20-09-2021, 06:44 | Milli Məclisin deputatları Rusiya Dumasına seçkiləri müşahidə ediblər

Azərbaycan Respublikası Milli Məclisinin nümayəndələri sentyabrın 16-dan 19-dək Rusiya Federasiyasında Dövlət Dumasına keçirilən seçkiləri müşahidə ediblər. Seçkilərdə 55 ölkədən və 10 beynəlxalq təşkilatdan nümayəndə heyətləri müşahidəçi qismində iştirak edib.
Bu barədə Dumaya seçkilərdə müşahidə missiyanı yerinə yetirən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov bildirib.
Onun sözlərinə görə, səfər çərçivəsində Dumanın nümayəndələri ilə görüşlər keçirilib: "Rusiya hökuməti tərəfindən seçki prosesini videokameralarla müşahidə imkanı verilib. Bu sistem təkcə Moskvada, həm də Moskva vilayətində yayılıb. Bundan başqa, bizim müşahidə missiyamıza seçki məntəqələrində prosesi izləmə də daxildir".
Seçkilər zamanı hər hansı pozuntuların olub-olmamasına gəlincə, N.Səfərov qeyd edib ki, bu barədə yalnız seçki günlərinin başa çatmasından sonra danışmaq olar. Azərbaycanlı müşahidəçilərin missiyasının bütün nəticələri yaxın vaxtlarda Rusiya qanunvericiliyinə uyğun olaraq təqdim ediləcək.
Milli.Az
20-09-2021, 06:30 | Autizm nədir və autizmli insanlar kimlərdir?

Hər şeydən əvvəl, autizm (autizm spektral pozğunluq) - xəstəlik deyil, insanın doğuşdan sosial-qarşılıqlı əlaqədə, nitqdə, qeyri-şifahi ünsiyyətdə məhdudluğu və davranışlarda davamlı çətinlikləri əhatə edən, bioloji təbiətə malik kompleks vəziyyətidir.
Autizmli insanlar ətraf aləm haqqında fərqli təsəvvürə malikdirlər. Onların ünsiyyətdə və sosiallaşmada çətinlikləri olduğundan ictimai yerlərdən uzaqlaşıb tək qalmağı üstün tuturlar. Eyni hərəkətləri dəfələrlə təkarlaya bilərlər. Belə insanlar hər şeyi ağrılı şəkildə qəbul edirlər. Autizmin ağırlıq dərəcəsindən asılı olaraq əlamətləri də dəyişir.
- gözlə təmas qurmamaq;
- dar bir maraq dairəsinə və ya müəyyən mövzuya sıx marağa malik olmaq;
- söz və ya ifadələrin, qol hərəkət çevirmə hərəkətlərini təkrarlamaq;
- başqalarına baxmamaq və ya qulaq asmamaq;
- tutulmaq, yaxud qucaqlanmağı rədd etmək;
-nitqi, jestləri, mimikanı, səs tonunu anlamaqda və ya istifadə etməkdə problemlər yaşamaq.
ÜST-ün göstəricilərinə görə dünyada hər 160 uşaqdan biri autizmə mübtəla olur. Oğlanlarda qızlara nisbətən 4 dəfə çox rast gəlinir.
Yaranma səbəbi:
Tam aydın deyil. İrq, etnik mənsubiyyət və ya sosial mənşədən asılı olmadan görülür. Güman olunur ki, uşağın genləri və ya ətraf mühit faktorları daxil olmaqla bir çox amillər autizmə təkan verir. Autizm riski uşaqların pis tərbiyəsi deyil, vaksinlər heç deyil.
Diaqnoz nə zaman və necə qoyulur?
Autizm dərəcəsindən asılı olaraq 0-3 yaşlardan özünü biruzə verir. Autizm üçün xüsusi bir müayinə mövcud deyil. Uşağın həmyaşıdı ilə müqayisəli müşahidəsi, nitqi, hərəki, davranış inkişafı həkim-mütəxəssis tərəfindən valideyn və ya dayədən ətraflı şəkildə öyrənilib diaqnozu müəyyən müddətə dəqiqləşdirilir. Autizmin diaqnostikasında pediatr, həkim-nevroloq, həkim-psixiatr və uşaq psixoloqu iştirak etməlidir.
Erkən diaqnoz uşağın yaşadığı problemlərə tez yardımçı olmağa, nitq, davranış inkişafı, sosiallaşma bacarıqlarının korreksiyası üçün uyğun müalicə seçməyə əsas verir.
Autizm=dahilik?
Autizmli uşaq və böyüklərin bəziləri incəsənət sahəsində şedevral bacarıq nümayiş etdirə bilirlər, bəziləri fenomenal yaddaşa sahib olaraq elmdə inanılmaz nəticələr göstərirlər. Xarici dil öyrənmək, musiqi alətlərində məharətlə ifa etmək bacarığı ilə tanınan bu tip insanlar vardır. Belə bacarıq onların eyni şəkilli hərəkətləri təkrarlamaq və hər hansı əşyaya fokuslanmaq qabiliyyəti ilə izah edilir. Autizm əlamətləri olan məşhurlar arasında rejissor Woody Allen, Microsoft qurucusu Bill Gates, musiqiçi Bob Dilan, yazıçı Virginiya Woolf, ABŞ- ın on altıncı prezidenti Abraham Lincoln və rəssam Leonardo da Vinci yer alır.
Müalicəvi yanaşma metodları:
Diaqnostik müşahidə cədvəlinə əsasən müalicə növləri seçilir. Məqsəd autizmli insanları pozitiv davranışa təşviq etmək, mənfi davranışdan çəkindirməkdir.
Uşaqlara görə valideyn optimal şərait yaratmalı, otağında olan hər şey daim eyni yerdə yerləşdirilməlidir. Uşağın kart şəklində ipucları olan ardıcıl gündəlik rejimi tərtib edilməlidir. Bu işlə ya valideyn, ya müəllim, yaxud psixoloq məşğul olmalıdır. Terapiya növləri çoxdur.
Animal (heyvan) terapiyası - delfinlərlə üzmək, atlarda gəzmək. Belə metod uşağın suda, havada öz bədənini hiss etməsini yaxşılaşdırır.
Peşə terapiyası-elementar vərdişləri (geyinib-soyunma, qaşıq, çəngəldən istifadə etmə, diş fırçalama və s) aşılayır.
Nitq terapiyası-verbal vərdişlərə və insanlarla ünsiyyətə kömək edir.
Bunlardan əlavə masaj, aktiv-passiv gimnastika və s.metodlardan istifadə edilir.
Ehtiyac olursa, diqqət problemi, hiperaktivliyə yardımçı olan dərman müalicəsi tətbiq edilir.
Autizmli uşağı olan valideyn autizm haqda mümkün qədər çox məlumat əldə etməli, ardıcıl qurulmuş rutin qaydaları təmin etməli, autizm uşağı olan digər valideynlərlə əlaqə qurmalı, özünə və digər ailə üzvlərinə vaxt ayırmalıdır.
Autizmli bir uşağın olması bütün ailənin həyat keyfiyyətinə təsir edir. Müalicə stressli, vaxt tələb edən və bahalı ola bilər. Bununla belə, ailənin fiziki və emosional sağlamlığına diqqət yetirmək önəmlidir. Hər bir ölkədə belə ailələrə məlumat, dəstək verən qurumlar, təşkilatlar vardır. Onların şüarı da birdir: "Autizmli insanlar xəstə deyil, sadəcə dünyaya fərqli baxırlar".
Tomiris Əlili
Milli.Az
20-09-2021, 06:22 | Üz və bədən dərisini cavanlaşdıran kosmetoloji vasitələr

Müasir kosmetologiya üz və bədən dərisinin cavanlaşdırılması üçün çoxsaylı kosmetik vasitələr təklif edir.
Əgər siz xarici görünüşünüzü yaxşılaşdırmağa qərar vermisinizsə, onda mütləq müasir və ozünü təsdiq etmiş kosmetoloji mərkəzə müraciət edin. Burada həkim sizi diqqətlə müayinə etdikdən sonra, fərdi şəkildə olmaqla, məhz sizin üçün daha effektiv və sağlamlığınız üçün təhlükəsiz cavanlaşdırma sxemi hazırlayacaqdır. Üz və bədən dərisinin cavanlaşdırılması üçün müalicə kursuna müxtəlif proseduralar daxil ediləcəkdir. Onu da nəzərə almaq lazımdır ki, hər bir üsulun özünün də əks göstərişləri vardır.
Hesab olunur ki, dərinin qocalmasının əsas səbəblərindən biri onun toxumalarında oksigen çatışmazlığıdır.Ozonoterapiya- toxumalarda məhz oksigenin həcmini artıran proseduradır. Ozonoterapiya həm lazımi sahələrə dərialtı yerli inyeksiyalar şəklində, həm də bütün bədənə təsir etməsi üçün ozonlaşdırılmış fizioloji məhlulun damardaxili sistem şəklində yeridilməsi üsulu ilə aparılır. Nəticədə hüceyrələr səviyyəsində maddələr mübadiləsi sürətlənir, yeni hüceyrələr sintez olunur, kollagen və elastin hüceyrələrin yaranması sürətlənir, qırışlar hamarlaşır, dəri cavanlaşır, damar ulduzcuqları, piqment ləkələri yox olur.
Fotocavanlaşdırma (yüksək intensivli işığın köməyilə cavanlaşdırma) - cavanlaşdırmanın ən effektiv və məşhur üsullarından biridir. Fotocavanlaşdırmanın nəticəsində kiçik qırışlar, piqment ləkələri, damar ulduzcuqları yox olur, dərinin elastikliyi artır, üzün rəngi yaxşılaşır.
Lazerin təsiri altında dərinin strukturu yaxşılaşır, dəri elastik olur, kiçik qırışlar yox olur, piqment ləkələri solğunlaşır və ya tamamilə itir, üz konturu yaxşılaşır.
Lazerli cavanlaşdırmaya əks göstərişlər - hamiləlik, dərinin zədələnmələri və dəridəki irinli xəstəliklərin kəskinləşməsidir.
Məlum olduğu kimi krem, maska və bu kimi digər kosmetik vasitələr xaricə - dəri səthinə tətbiq edilmək üçün nəzərdə tutulmuşdur. Bu vasitələr dəriyə hopmalıdır. Əgər dərman vasitələrini, vitaminlər, kollagen və dərimizə lazım olan digər vasitələri mikroiynələrlə dərinin içərisinə yeritmiş olsaq, onda onların effekti daha güclü olar. Mezoterapiyanın da mənası məhz bundan ibarətdir.
Bəzi insanlarda dəri daxilinə yeridilmiş bu preparatlara qarşı allergik reaksiyalar ola bilər. Ona görə də cavanlaşdırma prosedurasını keçirməmişdən əvvəl həmin şəxs tam tibbi yoxlamadan keçməlidir. Mezoterapiyanın köməyi ilə dəri səpgilərini, sellüliti, piylənməni, qırışları, saçların tökülməsini, üz dairəsinin sallanmasını və s. halları müalicə etmək olar.
Mezoterapiyaya əks göstərişlər: öd daşı xəstəliyi, qanın laxtalanmasının pozulması, hamiləlik, əməliyyatdan sonrakı bərpa dövrü, onkoloji xəstəliklər və s.
Dərin pilinq (və ya "cilalanma") - dərinin nazik üst qatının xüsusi aparat vasitəsi ilə cərrahi üsulla xaric edilməsidir. Dərin pilinqin köməyi ilə səpgiləri, kiçik qırışları, çapıqları, tatuirovkanı aradan qaldırmaq olar. Prosedura mütəxəssisdən böyük ehtiyat və peşəkarlıq tələb edir. Dərin pilinq ümumi narkoz və antibiotik qəbulu ilə həyata keçirilir. Sağalma prosesi 7-14 gün çəkir. Əməliyyatdan sonra 3 ay ərzində dərini mütləq günəş şüalarının təsirindən qorumaq lazımdır ki, piqment ləkələri əmələ gəlməsin. Bu prosedura dərinin ağır irinli xəstəlikləri, epilepsiya, ağır somatik xəstəliklər, keloid çapıqların əmələ gəlməsinə meyllilik olduğu hallarda və s. keçirilə bilməz.
Kimyəvi pilinq - bu prosedura zamanı dəriyə nazik qatla çəkilən müxtəlif turşuların köməyi ilə dərinin üst qatı xaric edilir. Bu cavanlaşdırma üsulu daha tez nəticə əldə etməyə imkan verir: dərin olmayan qırışlar, səpgilər aradan götürülür. Kimyəvi pilinqin ən başlıca çatışmazlıqlarından biri, tətbiq edildikdən sonra, bir həftə ərzində (istifadə olunan preparatlardan asılıdır) dəridə qızartının qalmasıdır.
Milli.Az
20-09-2021, 06:16 | Alimlər koronavirusa qalib gəlmək üçün yeni ideya irəli sürüblər

Alimlər koronavirusa qalib gəlmək üçün əvvəlki pandemiyaların -tif, sarı qızdırma və su çiçəyinin təcrübələrindən yararlanmaq ideyasını irəli sürüb.
Pandemiyanın 1 ili barədə toplanan materiallar göstərib ki, COVİD-19-un İspanka virusu kimi öz-özünə gücünü itirib zəifləyib aradan qalxacağına ümid etmək olmaz. Koronavirusa qarşı effektiv dərman kəşfi isə yaxın gələcəkdə görünmür.
COVİD-19 virusunun digər viruslardan daha ağıllı, güclü və insana qalib gəlməsinin bir səbəbi Yer üzündə aerozol üsulu ilə də yayılmasındadır. Bir qrup alim hesab edir ki, koronavirusla mübarizə üçün ayrı silahdan istifadə olunmalıdır. İnsanlığın əsrlər boyu mübarizə apardığı bir çox xəstəliklər heç də dərman və vaksinlərlə aradan qalxmayıb.
Məsələn, vəba və tif xəstəliyinə qalib gəlmək üçün Londonda dərmanlar yox, 318 milyon ədəd kərpic və 10 milyon kubmetr daş beton lazım olmuşdu. Britaniya paytaxtının bütün kanalizasiya sisteminin yenidən qurulması üçün 1866-cı ildə bu qədər tikinti materialı istifadə edilmişdi. Məhz bundan sonra bu şəhərdə tif, xolera alovlanması baş verməmişdi.
Malyariya və sarı qızdırmanın tropik regionlarda yayılmasının qarşısını almaq üçün şəhərlərin kənarlarında olan nəhəng gölməçələr, ağcaqanadla dolu bataqlıqlar qurudulub və torlarla örtülmüşdü. Bu proseslərdən sonra malyariyanın qarşısı alınmışdı.
Koronavirusla mübarizə üçün də dərman və peyvənddən diqqətimizi çəkib, binaların havalandırma, ventilyasiya sisteminin təkmilləşməsi, yenidən qurulmasına başlamalıyıq. "The Аtlantic" nəşrində dərc olunan məqalədə deyilir ki, virusun ötürülmə yollarının qarşısı alınmasa, pandemiya səngiməyəcək. Hər virusun yoluxma yolları araşdırılıb, ona uyğun mübarizə aparılmalıdır. COVİD-19 yeni yayılanda alimlər səhv yola girdilər. Onlar virusun qrip kimi xəstə adamla təmasdan təkcə hava-damcı ilə yayıldığını elan etdilər. Amma koronavirus hava ilə - aerozol üsulu ilə də yayılır. 1 il yarım keçəndən sonra bu dəqiqləşdi. Ona görə pandemiyanın əvvəlində ÜST deyirdi ki, maska virusdan qorumur, əlləri, üzü sabun, su ilə yumaq və xəstə adamdan məsafəli davranmaq lazımdır. Amma bir dəfə də olsun xəstə adamla ünsiyyətdə olmayan şəxslərin virusa yoluxduğu və virus hissəciklərinin 6-9 saat havada asılı qalması aşkar olunandan sonra səhv yolda olduğumuzu anladıq. Virus hava ilə yayılır. Ona görə açıq təmiz havada yoluxma riski azdır, qapalı məkanda isə çox. Ona görə də mübarizə metodlarına dəyişiklik edilməlidir.
Koronavirusla mübarizənin yolu keçmişdə olduğu kimi onun yayılma yolunu kəsməkdir. Müasir dövrdə bu ventilyasiya sistemidir. İnsanlar çoxdandır çirkli su içmir, şəhərlərdə bataqlıq yoxdur, əlləri yumaq üçün su və sabun var. Bəs biz niyə yoluxuruq? Səbəb nəfəs aldığımız çirkli havadır.
- Hər dəqiqə biz 8-10 litr hava alıb ağciyərlərimizlə dövr etdiririk. Ofisdə, qapalı yerdə hava aldıqda isə biz başqalarının ağciyərlərindən çıxan hava və qazlarla nəfəs alırıq.
Otaqda bir xəstə adamın burnundan çıxan virusun aerozol yəni millemtrik toz kimi zərrəcikləri (insan telindən 20 dəfə nazik və kiçik) havada asılı qalır, ventilyator, kondinsioner və insanların alıb-verdiyi nəfəslə isə o otağın bir tərəfindən digərinə uçur. Ona görə də istənilən an sosial məsafə anlamı pozulur və otağa girib çıxan hər kəs yoluxa bilir. Yalnız adi maska yox, ciddi respirator daim ağız-burunda olarsa yoluxma riski azalır. Aerozol hissəciklər daha təhlükəlidir, çünki onlar ağciyərlərin ən dərin qatlarına keçir.
Qrip virusu da aerozol yolla yayılır, bu hələ 1977-ci ildə sübut olunub. Lakin koronavirus qrip kimi deyil və o hər gün minlərlə can alır. Pandemiyanın 2-ci ilində biz həqiqəti görüb, koronavirusun yayılma yolları ilə mübarizə aparmalıyıq. Bununla bağlı Merilend universitetində unikal eksperiment aparılır və proqram hazırlanır.
Dövlətlər, hökumətlər bu vaxta kimi içməli su, sanitariya, qida təhlükəsizliyinə milyonlarla vəsait ayırıb. Amma indi virusların əlində əsir olmamaq üçün binaların tikintisi, havalandırılması və ventilyasiya sisteminə diqqət yetirməlidirlər. Qaydalar dəyişməlidir. Otaqların, qapalı məkanların 5 dəqiqədən bir havasının yenilənib, təzə hava axını ilə təmin olunması metodları işlənməlidir. Binaların, evlərin layihələndirilməsində virusların yayılmasına qarşı tədbirlər görülməlidir.
Kondinsioner, ventilyator, ümumi sistem havalandırılması işə yaramır. Onlar otaqda olan aerozol virusları bir tərəfdən digərinə yayıb insanları yoluxduracaq. Ventilyasiya sistemləri yarım saat ərzində 4-6 dəfə bütün məkanın havasını dəyişməlidir. Bunun üçünsə filtlər quraşdırılmalıdır. Amma bu metod çox bahalıdır. Əgər xəstəxana, məktəblər, dövlət idarələrində bu sistem dəyişdirilsə, milyardrlarla dollar vəsait lazimdır. Ona görə ÜST və hökumətlər üçün vaksin daha asan və ucuz yol kimi görünür. Lakin görünən odur ki, vaksinlə koronaya qalib gəlmək mümkün olmayacaq.
Daha etibarlı yolla getməliyik ki, gələcəkdə də viruslar dünyanı iflic etməsin. Yaxşı olar ki, milyardlar da olsa, havalandırma sistemlərində dəyişiklik olunsun. Əks təqdirdə, pandemiyanın vuracağı zərər bu xərclərdən daha çox olacaq.
Axar.az
6-09-2021, 10:31 | Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Ali Səviyyəli Hibrid toplantısını keçirəcək

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT-nin Baş Assambleyası çərcivəsində XXI Ali Səviyyəli Hibrid toplantısını, o cümlədən VIII Qlobal Bakı Forumu Təşkilat Komitəsinin 3-cü toplantısını təşkil edəcək.
Mərkəzdən milli.az-a verilən məlumata görə, "What Does Peace and Stability Mean in 21st Century?" başlığı ilə keçiriləcək XXI Ali Səviyyəli Hibrid toplantının işində Şimali Makedoniyanın Prezidenti Stevo Pendarovski, BMT Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Moratinos, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmayıl Seragəldin, Robert F. Kennedi İnsan hüquqları fondunun prezidenti Kerri Kennedi, BMT Baş Katibinin SDG üzrə xüsusi nümayəndəsi Ceffri Sachs, Ərəb Liqasının sabiq Baş Katibi Amre Moussa, İsrailin sabiq xarici işlər naziri Tzipi Livni, Belçikanın sabiq baş naziri İv Leterme, Bosniya və Herzeqovinanın sabiq Prezidenti Mladen İvaniç, sabiq Baş naziri Zlatko Lagumdzija, Xorvatiyanın sabiq Prezidenti Kolinda Grabar Kitaroviç, Amerika Xarici Əlaqələr İnstitutunun Prezidenti Susan Elliott, xanım Vayra Vike-Freiberga, Latviyanın sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Qordon Broun, İngiltərənin sabiq Baş naziri, Şefik Djaferoviç, Bosniya və Herseqovinanın Prezidenti, İvo Josipoviç, Xorvatiyanın sabiq Prezdenti Rozen Plevneliev, Bolqarıstanın sabiq Prezidenti, Valdis Zatlers, Latviyanın sabiq Prezidenti iştirak edərək dünyanı narahat edən Sülh və Təhlükəsizlik, COP26, post COVİD-19 dönəmi, Cənubi Qafqaz regionunda inkişaf prespektivləri, Əfqanıstan və Qərbi Balkanları müzakirə edəcəklər.
6-09-2021, 10:29 | Məcburi köçkünlərin azad edilən ərazilərə təhlükəsiz dönməsi üçün işlər davam etdirilir - XİN

Azərbaycan hökuməti məcburi köçkünlərin işğaldan azad edilən ərazilərə təhlükəsiz və layiqli geri dönməsi üçün işləri davam etdirir.
Bu barədə Xarici İşlər Nazirliyinin 10 noyabr razılaşması ilə bağlı tvitterdə paylaşımında deyilir.
Paylaşımda qeyd edilir ki, Azərbaycan, Ermənistan və Rusiya arasında 10 noyabr sazişinin imzalanmasından 300 gün keçir:
"Bu müddət ərzində azad edilmiş ərazilərdə 15510 hektardan çox sahədən 46486-dan çox mina və partlamamış hərbi sursat təmizlənib. İşğal dövründə Ermənistan tərəfindən basdırılan minaların partlaması nəticəsində 160 Azərbaycan vətəndaşı həlak olub və ya yaralanıb. Həlak olanlar arasında öz vəzifə borclarını yerinə yetirərkən faciəvi şəkildə mina partlaması nəticəsində həyatlarını itirən iki jurnalist və bir rəsmi şəxs də var.
İşğaldan azad edilmiş Füzuli rayonunda ilk beynəlxalq hava limanı test uçuşlarına başlayıb. Bununla yanaşı Zəngilan və Laçın rayonlarında iki beynəlxalq hava limanının tikintisi davam etdirilir.
Ağdamın baş planı təsdiq edilib və Şuşada çox sayda mədəni binalar və tarixi abidələr bərpa edilib. Zəngilan rayonunun Ağalı kəndində "Ağıllı kənd" layihəsinin həyata keçirilməsinə başlanılıb və layihənin 2022-ci ilin əvvəlində tamamlanması planlaşdırılır".
6-09-2021, 10:17 | "Şimal axını-2" qaz kəmərinin tikintisinin başa çatacağı tarix açıqlanıb

Rusiyanın "Şimal axını-2" qaz kəmərinin tikintisi yaxın günlərdə başa çatacaq.
Trend-in məlumatına görə, bunu "TASS"a Avstriyanın OMV neft və qaz şirkətinin sabiq rəhbəri Rayner Zele deyib.
R.Zele bildirib: "Nord Stream 2" qaz kəmərənin icraçı direktoru Mattias Varniq birmənalı olaraq kəmərin tikintisi üzrə işlərin bu həftə başa çatacağını söyləyib".
Menecer "Nord Stream 2" qaz kəməri ilə ilk qaz tədarükünün bu il başlayacağından əmin olduğunu ifadə edib.
6-09-2021, 10:05 | Qarabağda Rusiyanın məramlı oyunu

Bəlli olduğu kimi, 44 günlük Zəfər Müharibəsinin müvəqqəti yekunu 10 noyabr Üçtərəfli razılaşmasının imzalanması ilə nəticələndi. Bu razılaşmanın əsas şərtlərindən biri də Rusiya sülhməramlı qüvvələrin Qarabağda müvəqqəti yerləşməsini nəzərdə tutur. Rəsmi Bakı dəfələrlə ən yüksək səviyyədə bəyan edib ki, bütün Qarabağ Azərbaycanın suveren ərazisidir, beynəlxalq ictimaiyyət Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyır və 10 noyabr bəyanatına uyğun olaraq sülhməramlı qüvvələr Azərbaycanın Qarabağ bölgəsinin müəyyən bir hissəsində müvəqqəti olaraq yerləşdiriliblər. Lakin təəssüf doğuran hal ondan ibarətdir ki, missiya dəfələrlə öz işini "unudaraq" əldə olunan sazişin şərtlərtini kobud şəkildə pozurlar.
Erməni quldur dəstələrinin Şuşa şəhərini atəşə tutması buna bariz nümunədir. Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən Şuşa istiqamətində yerləşən bölmələrimizin intensiv atəşə tutulması qəbuledilməz bir hadisədir. Lakin Rusiya sülhməramlıları isə yenə hadisədən sanki xəbərsizmiş kimi susur. Ən qəribəsi odur ki, hadisə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində baş verir. Və bu, ilk belə hal deyil.
Qanunsuz erməni silahlı dəstələri Qarabağda hələ də fəaliyyət göstərir və göz görə-görə Rusiya sülhməramlıları buna şərait yaradır. Məsələyə real yanaşmaq lazımdır və sülhməramlıların müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindən Şuşa istiqamətində yerləşən bölmələrimizə atəş açılır. Bu atəşi açanlar da yenə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində məskunlaşan qanunsuz erməni silahlı dəstələridir. Bu, bir daha ondan xəbər verir ki, Rusiya sülhməramlıları 10 noyabr bəyanatının tələblərinə riayət etmir. Əvvəla, ona görə ki, 10 noyabr bəyanatına görə, Qarabağda heç bir qanunsuz silahlı dəstə fəaliyyət göstərə bilməz.
Bu istiqamətdə Rusiya sülhməramlılarının gətirəcəyi heç bir bəhanə məqbul sayıla bilməz. Xankəndi və ətrafı elə də böyük bir ərazi deyil ki, sülhməramlılar buradakı qanunsuz silahlı birləşmələri zərərsizləşdirə bilməsin. Digər tərəfdən, erməni silahlı dəstələrinin açdığı atəş mədəniyyət paytaxtımız olan Şuşayadır. Və qanunsuz erməni silahlı bölmələrinin bu və bu kimi bütün əməllərinin cavabdehliyini Rusiya sülhməramlıları daşıyır.
Kamran Seyidov
milli.az
4-09-2021, 11:29 | Ərdoğan Azərbaycanla imzalanmış daha üç sənədi təsdiqləyib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla Türkiyə arasında imzalanan 3 sazişi təsdiqləyib.
Trend bu barədə "Resmi Gazete"yə istinadən məlumat verir.
Həmin sənədlər 25 fevral 2020-ci ildə Bakıda imzalanmış "Türkiyə Cümhuriyyəti Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında Enerji və Mədənçilik Sahələrində Əməkdaşlıq Haqqında Anlaşma", 31 oktyabr 2017-ci ildə Bakıda imzlanmış "Türkiyə Respublikası Hökuməti və Azərbaycan Respublikası Hökuməti Arasında Müdafiə Sənayesi Anlaşması", 25 aprel 2018-ci ildə Ankarada imzalanmış "Türkiyə Respublikası Hökuməti və Azərbaycan Respublikası Hökuməti Arasında Mədəniyyət Mərkəzlərinin Qurulması, İstismarı və Fəaliyyətləri Haqqında Anlaşma"dır.
Nyus.Az
3-09-2021, 12:44 | Qəbul imtahanlarının bütün mərhələləri şəhid və qazi övladları üçün pulsuz olacaq

Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında tələbə qəbulu və ali təhsil müəssisələrinə tələbə qəbulu qaydalarına dəyişiklik edilib.
Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara görə, aşağıdakı şəxslərə münasibətdə müsabiqədə iştirak üçün ödəniş dövlət büdcəsinin vəsaiti hesabına həyata keçiriləcək:
- ilk dəfə orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün müraciət etmiş abituriyentlər;
- ilk dəfə ali təhsilin bakalavriat (tibb təhsili üzrə əsas təhsil) səviyyəsinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün müraciət etmiş abituriyentlər;
- Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları;
- şəhid ailəsinin üzvləri;
- valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar;
- məcburi köçkün statusu olan şəxslər;
- I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar.
Qeyd edək ki, bundan əvvəl sadəcə orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı ilk dəfə imtahanda iştirak üçün müraciət etmiş abituriyentlər və ali təhsilin bakalavriat (tibb təhsili üzrə əsas təhsil) səviyyəsinə tələbə qəbulu ilə bağlı imtahanda ilk dəfə iştirak üçün müraciət etmiş abituriyentlər üçün müsabiqədə iştirak dövlət hesabına olub.
Digər hallarda isə müsabiqədə iştirak ödənişli idi.
Dəyişikliyə əsasən, bundan sonra Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları, şəhid ailəsinin üzvləri, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, məcburi köçkün statusu olan şəxslər və I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün müsabiqədə iştirak üçün ödəniş dövlət büdcəsinin vəsaiti hesabına həyata keçiriləcək.
Qərar "Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 may tarixli 2635 nömrəli Sərəncamına əsasən hazırlanıb.















