8-05-2021, 00:00 | Bu şəhərlərdə məktəblər açılır

Təhsil Nazirliyi Kollegiyasının müvafiq qərarına əsasən, Bakı, Sumqayıt, Gəncə və Şəki şəhərlərinin, Abşeron rayonunun ərazisində yerləşən ümumi və məktəbdənkənar təhsil müəssisələrində 17 may 2021-ci il tarixindən əyani tədris forması qismən bərpa ediləcək.
Təhsil Nazirliyindən bildirilib ki, həmin tarixdən etibarən Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda yerləşən ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq mərhələsində və ümumi orta təhsil səviyyəsində (V-IX siniflərdə) tədris həftədə 2 dəfə, ibtidai təhsil səviyyəsində isə (I-IV siniflərdə) həftədə 3 dəfə olmaqla əyani formada təşkil ediləcək.
Gəncə və Şəki şəhərlərində yerləşən, layihə tutumu və şagird sıxlığı təhsilalanlar arasında ən azı 1.5 metr məsafəni gözləməyə imkan verən məktəblərin icma əsaslı təlim qrupları və məktəbəhazırlıq mərhələsində tədris həftədə 4 dəfə, ümumi orta təhsil səviyyəsində (I-IX siniflərdə) həftədə 5 dəfə əyani şəkildə təşkil olunacaq. Qeyd olunan şəhərlərdə layihə tutumu və şagird sıxlığı təhsilalanlar arasında ən azı 1.5 metr məsafəni gözləməyə imkan verməyən məktəblərin icma əsaslı təlim qrupları və məktəbəhazırlıq mərhələsində isə həftədə 2 dəfə, ümumi orta əhsil səviyyəsində (I-IX siniflərdə) həftədə 3 dəfə olmaqla əyani aparılacaq.
Kollegiyanın qərarına əsasən, Bakı, Sumqayıt, Şəki və Gəncə şəhərlərinin, Abşeron rayonunun ərazisində yerləşən xüsusi məktəblər, xüsusi internat məktəbləri və inteqrasiya təlimli internat tipli təhsil müəssisələrinin xüsusi siniflərində (I-IX siniflərdə) həftədə 5 dəfə olmaqla dərslər əyani bərpa ediləcək. Xüsusi məktəblərin ibtidai və ümumi orta təhsil səviyyəsində (I-IX siniflərdə), karlar, zəif eşidən və sonradan karlaşmış və kor şəxslər, həmçinin nitqi qüsurlu şəxslər üçün xüsusi internat məktəblərinin ibtidai və ümumi orta təhsil səviyyəsində tədris (I-XI, I-XII, I-X, I-IX siniflərdə) həftədə 5 dəfə olmaqla əyani keçiriləcək.
Həmçinin Bakı, Sumqayıt, Şəki və Gəncə şəhərlərinin, Abşeron rayonunun ərazisində yerləşən məktəbdənkənar təhsil müəssisələrində aşağı və orta yaş qruplarında (I-IX siniflər) dərnək məşğələləri həftədə 2 dəfə olmaqla əyani aparılacaq.
23-04-2021, 07:51 | Hüseynbala Mirələmov YAP-dan çıxarılır - AÇIQLAMA

"Yeni Azərbaycan Partiyasının hər hansı üzvü partiyanın imicinə və əsasnaməsinə uyğunsuz hərəkət edirsə, bundan kənara çıxırsa, onunla bağlı tədbir görülməlidir".
Bunu Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının üzvü, deputat Tahir Rzayev deyib.
O, Şuranın üzvü, sabiq deputat Hüseynbala Mirələmovun yayılan qeyri-etik videosuna görə partiyadan çıxarıla biləcəyini istisna etməyib:
"Bu məsələ təsdiqini taparsa, nə isə demək olar. Hesab edirəm ki, partiyamızın hər bir üzvü öz hərəkətlərinə, danışığına sədd qoymalıdır. Hər şey ölçüb-biçilməlidir. Mən də partiyanın nüfuzuna, nizamnaməsinə uyğun olmayan hərəkət edən hər bir üzvün çıxarılmasının tərəfdarıyam".
Tahir Rzayev Hüseynbala Mirələmovla bağlı məsələnin Veteranlar Şurasında müzakirə edilə biləcəyini də söyləyib:
"Partiyanın Mərkəzi Aparatı, Veteranlar Şurasının sədri və digər rəhbərlərin fikrindən sonra bu məsələ kollegial qaydada müzakirə oluna bilər. Yaxud İdarə Heyətində və rayon təşkilatında müzakirə də aparıla bilər. Hüseynbala Mirələmov həm də Xətai rayon təşkilatının sədridir. Qaydaya görə, onun partiya üzvlüyündən çıxarılması təşkilat tərəfindən irəli sürülə bilər".
23-04-2021, 07:18 | 2 saat az yatmaq insana necə təsir edir? - ARAŞDIRMA

Sutkalıq yuxu normasının cəmi 2-3 saat az olması insanı qəzəbli, narazı və bədbin edir. Normasını yatmayan insan gündüz kiçik bir narahatlıq zamanı qıcıqlanır, özünü idarə edə bilmir, qəzəbini başqalarından çıxır.
ABŞ psixoloqlarının apardığı tədqiqatda yuxusuzluğun insan psixikasına təsiri araşdırılıb.
Təcrübədə 142 nəfər insan 2 qrupa ayrılır. Bir qrup gecələr 7 saat yuxu yatır, ikinci qrup isə hər gecə 2-3 saat az yatıb. Təcrübədən əvvəl və sonra bütün iştirakçılara bəzi tapşırıqlar verilir və otaqda qıcıqlandırıcı musiqi səslənir. İştirakçılara narahat, qəzəbləndirici və qıcıqlandırıcı şərait yaradılır.
"Sutkalıq normadan az yatan ikinci qrupun üzvləri qıcıqlara daha neqativ və sərt reaksiya verir, musiqini azaltmağı xahiş edirdilər. Birinci normal yuxu alan qrup isə daha stabil və rahat davranırdı".
Bu araşdırmanın nəticələri real həyatda da təsdiqini tapdı. 200 tələbə arasında aparılan aylıq sorğu göstərdi ki, sutkada daha az yatan tələbələr həmin gün çox qəzəblənir, hirslənir və tədrisdə geri qalırdılar.(medicina.az)
23-04-2021, 06:53 | İcra başçısı birinci müavin və baş memarı işdən çıxardı

Goranboy Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ceyhun Həsənov və Baş memar Rüstəm Mehdiyev vəzifədən azad ediliblər.
Bu barədə icra başçısı Məhərrəm Quliyev əmr imzalayıb.
Hər iki vəzifəyə hələlik təyinat yoxdur.
Qeyd edək ki, C.Həsənov karyerası ərzində Goranboy Rayon İcra Hakimiyyətində ikinci dəfə idi ki, birinci müavin postunu tuturdu.
Hazırda həbsdə olan Nizaməddin Quliyev Goranboy rayonuna icra başçısı təyin edilən zaman - 2009-cu ildə eks birinci müavini vəzifədən azad etmişdi.
Ceyhun Həsənov ikinci dəfə 2019-cu ilin iyununda birinci müavin vəzifəsinə təyin olunmuşdu.
22-04-2021, 12:44 | "Hacıqabuldakı işlər bütün ölkədə görüləcək"

"Bölgələrimizin sosial iqtisadi inkişaf proqramlarının necə icra olunduğunu yoxlamaq və bu dövlət layihəsinin necə əhəmiyyətli olduğuna əmin olmaq üçün Prezidentin bölgəyə səfərləri olduqca böyük əhəmiyyət kəsb edir. Çünki bu səfərlərin gedişində biz Hacıqabul rayonunda da gördük ki, həm proqramların yerlərdə necə icra olunması vəziyyətinə dair məlumat ala bilirik, həm də bu layihənin ümumiyyətlə ölkə üçün nə qədər əhəmiyyətli və bölgələrimizin görkəmini, vəziyyətini dəyişdirməkdə necə böyük gücə malik olduğuna əmin olmaq mümkündür".
Bunu milli.az-a açıqlamasında "Bakı-Xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.
Ekspert bildirib ki, aqroparkların açılması bölgədəki ümumi inkişaf prosesi üçün böyük təkan gücünə malikdir:
"Hacıqabul rayonunda Prezidentin aqroparkların, sənaye məhəllərinin yaradılması və onun əhəmiyyəti barədə fikirləri ümumiyyətlə ölkənin digər bölgələri üçün də maraqlı bir siqnal kimi qarşılanacaq. Çünki təkcə belə bir faktı demək kifayətdir ki, əgər bir aqroparkda kənd təsərüffatı sistemi üçün məhsuldarlıq dərəcəsi digərləri ilə müqayisədə iki dəfə artıq nəticə ortaya qoya bilirsə, demək belə aqroparklar layihəsi üzərində düşünməyə dəyər. Yəni ölkənin başqa bölgələrində də bu cür layihələrin, aqroparkların, sənaye məhəllələrinin və s. yeni formalarının tətbiqinə ciddi ehtiyac var. Çünki bu layihələr Hacıqabulun da timsalında göründüyü kimi həm rayon miqyasında, bölgədə işsizliyin aradan qaldırılması, bölgənin sosial vəziyyətinin yaxşılaşdırılması, əmək ehtiyyatlarından daha səmərəli istifadə olunması və ümumən bölgədəki ümumi inkişaf prosesi üçün böyük təkan gücünə malikdir. Ona görə Hacıqabul səfəri dövlətin sosial inkişaf proqramlarının real nəticələrini dəyərləndirmək baxımından əhəmiyyətlidir".
A.Quliyev deyib ki, Prezidentin Hacıqabula səfəri dövlət proqramlarının çox uğurlu bir layihə olduğunu göstərir:
"Bu proqramların həyata keçirilməsində çox təəssüf ki, bəzi hallarda biz məmur özbaşınalıqlarını da görürük, nöqsanlar görürük. Bu nöqsanların ortalığa çıxarılmasında və aradan qaldırılmasında da Prezidentin bölgəyə səfərləri böyük rol oynayır. Məsələn, orada bəlkə də kimlərəsə adi görünə bilər ki, suvarma suyunun bölünməsində məmur özbaşınalıqlarına dair Prezidentin tutduğu iradlara dərhal reaksiyalar gəlir, həm də təsdiqləyici reaksiyalar. Bəlli olur ki, hələ də bizim bölgələrimizdə suvarma suyunun ədalətsiz və qrup maraqları çərçivəsində məmurlar tərəfindən bölüşdürlməsi kimi hallara rast gəlinir. Ona görə də Prezidentin xüsusilə də Hacıqabula səfəri həm oranın sosial-iqtisadi vəziyyətinin, infrastrukturlarının və yeni iqtisadi texnologiyların tətbiqi sahəsində nə qədər dəyişdiyini göstərir, həm də bölgələrin sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının çox uğurlu bir layihə olduğunu göstərir. Mən əminəm ki, Azərbaycanın başqa bölgələrinin hər hansı birində də sosial-iqtisadi inkişaf proqramları üzrə təhlillər aparılsa, bütün istiqamətlərdə xeyli dərəcədə dəyişikliklərin olduğuna əmin olacağıq".
22-04-2021, 12:14 | Nazir müşavirindən gözlənilməz addım: Hüseynbala Mirələmovu müdafiə etdi

Yeni Azərbaycan Partiyası (YAP) Xətai Rayon Təşkilatının sədri, sabiq millət vəkili, yazıçı Hüseynbala Mirələmovla bağlı yayılan qeyri-əxlaqi video cəmiyyətin böyük narazılığına və geniş müzakirəsinə səbəb olub.
Sosial şəbəkədə aparılan belə müzakirələrdə 76 yaşlı siyasətçinin nəvəsi yaşda qızla qeyri-əxlaqi rəftarı mütləq əksəriyyət tərəfindən qınanılıb. Təəssüf doğuran haldır ki, bəzi hallarda ayrı-ayrı şəxslər eks-deputatın çirkin davranışlarını hansısa məqsəd, yaxud daşıdığı status naminə "malalamağa" çalışıblar.
Belələrindən biri də Təhsil Nazirinin müşaviri Elnur Nəsibovdur. O, "Facebook" hesabında hadisəyə münasibət bildirib. Böyük ehtimalla yazıçı H.Mirələmovu nəzərdə tutaraq yazıb ki, "Ölkədə hamı əxlaqlı imiş, bir o kişidən başqa..". Nazir müşavirinin statusuna görə, sanki ölkədə hamı Hüseynbala Mirələmov ağıldadır, hamı əxlaqsızdır və bu, adi haldır.
Nazir müşavirinin dostluğunda olanların əksəriyyəti onun bu statusuna "like" qondurub. Lakin aralarında vicdanlı tərpənib nazir müşavirinin rəyini düzgün yanaşma hesab etməyənlər də tapılıb.(yenisabah.az)
22-04-2021, 11:56 | Hüseynbala Mirələmov vəzifəsindən azad edildi

"Biz də bu hadisə barədə görüntüləri əksəriyyət kimi sosial şəbəkələrdə gördük və izlədik. Görüntülərin qeydə alındığı otaq universitetin deyil. Onun başqa vəzifələri də var".
Bunu "Report"a açıqlamasında Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) İctimaiyyətlə Əlaqələr və Marketinq Departamentinin direktoru Bəhruz Nəzərov ADNSU-nun kafedra müdiri Hüseynbala Mirələmovla bağlı yayılan görüntülərə münasibət bildirərkən deyib.
Sözçü bildirib ki, görüntülər yayıldıqdan sonra Hüseynbala Mirələmov ADNSU-nun Qaz Neft Mühəndisliyi fakültəsinin "Neftin, qazın nəqli və saxlanması" kafedrasının müdiri vəzifəsindən azad edilib:
"O, bu gün səhər öz ərizəsi ilə işdən azad olunub".
Qeyd edək ki, aprelin 21-də sabiq deputat H.Mirələmovun sosial şəbəkələrdə qeyri-etik hərəkətlərinin olduğu videosu yayılıb. Həmin görüntülərin də ADNSU-nun Elmi Şurasının onlayn iclası zamanı çəkildiyi bildirilir.
22-04-2021, 11:54 | Məhdudiyyətlərin tətbiqi üçün səbəb yoxdur - Millət vəkili - VİDEO

Bu gün koronavirusla bağlı məhdudlaşdırılmanın tətbiq edilməsi üçün hər hansı səbəb yoxdur.
Bunu ARB24-ün "İş vaxtı" verilişinə açıqlamasında millət vəkili İlham Məmmədov deyib. O bildirib ki, gündəlik yoluxma sayının 2000 civarında olması epidemioloji vəziyyətin nəzarət altında olmasının göstəricisidir:
"Vaksinasiyanın sürətləndirilməsi və yayadək əhalinin 50-60 faizinin peyvəndlənməsi virusla mübarizəmizin əsas mərhələsini keçməyimizi şərtləndirən vacib məqamlardan biridir. Bundan sonra sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq məhdudiyyətlərin ləğv edilməsi istiqamətində müəyyən addımlar atıla bilər".
Millət vəkili onu da qeyd edib ki, həftəsonları avtobuslarla bağlı tətbiq edilən məhdudiyyətlər yoluxmanın azalmasına xidmət edir.
22-01-2021, 13:10 | Narazı şagirdlər yenidən qiymətləndirmədən keçə bilərlər - Şöbə müdiri

2020-2021-ci tədris ilinin birinci yarım illik qiymətlərindən narazı qalan şagirdlər qiymətlərinin yaxşılaşdırılması üçün yenidən qiymətləndirmədən keçə bilərlər.
Bunu Təhsil Nazirliyinin təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqubova bildirib.
Onun sözlərinə görə, bununla bağlı apelyasiya komissiyası fəaliyyət göstərəcək.
V.Yaqubova əlavə edib ki, belə şagirdlər fevralda əyani şəkildə qiymətləndirmədən keçə biləcəklər.
22-01-2021, 09:52 | Türkiyə XİN: Azərbaycan ilə Türkmənistan arasında imzalanan Anlaşma Memorandumunu məmnuniyyətlə qarşılayırıq

Azərbaycan ilə Türkmənistan arasında Xəzər dənizində "Dostluq" yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanmasını məmnuniyyətlə qarşılayırıq.
Bu ifadələr Türkiyə Xarici İşlər Nazirliyinin mövzu ilə bağlı açıqlamasında əksini tapıb.
Açıqlama belə davam edir: "Bu anlaşmanın iki ölkənin dostluğunu gücləndirməsini, dost və qardaş Azərbaycan və Türkmənistan xalqlarına xeyirli olmasını və bölgənin rifahı və sabitliyinə güc gətirməsini istəyirik. Bu anlaşmanın Türkiyə ilə Avropanın qalan hissələrinin enerji təhlükəsizliyini artıracaq layihələrin də önünü açmasını arzu edirik" .(Trend)


















