1-11-2021, 21:08 | Borcgötürən bank kreditini ödəyə bilməyəndə zamin nə etməlidir? - AÇIQLAMA

Son zamanlar məhkəmələrə ən çox müraciət edilən məsələlərdən biri kredit götürüləndə zamin olan vətəndaşlarımızın həmin borcu qaytarmağa məcbur olmasıdır.
Məsələ ilə bağlı açıqlama verən iqtisadçı ekspert Eyyub Kərimli Trend-ə bildirib ki, zaminlik kredit götürən şəxslə eyni öhdəlik yaradır: "Hər kim zamin durursa, anlamalıdır ki, kredit götürən qədər məsuliyyət daşıyır. Müqavilə imzalandığı vaxtdan etibarən zamin bank qarşısında məsuliyyət daşıyan şəxs hesab olunur. Çalışın, yaxından tanımadığınız insana zamin olmayın. Kredit alan şəxs əgər kredit borcunu geri ödəməkdə problem yaradarsa və kredit borcunu ödəməzsə, bu zaman bank zaminə qarşı tələb irəli sürə bilər. Həmin pul zaminin maaşından tutulur. Belə olduqda bir çıxış yolu var. Zamin kredit məbləğini tam ödədikdən sonra, borc götürəni məhkəməyə verə və ondan banka ödədiyi məbləği tələb edə bilər".
Ekspert qeyd edib ki, belə olduqda məhkəmələr də bu iddiaları təmin edir. Zamin məhkəmədə yetərincə sübut təqdim edə bilsə, maddi kompensasiya ala bilər.
1-11-2021, 21:06 | Atanın yaralandığı yerdə oğlu şəhid oldu - VİDEO

Şəhriyar Hacıyev Suqovuşan uğrunda gedən döyüşlərdə şəhid olub
RealTV-yə istinadən xəbər verir ki, Suqovuşan onu atasının gəncliyinə qovuşdurdu. Şəhidimiz ilk müjdəsini atasına verdi. "Ata, sənin qanın tökülən Suqovuşanı mən azad etdim" dedi.
Bəli, söhbət Vətən müharibəsi şəhidi Şəhriyar Şahlar oğlu Hacıyevdən gedir. O Şəhriyar ki, Birinci Qarabağ döyüşlərində atasının yaralandığı yerdə şəhid olub. 1999-cu il avqustun 2-də Gədəbəy rayonu, Novoivanovka kəndində doğulan Şəhriyar, 6-cı sinifə kimi İvanovka kənd məktəbində oxuyub, daha sonra təhsilini Abşeron rayon Xırdalan şəhəri 6 nömrəli tam orta məktəbdə davam etdirib. Həmin illərdə idmanla məşğul olmağa başlayan qəhrəmanımız, kimboks və karatedə Respublika üzrə birincilik qazanıb. Şəhriyar 2016-cı ildə orta məktəbi bitirib və Kazan Dövlət Universitetinə daxil olub. 2017-ci ilin oktyabr ayında isə xüsusi təyinatlı kəşfiyyatçı kimi hərbi xidmətə başlayıb. 2019-cu ilin aprel ayında əsgərlikdən qayıdan qəhrəmanımız, özünün seçdiyi peşə üzrə əmək fəaliyyətinə başlayıb.
Hələ ilk əmək haqqını almadan hərbiyə çağırılan Şəhriyar, sentyabrın 27-də cəbhəyə yola düşür. Oktyabr ayının 10-u atasına şad xəbəri verəndən sonra Suqovuşanda şəhid olur.
Birinci Qarabağ müharibəsində yaralanan atanın qüruru yerə-göyə sığmır. Ona görə ki, oğlu Şəhriyar Qarabağın azadlığı uğrunda vuruşaraq, Suqovuşanda gedən döyüşlərdə şəhid olub.
Şəhriyarın anası sanki oğlunun şəhid olacağını bilirmiş...
Bacısı isə hələ də Şəhriyarın şəhid olduğuna inana bilmir. Ona elə gəlir ki, sanki qardaşı tezliklə geri dönəcək.
Şəhid Şəhriyar Şahlar oğlu Hacıyevin nəşi oktyabrın 25-də doğulduğu kəndə gətirilib. Oktyabrın 26-da böyük izdihamla İvanovka kənd qəbirstanlığında dəfn edilib. Qeyd edək ki, Şəhriyar Hacıyev ölümündən sonra Vətən uğrunda, Cəsur döyüşçü və Suqovuşanın azad olunması uğrunda medalları ilə təltif edilib.
1-11-2021, 20:59 | İşədüzəltmə agentlikləri insanları necə aldadır? - AÇIQLAMA

Azərbaycanda əhaliyə müxtəlif işlər təklif edən işədüzəltmə agentlikləri fəaliyyət göstərir. Ölkədə fırıldaqçılıqla məşğul olan işədüzəltmə agentlikləri də mövcuddur.
Məsələ ilə bağlı Trend-ə açıqlama verən hüquqşünas Əlövsət Allahverdiyev bildirib ki, belə işədüzəltmə agentliklərinin fəaliyyəti tam qanunla nəzərdə tutulmuş fəaliyyət deyil:
"Bəzi işədüzltmə agentliklər işsiz insanların inamından istifadə edib dələduzluq edir. İşədüzəltmə agentliyinə yaxınlaşan insanlara anket verilir ki, bu anketi doldurun, biz sizi işlə təmin edəcəyik. Anketə görə 10-15 manat pul tələb edilir. İnsanlar dərhal bilməlidir ki, bu fırıldaqçılıqdır. İşədüzəltmə büroları göstərdikləri xidmətə görə işçidən qətiyyən pul almamalıdırlar. Azərbaycan Respublikasının Əmək məcəlləsində işə düzələrkən pul alınması deyə bir maddə yoxdur".
O qeyd edib ki, xarici ölkələrdə işədüzəltmə agentliyi vətəndaşı işə düzəldəndən sonra işə düzələnlərdən yox, işə götürənlərdən faiz alır. Bu qanunla tənzimlənmiş formada həyata keçirilir:
"Azərbaycanda olan işədüzəltmə agentliklərinin əksəriyyəti isə vətəndaş işə başlayandan bir müddət keçmiş hədələyir ki, ilk ayının maaşının yarısın bizə ver. Yoxsa işdən çıxaracağıq. Bütün bunlar qanuni şəkildə araşdırılıb sübuta yetirilməlidir. Şəxsin əməli sübut olunarsa, qanuni şəkildə məsuliyyətə cəlb olunmalıdır".
1-11-2021, 20:55 | Mərkəzi Bankın valyuta ehtiyatları 10 faizdən çox artıb

2021-ci il noyabrın 1-nə olan vəziyyətə görə, Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 7,041 milyard dollar təşkil edib.
Mərkəzi Bankın hesabatına istinadən məlumat verir.
Hesabata əsasən, bu göstərici 2020-ci ilin eyni dövrü ilə müqayisədə 10,5 faiz artıb.
Ötən ayla müqayisədə isə valyuta ehtiyatları 0,1 faiz və ya 7,3 milyon dollar artıb.
1-11-2021, 20:54 | Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda “Azərişıq” ASC-nin Şimal-Qərb Regional SCADA İdarəetmə Mərkəzinin açılışında iştirak ediblər - FOTO

Noyabrın 1-də Şamaxıda "Azərişıq" ASC-nin Şimal-Qərb Regional SCADA İdarəetmə Mərkəzinin açılışı olub.
AZƏRTAC bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.
Prezident İlham Əliyevin rəhbərliyi ilə regionlarda istehlakçıların elektrik təchizatının yaxşılaşdırılması məqsədilə "Azərişıq" ASC tərəfindən genişmiqyaslı tikinti, yenidənqurma və təmir işləri həyata keçirilir. Bu tədbirlər çərçivəsində "Meysəri" yarımstansiyasında da əsaslı yenidənqurma işləri aparılıb.
"Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov bildirdi ki, bu yarımstansiya vasitəsilə Şamaxı rayonunun 11, Ağsu rayonunun isə 5 yaşayış məntəqəsinin, sənaye, tibb, təhsil, sosial, turizm, kənd təsərrüfatı təyinatlı və digər obyektlərin fasiləsiz və dayanıqlı elektrik təchizatı təmin olunub. Yarımstansiyanın istismara verilməsi ilə 10 mindən çox əhalinin elektrik enerjisi təminatı daha da yaxşılaşdırılıb.
Qeyd edildi ki, "Meysəri" yarımstansiyasını qidalandırmaq üçün 110/35/10 kV-luq "Şamaxı" yarımstansiyasından 9,4 kilometr məsafədə 35 kV-luq ikidövrəli hava-kabel xətti, eyni zamanda, "Meysəri" yarımstansiyası ilə 35/10 kV-luq "Çuxuryurd-1" yarımstansiyası arasında 9 kilometr məsafədə 35 kV-luq hava xətti çəkilərək yarımstansiya dairəvi elektrik təchizatı sxeminə daxil edilib. Yarımstansiyada 35 və 10 kV-luq müasir qapalı paylayıcı qurğular və digər zəruri zəruri avadanlıq quraşdırılıb. Perspektivdə "Meysəri" yarımstansiyası vasitəsilə Şamaxı və İsmayıllı rayonlarının elektrik şəbəkələri əlaqələndiriləcək.
Diqqətə çatdırıldı ki, şəbəkələrin müasir idarəedilməsinin həyata keçirilməsi üçün "Meysəri" yarımstansiyasında "Azərişıq" ASC-nin Şimal-Qərb Regional SCADA İdarəetmə Mərkəzi yaradılıb. İlk dəfə olaraq Regional SCADA sistemi Mərkəzi SCADA sisteminə qoşulub. Regional SCADA idarəetmə sistemi həm mərkəzdən, həm də sərbəst idarəetmə imkanlarına malikdir. Bu sistem regionların dispetçer xidmətinin operativliyini təmin etmək baxımından mühüm əhəmiyyət daşıyır. Yarımstansiyada bütün avadanlıqlar yeniləri ilə əvəz olunub. Bu sistem imkan verir ki, Şimal-Qərb Regional İdarəetmə Mərkəzinə daxil olan 7 şəbəkə üzrə onlayn informasiyalar və operativ məlumatlar həm bu idarəetmə mərkəzinə, həm də Bakıdakı Mərkəzi Dispetçer Xidmətinə ötürülsün. Gələcəkdə şimal-qərb regionundakı bütün yarımstansiyaların optik kabellə SCADA vasitəsilə buraya qoşulması təmin ediləcək. Bu yarımstansiyanın müsbət və fərqli cəhətlərindən biri odur ki, ilkin olaraq burada gərginliyin avtomatik tənzimlənməsi həyata keçirilir. Görülən işlər nəticəsində enerjinin etibarlılığı, stabilliyi və dayanıqlılığı tam təmin olunur. Eyni zamanda, "Çuxuryurd-2" yarımstansiyası da bu ərazidə yerləşən strateji obyektlərin elektrik təchizatının etibarlılığını və dayanıqlılığını təmin edir.
Dövlətimizin başçısı Şimal-Qərb Regional SCADA İdarəetmə Mərkəzini işə saldı.


1-11-2021, 20:40 | Bu postda Rövnəq Abdullayevin yerinə nazir seçildi

Azərbaycan Cüdo Federasiyasının prezidenti postunda Rövnəq Abdullayevi Rəşad Nəbiyev əvəzləyib.
Barədə qərar federasiyanın bu gün keçirilən növbədənkənar komfransında qəbul edilib.
Rəşad Nəbiyev növbəti 4 il ərzində quruma rəhbərlik edəcək.
Trend-
1-11-2021, 20:22 | Cənubi Qafqazda müsbət addımlar atılır və Prezident İlham Əliyev bu addımları qətiyyətli şəkildə davam etdirmək istəyir - Ərdoğan

İndi Cənubi Qafqazda müsbət addımlar atılır və Azərbaycan Prezidenti İlham Əliyev bu addımları qətiyyətli şəkildə davam etdirmək istəyir.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İtaliyadan qayıdarkən jurnalistlərə açıqlamasında deyib.
R.T.Ərdoğan bildirib ki, bu məsələni Fransa prezidenti Emmanuel Makronla müzakirə edib: "Görüş zamanı "altılıq" plaformasının yaradılması da gündəmə gəlib. Rusiya, Azərbaycan, Türkiyə, İran, Gürcüstan və Ermənistan bu formatda yer ala bilər. Əgər onlar bu təklifi qəbul etsə, orada bir sülh platforması yaratmış olacağıq".
Trend
21-10-2021, 11:20 | Qara Abdullayev: Dünyada tolerantlıq məkanı kimi tanınan Azərbaycan Prezident İlham Əliyevin xidmətləri sayəsində mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məkanı kimi tanınır

Nəsimi Rayon Dövlət Yol Polisi (DYP) Şöbəsinin rəisi Qara Abdullayev - 2003-cü il oktyabrın 1-də Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqına müraciət edərək öz namizədliyini siyasi varisi İlham Əliyevin xeyrinə geri götürdüyünü bildirdi: “Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Belə də oldu, 2003-cü il 15 oktyabrda keçirilən Prezident seçkilərində seçicilərin 76 faizindən çox səsini toplayaraq ilk dəfə İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Bununla da xalq öz səsini Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə və ölkədə sabitliyin qorunmasına vermiş oldu. Bu siyasi kursa sadiqliyini nümayiş etdirən xalqımız Ümummilli Liderə sevgisini və inamını bir daha sübut etdi. Azərbaycan xalqı sülhün, əmin-amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin tərəfində olduğunu nümayiş etdirdi, ölkədə bu siyasətə alternativin olmadığını göstərdi.
Cənab Prezidentimizin qarşısında çox böyük məsuliyyət var idi.
Müstəqillik əldə etmiş Respublikamızı qoruyub saxlayan Ulu Öndərimizin irsinin davam etdiriməsi fonunda iqtisadi inkişafı davam etdirmək, yeni layihələrə imza atmaq üçün xarici diplomatiyanı gücləndirərək xarici ölkələrin dəstəyindən istifadə etmək, ordu quruculuğu islahatları çərçivəsində ordumuzu müasir standartlara hazırlamaq, ölkə daxilində ümumdaxili məhsulun inkişafı üçün islahatlar aparmaq, təhsilin inkişafına dövlət dəstəyinin verilməsi və s.
Qeyd edim ki, Ulu Öndərimizin siyasi kursunu layiqincə davam etdirmək çox çətin idi və Cənab Prezidentimiz İlham Əliyev bunu məharətlə bacardı və uğurla da davam etdirir. Siyasətin uğurla davam etdirilməsi isə nəticənin əldə olunmasına hesablanır, uğurla davam etdirilən siyasət isə yalnız dözüm, iradə, səbr və mətanətli, qətiyyətli, sədaqətli olmaqdan keçərək nəticəyə yönəlir. Ağır və gərgin işlərin fonunda nəticədə Azərbaycan nəinki regionda eyni zamanda dünyada güclü dövlətlər sırasına öz ərazi bütövlüyünü bərpa edərək daxil oldu. İlham Əliyev Azərbaycan siyasi sisteminə rasional siyasi davranış modeli, məntiqi mühakimələrə və analitik təhlilə əsaslanan, mütərəqqi, pozitiv, milli məqsədlərə xidmət edən siyasi realizmə söykənən siyasi fəaliyyət nümunəsi gətirdi, öz fəaliyyəti və davranışı ilə siyasi sistemimizə siyasi mədəniyyət, milli mənəviyyatımıza uyğun siyasi əxlaq standartı, milli siyasi etika nümunəsi təqdim etdi.
Milli ləyaqət, milli qürur uğurlarımızın əsas şərtləri oldu. Prezident İlham Əliyevin yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına xidmət etdi. Dünyada tolerantlıq məkanı kimi tanınan Azərbaycan Prezident İlham Əliyevin xidmətləri sayəsində mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məkanı kimi tanındı.
Bünövrəsi Ulu Öndərimiz tərəfindən qoyulan Gənclər siyasəti sahəsində əldə olunan uğurlar gələcəyə hesablanmış siyasətin nəticəsidir. Müasir, müstəqil Azərbaycanın intensiv inkişafını təmin edən fundamental faktorlardan birini də cəmiyyətin ən dinamik təbəqəsi qismində çıxış edən gənclərin potensialından səmərəli istifadə təşkil edir. Elə 44 günlük Zəfər Tariximizin də əsasını son 17 ildə yetişdirilən gənclik qoydu.Böyük Qələbə uzun illər ərzində davam edən hazırlıq işlərinin, habelə dövlətin qüdrətinin artırılması istiqamətində atılan addımların nəticəsidir. Effektiv siyasət, xalqın dəstəyi və tarixi ədalət Azərbaycanı qalib ölkəyə çevirdi. Ərazi bütövlüyümüzün bərpa olunması Prezident İlham Əliyevin siyasətinin şah əsəridir.
Bundan sonra da ölkə başçımızın öhdəliyində çox böyük məsuliyyət var lakin, bu məsuliyyət təkcə Cənab Prezidentimizin deyil bütünlüklə hamımızın məsuliyyətidir, çünki, hamımız Müzəffər Ali Baş Komandanın müzəffər əsgərləriyik və dünyada yeganə xalqıq ki, öz Prezidentimizi digərlərindən daha çox sevir və onun yanındayıq. Elə bu birlik də daim bizi zirvələrə ucaldacaq.
21-10-2021, 11:00 | Bütün müavinət, təqaüd, kompensasiyalar BU TARİXDƏ ödəniləcək

Oktyabrın 25-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımının ödənilməsi nəzərdə tutulub.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
21-10-2021, 09:03 | Sumqayıt - Bakı qatarında olay: sərnişinlər ayaq üstə qalıb

Sumqayıtdan Bakıya gələn elektrik qatarının fəaliyyətində növbəti problem yaranıb.
biznes-klas vaqonu üçün sərnişinlərə ümumi tutumundan çox bilet satılıb. Nəticədə 15-dək sərnişin ayaq üstə qalıb.
Qatar bələdçiləri bunu xəttə yenicə qoşulan Bakı - Gəncə qatarının biznes-klas vaqonundakı sərnişin yerlərinin Sumqayıt - Bakı qatarındakı sərnişin yerlərindən çox olması ilə əlaqələndiriblər. Belə aydın olub ki, məsul şəxslər bu məqamlı nəzərə almadan biznes-klasdakı ümumi sərnişin sayını Bakı - Gəncə qatarındakı qədər götürüblər və daha artıq bilet satıblar.
Bələdçilər artıq məsələdən rəhbərliyin də məlumatlı olduğunu əlavə ediblər. Onlar problemin həll yolu kimi sərnişinlərə qaynar xəttə zəng etməyi məsləhət görüblər. Lakin biznes-klas çekləri sərnişinlərə qaytarılmayıb.
Qeyd edək ki, Sumqayıt - Bakı qatarında biznes-klas vaqonunda gediş haqqı 2 manat, adi vaqonda gediş haqqı isə 1 manatdır.
Report















