24-09-2021, 06:23 | Ağciyərlərin hava sahələrinin genişlənməsi

Bu alveol və respirator yolların, ağciyərlərin damar sisteminin reduksiyası olmadan genişlənməsi ilə şərtlənən involyutiv və ya qocalıq emfizemasıdır. Belə emfizema (genişlənmə) bronxoobstruktiv sindrom, hipoksiya və hiperkapniya ilə müşayiət olunmur. Hipertrofik genişlənmə pulmoektomiyadan sonra baş verir və ağciyərin həcminin böyüməsi ilə xarakterizə olunur.
Ağciyərlərin kəskin genişlənməsi isə aşağıdakı hallarda baş verir:
- yad cismin aspirasiyasında
- suda boğulma zamanı bronxial astma tutması baş verdikdə
- kəskin fiziki gərginlikdə qayıdan kompensator reaksiya zamanı.
Əgər sadalanan vəziyyətlər tez aradan qalxmazsa, proses patoloji vəziyyətə keçə bilər.
Müalicə:
Ağciyərlərin genişlənməsinin spesifik bir müalicəsi yoxdur. Genişlənməni aradan qaldırmaq üçün onu əmələ gətirən səbəbi aradan qaldırmaq lazımdır.
Müalicə zamanı bronxgenəldici vasitələrdən və qlükokortikoidlərdən istifadə edilir. Lazım gələrsə ağciyərlərin emfizeması zamanı cərrahi yolla ağciyərlərin həcmi kiçildilir. Bu zaman ağciyərin periferik hissələrinin rezeksiyası tətbiq edilir. Adətən bu əməliyyatdan 2 ay sonra ağciyərlərin funksional vəziyyəti həqiqi yaxşılaşır.
Bu metod inkişaf etmiş ölkələrdə kəskin ifadə olunmuş emfizemalı xəstələrin 20%-də tətbiq edilir.
Ağciyər emfizemasının fəsadları geridönməz tənəffüs və ağciyər -ürək çatışmazlığının inkişafına səbəb olur.
Ağciyər emfizemasının tezliyini azaltmaq məqsədilə papirosçəkməni dayandırmaq, yeniyetmə və gənclərdə papirosçəkmənin qarşısını almaq lazımdır. Ağciyərlərin və yuxarı tənəffüs yollarının iltihabi xəstəliklərinin qarşısının alınması, vaksinoprofilaktika da ağciyər genişlənməsinin qarşısını alan tədbirlərdəndir.
24-09-2021, 06:20 | “İnsanları öldürən COVID-19 deyil” - Professordan maraqlı AÇIQLAMA

"Koronavirus xofunu birdəfəlik unudaq"
"İnfeksiyaya yoluxub sağalmış insanlarda əmələ gələn immunitet həmin virusa qarşı ən müasir peyvəndlərin belə əmələ gətirdiyi immunitetdən dəfələrlə güclü olur".
ATU-nun Farmakologiya kafedrasının müdiri, professor Musa Qəniyevin COVID-19-la əlaqəli əhalini maraqlandıran sualları cavablandırarkən belə deyib.
Professor qeyd edib ki, mutant ştammından asılı olmayaraq, bütün təkrar yoluxma halında insan bu infeksiyaları çox yüngül, yəni mövsümi infeksiya kimi keçirir:
"Çünki təbii xəstələnmə fonunda orqanizm virusun hansısa bir fraqmentinə qarşı deyil, canlı virusun bütün subvahidinə (örtük təbəqə, matriks və nukleoprotein sırası) qarşı, hüceyrə yaddaşına total şəkildə həkk olunan, aktiv immunitet formalaşdırır".
M.Qəniyevin sözlərinə görə, COVID-19-un əsas yoluxma mənbəyi hava-damcı yolu, yəni nəfəs-nəfəsə dayanmaq, xüsusən öpüşüb-görüşmək kimi ünsiyyət formasıdır:
"Odur ki, öpüşüb-görüşməkdən imtina etməklə də, yoluxma sayının kəskin azalmasına nail olmaq mümkündür.
Hər gün sosial şəbəkələrdə kiminsə virusdan ölümü xəbəri verilir. Bu da digər insanlara güclü psixoloji təsir göstərir. Əslində ölümün səbəbi rəsmi mənbələrə istinadən yalnız patoloq-anatomun təsdiqindən sonra verilməlidir. Naməlum ölüm səbəbləri COVID-19-un statistikasına salınmamalıdır. Bunu etmək cinayətdir. Hər bir şüurlu insan bilməlidir ki, ölüm canlı aləm üçün haqdır və qaçılmazdır. Canlı toxuma, postnatal inkişafın yaş dövrlərinə uyğun olaraq, məruz qaldığı mərhələli dəyişikliyin hər birində subhüceyrəvi genom vahidi itirərək, irsiyyətini yaşatmaq üçün sonda canlı həyata əlvida deyir. Yəni, ölüm həyatın sonu yox, yeni həyatın başlanğıcıdır. Bu ölümlər əbədi yaşam qanunudur. İnsanları qorxudub onların psixoloji sarsıntı keçirməsinə səbəb olmaqdansa, hər kəsə daha düzgün və elmə əsaslanan məlumatların verilməsi daha doğrudur".
M.Qəniyev əvvəlki ştammlara nisbətən daha yoluxucu və daha aqressiv olan "Lyambda" və "Mu" ştamlarının yayılması haqqında xəbərlərə də aydınlıq gətirib:
"Bu ştamlar COVID-19-dan genom fərqliliyi göstərən 24 mutant ştammdan bir neçəsidir. Onların hər birinin ayrı-ayrılıqda mutasiya variantları var. Məsələn, "Lyambda" ştammının virogen fəallığına nisbi təsir göstərən səkkiz, virogen fəallığına praktik olaraq təsir göstərməyən, iyirmi funksional aktiv mutasiyası var. Bunların içərisində yalnız T76I и L452Q, eləcə də NTD-domeni mutasiyasının patogen fəallığının yüksək olması ehtimal olunur. T76I и L452Q mutasiyası virusu tənəffüs yolu epitel hüceyrələrinin ACE2 reseptorlarına bağlayan SHCO14 spayka (yapışan) zülal fraqmentinin özündə, sonuncu isə, spayka zülalın özünün bağlandığı domendə baş verir.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) avqustun 30-da nəzarətə götürdüyü və hazırda dünyada koronavirusa ümumi yoluxmanın cəmi 0,1%-ni təşkil edən "Mu" ştammında genom dəyişikliyi, yenə də virusu ACE2 reseptorlarına bağlayan SHCO-14 spayka zülalında baş verir, yəni 146 N nuklen əlavəsi (N-terminal domendə, AAC kodonda 3 nukleotid- Aspargin aminturşusu (Asn/N) əlavəsi) və furin parçalanma- genom sahəsində (S1/S2 parçalanma saytı) P681 mutasiyası. Göründüyü kimi, istər "Lyambda", istərsə də "My" ştamında ana virus - COVID-19-dan fərqlilik yalnız SHCO-14 zülalında törənən dəyişiklikdir. SHCO-14-ün yeganə funksiyası virusa yoluxmanın təminatçısı olmaqdır. Odur ki, bu struktur vahidində törənən dəyişiklik heç bir halda virusun patogen fəallığı və letallıq əmsalının yüksəlməsi və ya xəstəliyin ağır gedişinə səbəb ola bilməz".
Professor xatırladıb ki, COVID-19-un genom fərqliliyi göstərən bütün mutantları, o cümlədən "Lyambda" və "Mu" ştammları da ana ştammdan müəyyən xüsusiyyəti (məsələn, yoluxdurma əmsalı və s.) ilə fərqlənməlidir:
"Bu, mutasiyaya uğramanın əsas şərtidir, əks halda ana ştammın (COVID-19) mutasiyaya məruz qalmasını söyləmək olmaz. İstər təbii immunitet, istərsə də peyvəndləmə nəticəsində formalaşan immunitet - hər kəsi, bütün mutant ştammlardan, o cümlədən, "Lyambda" və "Mu" ştammndan da aktiv şəkildə qorumalıdır. Belə şəxslərdə virusa təkrar yoluxma ehtimalı 0,002 faiz nisbətindən yüksək olmamalıdır. Bu baxımdan ştammların yalnız ehtimal olunan xüsusiyyətlərini reallıq kimi qiymətləndirib yazmaq, danışmaq, insanları şiddət altında saxlamaq yolverilməzdir".
Professor bildirib ki, əhalinin 40-60%-nin vaksinləşəcəyi təqdirdə guya virusun daha dözümlü mutant ştammlar yaradacağı ilə bağlı deyilənlər də əsassızdır:
"Bu mutasiyalar virus RNT-sinin simbioz yaşamağa xidmət edən, letallıq mutasiyasının nəticəsi kimi əmələ gəldiyindən, vaksinlərin ona təsiri, ana ştamma təsirilə müqayisədə daha güclü olmalıdır. Həmçinin, istənilən virus populyasiyasında əsaslı genom fərqliliyi göstərən, letallığı çox yüksək və son dərəcə patogen virus ştammı, yalnız orqanizmin məlum virus ailəsini mütləq şəkildə "özündən təcridə" son cəhdi halında əmələ gələ bilər. Ana ştammın (COVID-19) bu dəyişikliyə uğraması üçün ən azı 8-10 il vaxt lazımdır.
COVID-19 insanları öldürmür. İnsanları öldürən profilaktik və şəxsi gigiyenik tədbirlərə əməl olunmaması, ruhi sarsıntı, stress, gərginlik, koronavirusa görə yaranan endogen ölüm qorxusudur. COVID-19-dan qorunmanın ən sadə və etibarlı yolu - yalnız adi gigiyenik tələb və normal ünsiyyət formalarına əməl etmək və koronavirus "xofunu" birdəfəlik unutmaqdır".
modern.az
24-09-2021, 05:58 | BMT-də "Nizami Gəncəvi: Şair və Müdrik" təqdim olundu - FOTO

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT-nın Baş Assambleyası çərcivəsində "Nizami Gəncəvi: Şair və Müdrik" kitabının təqdimatın keçirib.
Azərbaycan Respublikası Prezidentinin 2021-ci ilin Nizami Gəncəvi 880 illiyinin qeyd olunması sərəncamından irəli gələrək Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həm-sədri, Dünya Bankının sabiq vitse-prezidenti Dr. İsmayıl Seragəldin tərəfindən Nizami Gəncəvi: Şair və Müdrik kitabı çap olunmuşdur. Kitabda əksini tapan illustraeiyalar dünyanın tanınmış Metropoliten Muzeyi tərəfindən təmin edilib.
Təqdimatda BMT Sivilizasiyalararası Alyansının Ali nümayəndəsi Migel Moratinos, Ərəb Liqasının sabiq Baş Katibi Amre Moussa, İzrailin sabiq xarici işlər naziri Tzipi Livni, Bosniya və Herzeqovinanın sabiq Prezidenti Mladen Ivanic, Xorvatiyanın sabiq Prezidenti xanım Kolinda Grabar Kitaroviç, Bosniya və Herzegovinanın sabiq Baş Naziri Zlatko Lagumdzija, Bolqarıstanın sabiq Prezidenti Petar Stoyanov, o cümlədən beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.
24-09-2021, 05:54 | Hikmət Hacıyev İranın XİN başçısının müavini ilə görüşüb

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İranın xarici işlər nazirinin müavini, Beynəlxalq və Siyasi Araşdırmalar Mərkəzinin direktoru Məhəmməd Kazım Səccadpur və İRAM Araşdırmaları Mərkəzinin direktoru Haqqı Uyğurla görüşüb.
Bu barədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev tvitter hesabında bildirib.
23-09-2021, 05:44 | BNA sərnişindaşıma şirkətlərinə tapşırıq verdi

Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtda fəaliyyət göstərən sərnişindaşıma şirkətlərinə tapşırıq verib.
Agentlikdən Trend-ə verilən məlumatda bildirilir ki, müntəzəm sərnişindaşıma fəaliyyəti ilə məşğul olan daşıyıcılara xəbərdarlıq məktubu ünvanlanıb: "Yeni tədris ilinin başlanması ilə əlaqədar daşıyıcı şirkətlərin rəhbərləri ilə keçirilən görüşdə də sürücülərin COVID-19 infeksiyasına qarşı peyvənd olunmasına dair tapşırıqlar verilib".
Xatırladaq ki, Nazirlər Kabinetinin 2021-ci il 26 iyul tarixli 229 nömrəli Qərarına əlavədə göstərilir ki, iş və xidmət sahələrində işçilərdən 1 sentyabr tarixindən COVID-19-a qarşı birinci doza, 1 oktyabr tarixindən etibarən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb edilir. COVID-19-a qarşı peyvənd olunması və ya immunitet sertifikatının tələb olunduğu iş və xidmət sahələri dairəsinə avtomobil nəqliyyatı ilə yük və sərnişin daşınması, o cümlədən taksi fəaliyyəti daxildir.
22-09-2021, 20:33 | Azərbaycan erməni əsilli vətəndaşları reinteqrasiya etmək əzmindədir - XİN başçısı

Azərbaycan etnik və dini mənsubiyyətindən asılı olmayaraq bütün Azərbaycan vətəndaşları ilə eyni hüquq və azadlıqları təmin edərək münaqişədən təsirlənmiş ərazilərdə yaşayan erməni əsilli vətəndaşlarını yenidən öz siyasi, sosial və iqtisadi məkanına reinteqrasiya etmək əzmindədir.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov GUAM Xarici İşlər Nazirləri Şurasının 37-ci iclasında çıxışı zamanı deyib.
Nazir bildirib ki, Azərbaycanın azad edilmiş ərazilərində bərpa, yenidənqurma və reinteqrasiya işləri sürətlə gedir. Münaqişədən sonrakı yenidənqurma anlayışımız xalqımızın ehtiyaclarına və prioritetlərinə əsaslanır.
C.Bayramov qeyd edib ki, məcburi köçkünlərin ləyaqətli yaşayışı üçün lazım olan siyasi, hüquqi, iqtisadi və sosial şəraitin təmin edilməsi əsas prioritetlərdəndir.
Trend
22-09-2021, 06:06 | Azərbaycan özünümüdafiə hüququndan istifadə edərək işğala son qoyub - Ərdoğan

Azərbaycan özünümüdafiə hüququndan istifadə edərək işğala son qoyub.
Bunu BMT Baş Assambleyasının 76-cı sessiyasında çıxışı zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Son dövrdə Qafqazda sabitlik baxımından əhəmiyyətli addımların atıldığını xatırladan T.Ərdoğan bildirib: "Azərbaycan özünümüdafiə hüququndan istifadə edərək BMT Təhlükəsizlik Şurasının illərdir icra edilməyən qətnamələrində yer alan öz ərazisinin işğalına son qoyub. Bu, eyni zamanda bölgədə davamlı sülh üçün yeni imkanlar yaranmasına da imkan verir".
Türkiyə Prezidenti tərəflərin atacağı hər bir müsbət addımı dəstəkləmək qərarında olduqlarını vurğulayıb.
Trend
22-09-2021, 06:05 | Smartfonu yatağınıza yaxın qoymayın - SƏBƏB

Bir smartfondan gələn radiasiya xərçəng xəstəliyi ilə təhdid edə bilər, buna görə də cihazı uzun müddət başınızın yanında saxlamayın.
Bu barədə rusiyalı mütəxəssis Anton Yastrebtsev bildirib.
Onun sözlərinə görə, telefonun orqanizmə təsiri mobil rabitənin baza stansiyasından olan məsafəyə mütənasib olaraq artır- yəni smartfonla daha az vaxt keçirmək lazımdır.
"Ümumi qayda telefonu qucaqlayıb yatmamaqdır: onu nə yastığın altına, nə də yanınızdakı yatağa qoymayıb. Başınıza bir metr, azı yarım metr məsafədən yaxın saxlamamaq daha yaxşıdır", - deyə mütəxəssis məsləhət verib.
Yastrebtsev telefonu uzaq tutmaq üçün simsiz qulaqlıqlardan istifadəyə keçməyi də tövsiyə edib.
22-09-2021, 06:01 | Hərbçilərimiz Şuşaya girən sülhməramlı maşınını SAXLADI - Rus əsgərləri ŞOKDA

Bu yaxınlarda Azərbaycan hərbçiləri Şuşaya girən rus "UAZ" maşınını dayandırıb.
Bildirir ki, Azərbaycan tərəfinin maşında yoxlama apararması Rusiya əsgərlərini şoka salıb.
Bildirilib ki, onların artıq bir ilə yaxındır Qarabağda olmasına baxmayaraq, Azərbaycan əsgərləri onları ilk dəfə yoxlayır.
Sözügedən proses KİV-in Ermənistan seqmentində ciddi etiraz və narahatlığa səbəb olub.
Onlar bildirib ki, sülhməramlıların eks-komandanı Rüstəm Muradovun gedişindən sonra yeni təyin olunan general-mayor Mixail Kosobokovun kontingentə rəhbərlik etməsi Azərbaycanın "xeyrinədir".
Lakin erməni kütləsi bilməlidir ki, onlardan fərqli olaraq istənilən rus silahlısının öz torpağında olmasını istəmir. Azərbaycanın xeyrinə olan yalnız sülhməramlılarsız və erməni diversantlarından təmizlənmiş Qarabağdır.
unikal.org
22-09-2021, 05:59 | Bu gündən I-IV siniflərdə dərslər başlayır

Bu gündən etibarən ölkədəki bütün məktəblərdə I-IV siniflərdə dərslər bərpa olunur.
V-XI siniflərdə əyani təhsil isə 29 sentyabr tarixindən başlayacaq.
Ali təhsil müəssisələri, kolleclər və digər təhsil müəssisələri də sentyabrın 29-dan açılacaq.
Qeyd edək ki, yeni tədris ilində 158 608 şagird birinci sinfə gedəcək. 2021-2022-ci tədris ilində respublikanın ümumi təhsil müəssisələrində ümumilikdə 1 589 829 şagirdin təhsil alacağı proqnozlaşdırılır.
Ümumtəhsil məktəblərinin I sinfində 158 608, IX sinfində 132 881, XI sinfində isə 91 538 şagird təhsil alacaq. Respublika üzrə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında 117 176 şagirdin təhsilə cəlb olunacağı gözlənilir.















