15-06-2020, 08:46 | Birinci vitse-prezident Mehriban Əliyeva: Qoy Azərbaycanın müstəqilliyi, xalqımızın azadlığı əbədi olsun! - FOTO

Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi "İnstagram" səhifəsində Milli Qurtuluş Günü münasibətilə paylaşım edilib.
Trend bildirir ki, Birinci vitse-prezident Mehriban Əliyevanın paylaşımında deyilir:
"Əziz həmvətənlər!
Sizi Milli Qurtuluş Günü münasibətilə təbrik edir, hər birinizə ən xoş arzularımı çatdırıram. Qoy Vətənimizdə həmişə sülh və əmin-amanlıq hökm sürsün! Qoy Azərbaycanın müstəqilliyi, xalqımızın azadlığı əbədi olsun! Hər birinizə möhkəm cansağlığı və xoşbəxtlik arzulayıram!".
14-06-2020, 18:50 | Prezident İlham Əliyevin rəsmi "Facebook" səhifəsində Milli Qurtuluş Günü münasibətilə paylaşım edilib - FOTO

Prezident İlham Əliyevin rəsmi "Facebook" səhifəsində Milli Qurtuluş Günü - 15 İyun münasibətilə paylaşım edilib.

14-06-2020, 16:07 | "Milli Qurtuluş Günü xalqımızın, Azərbaycan dövlətçiliyinin, sözün həqiqi mənasında, xilası tarixidir"

Milli Qurtuluş Günü Azərbaycanın müasir tarixinin dönüş nöqtəsidir, xalqımızın, Azərbaycan dövlətçiliyinin, sözün həqiqi mənasında, xilası tarixidir. Və bu tarixi yaradan, yazan isə milli, müstəqil dövlətçiliyimizin banisi Heydər Əliyevdir.
Bu fikirlər Azərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə Qafarovanın "Azərbaycan" qəzetində dərc olunan "Azərbaycanın müasir tarixinin dönüş nöqtəsi" sərlövhəli məqaləsində yer alıb.
Spiker qeyd edir ki, 70 il mövcud olmuş sovet imperiyasının süqutu regionda da geosiyasi situasiyanın dəyişməsinə gətirib çıxarmış, keçmiş ittifaqın tərkibində olmuş respublikalar öz müstəqilliyinə qovuşmuşdur. Bu mərhələdə Azərbaycan Respublikasının qarşısında duran ən strateji vəzifə formal olan müstəqilliyinin əsaslarını möhkəmlətmək və suveren dövlət kimi mövcudluğunu qorumaq idi. "Lakin həmin dövrdə bu ali vəzifəyə nail olmaq mümkün olmadı və 1993-cü ilə qədər Azərbaycanın dövlət müstəqilliyi şərti xarakter daşıyırdı. 1993-cü ilin iyun ayına qədər ölkəmizdə bir-birini əvəzləyən bacarıqsız siyasi hakimiyyətlərin səriştəsiz idarəçiliyi ucbatından xalqımızın müstəqillik idealları və arzuları pərvəriş tapmamış, Azərbaycan yenidən müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalmışdı: "Həmin dövrdə mövcud olan xaos, anarxiya, talançılıq, özbaşınalıq, qanunsuz silahlı dəstələrin yol verdikləri cinayətkar əməllər, Azərbaycanın xarici kəşfiyyat orqanlarının siyasi-ideoloji qarşıdurma poliqonuna çevrilməsi, ayrı-ayrı bölgələrdə separatçılıq və parçalanma meyillərinin baş qaldırması dövlət müstəqilliyinin taleyini sual altında qoymuşdu. Total iqtisadi böhran getdikcə dərinləşir, dövlətin sütunları sarsılırdı. Digər yandan da Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti genişlənirdi".
Məqalədə qeyd olunur ki, 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilən Ümummilli Lider Heydər Əliyevin möhkəm iradəsi, idarəçilik məharəti, zəngin dövlətçilik təcrübəsi və qətiyyətli siyasi mövqeyi sayəsində Azərbaycan dövlətçiliyinin məhv olması, vətəndaş müharibəsi və ölkənin parçalanması təhlükəsi aradan qalxdı, ictimai-siyasi sabitlik təmin olundu: "15 iyunun bizim üçün müstəsna əhəmiyyəti həm də onunla əlaqədardır ki, möhtəşəm qurtuluş tarixi məhz Milli Məclisdə yazılmağa başlanmışdır. Ulu Öndərin parlamentə rəhbərlik etməsi Azərbaycan parlamentarizm tarixinin parlaq bir səhifəsini təşkil edir. O vaxta qədər siyasi çaxnaşmaların, marginal qrupların mübarizəsinin mərkəzi olan Azərbaycan parlamenti Heydər Əliyevin rəhbərliyi ilə demokratiya məbədinə, Azərbaycanın gələcək inkişaf yolunun müəyyən olunduğu strateji bir mərkəzə, ölkəmizin problemlərinin həlli ilə bağlı demokratik müzakirələrin keçirildiyi və siyasi mədəniyyətin hökm sürdüyü bir tribunaya çevrildi. Parlamentin ictimai nüfuzu yüksəldi və effektiv qanunvericilik fəaliyyəti həyata keçirildi, mühüm qanunlar qəbul olundu".
Milli Məclisin Sədrinin məqaləsində qeyd olunur ki, Heydər Əliyev ölkəmizin gələcək inkişafı ilə bağlı çox düzgün strateji seçimlər edərək ölkəmizin demokratiya yolu ilə gedəcəyini bəyan etdi və müasir, demokratik ölkə kimi inkişaf paradiqmalarını müəyyənləşdirdi. Qısa müddət ərzində Ümummilli Liderin rəhbərliyi ilə köklü islahatlara başlandı, dövlətçiliyin əsasları yaradıldı. Ulu Öndər hüquqi və dünyəvi dövlət quruculuğu sahəsində ardıcıl siyasət yeridərək, ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün möhkəm zəmin yaratdı, zəruri hüquqi təsisatlar və qanunvericilik bazası formalaşdırdı. Onun birbaşa rəhbərliyi ilə müstəqil Azərbaycan Respublikasının Konstitusiyası işlənib hazırlandı və ümumxalq səsverməsi yolu ilə qəbul edildi. Bundan sonra isə müstəqil ölkənin iqtisadi əsaslarını gücləndirmək, dövlətin iqtisadi qüdrətini artırmaq üçün ciddi islahatlara, liberal iqtisadiyyata transformasiya prosesinə başlanıldı: "Bu mərhələdə Azərbaycanın xarici siyasəti tamamilə yeni keyfiyyətdə quruldu, həyata keçirilən praqmatik siyasət nəticəsində ölkəmizin beynəlxalq aləmlə münasibətləri genişləndi və müstəqilliyimizin ilk illərində mövcud olan beynəlxalq təcrid aradan qaldırıldı. Müasir, güclü ordu quruculuğu işində mühüm addımlar atıldı, uğurlu Horadiz əməliyyatı keçirildi və torpaqlarımızın bir hissəsi işğalçılardan azad edildi. 1994-cü ildə ölkəmizin iqtisadi inkişafında müstəsna rolu olan və Azərbaycanın şaxələndirilmiş enerji siyasətinin bazisini təşkil edən, Heydər Əliyevin xalqımız, bugünkü və sabahkı nəsillər qarşısında tarixi xidmətlərindən biri kimi qiymətləndirilən "Əsrin müqaviləsi" imzalandı. Heç şübhəsiz ki, bunu yalnız Heydər Əliyev kimi güclü iradəyə, böyük dövlətçilik bacarığına və xalqın sonsuz dəstəyinə malik fenomen şəxsiyyət, qüdrətli lider bacara bilərdi".
Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə 1993-2003-cü illərdə görülən bu və digər tədbirlər nəticəsində ölkə qarşısında duran vəzifələrin uğurla icra edildiyini xatırladan Spiker qeyd edib ki, Ulu Öndər Heydər Əliyev mürəkkəb geosiyasi dövrdə ölkəni vətəndaş qarşıdurması və hərc-mərclik, dərin iqtisadi və sosial-siyasi böhran burulğanından çıxarmağa, Azərbaycanın müstəqilliyinin əbədi, sarsılmaz və dönməz xarakter almasına nail oldu. Ölkəmizin bugünkü yüksək inkişafı və tərəqqisi Heydər Əliyev ideyalarından güc alır, qurtuluş məfkurəsinə istinad edir.
Daha sonra qeyd edilir ki, Heydər Əliyevin ən böyük xidmətlərindən biri də özündən sonra Azərbaycanı uğurlu inkişaf etdirəcək, ölkəmizi dünya dövlətləri sırasında layiqli zirvələrə daşıyacaq və ötən illərdə başlanılmış böyük layihələri, genişmiqyaslı islahatları müvəffəqiyyətlə həyata keçirəcək uğurlu lideri yetişdirmək olmuşdur: "2003-cü ildə Ulu Öndər Heydər Əliyevin "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm", - tarixi xitabına Azərbaycan xalqının heç bir tərəddüd etmədən dəstək verməsi həm də qurtuluşdan başlanan möhtəşəm zəfər yolunun uğurla davam etdirilməsi anlamına gəlirdi".
Spiker Sahibə Qafarova bildirib ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu çoxşaxəli inkişaf strategiyasının onun layiqli davamçısı, möhtərəm Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələbləri və reallıqlarına müvafiq surətdə uğurla, inamla həyata keçirilməsi nəticəsində Azərbaycan bir çox dövlətlərin onilliklər ərzində əldə edə bilmədikləri nailiyyətlərə qısa müddətdə imza atıb. Gənc Azərbaycan dövlətinin əsaslarının möhkəmliyi, həyata keçirilən strategiyanın səmərəliliyi məhz Prezident İlham Əliyevin liderlik keyfiyyətləri, zəkası, siyasi iradəsi, uzaqgörənliyi sayəsində mümkün olub. Azərbaycanın əldə etdiyi genişmiqyaslı nailiyyətlər dövlət başçısının qətiyyətli, yaradıcı və milli maraqlara söykənən fəaliyyətinin nəticəsidir. Prezident İlham Əliyevin milli maraqlara, dövrün trendləri və reallıqlarına uyğun davam etdirdiyi strateji kurs növbəti tarixi mərhələdə də Azərbaycanın öz inkişafını, beynəlxalq münasibətlər sistemində uğurlu təmsilçiliyini davam etdirəcəyinə əminlik yaradır.
2003-cü ildən bu günədək Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji kurs nəticəsində əldə olunmuş nailiyyətlərin də geniş təhlil olunduğu məqalədə daha sonra Azərbaycan Respublikasının Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevanın ölkəmizin bugünkü genişmiqyaslı uğurlarında roluna da diqqət çəkilir. Qeyd olunur ki, Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti Azərbaycanın inkişafına, dünyada təbliğinə sanballı töhfələr verir: "Ümummilli Liderin qurub-yaratdığı müstəqil Azərbaycanın daha da çiçəklənməsində yaxından iştirak etmək, insanlara daim kömək əli uzatmaq, xeyirxah işlər görmək Heydər Əliyev Fondunun və onun prezidenti hörmətli Mehriban xanım Əliyevanın fəaliyyətinin əsas qayəsini təşkil edir. Hörmətli Mehriban xanım Əliyevanın sosial və humanitar sahələrdə təşəbbüsləri, gördüyü mühüm işlər ölkəmizdə həyata keçirilən sosial müdafiə tədbirlərinin miqyasının genişlənməsində əhəmiyyətli rol oynayır. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu Ümummilli Liderin zəngin dövlətçilik irsinin dərindən öyrənilməsi, geniş təbliğ olunması işində də uğurla fəaliyyət göstərir".Trend
8-05-2020, 14:01 | Ulu Öndər Heydər Əliyev: Dahilik və əbədilik simvolu!

Biz dövlətçiliyimizin qorunması, müdafiəsi, vətəndaşlarımızın mühafizəsi, təhlükəsizliklərinin qorunması, ən nəhayəti isə, ölkəmizin inkişafı naminə dönməz mövqe sərgiləməyi məhz Ulu Öndərimizin qətiyyətindən öyrənmişdik, bəhrələnmişdik!
Tarix sübut edir ki, hər bir xalqın, dövlətin inkişaf və tərəqqisində dahi şəxsiyyətlərin, siyasi liderlərin çox böyük rolu var və bu önəmli faktor xalqımızın da şərəf salnaməsinə yazılıb. Bu baxımdan, Azərbaycan xalqı xoşbəxt xalqdır ki, onun taleyində əsaslı dönüş yaradan, müstəqilliyi itirmək təhlükəsindən xilas edən, dövlətçiliyi əbədi və dönməz edən Heydər Əliyev kimi dahi rəhbəri olub.
Heydər Əliyev dühasının daha bir önəmi ondadır ki, bu böyük ad özündə əbədiyyəti nümayiş etdirir. Əbəs deyil ki, müasir dövrümüzün ədibləri bu dahi insanı "Sönməz Günəş" deyə tərənnüm ediblər. Yaşadığımız hər bir anın, hər bir ömür səhifəsinin vərəqində Heydər Əliyev mücəssəməsi yaşamaqdadır. Onunla bağlı olan əvəzsiz xatirələrim də həmin reallığı əks etdirməkdədir. Belə ki, hələ Moskvada xüsusi orta milis məktəbində təhsil aldığım illərdə Ulu Öndərin çıxışlarını izləyir, hətta imtahanlar verərkən Heydər Əliyevdən mühüm iqtibaslar, qiymətli sitatlar gətirirdim. Ona görə də, həyatımın gələcək fəaliyyətinin müəyyənləşməsində Onun adının, imzasının olması gerçəklikdir və əlbəttə ki, bu, eyni zamanda dahi şəxsiyyətə - Ulu Öndər Heydər Əliyevə olan xüsusi rəğbətimin bariz təzahürü idi. Ancaq daha bir danılmaz amil bu idi ki, Heydər Əliyevə bütün dövrlərdə tükənməz maraq olub. Təsadüfi deyil ki, hər kəs Onun iti zəkasına, idarəçilik məharətinə həsəd aparır, barəsində çox müsbət fikirlər səsləndirir, liderlik keyfiyyətlərinin özünəməxsusluğu barədə danışırdı. Yəni o da əbəs deyil ki, Heydər Əliyevin qüsursuz, anlaşıqlı, dolğun, qətiyyətli, eləcə də mətnsiz şəkildə etdiyi çıxışları həm də onu ustad bir müəllim kimi xarakterizə edirdi.
Həmin anda mən əmin idim ki, bu gediş deyil, tarixi dönüşün başlanğıcı idi
Ən böyük xoşbəxtliyim və ömrüm boyu unutmayacağım hadisə isə Heydər Əliyevlə yaxından tanış olmaq imkanının mənə nəsib olmasıdır. Ulu Öndərlə ilk görüşüm isə məhz tarixi məqamlara söykənir. Belə ki, sovet rəhbərliyinin 1990-cı ilin yanvarında xalqımıza qarşı qanlı faciə törətdiyi ən ağır vaxtda Heydər Əliyev həyatını təhlükə altına ataraq, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək mətbuat konfransı keçirib, 20 Yanvar faciəsinə siyasi qiymət verərək, mərkəzin və respublika rəhbərliyinin hüquqazidd əməllərini ifşa etmişdi. Tarixin məsuliyyətli və çətin, lakin şərəfli dövründə xalqı ilə olmağı, ona kömək etməyi vacib bilən Heydər Əliyev həmin ilin iyulunda Bakıya gəlir və Onu qarşılayanlardan biri kimi Ulu Öndərimizlə ilk tanışlığımız olur. Lakin həmin çətin vaxtlarda qardaşı Cəlal Əliyevin evində qalan Heydər Əliyevə qarşı təhdidlər səngimir, xəyanətkar qüvvələr isə Onu Bakını tərk etmədiyi təqdirdə istənilən hadisənin baş verə biləcəyi ilə hədələyir, təhdid edirdilər. Nəticədə Heydər Əliyev Naxçıvana getmək məcburiyyətində qalır. Yaxşı xatirimdədir, Cəlal Əliyevlə görüşümüzdən sonra ertəsi gün Heydər Əliyevi Naxçıvana yola salmaq üçün aeroporta apardıq və Onu təyyarənin salonunadək ötürdük. Həmin anda mən əmin idim ki, bu gediş deyil, tarixi dönüşün başlanğıcı idi və bu an - bilavasitə Heydər Əliyev dühasının qətiyyətli varlığı artıq müstəqil Azərbaycanın tarix salnaməsinə qızıl hərflərlə həkk olunmağa başlamışdı.
Sonralar da Naxçıvanda olarkən, Ulu Öndərlə görüşlərimiz oldu. Yaşının çox və səhhətində müəyyən problemlərin olmasına baxmayaraq, hər zaman qamətli duruşu, daxili gücə və özgüvənə sahib olması, simasında ifadə olunan möhkəm iradə və qətiyyət, səsindəki amiranəlik Ümummilli Liderin bundan sonra da xalqına xidmət etmək iqtidarında olduğunu kifayət qədər əks etdirirdi. Bu gerçəklilərdən həm də belə bir nəticə hasil olunurdu: Təbiətən çox təmkinli olsa da, baş verən haqsızlıqlara qarşı hər zaman barışmaz mövqedə idi. O, güclü siyasi fəhmə, taleyüklü məsələləri həll etmək bacarığına, dəmir iradəyə və zəngin idarəçilik təcrübəsinə malik şəxsiyyət idi!
Ulu Öndərin apardığı müdrik siyasət nəticəsində müstəqilliyimiz qorunub, atəşkəsə nail olunub, dövlətlə xalqın birliyi təmin edilib.
Biz əminliklə vurğulaya bilərik ki, tükənməz Azərbaycançılıq məfkurəsinin parlaq mücəssəməsi olan Heydər Əliyev faktoru öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına, milli-mənəvi dəyərlərimizin qorunub-saxlanılmasına, dünyaya örnək olaraq təqdim olunmasına nail olub. Hadisələrə şahidlik edən tariximiz də bunu mərhələlərlə sübut edir.
1991-ci ildə öz dövlət müstəqilliyini bərpa edən xalqımız çox çətin sınaqlardan keçmiş, qanı bahasına qazandığı müstəqilliyi yenidən itirmək təhlükəsi ilə üzləşmişdi. Həmin dövrdə Azərbaycanda müstəqil dövlətçilik maraqları ilə üst-üstə düşməyən, bir çox hallarda isə onlara zidd olan qeyri-ardıcıl, səriştəsiz siyasətin aparılması, silahlı birləşmələrin özbaşınalığı, xaos və vətəndaş qarşıdurması, erməni təcavüzü bu təhlükəni daha da dərinləşdirirdi.
Məhz belə bir ağır dövrdə - 1993-cü ildə xalqımızın təkidi və iradəsi ilə Ümummilli Lider Heydər Əliyev hakimiyyətə qayıdaraq müstəqilliyimizi məhv olmaqdan xilas etmək kimi çox çətin və şərəfli missiyanı öz üzərinə götürdü. Hətta o dövrdə təsəvvür etmək çətin idi ki, ömrünün müdrik çağında olan və çoxsaylı təhdidlərə məruz qalan Heydər Əliyev yenidən hakimiyyətə qayıtsın. Lakin buna rəğmən, O güclü şəxsiyyətin heç nədən çəkinmədən, öz həyatını belə təhlükəyə ataraq meydana atılması xalqı və dövləti qarşısında misilsiz fədakarlığı idi. Şübhəsizdir ki, Ulu Öndərin apardığı müdrik siyasət nəticəsində müstəqilliyimiz qorunub, atəşkəsə nail olunub, dövlətlə xalqın birliyi təmin edilib.
Dahi rəhbərin qarşımızda qoyduğu tapşırıqları yerinə yetirmək ən ümdə vəzifəmiz idi.
Həyatımın hər bir anında keçirdiyim qürur hissim sonsuz və tükənməzdir. Belə ki, 10 ilə yaxın müddətdə Heydər Əliyev kimi dünya şöhrətli dahi şəxsiyyətlə birgə çalışmağım, Onun rəhbərliyi ilə keçirilən tədbirlərdə iştirak etməyim mənə həmin hissləri yaşatmaqdadır.
Ümummilli Liderimizin müvafiq qərarı ilə 1993-cü ildən uzun müddət Bakı şəhəri Baş Polis İdarəsinin rəisi vəzifəsində fəaliyyət göstərmişəm. Müstəqilliyini itirmək təhlükəsindən yenicə xilas olmuş ölkəmizdə həqiqətən də gərginlik müşahidə olunurdu. 1993-1998-ci illərdə paytaxt Bakı kimi böyük bir şəhərin təhlükəsizliyi, sözsüz ki, təmin olunmalı idi. Xaricdən təlimatlandırılmış qaragüruhçu qüvvələr demək olar ki, günaşırı mitinqlər, aksiyalar, küçə yürüşləri keçirir, müxtəlif sifariş və təxribat xarakterli addımlar atılırdı. Bütün bunların öhdəsindən gəlmək isə asan iş deyildi. Ancaq dahi rəhbərin qarşımızda qoyduğu tapşırıqları yerinə yetirmək ən ümdə vəzifəmiz idi. Biz dövlətçiliyimizin qorunması, müdafiəsi, vətəndaşlarımızın mühafizəsi, təhlükəsizliklərinin qorunması, ən nəhayəti isə, ölkəmizin inkişafı naminə dönməz mövqe sərgiləməyi məhz Ulu Öndərimizin qətiyyətindən öyrənmişdik, bəhrələnmişdik!
Ümumiyyətlə, Heydər Əliyevin böyüklüyü, dövlətçilik səriştəsi həm də onda idi ki, o, hüquqi dövlət quruculuğu işində humanizm prinsiplərindən yerində və düzgün istifadə etməyi uzaqgörənliklə, müdrikliklə bacarırdı. Onun hər zaman xalqının yanında olduğuna, onu böyük bir izdihamın müşayiət etdiyinə, hər bir vətəndaşa qayğı ilə yanaşdığına şahid olmuşam. Heydər Əliyev Azərbaycanı Vətən, dövlət olaraq çox sevirdi, azərbaycanlı olması ilə fəxr edirdi. Azərbaycan kəlməsini gözləri yaşara-yaşara söyləməsi Onun Vətənə olan sevgisinin əyani təzahürü idi. Xalqın əbədi sevgisini qazanan Ulu Öndər Heydər Əliyev daxili və xarici qüvvələrin dövlət çevrilişi, sui-qəsd və təxribat cəhdlərinə baxmayaraq, öz həyatı, sağlamlığı bahasına gecəli-gündüzlü fədakar əməyi hesabına dövlət müstəqilliyimizi yenidən bərqərar etdi. Azərbaycan dağılmaqda olan ölkədən inkişaf edən ölkəyə, vətəndaş müharibəsi astanasında olan ölkədən vətəndaş həmrəyliyi olan ölkəyə çevrildi. Məhz belə bir məqamlarda Heydər Əliyev şəxsiyyətinin rəhbərliyi altında çalışmaq mənə, mənimlə çalışan əməkdaşlara davamlı stimul verirdi. Bütün bunlar unudulmayacaq qürur, yaddan çıxmayacaq fərəh və şərəf gerçəkliyidir.
Bu gün Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Ali Baş Komandanımız İlham Əliyev çağdaş dünyamızın müasir liderlik faktoru olaraq dəyərləndirilməkdədir. Söz yox ki, ölkəmiz müasir dövrün yenilənən çağırışlarına uyğun olaraq bütün sahələrdə dərin islahatlar yolu ilə uğur sözünü deməkdədir. Düşünürəm ki, bizim buradakı ən böyük vəzifəmiz Ümummilli Liderin ideyalarının inkişafı və Azərbaycan tarixinin yeni şanlı səhifələrinin yazılması naminə Prezident İlham Əliyevin ətrafında sıx birləşməyimiz, Ona öz fəaliyyətimizlə dəstək olmağımızdır. Belə ki, hər kəs üzərinə düşən vəzifənin məsuliyyətini dərindən anlamalı və Ulu Öndər Heydər Əliyevin bu tarixi kəlamını xatırlamalıdır: "Vəzifəli adam öz xalqına qulluq etməlidir". Bəli, məhz birinci növbədə vəzifə sahibləri xalqa ləyaqətlə xidmət etməlidirlər. Bunu cənab Prezident İlham Əliyev də dəfələrlə öz çıxışında vurğulayıb və qeyd edib ki, hər bir dövlət məmuru xalqının xidmətçisi olmalıdır, bu faktor dövlət idarəçiliyinin başlıca məqsədidir!
Heydər Əliyev dühasının əbədiliyini İlham Əliyev cənablarının müəyyən etdiyi dönməz, qətiyyətli, müdrik siyasətinə dəstək verməklə yaşatmalı, inkişaf etdirməliyik!
Daha bir məqama toxunmaq istərdim ki, bu gün Azərbaycanda Ordu quruculuğu prosesi də Heydər Əliyev siyasətinin davamı olaraq inkişaf etməkdədir. Güclü Orduya və ən müasir hərbi sənaye imkanlarına malik olan Azərbaycanın Silahlı Qüvvələri beynəlxalq aləmin müxtəlif ordu reytinqlərini müəyyən edən cədvəllərində, sorğu nəticələrində yüksək mövqeyə sahibdir. Bütün bunlar eyni zamanda, Ali Baş Komandanımız, cənab İlham Əliyevin bu sahəyə göstərdiyi diqqət və qayğısının bariz nəticəsidir.
Düzdür, bu gün ərazilərimizin 20 faizini işğal altında saxlayan təcavüzkar Ermənistan dövlətinin rəhbərliyi müxtəlif bəhanələri ilə danışıqlar prosesini pozmağa cəhdlər göstərirlər, amma fakt budur ki, artıq onların qaçacaq bir yerləri də yoxdur. Azərbaycanın 2016-cı ildəki Aprel uğuru, habelə 2018-ci ildə əldə etdiyi Günnüt qələbəsi davam edə və zəfər bayrağımız işğal edilmiş bütün ərazilərimizdə dalğalana bilər. Artıq Azərbaycanın qüdrətli Silahlı Qüvvələri nəinki regionun, eləcə də beynəlxalq təhlükəsizliyin təmin olunmasında, qorunmasında əsaslı mövqeyə malikdir. İllərdir ki, Azərbaycan zabiti və əsgəri istər NATO təlimləri çərçivəsində, istərsə də ayrı-ayrı ölkələrlə keçirilən iri miqyaslı hərbi təlimlərdə, habelə beynəlxalq terrorla mübarizə məsələlərində öncül yerlərə sahib olmaqdadır. Bu isə, eyni zamanda Azərbaycan dövlətinin ildən-ilə daha da gücləndiyini, beynəlxalq nüfuzunun artdığını, dünyada sayılıb-seçilən, mövqeyinə hörmətlə yanaşılan ölkələrdən birinə çevrildiyini göstərən sübutdur. Bu baxımdan da çıxış edərək belə nəticəyə gələ bilərik ki, torpaqlarımızı düşmən tapdağından azad etmək üçün bundan sonra da Ordumuzun gücünü artırmalıyıq. Silahlı Qüvvələrimizin maddi-texniki bazası gücləndirilməkdə davam edir, hərbçilərimizin xidmət şəraiti, sosial vəziyyətlərinin daha da yaxşılaşdırılması istiqamətində münbit addımlar atılır.
Bütün bunlar onu göstərir ki, Azərbaycan dövləti və xalqı işğal faktı ilə heç vaxt barışmaq fikrində deyil, hər an torpaqlarını düşməndən azad etməyə hazırdır. Ona görə də xalqımız bir olmalı, dövlətimizin apardığı siyasəti və Ulu Öndər Heydər Əliyevin bizlərə miras qoyduğu müstəqil Azərbaycanın inkişafını dəstəkləməli, Ali Baş Komandan, ölkə rəhbərimiz cənab İlham Əliyevin ətrafında daha da sıx birləşməlidir. Biz, Heydər Əliyev dühasının əbədiliyini İlham Əliyev cənablarının müəyyən etdiyi dönməz, qətiyyətli, müdrik siyasətinə dəstək verməklə yaşatmalı, inkişaf etdirməliyik!
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - hərbi məsələlər şöbəsinin müdiri general-polkovnik Məhərrəm Əliyev
TREND
20-02-2020, 09:03 | Azərbaycan Prezidenti İlham Əliyev İtaliyaya dövlət səfərinə gedib - VİDEO - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 19-da İtaliya Respublikasına dövlət səfərinə gəlib.
AZƏRTAC bildirir ki, Romanın "Fiumicino" Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı İtaliya Respublikası Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi Manlio di Stefano, İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari, Xarici İşlər Nazirliyinin Diplomatik Protokol İdarəsinin rəis müavini Klaudio Miscia və digər rəsmi şəxslər qarşıladılar.






20-02-2020, 09:00 | Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Romada dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsini ziyarət ediblər - VİDEO - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 19-da Romadakı məşhur "Villa Borghese" parkında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsini ziyarət edib.
AZƏRTAC bildirir ki, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva abidənin önünə gül dəstələri qoydular.
Qeyd edək ki, bu abidə "Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 dekabr tarixli Sərəncamına əsasən ucaldılıb. Həmin Sərəncama əsasən Nizami Gəncəvinin yubileyinə həsr edilmiş silsilə tədbirlər çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi ilə 2012-ci ilin aprelində abidənin açılışı olub.




13-02-2020, 14:40 | Prezident İlham Əliyev Avropa İttifaqının xüsusi nümayəndəsinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 13-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesi müzakirə edildi, Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlığın əhəmiyyətinə toxunuldu, bu yaxınlarda Bakıda keçiriləcək Cənub Qaz Dəhlizi Məşvərət Şurasının növbəti toplantısında Avropa İttifaqının yüksək səviyyədə iştirak etmək niyyətində olmasının önəmi vurğulandı və əlaqələrimizin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.


13-02-2020, 14:37 | Birinci vitse-prezident Mehriban Əliyeva yunan-Roma güləşi üzrə milli komandanın üzvlərini təbrik edib - FOTO

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi İnstaqram səhifəsində İtaliyanın paytaxtı Romadakı Avropa çempionatında 2 qızıl, 4 bürünc medal qazanan yunan-Roma güləşi üzrə milli komandanın üzvlərini təbrik edib.
Trend xəbər verir ki, təbriklə bağlı edilən paylaşımda deyilir:
"İdman sahəsində növbəti böyük uğurumuz! İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında yunan-Roma güləşi üzrə Azərbaycan millisi tarixində ilk dəfə 6 medal qazanaraq komanda hesabında ikinci yerdə qərarlaşıb. Bu möhtəşəm qələbə sevincini Azərbaycan xalqına yaşadan idmançılarımızı - qızıl medal sahibləri Sənan Süleymanovu və Rafiq Hüseynovu, bürünc medal sahibləri Eldəniz Əzizlini, Murad Bazarovu, Ülvi Qənizadəni və İslam Abbasovu və onların məşqçilərini səmimi-qəlbdən təbrik edir, onlara yeni-yeni nailiyyət və qələbələr arzulayıram!"






13-02-2020, 14:29 | Prezident İlham Əliyev milli komandamızı təbrik etdi

Prezident İlham Əliyev Azərbaycanın Güləş üzrə Milli komandasını qələbə münasibətilə özünün "Twitter" sosial şəbəkəsindəki səhifəsində təbrik edib.
Prezident yazıb: "Avropa çempionatında yunan-Roma güləşi üzrə tarixdə ilk dəfə 6 medal qazanan milli komandamızın möhtəşəm qələbəsi münasibətilə idmançılarımızı, məşqçilərimizi və bütün #Azərbaycan xalqını ürəkdən təbrik edirəm".
12-02-2020, 08:51 | Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ixtioz, kəpənək və immundefisit xəstəliyindən əziyyət çəkən uşaqlarla görüşüb - FOTO

Fevralın 11-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ixtioz, kəpənək və immundefisit xəstəliyindən əziyyət çəkən uşaqlarla görüşüb.
AZƏRTAC bildirir ki, paytaxtdakı Bona Dea Beynəlxalq Hospitalında keçirilən görüş zamanı Leyla Əliyeva uşaqların səhhəti və müalicələrinin gedişi ilə maraqlanıb.
Heydər Əliyev Fondunun dəstəyi ilə müalicə olunan uşaqlara hədiyyələr təqdim edilib.
































