31-12-2021, 08:41 | Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür

31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd olunur.
Bu gün dünyada 50 milyondan çox azərbaycanlı yaşayır.
Azərbaycanlılar minilliklər boyu özlərinin tarixi torpağı olan Azərbaycan ərazisində yaşayaraq, bəşər sivilizasiyasına böyük töhfələr veriblər. Müharibələr, inqilablar, hərbi münaqişələr, dünyada gedən ictimai-siyasi proseslər nəticəsində Azərbaycan parçalanıb, azərbaycanlıların bir qismi yurd-yuvalarından didərgin salınıb, deportasiyalara məruz qalıb, iş tapmaq, təhsil almaq məqsədilə doğma Vətəni tərk edərək başqa ölkələrdə məskunlaşıblar. Hazırda dünyanın hər yerində azərbaycanlılar yaşayırlar.
Uzun bir dövr Vətəndə yaşayan azərbaycanlılar başqa ölkələrdə məskunlaşmış həmvətənləri ilə görüşmək, əlaqələr yaratmaq imkanından məhrum olublar. 1980-ci illərin sonlarında Azərbaycan xalqı öz həmvətənləri ilə əlaqələr yaratmaq üçün səylərini artırdı.
Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əsası 1989-cu il dekabrın axırlarında Naxçıvanda sərhədlərin (SSRİ-İran sərhədləri) açılması zamanı qoyuldu. Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəkləri dağıdıldı. Bu vaxt İstanbulda Türkdilli Xalqların Konfransı keçirilirdi. Konfrans dünya azərbaycanlılarının həmrəyliyinin qeyd olunmasına qərar verdi.
1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. Beləliklə, 31 dekabr tarixi bütün azərbaycanlılar üçün əziz olan Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilir.
2020-ci il il sentyabrın 27-də Ermənistanın ölkəmizə qarşı törətdiyi hərbi təcavüzə cavab olaraq Azərbaycan xalqı Ali Baş Komandan, Prezident İlham Əliyevin çağırışı ilə Vətən müharibəsinə qalxıb. Müzəffər Azərbaycan Ordusu hər anı qəhrəmanlıqlarla dolu 44 gün ərzində düşməni ağır məğlubiyyətə uğradıb və ölkəmizin ərazi bütövlüyünü bərpa edib. Milli dövlətçilik tariximizdə və xalqımızın yaddaşında əbədi yaşayacaq şanlı Zəfər xalq-iqtidar birliyi, ordumuzun yüksək peşəkarlığı və gərgin siyasi-diplomatik fəaliyyət sayəsində əldə edilib.
Müqəddəs Vətən müharibəsi zamanı xaricdə yaşayan soydaşlarımızın düşmənin və anti-Azərbaycan dairələrin məkrli təxribatlarına qarşı cəsarətli etirazları, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətləri Qələbəmizə layiqli töhfə olub.
24-12-2021, 06:16 | Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

Prezident İlham Əliyevə doğum günü münasibəti ilə təbriklər gəlməkdə davam edir.
Həmin məktubları təqdim edirik:
Rusiya Federasiyasının senatoru İlyas Umaxanovdan:
- Möhtərəm İlham Heydər oğlu.
Əlamətdar yubileyiniz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.
Bütün dünyada Sizi görkəmli dövlət xadimi, dahi atanızın işinin mərd, müdrik və layiqli davamçısı kimi qəbul edirlər.
Qardaş Azərbaycan xalqı üçün Siz Azərbaycan Respublikasının illər boyu fasiləsiz inkişafını, beynəlxalq aləmdə onun nüfuzunun möhkəmlənməsini təmin edən tanınmış lidersiniz. Ölkənin ərazi bütövlüyünün və birliyinin təmin edilməsi həmişəlik Sizin adınızla bağlı olacaq. Mən fəxr edirəm ki, uzun illərdir bizi bir-birimizə dostluq və qarşılıqlı hörmət telləri, atalarımızın vəsiyyətləri bağlayır.
Bu əlamətdar gündə Sizə səmimi qəlbdən möhkəm cansağlığı, sevinc, dostcasına ünsiyyət, əla əhval-ruhiyyə və Azərbaycan xalqının rifahı naminə fəaliyyətinizdə yeni-yeni uğurlar arzu edirəm. Əminəm ki, Rusiyanı və qardaş Azərbaycanı birləşdirən sıx, qarşılıqlı faydalı iqtisadi və humanitar əlaqələr bundan sonra da inkişaf edəcək.
Sizə və yaxınlarınıza əmin-amanlıq diləyirəm.
***
Şimali Qafqaz Müsəlmanlarının Əlaqələndirmə Mərkəzindən:
- Hörmətli İlham Heydər oğlu,
İcazə verin, 60 illik yubileyiniz münasibətilə Sizi Şimali Qafqaz Müsəlmanlarının Əlaqələndirmə Mərkəzi adından və şəxsən öz adımdan təbrik edim.
Sizin Azərbaycan və Rusiya xalqları arasında dostluğun möhkəmlənməsinə böyük töhfələrinizi yüksək qiymətləndiririk.
Bu əlamətdar doğum gününüzdə Azərbaycanın daha da inkişafı, sülh və rifah naminə məsul fəaliyyətinizdə Sizə uğurlar, yaxınlarınıza firavanlıq arzulayırıq.
Tanrı hər zaman köməyiniz olsun!
Hörmətlə və xoş dualarla,
İsmayıl Berdiyev
Şimali Qafqaz Müsəlmanlarının Əlaqələndirmə
Mərkəzinin sədri,
Qaraçay-Çərkəz Respublikasının müftisi,
Salah-Hacı Mejiyev
Çeçenistan Respublikası Müsəlmanları
Ruhani İdarəsinin sədri,
Əhməd Abdullayev
Dağıstan Respublikası Müsəlmanları
Ruhani İdarəsinin sədri,
Hacımurad Qatsalov
Şimali Osetiya-Alaniya Respublikası Müsəlmanları
Ruhani İdarəsinin sədri,
Həzrətəli Dzasejev
Kabardin-Balkar Respublikası Müsəlmanları
Ruhani İdarəsinin sədri,
Sultanəhməd Karalayev
Kalmık Respublikası Müsəlmanları
Ruhani İdarəsinin sədri,
Askarbiy Kardanov
Adıgey və Krasnodar Respublikası Müsəlmanları
Ruhani İdarəsinin sədri,
Muhammad Raximov
Stavropol diyarı Müsəlmanları
Ruhani İdarəsinin sədri.
***
Amerika Azərbaycanlılarının Koordinasiya Şurası və Şuraya daxil olan təşkilatlar adından:
- Möhtərəm Prezident, cənab Ali Baş Komandan,
Amerika Azərbaycanlılarının Koordinasiya Şurası və Şuraya daxil olan təşkilatlar adindan Sizi 60 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edirik.
Vətənin rifahı naminə səmərəli fəaliyyətiniz, işgüzar və şəxsi keyfiyyətləriniz, mürəkkəb məsələləri effektiv həll etmək bacarığınız haqlı olaraq Sizə doğma Azərbaycanda və onun hüdudlarından kənarda böyük nüfuz və dərin hörmət qazandırıb.
Azərbaycanın tarixində çox böyük əhəmiyyəti olan Vətən müharibəsində qazanılan Qələbə nəticəsində Qarabağın işğaldan azad olunması Sizin uzaqgörənliyiniz, müdrik rəhbərliyiniz və dəqiq planlarınız, həmçinin cəsarətiniz, qətiyyətiniz, son məqsədə çatmağa olan qəti inamınız sayəsində əldə edilib.
Sizin xaricdəki Azərbaycan diaspor təşkilatlarının fəaliyyətlərinə verdiyiniz qiyməti yüksək dəyərləndiririk. Biz ABŞ-da fəaliyyətimizi daha da səmərəli təşkil edərək Azərbaycan həqiqətlərini Amerika ictimaiyyətinə çatdırmaqda davam edəcəyik, buradakı mənfur erməni diasporuna qarşı informasiya mübarizəmizi daha da kəskinləşdirəcəyik.
Fürsətdən istifadə edərək, möhtəşəm Qələbə münasibətilə Sizi bir daha təbrik edir, Azərbaycanın inkişafı naminə fəaliyyətinizdə uğurlar arzulayırıq.
Yubileyiniz Mübarək Olsun!
***
Rusiya Rəssamlıq Akademiyasının prezidenti, Rusiyanın Xalq rəssamı Zurab Seretelidən:
- Möhtərəm İlham Heydər oğlu,
Əlamətdar yubileyiniz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.
Siz parlaq diplomat və rəhbər, yüksək daxili mədəniyyətə malik bir insan kimi Azərbaycan Respublikasının inkişafına və XXI əsrin ən mürəkkəb problemlərinin həllinə böyük töhfə verirsiniz.
Siz Azərbaycan Respublikasında mədəniyyətin və incəsənətin inkişafına dair proqramlara ciddi dəstək verirsiniz. Bu, bir rəssam kimi mənim nəzərimdə xüsusi əhəmiyyət kəsb edir. Atanız, hər zaman mədəniyyət və incəsənət xadimlərinə səmimi rəğbət bəsləmiş görkəmli dövlət xadimi, unudulmaz Heydər Əliyevin adını daşıyan, müasir Azərbaycan mədəniyyətinin rəmzi sayılan Mərkəz çox cəhətdən Sizin səyləriniz sayəsində yaradılıb.
Rusiya Rəssamlıq Akademiyasının üzvlərinin aktual bədii layihələrinə və beynəlxalq fəaliyyətinə göstərdiyiniz diqqətə, Rusiya ilə Azərbaycan arasında mədəni əlaqələrin möhkəmlənməsinə dair birgə təşəbbüsləri dəstəklədiyinizə görə Sizə təşəkkür edirəm.
Möhtərəm İlham Heydər oğlu, Sizə öz ehtiramımı, dəyərli fəaliyyətinizin bütün sahələrində uğurlar, Sizə və ailənizə möhkəm cansağlığı, əmin-amanlıq və firavanlıq arzularımı bildirməyə ürəkdən şadam.
***
Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizerdən:
- Hörmətli cənab Prezident,
Doğum gününüz münasibətilə Sizə ən xoş arzularımı çatdırıram. Azərbaycanın qazandığı bütün uğurlar, o cümlədən idman sahəsində əldə etdiyi nailiyyətlər münasibətilə Sizi təbrik edirəm.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, həyatınızda və fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirəm.
***
Ukraynanın sabiq Prezidenti Leonid Kuçmadan:
- Əziz İlham Heydər oğlu,
Yubileyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin.
Sizin 60 yaşınız hələ cavanlıqdır. Mən bunu asanlıqla isbat edə bilərəm. Hamıya məlumdur ki, bu yaxınlarda 30 illiyini qeyd etmiş müstəqil Azərbaycan gənc dövlətdir. Deməli, əgər 30 yaş cavanlıqdırsa, onda 60 yaş ikiqat cavanlıqdır.
Bu zarafatda həqiqət çoxdur. Ona görə ki, Siz həqiqətən gəncsiniz. Gördüyünüz hər işdə cəsarət və enerji buna sübutdur.
Əziz dostum, mənim ikiqat gənc dostum, Sizə tükənməz enerji arzu edirəm. Bu enerji Sizə atanızın layiqli oğlu kimi onun başladığı işləri sona çatdırmaq və xalqının sədaqətli oğlu kimi bu xalqın böyük gələcəyini qurmaqda davam etmək üçün lazımdır.
***
Rusiya Federasiyası Tatarıstan Respublikasının birinci Prezidenti Mintimer Şaymiyevdən:
- Çox hörmətli İlham Heydər oğlu,
Əlamətdar yubileyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin.
Nüfuzlu dövlət xadimi, müdrik rəhbər, görkəmli şəxsiyyət olan atanızın layiqli davamçısı kimi Siz uzun illərdir doğma Azərbaycanın uğurlu inkişafını və rifahını təmin edirsiniz. Sizin qətiyyətiniz, strateji təfəkkürünüz, siyasi iradəniz xüsusi olaraq qeyd edilməlidir.
Xoş münasibətlərimizi yüksək qiymətləndirir, qardaş respublikalarımızın Heydər Əliyevlə birlikdə əsasını qoyduğumuz hərtərəfli əməkdaşlığının inkişafına görə Sizə dərin minnətdarlığımı bildirirəm.
Sizə səmimi qəlbdən uzun ömür, Azərbaycan xalqının rifahı naminə gələcək fəaliyyətinizdə uğurlar arzu edirəm. Sizə, nəcib xanımınıza və yaxınlarınıza möhkəm cansağlığı və firavanlıq diləyirəm.
***
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü, İtaliyanın sabiq xarici işlər naziri Franko Frattinidən:
-Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident,
Sizi 60 illik yubileyiniz münasibətilə təbrik etməkdən məmnunluq duyuram. Sizə cansağlığı, xoşbəxtlik, fəaliyyətinizdə uğurlar arzulayıram.
Cənab Prezident, bu xoş fürsətdən istifadə edib Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə göstərdiyiniz böyük dəstəyə görə Sizə səmimi qəlbdən minnətdarlığımı bildirirəm.
24-12-2021, 06:12 | Gənclər və İdman Nazirliyi Prezident İlham Əliyevin 60 illik yubileyi ilə bağlı videoçarx hazırlayıb - VİDEO

Gənclər və İdman Nazirliyi Prezident İlham Əliyevin 60 illik yubileyi ilə bağlı videoçarx hazırlayıb.
Videoçarxda gənclər və idmançılar adından Prezident İlham Əliyev təbrik olunub.
Videoçarxı təqdim edirik.
24-12-2021, 05:57 | Birinci vitse-prezident Mehriban Əliyeva Prezident İlham Əliyevin yubileyi ilə bağlı paylaşım edib - FOTO

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün instaqram səhifəsində Prezident İlham Əliyevlə bağlı paylaşım edib.
Birinci vitse-prezident dövlət başçısını 60 illik yubileyi münasibətilə təbrik edib.
Paylaşımda deyilir:
"Hörmətli cənab Prezident!
Bu gün mən milyonlarla Azərbaycan vətəndaşı kimi Sizə dərin təşəkkürümü bildirmək istəyirəm. Bizə - Azərbaycan xalqına milli qürur və birlik hissi bəxş etdiyinizə görə Sizə təşəkkür edirik. Uzun illərdir ki, hər bir azərbaycanlının qəlbində yaşayan istəyini və müqəddəs arzusunu çin etdiyinizə görə Sizə minnətdarıq. Azərbaycan xalqı - müzəffər xalqdır!
Böyük işlər bir anda baş tutmur. İstənilən tarixi nailiyyətə aparan yol uzun, mürəkkəb və çətin olur. Sizin tarixi xidmətiniz ondadır ki, bu yola qədəm qoydunuz və onu şərəflə keçdiniz. Misilsiz xidmətiniz ondadır ki, bütün bu illər ərzində ölkəyə başçılıq edərək verdiyiniz qərarlarla Azərbaycan xalqının Zəfər qazanmasını təmin etdiniz.
Sizin gücünüz ondadır ki, bu yolda Siz xalqın etimadını qazanmağı bacardınız və məhz xalqın inam və sevgisinə arxalanaraq bu dəyərli etimadı doğrulda bildiniz. Tarixi xidmətiniz ondadır ki, bu illər ərzində bütün çətinliklərə, təzyiqlərə, bəzən əsassız və ədalətsiz fikirlərlə üzləşdiyinizə baxmayaraq bir an belə inamınızı, ümidinizi və iradənizi itirmədiniz. Ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi kimi böyük Missiyanın yerinə yetirilməsi də məhz Sizin yenilməz iradəniz sayəsində mümkün oldu.
Mən bilirəm ki, Siz həmişə öz xalqınıza inanmısınız. Məhz bu inam Sizin bütün şəxsi keyfiyyətlərinizlə birgə qazandığınız və qazanacağınız qələbələrin mənbəyidir.
Sizə ən səmimi təşəkkürlər!
İcazənizlə, yubiley gününüzdə Sizə və bütün Azərbaycan xalqına uzun ömür, möhkəm cansağlığı və bütün arzularınızın yerinə yetməsini diləyirəm.
Sizin uğur yolunuz davam etməkdədir və qarşıda hələ Vətənimiz naminə görəcəyiniz çoxlu işlər var.
Tanrı Sizə güc və səbir versin! Uca Allah Sizi və Azərbaycan xalqını bu müqəddəs yolda qorusun!
Biz Sizinlə fəxr edir və Sizi çox sevirik!.
Mehriban Əliyeva".
24-12-2021, 05:46 | Əziz Prezident – Trend TV-nin Filmi

Bu gün Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin doğum günüdür.
Trend Beynəlxalq İnformasiya Agentliyi bu münasibətlə "Əziz Prezident" adlı sənədli film hazırlayıb.
Filmdə Prezident İlham Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında tarixi müstəsna xidmətləri, ölkəmizin inkişafı, qüdrətləndirilməsi istiqamətində həyata keçirdiyi yorulmaz fəaliyyəti, həmçinin Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə əldə edilən möhtəşəm Qarabağ Zəfərindən bəhs edilir.
Filmi təqdim edirik.
23-12-2021, 20:59 | AZTV Prezident İlham Əliyevin fəaliyyəti haqqında - VİDEO

Azərbaycan Televiziyası Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin 60 illik yubileyi münasibətilə maraqlı videoçarx hazırlayıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, videoçarxda müxtəlif peşə sahibləri iş başında görüntülənib.
Qeyd edək ki, həmin şəxslər öz işinin peşəkarı olan real şəxslərdir.
Sonda isə ən çətin vəzifənin ən layiqli sahibi kimi Prezident, Ali Baş Komandan İlham Əliyevin gərgin və əvəzsiz xidməti qeyd olunur: "Onun işi daha çətindir. Çünki xalqın və dövlətin taleyi onun əllərindədir. Ən çətin vəzifənin ən layiqli sahibi: İlham Əliyev".
15-12-2021, 07:35 | Azərbaycan Prezidenti: Regional nəqliyyat əlaqələrinin inteqrasiyası region üçün böyük imkandır

Regional nəqliyyat əlaqələrinin inteqrasiyası həqiqətən də region üçün böyük imkandır. Çünki Zəngəzur dəhlizi təkcə bizim Naxçıvan Muxtar Respublikasına çıxış əldə etməyimiz üçün deyil, həm də Ermənistanın Naxçıvan Muxtar Respublikası vasitəsilə İranla dəmir yolu əlaqəsi üçündür.
AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev NATO-nun mənzil-qərargahında Alyansın Baş katibi Yens Stoltenberq ilə birgə keçirilən mətbuat konfransında deyib.
"Bununla, həmçinin Ermənistan da Naxçıvan Muxtar Respublikası vasitəsilə İranla dəmir yolu əlaqəsi əldə edir. Ermənistan Azərbaycan ərazisindən Rusiya ilə dəmir yolu əlaqəsi əldə edir. Bu gün onların belə bir dəmir yolu əlaqəsi yoxdur. Bu, regionda həqiqətən müsbət ab-hava yarada bilər və bu, hər kəsin xeyrinə olacaqdır. Hesab edirəm ki, bu imkanların düzgün dəyərləndirilməsi dinc gələcəyimizin planlaşdırılması baxımından olduqca vacibdir", - deyə Azərbaycan Prezidenti vurğulayıb.
15-12-2021, 07:32 | Prezident İlham Əliyev: Azərbaycan NATO-nun etibarlı tərəfdaşı olduğunu sübuta yetirib

Azərbaycan NATO-nun etibarlı tərəfdaşı olduğunu sübuta yetirib. Biz Əfqanıstandakı sülhməramlı missiyamıza 2002-ci ildə başladıq və bu il avqustun sonunda onu bitirdik.
AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Prezident İlham Əliyev NATO-nun mənzil-qərargahında keçirilən mətbuat konfransında bildirib.
Azərbaycan hərbiçilərinin Əfqanıstanı sonuncu tərk edən koalisiya qüvvələrinin hərbçiləri arasında olduğunu qeyd edən Azərbaycan Prezidenti deyib: "Əlbəttə ki, bu birlikdə işləməyin böyük bir təcrübəsidir. Bu gün biz, həmçinin əməkdaşlıqla bağlı gələcək planlarımızı müzakirə etdik. Azərbaycan NATO-nun hərbi təlimlərində iştirak edir. Eyni zamanda, biz NATO-nun hazırkı və aparıcı üzvlərindən biri olan Türkiyə ilə yalnız bu il yeddi birgə hərbi təlim keçirmişik. Bu da regionda sülh və sabitlik işinə xidmət edir".
15-12-2021, 07:30 | Azərbaycan Prezidenti: Biz NATO ilə yüksəksəviyyəli qarşılıqlı fəaliyyətdə olmaqdan çox şadıq

Biz, həmçinin cənab Baş katiblə regionda enerji təhlükəsizliyi məsələlərini müzakirə etdik. Mən cənab Baş katibə məlumat verdim ki, bu gün Azərbaycan NATO-ya üzv dörd ölkənin etibarlı təbii qaz təchizatçısıdır. Əminəm ki, qarşıdakı illərdə onların sayı arta bilər.
AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Prezident İlham Əliyev NATO-nun mənzil-qərargahında Alyansın Baş katibi Yens Stoltenberq ilə birgə keçirilən mətbuat konfransında bildirib.
Dövlətimizin başçısı qeyd edib ki, enerji sahəsindəki əməkdaşlığın regional sabitlik, təhlükəsizlik üçün də mühüm əhəmiyyəti var. Çünki enerji təhlükəsizliyi artıq ölkələrin milli təhlükəsizliyinin bir hissəsidir.
"Ümumilikdə biz NATO ilə yüksəksəviyyəli qarşılıqlı fəaliyyətdə olmaqdan çox şadıq. Biz çox şadıq ki, NATO bizim səylərimizi qiymətləndirir və bu gün biz regionun xeyrinə və dünyada təhlükəsizlik üçün birgə səyləri davam etdirməklə bağlı razılığa gəldik", - deyə Prezident İlham Əliyev vurğulayıb.
15-12-2021, 07:23 | İlham Əliyev: “NATO-nun 20-yə yaxın ölkəsi Azərbaycandan neft idxal edir”

"NATO-nun 20-yə yaxın ölkəsi Azərbaycandan neft idxal edir" .
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Belçika Krallığının paytaxtı Brüsseldə NATO-nun Şimali Atlantika Şurasının iclasında çıxışı zamanı deyib.
Dövlət başçısı həmçinin Alyansın 4 ölkəsinin, o cümlədən Türkiyənin Azərbaycandan qaz idxal etdiyini və gələcəkdə bu coğrafiyanın genişləndirilməsi imkanlarının olduğunu diqqətə çatdırıb.
Azərbaycanın enerji təchizatı sahəsində etibarlı tərəfdaş olduğu, alternativ mənbə və alternativ xətt üzrə Avropanın enerji təhlükəsizliyinə töhfəsini verdiyi qeyd edilib.
Prezident İlham Əliyev Azərbaycanın regionda oynadığı rol, xüsusilə Vətən müharibəsinin başa çatmasından sonra bölgədə yaranmış yeni geosiyasi vəziyyət, Azərbaycanın Ermənistanla sülh müqaviləsi üzrə danışıqlara başlamağa hazır olması, həmçinin sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə hazırlıq kimi məsələlər haqqında ətraflı məlumat verib.




















