30-10-2026, 15:47 | Dövlət Dəniz Akademiyasının idarəçiliyi ona həvalə edildi

Dövlət Dəniz Akademiyasının idarəçiliyi ona həvalə edildi



Azərbaycan Dövlət Dəniz Akademiyasına yeni rektor əvəzi təyin olunub.

Respublica.az xəbər verir ki, rektor səlahiyyətlərinin icrası İradə Süleymanovaya həvalə olunub.

Qeyd edək ki, İ.Süleymanova 2024-2026-cı illərdə Qarabağ Universitetinin Tələbələrlə İş şöbəsinin müdiri vəzifəsində işləyib.

Respublica.az

30-10-2026, 15:43 | Azərbaycanda yeni qurum yaradılır

Azərbaycanda yeni qurum yaradılır


Azərbaycanda Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq. Özəl məhkəmə ekspertlərindən 10 faiz dərəcə ilə vergi tutulacaq, onlar gəlirlərinin 15 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəyəcəklər, icbari tibbi sığorta üzrə sığortalı qismində özləri çıxış edəcəklər.

Trend-in tədbirdəki müxbirinin xəbərinə görə, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan "Məhkəmə ekspertizası fəaliyyəti haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Özəl Məhkəmə Ekspertlərinin Palatası

Özəl Məhkəmə Ekspertlərinin Palatası (Palata) üzvlərinin hüquqlarını və qanuni mənafelərini qorumaq, onların fəaliyyətini əlaqələndirmək məqsədilə özəl məhkəmə ekspertlərinin məcburi üzvlüyü əsasında yaradılan, fəaliyyətini özünüidarəetmə prinsipi üzrə həyata keçirən qeyri-kommersiya hüquqi şəxs olacaq.

Palatanın möhürü, emblemi, bank hesabı, müvafiq ştampları və blankları olacaq.

Palata bu qanun və Palatanın Ümumi yığıncağında qəbul edilmiş nizamnaməsi əsasında fəaliyyət göstərəcək.

Palatanın idarə olunması qaydası onun nizamnaməsi ilə tənzimlənəcək. Palataya Palatanın İdarə Heyətinin sədri, o olmadıqda isə müavini rəhbərlik edəcək.

Palatanın maliyyələşmə mənbələri aşağıdakılar olacaq:

Palata üzvlərinin üzvlük haqları;
Palata üzvlərinin intizam tənbeh tədbiri kimi cərimə edilməsindən daxilolmalar;
ianələr.

Palata üzvlərinin üzvlük haqqının məbləği, onun ödənilməsi müddəti və qaydası Palatanın nizamnaməsi ilə müəyyən olunacaq.

Palatanın aşağıdakı səlahiyyətləri olacaq:

özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxslərin ixtisas imtahanlarına hazırlanmasında onlara metodiki köməklik göstərmək;
özəl məhkəmə ekspertlərinin fəaliyyətini əlaqələndirmək və onların təlimini təşkil etmək;
özəl məhkəmə ekspertləri tərəfindən etik davranış kodeksinin tələblərinə riayət edilməsinə nəzarət etmək;
dövlət orqanlarında (qurumlarında) özəl məhkəmə ekspertlərini təmsil etmək və onların hüquqlarını və qanuni mənafelərini müdafiə etmək;
özəl məhkəmə eksperti fəaliyyəti ilə bağlı normativ hüquqi aktların tələblərini, habelə icra intizamını pozmasına işarə edən kifayət qədər dəlillər olduqda onun barəsində bu qanuna uyğun olaraq intizam icraatının başlanılması barədə İntizam Komissiyasına təqdimat vermək;
məhkəmə ekspertizası fəaliyyətini tənzimləyən normativ hüquqi aktların təkmilləşdirilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanına təkliflər vermək;
digər ölkələrin məhkəmə ekspertləri, həmçinin beynəlxalq təşkilatlarla və hüquqi şəxslərlə əməkdaşlıq etmək.

Özəl məhkəmə eksperti Məhkəmə Ekspertlərinin Reyestrinə daxil edildiyi andan Palatanın üzvü olacaq.

Özəl məhkəmə ekspertinin fəaliyyətinə xitam verildikdə onun Palataya üzvlüyünə xitam veriləcək.

Özəl məhkəmə ekspertləri barəsində intizam icraatı

Özəl məhkəmə eksperti fəaliyyəti ilə bağlı normativ hüquqi aktların tələblərinin, habelə icra intizamının pozulmasına yol verdikdə onun barəsində intizam tənbehi tətbiq olunacaq. Özəl məhkəmə eksperti barəsində intizam icraatı İntizam Komissiyası tərəfindən aparılacaq. Özəl məhkəmə eksperti barəsində intizam tənbehinin tətbiqi intizam icraatını aparmış İntizam Komissiyasının rəyinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçiriləcək.

İntizam Komissiyasının tərkibi, formalaşdırılma qaydası və əsasnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq ediləcək.

Özəl məhkəmə eksperti barəsində intizam icraatı müvafiq icra hakimiyyəti orqanının və ya Palatanın təqdimatı əsasında başlanılacaq. Təqdimata baxılması və intizam icraatının aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunacaq.

Özəl məhkəmə ekspertinin intizam icraatı zamanı yazılı izahat, habelə zəruri məlumat və sənədləri verməkdən imtina etməsi intizam tənbehinin tətbiq edilməsinə mane olmayacaq.

İntizam Komissiyasının yekun rəyinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən özəl məhkəmə ekspertinə intizam pozuntusunun ağırlıq dərəcəsindən asılı olaraq aşağıdakı tənbeh növlərindən biri tətbiq olunacaq:

töhmət;
min manatdan iki min manatadək məbləğdə cərimə;
özəl məhkəmə eksperti şəhadətnaməsinin ləğvi.

Cərimə üzrə məbləğlər üçün Palatanın bank hesabına köçürüləcək.

İntizam tənbehi burada nəzərdə tutulmuş əsaslar aşkar edildiyi gündən bir il keçənədək, törədildiyi gündən iki il keçənədək verilə biləcək və özəl məhkəmə ekspertinin məzuniyyətdə, ezamiyyətdə olduğu, əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə barəsində yoxlama və ya cinayət işinin istintaqı aparıldığı vaxt bu müddətə daxil edilməyəcək.

Töhmət intizam tənbehi verildiyi gündən bir il müddətində qüvvədə olacaq.

İntizam tənbehinin verilməsi qərarla rəsmiləşdiriləcək. Verilmiş qərar üç iş günü ərzində özəl məhkəmə ekspertinə elan olunacaq və əmrin surəti ona təqdim ediləcək. Özəl məhkəmə eksperti əmrdən inzibati qaydada və məhkəməyə şikayət verə biləcək.

Özəl məhkəmə ekspertinə intizam tənbehi tətbiq olunmadan yazılı və ya şifahi xəbərdarlıq edilə biləcək. Xəbərdarlıq intizam tənbehi hesab edilməyəcək.

Özəl məhkəmə eksperti fəaliyyəti sahibkarlıq fəaliyyəti hesab olunmayacaq.

Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsi

"Məhkəmə ekspertizası fəaliyyəti haqqında" Qanuna əsasən məhkəmə ekspertizasının sifariş edilməsi barədə müqaviləyə əsasən alınan haqlar (xərclər nəzərə alınmadan) qeyri-sahibkarlıq fəaliyyətindən gəlir (muzdlu işə aid olmayan fəaliyyətdən gəlir) hesab ediləcək və vergitutma obyekti olacaq.

Özəl məhkəmə eksperti üçün bu vergitutma obyektindən 10 faiz dərəcə ilə vergi tutulacaq.

Özəl məhkəmə ekspertləri 10 faiz dərəcə ilə hər ay hesablanmış vergini növbəti ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə ödəməlidirlər.

Özəl məhkəmə ekspertləri onlara ödənilən ekspertiza haqlarına münasibətdə hər rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi orqanlarına bəyannamə verməlidirlər.

"Sosial sığorta haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi

Özəl məhkəmə ekspertləri məcburi dövlət sosial sığortası ilə əhatə olunacaqlar və gəlirlərinin (xərclər çıxılmaqla) 15 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəyəcəklər.

"Tibbi sığorta haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi

Vergi Məcəlləsinə əsasən sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatlarının müvəqqəti dayandırıldığı hallar istisna olmaqla vergi ödəyicisi kimi vergi uçotuna alınmış özəl məhkəmə ekspertləri icbari tibbi sığorta üzrə sığortalı qismində özləri çıxış edəcəklər.

Keçid müddəalar

Palata dövlət qeydiyyatına alınanadək onun "Məhkəmə ekspertizası fəaliyyəti haqqında" müəyyən edilmiş səlahiyyətləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçiriləcək.

Palata dövlət qeydiyyatına alınanadək özəl məhkəmə ekspertlərinin üzvlük haqları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ədliyyə orqanlarının xüsusi xəzinə hesabına köçürüləcək və özəl məhkəmə ekspertizası fəaliyyətinin məqsədləri üçün istifadə olunacaq.

Palata Məhkəmə Ekspertləri Reyestrinə daxil edilmiş özəl məhkəmə ekspertləri tərəfindən təsis ediləcək. 2027-ci il iyulun 1-dək Reyestrə daxil edilmiş özəl məhkəmə ekspertlərinin sayı 50 nəfərə çatmazsa, təsis yığıncağı Reyestrə daxil edilmiş özəl məhkəmə ekspertlərinin azı üçdə ikisinin iştirakı ilə keçiriləcək. İclasa təsis yığıncağında iştirak edən ən yaşlı özəl məhkəmə eksperti sədrlik edəcək.

Məhkəmə Ekspertləri Reyestrinə 50 özəl məhkəmə eksperti daxil edildikdən sonra bir il müddətində Palata təsis edilməzsə, təsis yığıncağı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən çağırılacaq.

Palata dövlət qeydiyyatına alındığı andan Məhkəmə Ekspertləri Reyestrinə daxil edilmiş bütün özəl məhkəmə ekspertləri onun üzvü hesab ediləcəklər.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Respublica.az


30-10-2026, 15:39 | Bəzi həkimlərə xüsusi rütbələr veriləcək

Bəzi həkimlərə xüsusi rütbələr veriləcək


Milli Məclis (MM) Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatında olan vətəndaşlara və ehtiyatda olan zabitlərə münasibətdə penitensiar xidmət üçün nəzərdə tutulmuş xüsusi rütbələrin verilməsi qaydalarının tibb xidmətinə də şamil edilməsi təklifini son oxunuşda qəbul edib.

Respublica.az xəbər verir ki, sözügedən məsələ parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılan "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Qanuna dəyişiklik layihəsində əksini tapıb.

Qeyd edilib ki, bu dəyişiklik nəticəsində tibb xidmətində vəzifəyə təyin olunan ehtiyatda olan hərbi qulluqçulara xüsusi rütbələrin verilməsi məsələləri vahid hüquqi yanaşma əsasında tənzimlənəcək.

Təklif edilən dəyişikliklərlə tibb xidməti işçilərinin tərkibinə hərbi qulluqçular daxil edilir, onların xidmət keçdikləri qurumlar müəyyənləşdirilir. Bununla da tibb xidmətində hərbi qulluqçuların hüquqi statusu və fəaliyyətinin hüquqi əsasları daha aydın şəkildə müəyyən olunur.

Layihə müzakirələrdən sonra səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul olunub.

Respublica.az


30-10-2026, 15:37 | Onlar pulsuz xidmət göstərməsələr, 18 manat ödəyəcəklər - Yeni qayda

Onlar pulsuz xidmət göstərməsələr, 18 manat ödəyəcəklər - Yeni qayda


Azərbaycanda "Pulsuz hüquqi yardım haqqında" yeni qanun qəbul ediləcək. Qanunda pulsuz hüquqi yardım göstərən vəkillər üçün yeni öhdəliklər müəyyənləşdiriləcək.

Respublica.az Trend-ə istinadən xəbər verir ki, yeni qanun layihəsi Milli Məclisin bugünkü plenar iclasında birinci oxunuşda müzakirəyə çıxarılıb.

Bildirilib ki, qanun layihəsi insan və vətəndaş hüquq və azadlıqlarının, habelə qanuni maraqların müdafiəsi, pulsuz hüquqi yardımdan yararlanmaq hüququna malik şəxslərin keyfiyyətli hüquqi yardımla təmin edilməsi, bu yardımın təşkilati, hüquqi və iqtisadi əsaslarının müəyyənləşdirilməsi məqsədi daşıyır.

Layihəyə əsasən, pulsuz hüquqi yardım ilkin və peşəkar hüquqi yardım formasında göstəriləcək. İlkin hüquqi yardım şəxslərin hüquq və vəzifələri, hüquqların məhkəmədənkənar və məhkəmə qaydasında həyata keçirilməsi və hüquq müdafiə üsulları barədə məlumatlandırılmasını, ərizə, şikayət və digər sənədlərin hazırlanmasına köməklik göstərilməsini, eləcə də peşəkar hüquqi yardım anlayışına daxil olmayan digər yardım formalarını əhatə edəcək.

Peşəkar hüquqi yardım isə cinayət işləri üzrə şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi, zərərçəkmiş şəxsin və xüsusi ittihamçının təmsil edilməsi, insan alveri qurbanlarına, cinsi istismar və ya cinsi zorakılıq qurbanı olan uşaqlara, məişət zorakılığından zərər çəkmiş şəxslərə və inzibati qaydada tutulmuş şəxslərə hüquqi yardım göstərilməsi, inzibati xəta haqqında işlər üzrə müdafiə və təmsilçilik, mülki və inzibati mübahisələrdə məhkəmə təmsilçiliyi, həmçinin Konstitusiya Məhkəməsində və digər dövlət orqanlarında hüquq və azadlıqlarının pozulması ilə bağlı şikayət vermiş şəxslərin təmsil edilməsini nəzərdə tutur.

Layihədə "pulsuz hüquqi yardım" dövlət büdcəsinin vəsaiti hesabına ilkin və ya peşəkar hüquqi yardımın göstərilməsi kimi müəyyən edilir. Eyni zamanda, "pro bono" hüquq xidməti anlayışı da ayrıca təsbit olunur. Buna əsasən, vəkillər bu qanun layihəsində nəzərdə tutulan şəxslərə ictimai fayda naminə, ödəniş tələb etmədən ildə azı 30 saat pulsuz hüquqi yardım göstərməlidirlər. İlkin hüquqi yardım isə paraleqallar, vəkil köməkçiləri və qanun layihəsində nəzərdə tutulan digər qurumlar tərəfindən göstərilə biləcək.

Layihəyə görə, pulsuz hüquqi yardım haqqında qanunvericilik Konstitusiyadan, Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, yeni qanundan, prosessual qanunvericilikdən, İnzibati Xətalar Məcəlləsindən, "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanundan və digər normativ hüquqi aktlardan ibarət olacaq. Qanun vətəndaşların beynəlxalq təşkilatlarda, onların nümayəndəliklərində, Azərbaycanın diplomatik nümayəndəlikləri və konsulluqlarında hüquqlarının müdafiəsi ilə bağlı işlərə şamil edilməyəcək. Ələt azad iqtisadi zonasında isə bu sahədə münasibətlər "Ələt azad iqtisadi zonası haqqında" qanuna uyğun tənzimlənəcək.

Pulsuz hüquqi yardımın bərabərlik, əlçatanlıq, peşəkarlıq, operativlik, keyfiyyət və effektivlik, konfidensiallıq, habelə maraqlar toqquşmasının yolverilməzliyi prinsipləri əsasında həyata keçirilməsi təklif olunur. Qanunla başqa hal nəzərdə tutulmadıqda, bu yardım dövlət büdcəsindən Vəkillər Kollegiyasına ayrılmış vəsait hesabına maliyyələşdiriləcək.

Layihədə pulsuz hüquqi yardım almaq hüququ olan şəxslərin geniş siyahısı müəyyənləşdirilir. Buraya hüquqi yardıma ehtiyacı olan, lakin xidmət haqqını və digər xərcləri ödəməyə kifayət qədər vəsaiti olmayan aztəminatlı şəxslər - ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri, əlilliyi olan işləməyən şəxslər və müvafiq dövlət qurumunda işsiz kimi qeydiyyatda olan şəxslər daxildir.

Bundan başqa, şəhid ailələrinin üzvləri, müharibə veteranları, insan alverinin qurbanları, məişət zorakılığından zərər çəkmiş şəxslər, korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə məlumat verən şəxslər, yetkinlik yaşına çatmayanlar, qaçqın statusu almış və Azərbaycanda siyasi sığınacaq verilmiş şəxslər, valideyn himayəsindən məhrum olmuş və bu kateqoriyadan olan şəxslər, cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslər - azad edildikləri gündən bir il müddətində - və üzərində probasiya nəzarəti həyata keçirilən şəxslər də pulsuz hüquqi yardım almaq hüququna malik olacaq.

Cinayət işləri üzrə müdafiə ilə bağlı ayrıca təminatlar nəzərdə tutulur. Kifayət qədər vəsaiti olmayan şübhəli və ya təqsirləndirilən şəxslərə, habelə xüsusi ittihamçıya, insan alveri qurbanına, cinsi istismar və ya cinsi zorakılıq qurbanı olan uşağa, məişət zorakılığından zərər çəkmiş şəxsə və ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmış şəxsə dövlət büdcəsinin vəsaiti hesabına peşəkar hüquqi yardım göstərilməsi nəzərdə tutulur.

Mülki və inzibati mübahisələr üzrə qanunvericilikdə müəyyən edilmiş şəxslərin məhkəmədə təmsil olunması ilə bağlı peşəkar hüquqi yardımın da dövlət hesabına göstərilməsi təklif edilir. İnzibati qaydada tutulmuş şəxslər və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxslər də bu təminatdan yararlana biləcəklər. Hüquq və azadlıqlarının pozulması ilə bağlı Konstitusiya Məhkəməsinə şikayət vermiş şəxsin təmsilçiliyi də müəyyən edilmiş qaydada dövlət hesabına həyata keçirilə biləcək.

Pulsuz hüquqi yardımın təşkili əsasən Vəkillər Kollegiyasına həvalə olunur. Kollegiya fəaliyyət göstərilən ərazilər üzrə pulsuz hüquqi yardım göstərən şəxslərin reyestrini aparacaq. Yardım almaq istəyən şəxslər şəxsən, poçt vasitəsilə və ya elektron qaydada Kollegiyaya müraciət edə biləcəklər.

Müraciətə şəxsin şəxsiyyətini təsdiq edən sənədlə yanaşı, aid olduğu kateqoriyanı təsdiq edən müvafiq sənədlər əlavə olunmalıdır. Layihədə şəhid ailəsi statusu, müharibə veteranı statusu, insan alveri qurbanı olmaq, korrupsiya ilə bağlı məlumat verən şəxs statusu, qaçqın statusu, məişət zorakılığından zərər çəkmə, cəzaçəkmə müəssisəsindən azad edilmə və probasiya nəzarətində olma kimi halları təsdiqləyən sənədlər ayrıca sadalanır.

Ərizəyə və sənədlərə ərizənin qeydiyyata alındığı tarixdən yeddi iş günü müddətində baxılması nəzərdə tutulur. Çatışmazlıqlar aşkar edildikdə ərizəçiyə bu barədə ən geci iki iş günü ərzində məlumat veriləcək. Ərizəçi çatışmazlıqları məlumatı aldığı vaxtdan ən geci 10 iş günü ərzində aradan qaldırmalıdır. Bu müddətdə əsas baxılma müddətinin axımı dayandırılacaq.

Pulsuz hüquqi yardım göstərilməsindən imtina haqqında qərar əsaslandırılmalıdır. Ərizəçi belə qərardan Vəkillər Kollegiyasına və ya məhkəməyə şikayət verə biləcək. İmtina üçün sənədlərdəki çatışmazlıqların vaxtında aradan qaldırılmaması, təhrif olunmuş məlumatların təqdim edilməsi, şəxsin qanunda göstərilən kateqoriyalara aid olmaması, bir il ərzində eyni məsələ ilə bağlı üç dəfə əsaslandırılmış cavab verildikdən sonra yeni məlumat olmadan təkrar müraciət edilməsi və müraciətin hüquqi yardım tələb edən məsələyə aid olmaması əsaslar kimi müəyyən edilir.

Layihəyə əsasən, pulsuz hüquqi yardım almaq hüququ olan şəxslərin tələb olunan sənədləri əldə etməsinə dövlət orqanları, Vəkillər Kollegiyası və hüquqi yardım göstərən şəxslər kömək etməlidirlər. Vəkilin müəyyənləşdirilməsi zamanı ərizəçinin konkret vəkilə üstünlük verməsi, vəkilin iş yükü, ixtisaslaşması, təcrübəsi və işin həlli üçün digər zəruri hallar nəzərə alınacaq.

Müvafiq sənədlər əldə edildikdən sonra üç gün ərzində ərizəçiyə ilkin hüquqi yardım göstərilməsi və ya peşəkar hüquqi yardım üçün müqavilə bağlanması nəzərdə tutulur. Cinayət və inzibati xəta işlərində zərərçəkmiş şəxsin təmsil olunması ilə bağlı yardım isə şəxsin yazılı müraciəti əsasında cinayət prosesini həyata keçirən və ya inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyətli orqan tərəfindən həll ediləcək. Belə ərizələrə yeddi gün müddətində baxılmalıdır.

Layihədə vəkilin dəyişdirilməsi imkanları da müəyyən olunur. Pulsuz hüquqi yardım göstərən vəkilin işin nəticəsində maraqlı olması, obyektivliyinə və qərəzsizliyinə dair kifayət qədər əsasların mövcudluğu barədə şübhələr yarandıqda, müraciət edən şəxsin yazılı müraciəti əsasında vəkil dəyişdirilə bilər. Vəkilin özünün yazılı və əsaslandırılmış müraciəti də dəyişiklik üçün əsas ola bilər.

Pulsuz hüquqi yardım göstərilməsi zamanı yardım almaq hüququ olan şəxsin sonradan həmin hüququ itirməsi başlanmış iş üzrə yardımın dayandırılmasına səbəb olmayacaq. Əlilliyi olan və ixtisaslaşmış vasitəçilərin köməyinə ehtiyacı olan şəxslər isə dövlət büdcəsi hesabına qiraətçilərin və peşəkar surdo tərcüməçilərin xidmətləri ilə təmin ediləcəklər.

Qanun layihəsində vəkillərin "pro bono" öhdəliyinə əməl etməməsinə görə ayrıca maliyyə mexanizmi də nəzərdə tutulur. Belə ki, ildə ən azı 30 saat pulsuz hüquq xidməti göstərilməsi tələbinə riayət edilmədikdə vəkillər tərəfindən göstərilməyən hər saat üçün Vəkillər Kollegiyasına 18 manat ödəniş edilməlidir. Eyni zamanda, pulsuz hüquqi yardım göstərilməsindən əsassız imtina olunması qadağan edilir.

İlkin hüquqi yardımın paraleqallar, vəkil köməkçiləri və vəkillər tərəfindən göstərilməsi nəzərdə tutulur. Hüquq klinikaları da hüquqşünas müəllimlərin rəhbərliyi və nəzarəti altında ilkin hüquqi yardım göstərə biləcəklər.

Layihə Azərbaycanda paraleqal institutunun hüquqi əsaslarını da müəyyən edir. Paraleqal olmaq istəyən ali təhsilli şəxslər Vəkillər Kollegiyasına müraciət etməli, ilkin hazırlıq üzrə təlimi müvəffəqiyyətlə başa vuraraq sertifikat almalıdırlar. Bundan sonra onlara paraleqal statusu veriləcək və onların reyestri Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən aparılacaq.

Məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslər, barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair qanuni qüvvəyə minmiş qərar olan şəxslər, eləcə də ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxslər paraleqal ola bilməyəcəklər.

Paraleqalların ilkin hazırlığı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçiriləcək. Onlar vəkil qurumları və ya fərdi qaydada fəaliyyət göstərən vəkillərlə bağlanmış mülki hüquqi müqavilə əsasında fəaliyyət göstərəcəklər. Xidmət haqları da dövlət büdcəsi hesabına ödəniləcək. Paraleqallar əldə etdikləri məlumatların konfidensiallığını qorumalı və etik davranış qaydalarına əməl etməlidirlər.

Peşəkar hüquqi yardım alan şəxslərin də hüquq və vəzifələri müəyyənləşdirilir. Onlar vəkil qurumunu və ya vəkili seçə, onlardan imtina edə, özləri və ya qanuni nümayəndələri vasitəsilə müraciət edə biləcəklər. Eyni zamanda, yardımın operativ və effektiv göstərilməsi üçün işlə bağlı bütün sənədləri və məlumatları təqdim etməli, yardımın göstərilməsinə əsas olan hallardakı dəyişikliklər barədə vaxtında məlumat verməlidirlər.

Pulsuz hüquqi yardım göstərən vəkillər Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən müəyyən edilən seçim qaydalarına uyğun seçiləcək. Peşəkar hüquqi yardım vəkillə və ya vəkil qurumu ilə yardım alan şəxs arasında bağlanan müqavilə əsasında həyata keçiriləcək və müqavilədə hüquqi yardımın dövlət büdcəsinin vəsaiti hesabına göstərildiyi qeyd olunmalıdır.

Layihədə pulsuz hüquqi yardımın maliyyələşdirilməsi üçün konkret ödəniş mexanizmi də müəyyən edilir. Peşəkar hüquqi yardım üçün xidmət haqqının hər iş saatına görə minimum aylıq əməkhaqqının 0,0275 misli, ilkin hüquqi yardım üçün isə göstərilən hər hüquqi xidmətə görə minimum aylıq əməkhaqqının 0,015 misli həcmində olması təklif edilir.

Dəftərxana, poçt, rabitə, nəqliyyat və digər əlavə xərclərə görə xidmət haqqının üzərinə həmin məbləğin 5 faizi həcmində əlavə ödəniş nəzərdə tutulur. İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü, eləcə də gecə vaxtı peşəkar hüquqi yardım göstərən vəkillərin xidmət haqqı isə hər iş saatı üçün müəyyən edilmiş məbləğin iki misli miqdarında ödəniləcək. Bu hallarda əlavə xərclər üzrə 5 faizlik ödəniş dəyişməyəcək.

Pulsuz hüquqi yardım göstərən şəxslərin xidmət haqqının və digər xərclərin ödənilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum müəyyən edəcək. Vəkillər göstərdikləri yardım üzrə ödənişlərin alınması üçün müəyyən edilmiş qaydada Vəkillər Kollegiyasına müraciət edəcəklər.

Ödənişlərin həyata keçirilməsi göstərilən xidmətlərlə bağlı hesabatlardan asılı olacaq. Hesabatlar müəyyən edilmiş formaya uyğun təqdim edilmədikdə və ya hüquqi yardım göstərilməsi ilə bağlı tələblərin pozulduğu müəyyən edildikdə ödəniş edilməyəcək.

Layihədə pulsuz hüquqi yardım sahəsində geniş uçot və hesabatlılıq sistemi də yaradılır. Yardım göstərən şəxslər müraciət edən şəxsin adı, soyadı, ata adı, şəxsiyyət vəsiqəsinin və ya qaçqın vəsiqəsinin seriya və nömrəsi, yaşayış yeri, aid olduğu kateqoriya, müraciətin və tələb olunan hüquqi xidmətlərin məzmunu, bağlanmış müqavilələrin sayı, xidmət haqları və digər xərclər, aparılmış prosessual hərəkətlər, iş saatları və yardımın nəticələri barədə uçot aparmalıdırlar.

Hüquqi xidmətlərlə bağlı bütün sənədlərin iki il müddətində saxlanılması nəzərdə tutulur. Pulsuz hüquqi yardım göstərən şəxslər hər rüb bir dəfə Vəkillər Kollegiyasının Rəyasət Heyətinin müəyyən etdiyi formada hesabat təqdim etməlidirlər.

Vəkillər Kollegiyası isə həmin hesabatları ümumiləşdirərək növbəti ilin yanvar ayının 20-dən gec olmayaraq rəsmi internet informasiya ehtiyatında dərc etməlidir. Dərc ediləcək məlumatlarda pulsuz hüquqi yardım alan və yardım göstərən şəxslər, göstərilən xidmətlər, o cümlədən "pro bono" xidmətləri, ödənilmiş xidmət haqları və digər xərclər, yardım üçün təyin edilmiş şəxslərin dəyişdirilməsi və bunun səbəbləri, habelə müraciət edən şəxslərin şikayətləri və görülmüş tədbirlər barədə ümumiləşdirilmiş məlumatlar yer alacaq. Bu zaman vəkil sirrinin qorunması təmin edilməlidir.

Qanun layihəsinin son maddəsində onun tələblərini pozan şəxslərin qanunla müəyyən edilmiş hallarda məsuliyyət daşıyacağı təsbit edilir.

Beləliklə, yeni qanun layihəsi qəbul ediləcəyi təqdirdə pulsuz hüquqi yardımın yalnız kimlərə göstəriləcəyini deyil, həm də yardım üçün müraciət, sənədlərin təqdim edilməsi, qərarların qəbul edilməsi və onlardan şikayət verilməsi, vəkillərin seçilməsi və dəyişdirilməsi, paraleqalların fəaliyyəti, dövlət hesabına ödənişlər, "pro bono" xidməti, uçot, hesabatlılıq və ictimai məlumatlandırma mexanizmlərini vahid qanunla tənzimləyəcək.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Respublica.az

19-09-2026, 13:40 | İlham Əliyev Sərvər Bəşirli haqqında: Köhnə bir avtomobillə yorğan-döşək - əlində nə var idi onu gətirmişdi

İlham Əliyev Sərvər Bəşirli haqqında: Köhnə bir avtomobillə yorğan-döşək - əlində nə var idi onu gətirmişdi


Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi Viktor Mahmudovu, Qırğız Respublikası Təhlükəsizlik Şurasının katibi Adilet Orozbekovu, Qazaxıstan Respublikasının Təhlükəsizlik Şurası sədrinin müavini Aida Balayevanı, Şimali Kipr Türk Respublikası Baş nazirinin müşaviri Mehmet Ağanı qəbul edib.

Trend xəbər verir ki, söhbət zamanı 2023-cü ildə Kahramanmaraşda baş vermiş zəlzələdən sonra əşyalarını köhnə qırmızı avtomobilinə yükləyərək zərərçəkənlərə yardım göstərmək üçün Türkiyəyə yollanan Sərvər Bəşirlinin hekayəsi də xatırlanıb.

Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memiş 2023-cü ildə baş vermiş dağıdıcı zəlzələ haqqında danışıb.

"Cənab Prezident, biz 2023-cü il fevralın 6-da, demək olar ki, kiçik bir qiyamət yaşadıq. Bütün dünya, Allah razı olsun, hamısı kömək üçün səfərbər oldu. Lakin bu masa ətrafında olan qardaşlarımız, hətta azərbaycanlı bir qardaşımız qırmızı avtomobili ilə gəlmişdi", - deyə o, bildirib.

Prezident İlham Əliyev 2023-cü ildə Türkiyədə baş vermiş zəlzələdən sonra Sərvər Bəşirlinin göstərdiyi yardımdan danışaraq onun hekayəsini xatırladıb.

"Köhnə bir avtomobillə yorğan-döşək - əlində nə var idi onu gətirmişdi", - deyə dövlət başçısı bildirib.

Respublica.az


19-09-2026, 13:18 | Flora Kərimova: "Afət Fərmanqızı ilə barışmamışam"

Flora Kərimova: "Afət Fərmanqızı ilə barışmamışam"


Xalq artisti Flora Kərimova müğənni Afət Fərmanqızı ilə barışması barədə yayılan məlumatlara münasibət bildirib.

Respublica.az
xəbər verir ki, xalq artisti Oxu.Az-a açıqlamasında yayılan məlumatları təkzib edib.

O, bildirib ki, Afət Fərmanqızı ilə barışmayıb və yayılan məlumatlar həqiqəti əks etdirmir:

"Mən Afət Fərmanqızı ilə barışmamışam, bunu efirdə də demişəm. Üç məhkəmənin üçündə də Afət mənə uduzub, atasının mülkü indiyə qədər dövlət tərəfindən hərraca çıxarılıb".

Xatırladaq ki, Xalq artisti Flora Kərimovanın müğənni Afət Fərmanqızı ilə barışması barədə məlumatlar yayılmışdı.

Respublica.az

19-09-2026, 13:14 | Azərbaycanda 90 məktəblə bağlı qərar verildi

Azərbaycanda 90 məktəblə bağlı qərar verildi


Təmayül tədris modeli tətbiq olunan məktəblərin sayı artırılacaq.

Respublica.az
bildirir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov İctimai Televiziyada yayımlanan "Pressinq" verilişində deyib.

Onun sözlərinə görə, təmayül tədris modeli tətbiq edilən bəzi məktəblər yenidən yaradılıb və həmin müəssisələrdə göstəricilər əvvəlki illərlə müqayisədə əhəmiyyətli dərəcədə yaxşılaşıb.

"Eyni zamanda həmin məktəblərin göstəricilərini yerləşdikləri şəhərin və yaxud rayon mərkəzlərinin ali təhsil müəssisələrinə qəbul göstəriciləri ilə müqayisə etdikdə bu məktəblərin ciddi şəkildə, müsbət mənada fərqləndiyini görürük", - o deyib.

Bağırov bildirib ki, nəticələrin müsbət dinamikası layihənin əhatə dairəsinin genişləndirilməsi barədə qərar qəbul edilməsinə səbəb olub.

Direktor qeyd edib ki, qısa müddət ərzində daha 90 məktəbin layihəyə cəlb olunması nəzərdə tutulur. Onun sözlərinə görə, bununla bağlı 16 minə yaxın valideyn müraciəti qeydə alınıb və həmin məktəblərdə artıq tədris prosesinə başlanılıb.

E.Bağırov növbəti tədris ilinin sonunda yeni layihəyə qoşulan məktəblərin də yüksək nəticələr göstərəcəyini ümid etdiyini vurğulayıb.(axar.az)

Respublica.az



17-09-2026, 10:21 | Azərbaycan əhalisinin sayı açıqlandı

Azərbaycan əhalisinin sayı açıqlandı


Ölkə əhalisinin sayı ilin əvvəlindən 14 215 nəfər və ya 0,14 faiz artaraq 2026-cı il avqust ayının 1-i vəziyyətinə 10 276 566 nəfərə çatıb.

Bu barədə məlumat Dövlət Statistika Komitəsinin açıqladığı 2026-cı ilin yanvar-avqust aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərində öz əksini tapıb.

Bildirilib ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatına görə, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"na əsasən 31.08.2026-cı il tarixədək işğaldan azad edilmiş ərazilərə 39 269 nəfər keçmiş məcburi köçkün geri qayıdıb, bununla da işğaldan azad edilmiş ərazilərdə yaşayan, fəaliyyət göstərən və təhsil alan şəxslərin ümumi sayı 93 203 nəfər təşkil edib.

Ölkə əhalisinin 54,3 faizini şəhər, 45,7 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.

Bu ilin yanvar-iyul aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 48 954 doğulan körpə qeydə alınmış və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 9,2-dən 8,2-yə düşüb.

Doğulan körpələrin 53,4 faizi oğlan uşaqları, 46,6 faizi isə qız uşaqları olub. Doğulan körpələrdən 1 696-sı əkiz, 60-ı isə üçəm olub.

Cari ilin yeddi ayı ərzində ölkədə 35 829 ölüm halı qeydə alınıb və 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 5,9-dan 6,0-a qədər artıb.

Respublica.az


17-09-2026, 09:28 | Azərbaycan “həqiqi hərbi xidmət”dən niyə imtina etmir?

Azərbaycan “həqiqi hərbi xidmət”dən niyə imtina etmir?


Azərbaycanda uzun müddətdir ki, peşəkar ordu modelinə keçid məsələsi müzakirə olunur. Türkiyədəki kimi ödənişli hərbi xidmətin tətbiqi, yaxud Gürcüstandakı kimi peşəkar hərbi xidmət modelinə keçid məsələsi də Azərbaycanda tez-tez gündəmə gəlir. Bunun həm mənfi, həm də müsbət tərəfləri var. Azərbaycan tərəfi bu məsələni hərtərəfli hesablamalı və ondan sonra qərar verməlidir. Birinci növbədə nəyi hesablamaq lazımdır? Rusiya-Ukrayna müharibəsi göstərdi ki, əslində peşəkar ordu modelinin o qədər də ciddi effekti yoxdur. Yəni ordunun çağırışçılardan da formalaşması itkilərin yerini doldurmağı daha asan edir. Rusiya tərəfi bunu bu formada həyata keçirdi. Əslində Avropa ölkələrinin bir çoxu da açıq şəkildə qeyd edir ki, çağırışçılardan ibarət ordu sistemini yenidən formalaşdırmaq lazımdır.

Bu sözləri axar.az-a açıqlamasında hərbi ekspert Səxavət Məmmədov deyib.

Onun sözlərinə görə, Almaniyada və Avropanın bir çox ölkəsində bununla bağlı işlər görülür:

“Hələlik isə ortada bir nəticə yoxdur. Çünki insanların bir çoxu orduya getmək istəmir. Amma real vəziyyət ondan ibarətdir ki, müharibələr göstərdi ki, çağırışçılardan formalaşan ordu daha effektivdir. Məsələn, Azərbaycan 44 günlük müharibədə və ondan sonrakı müharibə dönəmində qismən səfərbərlik həyata keçirdi. Ordu onsuz da çağırışçılardan ibarət idi.

Ödənişli hərbi xidmətin tətbiqinə gəlincə, Azərbaycan torpaqlarını işğaldan azad etsə də, ortada hələ sülh müqaviləsi yoxdur. Sülh müqaviləsinin olmaması bir yana, digər tərəfdən regionda təhdidlər var. Bu təhdidlərin qarşısını almaq, yaxud müstəqilliyi və suverenliyi qorumaq üçün Azərbaycanda kifayət qədər güclü və həcmli orduya ehtiyac var. Təbii ki, Gürcüstan ərazisinin bir hissəsi işğal altında olsa da, ölkənin ərazisi və insan resursları baxımından vəziyyət fərqlidir. Onlar tamamilə fərqli ordu modelinə keçmək istəyirlər. Amma hər hansı təhdid yaranacağı təqdirdə Gürcüstanın özünü nə qədər qoruya biləcəyi əsas suallardan biridir. Biz görürük ki, Ermənistan da hələ bu tip ordu modelinə keçmir. Türkiyədə isə insan resursu çoxdur və buna görə də Türkiyə bu modelə keçə bilər. Amma Azərbaycanda insan sayının azalması, yaxud doğum səviyyəsinin aşağı düşməsi ilə bağlı məsələlər var.

Hazırkı mərhələdə dünyadakı prosesləri nəzərə aldıqda, hələ də çağırışçıların qalması və bu sistemin davam etdirilməsi doğru yanaşmadır. Ancaq müəyyən müddətdən sonra peşəkar ordu modelinə keçid məsələsini həll etmək
mümkündür. Real vəziyyət isə ondan ibarətdir ki, peşəkar ordu modeli o qədər də effektiv deyil”.

Respublica.az


17-09-2026, 09:08 | Tələbələr dərsə getmək üçün beton maneələri aşırlar - VİDRO

[center]Tələbələr dərsə getmək üçün beton maneələri aşırlar - VİDRO[/center]

1 ildən artıqdır təmir işləri aparılır, piyadalar ərazidə əziyyət çəkirlər.

Respublics.az
xəbər verir ki, görüntüləri universitet tələbələri çəkərək "Xəzər Xəbər"in qaynar xəttinə göndəriblər. Bildirilib ki, yaxınlıqdakı universitetlərdən çıxan tələbələr yolları olmadığı üçün boruların və daşların üstündən hərəkət etməli olurlar. Keçdikləri yol ensizdir. Tələbələr də çox olduğundan dərslərinə gecikirlər. Ötən aydan etibarən Həsən Əliyev küçəsinin Aşıq Molla Cümə və Koroğlu Rəhimov küçələri arasındakı hissəsində, həmçinin Rövşən Əliyev küçəsinin Böyük İpək Yolu və Araz küçələri arasındakı hissəsində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılıb. Yeni tədris ilinin başlaması ilə də ərazidən keçən piyadaların hərəkəti demək olar ki, çətinləşib.

Ərazidə çəkiliş apardığımız zaman tələbələr bildirdilər ki, 1 ildən çoxdur onlar universitetə getmək üçün bu yoldan istifadə edirlər.

Respublics.az





������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.