22-11-2023, 19:58 | Sosial şəbəkələrdə maddi yardım elanı paylaşanlara çağırış

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev sosial şəbəkələrdə maddi yardım elanı paylaşanlara çağırış edib.
O, "İcbari tibbi sığorta sahəsində məlumatlılığın artırılması" mövzusunda keçirilən təlimdə deyib ki, bəzən sosial şəbəkələrdə müxtəlif şəxslərə tibbi yardım göstərilməsi üçün elan paylaşılır.
Z.Əliyev bildirib ki, Dövlət Agentliyinin əməkdaşlarına dərhal məsələni araşdırmaq üçün tapşırıqlar verir:
"Əməkdaşların məsələni araşdırmalarını və paylaşım edən şəxslərin niyə icbari tibbi sığortanın xidmətlərindən yararlanmadan belə addım atmasının səbəblərini öyrənmələrini gözləyirəm. Bəzən elə hal olur ki, onlar ölkədən kənarda əməliyyat olunmalıdırlar. Həmin xidmətləri təmin etməyə bizim əlimiz çatmır. Bəzən də lazım olan tibbi xidmətlər Xidmətlər Zərfində olmur. Amma əksər hallarda onlara lazım olan tibbi xidmət Xidmətlər Zərfində olur. Bu paylaşımı edən şəxslərə səslənirəm ki, ilk növbədə, bizə müraciət etsinlər. Əgər hər hansı səbəbdən onlara kömək edə bilməsək, o zaman yardım toplanması üçün elan yerləşdirsinlər".//milli.az/
22-11-2023, 19:56 | "ATV" Çingiz Abdullayevə görə aparıcını belə CƏZALANDIRDI

Xəbər verdiyimiz kimi, xalq yazıçısı Çingiz Abdullayev "ATV" telekanalını məhkəməyə verməyə hazırlaşır. Buna səbəb bir müddət əvvəl "ATV" telekanalının efirində yayımlanan "Xəbərin olsun" verilişinin aparıcısı Kubra Məhərrəmovanın Çingiz Abdullayevin əsərlərini "zir-zibil" adlandırmasıdır.
Məsələ ilə bağlı bizim.media-ya açıqlama verən "ATV" telekanalının mətbuat katibi Ozal İbrahimli bildirib ki, hadisə ilə bağlı aparıcı Kübra Məhərrəmovaya ciddi xəbərdarlıq edilib:
"Sözügedən ifadənin səsləndiyi verilişdən dərhal sonra kanal rəhbərliyi aparıcılar və redaksiya heyəti ilə iclas keçirib. Qeyd edilən ifadəni işlədən aparıcıya rəsmi şəkildə ciddi xəbərdarlıq edilib".
22-11-2023, 19:50 | Azərbaycanda yeni fənn tədris ediləcək

Bu ilin sonuna qədər Azərbaycanda "İslam maliyyəsi" adlı dərslik işıq üzü görəcək, onunla ölkədə "İslam Maliyyəsi" fənni tədris ediləcək.
Bunu "Report"a açıqlamasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı bildirib.
"Kitab 4 təşkilatdan 9 müəllifin birgə əməyidir, Azərbaycan İlahiyyat İnstitutu ilə birgə hazırlanıb, 6 fəsildən ibarət olacaq. Ondan dərs vəsaiti kim istifadə edilməsi planlaşdırılır. Artıq bununla bağlı tədris proqramı da hazırlanıb. Proqram bakalavr təhsil səviyyəsi üçün nəzərdə tutulub. "İslam Maliyyəsi" fənni müvafiq ixtisaslara uyğun III və ya IV kurs tələbələrinə 45 saat (30 saat mühazirə, 15 saat məşğələ) olmaqla bir semestr tədris ediləcək. Burada mövzular sadədən mürəkkəbə doğru sıralanıb. Fənnin tədrisi tələbələrin təhsil aldıqları ixtisasa uyğun olaraq islam bankçılığı meyarlarının insan həyatındakı funksiyasını, iqtisadi həyatın təşəkkülündəki rolunu, hüquqi bazasını, eyni zamanda islam bankçılığının əsaslarını və prinsip mənbələrini müqayisəli formada mənimsəməsinə nail olmaq məqsədi güdür", - deyə o qeyd edib.
Bu gün İİTKM İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İslam Ölkələri üzrə Statistik, İqtisadi və Sosial Tədqiqat və Təlim Mərkəzi (SESRIC) ilə Anlaşma Memorandumu imzalayıb. Sənədə İİTKM-in icraçı direktoru Vüsal Qasımlı və SESRIC-in Baş direktoru, Türkiyənin sabiq ailə, əmək və sosial xidmətlər naziri Zehra Zümrüt Selçuk imza atıb.
22-11-2023, 13:23 | Bu müəllimlərə elektron sertifikat veriləcək

Sertifikatlaşdırmadan keçmiş təhsilverənlərə "Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi"ndə "Elektron imza və elektron sənəd haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq elektron sənəd formasında yaradılan sertifikat veriləcək.
Bu barədə Nazirlər Kabinetinin "Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası"nda edilən dəyişiklikdə bildirilib.
Qeyd edilib ki, sertifikat sertifikatlaşdırmanın nəticələri elan olunduqdan sonra 5 (beş) iş günü müddətində hazırlanır.
"Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi" vasitəsilə əldə edilmiş sertifikatın kağız daşıyıcıda olan surətinin təsdiqi "Notariat haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən həyata keçirilir. Sertifikatın həqiqiliyi "Elektron imza və elektron sənəd haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yoxlanıla bilər. Sertifikat Sertifikatlaşdırma Şurasının sədrinin elektron imzası ilə təsdiq edilir. Sertifikat təhsilverən üçün açılmış "Şəxsi kabinet"də yerləşdirilir.
22-11-2023, 09:07 | Xankəndidən YENİ GÖRÜNTÜLƏR: Azərbaycan və Türkiyə bayraqları yan-yana asıldı - VİDEO

AzTv Azərbaycanın Xankəndi şəhərinin küçələrindən ilk dəfə görəcəyiniz kadrlar yayımlayıb.
Epizodların birində Xankəndi Şəhər Xəstəxanası önündə Azərbaycan və Türkiyə bayraqlarının yan-yana asıldığı əks olunub.
Həmin görüntüləri təqdim edirik:
[[[media=https://www.youtube.com/live/DcNFV_i4R7s?si=t0XYvwTNT6MAjdh4]
22-11-2023, 08:43 | Laçına qayıdan sakinlər təəssüratlarını bölüşdülər

Torpaq həsrətinə həmişəlik olaraq Laçında son qoyacağam və bunun üçün çox sevinirəm.
Acıqlamasında Laçın sakini Bayramov Nəsib deyib.
Onun sözlərinə görə, 25 yaşında düşmənlərin torpaqlarımızı işğal etməsi nəticəsində Laçını tərk etməli olub.
"Torpaqlarımızın müdafiəsində 4 qardaş iştirak etmişik. Bir qardaşım döyüşlərdə şəhid olub. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can-sağlığı versin. Allah Prezidentimizi qorusun", - deyə o qeyd edib.
30 ildən sonra yenidən doğma yurdda yaşamaq böyük sevinc hissidir.
Ətraflı
Bunu Laçın sakini Bayramova Cəmilə deyib.//Trend//
"Buna görə öz Prezidentimizə dərin təşəkkürümüzü bildiririk. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can-sağlığı versin. Allah ordumuzu qorusun.
24 yaşımda ailəmizlə birlikdə Laçını ağlaya-ağlaya tərk etmişəm. Bu gün isə sevinə-sevinə həyat yoldaşım, oğlum və qızımla birlikdə Laçına dönürük. Orada yaşayıb, orada çalışacağıq", - deyə o bildirib.
Qeyd edək ki, bu gün də nəzərə alınmaqla Laçın şəhərində 346 ailə, yəni 1326 nəfərin daimi məskunlaşması təmin edilib.
22-11-2023, 08:27 | Necə oldu ki, pomidordan 11 milyon dollar itirdik?

Rusiya hökuməti azərbaycanlı biznes adamlarına Moskvaətrafı ərazilərdə “parnik” üçün daha əlverişli şərtlər və məhsuldar torpaq sahələri təklif edir
Azərbaycanın bir vaxtlar böyük həvəslə “qırmızı qızıl” adlandırılan pomidor ixracından gəlirləri ciddi şəkildə azalıb. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, bu ilin yanvar-oktyabr aylarında ölkədən 126 milyon dollar dəyərində 113,3 min ton pomidor ixrac edilib. Bu isə o deməkdir ki, ötən ilin eyni dövrü ilə müqayisədə pomidor ixracı dəyər ifadəsində 11 milyon dollar azalıb. Belə ki, ötən ilin yanvar-oktyabr aylarında Azərbaycandan 137.1 milyon dollar dəyərində 114,9 min ton pomidor ixrac olunmuşdu.
Qeyd edək ki, 2015-ci il neftdən gəlirlər kəskin azaldıqdan və valyuta çatışmazlığından sonra ölkədə ixracyönümlü məhsulların istehsalı prioritet elan olunub. Həmin ildən etibarən müxtəlif kənd təsərrüfatı məhsullarının istehsalı üçün dövlət büdcəsindən subsidiyalaşdırmaların həcmi artırılıb. O cümlədən ixracyönümlü pomidor istehsalı üçün zəruri olan müasir tipli istilikxanaların ölkəyə gətirilməsi və quraşdırılması subsidiyalaşdırılmağa başlayıb. Bundan əlavə, 2015-ci ildə məlum təyyarə hadisəsi zamanı Rusiya Türkiyədən pomidor idxalını tamamən dayandırıb. Bu, Azərbaycandan idxal üçün münbit zəmin yaradıb. Nəticədə dövlətin geniş subsidiya dəstəyi ilə iki ildə istilikxanaların sahəsi 400 hektardan 1500 hektara qədər artırılıb. Rəsmi məlumata əsasən, 2022-ci ildə ölkədə ümumi sahəsi 1,6 min hektar olan 3154 vahid istixana fəaliyyət göstərib. Həmin istixanalarda 369 337,4 ton pomidor, 28873,8 ton xiyar istehsal edilib.
İstilikxanaların sayının və sahəsinin artması pomidor istehsalını ilbəil artırıb. 2020-ci illə müqayisədə 2021-ci ildə pomidor istehsalı 19 faizə qədər artmışdı. 2022-ci ildə isə 2021-ci illə müqayisədə yenə 7.6 faiz istehsal artıb. Amma məhz həmin ildə istehsalın artmasına baxmayaraq, artıq əvvəlki illərlə müqayisədə pomidor istehsalçılarının sayı 2 faiz azalmışdı. Eyni zamanda pomidor sahələri də azalmışdı. Belə ki, 2021-ci illə müqayisədə 2022-ci ildə 6 faizə qədər az sahədə pomidor əkilmişdi. Eləcə də istixanaların sayı azalıb. İqtisadçı-ekspert Eldəniz Əmirov mövzu ilə bağlı Musavat.com-a deyib ki, istehsalın və ixracın azalmasının əsas səbəbi bilavasitə pomidorun ixrac dəyərində olan qiymətin aşağı enməsidir ki, bu, pomidor istehsalçılarının davranışlarına təsir göstərən əsas faktordur. Məlumatlara görə, səbəblər sırasında pomidor ixracı ilə məşğul olan iri biznesmenlərin əkin işlərini Rusiya paytaxtına yaxın bölgələrə köçürməsidir. Azərbaycandan olan biznes adamları daha pomidor və digər kənd təsərrüfatı məhsullarının ölkəmizdən ixracını gəlirli hesab etmirlər. Moskvaətrafı ərazilərdə Rusiya hökuməti onlara daha əlverişli şərtlər və məhsuldar torpaq sahələri təklif edir. Onlar da istixanaları orada quraraq daha çox məhsul əldə edir və satmaqda da xüsusi çətinlik çəkmirlər.
Rəsmi məlumata görə, 2023-cü ildə Rusiyada istilikxana ilə əhatə olunan torpaqlar 3280 hektara çatıb. Göstərilən ümumi istixana sahəsinin 2165 hektarı müasir, 1066 hektarı isə köhnəlmiş istixanalardır və yenidənqurma tələb olunur.
2022-ci ilin sonunda Rusiyada qış istixanalarında tərəvəz məhsulu 1,52 milyon tona çatıb. Ölkə əhalisinin (146 milyon) örtülü torpaqlarda yetişdirilən tərəvəzə olan daxili tələbatı 2,196 milyon ton (adambaşına 15 kq nisbətində) təşkil edir. “Rosstat”ın məlumatına görə, 2022-ci ildə istixana xiyarları ilə özünütəminetmə səviyyəsi 95,5 faiz (849 min ton), pomidorla təminat isə 61,4 faiz (637 min ton) təşkil edib.
Yerli istehsal artdığına görə 2022-ci ildə istixana tərəvəzlərinin idxalı 2021-ci illə müqayisədə 12,9 faiz azalaraq 497,6 milyon ABŞ dolları dəyərlə 412,7 min ton təşkil edib. Rusiyaya istixana tərəvəzlərinin idxalı strukturunda aparıcı yerləri (pomidor, xiyar) aşağıdakı dövlətlər tutur: Türkiyə, Belarus, Çin, Azərbaycan, Türkmənistan və Özbəkistan.
Rusiya İstixanaları Assosiasiyası 2025-ci ilə qədər istixanaların sahəsini 3,4 min hektara, qış istixanalarında tərəvəzin ümumi istehsalını 1,7 milyon tona çatdırmağı planlaşdırır.
Azərbaycan istehsalçılarının çox ciddi problemi bazar asılılığıdır. İxracın 95 faizdən çoxu Rusiyaya reallaşır. Ölkənin rəsmi statistikasına əsasən, 2023-cü ilin yanvar-sentyabrında Azərbaycan xaricə 124 milyon 294.80 min dollarlıq 112 071.52 ton pomidor ixrac edib. Ötən ilin eyni dövründə 134 milyon 279.33 min dollar dəyərlə 112 354.16 ton ixrac olmuşdu.
Yanvar-sentyabrda pomidor ixracının 120 milyon 380,97 min dollarlıq 109 min 685,83 tonu Rusiyaya, qalanı Belarus, Qazaxıstan, Moldova, Ukrayna, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan, Qətər, Səudiyyə Ərəbistanı, Polşa, cüzi həcmdə Sinqapura ixrac edilib. Baxmyaraq ki, ixrac coğrafiyasında genişlənmə var, bu amil Azərbaycanın pomidor ixracında Rusiyadan asılılığının azalmasına gətirib çıxarmayıb.
İxracda Rusiyadan asılılığın yaratdığı problemlər kifayət qədər böyükdür. İlk növbədə Rusiyanın etibarlı tərəfdaş olmaması hər an bu ölkəyə ixracın dayanması təhlükəsini aktual edir. 2015-ci ildə Türkiyədən pomidor idxalının tamamən dayandırılması faktı ortadadır. Son 8 ildə Rusiya siyasi hakimiyyəti dəfələrlə müxtəlif ölkələrə qarşı belə idxal qadağası tətbiq edib. Bunun hamısı məhz “Rosselxoznadzor”un əli ilə və demək olar ki, eyni iddialarla həyata keçirilib. Hər dəfə “Rosselxoznadzor” idxal olunan bu və ya digər məhsulda ya zərərverici, ya da orqanizm üçün təhlükəli olan maddələr “tapır”. 2020-ci ildə Azərbaycan 44 günlük Vətən müharibəsini zəfərlə başa çatdırdıqdan sonra Moskva öz tələblərini yürütmək üçün ölkəmizdən pomidor və alma idxalını qadağan etdi. Nəticədə Azərbaycan ixracatçıları böyük zərərlə üzləşdilər
Türkiyə ilə münasibətlər normallaşmağa başlayandan dərhal sonra Rusiya oradan pomidor idxalına məhdudiyyətlərlə də olsa icazə verdi. Lakin Türkiyə sahibkarları bu icazəyə baxmayaraq, özlərini yenidən bu ölkəyə ixracdan asılı hala gətirmədilər. Onlar məhsullarını başqa istiqamətlərə yönəltmək istiqamətində böyük uğurlar əldə ediblər. Bu ilin birinci yarısında Türkiyə 325,2 min ton pomidor ixrac edib. Türkiyə pomidorlarını 48 ölkə alıb. 2015-ci ilədək Türkiyənin pomidor ixracında birinci yerdə olan Rusiya indi alıcılar arasında 5-cidir. Bu ölkəyə altı ayda cəmi 29,563 milyon dollarlıq məhsul satılıb.
Təəssüflər olsun ki, Azərbaycan istehsalçıları pomidor ixracını diversifikasiya etmək sahəsində nailiyyət əldə edə bilməyiblər. 2020-ci ildə üzləşdikləri on milyonlarla dollarlıq zərər bu məsələdə sahibkarlarımız üçün yetərli olmayıb. Bazarlar genişlənmədiyinə görə ixrac həcmlərində artım azalma ilə əvəz olunmaqdadır.
Halbuki Rusiyanın özündə gedən proseslər qadğalar olmasa belə, tezliklə Azərbaycandan pomidor idxalının azalmasını şərtləndirəcək. Bu il oktyabrın 12-dək Rusiyada istixanalardan 1,23 milyon ton, ötən ilin eyni dövründəkindən 1,6 faiz çox məhsul toplanıb. Ölkənin Kənd Təsərrüfatı Nazirliyinin məlumatına əsasən, bunun 644 tonu xiyar, 512 tonu pomidor olub. İstehsalın artımı istilikxana təsərrüfatlarının genişləndirilməsi hesabınadır. 2018-ci ildən bəri 1,5 min hektar sahədə 4 və 5-ci nəsil istilikxana təsərrüfatı qurulub. Belə istilikxana təsərrüfatlarında yetişdirilən pomidorun rentabelliyi 20 faizdən yuxarıdır.
Bu ilin payız aylarında Rusiyada pomidorun qiymətində 20-27 faiz bahalaşma qeydə alınıb. Sentyabrdan başlanan bu proses Azərbaycanda da pomidorun kəskin bahalaşmasına gətirib çıxarıb: istehsalçılar daxili qiyməti ən böyük ixrac bazarına uyğunlaşdırırlar. Lakin noyabrın əvvəlindən Azərbaycanda pomidorun qiymətində xeyli azalma müşahidə olunur: 4-5 manatdan 3-3,5 manata qədər ucuzlaşma var. Bunu ölkədə istilikxanalarda becərilən məhsulun yetişməsi, həmçinin Rusiyada tələbatın azalması ilə əsaslandırırlar. Rusiyada tələbatın azalması isə ölkənin özündə istilikxana mövsümünün başlanması, yerli məhsulun bazara çıxmasıdır. Baxmayaraq ki, qiymətlər bahalaşır, yerli istehsal artdığına görə idxala tələbat da azalır.
Azərbaycan daxilində qiymətlərin Rusiya bazarından tənzimlənməsi yerli pomidor istehsalçıları, eləcə də adi vətəndaşlar üçün ciddi problemlər yarada bilər: qiymətlərin kəskin ucuzlaşması istehsalçı və ixracatçılar, bahalaşması isə əhali üçün.
Onu da qeyd edək ki, Azərbaycandan yalnız pomidorun deyil, bütün növ kənd təsərrüfatı məhsullarının ixrac coğrafiyasının genişlənməsi qarşısında olan ən mühüm problemlərdən biri də Ümumdünya Ticarət Təşkilatına üzv olmamaq, Avropa İttifaqı ilə strateji əməkdaşlıq sazişinin imzalanmamasıdır. ÜTT üzvü olmayan ölkələr üçün üzv ölkələr tərəfindən müxtəlif baryerlər tətbiq olunur. Eyni zamanda Azərbaycan istehsalçıları ÜTT-nin verdiyi imtiyazlardan yararlana bilmirlər. Aİ ilə sazişin olmaması şəraitində Azərbaycan məhsulları Birlik ölkələrinə idxal zamanı bir neçə mərhələli yoxlamalara məruz qalır. Bu isə ixrac dəyərini artırır, vaxt itkisinə səbəb olur. Eyni zamanda saziş olmayan ölkələrdən idxal üçün Aİ-nin bir sıra əlavə rüsumları tətbiq olunur, yaxud onlara güzəşt verilmir. Bütün bunlar son nəticədə Azərbaycan ixracatçıları üçün ciddi problemlər yaradır.
Dünya SAKİT,
“Yeni Müsavat”
22-11-2023, 08:24 | Bakıda yayılan virus - maska taxmaq da qorumur

Adətən 37°C və ya daha yuxarı qalxan qızdırma ilə başlayır, öskürək və...
Son günlər Azərbaycanda qızılca xəstəliyinə yoluxma ilə bağlı məlumatlar yayılıb. Xüsusən kiçik yaşlı uşaqlar arasında bu xəstəliyə daha çox rast gəlinir. Yüksək hərarət və səpkilərlə müşahidə edilən xəstəlik əksər insanlarda olduqca ağır keçir. Hələ ötən ay Səhiyyə Nazirliyi qızılca xəstəliyi ilə bağlı vətəndaşlara müraciət edib.
Zaqatalada qızılca xəstəliyi yayılıb. Xəstəliyə Zaqatala şəhər və rayonun Kebeloba, Car, Yuxari Tala, Aşağı Tala, Çobankol, Muxax, Gözbarax Əliabad kəndlərində uşaqlar və hətta orta yaş qrupuna aid insanlar arasında rast gəlindiyi bildirilir. Məsələ ilə bağlı TƏBİB-dən bildirilib ki, Zaqatala Rayon Mərkəzi Xəstəxanasına 2023-cü il oktyabrın 11-dən noyabrın 17-dək qızılca simptomları ilə 64 müraciət daxil olub: “Onlardan 46-sı müayinə olunaraq ambulator müalicə üçün evə buraxılıb. Ambulator xəstələrdən səkkizi uşaqdır, vəziyyətləri stabildir.
Bu müddət ərzində xəstəxanaya müraciət edən 19 nəfər (beşi uşaq olmaqla) stasionar müalicə alıb. Onlardan 10 xəstə artıq evə buraxılıb. Doqquz xəstənin isə stasionar müalicəsi davam etdirilir".
Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən bildirilib ki, Zaqatala rayonunda qızılcaya yoluxma tək-tək hallarda qızılca əleyhinə peyvənd olunmayan uşaqlar arasında qeydə alınıb: “Bununla əlaqədar olaraq xəstəlik ocaqlarında əks-epidemik tədbirlər aparılıb, qızılca peyvəndindən kənarda qalan uşaqlar QPM (qızılca-parotit-məxmərək əleyhinə) vaksini ilə peyvəndə cəlb olunublar. Hazırda rayonda peyvənd işləri davam etdirilir, epidemioloji vəziyyət stabildir”.
Bəs bu xəstəlikdən qorunmaq üçün nələrə diqqət edilməlidir?

Gülşən Əliyeva
Pediatr Gülşən Əliyeva mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, qızılca hava-damcı yolu ilə yayılan infeksion xəstəlikdir: "Bu xəstəlikdə yoluxma yüz faizdir. Yəni kontakt olursa, yüz faiz yoluxma baş verir. Ölkəmizdə bir yaşından başlayaraq qızılca xəstəliyinə qarşı peyvəndləmə olur. 1 yaşında və 6 yaşında. Lakin peyvənddən kənar qalan uşaqların yoluxma ehtimalı daha çoxdur. Ona görə burada birinci qorunma yolu peyvənd olunmaqdır. Uşaqlarda əgər hər hansı bir ciddi əks-göstəriş yoxdursa, mütləq peyvənd olunmalıdır. Maskadan istifadə etmək, ya da uzaq durmaqla bu xəstəlikdən qorunmaq mümkün deyil. Yalnız izolyasiya ilə mümkündür. Yəni kollektivdə bir uşaqda belə qızılca xəstəliyi aşkarlanırsa, həmin müəssisə dezinfeksiya, həmin uşaq təcrid olunmalıdır. Yaxşı olardı ki, əlaqədə olan uşaqlarda bir müddət kollektivə çıxmasınlar. Yəni xəstəni izolyasiya etməklə yalnız qorumaq mümkündür və peyvənd vasitəsilə".
Pediatr onu da əlavə edib ki, peyvənd olunan uşaqlar xəstəliyi ya yüngül keçirirlər, ya da ümumiyyətlə keçirmirlər: "Uşaqların peyvənd olunmasının digər müsbət xüsusiyyəti də evdə olan digər adamları yoluxmadan qoruyur. Uşaqlar asan keçirsələr də, evdə olan digərləri, əsasən də böyüklər bu infeksiyanı ağır keçirir, əsasən də kişilər. Hamilə qadınların yoluxması təhlükəlidir. Bir yaşa qədər körpə uşaqların yoluxması təhlükəlidir. O baxımdan mütləq şəkildə peyvənd olunmaya ciddi riayət edilməlidir. Məncə, bu valideynin istəyi ilə yox, məcburi şəkildə, əks-göstəriş yoxdursa, uşaqlar bir yaşından sonra mütləq peyvənd olunmalıdır. Yoluxma halları da kiçik yaşda uşaqlar arasında daha çox müşahidə edilir".
Qeyd edək ki, uşaqlarda qızılca şiddəti ilə fərqlənən fərqli simptomlarla özünü göstərir. İlkin simptomlar soyuqdəymə simptomlarına bənzəyir və yüksək hərarət, öskürək və burun axması olur. İnfeksiya irəlilədikcə xarakterik bir qırmızı səpgi meydana çıxır, adətən üzdən başlayır və bədənin digər hissələrinə yayılır.
Qızılca adətən 37°C və ya daha yuxarı qalxan qızdırma ilə başlayır. Öskürək, burun axması və ya tıxanıqlığı kimi soyuqdəyməyə bənzəyən tənəffüs simptomları qızılcanın erkən əlamətlərdir. Konjonktivit - qızılca zamanı gözlərdə qızartı və işığa həssaslığa səbəb olacaq iltihab yaranır. Diaqnostik əlamət sayılan koplik ləkələri olaraq bilinən ağız içərisində kiçik ağ ləkələr qızılca olduqda görünə bilir. Eləcə də qırmızı, düz ləkələrdən ibarət səpgi adətən üzdən başlayır və bədənə yayılır. Bu daha çox yüksək hərarətlə birlikdə müşahidə olunur.
Qızılca simptomları yaxşı qidalanmayan uşaqlarda və ya immun sistemi zəif olanlarda daha ağır ola bilir. Yüksək yoluxucu təbiətinə görə, bu simptomları erkən tanımaq və vaxtında həkim müayinəsi düzgün diaqnoz və müalicə üçün çox vacibdir. Bundan əlavə, vaksinasiya da qızılca xəstəliyinin başlanmasının qarşısını almaqda və virusa yoluxanlarda simptomların şiddətini azaltmaqda mühüm rol oynayır.
Qızılca virusu daha sonra tənəffüs epitelində çoxalır və bütün bədənə yayılır. İmmunitet hüceyrələrinə, xüsusən də ağ qan hüceyrələrinə üstünlük verilir. İmmunitet sistemi infeksiyaya cavab verir və simptomlar adətən məruz qaldıqdan 10-14 gün sonra görünür. Bu inkubasiya dövründə virus çoxalır və uşaq qızılca əlamətlərini bu zaman göstərməyə başlayır. Qızılca çox yoluxucudur və fərdlərdə səpgilərin başlamasından təxminən dörd gün əvvəldən dörd gün sonraya qədər virusu başqalarına yaya bilir.
Afaq MİRAYİQ,
“Yeni Müsavat”
21-11-2023, 19:58 | XİN-dən Ermənistana CAVAB

Ermənistanın Azərbaycanın sülh müqaviləsi layihəsi ilə bağlı təkliflərinə cavab verməsinin təqribən 2 ay yarım müddət çəkməsi prosesi ciddi şəkildə yubadıb.
Bu barədə XİN-dən məlumat verilib.
"Sülh danışıqlarındakı bu durğunluq regionda sabitliyə və firavanlığa töhfə vermir.
Azərbaycan sülh müqaviləsinin mümkün qədər tez tamamlanması üçün Ermənistanla ikitərəfli əsasda birbaşa danışıqlara hazırdır. Biz inanırıq ki, iki ölkə gələcək münasibətləri barədə qərarı birlikdə verməlidir.
Qarşılıqlı məqbul məkanın seçilməsi və ya dövlət sərhədində görüş barədə qərar verilməsi də daxil olmaqla, sülh prosesinin davam etdirilməsinə görə iki ölkə məsuliyyət daşıyır.
Biz Ermənistan tərəfini yeni lüzumsuz yubatmalara yol verməməyə çağırır və danışıqların tezliklə başlanması üçün onların bu çağırışa müsbət cavab verəcəyinə ümid bəsləyirik", - deyə məlumatda qeyd olunub.
21-11-2023, 15:48 | Şuşanın “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər hazırlanacaq

Prezident İlham Əliyev Şuşa şəhərinin 2024-cü il üçün "İslam dünyasının mədəniyyət paytaxtı" elan edilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Respublica.Az AZƏRTAC-a istinadən bildirir ki, sərəncamda deyilir:
"2023-cü il sentyabrın 25-də Qətər Dövlətinin paytaxtı Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2024-cü il üçün "İslam dünyasının mədəniyyət paytaxtı" elan edilmişdir. Bu qərar Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olub İslam mədəniyyətinin zənginliklərini dolğun təzahür etdirən Şuşaya xüsusi ehtiramın ifadəsidir və İslam dünyasının həmrəyliyinin yeni rəmzinə çevrilməklə qarşılıqlı əməkdaşlıq münasibətlərinin daha da genişləndirilməsində özünəməxsus rol oynayacaqdır.
Azərbaycan Respublikasının Nazirlər Kabineti Şuşa şəhərinin 2024-cü il üçün "İslam dünyasının mədəniyyət paytaxtı" elan edilməsi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirsin"















