15-11-2021, 08:50 | Şəxsi debet kartlarına daxil olan və çıxan vəsaitlər vergiyə cəlb olunurmu?

Şəxsi debet kartlarına daxil olan və çıxan vəsaitlər vergiyə cəlb olunurmu?


Bir çox fərdi sahibkarlar, müəssisə direktorları, təsisçilər və digər vətəndaşlar özlərinə məxsus şəxsi debet kartının vergi orqanları tərəfindən izlənildiyini düşünürlər.

Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, məsələyə aydınlıq gətirən keçmiş bank əməkdaşı, mühasibat üzrə mütəxəssis İlqar Əsədov şəxsi debet kartlarının bankın təqdim etdiyi xidmət məhsullarından biri olduğunu bildirib.

Onun sözlərinə görə, debet kartların üstünlüyü şəxsin öz vəsaitindən qanun və bank limitləri çərçivəsində istədiyi vaxt, istədiyi formada istifadə edə bilməsinin mümkünlüyü, digər şəxslər tərəfindən özünə çatası vəsaitlərin qəbulunun rahat və sürətli olmasındadır. Bu və digər bir çox üstünlüklərə malik həmin bank məhsullarının tamamilə nəzarətsiz qaldığını düşünmək sadəlövhlük olar. Lakin məsələ heç də çoxlarının düşündüyü kimi qəliz və qaranlıq deyil: "İlk növbədə bilməlisiniz ki, debet kartlarınız ilə əməliyyatlar arxa planda kart hesabı adlı hesab vasitəsilə tənzimlənir və idarə edilir. Bu, bir bank məhsulu olduğu üçün onu əldə edərkən bank ilə müqavilə bağlayırsız. Sizin kartınız vasitəsilə etdiyiniz əməliyyatlar bank sirrini təşkil edən məlumatlardır. Belə məlumatlar isə qanunla qeyd edilmiş hallar istisna olmaqla yalnız kart sahibinin özü və bank tərəfindən bilinir. "Banklar haqqında" Qanuna əsasən, bank sizin bank hesabınız, hesab üzrə əməliyyatlarınız və qalıqlarınız, habelə sizin haqqınızda digər məlumatların, o cümlədən sizin adınız, ünvanınız, rəhbərləriniz haqqında məlumatların sirrinə təminat verir. Sizin bank sirrini təşkil edən məlumatlar Mülki Məcəlləyə uyğun olaraq maliyyə monitorinqi orqanına və maliyyə bazarlarına nəzarət orqanına verilə bilər. Dövlət orqanlarına və onların vəzifəli şəxslərinə bu cür məlumatlar yalnız cinayət işinin istintaqı, müştərinin pul vəsaitinə həbs qoyulması, tələb yönəldilməsi ilə əlaqədar məhkəmənin qüvvəyə minmiş qərarı əsasında verilir".

İqtisadçı nəzərə çatdırıb ki, bankın xidmət etdiyi vergiödəyicisi olan hər hansı hüquqi şəxsin və ya fərdi sahibkarın bank hesabı və əməliyyatları barədə məlumat vergi orqanlarına yalnız Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada verilir. Banklar və bank əməliyyatlarının ayrı-ayrı növlərini həyata keçirən kredit təşkilatları tərəfindən məlumatların verilməsi Vergi Məcəlləsinin 76-cı maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə, bu cür məlumatların vergi orqanına verilməsi vergiödəyicilərinə münasibətdə tətbiq edilir. Yəni, əgər vətəndaş vergiödəyicisi deyilsə, çox da narahat olmaya bilər.

Qeyd olunub ki, Vergi Məcəlləsinə əsasən, təqvim ili ərzində alınmış hədiyyələrin 1000 manatadək hissəsi vergidən azaddır. Belə hədiyyə ailə üzvündən alındığı halda isə tam həcmdə gəlir vergisindən azaddır. Vergidən azad olunmuş gəlirlər vergi orqanlarına ümumiyyətlə maraqlı deyil. Lakin bu o demək deyil ki, karta daxil olan bütün pul hədiyyə kimi dəyərləndirilə və 1000 manatdan artıq olan hissəsi vergiyə cəlb edilə bilər. Əhalinin bu cür əməliyyatlarının izinə düşməyə nə bank idarələrinin, nə də vergi orqanlarının vaxtı və imkanı vardır. Vətəndaşa olduqca müxtəlif səbəblərdən və mənbələrdən ödəniş köçürülə bilər və həmin daxil olan pul vəsaitini izləmək bir yana, onun vergiyə cəlb edilməli olduğunu da hələ sübut etmək lazımdır. Bu cür sübut isə məhkəmə qaydasında mümkündür.

İ.Əsədov bildirib ki, iri həcmli və mütəmadi xarakterli oxşar əməliyyatlar vergidən yayınma halı kimi dəyərləndirilə bilər. Adətən, belə hallar dərhal deyil bir müddət sonra ortaya çıxa bilən əməliyyatlardır. İri həcmli köçürmələr və daxilolmalar isə nəinki vergidən yayınma, hətta cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə yönəlik əməliyyat kimi də dəyərləndirilə bilər. Təbii ki bu, əsas etibarı ilə xarici kartlara və ya hesablara köçürmə zamanı şübhələnməyə əsas verəcək. Ölkədaxili köçürmələrdə də vətəndaşın 5 rəqəmli köçürmələri mütəmadi xarakter daşısa, müvafiq qurumları maraqlandıra bilər. Vergi orqanlarını isə burada sizin əməkhaqqı, dividend və digər rəsmi gəlirləriniz ilə köçürülən məbləğlərin uyğunluq təşkil etməsi maraqlı olacaq.

Çalışdığı müəssisənin əməliyyatlarını düzgün təşkil edən direktor, qanunun tələblərinə riayət edən fərdi sahibkar şəxsi əməliyyatlarına görə narahat olmaya bilər. Məhdud məsuliyyətli müəssisənin təsisçiləri isə müəssisəyə bağlı olmayan, onun əməliyyatlarına görə məsuliyyət daşımayan, yalnız qoyduqları maya nisbətində risk daşıyan şəxslər olduqlarından onlar da adi vətəndaş kimi dəyərləndirilirlər.

12-11-2021, 05:54 | Azərbaycanda Konstitusiya Günü qeyd olunur

Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12 noyabrda Azərbaycanda Konstitusiya Günü qeyd olunur.

Trend bildirir ki, Azərbaycan Respublikasının 1995-ci ildə qəbul olunmuş Konstitusiyası müstəqil Azərbaycanın ilk Konstitusiyasıdır.

1918-1920-ci illərdə 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas Qanununu qəbul edə bilməmişdi. Beləliklə, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun tarixi əsasən SSRİ-nin tərkibində olduğu dövrə düşür.

Azərbaycanın birinci Konstitusiyası 1921-ci il mayın 19-da I Ümum-Azərbaycan Sovetlər Qurultayında qəbul edilib. Azərbaycan SSR Konstitusiyasının 1921-ci il SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası 1925-ci il martın 14-də IV Ümum-Azərbaycan Sovetlər Qurultayında qəbul edilib. Azərbaycan SSR-nin 1978-ci il aprelin 21-də qəbul edilmiş son Konstitusiyası da əvvəlki konstitusiyalar kimi SSRİ Konstitusiyasına uyğunlaşdırılmış şəkildə idi.

Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni Konstitusiyanın hazırlanması zərurəti yarandı. Bunun üçün Prezident Heydər Əliyev başda olmaqla xüsusi komissiya yaradıldı, Konstitusiya layihəsi ümumxalq müzakirəsinə verildi. 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olundu.

Həmin gündən 12 noyabr Azərbaycan Respublikasının Konstitusiya Günü kimi qeyd olunur.

11-11-2021, 10:40 | Azərbaycan UNESCO ilə razılığa gəldi

Azərbaycan UNESCO ilə razılığa gəldi


Xarici işlər naziri Ceyhun Bayramov UNESCO Baş Konfransının 41-ci sessiyasının ümumi siyasət debatında çıxış edib.

Bu barədə XİN məlumat yayıb.

Nazir çıxışında UNESCO-nun yaradılmasının 75 illiyinin qeyd edildiyi bir vaxtda təşkilatın aktuallığının hər zamankından çox olduğunu vurğulayıb.

Dünyanın COVID-19 pandemiyası ilə mübarizəsinə diqqəti cəlb edən nazir Azərbaycanın ilk gündən pandemiyanın öz əhalisinə, eləcə də, beynəlxalq ictimaiyyətə mənfi təsirini minimuma endirmək üçün ciddi tədbirlərindən danışıb.

Əhalimizin 60%-i artıq peyvənd olunduğu, ölkəmizin pandemiya ilə mübarizəni dəstəkləmək üçün 30-dan çox ölkəyə maliyyə və humanitar yardım göstərdiyini vurğulayıb.

Azərbaycanın UNESCO üzvlüyünün gələn il 30 illiyinin qeyd edəcəyi bildirilib və Azərbaycanın Birinci vitse-prezidenti və UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın səyləri sayəsində UNESCO ilə güclü, dinamik tərəfdaşlığın mövcud olduğu vurğulanıb.

Belə ki, Azərbaycan dünyanın müxtəlif yerlərində UNESCO-nun missiyasını dəstəkləyir və mədəniyyətlərarası dialoqun təşviqində təşkilatın əsas tərəfdaşlarından biridir.

Azərbaycan və UNESCO arasında yaradılmış Etimad Fondu vasitəsilə Afrika, Asiya və Latın Amerikası regionlarındakı UNESCO-ya üzv dövlətlərə dəstək verilir.

Azərbaycan 2020-ci ilin martında UNESCO tərəfindən yaradılmış Qlobal Təhsil Koalisiyasına qoşulmaq niyyətini ifadə edib.

Bu baxımdan, Azərbaycan bütün dünyada tələbələrə, xüsusən də ən həssas olanlara kömək etmək məqsədi daşıyan fəaliyyətlərə öz töhfəsini verəcək.

Nazir Ceyhun Bayramov Ermənistanın 30 ilə yaxın davam edən təcavüz siyasəti çərçivəsində Azərbaycanın mədəni irsinin məhv edilməsi, talan edilməsi və mənimsənilməsi istiqamətində sistemli siyasətin həyata keçirildiyini bildirib.

İşğal dövründə mədəni sərvətimizə qəsdən vurulmuş ziyandan, mədəni irsimizin tamamilə dağıdılması, talan edilməsi, tarixi-mədəni xarakterinin dəyişdirilməsindən danışıb.

Bundan əlavə, Ermənistanın minalanmış ərazilərin xəritələrini paylaşmaqdan boyun qaçıraraq, qəsdən qaçqın və məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərə qayıtmasının qarşısını aldığı iclas iştirakçılarının diqqətinə çatdırılıb.

Ermənistanın törətdiyi bu kobud pozuntular və qeyri-qanuni fəaliyyətlər barədə Azərbaycanın dəfələrlə UNESCO-ya xəbərdarlıq etdiyi və son 30 il ərzində işğal olunmuş ərazilərə texniki missiya göndərilməsinin zəruriliyi məsələsini qaldırdığı səsləndirilib. Lakin Ermənistanın bu missiyanın göndərilməsinə əngəl törətdiyi və bunun UNESCO-nun 2005-ci il hesabatında etiraf edildiyi vurğulanıb.

Hazırkı münaqişə sonrası mərhələdə Azərbaycan hökuməti tərəfindən görülən bərpa və yenidən qurma işləri, o cümlədən, işğaldan azad edilmiş ərazilərdəki bütün mədəniyyət və dini abidələr mənşəyindən asılı olmayaraq lazımi qaydada mühafizəsi və bərpası işləri qeyd edilib.

Qeyd edilib ki, Azərbaycan münaqişədən sonrakı reabilitasiya prosesində UNESCO ilə əməkdaşlıq etmək istəyindədir və işğaldan azad edilmiş ərazilərimizə texniki missiyanın göndərilməsi məqsədilə Azərbaycan və UNESCO-nun fəal şəkildə dialoq aparılır. Tərəflər missiyanın səmərəliliyini və müstəqilliyini təmin edəcək bir sıra mürəkkəb texniki, hüquqi və siyasi məsələlərdə razılığa gəliblər.

Azərbaycan 2021-2025-ci illər üçün UNESCO-nun İcraiyyə Şurasına namizəd ölkədir, əgər seçilərsə, Azərbaycan UNESCO-ya öz məqsəd və ideallarını həyata keçirməkdə daha çox töhfə vermək və yardım göstərmək imkanlarına sahib olacaq.

milli.az


11-11-2021, 10:32 | Ceyhun Bayramov fransalı həmkarı ilə görüşüb - FOTO

Ceyhun Bayramov fransalı həmkarı ilə görüşüb - FOTO

10 noyabr 2021-ci il tarixində Parisə işgüzar səfəri çərçivəsində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov Fransa Respublikasının xarici işlər naziri Jan İv Lö Drian ilə görüşüb.

XİN-dən verilən məlumata görə, nazirlər ikitərəfli əməkdaşlıq gündəliyi, habelə regional təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsi aparıblar.

Nazir Jan İv Lö Drian Fransının Azərbaycanla münasibətlərin inkişaf etdirilməsində maraqlı olduğunu bildirib.

Tərəflər ikitərəfli əməkdaşlığın xüsusilə iqtisadi, eləcə də təhsil sahələrində inkişaf etdirilməsi məsələlərini müzakirə ediblər və bu xüsusda qarşılıqlı maraq ifadə edilib.

Nazir Lö Drian Azərbaycana minaların təmizlənməsi prosesinə yardım etməyə hazır olduğunu bəyan edib və bu xüsusda, ANAMA ilə əməkdaşlığa hazırlıq ifadə edilib. Həmçinin, birinci Qarabağ müharibəsindən itkin düşən şəxslərin axtarışı ilə əlaqədar prosesin Fransa üçün əhəmiyyət kəsb etdiyi qeyd edilib. Nazir Lö Drian, habelə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasının vacibliyini bildirib və ATƏT-in Minsk Qrupunun bu xüsusda önəmli format ola biləcəyini vurğulayıb.

Nazir Ceyhun Bayramov bölgədə mövcud olan cari vəiyyət, münaqişə sonrası mərhələdə Azərbaycanın sərgilədiyi mövqeyi barədə, eləcə də üçtərəfli bəyanatların icrası və Azərbaycan tərəfindən bu istiqamətdə birtərəfli şəkildə atılan addımlara dair qarşı tərəfə ətraflı məlumat verib. O, Azərbaycanın humanitar sahədə aidiyyəti beynəlxalq təşkilatlar, o cümlədən YUNESKO ilə əməkdaşlığı barədə fransız həmkarını məlumatlandırıb.

Görüşdə nazirlər, eyni zamanda qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.


11-11-2021, 10:29 | Azərbaycanla beynəlxalq maliyyə qurumları arasında kredit müqavilələri imzalanıb

Azərbaycanla beynəlxalq maliyyə qurumları arasında kredit müqavilələri imzalanıb


Azərbaycan Hökuməti ilə Asiya İnkişaf Bankı (AİB) və Asiya İnfrastruktur İnvestisiya Bankı (AİİB) arasında "COVİD-19-a Aktiv Cavab və Xərcin Dəstəklənməsi Proqramı" üzrə kredit ayrılmasına dair müqavilələr imzalanıb.

Maliyyə Nazirliyindən verilən məlumata görə, AİB və AİİB tərəfindən birgə maliyyələşdirmə mexanizmi əsasında razılıq verilmiş ümumilikdə 350 milyon ABŞ dolları məbləğində olan kredit sazişlərini Azərbaycan Hökuməti adından maliyyə naziri Samir Şərifov, AİB adından Azərbaycan üzrə ölkə direktoru xanım Kandis Makdegan, AİİB adından isə Bankın Baş direktoru Supi Teravanintorn imzalayıb.

Kredit Sazişlərinin şərtlərinə əsasən Proqram çərçivəsində AİB-dən 250 milyon ABŞ dolları və AİİB-dən 100 milyon ABŞ dolları məbləğində kreditlərin 10 il müddətinə LİBOR üstəgəl 0,5 faiz dərəcəsi ilə cəlb olunması nəzərdə tutulur.

Sözügedən proqramın məqsədi koronavirus pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə mənfi təsirinin azaldılması ilə bağlı hökumət tərəfindən həyata keçirilən tədbirlər üçün nəzərdə tutulmuş büdcə xərclərinin dəstəklənməsidir.

İmzalanma mərasimində maliyyə naziri Samir Şərifov Azərbaycan ilə AİB və AİİB arasında uzunmüddətli və strateji əməkdaşlıqdan məmnunluğunu ifadə edərək etibarlı və vacib tərəfdaş kimi bankların Azərbaycanda həyata keçirilən inkişaf proqramlarına verdikləri davamlı dəstəyin ölkəmizdə yüksək qiymətləndirildiyini ifadə edib.

Eyni zamanda qeyd olunub ki, Azərbaycan Respublikası beynəlxalq səviyyədə "COVID-19"la mübarizə tədbirlərində yaxından iştirak edərək həm Ümumdünya Səhiyyə Təşkilatına, həm də 30-dan çox ölkəyə maliyyə, humanitar və dərman yardımları göstərib. Nazir bildirib ki, müsbət meyillərə baxmayaraq hələ də "COVID-19" pandemiyasının fəsadlarının dünya iqtisadiyyatı üçün təhdid olaraq qaldığı bir vaxtda ölkələrin qazandığı mühüm uğurların qorunması üçün AİB və AİİB fəal mövqe nümayiş etdirərək birgə maliyyələşdirmə mexanizmi əsasında qısa müddət ərzində təqdim etdiyi çevik və səmərəli kredit proqramı mühüm əhəmiyyətə daşıyır.

Qeyd olunub ki, pandemiya ilə bağlı ölkədə həyata keçirilən sosial-iqtisadi tədbirlərin bugünədək olduğu kimi daxili imkanlar hesabına maliyyələşdirilməsi imkanlarının mövcudluğuna, habelə Azərbaycan Respublikası tərəfindən "COVID-19"la beynəlxalq mübarizə tədbirlərinə verdiyi töhfələrə baxmayaraq, AİB və AİİB tərəfindən bütün regional üzv ölkələrə təqdim olunan dəstək proqramından Azərbaycanın da faydalanması barədə qərar qəbul edilib.

AİB-nın Azərbaycan üzrə direktoru xanım Kandis Makdegan hökumətin "COVID-19"la mübarizə sahəsində həyata keçirdiyi tədbirləri yüksək qiymətləndirərək Azərbaycanda həyata keçirilən pandemiyaya cavab tədbirlərinə, habelə ölkənin milli inkişaf prioritetlərinə bankın dəstəyinin bundan sonra da davam edəcəyini ifadə edib.

11-11-2021, 10:25 | Regionda sabitliyin təmin edilməsində Azərbaycan Prezidentinin rolu böyükdür - David Merkel

Regionda sabitliyin təmin edilməsində Azərbaycan Prezidentinin rolu böyükdür - David Merkel

Azərbaycan Prezidenti İlham Əliyev böyük strateji mütəffəkirdir. Regionda sabitliyin təmin edilməsində Azərbaycan Prezidentinin rolu böyükdür.

Bunu Trend-ə açıqlamasında ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə katibinin köməkçisinin keçmiş müavini David Merkel deyib.

O bildirib ki, Azərbaycan 30 il səbrlə BMT qətnamələrinin icra edilməsini gözlədi: "Lakin bunun bir nəticəsi olmadı. Belə olan halda Prezident İlham Əliyev xalqın istəyi və arzusuna uyğun fəaliyyət icra etdi.

Beləliklə o bunu çox uğurlu və qətiyyətli şəkildə etdi. Torpaqlar işğaldan azad edildi. Bunun nəticəsində insanlar 8 Noyabr Zəfər günü kimi qeyd edir. Bütün Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik edirəm".

Qeyd edək ki, Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında" sərəncama əsasən 8 Noyabr Azərbaycanda Zəfər Günüdür.

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.

Hər bir azərbaycanlı üçün əziz olan Qarabağın incisi Şuşa şəhərinin noyabrın 8-də iyirmi səkkiz illik əsarətdən qurtarılması müharibənin taleyində həlledici rol oynadı, düşmənin siyasi-hərbi rəhbərliyinin məğlubiyyəti etiraf etməsinə və hərbi əməliyyatları dayandırmasına səbəb oldu.

Şuşanın işğaldan azad edilməsi əməliyyatı tarixdə əbədi qalacaq. Qarabağın tacı, döyünən ürəyi Şuşa təbii istehkam olduğundan şəhərə tanklarla, yaxud digər ağır silahlarla girmək mümkün deyildi. Onu almağın iki variantı vardı. Birinci halda şəhərdəki düşmən qüvvələrini hava zərbələri, top atəşləri ilə məhv etmək olardı. Komandanlıq buna getmədi. Çünki şəhərin bombardman edilməsi böyük dağıntılara səbəb olacaqdı. Buna görə də alternativ variant kimi əlbəyaxa döyüş taktikası seçildi. Qəhrəman əsgər və zabitlərimiz yüngül silahlarla qalın meşələrdən, qayalar, dağlar aşaraq düşməni üzbəüz döyüşdə məhv etdi.

Şuşa şəhərinin və onun işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq, xalqımızın döyüş əzminin və qüdrətinin təntənəsinə çevrilən, dövlətimizin gələcək inkişafı və nüfuzu baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbə - Zəfər Günü hər il noyabrın 8-də təntənəli şəkildə qeyd edilir.

10-11-2021, 08:03 | Atasının ildönümündə vəfat etdi... - Uzun illərdən sonra övladı olacaqdı

Atasının ildönümündə vəfat etdi... - Uzun illərdən sonra övladı olacaqdı



Xəbər verdiyimiz kimi, Türkiyədə komando kursunda iştirak edən hərbi qulluqçumuz kapitan Quliyev Rafiq Cərulla oğlu bədbəxt hadisə nəticəsində həlak olub. Ehtiyatsızlıq nəticəsində çoxmərtəbəli avtomobil dayanacağından yıxılan kapitan Quliyev, dərhal xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Həlak olan hərbi qulluqçumuzla bağlı bir sıra məlumatları əldə edib.

Məlumata görə, Rafiq Quliyev 1993-cü ildə Qusarın Xuray kəndində anadan olub.

Peşəkar zabitimiz Aprel döyüşləri ilə yanaşı, Vətən müharibəsinin də iştirakçısı olub.

O, müharibə başa çatdıqdan sonra, Türkiyəyə təlimlərə yollanıb. Yaxınlarının bildirdiyinə görə, bədbəxt hadisə Rafiqin Vətənə qayıtmasından bir gün öncə - oktyabrın 28-də baş verib. O, həmin tarixdən komada olub, ötən gün isə dünyasını dəyişib.

Hərbi qulluqçumuz atasının ildönümündə doğulduğu Xuray kəndində torpağa tapşırılıb.

Yaxınlarının bildirdiyinə görə, Rafiq uzun illər övlad həsrətində olub. Onun bu yaxınlarda qız övladı dünyaya gələcəkdi.

qafqazinfo


10-11-2021, 06:47 | Qarabağ əsl sahibinə qovuşub - Rumıniyanın sabiq baş naziri

Qarabağ əsl sahibinə qovuşub - Rumıniyanın sabiq baş naziri


İşğal dövründə ermənilər Qarabağda heç bir quruculuq işləri aparmayıblar. Çünki onlar o torpaqların əsl sahibləri deyildi. Qarabağ indi əsl sahibinə qovuşub.

B
unu Trend-ə Rumıniyanın sabiq baş naziri Petre Roman deyib.

O təxminən 4 və ya 5 ay əvvəl Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri olaraq Prezident İlham Əliyevlə onlayn müzakirələrinə də toxunub:

"Bizim müzakirə mövzumuz hərbi əməliyyatların doğru bir zamanda dayandırılması və Azərbaycanın torpaqlarının işğaldan azad edilməsi ilə bağlı idi.

Bir diplomat kimi müharibədən sonra regionda yaranan sakitliyi görmək çox təsirli idi. Azərbaycan xalqı müharibəyə etiraz etmədi, əksinə güclü birlik nümayiş etdirdi. Bunun ilk səbəbi uzun illər göstərilən səbr idi. Azərbaycan çox yaxşı və xüsusi hazırlıq ilə məqsədinə çatdı. Bu çox böyük nailiyyətdir.

Lakin Azərbaycan torpaqlarına qovuşduqdan sonra orada ermənilər tərəfindən dağıdılan kəndlərlə, şəhərlərlə, tarixi-mədəni abidələrlə rastlaşdıq. İşğal dövründə ermənilər orada heç bir quruculuq işi aparmayıblar. Çünki onlar o torpaqların əsl sahibləri deyil. Qarabağ indi əsl sahibinə qovuşub."

9-11-2021, 09:54 | Müharibənin son günü bu ərazilər düşməndən təmizlənib - SİYAHI

Müharibənin son günü bu ərazilər düşməndən təmizlənib - SİYAHI

Vətən Müharibəsinin sonuncu günündə də hərbi əməliyyatlar davam etdirilib.

Həmin gün 71 kənd, bir qəsəbə, səkkiz strateji yüksəklik düşməndən təmizlənib.

Belə ki, Şuşa rayonunun Daşaltı kəndi, Füzuli rayonunun Qobu Dilağarda, Yal Pirəhmədli, Yuxarı Yağlıvənd, Dilağarda, Seyidmahmudlu, Ələsgərli, Aşağı Güzlək, Govşatlı, Mirzəcamallı, Şəkərcik, Merdinli, Şıxlı, Qaraməmmədli, Dövlətyarlı, Hüseynbəyli, Saracıq kəndləri, Xocalının Dəmirçilər, Çanaqçı, Mədətkənd, Sığnaq kəndləri, Xocavənd rayonunun Susanlıq, Binə, Tuğ, Ağdam, Azıx, Böyük Tağlar, Salatəkin, Zoğalbulaq, Arakül, Tağaverd, Zərdanaşen, Şexer kəndləri, Cəbrayıl rayonunun Hüseynalılar, Söyüdlü, Aşağı Sirik, Qalacıq, Molla Həsənli, Əsgərxanlı, Yuxarı Nüsüs, Aşıq Məlikli, Niftalılar, Qərər kəndləri, Qubadlı rayonunun Yuxarı Mollu, Aşağı Mollu, Xocik, Qaraimanlı, Xəndək, Həmzəli, Mahruzlu, Hal, Ballıqaya, Ulaşlı, Tinli, Xocahan, Boyunəkər, Qaraqoyunlu, Çərəli kəndləri, Zəngilan rayonunun Keçikli, Ördəkli, Sobu, Qaragözə, İsgəndərbəyli kəndləri, Laçın rayonunun Güləbird, Səfiyan, Türklər kəndləri düşməndən təmizlənib.

Həmçinin, Zəngilanın Bartaz qəsəbəsi, Bartaz yüksəkliyi (2300 metr), Sığırt yüksəkliyi (1370 metr) Şükürataz yüksəkliyi (2000 metr) işğaldan azad edilib.


9-11-2021, 08:29 | Kılıçdaroğlu Azərbaycan xalqını təbrik etdi

Kılıçdaroğlu Azərbaycan xalqını təbrik etdi

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıcdaroğlu Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

Siyasətçi Tvitter paylaşımında yazıb:

"30 illik işğalın başa çatdığı, Qarabağın ürəyi Şuşanın yenidən Azərbaycan torpaqlarına qovuşduğu Qarabağ Zəfərinin birinci ildönümünü təbrik edir, "Qarabağ Azərbaycandır" prinsipi ilə mübarizə aparan bütün azərbaycanlı qardaşlarımıza sevgi və hörmətimi çatdırıram".

������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.