5-01-2024, 13:21 | İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını təbrik edib

Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını təbrik edib.
Respublica.Az AZƏRTAC-a istinadən bildirir ki, təbrik məktubunda deyilir:
"Hörmətli həmvətənlər!
Milad bayramı münasibətilə Azərbaycanın bütün xristian icmasını ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm.
Zəngin tolerantlıq ənənələri ilə tanınan Azərbaycanda ayrı-ayrı xalqların və dinlərin mənsubları yüz illərdir ki, əmin-amanlıq, qarşılıqlı hörmət və etimad şəraitində yaşayırlar. Biz cəmiyyətimizin üstün keyfiyyətlərindən olan etnik-dini müxtəlifliyi dövlətçiliyimizin misilsiz nailiyyəti kimi qiymətləndirir, ölkəmizdə hökm sürən demokratik birgəyaşayış mühitinin qorunub saxlanılmasını, humanizm və dözümlülük prinsiplərinə əsaslanan mütərəqqi ictimai dəyərlərin təbliği və təşviqini dövlət siyasətimizin prioritet istiqamətlərindən biri hesab edirik.
Təqdirəlayiq haldır ki, xristian həmvətənlərimiz nümunəvi dövlət-din münasibətlərinin yaratdığı geniş imkanlardan yararlanaraq özünəməxsus adət-ənənələri, dil və mədəniyyəti yaşadır, ölkəmizdə həyata keçirilən böyük quruculuq işlərində, ictimai-siyasi həyatımızın bütün sahələrində digər etiqadların nümayəndələri ilə birlikdə yaxından iştirak edirlər.
Əziz həmvətənlər!
Milad bayramı yeniliyi, paklığı, mərhəmət və xeyirxahlıq kimi ülvi hissləri özündə təcəssüm etdirir. Bu əziz gün münasibətilə bir daha hamınıza bayram təbriklərimi yetirir, ailələrinizə səadət, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram.
Bayramınız mübarək olsun!"
Respublica.Az
29-12-2023, 14:20 | "Tədris müddəti qısadır, müzakirələrə başlamalıyıq"

Tədris günlərinin sayı ilə akademik nəticələr arasında çox sıx əlaqə var.
Respublica.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev AZTV-yə müsahibəsində deyib.
Nazir qeyd edib ki, Azərbaycanda tədris günlərinin sayı elə də çox deyil.
"Tədris müddətimiz uzun deyil. Bu uzun müddətli islahat istiqaməti ola bilər. Cəmiyyətdə belə müzakirələr çoxdur. Biz təhsili məişət səviyyəsində saxlayıb, o səviyyədə də müzakirə aparsaq, elə bu səviyyədə də qalacaq.
Anlamalıyıq ki, tədris müddəti ilə akademik nəticə arasında əlaqə var. Bu istiqamətdə müzakirələrə başlamalıyıq. Ən ağrılı yerimiz ictimai müzakirənin keyfiyyətidir. İlk növbədə problemi qəbul etməliyik. Məsələn, bizdə tədris müddəti qısadır və bu problemdir", - deyə E. Əmrullayev bildirib.
Respublica.Az
29-12-2023, 05:56 | Əli Əsədovdan yeni qərar...

Radiotezliklərin müddətli ayrılmasına keçid ilə əlaqədar olaraq, radiotezlik istifadəçilərinə vurulan zərərə görə kompensasiyanın verilməsi şərtləri və mexanizmi təsdiq edilib.
Respublica.Az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, Kompensasiya Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Dövlət Radiotezliklər İdarəsinin hesabına maliyyələşdiriləcək. Ayrılmış radiotezliklərin (radiotezlik zolaqlarının) qüvvədə olan tezlik zolaqlarının ayrılması cədvəlinə və radiotezliklər spektrinin perspektiv istifadə planına uyğunlaşdırılması məqsədilə Azərbaycan Respublikasının Radiotezliklər üzrə Dövlət Komissiyası tərəfindən müvafiq qərar qəbul edilir.
Dövlət Komissiyasının qəbul etdiyi qərar 10 iş günü müddətində keçid ilə əlaqədar radiotezlik istifadəçisinə vurulan zərərə görə kompensasiyanın məbləğinin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə göndərilir.
Radiotezlik istifadəçisinə vurulan zərərə görə kompensasiyanın məbləği Nazirlik tərəfindən müəyyən edilir. Nazirlik kompensasiya məbləğini müəyyən etmək üçün
Aşağıdakı tədbirləri həyata keçirir:
- radiotezlik istifadəçisi tərəfindən istifadə edilən radiotezliklərdə (radiotezlik zolaqlarında) istifadə olunan dövlətqeydiyyatında olan radioelektron vasitələrinin mövcudluğu və onların sayı haqqında məlumat toplayır və təhlil edir;
- radioelektron vasitələrin bazar qiymətləri və amortiza-siyası haqqında məlumat toplayır və təhlil edir;
- radiotezlik istifadəçisinə ödəniləcək kompensasiya ilə əlaqədar müzakirələr aparır;
- razılaşma əldə edilmədikdə və ya kompensasiya məbləğinin müəyyən edilməsində əlavə mütəxəssis rəyinə ehtiyac
yarandıqda, radiotezlik istifadəçisinin hesabına müstəqil qiymətləndirici cəlb edir;
- radiotezlik istifadəçisi tərəfindən istifadə edilən radiotez-liklərdə (radiotezlik zolaqlarında) işləyən radioelektron vasitələri,
onların sayı, bazar qiymətləri, amortizasiyası haqqında toplanılmış məlumatları təhlil edir və vurulmuş zərər üzrə ödəniləcək
kompensasiyanın məbləğini müəyyən edir.
Dövlət Komissiyasının qərarı qeydiyyata alındığı tarixdən 30 iş günü müddətində qiymətləndirmə təşkil olunur.
Respublica.Az
28-12-2023, 15:44 | Ceyhun Bayramov mətbuat konfransı keçirir

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində 2023-cü ilin yekunlarına dair mətbuat konfransı keçirilir.
Respublica.Az xəbər verir ki, mətbuat konfransında Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov çıxış edir.
Konfransda Xarici İşlər Nazirliyinin rəhbər heyəti, yerli media nümayəndələri, həmçinin Azərbaycanda akkreditə olunmuş xarici jurnalistlər iştirak edir.
Xəbər yenilənəcək
Respublica.Az
28-12-2023, 15:42 | Məzahir Pənahov İoğan Mörfi ilə görüşdü

Dekabrın 28-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar seçki müşahidə missiyasının rəhbəri İoğan Mörfi ilə görüşüb.
MSK-dan verilən xəbərə görə, Müşahidə missiyasın rəhbəri və üzvlərini salamlayan MSK sədri görüşdən məmnunluğunu bildirib.
MSK-dakı səmimi qəbula və sıx iş qrafikinə rəğmən görüş üçün vaxt ayırdığına görə sədr Məzahir Pənahova minnətdarlığını ifadə edən İoğan Mörfi seçki müşahidə missiyasının strukturu və tərkibi barədə məlumat verib. Missiya üzvləri qarşıdan gələn seçkilərə hazırlıqların gedişi ilə maraqlanıb, MSK sədrindən həyata keçirilən və planlaşdırılan layihələr barədə onları məlumatlandırmasını xahiş ediblər.
Sədr M.Pənahov rəhbərlik etdiyi qurumun beynəlxalq təşkilatlarla əlaqələrə mühüm əhəmiyyət verdiyini, əməkdaşlığa hər zaman açıq olduğunu və bütün proseslərin geniş aşkarlıq şəraitində reallaşdırıldığını vurğulayıb. O, Azərbaycanın seçki sistemi, seçki qanunvericiliyi, seçki komissiyalarının fəaliyyət prinsipləri və sözügedən seçkilərlə əlaqədar həyata keçirilmiş, eləcə də nəzərdə tutulan müxtəlif səpkili layihələrdən danışıb. Seçki hazırlıqlarının ardıcıl və sistemli şəkildə davam etdiyini deyən sədr bildirib ki, növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində indiyədək 5-i siyasi partiyalar, 10-u özü tərəfindən irəli sürülən, ümumilikdə 15 nəfərin namizədliyinin irəli sürülməsi MSK-nın müvafiq qərarları ilə təsdiq olunub.
O cümlədən diqqətə çatdırıb ki, Seçki Məcəlləsinin tələblərinə əsasən hazırda təqdim olunan imza vərəqələri və digər seçki sənədləri peşəkar işçi qrupu tərəfindən yoxlanılır. MSK sədri seçki müşahidə missiyasının üzvlərini istədikləri vaxt həm imza vərəqələrinin yoxlanılması, həm də seçkilərlə bağlı hər hansı digər prosedurlarda yaxından iştiraka dəvət edib. Bildirib ki, bütün mərhələlər kimi, tam şəffaf həyata keçirilən və ictimaiyyətə açıq olan bu proseslərin müşahidə edilməsi üçün də geniş imkanlar yaradılıb. Digər maraqlı şəxslər kimi, onlar da hər zaman işlərin gedişatını birbaşa müşahidə edə bilərlər.
Görüşdə çərçivəsində, həmçinin qarşılıqlı maraq doğuran bəzi məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Respublica.Az
28-12-2023, 14:47 | Qaraçuxur və Əmircanda yollar əsaslı təmir olunacaq

Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhərinin Suraxanı rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
Respublica.Az AZƏRTAC-a istinadən bildirir ki, Sərəncama əsasən, Bakı şəhəri Suraxanı rayonunun Qaraçuxur və Əmircan qəsəbələri ərazisində avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvar tarixli 3720 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.31.25-ci yarımbəndində göstərilmiş məbləğin 600,0 (altı yüz) min manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Respublica.Az
26-12-2023, 09:27 | Onlar 10 min manatadək cərimə ediləcəklər-Fərman

İlk yayımlanma saatı: 25.12.2023 20:45
Xarici elektron pul təşkilatının Azərbaycandakı yerli filialı tərəfindən pul vəsaitlərinin təhlükəsizliyinə dair tələblər pozularsa, 10 min manatadək cərimə ediləcək.
Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 987-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Dəyişikliyə əsasən, İnzibati Xətalar Məcəlləsinə yeni 439-2-ci maddə (Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında qanunvericiliyin pozulması) əlavə olunur.
Dəyişikliklə elektron pul təşkilatı, o cümlədən xarici elektron pul təşkilatının yerli filialı tərəfindən pul vəsaitlərinin təhlükəsizliyinə dair qanunla müəyyən olunmuş tələblərin pozulmasına görə vəzifəli şəxslər 2 000 manatdan 3 000 manatadək miqdarda, hüquqi şəxslər 7 000 manatdan 10 000 manatadək məbləğdə cərimə olunacaq.
//musavat.com/
26-12-2023, 07:41 | Ceyhun Bayramov Prezidentin xarici diplomatı necə susdurmasından danışdı - VİDEO

Xarici işlər naziri Ceyhun Bayramov AzTV-yə müsahibəsində xarici nümayəndə heyəti ilə danışıqlar prosesində yaşanan maraqlı məqamlardan birini açıqlayıb.
Respublica.Az xəbər verir ki, XİN rəhbəri bu danışıqların birində Prezident İlham Əliyevin Azərbaycan qarşı ikili standartlar sərgiləyən xarici diplomatı necə susdurmasından söz açıb.
"Danışıq ingilis dilində idi. Amma cənab Prezidentin dediyini Azərbaycan dilinə tərcümə etsək, bu ifadə "Siz etdiyiniz ikili standartların dərsliyidir" idi. Mənə çox maraqlı idi ki, bu məqamda reaksiya, izahat necə olacaq. Qısa zamanda gördüm ki, sükut... Heç bir kontur-arqument gətirilmədi" - nazir deyib.
Daha ətraflı videoda:
Respublica.Az
26-12-2023, 06:34 | Prezidentdən “2024 - Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı paylaşım - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "2024 - Yaşıl dünya naminə həmrəylik ili" ilə əlaqədar sosial şəbəkə hesablarında paylaşım edib.
Respublica.Az həmin paylaşımı təqdim edir.
Respublica.Az
Məqaləyə dair fotomateriallar:

25-12-2023, 12:03 | İlham Əliyev Türkiyə ilə imzalanmış sazişi təsdiqlədi

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlığa dair Saziş"in təsdiq edilməsi haqqında fərman imzalayıb.
Respublica.Az AZƏRTAC-a istinadən bildirir ki, fərmana əsasən, 2023-cü il noyabrın 13-də Ankara şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlığa dair Saziş" təsdiq edilib.
Bu fərmanda göstərilən saziş qüvvəyə mindikdən sonra Mədəniyyət Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.
Xarici İşlər Nazirliyi sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Respublikası Hökumətinə bildiriş göndərməlidir.
Respublica.Az




















