15-10-2023, 18:29 | Bayrağımızın asıldığı Xankəndidən ilk görüntülər - VİDEO

AZTV Xankəndi şəhərindən canlı bağlantı edib.
Respublica.az metbuat.az-a istinadən həmin görüntüləri təqdim edir:
15-10-2023, 06:35 | İradə Tuncay: “Örtüyü qaldırıb ayaqlarını öpdüm" - Müsahibə

Bu gün Xalq şairi Məmməd Arazın doğum günüdür.
Bu münasibətlə şairin qızı, tanınmış yazıçı-publisist İradə Tuncayla müsahibəni təqdim edir.
- Layihəyə dəvət alanada yada düşən ilk xatirə hansı oldu?
- Ha fikirləşdim müəyyən edə bilmədim. Amma bilirəm ki, lap balaca vaxtımdan atamla anama fərq qoyurdum. Atamı həmişə artıq istəmişəm, indi də elədir. Özü də onun xatirəsi ölmüş adamın xatirəsi deyil, canlıdır, yenidir. Atam mənim yadıma bilirsən necə düşür? O fotoda "vspışka" olur e, yanıb-sönür, bax elə bir şey kimi gəlir gözümün qabağına. Ya bir söz, ya bir qoxu uşaqlığımdakı atamı canlandırır. An da deyil bu, qarşına çıxır və onu xatırlayırsan. Mən çox səfər edən adamam. Xeyli ölkədə olmuşam. Hara getsəm çox qəribədir, düşünürəm ki, atamın bu yerlə bağlı yazdığı nəsə varmı. O, ömrünün böyük hissəsini xəstə olub, gəzə də bilməyib. Bəzi yerlər var ki, mən ora gedəndə mütləq atamı xatırlayıram. Məsələn, Lvova getmişdik. Düşəndə birinci yadıma gələn o oldu ki, Məmməd Arazın "Əsgər qəbri haqqında ballada" poeması var, Lvovda yazıb. Orada böyük bir qəbiristanlıq var. Müharibədə ölən əsgərlərin məzarlığı. Atam həmin qəbiristanlıqda İbrahimov soyadlı (öz soyadı da İbrahimovdur - red.) məzar görüb. Bundan doğan o təəssüratları qələmə alıb. Çox qəribə bir poemadır, janr olaraq maraqlıdır, poemanın dramaturgiyası var.
- Maraqlıdır. Gedə bildiniz ora bəs?
- Mən taksi ilə gedəndə sürücüdən soruşmuşdum ki, burda belə bir qəbiristanlıq varmı? Cavan oğlan idi, dedi, mən tanımıram. Sonra axşam başqa bir taksiyə minəndə gördüm sürücü yaşlı adamdı. Ondan da eyni şeyi soruşanda dedi, da, yest, moqu pokazat. Amma təəssüf... Biz artıq aeroportla qayıdırdıq deyə görə bilmədim.
- Atanız da sizin kimi çoxlu səfərlər edirdi...
- Biz Yasamalda, "Sevil" kinoteatrı tərəfdə yaşayırdıq. İndi həmin kinoteatrın yerində bina tikiblər. Musabəyovun heykəli (indi o da yoxdu) tərəfdə üç balaca "xruşofka" ev var. Axırıncı, 3-cü bizim ev idi. Biz 5-ci mərtəbədə olurduq. Bax o həyətlə bağlı çoxlu təəssüratlar var. Mən həyətdə oynayırdım, o, işdən gəlirdi, məni çağırırdı. Bəzən olurdu, getmirdim evə, bəzən onunla birgə qalxırdım. Çox mehriban və isti adam idi. Qohumlarım vardı, evlərinə gedirdim, görürdüm ki, atası gələnə yaxın evə elə bil bomba düşür. Hazırlaşırlar, qorxurlar, nəyisə gizlədirlər... Mən çox təəccüb eləyirdim. Mən atamın gəlişinə sevinirəm, amma bunlar qorxur. Onun səfərlərdən gətirdiyi çamadanları çox böyük həvəslə gözləyirdim.
- Nələr olurdu çamadanlarda?
- Oyuncaqlar, geyimlər. O vaxt indiki kimi bolluq yox idi. Harasa gedəndə gətirirdilər. Məktəb forması, ayaqqabı burda olmurdu, Moskvadan gətirirdi. Bir dəfə bir oyuncaq almışdı mənə, motosiklet idi. İndi hər cür oyuncaq var. O vaxt elə qəribə bir şey idi ki, deməli qururdun "motosikl" hoppanırdı və düşürdü yerə. Apardım həyətə, uşaqlara göstərmək istəyirdim ki, görün mənə nə gətiriblər. Uşaqlarsa elə ilk gün oğurladılar oyuncağımı (gülür).
- Məmməd Araz evdə ata kimi necə idi?
- Ağır xasiyyəti vardı. Böyüyəndə bunu daha çox hiss elədim. Həmişə deyirəm, mən həbsxana şəraitində yaşamışam. Heç yerə icazə vermirdilər getməyə. Ancaq dərs-ev, ev-dərs
- Atanız qoymuşdu bu qaydanı?
- Əlbəttə. Nə isə edəndə də mütləq ondan icazə almaq lazım idi. Çox qısqanc adam idi bu mənada. Məni ən çox təəssüfləndirən odur ki, sonradan mənim yetişkin, ağlım kəsən vaxtımda atam danışa bilmirdi. Onla oturub məni maraqlandıran suallara cavab ala bilmədim. Odu məni çox yandıran. İnsan həyatı bir gün qırılır. Labüddür bu, kimi tez, kimi gec. Məni həmişə incidən onun ağır həyatıdır, ölümü yox. Çox böyük təəssüf ki, mən onunla heç nəyi müzakirə edə bilmədim. Ancaq çalışırdıq ki, sağ qalsın.
- İradə xanım, Məmməd Araz həyat yoldaşı ilə necə tanış olub?
- Onun qardaşı APİ-də oxuyurdu. Anam da orada təhsil alırdı. Atam universitetə gedib-gələndə görüb anamı. Kələntər Kələntərli tanış edib onları. Bulvarda gəzəndə anam onun şeirlərini əzbərə deyib. O vaxt adamlar oxumağa çox həvəsli idi axı. "Azərbaycan" jurnalında şeirləri çıxıbmış, 57-58-ci illərdə. Anam Qubadandı, atam Naxçıvandan. Tam fərqli yerlərdi, qohum deyillər, dost deyillər. Beləcə tanış olublar.
- Bayaq dediniz ki, atamı həmişə daha çox sevmişəm, səbəb nə idi?
- Onu o vaxt anlamırdım. Yəqin sonradan düşünmüşəm bunu. Atamla ruhən çox yaxın olmuşuq ki, balaca bir uşağın qəlbində o hiss yaranıb. Ona münasibətim həmişə fərqli olub. Sonradan o zəif, köməyə möhtac halıynan elə bil mənim uşağım idi.
- İki qızı vardı...
- Hə, iki bacı olmuşuq.
- Ən çox sizinlə ünsiyyətdə olub?
- Mən böyüyəm axı. Bacım məndən 7 yaş balacadı. Atam xəstələnəndə bacımın 6 yaşı vardı. Nə görə bilərdi ki? Əsas onun tribunalarda çıxış edən, yaraşıqlı, gur səsli, yerişi ilə lərzəyə gətirən vaxtını mən görmüşəm, bacım görməyib. Və o, həmişə məni özü ilə poeziya gecələrinə aparırdı. O mühitin içində yetişmişəm. Şairlərin, yazıçıların, sözün içində yetişmişəm. Elə bil ki, həyatıma möhürünü vurub. Sanki alnıma yazılmışdı ki, ədəbiyyat adamı olmalısan. Əslində, hamı istəyir qızı həkim olsun, xüsusən də o vaxt lap dəbdə idi. Nəsə istəmədim getdim jurnalistika sahəsinə.
- Sizə onda nə dedi? Jurnalistikanı seçəndə?
- Heç nə demədi, hara istəyirsən ver dedi.
- Bayaq dediniz qısqanc adam idi, sizə də qadağalar qoyurdu. Məsələn, atanızın "olmaz" siyahısında nələr vardı?
- Qısa geyinmək olmaz, saçı belə yığmaq olmaz, diqqət çəkmək olmaz, bərkdən gülmək olmaz və s. O qədər qadağanın içində böyümüşəm, məni qadağalar o qədər yorub ki, indinin özündə də elə bil içimdə "bunu olar, bunu olmaz", "eləyim eləməyim" kimi şeylər baş verir. Məsələn, telefonla danışıram, on dəqiqədən çox olanda öz-özümə deyirəm, olmaz, mən çox danışdım. Yaxud televizora filan saata qədər baxmaq olar.
- Tutaq ki, birini sevsəydiniz gəlib atanıza deyə bilərdiniz onu?
- Yox, belə münasibətimiz olmayıb. Aqillə (Aqil Abbas - red) tanış olanda, Aqil də bilirdi ailədəki qayda-qanunu.
- Elçilikdə də mübahisə düşüb deyəsən...
- Mən hadisənin birbaşa iştirakçısı olmamışam axı, kənarda olmuşam. Onsuz da atam heç kəslə mübahisə edən deyil, məsələn olurdu nəyisə deyirdi, sən cavab verəndə deyirdi, yox, belə deyil, belədi. Mübahisə eləmirdi. Sonra sən görürdün ki, elə onun dediyi kimidi.
- Füzuli söhbəti olub deyəsən, atanız da deyib ki, bura qız istəməyə gəlmisiniz, mübahisə eləməyə yox.
- İnanmıram elə söz desin, bunlar Aqilin interpretasiyalarıdır.
- İki qızı olub atanızın. Heç oğul dərdi çəkib?
- Şeirlərində var bu arzu. "Qızlarım taleyin ulduz töhfəsi, oğul da görəydim gərək yuxuda". Belə misraları var. Mənlə bacımın arasında 3 uşaqları ölüb. Uşaqları doğulurlarmış, ölürlərmiş. Məndən sonra bir bacım qalıb. Allah vermirsə nə etmək olar? Özü şeirlərinin birində yazmışdı ki, oğlun yoxdu, sonun yoxdu dedilər. Kimin dediyini demirəm, amma həmin adamın heç özünün övladı olmayıb. İnsan nə qədər naqis biri olsun ki, adama belə bir söz desin. Lap döndü Dədə Qorqudda, "oğlu olanı ağ çadıra, qızı olanı qara çadıra..." Sənin qonağın gəlib apar qonaq kimi yola sal da. Görünür bu xalqın düşüncəsində var.
- İradə xanım, siz atanızı şair kimi nə vaxt tanımışdınız?
- Deyək ki, mənim atam televiziyada çıxış edirdi. O vaxt hər adamın atası televizorda danışmır axı (gülür). Yəni artıq uşaq ağlınla fərqi görürsən. Özü də bircə televiziya vardı. Atam verilişdəydi bir dəfə. Axı əvvəllər ancaq canlı yayım olurdu, "zapislər" hələ gəlməmişdi. İlk dəfə çəkilişdən sonra atamla birgə ona baxanda heyrətdən özümə gələ bilmirdim. Baş çıxara bilmirdim bu necə ola bilər. Həm sənin yanındadır, həm orda göstərirlər. O zaman 5-ci sinifdə oxuyurdum.
- Məmməd Arazdan ən çox sevdiyiniz şeir hansıdır?
- O qədər böyük, qüdrətli poeziyadır ki, seçmək çətindir. Mənə yazdığı "Gül töhfələr" məsələn. Amma ayırmıram heç birini.
- İradə xanım, Məmməd Arazın "Ədəbiyyat qəzetin"dən çıxarılması necə olmuşdu?
- Atam qəzetin baş redaktor müavini idi. Həmin il Nəriman Nərimanovun 100 illiyi tamam olmuşdu. Heykəl qoyulmuşdu, amma açılışı olmamışdı. Nərimanova həsr olunmuş nömrə çap olunmuşdu. Səhifəyə xatirələri, onun haqqında yazılar, açılmamış heykəlin şəklini qoymuşdular. May ayında çap olunub deyəsən. Sonra burdan başlandı donoslar yazılmağa. Deyəsən, Şaumyanın oğlu da şikayət eləmişdi ki, Nərimanov xalq düşmənidir, ona belə şeylər həsr edirlər. Erməni faktorunu qoyuram bir qırağa, bizim öz içimizdə o qədər nadürüst adamlar var ki... Biz həmin vaxt Şimali Qafqazda, Yesentukidə dincəlirdik. Atam bizdən ayrıldı, ezamiyyətə getməli idi, Sibir tərəfə. Biz qaldıq. İndiki kimi telefon yox idi. Şəhərlərarası danışmaq üçün məntəqələr var idi. Bakı ilə danışmaq üçün getdik. Anam danışdı, çıxdı. Dedi ki, bileti qaytarırıq, gedirik. Mən də uşağam da, başa düşmürəm nə olub. Xalam oğlu da bizimlə qalırdı orada. Dedi, nə olub, anam da dedi, bileti qaytar, gedirik, Məmmədi işdən çıxarıblar. Adam özü Bakıda deyil, məzuniyyətdədir və Yazıçılar İttifaqında müzakirə edirlər. Təbii ki, əmr yuxarıdan gəlir. Hə, iclas keçirilir, Məmməd Arazı işdən çıxarırlar, hamı əl qaldırır buna, bircə Sabir Əhmədov etiraz edir ki, adamın özü burda yoxdu, özü haqqında heç nə deyə bilmir, siz onu işdən çıxarırsınız. Yəqin görülməmiş bir şeydi bu. İnsan özü ezamiyyətdə ola-ola, xəbər verilmədən adamı işdən çıxarırlar. Ondan sonra çöndü hər şey. Partiya söhbəti də olmuşdu. Partiyadan da çıxarda bilərdilər. O vaxt qorxulu bir şey idi bu, insanın həyatını söndürərdilər. Amma nə yaxşı ki, partiyadan çıxarmadılar. Ömrü boyu üstündə xalq düşməninin oğlu damğası olub. Və üstəgəl bu da olsaydı...
- Atanız işsiz qaldı...
- Hə. Düz iki il... Deməli, əvvəllər Yazıçılar İttifaqında "Litfond" deyilən təşkilat vardı. Yazıçıların həyatına kömək edirdi. Yardım fondu idi. Ehtiyac içində olana əl uzadırdılar, həm də o fondun xətti ilə yazıçılar rayonlara gedirdi, ədəbi görüşlər keçirirdilər. Ordan böyük qonorarlar alırdılar. Məsələn, kolxozlar varlı idi, işlək təsərrüfat idi. Gedirdin kolxoza. Bir rayonun 5 kolxozunda görüş keçirilirdi. Ordan həmin fondun hesabına pul gəlirdi və həmin puldan qonorar verirdilər. Atam iki il işləmədi. Biz iki il həmin o qonorarın hesabına yaşamışıq.
- Neçə yaşınız vardı?
- 12 yaşım vardı onda. Təbii ki, o auranı, dilxorçuluğu hiss edirdim. Amma onun içinə vara bilmirdim. Mən bunu o vaxt bilə bilməzdim, sadəcə evdəki gərginliyi hiss edirdim. Atam həmişə hər şeyi gizlədən adam idi. Həmin problemi yaşayan adamların hamısını dindirsəniz, onlar heç vaxt heç nəyi açıq danışmaq istəmirlər. Çünki dəhşətli anları görüblər. 37-ci illərin fırtınasından çıxan adamlardı hamısı. Atam da o kişilərdən idi və heç vaxt elə şeyləri evdə danışmırdı. Evdə ancaq ata idi. Böyük kimi evin problemlərini həll edirdi. Sizə deyim məişətdə çox bacarıqsız adam idi. Bir dənə mıx da vura bilmirdi. Elə şeyləri anam həll edirdi. Yəni böyük şair olmaq həm də həyatın bütün sahələrində uğurlu eləmir ki adamı.
- Əksər yaradıcı adamlar elə olur onsuz...
- Ömür boyu yazmaq şəraiti olmadı atamın. Gecələr işləyirdi... Hamı yatandan sonra... Uşaqlar, səs-küy mane olmasın deyə. Biz də digər otaqda yatırdıq ki, ona mane olmayaq. Otaq balacadı deyə yazı stolunu otağın ortasına qoya bilmirdi, yapışdırmışdıq divara. Onun belə şeiri də var: "30 il əyləşdim üzü divara". İndi başa düşmürlər ki, necə yəni 30 il üzü divara əyləşib. Nomenklatura şairləri, yazıçıları vardı o vaxt, onlara şərait yaradılırdı. Hər yerdə kitabları çıxırdı. Başı sığallı şairlərdən olmayıb atam. Əksinə, vurublar həmişə. Sözün həqiqi mənasında 30 il üzü divara əyləşmişdi.
- Həmin işsizlikdən sonra Məmməd Arazın halı pisləşdi...
- Hə, ondan sonra xəstələndi. Həmin vaxtlar yəhudi əsilli sovet şairi Mixail Svetlovun şeirlərini tərcümə edirdi. İstirahətdə idik. Təbii ki, o, hər yerdə işləyirdi. Qayıtdıq Bakıya. Onda əlində titrəmə başladı. Diaqnoz qoymaq mümkün olmadı. Bizim əyalətdə həkimlər o xəstəliyin adını bilmirdilər. Neçə dəfə halı xarab oldu. Sonra getdi Moskvaya. Orada diaqnoz qoyuldu ki, bu xəstəlik parkinsondu. İndi hamı bilir, çox yayılıb. Sonra xəstəxanalar, həkimlər, ümid, xəyal qırıqlığı...
- Neçə il davam elədi?
- Düz 30 il. Cavan oğlan idi o xəstələnəndə. 41 yaşı vardı. Parkinson beyində bir mərkəzin sıradan çıxmasıdır. Və o mərkəz səni idarə edir. Danışığını, hərəkətlərini, yerişini. Əvvəl-əvvəl bir əlində başlayır, sonra keçir o biri ələ. Dil hərəkət edə bilmir. İflic deyil bu. Bir mərkəzin sıradan çıxmasıdır. Əslində statistikaya görə yaşlı adamlar tutulur bu xəstəliyə. Amma bunda tez oldu. İndi çox gəncləşib bu xəstəlik. Müalicəsi də yoxdur. Xəstəxanada yatanda anam deyirdi, orda elə xəstələr vardı ki, sürünə-sürünə gəzirdilər. Ömrünün son illərində atam tez-tez yıxılırdı, biz qaldırırdıq. Psixoloji bir şey idi bu, həmişə qapının kandarında durub gözləyirdi. Elə bil keçə bilmirdi. Həmin xəstəliyin simptomlarında da var. Kandardan içəriyə addım atmağa qorxmaq. Heç heyi qalmırdı. On addımlıq yolu on dəqiqəyə gedirdi. Çox vaxt oturduğu stulu evin içində sürüşdürüb aparırdıq. Əlil arabası barəsində nəsə danışanda çox əsəbi halda "Özüm gəzirəm" - deyirdi. Amma gəzə bilmirdi. Bəzən bütün bədəni titrəyirdi. Bəzən də körpə uşaqlar əllərini, ayaqlarını idarə edə bilmədiyi kimi o da öz bədənini idarə edə bilmirdi. Düşün ki, beynin səni sakitləşdirəcək mərkəzi sıradan çıxıb. Bütün bədəni tərpənəndə üstünə yıxılırdıq ki, sakitləşsin. Son vaxtlar deyirdi, elə istəyirəm yatım-qalım yazılarımın içində...
- Çətin olacaq bilirəm. Amma ölüm anını necə xatırlayırsınız?
- Anam zəng elədi. Dedi, atanın vəziyyəti pisdi, boğulur. Əynimə nəyi necə keçirdim, nə qədər vaxt keçdi bilmədim. İçəri girəndə anladım ki, bitib artıq. Evdə anama kömək edən qızı gördüm. Yerə çökmüş atamın başını qucağında saxlayırdı. "Nəbzi var" deyirdi. Anam "Təcili yardım çağırdım" - deyib qışqırırdı. Beynim dumanlı olsa da təcili yardımın yardımı olmayacağını anlayacaq durumdaydım. Gözləri açıqdı, əyilib üzümü dodaqlarına yaxınlaşdırdım, nəfəsi qalıbmı deyə. Oğlum gəlib çıxdı. Dumanlı gözlərlə içəri girən oğluma baxdım. Heç bilmədim ona kim xəbər vermişdi. Atamı yerdən qaldırıb divana uzatdıq. Anam qışqırırdı ki, xəstəxanaya aparaq. Maşına düşürdük, başını qucağımda saxlamışdım. Çağırırdım, hay vermirdi. Xəstəxanada xərəyi gətirib içəri salana qədər mənə elə gəldi ki, bir il keçdi. Həkim çox soyuqqanlı yaxınlaşdı. Sonra Məmməd Arazdı dedi, tanıdı. Tələsik nə isə aparatı işə saldı, gözlərinə baxdılar... Sonra həkim başını buladı, üstünə ağ örtük çəkdilər. O biri tərəfdə stolda ağır xəstə var idi, sağ idi. Qorxmasın deyə heç birimiz səsimizi çıxarmırdıq. Mən örtüyü qaldırıb üzünü-gözünü, əllərini, ayaqlarını öpdüm...
Xəstəxananın həyəti adamlarla doldu. Öz-özümə dedim ki, nə tez xəbər tutdular. Hə, bir də dəqiq xatırladığım bir fakt da var. Evə qayıdanda "24 "şirvan" pul ödəməlisiniz" demişdilər. Məmməd Arazın bu xəstəxanada öldüyünü təsdiqləmək üçün...
Həyətdə çox adam vardı, amma yadımda qalan Rəşad Məcidin baxışları idi. Xəbər tutub işdən qaçaraq evə dönən bacıma sarılıb ağladığımı xatırlayıram. Sonralar bacım demişdi ki, sənə paxıllıq eləyirəm, son dəqiqələrində yanında oldun.//kulis.az//
Respublica.Az
15-10-2023, 06:31 | Bakıda böyük söküntü olacaq rayonların adları açıqlandı

Qəzalı vəziyyətdə olan binaların söküntüsü əsasən Bakı şəhərinin mərkəzi rayonlarını əhatə edəcək.
Bunu əmlak eksperti Elnur Fərzəliyev Xəzər xəbər-ə deyib.
Onun sözlərinə görə, indiyə qədər Bakının müxtəlif ərazilərində istismar müddətini başa vurmuş bir neçə bina sökülüb, amma bəzi yerlərdə çox sayda belə bina qalmaqdadır.
Elnur Fərzəliyev açıqlayıb ki, ən çox qəzalı vəziyyətdə olan bina Nəsimi, Nərimanov, Yasamal və Səbail rayonlarındadır.
Əmlak eksperti Ramil Osmanlı isə bildirib ki, nəninki mərkəzi hissələrdə, paytaxtın digər ərazilərində də onlarla qəzalı vəziyyətdə olan bina var.
Ekspertin sözlərinə görə, Bakıda 1970-ci ildən əvvəl tikilmiş yaşayış binaları var ki, onlar ipoteka üçün də yararsız hesab olunur.
O əlavə edib ki, qəzalı vəziyyətdə olan binalar çox olduğuna görə onların söküntüsü mərhələli şəkildə həyata keçirilə bilər.
15-10-2023, 06:28 | Gələn il üçün dövlət büdcəsinin gəlir və xərcləri açıqlandı

Gələn il üçün dövlət büdcəsinin gəlir və xərcləri məlum olub.
Bu, "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında" qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin gəlirləri 34 173 000,0 min manat, xərcləri 36 763 000,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 33 399 895,0 min manat, yerli gəlirləri 773 105,0 min manat, mərkəzləşdirilmiş xərcləri 35 980 547,0 min manat, yerli xərcləri 782 453,0 min manat) məbləğində proqnozlaşdırılır.
15-10-2023, 06:25 | Təhsil krediti almaq üçün müraciət edən tələbələrin sayı açıqlandı

Bu günə qədər təhsil tələbə krediti (TTK) almaq üçün müraciət edənlərin statistikası açıqlanıb.
Təhsil Tələbə Krediti Fondundan bildirilib ki, indiyədək 33 min 958 tələbə kredit almaq üçün müraciət edib. Onlardan 24 min 637 nəfərin müraciəti rəsmiləşdirilib.
Müraciət edənlərin 19 min 51 nəfəri qadın, 14 min 907 nəfəri kişidir. Ümumilikdə 14 min 332 qadın, 10 min 305 kişinin müraciəti rəsmiləşdirilib.
15-10-2023, 06:20 | Bu 7 əlamətdən 4-ü sizdə varsa, həyəcan təbili çalmağın vaxtıdır

Bir çox hallarda şəkərli diabet insanda çox gec aşkar olunur. Bu isə olduqca təhlükəlidir. Yüksək şəkər bədənə çox ciddi ziyan vurur.
Sizi şəkərli diabetin əlamətləri ilə tanış edirik:
Yüksək susuzluq və sidik ifrazının artması. Qanda artıq qlükozadan qurtulmaq üçün, böyrəklər səylə işləməyə başlayır, buna görə də insan tez-tez xüsusən də gecələr bayıra çıxmağa məcbur qalır. Yüksək susuzluq isə onunla bağlıdır ki, orqanizm maye itkisini bərpa etməyə çalışır.
Sürətli çəki itkisi. Diabet xəstəliyi zamanı yalnız sürətli çəki yığımı deyil, həm də onun sürətli itkisi ola bilər. Bu simptom xüsusilə də 1-ci tip şəkərli diabet xəstəliyinin əlamətidir. İnsulin qlükozanın hüceyrələrə daşınılmasının və ondan enerji mənbəyi kimi istifadə etməyin öhdəsindən gəlmir. Nəticədə orqanizmdə aclıq hissi yaranır və o əzələlərdən zülal əldə etməyə başlayır. Böyrəklər də həmçinin qandan qlükozanın artığını çıxardaraq səylə işlədiklərinə görə, bu kalorilərin itməsinə gətirir və böyrəklərə pis təsir edir.
Dərinin qaşınması, qiperpiqmentasiya, dərinin kobudlaşması. Dərinin quruluğu pozulmuş qan dövranının nəticəsində yaranır. Bu halda hətta qlükozanın normal səviyyəsində belə insan orqanizmində insulinə qarşı müqavimət ola bilər.
Yaraların gec sağalması. Şəkərin artıq miqdarı qan damarlarını zədələyir ki, bu da yaranın yerinə qanın daxil olmasını çətinləşdirir və sağalma prosesi uzanır.
Göbələk infeksiyaları ( həmçinin, qadınlarının vaginal infeksiyaları). Zəngin şəkərli mühitdə göbələklər və bakteriyalar özlərini çox rahat hiss etdikləri üçün çoxalmağa başlayırlar.
Görmə qabiliyyətinin aşağı enməsi. Şəkərli diabet vaxtı görmə qabiliyyətinin yayğınlığı yarana bilər. Qlükozanın yüksək səviyyəsi göz büllurunun (büllur parçasının) formasına təsir edir. Qanda qlükozanın səviyyəsinin normallaşması vaxtı bu simptom yox ola bilər.
Əl və ayaqlarda keyləşmə, yandırma, şişlər və ağrılar. Diabet əsəb sonluqlarına da zərər vura bilər. Əgər bu simptomlar yeni yaranıbsa, bu zaman şəkərin səviyyəsinə nəzarət onlardan qurtulmağa imkan yaradar.
İnsan nə qədər tez şəkərli diabetin ilk simptomlarına və siqnallarına diqqət etsə, o qədər daha tez bu xəstəliyi nəzarətə götürüb ağır və ölümcül nəticələrdən qurtula bilər.//saglamolun.az//
15-10-2023, 05:49 | Füzuliyə yola salınan daha 28 ailəyə mənzillərinin açarları verildi

Oktyabrın 14-də Bakı şəhərinin Qaradağ rayonundakı "Qobu park 3" yaşayış kompleksindən yola salınan növbəti köç karvanı Füzuli şəhərinə çatıb.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mətbuat xidmətindən bildirilib ki, yeni köçürülən ailələrə mənzillərinin açarlarının təqdimat mərasimi keçirilib.
Mərasimdə Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) xüsusi nümayəndəliyinin və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
Köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşacaqlar. Bu mərhələdə Füzuli şəhərinə daha 28 ailə - 117 nəfər köçürülüb. Bununla da Füzuli şəhərində 258 ailə, yəni 928 nəfərin daimi məskunlaşması təmin edilib.
14-10-2023, 06:22 | Bakıda tətil elan edilə bilər? - Havada TOZ BULUDU...

Son zamanlar hava haqqında məlumatlarda tez-tez rastımıza çıxan anlayış var: "Havada dəm qazının miqdarı normadan artıqdır" və yaxud da "Bakı səmasında toz buludu müşahidə edilir". Havanın bu qədər çirklənməsi bizim kimi qonşu ölkələrin də əsas problemlərindən birinə çevrilib. Elə bu yaxınlarda Tehranda hava çirkliliyi ilə əlaqədar tətil elan olunmuşdu.
Bəs görəsən ölkəmizdə ekoloji vəziyyət nəzərə alınmaqla tətil edilməsi mümkündür?
Məsələ ilə əlaqədar Xəzər universitetinin professoru, ətraf mühit üzrə ekspert Rövşən Abbasov BAKU.WS-ə açıqlamasında bildirdi ki, ölkəmizdə hava çirkliliyi səbəbindən iş yerlərinin və yaxud məktəblərin tətilə göndərilməsi bir qədər çətin olar. Çünki Bakıda elə də kritik vəziyyət yoxdur. Bunun əvəzinə havanın kirliliyini azaltmaq üçün müəyyən tədbirlər həyata keçirmək olar:
"Əvvəl müəyyən etmək lazımdır ki, atmosferə dəm qazı haradan gəlir. Fikrimcə bu əsasən şəxsi avtomobillərdən daxil olur. Maşınların texniki baxışının düzgün keçirilməməsi və s. səbəb olur. Bakı şəhərində avtomobillərin texniki baxışdan keçirilməsi məsələsini ciddiləşdirmək lazımdır. Bəzən buna səhlənkar yanaşırlar".
Ekspert hava kirliliyi ilə bağlı ekoloji polislərin önəmini xüsusi vurğuladı:

"Vaxtilə ekoloji polis var idi. Onlar maşınlardan atmosferə atılan qazları yoxlayırdı. Bəzən özümüz də görürük ki maşın gedir və yola çox qatı tüstü buraxır polis də buna biganə qalır".
Çirkli hava ilə mübarizədə əsas məsələ nəzarət mexanizminin gücləndirilməsidir. Nəzarət isə müxtəlif sahələrdə ayrı-ayrı qurumlar tərəfindən aparılmalı olan işdir:
"Digər tərəfdənsə ictimai nəqliyyatı gücləndirmək lazımdır. Beləcə insanlar tədricən şəxsi maşınlardan istifadəni azaldarlar.
Mən Bakıda havanın keyfiyyətini orta ağır adlandırardım. Buna çox keyfiyyətli də demək olmazdı. Əvvəla paytaxtın coğrafi mövqeyi çox əlverişlidir. Xəzər Dənizindən cənub küləyi gəlir və çirkli havanı təmizləyir. Dünyanın ayrı-ayrı şəhərlərinin hava keyfiyyətini göstərən sistemlərə baxdıqda da görürəm ki bizdə vəziyyət elə də pis deyil".
Xatırladaq ki, ən son məlumata görə, gün ərzində Bakı şəhəri üzrə hava keyfiyyəti göstəricilərindən dəm qazı 1,3, Sumqayıt şəhərində isə azot-4 oksid 1,1 dəfə normadan yüksək müəyyən edilib.
Onu da nəzərinizə çatdıraq ki, 2022-ci il Dünya Hava Kirliliyi Statistikasına görə, dünyada havası ən kirli ölkələrinin başında Çad, İraq, Pakistan, Bəhreyn və Banqladeş gəlir. Havası ən təmiz ölkələr isə Quamdır.
Təəssüflər olun ki, paytaxtımızın da belə bir siyahıda antirekordu mövcuddur. Belə ki, 2010-cu ildə Bakı dünyanın ən çirkli şəhəri elan edilib. "NYC International Rating and Consulting Company" tərəfindən aparılan araşdırmada dünyanın ən çirkli 30 şəhəri siyahıya alınarkən, Azərbaycanın paytaxtı Bakı birinci yeri tutub.
13-10-2023, 12:50 | Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın dinamik inkişafı qarşıdakı illərdə də davam edəcək

Vahid Muradov,
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin
"2 №-li Yol İstismarı" MMC -nin direktoru.
Müstəqil Azərbaycan hazırda beynəlxalq münasibətlər sistemində yüksək nüfuza sahib olan dövlətdir. 20 il öncə-15 oktyabr 2003-cü ildə keçirilən prezident seçkilərində xalqımızın düzgün seçim edərək, Ulu Öndərimiz Heydər Əliyevin müraciətini dəyərləndirərək cənab İlham Əliyevə səs verməsi möhtəşəm nailiyyətlərimizin əsasını təşkil edir. Keçirilmiş seçkilərdə Azərbaycanda seçicilərin 76 faizdən çoxu cənab İlham Əliyevə səs verərək ulu öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə və ölkədə sabitliyin qorunmasına yenidən etimad göstəmiş oldular. Həmçinin Azərbaycan xalqı İlham Əliyevi Prezident seçməklə Heydər Əliyevin siyasi kursuna səs verdi. Bu siyasi kursa sadiqliyini nümayiş etdirən xalqımız ümummilli liderə sevgisini və inamını bir daha sübut etdi. Sonrakı tarixi və siyasi proseslər, ölkəmizdə həyata keçirilən islahatların nəticələri onu göstərdi ki, xalqımız dövlət başçısı cənab İlham Əliyevə etimad göstərməklə dövlətimizin gələcək inkişafına, çiçəklənməsinə töhfə verib. Cənab İlham Əliyevin dövlət başçısı seçilməsindən ötən müddət ərzində Azərbaycanın dövlət müstəqilliyi daha da möhkəmlənib, dövlətin və xalqın təhlükəsizliyinin, bütün sahələrdə davamlı və dayanıqlı inkişafının təmin edilməsi istiqamətində uğurlu işlər görülüb. Prezident İlham Əliyevin nümayiş etdirdiyi yüksək idarəçilik qabiliyyəti, şəxsi nüfuzu, qətiyyətli və milli maraqlara söykənən siyasəti öz müsbət nəticələrini verdi. Siyasi, iqtisadi imkanlarımız daha da genişləndi. Məhz dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu xarici siyasət strategiyasının nəticəsində Azərbaycanın beynəlxalq aləmdəki mövqeləri möhkəmləndi. Cənab İlham Əliyev 2003-cü ildə Prezident seçilərkən Azərbaycan həlli müşkül görünən bir sıra problemlərlə üz-üzə idi. O vaxt ölkə hələ yeni-yeni dirçəlirdi, işsizlik, məcburi köçkünlərin acınacaqlı halı, bölgələrin inkişafdan geri qalması, əhalinin sosial vəziyyəti ciddi narahatlıq doğururdu. Ötən illər ərzində 2 milyondan çox iş yeri yaradıldı. İşsizlik səviyyəsi 40 faizdən 5 faizə endi.Bölgəmizdə reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı və milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir. Mövcud tarixi-siyasi, coğrafi şəraitdən, siyasi sistemin xüsusiyyətindən asılı olmayaraq, liderlik fenomeni milli dövlətin formalaşmasında və inkişafında həlledici rola malikdir. Lider, həmçinin mənəvi birliyi təmin edən, cəmiyyətdə müəyyən əhval-ruhiyyənin, ideya və dəyərlər sisteminin formalaşmasına təsir göstərən mühüm qüvvədir. Məhz bu keyfiyyətlərin sayəsində ölkəmizdə siyasi sabitlik təmin olunmuş və gələcək inkişaf üçün zəmin yaradılmışdır. Həyata keçirilən praqmatik xarici siyasət strategiyası ölkəmizə beynəlxalq münasibətlər sistemində müstəqil xarici siyasət həyata keçirən milli dövlət kimi etibarlı strateji tərəfdaş imici qazandırıb. Regional təşəbbüslər Azərbaycanın möhkəmlənməsinə, bölgədəki əməkdaşlığın dərinləşməsinə xidmət etdi. Milli mənafelərlə bağlı problemlərin həllinə həssas və fəal yanaşma uzaq və yaxın xaricin də diqqətindən yayınmadı. Azərbaycan Prezidentinin yürütdüyü uğurlu xarici siyasət nəticəsində ölkəmiz BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi, dünyada beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıdı. Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, həmçinin 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına 2019-2023-cü illərdə sədrlik etməsi müasir Azərbaycanın beynəlxalq miqyasda nüfuzunu və qüdrətini göstərir.
Bundan əlavə, neft-qaz sahəsində qazandığı uğurları davam etdirən ölkəmiz Trans-Anadolu və Trans-Adriatik qaz kəmərlərinin çəkilməsinə start verdi. Artıq bu layihələr reallığa çevrilib. Bununla da, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan Azərbaycan Cənub Qaz Dəhlizi layihəsinin aparıcı qüvvəsi kimi çıxış etməyə başladı. Xəzərin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında yeni sazişin imzalanması ölkəmizin dünya enerji sənayesində həlledici rolu olduğunu bir daha təsdiqlədi. Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı kimi çox böyük tarixi hadisə baş verdi. Asiyanı Avropa ilə birləşdirəcək Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin, Azərbaycan neftini birbaşa dünya bazarına çıxaran Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilməsi kimi nəhəng layihələrin icrasına nail olundu.
2003-cü ildən etibarən Azərbaycanda ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlər, silahlı qüvvələrin hərbi hazırlıq səviyyəsinin artırılması ilə bağlı görülən işlər Qarabağ münaqişəsinin aqibəti ilə bağlı bəzi dairələrdə yaranan əminliyi darmadağın etdi. Azərbaycanda güclü müdafiə sənayesi quruldu. Qısa müddət ərzində görülmüş işlər sayəsində Azərbaycan ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer aldı. Bunun üçün Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması, silahlı qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində ardıcıl tədbirlər görüldü. Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırdı. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxtərəfli və balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycan regionda ən güclü və suveren, yüksək beynəlxalq nüfuza malik olan dövlətə çevrildi. Cənab İlham Əliyevin ölkəyə rəhbərliyi illərində Azərbaycanı Qafqazda söz sahibinə çevirmişdir. Bu müddət ərzində maaşlar, pensiyalar dəfələrlə artmışdır. Sosial infrastruktur inkişaf etmiş, o cümlədən məktəb, xəstəxana binaları tikilmiş, təmir edilmiş, bölgələrdə idman infrastrukturu yaradılmışdır. Eyni zamanda, Azərbaycan qlobal rəqabətlilik indeksində dünyadakı mövqeyini xeyli gücləndirmişdir. İqtisadiyyatın neft-qaz sektoru əsaslı şəkildə inkişaf etmiş, Azərbaycan elektrik enerjisini idxal edən ölkədən ixrac edən ölkəyə çevrilmiş, yol və nəqliyyat infrastrukturu sürətlə inkişaf etmişdir. Bir sözlə, Prezident İlham Əliyevin idarəçilik dövrü milli maraqların qorunmasına xidmət edən strateji nailiyyətlər dövrü kimi tarixə düşübdür. Prezident İlham Əliyevin dövlət siyasətinin ən mühüm cizgilərdən biri ölkənin bütün bölgələrinin tərəqqisinə səbəb olan regionların sosial-iqtisadi inkişafı konsepsiyasıdır. Regionların sosial-iqtisadi inkişafı ölkəmizdə yeniləşmə, davamlı inkişaf, sosial-iqtisadi tarazlıq, modern islahatlar və digər sistemli hədəflərin reallaşmasında mühüm rola malikdir. Regionların sosial-iqtisadi inkişafına dair həyata keçirilən dövlət proqramları sayəsində bölgələrdə inkişaf prosesləri sürətləndi, kənd təsərrüfatının müxtəlif sahələri ilə bağlı konkret proqramlar icra olundu.
Tariximizə qızıl hərflərlə yazılmış zəfər tariximiz, qələbə salnaməmiz məhz dövlət başçısı, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin 20 illik gərgin əməyinin, müdrik və məqsədyönlü siyasətinin, peşəkar və qüdrətli ordu quruculuğu prosesinin nəticəsi idi. 2020-ci ilin 27 sentyabrında başlanan 44 günlük Vətən müharibəsində qazandığımız şanlı qələbə ilə tarixi torpaqlarımız işğaldan azad edildi, ərazi bütövlüyümüz bərpa olundu. Bu qalibiyyət ədalətin, eləcə də Ermənistan tərəfindən pozulmuş beynəlxalq hüququn təmin edilməsi idi. Bütövlükdə, 44 günlük Vətən müharibəsi Azərbaycanın siyasi, iqtisadi, diplomatik və hərbi qüdrətini, həmçinin xalqımızın milli birliyini və sarsılmaz iradəsini bütün dünyaya nümayiş etdirdi. Lakin Prezident İlham Əliyev “Dəmir yumruq” əməliyyatı ilə sübut etdi ki, münaqişənin hərbi həlli var. Nəticədə ölkəmiz BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı dörd qətnaməsini özü icra etdi. Artıq qürurla və fəxarətlə bəyan edirik ki, 30 illik Vətən, torpaq həsrətimizə son qoyulub, biz ata-baba yurdlarımıza qovuşmaqla yanaşı, milli qürurumuzu özümüzə qaytarmışıq. Sevindirici haldır ki, artıq həmin ərazilərimizdə quruculuq və abadlıq işləri çox böyük sürətlə davam etdirilir. Ötən ay ordumuzun 24 saatlıq antiterror əməliyyatı nəticəsində Qarabağda qondarma rejim özünü buraxdığını elan etdi və bununla da dövlətimiz öz suverenliyini tam təmin etdi.
Beləliklə, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə mövqeləri güclənib və bundan sonrakı mərhələdə bu mövqe daha da möhkəmlənəcəkdir. Tam əminliklə demək olar ki, xalq-iqtidar birliyinin qarşılıqlı inamı sayəsində Prezident İlham Əliyev xalqı bundan sonra da öz arxasınca zirvədən-zirvəyə, qələbədən-qələbəyə aparacaq və müstəqil Azərbaycan yeni-yeni zəfərlərə imza atacaqdır.
13-10-2023, 10:07 | Bu tələbləri pozanlar 10 min manatadək cərimə ediləcək

Xarici elektron pul təşkilatının yerli filialı tərəfindən pul vəsaitlərinin təhlükəsizliyinə dair tələbləri pozanlar 10 min manatadək cərimə ediləcək.
Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni 439-2-ci maddə (Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında qanunvericiliyin pozulması) əlavə edilir.
Dəyişikliklə elektron pul təşkilatı, o cümlədən xarici elektron pul təşkilatının yerli filialı tərəfindən pul vəsaitlərinin təhlükəsizliyinə dair qanunla müəyyən olunmuş tələblərin pozulmasına görə vəzifəli şəxslər 2 000 manatdan 3 000 manatadək miqdarda, hüquqi şəxslər 7 000 manatdan 10 000 manatadək məbləğdə cərimə olunacaq.















