1-06-2021, 08:38 | "Yenə də acı nəticələrlə üz-üzə qala bilərik" - XƏBƏRDARLIQ

Mayın 31-dən etibarən ölkədə karantin qaydalarında növbəti yumşaldılmalara start verildi. Belə ki, 31 may səhər saat 6-dan etibarən açıq havada tibbi maska taxmaq tələbi ləğv olundu, insanların uzun müddətdir ki, gözlədiyi xəbər - “Bakı Metropoliteni” QSC-nin fəaliyyəti bərpa edildi. Həmçinin ölkədaxili yerüstü və hava nəqliyyatı ilə sərnişindaşıma yenidən fəaliyyətə başladı. Bütün bunlar cəmiyyətdə böyük sevinclə qarşılanıb. İnsanlar yenidən əvvəlki normal həyatlarına geri dönüşün sevincini yaşayıblar.
Məlum məsələ idi ki, metronun uzun müddət bağlı qalması ictimai nəqliyyatı ciddi şəkildə yükləyirdi. Əvvəllər metro ilə yarım saata getdikləri yerə sərnişinlər bəzən 2 saatdan çox müddətə çatırdılar. Bu zamanı qısaltmaq üçün əksəriyyət “1 manatlıq” taksilərdən istifadə etməli olurdu ki, bunun da nəticəsində yollarda uzun tıxaclar yaranırdı.
Xatırladaq ki, bir neçə gün sonra, yəni 4-6 iyun tarixlərində Bakıda “Formula-1" yarışları başlayacaq. Bu səbəbdən paytaxtın bir neçə mərkəzi küçəsində nəqliyyatın hərəkəti dayandırılıb. Metronun açılması həm də bu yükü bir qədər azaltmış olub.
Açıq havada tibbi maska taxmaq tələbinin də aradan qaldırılması insanların üzünə sevinc gətirib. Əslində tibbi maska bizi virusdan nisbi də olsa qorusa da, isti yay günlərində maskadan istifadə insanlarda nəfəs almaqda çətinlik yaradırdı.
Qeyd edək ki, mayın 31-dən tətbiq edilən yumşaldılmalar davamlı olacaq. Belə ki, iyunun 10-dan etibarən məlum tələblər çərçivəsində məscid və ibadət yerlərinin, iri ticarət mərkəzlərinin, çimərliklər və onların ərazisində yerləşən hovuzlar, su attraksionları, idman oyunu yerlərinin fəaliyyətinə icazə veriləcək. Lakin idman və sağlamlıq-bərpa obyektlərinə maskasız getmək mümkün olsa da, COVİD pasportu tələb olunacaq.
İyulun 1-dən isə bəzi iş və xidmət sahələrinin işçilərinin ən azı 80 faizinin COVİD pasportuna və ya sertifikata malik olması istəniləcək.
COVİD pasportu nədir? Bu, vaksinləşmə prosesi zamanı iki peyvənd dozasını alan şəxslərə verilən vaksinasiya və koronavirusa yoluxub, sağalmış şəxslərə verilən immunitet sertifikatıdır.
Beləliklə, yumşaldılmalar dövründə bizi nə gözləyir? Vətəndaşlar daha çox hansı məsələlərdə diqqətli olmalıdır?
“Ankara” klinikasının baş həkimi Zülfüqar Yusifov mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb. Həkim qeyd etdi ki, məhdudiyyətlər aradan qaldırıldıqca, insanlar tələb olunan qaydalara daha məsuliyyətli yanaşmalıdır:
“Məhdudiyyətlərin aradan qaldırılması cəmiyyətimiz üçün çox sevindirici xəbərlər oldu. Məlum olduğu kimi, iyunun 10-dan etibarən bu yumşalmalar bir qədər də davam edəcək. Bütün bunlar çox yaxşı haldır. Artıq son günlərdə ölkədə gündəlik yoluxma və ölüm saylarında da dinamik azalma müşahidə olunur. Əlbəttə ki, bu, cəmiyyətin çoxdan gözlədiyi gözəl hadisələrdir. Bütün bu müsbət dinamik proseslər də təbii ki, Operativ Qərargaha bu cür pozitiv qərarlara imza atmağa imkan, dəstək verir.
Beləliklə, səhiyyə sisteminin, eyni zamanda ictimai təşkilatların apardığı təbliğat işləri, mətbuatın dəstəyi, insanlarımızın məsuliyyəti və sairə nəticəsində bugünkü tablo ortadadır. Lakin bir şeyi qeyd etmək lazımdır ki, açıq havada tibbi maskasız gəzmək, metronun açılması ünsiyyətin kəskin şəkildə artmasına səbəb olacaq. Çünki insanlarımız uzun zaman idi ki, maskadan qurtulmaq, davamlı olaraq bir yerdə vaxt keçirmək istəyirdilər, ictimai nəqliyyatda, hərəkətdə problemlər yaşayırdılar, metro bağlı, bölgələrə ictimai nəqliyyatla gediş-gəliş qadağan idi. Artıq bunların hamısı bərpa olundu. Lakin bunun fonunda biz ortada olan digər qaydalara riayət etməliyik. Məsələn, açıq havada tibbi maska taxmaq tələbi yoxdursa, yaxın ünsiyyətdə maskadan istifadə etmək lazımdır. Həmçinin hər birimiz maksimum dərəcədə gigiyenik qaydalara əməl etməliyik.
Hamımız birlikdə çox çətin, gərgin, həyəcanlı, itkilərlə dolu bir il yaşadıq. Əgər istəyiriksə ki, bu situasiya, karantin, xəstəlik yenidən geri dönməsin, onda deyilən qaydalara bu günlərdə də əməl etməliyik, üstəlik, daha məsuliyyətli şəkildə. Çünki virus hələ bitməyib, dünyada tüğyan etməkdədir. Həmçinin ölkəmizdə də hələ müəyyən əhəmiyyətli sayda yoluxma davam etməkdədir. Bir daha vurğulayıram ki, tələb olunan qaydalara yetərincə əməl etməsək, onda situasiya yenidən geri dönəcək. Ona görə də hər bir vətəndaşın üzərinə əvvəlkindən daha ciddi məsuliyyət düşür. Əks təqdirdə, yenə də acı nəticələrlə üz-üzə qala bilərik".
Nəqliyyat üzrə ekspert Elməddin Muradlı “Yeni Müsavat”a açıqlamasında Bakı metrosunun fəaliyyətə başlamasını çox təqdir etdiyini bildirdi:
“Çox sevindirici haldır ki, “Formula-1” yarışları ilə əlaqədar yolların bağlanıldığı gündən metro fəaliyyətə başladı. Çünki yarış zamanı insanlarımız yolda çox əziyyət çəkəcəkdi.
Məlum olduğu kimi, indiyə qədər avtobuslar metronun yükünü çəkirdi. Bu həftədən etibarən isə metro yarış günlərində avtobusların yükünü çəkmiş olacaq. Yarışların əhatə etdiyi ərazi o qədər də böyük deyil. Lakin həmin ərazilərdə yolların bağlanılması şəhər nəqliyyatına çox ciddi təsir göstərir. Bu gün səhər saatlarından müşahidə etdik ki, bəzi marşrutlar Bayıl istiqamətinə yönləndirilib. Nəticədə Dövlət Dəniz Administrasiyasının qarşısından başlanan tıxac Milli Məclisin qarşısına qədər davam edir. Yəni nəqliyyatda bu dərəcədə sıxlıq var, hətta bununla bağlı əvvəlcədən sürücülərə xəbərdarlıq olunmasına baxmayaraq.
Metro həm də tıxacların qarşısını almış olacaq. Çünki bundan əvvəl pik saatlarda yaranan tıxacların əsas səbəbi taksilərin hədsiz dərəcədə nəqliyyatda yüklənməsi ilə bağlı olurdu. Təkcə taksilər deyil, işdən sonra öz şəxsi avtomobili ilə metro stansiyalarının yanında sərnişin götürüb, pul qazanan sürücülər də az deyildi və bu faktın özü böyük tıxaclara gətirib çıxarırdı.
Bir həftədən sonra metro ilə paralel avtobuslar da normal xidmət göstərəcək və bu, həm sərnişinlər, həm də sürücülər üçün yaxşı proqnozlar verməyə insanı ruhlandırır. Sadəcə, bu bir həftəni yola verməliyik".
Sosioloq Əhməd Qəşəmoğlu da məhdudiyyətlərin aradan qaldırılmasının cəmiyyət üçün çox böyük əhəmiyyətə malik olmasından danışıb:
“Şərtlərin yumşaldılması çox gözəl hadisədir. Uzun müddət idi ki, buna çox böyük ehtiyac olduğu haqda müzakirələr aparır, fikirlər səsləndirirdik. Məsələn, ötən il bu vaxtı yoluxma sayı daha çox idi, insanlar bir yerdə hərəkətsiz qalmışdılar, Günəş enerjisi ala bilmirdilər, bu da insanlarda D vitamininin azalmasına gətirib çıxarmışdı, evdəki gərginlik və sairə bütün bunların hamısı xəstəliyin daha da artmasına, sürətlənməsinə təsir edirdi.
Dünya ölkələrinin təcrübəsindən də gördük ki, yumşalmalarla paralel bu xəstəliyin yavaş-yavaş tam sovuşmasının qaydalarını öyrənməliyik. Bundan əvvəl də açıqlamalarımda qeyd etmişdim - necə ki, kəndlərdə insanlar ilanlarla birgə yaşamağı öyrənir, eləcə də bu xəstəliklə yaşamağı öyrənməliyik. Yumşalmalar da onu deyir ki, biz indi daha çox məsuliyyətli olmağı öyrənməliyik. Əlbəttə ki, artıq bunu müəyyən qədər öyrənmişik, lakin bu yumşalma o demək deyil ki, xəstəliyin təhlükəsi də getdi. Bu xəstəliyin təhlükəsi hələ də bizimlədir. Ona görə də əhali arasında çox sayda müxtəlif maarifləndirmə işləri aparılmalıdır ki, əhalinin məsuliyyəti daha da artsın. Həmçinin insanlarla psixoloji söhbətlər aparılmalıdır ki, gələcəyə inamı artsın, qorxuları azalsın, insanlara qarşı etinasızlıq yavaş-yavaş aradan qaldırılsın".
1-06-2021, 06:42 | 1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir.
1950-ci il iyunun 1-də BMT Baş Assambleyası tərəfindən Uşaqların Beynəlxalq Müdafiəsi Gününün (International Children's Day) qeyd olunması qərara alınıb.

Həmin gün təşkil olunan “Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib.
Azərbaycanda uşaqların müdafiə olunması və onlara qayğı göstərilməsi istiqamətində çoxsaylı işlər görülüb. Ölkəmizdə uşaqların sosial və hüquqi müdafiəsi ilə bağlı məsələlər Konstitusiya, qanunverici və normativ-hüquqi aktlarla tənzimlənir. Uşaq hüquqlarının müdafiəsi ilə bağlı Azərbaycanda qanunvericilik bazası formalaşıb, “Uşaq hüquqları haqqında” qanun (1998-ci il 19 may) və bəzi digər normativ-hüquqi aktlar qəbul edilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycanda uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədi ilə 22 dekabr 2008-ci il tarixli sərəncam imzalayıb. Sərəncama görə 2009-cu il "Uşaq ili" elan olunub.
Azərbaycanda uşaqların problemlərinin həlli istiqamətində müxtəlif layihələr həyata keçirilir. Uşaqlar bizim gələcəyimizdir və ölkəmizin gələcəyi onların əlindədir, onların müdafiəsinə hamılıqla qoşulmaq bizim borcumuzdur.
31-05-2021, 09:47 | Deputatlar bu gün sonuncu iclasa toplaşır

Bu gün Milli Məclisin yaz sessiyasının sonuncu plenar iclası keçiriləcək.
Iclasın gündəliyinə 6 məsələ daxildir. Bunlar aşağıdakılardır:
1. "Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında" Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).
2. "Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında" Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).
3. "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).
4. "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında" Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).
5. "Kredit ittifaqları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).
6. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).
Trend
31-05-2021, 09:43 | Bir ölür, min dirilirik: Vətən müharibəsində şəhid düşmüş XTQ-çilər - FOTO

Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələri (XTQ) Vətən Müharibəsində şücaəti, peşəkarlığı və cəsarəti ilə tarix yazdı.
Vətən Müharibəsində şəhid olmuş XTQ döyüşçülərinin bir qisminin fotolarını təqdim edir:
1. Musa Əlifağa oğlu Əsgərov
2. Babayev Rəşad Ağabəy oğlu
3. Sabir Ceyhun oğlu Heydərov
4. Məmmədov Kənan Niftali oğlu
5. Şəhriyar Nəsib oğlu Quliyev
6. Şəhriyar Kamil oğlu Abdullayev
7. Əlövsət Seyidxan oğlu İbrahimov
8. Mehti Yalçın oğlu Şıxəliyev
9. Xəyal İman oğlu Şəkərov
10. Devran Fazil oğlu Nayıbov
11. Əmrah Firavan oğlu Həmidov
12. Valeh Vahid oğlu Bədəlov
13. Zahir Eyvaz oğlu Feyzullayev
14. Elməddin Elşən oğlu Həsənov
15. Həmid Cavanşir oğlu Abbasbəyli
16. Rəşad Arif oğlu Abdullayev
17. Allahverdiyev Asiman Niyaz oğlu
18. Cabbarov Orxan Rövşən oğlu
19. Məmmədov Ayxan Rəfail oğlu
20. Şirinov Kamil Əliş oğlu
21. Atakişiyev Rüstəm Zahid oğlu
22. Musayev Sahib Musa oğlu
23. Xəlilov Namiq İlyas oğlu
24. Mirzəyev Elmar Şahin oğlu
25. Dünyamalıyev Ceyhun Zeynal oğlu
26. Vəliyev Elnur Əli oğlu
27. Fezullayev Beyrək Seyfullah oğlu
Allah rəhmət eləsin! Ruhunuz qarşısında baş əyirik!


























Milli.Az
31-05-2021, 09:31 | Bakıda məhkəmə hakimi arvadını tüfənglə öldürdü

Bakıda məhkəmə hakimi arvadını öldürməkdə ittiham edilir.
Hadisə bu gecə paytaxtın Sabunçu rayonu, Ləhiş bağlarında baş verib.
Sabunçu rayon məhkəməsinin hakimi Fəqan Əhmədov evində ov tüfəngindən açılan atəşlə həyat yoldaşının ölümünə səbəb olub. Hadisənin ehtiyatsızlıqdan, yaxud qəsdən törədildiyi məlum deyil.
Faktla bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.
Məlumata görə, cütlüyün 3 övladı var.
Qeyd edək ki, 1976-cı il təvəllüdlü Fəqan Rövşən oğlu Əhmədov 2016-cı ildən Sabunçu Rayon Məhkəməsinin hakimidir.
"qafqazinfo"
31-05-2021, 09:27 | Azərbaycan bu sahədə bir çox ölkəni qabaqlayır - MÜSAHİBƏ

Azərbaycan rəqəmsal hökumət xidmətlərinin yaradılması və inkişafı baxımından bir çox ölkəni qabaqlayır.
Bunu Trend-ə müsahibəsində Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov deyib.
O bildirib ki, 2020-ci ildə koronavirus infeksiyasının yayılması ilə əlaqədar Mərkəz tərəfindən "SMS icazə sistemi" və "icaze.e-gov.az" portalı yaradılıb. Bu, biznes sektoruna öz işçilərini xüsusi icazələrlə təmin etməyə imkan yaradıb:
"Bundan başqa, 8103 nömrəsinə məlumat yollamaqlda vətəndaşlar müəyyən məqsədlər üçün yaşayış yerərini tərk etmək icazəsi alırdılar. Pandemiya dövründə vətəndaşlar tərəfindən 8103 nömrəsinə 112 milyon SMS göndərilib. Yeddi milyona yaxın Azərbaycan vətəndaşı bu sistemin xidmətindən yararlanıb".
Onun sözlərinə görə, dövlət səviyyəsində həyata keçirilmiş digər strateji layihə ölkənin su ehtiyatlarının idarə olunması layihəsidir: "Ölkəyə daxil olan çıxan, o cümlədən müxtəlif sahələrdə istifadə olunan suyun balansının hesablanması məqsədilə Elektron Su Təsərrüfatı İnformasiya Sistemi yaradılıb. Bundan başqa, Mərkəz tərəfindən "cimerlik.az" portalı yaradılıb ki, bunun vasitəsilə vətəndaşlar çimərliklərə getmək üçün qeydiyyatdan keçib".
F.Cəfərov qeyd edib ki, müharibə və post-müharibə dövründə Azərbaycan vətəndaşlarının ermənilər tərəfindən dağıdılmış əmlakının vahid reyestr sistemi hazırlanıb:
"2020-ci ilin sonunda bütün dövlət strukturları üçün elektron sənəd dövriyyəsi yaradılıb. Elektron hökumət çərçivəsində e-Gov portalına yüzlərlə dövlət strukturu inteqrasiya olunub".
Mərkəzin direktorunun sözlərinə görə, kibertəhlükəsizliyin təmin olunması sahəsində həm dövlət informasiya sistemlərinin müdafiəsi, həm də əhalinin rəqəmsal hökumət xidmətlərindən istifadəsinin təhlükəsizliyi təmin olunmalıdır: "Vətəndaşların təhlükəsizliyinin təmin olunması sahəsində biz hökumət portallarında avtorizasiya üçün "ASAN Login" layihəsini işə salmışıq. Bu vahid sistem ölkəmizin dövlət və biznes strukturları üçün hazırlanıb və vətəndaşların müxtəlif müəssisələrində avtorizasiyasını təmin edir".
O bildirib ki, bununla yanaşı dövlət sisteminin müdafiəsini Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi nəzdində "AzInTelecom" MMC-nin yaratdığı data mərkəzi təmin edir: "Bu, TIER III və ISO 27001 standartlarına cavab verən Cənubi Qafqaz məkanında ilk data mərkəzidir. Bu mərkəzdə informasiyanın və şəbəkə infrastrukturunun fiziki təhlükəsizliyinin təmin olunması, eləcə də digər istiqamətlər üzrə beynəlxalq standartlara uyğun müxtəllif prosedurlar keçirilir".
Elektron Hökumətin İnkişafı Mərkəzinin barədə danışan F.Cəfərov deyib ki, xidmətləri bir neçə qrupa bölmək olar: dövlət, biznes, müxtəlif strukturlar və əhali üçün xidmətlər: "e-Gov portalında 1,3 milyondan çox şəxs qeydiyyata alınıb. Burada vətəndaşlara 700-dən çox xidmət göstərilib. Bundan başqa, myGov portalında 20-yə yaxın sistem inteqrə olunub".
O əlavə edib ki, Mərkəz tərəfindən isə icra hakimiyyətinin regional mərkəzi layihəsi hazırlanıb, yəni 80-ə yaxın yerli icra hakimiyyəti orqanının xidmətləri onlayn formatda təqdim olunacaq:
"Portalın işə salınmasının ilkin mərhələsində biz vətəndaşların tələbatının öyrənilməsini davam etdirəcəyik və zəruri xidmətlər əsasında layihəni inkişaf etdirəcəyik"
Mərkəz direktoru xatırladıb ki, Azərbaycanın rayonlarında bu gün 15 "ASAN Xidmət" mərkəzi fəaliyyət göstərir: "Bu onu bildirir ki, vətəndaşlar xidmətlərdən təkcə onlayn formatda deyil, həm də "ASAN Xidmət" mərkəzlərinə getməklə yararlana bilər".
O əlavə edib ki, "ASAN Login" vahid avtorizasiya sistemində iki milyona yaxın vətəndaş qeydiyyata alınıb və 2019-cu ildə istifadəyə verilmiş sistem öz auditoriyasını getdikcə genişləndirir.
F.Cəfərov bildirib ki, Azərbaycan vətəndaşlarının fərdi məlumatlarının dövlət informasiya sisteminə daxil edilməsi gələcəkdə vətəndaşların fiziki şəxsiyyət vəsiqələrindən imtinasını tələb edə bilər:
"Müasir dünyanın reallıqlarını nəzərə alaraq, biz ən yeni blokçeyn texnologiyaları əsasında ən öncül həll yollarını, "bulud" texnologiyaları vasitəsilə xidmətlərin inkişafı yollarını, süni intellektin tətbiqini və bir sıra digər texnologiyaları izləyirik. 2020-ci ildə Mərkəzdə "Data Lab" adlanan əlavə departament yaradılıb. Bu departament çərçivəsində bir sıra layihələrimizdə süni intellekt, maşın tədrisi, data mühəndisliyi tətbiq etmişik. Bu innovasiyalar müxtəlif istiqamətlərdə fərqli funskiyalar icra edir. Məsələn, "ASAN Visa" layihəsi vasitəsilə biz xidmətlərdən istifadə etmiş turistlərlə sorğu keçiririk, maşın tədrisi isə sorğunun nəticələrini qiymətləndirir. Biz maşınları müsbət və mənfi rəyləri qiymətləndirməyi, sonrakı mərhələlərdə isə yüz minlərlə rəyi oxumağı öyrətmişik. Model turistlərin rəylərini qruplaşdırır və bizə onların şikayəti ilə bağlı məlumatları təqdim edir. Yekun nəticələri biz müvafiq qərar qəbul edilməsi prosesində istifadə edirik.
Mərkəz direktorunun sözlərinə görə, süni intellektin tətbiqi sayəsində "myGov" layihələrində vətəndaşların ehtiyaclarının proqnozlaşdırılması mümkün olub: "Biz ayrı-ayrı vətəndaşların hansı müddətdə hansı dövlət xidmətinə ehtiyacı ola biləcəyini proqnozlaşdıra bilirik. Dünya tendensiyalarının izlənməsi, eləcə də sosial şəbəkələrin inkişafı bizə sosial şəbəkələrin ənənəvi funksiyalarını və sadəliyini dövlət layihələrinə tətbiq etməyə imkan verir".
F.Cəfərov, həmçinin Elektron Hökumətin İnkişafı Mərkəzinin təcrübəsindən bir sıra ölkələrin yararlanması barədə məlumat verib:
"ASAN Xidmət modeli bu gün Əfqanıstanda bir sıra digər ölkələrdə tətbiq olunur. Bundan başqa. ASAN Assosiasiyası yaradılıb ki, buraya Mərakeş, Monteneqro, Türkiyə, BƏƏ, İndoneziya, Əfqanıstan və digər ölkələr daxildir. Bəzi ölkələrdə artıq "ASAN Visa" layihəsi tətbiq olunur. Biz, həmçinin bilik və təcrübələrimizlə BMT ilə paylaşırıq və digər dövlətlərin təcrübələrini öyrənirik. Yaratdığımız xidmətlər və təqdim etdiyimiz həllər baxımından biz bir çox ölkəni qabaqlayırıq".
O bildirib ki, yaxın illər ərzində Elektron Hökumətin İnkişafı Mərkəzi elektron hökumət quruculuğunun əhat dairəsini genişləndirməyi planlaşdırır:
"Bu istiqamətlərdə hüquqi bazanın yaradılması, rəqəmsallaşma prosesinə Azərbaycan vətəndaşlarının cəlb olunması, yeni xidmətlərin hazırlanması, əhalinin innovativ biliklərinin genişləndirilməsi və bir sıra digər aspektlər vacibdir. Bundan başqa, inkişaf strategiyamıza informasiya təhlükəsizliyinin gücləndirilməsi, eyniləşdirmənin müdafiəsi, data mərkəzlərinin idarə olunması imkanlarının genişləndirilməsi daxildir".
Mərkəz direktoru vurğulayıb ki, inkişafın əsas ideyası fasiləsiz elektron hökumət xidmətlərinin təqdim olunmasıdır:
"Bu baxımdan portallaqın xidmətlərini genişləndirmək, layihələrin rəqəmsallaşdırılmasına böyük diqqət ayırmaq, xidmətlərdən istifadə proseslərini sadələşdirmək, kağız sənəd dövriyyəsini minimuma endirmək, eləcə də Azərbaycan məhsullarının ixrac potensialını artırmaq planlaşdırılır".
F.Cəfərovun sözlərinə görə, Mərkəzin xidmətlərinin inkişafınin digər məqsədi süni intellektein tətbiqinin genişləndirilməsi, bir sıra xidmətlərin avtomatlaşdırılması və sürətləndirilməsidir:
"Kibertəhlükəsizlik istiqamətində biz vətəndaşların baza biliklərini artırmağı və rəqəmsal layihələrlə işləyən dövlət orqanları əməkdaşlarının ixtisaslaşmasının keçirilməsini planlaşdırırıq. Bu il ərzində isə icra hakimiyyətinin regional mərkəzi layihəsi üzərində işlərin davam etdirilməsi və rayonlardan yaşayan vətəndaşlar üçün 40-a yaxın xidmətin rəqəmsallaşdırılması planlaşdırılır".
31-05-2021, 06:30 | Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti bərpa edilib

Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti bərpa edilib.
Bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahı qərar qəbul edib.
Qərara əsasən, saat 06:00-dan metro sərnişinlərin istifadəsinə açıqdır.
Lakin həftə sonları - 5 iyun saat 00:00-dan 7 iyun saat 06:00-dək, 13 iyun saat 00:00-dan 14 iyun saat 06:00-dək, 19 iyun saat 00:00-dan 20 iyun saat 06:00-dək, 26 iyun saat 00:00-dan 28 iyun saat 06:00-dək ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılacaq.
Məlumat üçün bildirək ki, metroda sərnişindaşıma fəaliyyəti ötən il oktyabrın 19-dan dayandırılmışdı.
Qeyd edək ki, koronavirus infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycanda xüsusi karantin rejiminin müddəti 1 avqust saat 06:00-dək uzadılıb.
31-05-2021, 00:30 | Bu gündən Azərbaycanda xüsusi karantin rejimi yumşaldılır - TAM SİYAHI

Bu gündən Azərbaycanda xüsusi karantin rejimi yumşaldılır.
Bu gündən bir sıra yumşaldılma tədbirinin görülməsinə qərar verilib.
Bunlar aşağıdakılardır:
- Bu gün 06.00-dan etibarən açıq havada maskasız gəzməyə icazə verilir;
- Metro açılır, lakin metrostansiya və qatarlarda tibbi maskadan istifadə zəruridir;
- Bölgələrarası ictimai nəqliyyatın fəaliyyəti bərpa edilir;
10 iyundan isə aşağıdakı yumşalmalar olacaq:
ibadət yerləri açılır;
- İri ticarət mərkəzləri açılır;
- Çimərliklər açılır, ötənilki qaydalarla tənzimlənəcək;
- İdman zallarının fəaliyyəti bərpa edilir, lakin COVİD pasportu olan, yəni vaksinasiyadan keçmiş şəxslər üçün.
- Azərbaycanda COVİD pasportu tətbiq olunacaq.
İki doza vurulanlara vaksin sertifikatı veriləcək. İkinci sertifikat isə immunitet sertifikatıdır. Bu, xəstələnib sağalanlara veriləcək. Bu iki sertifikatın hər ikisi COVİD pasportu adlanacaq. Bunların hər hansı birinə malik olanlar idman sağlamlıq obyektlərinin xidmətindən istifadə edə biləcəklər. Gələcəkdə bu yanaşmanın toylara tətbiqi nəzərdə tutulur. Konsert, teatr və şənlik xidmətlərindən istifadə etmək istəyənlərə də COVİD pasportu tətbiq olunacaq
31-05-2021, 00:00 | Bu gündən açıq havada maska taxılması ləğv olunur

Bu gün 06.000-dan etibarən Azərbaycanda açıq havada maska taxılması ləğv olunur.
Azərbaycanda xüsusi karantin rejiminin bu gündən yumşaldılmasına qərar verilib.
Qərara əsasən, Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2021-ci il 1 avqust saat 06:00-dək uzadılıb.
28-05-2021, 14:32 | Ermənistan üçün çox pis olacaq - Türk generaldan XƏBƏRDARLIQ

"Ermənistan tərəfi son günlər sərhəddə təxribatlar törədərək Azərbaycanı guya "təcavüzkar tərəf" vəziyyətinə gətirmək istəyir".
Bunu milli.az-a açıqlamasında ehtiyatda olan türkiyəli general-mayor Özgür Tör deyib.
General bildirib ki, Ermənistan anlamalıdır ki, təxribatları onlara baha başa gələ bilər:
"Dünən Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində ərazimizə keçməyə cəhd göstərən 6 erməni diversantının yaxalanması, ondan öncə isə xeyli sayda erməni hərbçinin 3-4 Azərbaycan əsgərinə hücumları rəsmi Bakını özündən çıxarmaq üçün qurulmuş planlardır. Çalışırlar ki. Azərbaycan daha sərt addımlar atsın, onlar da "Azərbaycan bizə təcavüz edir" abu-havası yaratmaq niyyətindədirlər.

Hazırda əsas məsələ, bütün bunların xarici mediaya çox yaxşı şəkildə çatdırılması lazımdır. Sanki Kəlbəcər mövzusunda səy göstərərlərsə, prosesləri xeyirlərinə dəyişə biləcəkləri düşüncəsindədirlər. Bu da təbii ki, çox yalnışdır.
Hadisələr belə davam edəcəyi təqdirdə qarşı tərəfin nə ilə qarşılaşacağını, nəticələrinin onlar üçün çox pis olacağını da indidən başa düşmələri yaxşı olardı".
Təhməz Əsədov
Milli.Az















