4-06-2021, 08:00 | Azərbaycan yaranan fürsətdən istifadə etməyi bacardı - ŞƏRH

"Azərbaycanın pandemiya ilə milli və qlobal müstəvidə gedən mübarizəyə verdiyi töhfələr, göstərdiyi təşəbbüslər və bunun nəticələri həqiqətən təqdirəlayiqdir və dünya üçün çox maraqlıdır".
Bunu milli.az-a açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.
O bildirib ki, Azərbaycan o ölkələrdən olub ki, özünün gücünü və təşəbbüslərini təkcə milli səviyyədə sərf etməyib:
"Biz artıq dəfələrlə müxtəlif dünya tribunalarında Azərbaycanın bu saydığım istiqamətlərdə əldə etdiyi nəticələrin nə qədər böyük rol oynadığına lazımı qiymət verildiyinin şahidi olmuşuq və ölkə Prezidenti başda olmaqla müvafiq orqanların işi yüksək səviyyədə qeyd edilib. Ümumdünya Səhiyy Təşkilatının (ÜST) sonuncu videokonfransında Azərbaycan Prezidentinin etdiyi çıxışa da ölkəmizin bu yöndə əldə etdiyi nəticələrin dünya miqyasında növbəti dəfə və daha detallı təqdimatı üçün bir fürsət kimi baxmaq lazımdır.

Ədalət xatirinə demək lazımdır ki, bu fürsətdən Prezident İlham Əliyev dövlət və cəmiyyət mənafeləri naminə maksimum faydalandı və Azərbaycanın əldə etdiyi nailiyyətlərin dünya auditoriyası üçün təqdimatına verilən fürsətdən tam şəkildə istifadə olundu. Dünya bir daha eşitdi ki, pandemiya ilə mübarizədə Azərbaycan tək-tək ölkələrdən olub ki, özünün gücünü və təşəbbüslərini təkcə milli miqyasda, milli səviyyədə sərf etməyib, eyni zamanda qlobal səylərin birləşdirilməsinə və qlobal arenada pandemiya ilə mübarizə təcrübəsinin modelinin formalaşdırılmasına öz töhfəsini verib".
A.Quliyev deyib ki, Ümumdünya Səhiyyə Assambleyasının 74-cü sessiyasında Azərbaycan bir daha mövqeyini ortaya qoydu:
"Ölkəmizin sözsüz ki, ÜST-ə göstərdiyi birbaşa maliyyə yardımı (10 milyon dollar), eləcə də 30-dan artıq dünya ölkəsinə pandemiya ilə mübarizədə göstərdiyi müxtəlif səpgili dəstəklər barədə informasiyanın bu tribunada ölkə Prezidenti tərəfindən səsləndirilməsi ölkəmizin dünyadakı nüfuzuna və reytinqinə bir fayda gətirdi. Bundan başqa, Azərbaycan Prezidentinin qlobal müstəvidə pandemiya ilə mübarizə istiqamətində indiyə qədər göstərdiyi təşəbbüslərin sırasında ən qiymətlilərindən biri olan vaksinin ədalətli bölgüsü sahəsində mövqeyini bir daha ifadə etdi.

Dünya bir daha eşitdi ki, pandemiya ilə mübarizədə vaksinin ədalətlə bölünməsi dünyanın bütün ölkələrinin vaksinə bərabər çıxış imkanlarının təmin olunması, vaksin millətçiliyinin yolverilməzliyi ilə bağlı Azərbaycanın prinsipial mövqeyi var və bu mövqeni artıq 1 ildən çoxdur ki, Azərbaycan davam etdirir. Xüsusilə də Qoşulmama Hərəkatının pandemiya ilə mübarizə sahəsində ayrıca konfransının keçirilməsi, türk dövlət başçılarının Zirvəsində bu məsələnin müzakirə olunması, eləcə də Azərbaycanın təşəbbüsü ilə BMT-nin xüsusi sessiyasının keçirilməsi vaksin ədalətsizliyinə qarşı mübarizədə Azərbaycanın nə qədər prinsipial mövqe tutduğunu bir daha nümayiş etdirir. Çox təqdirəlayiq haldır ki, Azərbaycan Prezidenti çıxışının əsas leytmotivi olaraq dünya ölkələrinin vaksin ədalətsizliyinə qarşı mübarizədə qüvvələrinin və səylərinin birləşdirilməsi çağırışını bu konfransda bir daha etdi. Və düşünürəm ki, bu çağırış dünya dövlətlərinin vaksin ədalətsizliyi siyasətini aparan ölkələrə qarşı vahid bir platformasının formalaşdırılmasında öz təsirini göstərəcək".
Təhməz Əsədov
3-06-2021, 11:04 | Təhsil Nazirliyinin "yandırdığı" milyonlar – FAKTLAR

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 15 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin elan etdiyi tenderin qalibləri məlum olub.
Yeniavaz.com xəbər verir ki, tenderin qalibləri "Broaden-SR" MMC və “Mennom Ltd” MMC olub. Bu şirkətlər 15 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinə tabe olan Lənkəran şəhəri, Lerik və Astara rayonları üzrə ümumtəhsil məktəblərini odunla təmin edəcək. Təhsil Nazirliyi 3 905 kub metr peçlik odun üçün "Broaden-SR" MMC və “Mennom Ltd” MMC şirkətlərinə 176 min 758 manat ödəyəcək.
- Lənkəran şəhəri üzrə ümumtəhsil məktəblərinə 94 min 813 manat dəyərində 1 607 kub metr peçlik odun alınacaq (1 kub metr 59 manat)
- Lerik rayonu üzrə ümumtəhsil məktəblərinə 75 min 222 manat dəyərində 1 260 kub metr peçlik odun alınacaq (1 kub metr 59,7 manat)
- Astara rayonu üzrə ümumtəhsil məktəblərinə 60 min 723 manat dəyərində 1 038 kub metr peçlik odun alınacaq (1 kub metr 58,5 manat)
Məlumat üçün bildirək ki, tenderin qalibi olan şirkətlər cəmi 2-3 ay əvvəl dövlət qeydiyyatına alınıblar.
"Broaden-SR" MMC 17.02.2021-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 30 manat olan MMC-nin hüquqi ünvanı Yasamal rayonu, Mirzə Fətəli Axundov küçəsi ev 133-də yerləşir. MMC-nin qanuni təmsilçisi Məmmədov Rəsul Salam oğludur.
Mennom Ltd” MMC 12.03.2021-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamaə kapitalı 30 manat olan MMC-nin hüquqi ünvanı Sabunçul rayonu, Bakıxanov ŞTQ, Gənclik küçəsi ev 23, m.65-də yerləşir. MMC-nin qanuni təmsilçisi Nurulu Rüstəm Aftandil oğludur.
Onu da bildirək ki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanların, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığın olması lazımdır. Tender müsabiqəsindən cəmi 2-3 ay əvvəl yaranan bu şirkətin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı da aydın deyil.

Xatırladaq ki, Təhsil Nazirliyi ümumtəhsil məktəblərini odun yanacağı ilə təmin etmək üçün mütəmadi olaraq tenderlər keçirir. Alınan odun yanacaqlarının qiymətləri arasında kəskin fərqlər olur. Eyni zamanda qazlaşma səviyyəsinin 100 faiz olduğu rayonlarda belə məktəblər üçün odun yanacağı alınır.
3-06-2021, 10:03 | Daha 5 şəhid övladının adına hesab açılacaq

"YAŞAT" Fondunun Vətən müharibəsindən sonra dünyaya gələn şəhid övladları üçün layihəsi davam edir.
Şəhidlərimiz Rusif Kazımovun övladı Nuranyusifin, Xəqani Fətiyevin övladı Xəqaninin, Elvin Məmmədovun övladı Zəhraxanımın, İbrahim Rüstəmlinin övladı İbrahimin, Əlisahib Ələkbərovun övladı Əlisahibin zəruri xərcləri Fond tərəfindən qarşılanıb.
Bu məqsədlə 1000 AZN analara təqdim olunub və dünyaya yeni göz açan körpələrin adına 5000 AZN-lik hesab açılacaq. Həmin hesaba vəsait Fonda edilən ianələr hesabına toplanmış məbləğdən köçürülür.
Həmin məbləğin üzərinə mütəmadi olaraq faiz toplanılacaq və həmin şəhid övladı 18 yaşına çatdıqdan sonra toplanan məbləği özü hesabından çıxara biləcək.
Qeyd edək ki, bankla ana arasında bağlanmış müqaviləyə əsasən bəzi zəruri hallarda ana həmin vəsaiti daha tez çıxara biləcək. Həmçinin ana həmin məbləği istənilən valyutaya da dəyişə bilər.
Allah şəhidlərimizə rəhmət etsin!
Xatırladaq ki, "YAŞAT" Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir.
Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid:
https://yashat.gov.az/report/tableau
Həmçinin Fondun 8110 "Çağrı" Mərkəzi fəaliyyət göstərir.
Milli.az
3-06-2021, 09:31 | İtkin düşmüş daha bir hərbçimizin nəşi tapıldı

Vətən müharibəsində itkin düşmüş daha bir hərbçimizin nəşi tapılıb.
8 aydır itkin hesab edilən Mustafayev Elvin Fuad oğlunun nəşi tapılıb. Onun cənazəsi bu gün Gəncə şəhərinə gətiriləcək.
Qeyd edək ki, Elvin Mustafayevin nəşi Murovdağ ərazisində tapılıb.
Allah rəhmət eləsin!
APA
3-06-2021, 08:13 | Daha bir hərbçimizin şəhid olduğu məlum olub - FOTO

Vətən müharibəsində itkin düşmüş daha bir hərbçimizin nəşi tapılıb.
Bu barədə şəhidin qardaşı məlumat verib.
Göygöl rayonu, Murovdağ qəsəbə sakini MAHHXQ 1999-cu il təvəllüdlü Verdiyev Eldəniz Rabil oğlunun Murovdağ istiqamətində nəşi tapılıb.
Şəhid Göygöl rayon Şəhidlər xiyabanında dəfn olunacaq.
Qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri Verdiyev Eldəniz Rabil oğlu 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edib. O, sentyabrın 27-də Murovdağ döyüşləri zamanı itkin düşüb.
Allah rəhmət eləsin!
APA
3-06-2021, 06:32 | Alimlər beyin xərçəngi və sinir siqnalları arasında bağlılıq olduğunu müəyyən ediblər

Alimlərin fikrincə, xərçəng şişlərinin yaranmasında təkcə hüceyrə mutasiyalarının deyil, müəyyən sinir siqnallarının da rolu var.
Tədqiqatlara görə, I tip neyrofibromatozda neyronların adi aktivliyi bu cür siqnal qismində ola bilər. İnsanda genetik xəstəlik olan neyrofibromatoz zamanı böyük ehtimalla şiş əmələ gəlir; bu, adətən xoşxassəli olur, lakin bədxassəli şişlər də yaranır. Şişlər periferik sinirlərdə və baş beyində əmələ gəlir.
Stenford Universitetindən və Sent-Luis Vaşinqton Universitetindən tədqiqatçılar genetik baxımdan neyrofibromatoza meyilli olan siçanlar üzərində eksperiment aparıblar. Doqquz həftəlik siçanlarda görmə sinirinin qlioması yaranıb, 12-16-cı həftələrdə isə onların hamısında şiş olub.
Lakin 9 və 16 həftəlik siçanları qaranlıqda saxlayanda, adi şəraitdən fərqli olaraq, qlioma ehtimalı qəfil aşağı düşüb. Siçanların hamısında genlər eyni olub. Deməli, məsələ işıqla bağlı olub - işıq görmə sinirlərini qıcıqlandırıb və onlarda şiş yaranmağa başlayıb.
Sonrakı eksperimentlər göstərib ki, siçanlar qaranlıq mühitdə bir qədər əvvəl - 6 həftəlik vaxtından 12 həftəliyinədək saxlanılsaydı, onlarda ümumiyyətlə şiş yaranmayacaqdı. "Nature" jurnalında qeyd edilir ki, əgər şişi olan daha yetkin, o cümlədən 12 həftəlik və daha böyük siçanlar qaranlıqda saxlanılsaydı, şiş onlarda sağalmasa da, böyüməyəcəkdi. Bu, bir daha təsdiq edir ki, şiş mutasiyası özlüyündə mütləq şəkildə şiş doğurmur, bunun üçün onu müşayiət edən şərait də olmalıdır.
Neyrofibromatoz mutasiyalı siçanlarda neyroligin-3 zülalının səviyyəsi yüksəkdir. Onun səviyyəsi görmə siniri aktiv olanda, yəni göz işığı hiss edəndə yüksəlir. Zülalın işini dayandıranda, görmə sinirinin aktivliyinə baxmayaraq, şiş daha gec yaranacaq və ölçüsü daha kiçik olacaq.
Alimlər qeyd edirlər ki, insan beyin şişlərində də neyroligin-3 zülalının səviyyəsi adidən yüksəkdir. İşığı, neyroligini və şişin inkişafını əlaqələndirən molekulyar mexanizmin təfərrüatları hələ ki tam aydın deyil. Lakin neyrofibomatozlu uşaqlarda şişin yaranmasına yol verməmək məqsədilə bu zülala təsir edə biləcək hansısa dərmanlar üzərində düşünmək olar.
AZƏRTAC
2-06-2021, 14:17 | İcra başçısı Eldar Mahmudovun kadrından NİYƏ QORXUR? - İLGİNC FAKT

Binəqədi rayonu, Biləcəri qəsəbəsinin icra nümayəndəsi sakinlərin narazılığına səbəb olmaqdadır. Bu barədə DİA.AZ-a müraciət edən Biləcəri sakinləri bildirirlər ki, başçının qəsəbədəki nümayəndəsi Osman Qasımov açıq-aşkar arayış alveri ilə məşğuldur və hətta icra başçısı Elxan Allahgverdiyev də bu adamla bacarmır.

Xatırladaq ki, əslində Osman Qasımov keçmiş icra başçısı Xaləddin İsgəındərovdan qalma kadrdır və 2017-ci ildən sözügedən vəzifəni tutan Osman Qasımovun icra nümayəndəsi postuna gətirilməsində keçmiş MTN rəhbərliyinin rolu da olubmuş.
Dia.az bildirir ki, bu barədə yerli KİV-də də yetərincə informasiyalar yayılıb.
Osman Qasmovla bağlı apardığımız araşdırmalar zamanı ortaya ilginc bir fakt da çıxıb.
Sən demə, cənab Qasımov vaxtilə tanınmış jurnalist Pərviz Həşimlinin də həbsində müstəsna rol oynayıbmış. Bu barədə həmin dönəmdə yazan Gununsesi.info saytında qeyd olunur ki, Osman Qasımov jurnalist Pərviz Həşimlinin şərlənməsində də xüsusi rolu ilə seçilib. Belə ki, MTN-nin xüsusi təyinatlıları jurnalistin evinə silahlı hücum edərək, pəncərədən mənzilə daxil olub, silah yerləşdirən zaman Osman Qasımov saxta şahid kimi prosesə cəlb olunub. Baş verənləri inkar edən “şahid” istintaqa ifadəsində yalan ifadə verib.
İndi isə dia.az-a verilən informasiyalardan aydın olur ki, məhz belə bir İMTİYAZLI icra nümayəndəsi rayonun icra başçısı Elxan Allahverdiyev üçün olduqca çətin bir MANEƏDİR...
Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin.
İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
2-06-2021, 14:03 | Şəhid Nahid Soltanovun doğum günü idi - VİDEO

Ermənistan silahlı qüvvələrinin son 30 il ərzində Qarabağ istiqamətində atəşkəsi pozması nəticəsində yüzlərlə hərbi qulluqçumuz şəhid olub. Onlardan biri də bu gün 26 yaşı tamam olan Nahid Soltanovdur. 4 il əvvəl Ağdam istiqamətində düşmən snayperi tərəfindən vurulan şəhidimizin xatirəsi doğulub boya-başa çatdığı Hacıqabulun Qızılburun kəndində yad edilib. Onun və kənddən olan digər şəhidlərin xatirəsinin əziz tutulması üçün xüsusi lövhə hazırlanıb.
Hacıqabuldan olan şəhidimizin ad günü xüsusi qeyd edilib.
Şəhid Nahid Zahid oğlu Soltanov 1995-ci ildə iyun ayının 1 də Hacıqabul rayon Qızılburun kəndində dünyaya göz açıb..Uşaq yaşlarından idmana olan marağı onun döyüşkən ruhda böyüməyinə səbəb olub. 2016-ci ildə ali məktəbi bitirdikdən sonra Nahid Soltanov vətənə olan müqəddəs borcunu yerinə yetirmək üçün hərbi xidmətə yola düşür.
Hərbi xidmətdə olan zaman Nahid, öz igidliyi və mərdliyi ilə həmişə fərqəlnərək hərbi hissə komandirləri tərəfindən daim qiymətli hədiyyələr və fəxri fərmanlarla mükafatlandırlıb.
Nahid Soltanov Ağadam rayon Qaradağlı kəndi istiqamətində düşmən snayperi tərəfindən vurularaq başından güllə yarası alır və hospitala yerləşdirilir. Bir neçə gün orda müalicə alsa da, 22 İyul 2017-ci ildə şəhidlik zirvəsinə ucalır.
Onun doğum günündə həm Nahidin, həm də Qızılburun kəndinin digər şəhidlərinin xatirəsi əziz tutulması üçün xüssusi plakat hazırlanıb. Keçirilən tədbirdə şəhidlərimizin qəhrəmanlığından danışılıb.
xezerxeber.az
2-06-2021, 07:51 | Bölgədəki atəşkəs şəraitində Fransanın hər hansı rolunu görmürük - Leyla Abdullayeva

Öncə vurğulamaq istərdik ki, bölgədə atəşkəs təmin edilir və bunun əsasında Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 2020-ci il noyabrın 10-da imzaladığı birgə Bəyanat dayanır. Azərbaycan ərazisində müvəqqəti yerləşən Rusiya sülhməramlı qüvvələri sülhməramlı missiyanı yerinə yetirərək atəşkəsin təmin olunmasına çalışırlar. Bu məsələdə Fransanın hər hansı rolunu görmürük.
Bunu Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Fransa Prezidenti Emanuel Makronun Ermənistan baş naziri ilə birgə mətbuat brifinqində səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.
Leyla Abdullayeva bildirib ki, Azərbaycan tərəfi hər zaman bütün hərbi əsirlərin "hamının hamıya" prinsipi əsasında dəyişdirilməsi mövqeyindən çıxış edib. Dəfələrlə bəyan etdiyimiz kimi, Azərbaycanda erməni əsilli hərbi əsir yoxdur, o ki, qaldı üçtərəfli Bəyanat imzalandıqdan sonra 2020-ci il noyabrın 26-da Azərbaycan ərazisinə göndərilən və burada terror aktı törədən diversant qrupun üzvlərinə, habelə mayın 27-də Kəlbəcər rayonu istiqamətində ərazimizə daxil olaraq yolların minalanmasına yönələn təxribatçı fəaliyyət cəhdi göstərən kəşfiyyat-diversiya qrupunun üzvlərinə, onlar hərbi əsir deyillər.
Ermənistan tərəfindən itkin düşmüş erməni əsgərləri ilə bağlı irəli sürülmüş saxta ittihamlar ilə bağlı qeyd etmək istərdik ki, bu günlərdə Ermənistanda aşkar edildiyi kimi itkin düşmüş erməni əsgərləri morqların birində soyuducuda saxlanılır və bu da Ermənistanda böyük qalmaqala səbəb olub. Azərbaycan isə öz tərəfindən humanitar prinsiplərdən çıxış edərək 1600-ə yaxın erməni hərbçisinin cəsədlərini tapmışdır və bu prosesdə Rusiya sülhməramlıları və Beynəlxalq Qızıl Xaç iştirak ediblər. Erməni əsgərlərinin cəsədləri qarşı tərəfə təhvil verilib. Lakin hələ 1-ci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4000-dək azərbaycanlı barədə məlumat bu günədək Ermənistan tərəfindən verilməyib.
Fransa Prezidentinin çıxışında müsəlman abidələrinin də bərpa olunmasına dair fikrini alqışlayırıq. Lakin Fransa Prezidentinin çıxışında istinad etdiyi Dağlıq Qarabağ adı ilə bağlı vurğulamaq istərdik ki, belə bir inzibati ərazi vahidi mövcud deyil.
Çıxışda istinad edilən birbaşa dialoq məsələsinə gəldikdə, bu artıq baş verir. 2021-ci il yanvarın 11-də Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı Bəyanata istinadən baş nazirlərin müavinləri səviyyəsində görüşlər keçirilir və dialoq mövcuddur. Lakin Fransanın bu prosesdə hər hansı rolu yoxdur.
Delimitasiya və demarkasiya prosesinə gəldikdə, bəyan etdiyimiz kimi, Azərbaycan delimitasiya prosesinə başlamağı dəstəkləyir və bu proses danışıqlar yolu ilə öz həllini tapmalıdır.
Bir daha da qeyd etmək istərdik ki, Azərbaycan hərbiçiləri öz doğma torpaqlarında xidmət göstərirlər. Təəssüf hissi ilə qeyd etmək istərdik ki, 1997-ci ildən Fransa həmsədr qismində fəaliyyət göstərsə də Fransa tərəfindən heç zaman Ermənistan qoşunlarının işğal altında olan Azərbaycan torpaqlarından çıxarılması ilə əlaqədar çağırış edilməyib. Baxmayaraq ki, bu BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələbi idi.
Sərhəd məsələlərinin müzakirələr yolu ilə həll edilməsinə gəlincə bildirmək istərdik ki, Azərbaycan münaqişənin danışıqlar yolu ilə həllinin daim tərəfdarı olub və 28 il danışıqlar prosesində iştirak edib. Odur ki, Azərbaycan hər zaman müzakirələrə və danışıqlar prosesinə açıqdır.
Fransanın qəti şəkildə regiona qayıtması barədə açıqlama isə anlaşılan deyildir. Fransa həmsədr ölkədir və bu statusda 1997-ci ildən regional proseslərdə iştirak edir. Ona görə də bu açıqlama anlaşılan deyil.
Sirr deyil ki, Fransanın Ermənistana xüsusi rəğbəti vardır, amma Minsk Qrupunun həmsədri kimi bu ölkə rəsmi neytrallığını saxlamalıdır. Ümid edirik ki, həmsədrlik mandatına uyğun olaraq Fransa tərəfindən neytral və qərəzsiz mövqe sərgilənəcəkdir.
Milli.Az
















