi ilə düşməni diplomatik cəbhədə də yerlə bir edir. Əvvəla, uzun illərdir ki, Prezident İlham Əliyev beynəlxalq tribunalarda Azərbaycanın haqq-ədalət mövqeyini müdafiə edir, Qarabağ həqiqətlərini dünyaya olduğu kimi çatdırır. Bunun nəticəsidir ki, əgər 90-cı illərin əvvəllərində işğala məruz qalan Azərbaycan haqqlı olduğu halda haqqsız duruma düşürdüsə, bu gün dünya münaqişə ilə bağlı əsl həqiqətin nədən ibarət olduğunu açıq-aydın görür. İndi beynəlxalq aləm Ermənistanı işğalçı ölkə kimi tanıyır, Azərbaycanın ərazi bütövlüyü birmənalı olaraq dəstəklənir, torpaqlarımızın qeyd-şərtsiz boşaldılması işğalçıdan tələb olunur. Bu, İlham Əliyev diplomatiyasnın uğurudur.

Prezident İlham Əliyev böyük dünya gücləri və Ermənistana havadarlıq edən dövlətlərin təzyiqləri qarşısında əzmlə dayanır, öz prinsipiallığını və qəti mövqeyini bir daha nümayiş etdirir. Əgər bir neçə ay əvvəl azğınlaşmış Ermənistan hökumti işğalçılıq mövqeyindən bir addım belə geri çəkilməyəcəyini, heç bir güzəştə getməyəcəyini bəyan edirdisə, sərsəm şərtlər irəli sürürdüsə, bu gün həm Azərbaycan Ordusunun öldürücü gücü, həm də Prezident İlham Əliyevin qəti mövqeyi qarşısında məğlub duruma düşüb. Paşinyan artıq İlham Əliyevə uduzduğunu yaxşı anlayır və ağ bayraq qaldırır. Azərbaycanın işğalçını sülhə məcbur etmə əməliyyatları fonunda real vəziyyət belədir: Paşinyan İlham Əliyevə təslim olub. Erməni baş nazir miskin, rəzil, çarəsiz durumdadır.

Ermənistan artıq danışıqlar prosesinə getmək üçün yalvarır. Əgər danışıqlar bərpa edilərsə, heç şübhəsiz ki, bütün şərtləri Azərbaycan müəyyənləşdirəcək. İlham Əliyevin isə bir şərti var. Ermənistan işğal etdiyi tarixi torpaqlarımızı dərhal tərk etməldir. Yalnız bu halda öldürücü döyüş əməliyyatları dayandırıla bilər. Ermənistan tamamilə məhv olmaq, uçuruma yuvarlanmaq istəmirsə ağlını başına yığmalıdır. Bu, İlham Əliyevin Paşinyana verdiyi son şansdır. Xilas üçün son şans. Ermənistan xilas ola biləckmi? Bunu yaxın günlər göstərəcək.

Prezident, Ali Baş Komandan İlham Əliyev qətiyyətli siyasətçi və layiqli dövlət başçısı olduğunu bir daha sübut edir. Prezident xalqın mənafeyinə əsaslanan, milli maraqlara söykənən mövqeyindən bir adım belə geri çəkilmir. Çünki, Azərbaycanın milli maraqları Prezident İlham Əliyev üçün həmişə ən ali dəyər olub.
Bu gün Prezident İlham Əliyevin timsalında dünya Azərbaycanın qəhrəmanlıq səlnaməsinə, şanlı qələbələrinə, birlik və həmrəyliyin təntənəsinə, sarsılmaz döyüş ruhuna, nümunəvi vətənpərvərlik ənənələrinə şahidlik edir. Bütün Azərbaycan xalqı bu mükəmməl uğurlarla - güclü və qüdrətli ölkəmizlə haqqlı olaraq fəxr və qürur duyur. Biz tarix yazırıq. Şanlı və şərəfli tarix.

Sahil Kərimli,
Trend Beynəlxalq İnformasiya Agentliyinin Baş redaktor müavini

10-10-2020, 08:34 | Düşmən Xocalı istiqamətindən Hadrutu intensiv atəşə tutur

Düşmən Xocalı istiqamətindən Hadrutu intensiv atəşə tutur


Ermənilər Xocalı istiqamətindən Hadrutu intensiv atəşə tutur.

Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə, düşmən Xocalı istiqamətindən Hadrutu yaylım atəşli reaktiv sistemlərdən atəşə tutur.

Ordumuz Ermənistan silahlı qüvvələrinə qarşı adekvat tədbirlər görür.


10-10-2020, 08:26 | Gecə ərzində gərgin döyüşlər davam edib


Gecə ərzində gərgin döyüşlər davam edib

Oktyabrın 9-da günün ikinci yarısından oktyabrın 10-u səhər saatlarınadək bütün cəbhə boyu hərbi əməliyyatlar müxtəlif intensivliklə davam edib, düşmənə atəş zərbələri endirilib.

Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycan Ordusunun davam etdirdiyi hücum əməliyyatı nəticəsində bu müddətdə düşmənin xeyli sayda canlı qüvvəsi, 13 ədəd tankı, 4 ədəd BM-21 "Qrad" yaylım atəşli reaktiv sistemi, 6 ədəd D-20 və D-30 topu, 3 ədəd 2S3 "Akasiya" özüyeriyən artilleriya qurğusu, 2 ədəd M55 "Zastava" zenit qurğusu, 2 radiolokasiya stansiyaları və radioelektron mübarizə vasitələri dəqiq atəşlə məhv edilib və sıradan çıxarılıb.

Video əlavə olunacaq

18-09-2020, 15:36 | Təhsil Nazirliyi müraciət yaydı

Təhsil Nazirliyi müraciət yaydı

Sentyabrın 15-dən ölkəmizdə 2020-2021-ci tədris ilinə start verilib. Pandemiya ilə əlaqədar olaraq, dərslər həm əyani, həm də distant (məsafədən) formada təşkil edilir. Müəyyən edilmiş qaydalara əsasən, I-IV siniflər tədris ilinə əyani və distant (məsafədən), V-XI siniflər isə distant formada başlayıb.

2020-2021-ci tədris ilində ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin karantin rejimində təşkili Nazirlər Kabinetinin müvafiq Qərarı əsasında həyata keçirilir. Belə ki, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrinin fəaliyyəti əyani olaraq həftədə 2 dəfə, digər şəhər və rayonlarda isə əyani formada həftədə 3 dəfə xüsusi tədris planlarına uyğun təşkil edilir.

Lakin sosial şəbəkələrdə bəzi özəl ümumi təhsil müəssisələrində şagirdlərin həftədə 5 dəfə əyani şəkildə tədrisə cəlbi ilə bağlı fikirlər səsləndirilir.

Bildiririk ki, bu, Nazirlər Kabinetinin tədrisin təşkili ilə bağlı müvafiq qərarlarına riayət edilməməsidir. Təhsil müəssisələrində tədrisin təşkili ilə bağlı bütün məsələlər Təhsil Nazirliyinin nəzarətindədir və belə hallar təsdiqini taparsa, müvafiq şəkildə tədbirlər görüləcək.

18-09-2020, 15:27 | Bəzi dövlət orqanları Bakı şəhərindən kənara köçürülə bilərmi? - Deputatdan açıqlama

Bəzi dövlət orqanları Bakı şəhərindən kənara köçürülə bilərmi? - Deputatdan açıqlama

Müxtəlif dövrlərdə bəzi dövlət strukturlarının və universitetlərin Bakıdan kənara köçürülməsi məsələsi müzakirə olunub. Bakının həddindən artıq yüklənməsi şəhərdə və ictimai nəqliyyatda sıxlığa səbəb olur. Bəzi dövlət orqanları və universitetlər Bakı şəhərindən kənara köçürülə bilərmi?

Bununla bağlı sonxeber.az-a danışan deputat Ramil Həsən bildirib ki, hazırda müzakirə olunan bir çox məsələlər var:

"Azərbaycan müstəqillik əldə etdiyi gündən bu günə kimi zaman-zaman bu məsələ də müzakirə predmentin çevrilib. Bu məsələdə əslində söhbət Bakının boşaldılmasından getmir. Bir çox Avropa ölkələrində eləcə də Türkiyədə, BMT-nin baş ofisinin yerləşdiyi ABŞ-da da hətta Rusiyada bu praktikadan istifadə edilir. Maliyyə, ekonomiya mərkəzi kimi bir şəhəri, paytaxt kimi başqa şəhərin seçilməsi, profilə uyğun olaraq parlamentin bir şəhərdə digər strukturların başqa yerdə yerləşməsi kimi formatlar var".

Deputat qeyd edib ki, Gürcüstan belə təcrübədən istifadə etmişdi:

"Ona görə də bu məsələ bizdə də müzakirə oluna bilər. Amma hazırda bununla bağlı hansı qərar qəbul etməyin mümkün olacağını söyləməkdə çətinlik çəkirəm.


Çünki biz istənilən məsələni qanun çərçivəsində müzakirə edə bilərik. Müzakirə etdiyimiz bütün məsələlər bu sahə ilə məşğul olan strukturların və beynəlxalq təcrübəni maksimum dərəcədə bilən ekspertlərin fikirlərinin öyrənilməsi vacibdir. Mən əminəm ki, dövlətimiz müvafiq dövlət orqanları professionl ekspertlərlə çalışırlar. Dünyada mövcud olan bu praktikanın Azərbaycana tədbiqinin nə dərəcə faydalə və zərərli olmasını araşdırdıqdan sonra müvafiq qərar verə bilər. Əlbəttə bu çox önəmli məsələdir.

Burada addım atarkən diqqətli, ciddi, dövlətimizin milli maraqlarına xidmət edən, ölkəmizin maliyyə, iqtisadi, ifrastrukturunun inkişf etdirilməsini sürətləndirən addımlar atılmalıdır. Bunu da dövlətin müvafiq orqanları nəzərə alırlar. Hazırda bu sadəcə müzakirə predmentidir. Bunun reallaşdırlıb və reallaşdırılmamasını zamandan və bununla bağlı müvafiq dövlət orqanlarının hansı addımı atacağından asılıdır".

18-09-2020, 15:20 | Mərkəzi Bank uçot dərəcəsini endirdi

Mərkəzi Bank uçot dərəcəsini endirdi

Mərkəzi Bankın İdarə Heyəti uçot dərəcəsinin 6.75%-dən 6.5%-ə endirilməsi haqqında qərar qəbul edib.

Bankdan verilən məlumata görə, faiz dəhlizinin aşağı həddi 6%, faiz dəhlizinin yuxarı həddi isə 7% səviyyəsində müəyyən edilib.

Bu qərar inflyasiyanı hədəf çərçivəsində saxlamaqla (4±2%) məcmu tələbin dəstəklənməsinə və bununla da bərpa prosesinin sürətləndirilməsinə yönəldilmişdir. Uçot dərəcəsinin qəbul olunan səviyyəsi qısa və ortamüddətli dövrdə inflyasiya proseslərinin dinamikasını nəzarətdə saxlamağa imkan verir.

Faiz dəhlizinin parametrlərinə dair növbəti qərarlar qısa və ortamüddətli perspektivdə inflyasiya üzrə risk balansından, faktiki inflyasiyanın hərəkət trayektoriyasından, beynəlxalq konyunkturdan və valyuta bazarındakı vəziyyətdən asılı olaraq qəbul ediləcəkdir.

İnflyasiyanın dinamikası və inflyasiya gözləntiləri. İdarə Heyətinin pul siyasətinə həsr olunmuş son iclasından keçən dövrdə illik inflyasiya hədəf diapazonunun mərkəzindən aşağıda qalmışdır. Zəif məcmu tələb şəraitində rəsmi statistikaya görə avqust ayında qiymətlər 0.2% azalmış, illik inflyasiya isə 2.8% təşkil etmişdir. Aylıq deflyasiya əsasən ərzağın ucuzlaşması hesabına baş vermişdir. Mövsümi amillərin də təsiri ilə avqustda ərzaq qiymətləri 0.5% aşağı düşmüşdür. Qeyri-ərzaq məhsulları və xidmətlərin qiymətləri isə inersion olaraq dəyişməmişdir. Ümumilikdə, faktiki inflyasiyanın dinamikası proqnozlara uyğun olmuşdur.

Real sektor müəssisələri üzrə monitorinqin nəticələri inflyasiya gözləntilərinin azalmaqda davam etdiyini təsdiqləyir. Avqustda ötən aya nəzərən inflyasiya gözləntiləri qeyri-neft sənayesi və xidmət sahələrində azalmış, tikinti və ticarət sektorlarında isə demək olar ki, dəyişməmişdir. Lakin aparılan sorğular inflyasiya gözləntilərinin xarici və daxili mühit amillərinə həssas olduğunu göstərir.

İnflyasiya proqnozu azaldılma istiqamətində təshih edilmişdir. Bunu şərtləndirən əsas amil iyul və avqust aylarında deflyasiya olmuşdur. Sentyabrda yenilənmiş proqnozlara görə 2020-ci ilin sonuna inflyasiya 3-3.2% diapazonunda gözlənilir ki, bu da hədəf diapazonunun mərkəzindən aşağıdır.

Qlobal mühit və xarici sektor göstəriciləri. Xarici mühitdə vəziyyət qeyri-müəyyən olaraq qalır. Bir çox ölkələrdə karantin rejiminin qismən yumşaldılması ilə qlobal iqtisadi aktivlikdə müəyyən yaxşılaşma müşahidə edilsə də, epidemiyanın 2-ci dalğası gözləntiləri fonunda bərpa prosesi çox ləng gedir.

Sentyabrın əvvəlində dünya maliyyə bazarlarında, o cümlədən ticarət partnyoru olan ölkələrin valyuta bazarlarında dalğalanmalar yenidən yüksəlmişdir.

Dünya bazarında əmtəə qiymətləri üzrə də volatillik yüksəlmişdir. Avqustda brent markalı neftin orta qiyməti 45 ABŞ dolları olduğu halda, sentyabrın ötən dövründə 42.1 ABŞ dollarına enmişdir. Dünyanın bir çox ölkələrində karantin rejiminin qalması neftə tələbin davamlı bərpasına mane olur.

Aşağı neft qiymətlərinə baxmayaraq ilin əvvəlindən ölkənin xarici ticarət balansı profisitli qalır ki, bu da strateji valyuta ehtiyatlarının artmasına şərait yaradır. Hazırda strateji valyuta ehtiyatları 51.4 mlrd. ABŞ dolları təşkil edir ki, bu da ilin əvvəli ilə müqayisədə 0.6% çoxdur. Mərkəzi Bankın valyuta ehtiyatları ilin əvvəlindən 3.7% artmışdır.

Monetar şərait. Pandemiyanın davam etməsi şəraitində pul siyasəti qərarları və makroprudensial tənzimləyici güzəştlər kredit şərtlərini yumşaldır və iqtisadiyyatın likvidliyə olan ehtiyaclarının ödənilməsini təmin edir.

Pul bazası ilin əvvəlindən 1% azalsa da, iyulun sonundan 3% artmışdır. İlin son rübündə xəzinə hesabından dövlət xərcləri ilə bağlı pul bazasının artımının əhəmiyyətli sürətlənəcəyi gözlənilir. Lakin pandemiya şəraitində pul bazasının artımı məcmu tələbin genişlənməsi və kredit ekspansiyası ilə müşayiət olunmur.

Bank sistemində izafi likvidlik şəraitində Mərkəzi Bankın depozit əməliyyatları və qısamüddətli notları üzrə faiz dərəcələrinin, eləcə də dövlət qiymətli kağızlarının gəlirliyinin azalması müşahidə edilməkdədir. Depozit və kredit faizləri risk premiyası ilə yumşalan monetar şərait arasında tarazlaşmaqdadır.

Real faiz dərəcələrinin pozitiv qalması şəraitində fiziki şəxslərin müddətli əmanətləri avqust ayında artmışdır. Kredit qoyuluşlarında da son ayda artım davam etmişdir.

Ötən iclasdan bəri valyuta bazarında sabitlik davam etmişdir. 2020-ci ilin dövlət büdcəsinin dürüstləşməsi ilə Neft Fondundan transfertlərin artırılması valyuta bazarında tarazlığa əlavə dəstək verəcəkdir.

İqtisadi aktivlik. Məhdudiyyətlərin nisbətən yumşalması ilə əlaqədar qeyri-neft sektoru üzrə iqtisadi azalma tempi nisbətən səngimişdir. Rəsmi statistikaya görə cari ildə qeyri-neft sektoru üzrə Ümumi Daxili Məhsulun real azalmasının dib nöqtəsi 2.5% (6 ayın yekunu üzrə) olduğu halda 8 ayın yekunu üzrə 1.7% olmuşdur.

Real sektor müəssisələrinin monitorinqi biznes inam indeksinin neqativ zonada qaldığını göstərsə də, əksər sahələr üzrə ötən aydakı tarixi minimumla müqayisədə artım müşahidə olunmuşdur.

İlin qalan dövründə iqtisadi aktivlik kontr-tsiklik fiskal siyasət, monetar yumşalma və sinxronlaşdırılmış antiböhran tədbirləri ilə dəstəklənəcəkdir.

İnflyasiya riskləri. Risklər balansına təsir edən başlıca amil pandemiyanın gələcəyi ilə bağlı qeyri-müəyyənliklərin yüksək olaraq qalmasıdır. Xarici risklərə əsasən COVİD-19-a ikinci yoluxma dalğası ehtimalının təsiri ilə neft qiymətlərinin daha kəskin aşağı düşməsi, bəzi tərəfdaş ölkələrdə resessiya və məzənnə dəyişiklikləridir. Bu meyillərin güclənməsi ilə inflyasiya gözləntilərinin dəyişməsi, habelə son illər əsasən fiskal kəsirin monetizasiyası nəticəsində yaranmış likvidliyin potensial təsirləri isə başlıca daxili risklərdir. Lakin mövcud kontrtsiklik makroiqtisadi çərçivə bu riskləri idarə etməyə əlavə imkanlar yaradır.

Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərarların qəbulu zamanı risklər balansındakı dəyişikliklər və makroiqtisadi sabitlik hədəfləri əsas götürüləcəkdir.

Bu qərar 18 sentyabr 2020-ci ildən qüvvəyə minir. Mərkəzi Bankın İdarə Heyətinin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı 2020-ci il oktyabr ayının 30-da ictimaiyyətə açıqlanacaq və bununla bağlı mətbuat konfransı keçiriləcəkdir.

18-09-2020, 15:16 | Naxçıvanda Əqil Mehdiyevin 100 illik yubileyi qeyd olunacaq

Naxçıvanda Əqil Mehdiyevin 100 illik yubileyi qeyd olunacaq

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sentyabrın 17-də Əqil Mehdiyevin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

NUHÇIXAN İnformasiya Agentliyinə bildirir ki, sərəncamda deyilir:

"2020-ci ildə tanınmış həkim və ictimai xadim Əqil Səftər oğlu Mehdiyevin anadan olmasının 100 illiyi tamam olur.

Ömrünün 50 ildən çoxunu səhiyyə təşkilatçısı və həkim kimi muxtar respublika səhiyyəsinin inkişafına həsr edən Əqil Mehdiyev Naxçıvan Muxtar Respublikasının Səhiyyə naziri vəzifəsində səmərəli fəaliyyət göstərmişdir. Əqil Mehdiyev muxtar respublikanın ictimai və sosial həyatında da yaxından iştirak etmiş, birinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı seçilmiş, Naxçıvan Muxtar Respublikası Ağsaqqallar Şurasının sədri olmuşdur. Əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilən Əqil Mehdiyev Azərbaycan Respublikasının "Əməkdar həkimi" fəxri adına layiq görülmüş, "Şöhrət" və "İstiqlal" ordenləri ilə təltif edilmişdir.

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq, tanınmış həkim və ictimai xadim Əqil Mehdiyevin 100 illik yubileyinin keçirilməsini təmin etmək məqsədilə qərara alıram:


1. Əqil Mehdiyevin 100 illik yubileyi Naxçıvan Muxtar Respublikasında qeyd edilsin.

2. "Əqil Mehdiyevin 100 illik yubileyinin keçirilməsi ilə əlaqədar Tədbirlər Planı" təsdiq edilsin".

18-09-2020, 15:13 | “Abituriyent Məsləhət Mərkəzləri” istirahət günləri də fəaliyyət göstərəcək

“Abituriyent Məsləhət Mərkəzləri” istirahət günləri də fəaliyyət göstərəcək

"Ali təhsil müəssisələrinin ixtisas seçiminin 20 sentyabr saat 23:59-da başa çatacağı nəzərə alınaraq, "Abituriyent Məsləhət Mərkəzləri" 19 və 20 sentyabr tarixlərində də fəaliyyətlərini davam etdirəcəklər.

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, "Abituriyent Məsləhət Mərkəzləri" qeyd olunan tarixlərdə saat 09:30-dan 17:00-dək Dövlət İmtahan Mərkəzinin regional bölmələrində, həmçinin Qərbi Kaspi, Azərbaycan, Bakı Biznes, Odlar Yurdu, Kooperasiya, Avrasiya Universitetlərində fəaliyyət göstərəcəklər.

"Məsləhət mərkəzləri"ndə xüsusi treninq keçmiş əməkdaşlar abituriyentlərə "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"nin doldurulma və təsdiq edilməsi qaydası, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında ödənişsiz xidmət göstərirlər:

Pandemiya şəraitinin tələblərinə uyğun olaraq ali təhsil müəssisələrində abituriyentlərin qəbulu məhdud sayda - günlük müəyyən edilmiş saya uyğun DİM-in saytı vasitəsilə əvvəlcədən götürülmüş onlayn növbə ( http://eservices.dim.gov.az/eNovbe/ ) əsasında həyata keçirilir. Bir abituriyentə maksimum 20 dəqiqə vaxt ayrılır. Abituriyenti yalnız 1 nəfərin müşayiət etməsinə icazə verilir.

"Məsləhət mərkəzləri"ndə xüsusi treninq keçmiş əməkdaşlar abituriyentlərə "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"nin doldurulma və təsdiq edilməsi qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında ödənişsiz xidmət göstərirlər".

18-09-2020, 15:11 | Dövlət qulluğuna qəbul üzrə növbəti imtahana dair STATİSTİKA

Dövlət qulluğuna qəbul üzrə növbəti imtahana dair STATİSTİKA

Dövlət İmtahan Mərkəzi 2020-ci il sentyabrın 10-da dövlət qulluğuna qəbul üzrə keçirilmiş imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş və TQDK-nın (DİM-in) əmri ilə ali təhsil müəssisələrinə qəbul olmuş şəxslərin nəticələri haqqında növbəti statistik məlumatları açıqlayıb.

Mərkəzdən verilən məlumata görə, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 1417 namizəddən 1312 nəfər keçmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (indiki Dövlət İmtahan Mərkəzinin) keçirdiyi qəbul imtahanlarının nəticələrinə əsasən ali təhsil müəssisələrinə qəbul olmuşdur. Bu şəxslərdən 602 nəfər (45.9%) imtahandan uğurla keçmişdir

0-100, 101-200, 201-300, 301-400, 401-500, 501‑600, 601-700 intervalında bal toplayanların müvafiq olaraq 16.7%-i, 18.2%-i, 32.8%-i, 43.5%-i, 50.0%-i, 59.4%-i, 81.3%-i test imtahanından uğurla keçib. Verilənlərə əsasən, əvvəlki imtahanlarda olduğu kimi bu imtahanda da uğur qazananların faiz göstəricilərinin bal intervallarına mütənasib olaraq artımı müşahidə olunur.

Qeyd edək ki, müxtəlif illərdə ali təhsil müəssisələrinə qəbul zamanı müsabiqə şərtləri fərqli olmuşdur. Daha aşağı nəticə göstərərək ali təhsil müəssisələrinə qəbul olan şəxslər əsasən qabiliyyət tələb edən ixtisasların müsabiqəsində iştirak edənlərdir.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 1417 namizəddən 105 nəfər ali təhsil müəssisələrinə TQDK-nın (DİM-in) xətti ilə qəbul olmamışdır. Onlardan yalnız 24 nəfər (1.7%) imtahanda uğur qazanmışdır. Müvəffəqiyyət əldə edənlərdən 13 nəfər xaricdə yerləşən təhsil müəssisələrini, 11 nəfər isə ölkənin ali təhsil müəssisələrini bitirmişdir.

������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.