15-12-2021, 07:21 | NATO-ya üzv dövlətlər Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyiblər

Belçika Krallığının paytaxtı Brüsseldə NATO-nun Şimali Atlantika Şurasının iclası keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib.
İclasda NATO-ya üzv dövlətlər tərəfindən ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına bir daha dəstək ifadə olunub. Bu mövqenin NATO-nun Sammit sənədlərində də dəfələrlə təsbit olunduğu qeyd edilib. NATO-ya üzv dövlətlər tərəfindən Azərbaycanın "Qətiyyətli dəstək" missiyasındakı rolu xüsusi vurğulanıb. Azərbaycan hərbçilərinin Kabul hava limanı vasitəsilə 120 mindən çox mülki şəxsin təxliyəsində oynadığı rol NATO rəsmiləri tərəfindən xüsusi qeyd edilib. Azərbaycanın 2002-ci ildən 2021-ci il avqustun 27-dək bu əməliyyatda iştirak etdiyi və Əfqanıstanı ən son tərk edən ölkələrdən biri olduğu bildirilib.
İclasda, həmçinin Azərbaycan və NATO silahlı qüvvələri arasında operativ hərbi uzlaşma məsələsinin artırılması da qeyd olunub.
Tədbir çərçivəsində qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb və üzv dövlətlərin nümayəndələri tərəfindən verilən suallar cavablandırılıb.
15-12-2021, 07:18 | Erməni diasporasının Azərbaycana qarşı ianə kampaniyalarını ifşa edəcəyik - XİN

13-17 dekabr 2021-ci il tarixlərində Misirin Şarm Əl Şeyx şəhərində BMT-nin Korrupsiya əleyhinə Konvensiyasına tərəf dövlətlərin Konfransının 9-cu sessiyası keçirilir.
Xarici İşlər Nazirliyindən milli.az-a verilən məlumata görə, sessiya çərçivəsində 14 dekabr 2021-ci il tarixində Azərbaycan nümayəndə heyətinin təşkilatçılığı ilə "İanə toplanması fəaliyyətlərinin korrupsiya və digər cinayətkarlıq məqsədləri üçün sui-istifadəsi" adlı xüsusi tədbir baş tutub.
Panel müzakirə formatında hibrid əsasda keçirilən tədbirdə Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev və BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin (UNODC) yüksək vəzifəli rəsmisi Tim Steele açılış nitqi ilə çıxış ediblər.
Baş Prokuror Kamran Əliyev öz çıxışında qeyri-kommersiya təşkilatları və xeyriyyə fondları tərəfindən həyata keçirilən ianə toplanması fəaliyyətinin böhran vəziyyətlərində olan insanlara humanitar dəstək istiqamətində əhəmiyyətli rol oynadığını, bununla belə, bu cür fəaliyyətlərə məhdud nəzarətin yekunda onların bəzilərinin korrupsiya, çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi kimi cinayətkarlıq məqsədləri üçün sui-istifadə edildiyini qeyd edib. Bu xüsusda, Baş prokuror, Azərbaycanın bu problemdən əziyyət çəkdiyini qeyd edərək, iştirakçıların diqqətini ötən il Vətən müharibəsi dövründə erməni diaspor təşkilatları tərəfindən təşkil edilmiş qanunsuz ianə toplanması kampaniyalarına diqqət yönəldib.
Tədbirdə BMT-nin Narkotiklər və Cinayətkarlıq İdarəsinin, Avropa Qeyri-Kommersiya Hüququ Mərkəzinin, Böyük Britaniyanın "Greenacre" Qeyri Hökumət Təşkilatının və Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin (MMX) mütəxəssislərinin təqdimatları dinlənilib və interaktiv müzakirələr aparılıb.
Çıxışçılar öz təqdimatlarında xeyriyyə fondları tərəfindən təşkil olunan ianə toplanması kampaniyalarından sui-istifadənin qarşısının alınması məqsədilə xüsusi qaydaların hazırlanmalı olduğunu, bəzi xeyriyyə təşkilatları tərəfindən cinayətkarlıq əməllərinin maliyyələşdirilməsi məqsədilə virtual valyutalardan və internetin nəzarətsiz seqmentindən istifadə edildiyini, bəzi bank və digər maliyyə qurumlarının bu cür fəaliyyətlərə vasitəçi olaraq alət edildiyi və digər məqamları xüsusi vurğulayıblar.
Tədbirdə çıxış edən MMX-nin nümayəndəsi Ermənistan və Azərbaycan arasında baş vermiş 44 günlük müharibə dövründə xaricdə fəaliyyət göstərən erməni diaspor təşkilatları tərəfindən 170 milyon ABŞ dolları məbləğində vəsait toplandığını və bunun 110 milyon ABŞ dolları məbləğində hissəsinin qanunsuz olaraq Ermənistan büdcəsinə köçürüldüyünü qeyd edib. Bu faktın Ermənistanın yüksək səviyyəli rəsmiləri, o cümlədən baş naziri tərəfindən də etiraf edildiyini və müxtəlif ölkələrin vətəndaşlarından humanitar yardım adı altında aldadılaraq toplanmış və Ermənistanın dövlət büdcəsinə köçürülmüş bu vəsaitin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində əvvəllər yerləşdirilmiş qanunsuz silahlı birləşmələrin silahlanmasına sərf olunduğunu qeyd edib.
Xarici İşlər Nazirliyi bildirir ki, Azərbaycan tərəfi bundan sonra da bütün beynəlxalq platformalar çərçivəsində erməni diaspora təşkilatları tərəfindən müxtəlif ölkələrdə təşkil olunan və Azərbaycanın suverenliyinin əleyhinə yönəlmiş ianə toplanması kampaniyalarının ifşa olunması və qarşısının alınması istiqamətində məqsədyönlü fəaliyyətini davam etdirəcəkdir.
15-12-2021, 07:16 | Milli Məclis Aparatı rəhbərinin köməkçisi təyin edilib

Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyevə köməkçi təyin edilib.
Milli.Az APA-ya istinadən xəbər verir ki, bu vəzifəyə Hasil Tağızadə təyin olunub.
Xatırladaq ki, Milli Məclis Aparatının rəhbərinin köməkçisi Elxan Əhmədov pensiya yaşının çatması ilə əlaqədar vəzifəsindən azad edilib.
15-12-2021, 07:11 | Putin və Makron Brüssel görüşünün məhsuldar olacağına ümid edirlər

Fransa tərəfinin təşəbbüsü ilə Rusiya Prezidenti Vladimir Putin və Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.
Trend-ə istinadən bildirir ki, telefon danışığı zamanı Qarabağ məsələsinin nizamlanmasındakı vəziyyətə ətraflı baxılıb. Vladimir Putin 2020-ci il noyabrın 10-da imzalanmış Qarabağla bağlı Bəyanatın ildönümünə həsr edilmiş 2021-ci il noyabrın 26-da Soçidə keçirilən Rusiya, Azərbaycan və Ermənistan liderlərinin görüşünün nəticələri barədə qarşı tərəfə məlumat verib.
V.Putin həmçinin regionda atəşkəs rejiminə riayət edilməsi üzrə tədbirlərin həyata keçirilməsi, ticarət, iqtisadi və nəqliyyat əlaqələrinin bərpası istiqamətində tədbirlər barədə danışıb.
Avropa İttifaqı strukturlarının rəhbərlərinin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla 2021-ci il dekabrın 15-nə planlaşdırılan görüşünün də faydalı olacağına ümid ifadə olunub.
29-11-2021, 08:08 | Ümummilli lider Heydər Əliyevin uzaqgörənliliklə irəli sürdüyü ideyala həyata keçirilir - Aşqabad zirvəsi

Noyabrın 28-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XV Zirvə Toplantısı keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev toplantıda iştirak edib.
Zirvə Görüşünün yekun Aşqabad Bəyannaməsi qəbul olunub. Aşqabad Bəyannaməsində Azərbaycanın maraqlarına uyğun müddəalar öz əksini tapıb. Sənəddə Azərbaycan xalqı və hökuməti işğal edilmiş ərazilərin azad edilməsi və ərazi bütövlüyünün bərpa olunması münasibətilə təbrik edilir. Görüşdə həmçinin İƏT-in Tədqiqat Mərkəzinin Bakıda fəaliyyətə başlayacağı bildirilib.
Görüşdə vacib məqamlardan biri də İƏT üzv dövlərlərin Zəngəzur dəhlizi məsələsi ilə bağlı fikirlərdir. Azərbaycanın regionda yaratdığı reallıqlar İƏT dövlətləri tərəfindən dəstəklənir.
Milli Məclisin deputatı Vüqar Bayramov Trend-ə açıqlamasında bildirib ki, İqtisadi Əməkdaşlıq Təşkilatı region ölkələrini özündə birləşdirən ən önəmli qurumlardan biri hesab olunur. Hazırda təşkilatın bütövlükdə iqtisadi gücünün artması və əhali sayının çoxalması müşahidə olunur.
"Çünki söhbət dörd yüz milyondan artıq əhalini birləşdirən bir coğrafiyada yaradılan qurumdan gedir.Təbii ki, müzakirə edilən məsələlərdən biri də Zəngəzur dəhlizinin istifadəyə verilməsi fonunda təşkilata üzv olan ölkələr arasında əməkdaşlığın genişləndirilməsi imkanlarıdır. Soçi görüşündən sonra Zəngəzur dəhlizinin daha qısa müddətdə reallaşma imkanı var. Çünki həm bəyanatda, həm də Rusiya prezidentinin çıxışında kommunikasiya və dəhlizlərin bərpası məsələsinə toxunuldu. Bu isə ondan xəbər verir ki, Zəngəzur dəhlizinin reallaşması region ölkələri üçün yeni imkanlar yaradacaq. Bu, xüsusən də 1,1 trilyon dollardan artıq ümumi daxili məhsul olan türk dünyasının quru nəqliyyat vasitəsinin birləşməsi anlamına gəlir", - deyə deputat qeyd edib.
Onun sözlərinə görə, digər mühüm məqamlardan biri region və bu quruma üzv olan ölkələr arasında beynəlxalq daşımaların həcminin artması və təbii ki, xarici ticarət əlaqələrinin genişləndirilməsinə imkan yaradacaq.
"Nəticə etibarilə gözlənilir ki, Zəngəzur dəhlizinin istifadəyə verilməsi bütövlükdə region üzərindən daşınan yüklərin həcmini artıracaq", deyə deputat əlavə edib.
V.Bayramov həmçinin bildirib ki, İƏT-in Tədqiqat Mərkəzinin Bakıda fəaliyyətə başlaması xüsusilə əhəmiyyətlidir.
"Hələ 2002-ci ildə Ümummilli lider Heydər Əliyev İstanbulda keçirilmiş İƏT üzv ölkələrinin dövlət və hökumət başçılarının 7-ci Zirvə Görüşündə İƏT-in Tədqiqat Mərkəzinin Bakıda yaradılması təklifi ilə çıxış etmişdi. Ümummilli lider Heydər Əliyevin uzaqgörənliliklə irəli sürdüyü ideyalar zamanı gəldikcə reallaşır", - deyə V.Bayramov qeyd edib.
İqtisadçı ekspert Elmir Səfərli isə bildirib ki, Çin, Türkmənistan, Qazaxıstan və digər şərq ölkələrindən ixrac məhsullarının Azərbaycandan Zəngəzur dəhlizi vasitəsilə Avropaya ötürülməsi gündəmdə olan əsas məsələdir.
"Zəngəzur dəhlizi Avropa ilə Asiyanı birləşdirən tarixi ipək yolunun bir növ bərpası hesab edilə bilər. Burda önəmli olan həmçinin Qarabağa investisiyaların cəlb edilməsidir. Nəzərdə tutulan odur ki, ölkə ilə xarici investor tərəfindən müştərək olaraq sərmayə ortaya qoyulsun. Burada dövlət tərəfindən investorlara bir sıra məsələlərdə güzəştlər tərbiq olunacaq. İşğaldan azad olunan ərazilərdə biznes strukturunun formalaşdırılması Azərbaycanın daxili tələbatının ödənilməsi və ixracatın artırılmasına xidmət edəcək", - deyə eksper əlavə edib.
Ekspert bildirib ki, İƏT-in Tədqiqat Mərkəzinin Bakıda fəaliyyətə başlayacağı da əlamətdar hadisədir. 2021-ci ilin mart ayında İƏT-in Türkiyənin sədrliyi ilə video-konfrans vasitəsilə keçirilmiş 14-cü Zirvə Görüşündə Mərkəzin nizamnaməsi imzalanıb və tezliklə də mərkəz Bakıda fəaliyyətə başlayacaq.
"Türk dövlətlərinin, İƏT ölkələrinin birləşməsi iqtisadi tərəfdaşlığı da gücləndirəcək. Hətta ilin əvvəlində İƏT-in qurultayı keçiriləndə orada da xüsusilə vurğulandı ki, Qarabağın işğaldan azad olunması, Zəngəzur dəhlizinin açılması əslində bu dövlət arasındakı əlaqənin bərpası üçün bünövrə rolu oynayacaq. Artıq digər dövlətlər də ixrac etdikləri məhsulların birbaşa Azərbaycan üzərindən getməsi həm türk dövlətləri arasında ticarət potensialını artıracaq, eyni zamanda Avropaya çıxışını ən qısa müddətdə təmin edəcək", - deyə ekspert əlavə edib.
29-11-2021, 07:42 | Zəngəzur dəhlizinin əhəmiyyəti göz qabağındadır - Türkiyə Prezidenti

Ölkəmizlə regionumuz arasında birbaşa avtomobil əlaqəsi yaradacaq Zəngəzur dəhlizinin əhəmiyyəti göz qabağındadır.
Trend-ə istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aşqabadda İƏT-in XV Zirvə toplantısında çıxışında deyib.
O bildirib ki, regionumuzda nəqliyyat infrastrukturunun inkişafı və müasir İpək Yolunun canlandırılması istiqamətində səylərimiz ardı-arası kəsilmədən davam edir.
"Türkiyənin rəhbərlik etdiyi Xəzərdən keçən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) və Bakı-Tbilisi-Qars dəmir yolu xətti bu kontekstdə səylərimizin ən konkret təzahürüdür. Ölkəmizlə regionumuz arasında birbaşa avtomobil əlaqəsi yaradacaq Zəngəzur dəhlizinin əhəmiyyəti göz qabağındadır" - deyə o qeyd edib.
29-11-2021, 07:40 | Azərbaycanın bölgədə rifahın artması üçün atdığı addımlar təqdir edilməlidir - Ərdoğan

Azərbaycanın bölgədə rifahın artması üçün atdığı addımlar təqdir edilməlidir.
Trend-ə istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aşqabadda İƏT-in XV Zirvə toplantısında çıxışında deyib.
Ərdoğan qeyd edib ki, Azərbaycanın işğal altındakı torpaqlarını azad etməsi regionda davamlı sülh və sabitliyin qapılarını açıb.
"Azərbaycanın regionda rifahın artması üçün atdığı addımlar təqdir edilməlidir. Bu addımlar regionda normallaşdırma səylərini dəstəkləyəcək. Türkiyə olaraq qardaşlarımızın yanında olmağa davam edəcəyik. Təşkilat olaraq da Azərbaycanla tam həmrəylik içərisində olmağımız böyük önəm kəsb edir" - deyə o bildirib.
27-11-2021, 07:35 | XİN Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşünü şərh edib

26 noyabr 2021-ci il tarixində Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında keçirilmiş üçtərəfli görüşün nəticələrini müsbət qiymətləndiririk.
Bu barədə Azərbaycan Respubkikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Azərbaycan, Ermənistan və Rusiya liderlərinin Soçi şəhərində keçirilmiş görüşü ilə bağlı şərhində deyilir.
Şərhdə bildirilir: "Görüş nəticəsində Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası baş nazirinin və Rusiya Federasiyası Prezidentinin imzaladığı bəyanatda Azərbaycanın mövqeyini əks etdirən məqamlar tam şəkildə təmin edilmişdir.
Bəyanatda regionun iqtisadi potensialının üzə çıxarılması məqsədilə, o cümlədən dəmir yollarının və avtomobil yollarının açılması ilə əlaqədar layihələrin tezliklə həyata keçirilməsi məqamları xüsusilə vurğulanmalıdır.
Münaqişə sonrası mərhələdə Azərbaycan, üçtərəfli bəyanatların tam şəkildə həyata keçirilməsi, bölgədə bütün kommunikasiyaların açılması, iki ölkə arasında delimitasiya prosesinin başlanması və münasibətlərin beynəlxalq hüquq prinsipləri əsasında normallaşması mövqeyindən çıxış edib. Azərbaycan tərəfi, bundan sonra da 26 noyabr Bəyanatında da əks olunmuş aidiyyəti məqamların icrası istiqamətində müvafiq addımlarını davam etdirəcək".
Milli.Az
27-11-2021, 07:20 | Putin Azərbaycan və Ermənistan arasında nəqliyyat dəhlizlərinin açılmasından danışdı

Biz iqtisadi məsələlər, iqtisadi əlaqələrin inkişafı haqqında çox ətraflı danışdıq və hər şeydən əvvəl, ilk addım olaraq nəqliyyat dəhlizlərinin açılmasından danışdıq. Bu, dəmir yoluna da, kommunikasiyalara da aiddir.
Trend-ə istinadən bildirir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan ilə keçirilən üçtərəfli görüşdən sonra mətbuata bəyanatla çıxışı zamanı deyib.
26-11-2021, 13:30 | Ali məktəblərə qəbul proqramına dəyişiklik edilib

Yeni iqtisadi rayonlar mövzusu coğrafiya fənni üzrə ali təhsil müəssisələrinə qəbul proqramına daxil edilib.
Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.
"Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 7 iyul 2021-ci il tarixli Fərmanına əsasən, respublikanın iqtisadi rayonlarının yeni bölgüsü təsdiq edilib.
Yeni bölgüyə əsasən, Azərbaycanda 14 iqtisadi rayon yaradılıb: Bakı, Naxçıvan, Abşeron-Xızı, Dağlıq Şirvan, Şirvan-Salyan, Qarabağ, Qazax-Tovuz, Quba-Xaçmaz, Lənkəran-Astara, Mərkəzi Aran, Mil-Muğan, Şəki-Zaqatala, Şərqi Zəngəzur, Gəncə-Daşkəsən.
Azərbaycanın iqtisadi rayonlarının yeni bölgüsü respublikanın ümumtəhsil müəssisələrində qüvvədə olan dərsliklərdə hələlik öz əksini tapmayıb. Lakin müasir dövrdə 44 günlük Vətən müharibəsi nəticəsində torpaqların işğaldan azad olunması xalqın gözü qarşısında baş verdi. 30 ildən sonra Azərbaycanın ərazi bütövlüyü bərpa edildi.
Bunlar nəzərə alınaraq yeni iqtisadi rayonlar mövzusu coğrafiya fənni üzrə ali təhsil müəssisələrinə qəbul proqramına daxil edilib. Proqram "Abituriyent" jurnalının birinci sayında dərc olunacaq", - məlumatda deyilir.
Dövlət İmtahan Mərkəzi iqtisadi rayonlar mövzusu əsasında Azərbaycan və rus dillərində iqtisadi rayonların yeni bölgüsünün əks olunduğu məqaləni təqdim edir. Məqalə yaxın vaxtlarda "Abituriyent" jurnalının 2-ci sayında da dərc olunacaq.















