11-09-2020, 12:05 | Tehran Muradlı "“Biz, Ali Baş Komandanın əmrinə hər zaman hazırıq!”

"Hər bir ölkənin nüfuzu iqtisadi, siyasi, elmi potensialı ilə yanaşı, həm də onun ordusunun qüdrəti ilə ölçülür. Ordu isə o zaman qüdrətli olur ki, onun əsgəri vətənpərvər olsun, Vətən üçün, xalq üçün istənilən təhdid və təhlükəyə layiqli cavab versin. Azərbaycan Ordusu da tarixin ən çətin dövrlərində yaranaraq böyük bir inkişaf yolu keçib, ölkəmizin təhlükəsizliyinin qarantına çevrilib."
Bu sözləri saytımıza açıqlamasında "AAY' ASC-nin Göycay şəhəri 17 saylı MMC-nin direktoru. Tehran Muradlı deyib
O qeyd edib ki, İşğalçı Ermənistan zaman-zaman Azərbaycana qarşı etnik təmizləmə siyasəti aparıb.
"Bunun ən ağır nəticəsi olaraq Ermənistan tərəfindən 1991-1993-cü illərin hərbi kampaniyası dövründə Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayonu işğal olunub. Əlbəttə ki, bu işdə Ermənistana xarici havadarları da kömək edib.Son olaraq isə 12 iyul 2020-ci ildən başlayaraq Ermənistan silahlı qüvvələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində beynəlxalq səviyyədə tanınan ərazisinə artilleriya atəşi edərək təxribatlar törədir.
Bununla bağlı iyulun 13-də Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib. İclasda çıxış edən Dövlət Başçısı dövlət sərhədində Ermənistan tərəfindən hərbi təxribatlar törədilidiyinin birinci dəfə olmadığını və son bir neçə ay ərzində bu hərbi təxribatlar nəticəsində bizim hərbçilərimizin, eyni zamanda, mülki şəxslərin həlak olduğunu diqqətə çatdırdı.Deyildi ki, Ermənistanın növbəti təxribatının qarşısı qətiyyətlə alınaraq, düşmənə adekvat cavab verilmiş şəhid olmuş hərbçilərimizin qisası alınmışdır.
Törədilmiş təxribatın bütün məsuliyyətinin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü deyən Prezident İlham Əliyevbelə çirkin vasitələrdən istifadə etməyin onların təcavüzkar siyasətinin təzahürü olduğunu və bu siyasətin Ermənistan üçün böyük təhlükə mənbəyinə çavrildiyini qeyd etdi. Qətiyyətlə bildirdi ki, Azərbaycan heç vaxt işğal edilmiş torpaqlarının bu vəziyyətdə qalması ilə barışmayacaq, əlindən gələni edəcək ki, öz ərazi bütövlüyünü bərpa etsin.
Beynəlxalq təşkilatlara müvafiq müraciətlər edilməsi, operativ vəziyyət imkan verən kimi Azərbaycanda fəaliyyət göstərən xarici ölkələrin hərbi nümayəndələrinin həmin əraziyə dəvət ediləcəyi və hər şeyin onlara əyani surətdə göstəriləcəyi də çıxışda öz əksini tapdı.
Ermənistanın ictimai-siyasi və sosial-iqtisadi vəziyətinin analitik tərzdə təhlil edən dövlətimizin rəhbəri Ermənistandakı daxili vəziyyətin artıq böhranlı həddə çatdığını,daxili çaxnaşmaların geniş vüsət aldığını xüsusilə qeyd etdi. Eyni zamanda nəzərə çatdırıldı ki, ölkəmizin son vaxtlar əldə etdiyi beynəlxalq uğurlar, xüsusilə, beynəlxalq təşkilatlar çərçivəsində uğurlu fəaliyyətimiz, son müddət ərzində bütün aparıcı beynəlxalq təşkilatlar tərəfindən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verilmiş açıqlamalar, qəbul edilmiş qərarlar, ölkəmizin ərazi bütövlüyünün dəstəklənməsi onları çox narahat edir.
Cənab İlham Əliyev xüsusilə vurğuladı ki, mötəbər kürsülərdən müntəzəm olaraq həm münaqişənin tarixi ilə, həm bölgənin tarixi ilə bağlı gətirdiyimiz konkret faktlar, inandırıcı əsaslandırmalar, ermənilərin təbliğatını alt-üst edir.Artıq bütün dünya bilir ki, Dağlıq Qarabağ əzəli tarixi Azərbaycan torpağıdır və bunu təsdiqləyən kifayət qədər sənədlər var və bu sənədləri biz indi geniş beynəlxalq ictimaiyyətə təqdim edirik. Bu yaxınlarda qondarma “Dağlıq Qarabağ respublikası”nda keçirilmiş qondarma “seçkilər” nəinki heç bir ölkə tərəfindən tanınmadı, hətta bütün aparıcı beynəlxalq təşkilatlar, qonşu ölkələr və bu məsələ ilə məşğul olan ölkələrin bu seçkiləri pislədiyindən də söhbət açıldı.Ermənistanda hökm sürən hərc-mərclikdən və mövcud böhrandan ictimaiyyətin fikrini yayındırmaq və onu cəbhə bölgəsinə yönəltmək məqsədilə belə bir təxribatın törədildiyi, lakin uğursuz sonluqla nəticələndiyi diqqətə çatdırıldı.Bu təxribatın digər səbəbinin son vaxtlar Azərbaycanın beynəlxalq arenada çox böyük uğurlara imza atdığı olduğu da qeyd olundu. Deyildi ki, təşəbbüsümüzlə beynəlxalq təşkilatların Zirvə görüşləri, BMT Baş Assambleyasının xüsusi sessiyası baş tutub. Bu təklifi, bu təşəbbüsü 130-dan çox ölkə dəstəkləyib və Ermənistan bu təşəbbüsün əleyhinə çıxıb və bir daha özünü rüsvay edib, bir daha özünü dünyadan təcrid edib. Bu gün dünya gündəliyində birinci yerdə duran COVID ilə bağlı mübarizə məsələsində öz anlaşılmaz mövqeyi ilə bir daha bütün dünyanın diqqətini öz çirkin siyasətinə cəlb edib. Beynəlxalq arenada Ermənistanın demək olar ki, bütün dayaqlarının itirildiyi, daxili vəziyyətin kifayət qədər gərgin olduğu və Ermənistan iqtidarının çıxılmaz vəziyyətə düşdüyü Prezidentimiz tərəfindən tutarlı dəlillərlə göstərildi.Çıxışına yekun vuraraq ermənilərin təxribatına tutarlı cavab verildiyi,hərbçilərimizin qisasının alındığı və bundan sonra da alınacaqğı, şəhidlərimizin qanının yerdə qalmayacağı Ali Baş Komandan tərəfindən qətiyyətlə və yüksək vətənpərvərlik ruhu ilə səsləndi."
2-09-2020, 16:01 | Prezident İlham Əliyev: Yaponiya və Azərbaycan arasında münasibətlər çox uğurla inkişaf edir

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Yaponiyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Cuniçi Vadanın etimadnaməsini qəbul edib.
Prezident İlham Əliyevin görüşdəki çıxışından bəzi məqamları təqdim edir.
"Yaponiya və Azərbaycan arasında münasibətlər çox uğurla inkişaf edir. Əməkdaşlığımızın çox geniş gündəliyi var. Əvvəla, bizim siyasi dialoqumuz çox fəaldır".
"Biz iqtisadi sahədə çox yaxşı nəticələr görürük. Çox şadıq ki, yapon şirkətləri Azərbaycanda iş qurmaqda maraqlıdırlar. Onlar yaxşı investorlardır. Onlar Azərbaycanın neft və qaz sektoruna çoxlu vəsait yatırıblar. Ümidvaram ki, iqtisadiyyatımızın digər sektorlarına da maraq olacaqdır. Xüsusilə biznes mühiti ilə bağlı vəziyyətin yaxşılaşdırılmasını nəzərə alaraq Azərbaycan əcnəbi şirkətlər üçün cəlbedici olmağa davam edir".
AZƏRTAC
30-07-2020, 16:19 | Prezident İlham Əliyevin tapşırığı ilə ölkəmizə yeni təcili tibbi yardım avtomobilləri gətirilib YENİLƏNƏCƏK

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən ölkəmizə yeni təcili tibbi yardım avtomobilləri gətirilib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı iyulun 30-da yeni təcili tibbi yardım avtomobilləri ilə tanış olub.










30-07-2020, 15:20 | Prezident İlham Əliyev general Polad Həşimovla bağlı tapşırıq verdi - VİDEO - FOTO

General Polad Həşimovun xatirəsinin əbədiləşdirilməsi üçün Qəbələnin küçələrinin birinə adı veriləcək.
Bununla bağlı tapşırığı Prezident İlham Əliyev verib.
Dövlətimizin başçısı Vəndam kəndində doğulmuş general Polad Həşimovun qəhrəmanlığından danışıb və onun xatirəsinin əbədiləşdirilməsi üçün Qəbələnin küçələrinin birinə adının verilməsi və digər müvafiq tədbirlər barədə tapşırıqlarını verib.





20-07-2020, 12:05 | Mehriban Əliyeva Tovuzda şəhid olan hərbçilərlə bağlı tapşırıq verdi - FOTOLAR

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən Fondun nümayəndələri Tovuz istiqamətində döyüşlərdə şəhid olan hərbçilərin ailələrində olub.
Ötən gün Heydər Əliyev Fondunun nümayəndələri Sumqayıt şəhərində general-mayor Polad Həşimovun və Bakı şəhərində polkovnik İlqar Mirzəyevin ailələrini ziyarət edib.
Azərbaycan dövlətinin dəstəyi ilə yanaşı, Heydər Əliyev Fondu tərəfindən də hər zaman şəhid ailələrinə yüksək diqqət göstərildiyi vurğulanıb. Tovuz rayonu istiqamətlərdə şəhid olan hərbçilərin ailə üzvlərinin bütün qayğılarının Mehriban Əliyevanın tapşırığına əsasən daim Fondun nəzarətində olacağı bildirilib. Qarşıdakı günlərdə Fondun nümayəndələri Ağstafa, Tovuz, Qazax, İsmayıllı, Biləsuvar və Masallı rayonlarında olaraq şəhid ailələrinə baş çəkəcək.





19-06-2020, 06:08 | Prezident İlham Əliyev: Dağlıq Qarabağ Ermənistan deyil, Dağlıq Qarabağ Azərbaycandır və bütün dünya bunu belə tanıyır

Dağlıq Qarabağ Ermənistan deyil, Dağlıq Qarabağ Azərbaycandır və bütün dünya bunu belə tanıyır.
Prezident İlham Əliyev iyunun 18-də Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən Sammitində çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib:
"Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizinin işğalını davam etdirir. Dağlıq Qarabağ və Azərbaycanın daha 7 rayonu 30 ilə yaxındır ki, Ermənistanın işğalı altındadır. Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilmişdir. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş bütün ərazilərindən qeyd-şərtsiz və tam çıxarılmasını tələb edir. Ermənistan bu qətnamələrə, habelə ATƏT, Qoşulmama Hərəkatı, NATO, Avropa Parlamenti və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş müvafiq sənədlərə əməl etmək əvəzinə işğal olunmuş ərazilərdə qeyri-qanuni məskunlaşma siyasəti həyata keçirir. Danışıqların mahiyyət və formatını məhv etməyə çalışan Ermənistanın baş nazirinin dediyinin əksi olaraq, Dağlıq Qarabağ Ermənistan deyil, Dağlıq Qarabağ Azərbaycandır və bütün dünya bunu belə tanıyır. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır".AZƏRTAC
19-06-2020, 06:02 | Azərbaycan Prezidenti: Cənub Qaz Dəhlizi enerji əməkdaşlığı, enerji təhlükəsizliyi və enerjinin şaxələndirilməsi layihəsidir

Cənub Qaz Dəhlizi enerji əməkdaşlığı, enerji təhlükəsizliyi və enerjinin şaxələndirilməsi layihəsidir.
Prezident İlham Əliyev iyunun 18-də Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən Sammitində çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib:
"İşğala və humanitar fəlakətə baxmayaraq, Azərbaycan sosial-iqtisadi inkişafda böyük nəticələr əldə edib. Son 16 ildə ümumi daxili məhsulumuz 3 dəfə artıb, yoxsulluq səviyyəsi 49 faizdən 5 faizə enib. Avropa İttifaqı bizim əsas ticarət tərəfdaşımızdır. Ticarətimizin təqribən 50 faizi üzv dövlətlərin payına düşür. On beş ilə yaxındır ki, Azərbaycan Avropa bazarlarına xam neft nəql edən etibarlı təchizatçıdır. Yaxın zamanda biz Avropa İttifaqının üzv dövlətlərini təbii qazla təchiz etməyə başlayacağıq. Ölkəmiz Azərbaycanı Avropa İttifaqı bazarlarına bağlayacaq 3500 kilometrlik inteqrasiya edilmiş boru kəməri sistemi olan Cənub Qaz Dəhlizinin tikintisinin təşəbbüskarı olmuş və onu maliyyələşdirmişdir. Cənub Qaz Dəhlizi enerji əməkdaşlığı, enerji təhlükəsizliyi və enerjinin şaxələndirilməsi layihəsidir.
Koronavirus pandemiyasına qarşı görülmüş tədbirlər bizə vəziyyəti nəzarətdə, itkiləri isə minimum səviyyədə saxlamağa imkan verib. Ümumdünya Səhiyyə Təşkilatı koronavirusla mübarizədə Azərbaycanı nümunəvi ölkə adlandırıb. Qoşulmama Hərəkatının 120 üzv ölkəsinin yekdil qərarı ilə 2019-cu ildə təşkilata sədr seçilən Azərbaycan bu il mayın 4-də Hərəkatın COVID-19-a həsr edilmiş onlayn formatda Zirvə Görüşünü təşkil etmişdir. Biz Avropa İttifaqı və Afrika İttifaqının həmin tədbirə qoşulmalarını yüksək qiymətləndiririk. Ali nümayəndə cənab Jozep Borelə videomüraciətinə görə təşəkkürümü bildirmək istəyirəm. Ümid edirik ki, bu, Avropa İttifaqı və Qoşulmama Hərəkatı arasında fəal əməkdaşlığın başlanğıcı olacaqdır. Biz, həmçinin BMT Baş Assambleyasının COVID-19-a həsr edilmiş dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi iclasının keçirilməsini təklif etmişik. Azərbaycan pandemiya ilə mübarizə üçün Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə yardımı ayırmışdır. Eyni zamanda, ölkəmiz bu günə qədər 29 dövlətə humanitar yardım göstərib və bu işi davam etdirməyi planlaşdırır. Sağ olun".AZƏRTAC
15-06-2020, 20:17 | Ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyası

Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər vardır ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən böyük başlanğıcların əsası qoyulub. Müxtəlif tarixi hadisələrlə əlamətdar olan belə günlərdən ən önəmlisi 1993-cü ilin 15 iyun günüdür. Tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş bu tarix onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əzizdir. Milli Qurtuluş Günü sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Vətənini, xalqını sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycan xalqının ölüm-dirim mübarizəsinin tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa, dayaq olan bir insan - Heydər Əlirza oğlu Əliyevdir.
15 iyun müasir Azərbaycan dövlətinin tarixinə Milli Qurtuluş Günü kimi daxil olmuşdur. Sonralar ölkənin ali qanunvericilik orqanı xalqın ən müxtəlif təbəqələrinin arzu və istəklərini nəzərə alaraq Heydər Əliyevin hakimiyyətə qayıtdığı 15 iyun gününü əbədiləşdirmişdir. 15 İyun - Qurtuluş Günü Azərbaycan Milli Məclisinin qərarı ilə 1997-ci ilin 27 iyununda rəsmiləşdirildi. Milli Məclisin həmin tarixi qərarında deyilir: “Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ən ağır günlərdə Heydər Əliyevin öz xalqının iradəsinə tabe olaraq ölkə rəhbərliyinə qayıtması, əslində, onun müstəqil Azərbaycan Respublikasını, Azərbaycan xalqını, milli azadlıq hərəkatında qazanılmış tarixi nailiyyətləri məhv olmaqdan xilas etmək kimi çox çətin və şərəfli bir missiyanı könüllü olaraq öz üzərinə götürməsi idi. Bu, sözün əsl mənasında, “ömrümün qalan hissəsini də xalqıma qurban verirəm” deyib meydana atılan böyük ürəkli Vətən oğlunun öz xalqı, öz Vətəni qarşısında misilsiz fədakarlığı idi”. Həmin vaxtdan bu günə qədər Azərbaycan xalqı 15 iyun gününü əziz bayram kimi qeyd edir və Azərbaycan dövlətinin qurtuluşunun başlanğıcı kimi dəyərləndirir. Ötən illərdə ümummilli liderimizin həyata keçirdiyi şərəfli xilaskarlıq missiyası xalqımızın və bütün dünyanın gözü qarşısında cərəyan etmiş, Azərbaycan məhv olmaq təhlükəsindən qurtularaq gələcəyə inamla baxan güclü bir dövlətə çevrilmişdir. Bu illərdə Heydər Əliyevin gərgin zəhmət, əzm və siyasi iradəsi sayəsində reallaşdırdığı nəhəng işlər öz miqyasına görə insanı heyrətə gətirir.
1993-cü ilin iyununda - Heydər Əliyevin hakimiyyətə qayıdışı ərəfəsində Azərbaycan öz tarixinin ən mürəkkəb dövrlərindən birini yaşayırdı. Cəbhədə ağır məğlubiyyətlər, xəyanətlər, satqınlıq, vəzifə ələ keçirmək üçün müqəddəs torpaqlarımızın hərraca qoyulması adi hal almışdı. Ölkədə, sözün əsl mənasında, hakimiyyətsizlik idi. Siyasi hərc-mərclik baş alıb gedirdi. Bölgələrimizdə, rayonlarda, paytaxtın ayrı-ayrı məhəllələrində faktiki olaraq ayrı-ayrı silahlı dəstələr hökmranlıq edirdilər. Xalq vahimə və təşviş içərisində idi. Ölkəni xalq adından idarə edən, əslində isə heç bir səriştəsi olmayan, ən adi idarəçilik qaydalarının belə nə olduğunu bilməyən və xaricdəki ağalarının göstərişi ilə hərəkət edən məhdud bir qrup məmləkəti milli fəlakət həddinə çatdırmışdı. İdarəçilik sükanı sahibsiz qalmışdı. Ölkə vətəndaş müharibəsi və etnik toqquşmalar meydanına çevrilməkdə idi. Cəbhə düşmənin üzünə açıq idi. Ulularımızın müqəddəs əmanəti olan Vətən torpaqları hərraca qoyulmuşdu. Azərbaycan xarici aləmdəki olan-qalan nüfuzunu da tamamilə itirmişdi. Xalq ümidsizlik və təlaş içərisində idi. Sabaha inam qalmamışdı. Ən təhlükəli cəhət isə bundan ibarət idi ki, Azərbaycanın xaricdəki yağı düşmənləri daxildəki satqınlarla birləşmişdilər. Azərbaycan torpağı etnik əlamətə görə parçalanıb yox olmaq təhlükəsi qarşısında qalmışdı. Bakı yaxınlığında - Navahı kəndində vətəndaş müharibəsinin ilk güllələri atılmış, qardaş qanı axıdılmışdı. Vətəndaş müharibəsi artıq başlanmışdı.
Bax, bu fəlakət anında Azərbaycan xalqının, Vətənin yeganə ümid yeri Heydər Əliyev idi. Müdrik xalqımız, o zaman qəti və sərrast hərəkət edərək yeganə düzgün addımı atdı - dünyanın bu böyük siyasət adamını hakimiyyətə gətirdi. Bununla da Azərbaycanın xarici və daxili düşmənlərinin oxu daşa dəydi, bədxahlarımızın arzuları gözlərində qaldı. Məhz o zaman - 1993-cü ilin iyun günlərində Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanın Qurtuluş mübarizəsində həlledici dönüş baş verdi. Müdrik dövlət xadimi bir neçə siyasi gedişdən sonra vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı. Xarici və daxili düşmənlərin Azərbaycanı parçalayıb yox etmək, müstəqil dövlətimizi aradan qaldırmaq planları puça çıxdı. Dövlətimizin, xalqımızın tarixi müqəddəratının idarəçilik sükanı dahi dövlət adamının əlinə keçdi. Vətən, millət, bütün xalqımız məkrli düşmənlərin hazırladığı fəlakət uçurumuna yuvarlanmadı və qurtuluş savaşında qələbəyə doğru dönüş başlandı.
Xalqın xahiş və tələbi ilə ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmləndirilməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynamışdır. 1993-cü ildə “olum, ya ölüm” ayrıcında qalmış Azərbaycan Heydər Əliyevin yorulmaz fəaliyyəti nəticəsində gələcəyə inamla baxan qüdrətli bir dövlətə çevrilmişdir. 1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə Naxçıvandan Bakıya dönən Heydər Əliyev ölkəni üzləşdiyi faciə və məhrumiyyətlərdən qurtarmaq üçün əzmlə, qətiyyətlə fəaliyyətə başladı. 1993-cü il iyunun 15-də Ali Sovetin sədri seçildi və xalqımızın tarixinə Milli Qurtuluş Günü kimi yazılan həmin gündən etibarən ümummilli liderin Azərbaycana rəhbərliyinin ikinci dövrü başlandı.
Ulu öndərin müstəqil Azərbaycan Respublikasına rəhbərlik etdiyi 10 illik dövrün hər bir anı özündə Vətənə və xalqa sədaqətli xidməti, peşəkar və məsuliyyətli fəaliyyəti əks etdirir. Bu illər ərzində dahi insan vətənini parçalanıb məhv olmaqdan, ölkəsini vətəndaş müharibəsindən, dövlət çevrilişlərindən, cəmiyyətimizi terrorlardan, sui-qəsdlərdən, düşmən təcavüzündən qorudu, qeyri-bərabər müharibədə ona ilk qələbəni bəxş etdi, müstəqilliyinin qarantı oldu.
Tarixi şəxsiyyətlər əsrlərin və nəsillərin yaddaşında əbədi yaşayırlar. Zaman ötdükcə onların xalqı və vətəni üçün etdiklərinin, ölkəsinin inkişafındakı xidmətlərinin əhəmiyyəti daha çox nəzərə çarpır. Azərbaycanın 1970-ci illərdən başlayan inkişafı, uğurları və yüksəlişi ümummilli liderimiz, müdrik zəka sahibi Heydər Əliyevin adı ilə bağlıdır. Böyük rəhbərin hakimiyyətdə olduğu dövr Azərbaycan elminin, təhsilinin, səhiyyə və mədəniyyətinin, iqtisadiyyatının sürətli tərəqqisi ilə yadda qalmışdır. Bu illər milli-mənəvi dəyərlərimizin qorunması, vətəndaşların sosial həyat tərzinin yaxşılaşdırılması, dünya azərbaycanlılarının monolit bir qüvvə kimi təşkilatlanması, gənclərimizin dövlətçiliyimizin tərəqqisi prosesinə cəlb edilməsi Heydər Əliyev strategiyasının uğuru kimi qeyd olunmalıdır.
Ulu öndərimizin Azərbaycana birinci dəfə rəhbərlik etdiyi dövr quruculuq salnaməsinə ən parlaq səhifələr kimi daxil olub. Heydər Əliyevin Azərbaycan iqtisadiyyatının inkişafındakı xidmətləri özünü hələ sovet dövründə göstərib.
Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 34 il ərzində xalq üçün, vətən üçün etdiklərini bəzən adi insan təfəkkürünün əhatə dairəsinə sığışdırmaq olmur. Böyük öndərimiz tariximizə xilaskar kimi daxil olub və respublikamıza rəhbərlik etdiyi hər iki dövrdə bu missiyanı çox böyük uğurla yerinə yetirib. Müasir Azərbaycan cəmiyyətinin formalaşması, müstəqil Azərbaycan dövlətinin qurulması birbaşa Heydər Əliyevin adı ilə bağlıdır. Təsadüfi deyil ki, ümummilli liderimiz azərbaycanlı olması ilə fəxr etdiyi kimi, hər bir azərbaycanlı da bu gün Heydər Əliyevin ən böyük sənət əsəri olan müstəqil, inkişaf etmiş Azərbaycanın vətəndaşları olmaqdan qürur duyur, böyük öndərə sayğı və məhəbbətini onun ideyaları ətrafında daha da sıx birləşməklə nümayiş etdirir.
Azərbaycanı hərtərəfli tərəqqi yoluna çıxaran ümummilli lider Heydər Əliyevin müstəqil dövlətimizə rəhbərlik etdiyi dövrün nailiyyətləri göz önündədir: ictimai-siyasi sabitlik, güclü iqtisadiyyat, möhkəm sosial təsisatlar, qüdrətli ordu, regionda lider mövqe, beynəlxalq aləmdə nüfuz - bütün bunlar Azərbaycanın həqiqətləridir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ən mühüm uğurlardan biri atəşkəsin əldə edilməsi olmuşdur. Belə bir faktı qeyd etməyə dəyər ki, Heydər Əliyevin ölkə iqtisadiyyatında köklü dəyişikliklərə gətirib çıxaran və müstəqil dövlətimizə beynəlxalq nüfuz qazandıran yeni neft strategiyasının həyata keçirilməsinə məhz atəşkəsdən sonra başlanmış və 1994-cü ilin sentyabrında dünyanın iri neft şirkətləri ilə “Əsrin müqaviləsi” adlandırılan ilk neft müqaviləsi imzalanmışdır. İndi ölkə iqtisadiyyatının sürətli inkişafında mühüm amilə çevrilmiş Heydər Əliyevin neft strategiyası böyük uğurla həyata keçirilir.
Dünyanın məşhur siyasətçiləri, dövlət xadimləri Heydər Əliyevi siyasət nəhəngi, siyasət şahmatının mahir ustası adlandırırdılar. O, tarixi perspektivləri qabaqcadan görmüş, ən çətin məqamlarda düzgün qərarlar qəbul etmək bacarığı ilə çoxlarını heyran qoymuşdur. Onu Franklin Ruzvelt, Uinston Çörçill, Şarl de Qoll, Atatürk kimi nəhənglərlə müqayisə edirlər.
Heydər Əliyev Azərbaycanı inkişaf etmiş dövlətlərin, millətini firavan həyat sürən xalqların cərgəsində görmək istəyirdi. Ömrünün son anınadək xalqının gələcək taleyi haqqında düşünürdü. Heydər Əliyev Vətən üçün, xalq üçün doğuldu, Vətənin, xalqın tərəqqisi, inkişafı, azadlığı, müstəqilliyi üçün cəsarətlə çalışdı. Bununla da xalqın gözündə, qəlbində dağ kimi ucaldı. Ona görə də xalqın öz sədaqətli, dahi övladına məhəbbəti sonsuzdur, əbədidir... Ulu öndər əsl ümumxalq məhəbbəti, sevgisi qazanmış tək-tək siyasətçilərdən, dövlət xadimlərindəndir. Bu dahi şəxsiyyət Azərbaycanı yox olmaqdan qurtardı, müstəqilliyimizi dönməz etdi, sabitlik və təhlükəsizliyin qarantı oldu, Azərbaycanı inkişafa, firavanlığa doğru addımlayan, dünya birliyində layiqli yerini tutmuş bir dövlətə çevirdi.
Ulu öndər Heydər Əliyev siyasətçi və dövlət xadimi kimi ən uca missiyanı gerçəkləşdirərək müstəqil Azərbaycan dövlətinin memarı oldu və bu tarixi öz əməlləri ilə yazdı. Onun həyatı və fəaliyyəti Azərbaycan tarixinin bir hissəsi və bəlağətsiz deyə bilərik ki, bu tarixin ən şanlı səhifələrindəndir. Bu şəxsiyyətin həyatını öyrənmək, onun gördüyü işlərin, başladığı layihələrin tarixi əhəmiyyətini dərk etmək özü böyük bir tarix məktəbini bitirmək deməkdir. Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bir qərinədən artıq dövrdə ölkənin həyatında, xalqın taleyində elə bir əzəmətli rol oynayıb ki, bu, əsrlər boyu unudulmayacaqdır. Azərbaycanın hər bir bölgəsində Heydər Əliyevin quruculuq fəaliyyətinin silinməz izləri var.
Heydər Əliyev həyatı boyu həmişə xalqa arxalanmışdı: “Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib”.
Müstəqil Azərbaycan dövlətinin keçdiyi sınaqlar, dövlətçiliyimizin ən ağır günlərində Heydər Əliyevin göstərdiyi qətiyyət bu sözlərdəki gerçəkliyi dəfələrlə təsdiqləyib. Heydər Əliyevin Azərbaycan üçün gördüyü işləri sadalamaqla bitib-tükənən deyil. Dahi şəxsiyyət bu gün sıralarımızda olmasa da, onun möhtəşəm işləri, əməlləri, misilsiz xidmətləri hamımıza bəllidir və gözümüz önündədir. Heydər Əliyev fövqəlbəşər bir düha kimi xalqın əbədi məhəbbətini qazandı. Milyonlarla insanın ümid çırağına çevrilərək qəlblərdə əbədi yurd salmaq heç də bütün rəhbərlərə, liderlərə nəsib olmur. Hələ sağlığında canlı əfsanəyə çevrilmiş Heydər Əliyev ürəklərdə özünə heykəl ucaldıb. Onun parlaq ideyaları hələ uzun illər boyu gələcəyə gedən yollarımızı işıqlandıracaqdır. Bütün mənalı ömrünü xalqa həsr edən bu nurlu şəxsiyyətə bəslənilən sevgi sonsuzdur. Qədirbilən xalqımız onun xidmətlərini heç vaxt unutmayacaq, parlaq ideallarını öz yolunda mayaka çevirəcəkdir. Heydər Əliyev irsi hələ uzun illər xalqımızın müstəqillik yolunu işıqlandıracaq.
Ulu öndər dünyanın nadir insanlarındandır. O, hamının qəlbinə yol tapmağı bacarır, yaddaşlarda dərin iz qoyurdu. Təkrarsız, heyrətamiz yaddaşa malik Heydər Əliyev əsl rəhbərə xas olan ensiklopedik biliyə malik idi. Geniş və zəngin fəaliyyəti onu yalnız milli maraqlar çərçivəsinə sığmayan, bəşəri dəyərlərin əxz olunmasında fəal iştirak edən böyük bir siyasətçiyə, dahi bir şəxsiyyətə çevirmişdi. Bu yenilməz şəxsiyyət həm də təvazökarlıq simvolu idi. Ona görə də təkcə bizim xalqımız deyil, bütün dünya bu görkəmli dövlət xadiminə, əsrimizin siyasi həyatında mühüm yer tutmuş, uzun və şərəfli yol keçmiş, ən yüksək vəzifələrin məsuliyyətini daşımış insana dərin hörmət və ehtiram bəsləyir.
Ümummilli liderimizin xalqın birliyi yolunda göstərdiyi titanik fəaliyyət hər bir soydaşımız üçün örnək olmalıdır. Biz Azərbaycanı sevməyi Heydər Əliyevdən öyrənməliyik. “Azərbaycan mənim ürəyimdir, nəfəsimdir” - deyən böyük öndərimiz millətimizin və dövlətimizin əbədiyaşarlığı üçün əvəzsiz bir siyasi xətt, ideoloji baza miras qoydu. Heydər Əliyevin həyat və fəaliyyəti böyük bir məktəbdir və daim öyrənilməlidir. Şükürlər olsun ki, ulu Tanrı xalqımızın taleyinə çətin, əzablı günlər yazsa da, bu əzablara sinə gərə biləcək, bütün düyünləri açmağa qadir olan Heydər Əliyev dühası kimi böyük şəxsiyyət də qismət edib. Cəmiyyətə xidmət nümunəsi olan bu böyük şəxsiyyət həmişə xalqa arxalanır və deyirdi: “Xalq mənim dayağım, gücüm və inamımdır”. Xalq yolunda canını fəda etmiş, bütün həyatı boyu Vətənini və millətini düşünmüş, onun əsgəri olmuş ümummilli liderimiz əbədiyaşarlıq qazanmışdır.
Heydər Əliyev və onun əməlləri daim yaşayacaq, Azərbaycan xalqı, bütün türk dünyası onu heç vaxt unutmayacaq. Bütün ömrünü xalqımızın tərəqqisinə və firavanlığına həsr etmiş ulu öndərin həyat və fəaliyyəti bizim üçün örnəkdir, güc mənbəyidir.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyev artıq bir ölkənin, bölgənin lideri statusunu dəfələrlə üstələyən, qlobal miqyasda söz və nüfuz sahibi olan, dünyaya yeni baxış, ədalətli meyarlar təqdim edən şəxsiyyət kimi tanınır. Bu gün cənab Prezidentin timsalında Azərbaycan Respublikası dünyanın enerji xəritəsinin və yeni nəqliyyat-logistik meyarlarının müəyyənləşməsində mühüm rol oynayan, beynəlxalq təhlükəsizliyin təminində əsaslı töhfələr verən, sivilizasiyalararası əməkdaşlığı uğurla həyata keçirən qüdrətli ölkədir. Tam müstəqil siyasət yürüdən Prezident İlham Əliyevin qlobal liderliyi həm də Azərbaycanın davamlı artan beynəlxalq nüfuzunu şərtləndirir. Son 17 il ərzində o qədər böyük nailiyyətlərə, genişmiqyaslı inkişaf dinamikasına nail olmuşuq ki, sözün düzü, onların hamısını qeyd etmək çox vaxt aparar. Bütün bu tarixi uğurları mən bir ifadədə birləşdirmək istərdim: Bu, tarixin ən qüdrətli Azərbaycanıdır. Tarix boyu həsrətində olduğumuz ən möhtəşəm, güclü, rifahlı Azərbaycan məhz müasir dövrün reallığıdır, ən əsası isə Heydər Əliyev ideyalarının, Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyətinin təntənəsidir.
Bugünkü Azərbaycanın sürətli inkişafının təməli məhz Heydər Əliyev tərəfindən yaradılıb. Bu siyasi kursa Azərbaycanda alternativ yoxdur. Xalqımız xoşbəxtdir ki, ümummilli liderimizin siyasi kursu bu gün onun layiqli siyasi varisi, Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İnanırıq ki, dövlətimiz milli öndərimiz Heydər Əliyev dühasından bəhrələnən, onun siyasi kursunun ən ləyaqətli davamçısı cənab İlham Əliyevin dövlətçilik bacarığı və rəhbərlik qabiliyyəti sayəsində daha da inkişaf edəcək, müstəqilliyini və suverenliyini daha da möhkəmləndirəcəkdir.
Elçin Bəşirov,
Nəsimi Rayon Mühafizə İdarəsi
rəisi.
15-06-2020, 20:01 | Xalqın və dövlətin qurtuluş günü

1991 -ci ilin oktyabrında Azərbaycan tarixində ikinci dəfə müstəqillik qazanılsa da, həmin dövrdə ölkəmizin belə bir siyasi iradə nümayiş etdirməsi bir sıra xarici dairələr və onların daxildəki əlaltılarını qane etmirdi. Həmin qüvvələrin xaricin dəstəyi ilə fəallaşması və tədricən ölkənin siyasi həyatına müdaxilə etmələri onsuz da ağır olan Azərbaycanda vəziyyəti bir qədər də gərginləşdirirdi.
Digər bir tərəfdən, Ermənistanın işğalçılıq siyasətinə rəvac verən addımları da getdikcə ölkəni idarəolunmaz vəziyyətə gətirirdi. Həmin dövrdə hakimiyyətdə olan qüvvələrin vəziyyətdən çıxış yolu tapa bilməmələri və idarəçilik bacarıqlarının zəifliyi Azərbaycanı parçalamaq istəyən daxili və xarici qüvvələrin işinə yarayırdı. 1993-cü ilin əvvəllərindən ölkədə fəaliyyət göstərən bəzi silahlı dəstələrin yol verdikləri başıpozuq hərəkətlər, Azərbaycanın daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaranması, ayrı-ayrı bölgələrdə isə separatçılıq, parçalanma meyillərinin baş qaldırması, Azərbaycanın bir dövlət kimi varlığına birdəfəlik son qoyulması planını tam gücü ilə işə salmışdı. 1993-cü il iyunun 4-də Gəncədə polkovnik Surət Hüseynovun nəzarəti altında olan hərbi hissənin hakimiyyətə itaətsizliyi isə ölkəni tamamilə xaosa sürükləyirdi. Situasiyanı nəzarətə almaq üçün hakimiyyətin atdığı tələsik addımlar vəziyyəti yoluna qoymaqdan daha çox, prosesləri gərginləşdirməyə rəvac verirdi. Gəncəyə yola düşən dövlət nümayəndələri girov götürüldü. Qiyamçı hərbi hissənin rəhbərliyi əvvəlcvə Baş nazir və Milli Məclis sədrinin, sonra isə prezidentin istefasını tələb etdi. Vəziyyət nəzarətdən çıxır, ətraf rayonların icra başçıları zorla dəyişdirilir, Surət Hüseynovun qiyamı məhdud Gəncə civarlarından çıxaraq, üzü Bakıya doğru geniş miqyas alırdı. Ölən və yaralananlar var idi. Belə bir vaxtda dövləti məhv olmaqdan xilas etmək üçün ölkə rəhbərliyi Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevi Bakıya dəvət etmək qərarına gəldi. Bakıya qayıdandan sonra Surət Hüseynovla danışıqlar aparmaq məqsədilə Gəncəyə yola düşən ulu öndər Heydər Əliyev Milli Məclisin iclasında Gəncə hadisələri ilə bağlı arayış verdi. Beləliklə, iyunun 15-də Milli Məclisdə Heydər Əliyev istefa vermiş İsa Qəmbərin yerinə parlamentin sədri seçildi. Xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Beləliklə, bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk olundu. 1997-ci ildən etibarən parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd olunur.
Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında ulu öndər Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə onu həyata keçirdi. Müstəqilliyi qazanmaq ilkin şərt idisə, vacib məsələ onu qoruyub inkişaf etdirmək idi və bu, ümummilli liderin iradəsi sayəsində reallığa çevrildi. Heydər Əliyev milli dövlətçiliyimizin konsepsiyasını yaratdı. Bütün maneələrə baxmayaraq, ən qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərpa olundu. Ulu öndər televiziya vasitəsilə xalqa müraciət etdi. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məqsədi ilə yerli, xarici jurnalistlər üçün brifinq keçirdi. Xarici ölkələrin bir sıra diplomatları ilə görüşdü. Bu sahədə yürüdülən siyasət respublikanı informasiya blokadasından çıxardı. Dünyada ölkəmizlə bağlı formalaşan fikir müsbət yönümdə dəyişdi. Məhz belə bir mürəkkəb siyasi şəraitdə ulu öndərin böyük potensialı Azərbaycanın müstəqilliyinin qarantına çevrildi. Ümummilli liderin şəxsiyyəti, onun özünəməxsus siyasi idarəetmə qabiliyyəti, qətiyyəti, uzaqgörənliyi böhrana son qoydu, xalqımız Azərbaycan və azərbaycançılıq ideyaları ətrafında birləşdi. Heydər Əliyevin müdrikliyi sayəsində Azərbaycanda vətəndaş qarşıdurmasına birdəfəlik son qoyuldu, ölkəmiz xaosdan, siyasi çəkişmələrdən, sosial-iqtisadi böhrandan xilas oldu. Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı. Respublikanın qarşısında duran problemlər mərhələlərlə həll olundu, əmin-amanlıq, siyasi sabitlik yarandı. İctimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatda əsaslı dönüş başlandı, xalqımızın bütövlüyü, həmrəyliyi, milli birliyi təmin edildi. Azərbaycanın dünya birliyinə inteqrasiyası başlandı. Xalqımız ulu öndərin ətrafında sıx birləşərək Milli Qurtuluşun açdığı yolla öz böyük gələcəyinə - dövlətin, ölkənin böyük perspektivlərinə doğru səfərbər oldu.
Qurtuluş Günü gənclərimizin ruhunu özünə qaytardı, inamını artırdı. Ulu öndər gənclərə həmişə böyük qayğı, sevgi ilə yanaşırdı. Yaxşı bilirdi ki, ölkəmizin gələcəyi gənclərin əlində olacaq. 1997-ci ildə ulu öndərin təşəbbüsü ilə Gənclər Günü təsis edildi. Gənclər və İdman Nazirliyi yaradıldı. Ondan sonrakı dövrlərdə, 1999-cu ildə gənclər siyasəti ilə bağlı Fərman imzalandı. Gənclərə dəstək məqsədilə bu günə qədər üç Dövlət Proqramı qəbul olunub. Bölgələrdə 40-a yaxın Gənclər Mərkəzi yaradılmış, 44 Olimpiya İdman Mərkəzi gənclərin ixtiyarına verilmişdir. Bizim gənclərimiz bu gün iqtisadiyyatın müxtəlif sahələrində, dövlət təşkilatlarında işləyirlər. Bu gün Azərbaycan vətənpərvər və istedadlı gənclər ölkəsidir. Azərbaycan gəncləri öz intellektual səviyyələri, bilik, bacarıqları ilə dünyada tanınırlar, qəbul olunurlar. Artıq gənclərimiz diplomatiya, iqtisadiyyat, mədəniyyət, incəsənət, idman, digər sahələrdə ölkəmizi layiqincə təmsil edirlər.
Ümummilli lider Heydər Əliyevin memarı və qurucusu olduğu müasir müstəqil Azərbaycan 2003-cü ildən möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə dinamik inkişaf yolunda mühüm tarixi nailiyyətlərə, parlaq qələbələrə imza atıb və ötən dövr Azərbaycanın yeni, şərəfli bir inkişaf mərhələsidir. Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında Azərbaycan müasir infrastruktura malik ölkəyə çevrilib.
Müstəqillik dövründə Azərbaycanın əldə etdiyi böyük tarixi uğurlar, təbii ki, Milli Qurtuluş Günündən başlayır. Həm də sevinirik ki, Azərbaycan yüksəliş dövrünü yaşayır. Dövlət sükanında Heydər Əliyev kimi qüdrətli zəka sahibinin layiqli davamçısı - İlham Əliyev kimi qətiyyətli siyasətçinin dövlətin rəhbəri olması xalqımızın xoşbəxtliyidir. Ən əsası isə odur ki, Azərbaycan dövləti etibarlı əllərdədir.
Kərim Tahirov,
Professor, Əməkdar mədəniyyət işçisi.
15-06-2020, 08:50 | Azərbaycanda Milli Qurtuluş Günü qeyd edilir

Azərbaycanda 15 iyun tarixi Milli Qurtuluş Günü kimi qeyd edilir.
1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə etdi, lakin müstəqilliyin ilk illərində ölkədə daxili vəziyyət pisləşdi və hakimiyyət böhranı yarandı. İctimai həyatın bütün sahələrində xaos, hərc-mərclik baş alıb gedirdi. Orduda da vəziyyət ağırlaşır, erməni təcavüzü isə gündən-günə güclənirdi. Azərbaycanda hakimiyyət boşluğu yarandı. Gənc respublikada rəhbərliyə yiyələnmək üçün ayrı-ayrı şəxslər və qruplar arasında mübarizə gedirdi.
1992-ci il mayın 14-də hakimiyyəti ələ keçirən Xalq Cəbhəsi ilk gündən özünün qeyri-sağlam fəaliyyəti ilə ölkəni idarə edə bilməyəcəyini göstərirdi.
1993-cü ilin yayında Azərbaycanda vətəndaş müharibəsi təhlükəsi yarandı. Vətənin ağır günlərində xalqın təkidli dəvətini qəbul edən Azərbaycanın görkəmli oğlu Heydər Əliyev iyunun 9-da Bakıya gəldi.
Ümummilli lider Heydər Əliyev çox az bir vaxtda Azərbaycanda vətəndaş müharibəsinin qarşısını ala bildi.
1993-cü il iyunun 15-də ulu öndər Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Beləliklə, 15 iyun tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu.
Xalqın tələbi ilə Milli Məclis 1997-ci ilin iyununda bu günü bayram elan etdi.Trend




















