4-11-2021, 05:23 | 44 günlük Vətən müharibəsinin xronikası: 4 noyabr

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.
Vətən müharibəsinin xronikasını təqdim edir.
- Prezident İlham Əliyev özünün rəsmi "Twitter" səhifəsində Azərbaycan Ordusunun Cəbrayıl, Zəngilan və Qubadlının bir neçə kəndini işğaldan azad etməsi ilə bağlı paylaşım edib.
- Prezident İlham Əliyev İtaliyanın "La Repubblica" qəzetinə müsahibə verib.
- Düşmən itkilər verərək geri çəkilməyə məcbur edilib. Düşmənin məhv edilən hərbi texnikasının siyahısı açıqlanıb.
- Düşmən Tərtər və Ağcabədi rayonlarının ərazisini atəşə tutub. Ermənistan Tovuz və Ağstafa istiqamətində atəşkəs rejimini pozub.
- Ermənistanın zenit qurğusu sıradan çıxarıldığının videogörüntüsü yayılıb. Erməni kapitan Ando Qrikoryan hərəkət etdiyi UAZ-la birlikdə məhv edilib.
- Düşmən Tərtəri atəşə tutub. Ermənistan ərazisindən Zəngilan istiqamətindəki bölmələrimizə qarşı düşmənin diversiya cəhdinin qarşısı alınıb.
Trend
3-11-2021, 16:58 | Azərbaycanda daha neçə doza vaksin vurulacağı AÇIQLANDI - 28 gün ara ilə ...

"Yoluxanların sayındakı artım belə stabil olaraq davam edəcək. Hələ ki, güclü artım gözlənilmir. Çünki əhalinin böyük əksəriyyəti vaksinasiya prosesindən keçib".
Bunu Milli.Az-a açıqlamasında həkim infeksionist Nigar Əliyeva deyib.
O bildirib ki, 3-cü, 4-cü doza bu günki günümüzdə mütləqdir:
"Vaksinasiya prosesinin uğurlu keçdiyinə və əhalinin böyük əksəriyyəti artıq COVİD-in DELTA ştamına yoluxduğuna görə, ölkə ərazisinə yeni ştam gəlməyincə yoluxanların sayındakı bu rəqəmlər stabil olaraq davam edəcək, yuxarı-aşağı çox da fərq olmayacaq. Epidemiloji vəziyyətin daha da kritikləşəcəyi hələ ki, gözlənilmir.
Yoluxanların sayının 500-nin altına düşməyi hələ ki, gözlənilmir. Çünki təhsil müəssisələrinin açılması buna mane olan amildir. Çünki hər məktəb üzrə ortaq statistik göstəricilərə görə hələ uşaqların yarısı xəstələnib, digər yarısı da xəstələnəndən, kütləvi immunitet yaranandan sonra, - bu da hardasa növbəti 2-3 ayı əhatə edər, - yeni ştam olmadığı halda, DELTA ştamından qorunan kütlə də yoluxandan sonra yoluxanların sayında böyük azalma mümkün olacaq.
Üçüncü doza vaksinasiya məsləhətdir, mütləqdir. Çünki tədqiqatlara görə birinci, ikinci doza 6 aydan çox qalmır. Sadəcə bizim qarşımızdakı məqsəd əvvəl əhalinin böyük əksəriyyətini vaksinasiya etmək idi. Antitellərin ömrü 1 ilə gedib çatmır, faktiki olaraq antitellər 6 aydan sonra qalmır. Bu baxımdan 3-cü doza məsləhətdir və mütləqdir.
Ən azından 3-cü, 4-cü doza bu günki günümüzdə mütləqdir. Məcburi deyil, könüllü deyirik, amma məsləhətdir, 3-cü doza vaksinasiya olunmaq lazımdır. Artıq 3-cü doza vaksinasiyaya müəyyən qism iş yerlərində kütləvi sürətdə cəlb olunma var, məsələn müəllimlər cəlb olunub. 3-cü, 4-cü doza 28 gün ara ilə vurulanlara hələ ki, ÜST-ün məlumatına görə onlar 5-ci, 6-cı dozadan azad olacaqlar. Hələ ki, belə deyilir. Amma mən şəxsən elə düşünmürəm. Çünki SİNOVAC-da o qoruyuculuğun 4-cü dozadan sonra daimi olacağını düşünmürəm. Çünki qoruyuculuğu o qədər yüksək deyil, "PFİZER" olsa bəlkə düşünmək olar. SİNOVAC-da qoruyuculuq 60%-dir, "PFİZER"də 95%. Bu o deməkdir ki, 10 nəfərdən 6-sında antitel əmələ gəlir, 4-də yox. Bu 4 nəfər 4 doza vaksin vurduranda həmin 4 nəfərin də 2-ində sonradan əmələ gəlmək ehtimalı var. Yenə də 2 nəfər antitelsiz qalır. Amma "PFİZER"də belə deyil".
Təhməz Əsədov
3-11-2021, 07:52 | TARİXİMİZİN ŞANLI ZƏFƏR SALNAMƏSİ

Azərbaycan ötən il sentyabrın 27-də başlanmış əks-hücum əməliyyatlarını müvəffəqiyyətlə başa vurdu. Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi və böyük Zəfərimizlə bitdi. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, torpaqlarımızı azad etmək məqsədilə başladığı zəfər yürüşündə inanılmaz uğurlar əldə etdi. Xalq öz liderinin -- müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək dünyaya öz gücünü, mətinliyini, haqqı uğrunda mübarizə aparmaq əzmini nümayiş etdirdi.
Xalqımız 30 ilə yaxın işğal altında olan torpaqlarımızın azad olunmasının, tarixi ədalətin və ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsinin qürurunu, sevincini yaşadı. Azərbaycan son iki yüz illik tarixində müharibədən ərazi itkisi ilə yox, məhz ərazi bütövlüyünü bərpa edərək çıxdı.
44 günlük Vətən müharibəsi Azərbaycan Ordusunun müzəffər yürüşü ilə yadda qaldı. Dövlətimizin qətiyyəti, ordumuzun gücü, xalqımızın misilsiz dəstəyi sayəsində əldə olunan bu möhtəşəm qələbə, əlbəttə ki, tariximizin şanlı zəfəri kimi gələcək nəsillərin xatirəsində əbədi yaşayacaqdır. Hamımız üçün 44 günün hər biri şərəf, ləyaqət və qürur günü oldu. 44 günlük müharibə xalqımızın bütün mənsublarını istər ölkədə, istərsə də onun hüdudlarından kənarda bir yumruq kimi səfərbər edərək birləşdirdi.
Müharibə başlanan andan hər gün xalqa xoş müjdələr verən Müzəffər Ali Baş Komandan İlham Əliyev noyabr ayının 8-də xalqımıza Şuşanın azad edilməsini bildirdi. Qarabağın tacı olan bu şəhərin azad edilməsi dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatlardan oldu. “Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə də ən xoşbəxt günlərimdən biridir” söyləyən cənab İlham Əliyev əminliklə bildirmişdir: “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!” Şuşa zəfəri, əslində, müharibənin taleyini həll etdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərəncamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınmışdır. Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində “Vətən müharibəsi memorial kompleksi” və “Zəfər muzeyi”nin yaradılması haqqında da sərəncam imzalamışdır. Həmçinin, “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adı, “Zəfər” və “Qarabağ” ordenləri, “Cəsur döyüşçü”, “Döyüşdə fərqlənməyə görə”, “Suqovuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə”, “Laçının azad olunmasına görə” və digər medallar təsis edilmişdir.
8 noyabr 2020-ci il Ali Baş Komandanın və şanlı Azərbaycan əsgərinin yazdığı unudulmayan bir tarixdir. Bu müddət ərzində millətimiz daim vətən həsrətini, sevgisini ürəyində daşıdı, cənab İlham Əliyevə arxalandı və qələbə qazandı. Hamımız üçün müqəddəs sayılan torpaqlarımızın azad olunması onu göstərdi ki, Vətənimizin hər qarışı bizim üçün əzizdir. Prezident İlham Əliyevin dediyi kimi, bu qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir: "Bu gün bizim əldə etdiyimiz qələbə və apardığımız hərbi əməliyyatlar həm texniki imkanlar baxımından, eyni zamanda, operativ addımlar, əməliyyatların hazırlanması və icra edilməsi baxımından bütün dünyada öyrənilir. Bu, yeni nəsil müharibə üsuludur, hansı ki, planlaşdırma, texniki təchizat, texnologiyaların tətbiqi, əməliyyatların düzgün planlaşdırılması və həyata keçirilməsi, hərbçilərimizin döyüş qabiliyyəti və mənəvi ruh birləşir, vəhdət təşkil edir. Ancaq mən bunu artıq bir neçə dəfə demişəm, bu qələbəni qazanan bizim texniki vasitələr yox, əsgər və zabitlərimizdir. Onlar torpağımızı düşməndən qarış-qarış azad edə-edə bu Qələbəni, bu Zəfəri xalqımıza nəsib etdilər. Ona görə bu qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir və hər kəs bunu bilməlidir”.
Vətən müharibəsində müzəffər ordumuzun Qalib Ali Baş Komandanı, Prezident İlham Əliyevin ilk gündən qəti qələbə əzminin, mahir siyasətçi və əzmkar sərkərdəlik məharətinin, dönməz və qətiyyətli iradəsinin düşmənə və onun dünyadakı havadarlarına qarşı qalibiyyətli mübarizəmizdə həlledici rol oynadığından, ordumuza və xalqımıza güc verdiyindən iftixar duyuruq.
Bu gün Vətən müharibəsi zamanı şəhid olmuş hərbçilərimizin ailə üzvləri, eləcə də qazilərimiz hər zaman dövlətimizin diqqətindədir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olmuş və yaralanmış hərbçilərimiz döyüşdə göstərdikləri qəhrəmanlıqlara görə Prezident, Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə dövlətin ən ali orden və medalları ilə təltif ediliblər. Bu qəbildən olan hərbçilərimizin bütün maddi və mənəvi ehtiyacları dövlət tərəfindən həll edilir. Onlar evlərlə, mənzillərlə təmin edilirlər. Şəhidlərimizin ailə üzvləri və qazilərimiz dövlətimizin onlara göstərdiyi qayğıdan razılıqlarını bildirirlər.
8 Noyabr - Zəfər Günü Azərbaycanın minillik tarixinin şanlı səhifələrindən birini təşkil edir. Vətən müharibəsi və onun qələbə ilə başa çatması müasir Azərbaycan dövlətinin həyatının ən parlaq anları kimi, tariximizin bundan sonrakı dönəmlərində də daim xüsusi qürur və iftixar hissi ilə xatırlanacaq.
Vətən uğrunda canlarını fəda edən mərd oğullarımızın hünəri, xalqımızın həmrəyliyi nəticəsində 44 günlük haqq savaşımız Zəfərə çevrilərək Azərbaycan tarixinin ən şanlı Qələbəsi kimi tariximizə qızıl hərflərlə əbədi yazıldı. Zəfərin mübarək, Azərbaycan!
Oktay Abdullayev,
Xızı rayon Təhsil şöbəsinin müdiri.
3-11-2021, 06:14 | Azərbaycan Ermənistana qarşı Haaqa Məhkəməsinə etdiyi müraciət əsasında tədbirlər görməkdə davam edir - Kamran Əliyev

Baş Prokurorluq Azərbaycan dövlətinin Ermənistana qarşı Haaqa Məhkəməsinə etdiyi müraciət əsasında tədbirlər görməkdə davam edir.
Bunu REAL televiziyasında yayınlanan "Mirşahinin vaxtı" verilişinə açıqlamasında Baş prokuror Kamran Əliyev deyib.
O bildirib ki, bununla bağlı Baş Prokurorluqda lazım olan sübutlar toplanıb: "Maddi sübutlar, istintaq materialları həmin proseslər zamanı istifadə olunur və gələcəkdə də istifadə oluna bilər. Ümumiyyətlə, hər bir cinayət üzrə, xüsusilə bəşəriyyət əleyhinə cinayətlərdə hər bir sübut hansısa istintaq zamanı əhəmiyyət kəsb edir. Ona görə də prokurorluq əməkdaşları hər bir cinayət üzrə ciddi araşdırma aparır. Bizim torpaqlarımız işğal altında olanda da Ermənistanın törətdiyi hər bir cinayət üzrə sübutlar toplanırdı".
K.Əliyev əlavə edib ki, azad olunan ərazilərimizin hər birinə prokurorluq əməkdaşları baxış keçirib: "Baxış zamanı dağıdılmış evlər, tarixi abidələr, ekoloji cinayətlər ayrıca sənədləşdirilib, foto və video çəkilişlər aparılıb. Bu sübutlar indiyə qədər Ermənistan tərəfinə, onların hərbi-siyasi rəhbərliyinə, vəzifli şəxslərə qaldırılmış cinayət işlərində, həm də bundan sonrakı mərhələdə qaldırılacaq işlərdə ittihamların əsasını təşkil edəcək. Həm də bu işin tarixi əhəmiyyəti var. Gələcək nəsil bütün bunlar haqqında bilməlidir, məlumatlı olmalıdır".
3-11-2021, 06:09 | Azərbaycan bütün imkanlarını səfərbər etdi - Heç kim, heç hara yaddan çıxmır

"44 günlük müharibə nəticəsində Azərbaycanın işğaldan azad olunan ərazilərində geniş miqyaslı quruculuq, bərpa işlərinin aparılmasına baxmayaraq ölkənin digər bölgələrində də sosial-iqtisadi inkişafla bağlı layihələrin reallaşdırılması zəruridir".
Bunu Milli.Az-a açıqlamasında iqtisadçı-ekspert Elşad Məmmədov deyib.
O bildirib ki, dövlət başçısı ölkədə mövcud olan iqtisadi, sosial çağırışlara kifayət qədər adekvat şəkildə reaksiya verir:
"İşğaldan azad olunan ərazilərlə yanaşı ölkənin digər bölgələrində də sosial-iqtisadi inkişafla bağlı layihələrin reallaşdırılması Prezidentin və ölkənin Birinci vitse-prezidentinin siyasətində öz əksini tapır. Görürük ki, ölkədə reallaşdırılan iri sosial, iqtisadi layihələr bilavasitə dövlət başçısı və birinci xanım tərəfindən həyata keçirilməkdədir. Onların təşəbbüsləri ilə bu proseslərə start verilir və reallaşdırılır. Bu da bir daha onu deməyə əsas verir ki, ölkədə mövcud olan iqtisadi, sosial çağırışlara ölkə rəhbərliyi kifayət qədər adekvat şəkildə reaksiya verir.
Prezident İlham Əliyevin ölkənin bütün regionlarının inkişafı məsələlərini şəxsi nəzarətində saxlaması, geniş quruculuq və bərpa işlərinə dair ardıcıl tapşırıqlar verməsi, qərarlar qəbul etməsi, Azərbaycanın müasir simasının formalaşdırılması istiqamətində fəaliyyəti hamımızın gözü önündədir. Baxmayaraq ki, Vətən müharibəsinin bitməsinin 1 ili heç hələ tamam olmayıb və işğaldan azad edilən ərazilərimizin öz gücümüz hesabında yenidən qurulması, bərpası, infrastruktur layihələrinin həyata keçirilməsi sürətlə davam edir, bununla paralel dövlət başçısı digər rayonlarımızda şəhərlərimizdəki quruculuq işlərinin davam etdirilməsi üçün müvafiq sərəncamlar, fərmanlar imzalayır, həmin şəhər, kəndləri də gəzərək son proseslərlə yerində tanış olur.
Hazırda Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması prioritet təşkil etsə də, digər bölgələrdə də dinamik inkişaf davam edir. Biz bunu Prezidentin son İsmayıl, Şamaxı səfərləri zamanı da gördük.
Eyni zamanda hesab edirəm ki, aidiyyatı dövlət qurumları da proseslərin məhz bu istiqamətdə getməsindən müvafiq nəticə çıxarmalıdır. Şübhəsiz ki, həmin qurumların da fəaliyyətində effektiv yanaşmaların olmasına böyük ehtiytac var. Dövlət başçısı və ölkənin Birinci vitse-prezidenti tərəfindən irəli sürülən təşəbbüslər, verilən tapşırıqlar, o cümlədən regional iqtisadi inkişafla, regional sosial inkişafla bağlı olan tapşırıqlar aidiyyatı dövlət qurumları tərəfindən effektiv şəkildə icra olunur".
Təhməz Əsədov
3-11-2021, 06:03 | 44 günlük Vətən müharibəsinin xronikası: 3 noyabr

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.
Vətən müharibəsinin xronikasını təqdim edir.
- Prezident İlham Əliyevlə Vladimir Putin arasında telefon danışığı olub.
- Düşmən itkilər verərək geri çəkilməyə məcbur edilib. Bir gündə düşmənin məhv edilən hərbi texnikasının siyahısı açıqlanıb.
- Ermənistan dövlət sərhədində atəşkəs rejimini yenə pozub. Azərbaycan Ordusu düşmən üzərində tam üstünlüyə malikdir.
- Düşmənin daha bir PUA-sı məhv edilib.
- Düşmən Füzulini "Smerç" ilə atəşə tutub.
- Zəngilan istiqamətində kəşfiyyat-diversiya qrupu darmadağın edilib. Ermənistan silahlı qüvvələrinin Xankəndi yaxınlığında yerləşən daha iki sursat anbarları məhv edilməsinin videogörüntüsü yayılıb.
- Düşmənin snayper qrupu məhv edilib. Ermənistanın alay komandiri fərarilik edib, hərbçilər isə itkin düşüb.
- Düşmən Ağdam və Ağcabədi rayonlarının ərazisini atəşə tutub.
- Düşmənin tank taborunun komandiri məhv edilib, bir neçə tankı partladılıb.
- Ermənistanın Tərtərə atdığı fosforlu mərmi zərərsizləşdirilib.
- Xocavənd ətrafında gedən döyüşlərdə düşmən tankları darmadağın edilməsinin videogörüntüsü yayılıb.
- Düşmənin motoatıcı alayının komandiri məhv edilib. Cəbhənin Xocavənd istiqamətində düşmən topları məhv edilməsinin videogörüntüsü yayılıb.
Trend
2-11-2021, 06:03 | 44 günlük Vətən müharibəsinin xronikası: 2 noyabr

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.
Vətən müharibəsinin xronikasını təqdim edirik.
- Prezident İlham Əliyev özünün rəsmi "Twitter" səhifəsində Azərbaycan Ordusunun Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarının bir neçə kəndini işğaldan azad etməsi ilə bağlı paylaşım edib.
- Prezident İlham Əliyev Türkiyənin keçmiş Baş Naziri Binəli Yıldırımın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
- Prezident İlham Əliyev Türk Şurasının Baş katibini və digər şəxsləri qəbul edib.
- Düşmənin məhv edilən hərbi texnikasının siyahısı açıqlanıb.
- Düşmən Ağdam və Ağcabədi rayonlarının ərazisini atəşə tutub. Ermənistan dövlət sərhədində atəşkəs rejimini pozub. Hücuma cəhd edən düşmən 30-a qədər itki verərək geri çəkilib.
- Düşmənin Su-25 döyüş təyyarəsi məhv edilib. Düşmənin daha 4 ədəd "Qrad"ı məhv edilməsinin videogörüntüsü yayılıb.
- Düşmən Tərtər və Goranboy rayonlarının ərazisini intensiv atəşə tutub. Düşmən növbəti dəfə Ermənistan ərazisindən Qubadlını atəşə tutub.
- Düşmənin canlı qüvvəsi darmadağın edilməsinin videogörüntüsü yayılıb.
- Düşmənin "KUB" zenit-raket kompleksi dəqiq atəşlə məhv edilməsinin videogörüntüsü yayılıb.
Trend
1-11-2021, 21:24 | Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı şəhər stadionunun açılışında iştirak ediblər

Noyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı şəhər stadionunun açılışında iştirak ediblər.
AZƏRTAC bildirir ki, AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov görülən işlər barədə dövlətimizin başçısına və birinci xanıma məlumat verdi.
Bildirildi ki, 2200 azarkeş tutumu olan Şamaxı şəhər stadionu UEFA-nın ikinci kateqoriyalı sertifikatına malik olacaq. Bu isə stadionda beynəlxalq oyunların keçirilməsi üçün bütün imkanların olmasından qaynaqlanır. UEFA klub yarışlarının 1-ci, 2-ci və 3-cü təsnifat mərhələsinin, eyni zamanda, milli komandadan başqa, bütün yaş qruplarına aid milli komandaların oyunları bu stadionda keçirilə bilər. Bu stadionun inşası üçün maliyyə vəsaitinin 87 faizi UEFA, 13 faizi isə AFFA tərəfindən təmin olunub. Stadionun ərazisindəki idman kompleksində cüdo və güləş növləri ilə məşğul olmaq üçün zal, həmçinin fitness zalı inşa edilib. Bundan əlavə, stadionun ərazisində süni örtüklü iki mini-meydança yaradılıb və bu meydançaların 300 nəfər azarkeş tutumuna malik tribunası var.
Bütün bunlar göstərir ki, ölkəmizdə idmanın inkişafı və onun kütləviliyinin təmin olunması istiqamətində dövlət siyasəti davam etdirilir. Əsas diqqət həm də yeni idmançı nəslinin yaradılmasına yönəlib ki, bu cür idman obyektlərinin istifadəyə verilməsi bu məqsədin təmin olunmasında mühüm rol oynayır.
Xəbər yenilənəcək
1-11-2021, 21:15 | Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı şəhərində Yaradıcılıq Mərkəzinin açılışında iştirak ediblər

Noyabrın 1-də Şamaxı şəhərində Yaradıcılıq Mərkəzi istifadəyə verilib.
AZƏRTAC bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Yaradıcılıq Mərkəzinin açılışında iştirak ediblər.
Yaradıcılıq Mərkəzinin ikimərtəbəli binasında müxtəlif sənət növləri üzrə emalatxanalar yaradılıb. Burada toxuculuq, dulusçuluq, keçə sənəti, naxışvurma, keramika avadanlıqları, xalçaçılıq, heykəltəraşlıq, rəsm, rəngkarlıq üzrə emalatxanalar fəaliyyət göstərəcək. Yaradıcılıq Mərkəzində, eyni zamanda, satış-sərgi salonu da yaradılıb.
Qeyd edək ki, yerli sakinlərə dəstək və bölgədə əhalinin məşğulluğunun artırılması məqsədilə yaradılan Mərkəzdə bir sıra peşə istiqamətləri üzrə sənətkarlıq bacarıqları olan şəxslər işlə təmin olunacaqlar. Mərkəzin ikinci mərtəbəsində uşaqlar üçün tədris, təlim və asudə vaxtın səmərəli keçirilməsi məqsədilə otaqlar təşkil edilib. Burada 7 yaşdan yuxarı uşaqların müxtəlif dərnəklərdə bacarıqlarının inkişaf etdirilməsi mümkün olacaq.
1-11-2021, 21:14 | Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı şəhər 7 saylı körpələr evi-uşaq bağçasının açılışında iştirak ediblər - FOTO

Noyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondunun dəstəyi ilə Şamaxı şəhərində inşa edilən 7 saylı körpələr evi-uşaq bağçasının açılışında iştirak ediblər.
AZƏRTAC bildirir ki, 80 yerlik məktəbəqədər təhsil müəssisəsində qrup, oyun və yataq otaqları, idman, akt və musiqi zalları, tibb otağı var. Burada uşaqların ilkin biliklərə yiyələnmələri və əylənmələri üçün zəruri şərait yaradılıb. Bağçanın həyətində abadlıq-yaşıllaşdırma işləri aparılıb, oyun meydançası və söhbətgahlar quraşdırılıb.
Qeyd edək ki, Heydər Əliyev Fondunun 2014-cü ildən başlayan "Məktəbəqədər təhsil müəssisələrinin inkişafı" proqramı çərçivəsində məktəbəqədər tərbiyə müəssisələrinin yenidən qurulması, uşaqların təlim-tərbiyəsinin hərtərəfli təmin olunması ilə bağlı bir sıra tədbirlər həyata keçirilib. O cümlədən Heydər Əliyev Fondu tərəfindən bölgələrimizdə, həmçinin Şamaxı rayonunda körpələr evi-uşaq bağçalarının inşası və təmiri ilə bağlı layihələr reallaşdırılıb.


















